Keçən ilin bədii tərcümə, həmçinin tərcüməşünaslıq üzrə və ya dolayısı ilə bu sahələrlə bağlı işıq üzü görmüş praktiki işlər, ədəbi əsərlər, məqalə, monoqrafiya və kitablar çox zəngin və əhatəlidir. Əlbəttə, onların hamısına eyni dərəcədə diqqət yetirmək çətindir. Ona görə də bu icmalda bəzi nümunələrin haqqında qısaca danışmaq və ya sadəcə adını çəkməklə kifayətlənməli olmuşuq.
Bədii tərcümə və tərcüməşünaslıq əsəri yaradıcılıq işi olduğu qədər də hər bir müəllifin sözünə diqqətlə, həssaslıqla yanaşmağı tələb edir. Məhz belə bir yanaşma bucağında xarici ədəbiyyatdan edilmiş bu və ya digər tərcümə əsəri və nəzəri fikir hər bir milli ədəbiyyatı müəyyən naxışlarla bəzəməyə qadirdir; və yaxud da meydana qoyduğu yanlışlarla onlar ədəbiyyatın kənarında, ətrafında ləkələrə də çevrilə bilər. Xarici dillərdən - başlıca olaraq ingilis, alman, ispan, rus, ərəb dillərindən və həmçinin rus dili vasitəsilə ana dilimizə oxucu marağına səbəb olan bir çox məzmunlu əsərlər tərcümə edilmişdir. Azərbaycan dilindən xarici dillərə tərcümə olunmuş bəzi əsərlərə də ötəri toxunmağı zəruri bildik.
Zakir Abbasın "Yazıya pozu yoxdur" (araşdırmalar, tərcümələr) - (redaktor: A.Sərdarqızı; naşir: A.Dənzizadə. Bakı, "Apostrof - A", 2025, 280 s.) kitabı keçən ilin sanballı nəşrlərindəndir. Görkəmli tənqidçi prof. Vaqif Yusifli kitabın Ön sözündə yazır: "Zakir Abbas uzun illərdir tərcümə sahəsində öz bacarıq və məharətini nümayiş etdirir. O, bir çox bədii əsərləri, eləcə də elmi, publisistik yazıları dilimizə çevirir. Tərcümə sənəti söz sənətinin mühüm tərkib hissəsidir. Tərcüməçi ilk növbədə, iki dili mükəmməl bilməlidir - həm öz ana dilini, həm də tərcümə etdiyi yazıçının mənsub olduğu dili. Hər iki dilin incəliklərinə bələd olan Zakir Abbas bir tərcüməçi kimi həm də bu sənətin texnologiyasını dərindən mənimsəyib" (s.4). Kitabda rus dilindən çevrilməklə antik dövrdən başlayaraq, XX əsr sənətkarları da daxil, dörd bölüm üzrə 150-yə yaxın müəllifin ayrı-ayrı əsərlərindən tərcümələri oxuya bilirik, mütərcim onları eyni peşəkarlıqla ana dilimizdə səsləndirmişdir. Bununla belə, burada müəyyən səhv və qüsurlara da rast gəlirik: orfoqrafik və texniki - kompüter, mətbəə yanlışlıqlarının üstündən bəlkə də keçmək olar: dırnaq (") açılır, lakin bağlanmır; həm ana dilimizdə, həm də xarici sözlərdə bir sıra hərfdüşmələri və ya artıqlığı, yerində zəruri defisin (-) yoxluğu da özünü göstərir, məşhur isimlər təhriflə verilir - David (Davud olmalı), Byörns (Börns), özü də "XVII əsr" deyil, XVIII əsr nümayəndəsidir (1759-1796), Dikkins (Dikkens), Karl Yunqa (K.Yunq), S.Moema (S.Moem)... Bəzi adlar və sözlər tərcümələrdə iki variantda təqdim edilir: Nitsşe - Nitşe, Qüds - Yerusəlim, xindi-hindu, hucarat-qucarat, Mohandas - Mahatma; Solomon - Süleyman, evolyusiya - təkamül; ədəbi dilimizdə artıq arxaikləşmiş - qəvi (güclü), cəlayi-vətən (didərgin), demi (qəlyan), hacət (ehtiyac), əlbəsə (zireh-yaraq)... kimi sözlər işlənir; bəzən söz və ifadələr qarışdırılır - "nikah" əvəzinə "nigah" yazılır və ya nədənsə tərcümə edilmir, yersiz olaraq əcnəbi dildə saxlanılır: analiz (təhlil), auksion (hərrac), modifikasiya (şəkilləndirmə), proqressiv (mütərəqqi), yeretiklər (bidətçilər), lut (ud), "Kanoniki kitab" (Qanunlar kitabı), "Young İndia" (Gənc Hindistan), "İndian Opinion" (Hind nöqteyi-nəzəri), "Milıy druq" ("Gözəl-qəşəng dost" - fransız yazıçısı Stendalin romanı), akula (köpək balığı)... Burada üslubi cəhətdən ağır (məsələn, eyni bir cümlədə üç dəfə "Norveç" sözü işlənir), bəzən də anlaşılmaz və ya yarımçıq olan cümlələr də ara-sıra yer almışdır.
Fil.elm. dok. Lyudmila Səmədovanın "Azərbaycanda bədii tərcümə tarixindən (rus ədəbiyyatından tərcümə materialları əsasında)" monoqrafiyası yüksək elmi-nəzəri müddəa və nəticələri ilə dəyərlidir (elmi redaktor: G.Abdullabəyova, prof. rəyçilər: R.Novruzov, prof. S.Osmanlı, fil. elm. dok, dosent. Bakı, "Elm və təhsil", 2025, 196 s.). Kitab doqquz fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. L.Səmədovanın bu əsərində də, fikrimizcə, bir sıra ədəbi-texniki çatışmazlıqlar və xətalar özünü göstərir. Məsələn, rus şairəsi Anna Axmatovanın adı s. 52-də "A.Axundova", s. 65-66-da görkəmli publisist və mütərcim Haşım bəy Vəzirov isə N.Vəzirov şəklində gedib; s.95-də isə oxuyuruq: "İoanın Evangelində İisusun ölümqabağı söylədiyi aşağıdakı sözləri var." Aydın məsələdir ki, "İncildə İsanın" ifadəsi tərcümə edilməli idi. Müəllif yazır: "40-cı illərdə M.Cəfərin, Ə.Ağayevin, C.Məmmədovun, Ə.Mirəhmədovun, R.Nurullayevin tərcümələri əsasında V.Q.Belinskinin əsərlərinin Azərbaycanda dərc olunması ədəbi ictimaiyyət üçün mühüm hadisə kimi qiymətləndirilməlidir" (s.182). Fikrimizcə, Məmməd Cəfər müəllimin adı çıxarılmalıdır, burada səhvən getmişdir. Bildiyimiz qədər akad. M.C. Cəfərov V.Q.Belinski haqqında çox yazıb, lakin ayrıca onun əsərlərini tərcümə etməyib, ümumiyyətlə Məmməd Cəfər müəllim praktik tərcümə ilə demək olar ki, məşğul olmayıb, hərçənd ki, böyük alim və tənqidçinin tərcümə tarixi və nəzəriyyəsindən bəhs edən dəyərli məqalələri, fikirləri vardır.
Kitabın başqa bir yerində oxuyuruq: "Tərcüməşünaslığın müxtəlif problemlərinə dair 50-ci illərə qədərki tədqiqatların biblioqrafiyası bu sətirlərin müəllifi ilə E.Rəhimova tərəfindən müştərək tərtib olunmuşdur. Həmin biblioqrafiyanın bu kitaba əlavə olunmasını məqsədəuyğun hesab edirik" (s.183). Təəssüf ki, kitabda müəllifin bu fikri öz təsdiqini tapmamışdır; görünür, çap prosesində həmin biblioqrafiyanı əlavə etmək yaddan çıxıb. Ədəbiyyat siyahısında da - 46 (rus) və 47 (ingilis) saylarda texniki-orfoqrafik səhvlər də qabarıqdır (s. 194).
2025-ci ildə "Azərbaycan" ədəbi-bədii jurnalında tərcümə rubrikasına daxildir: M.Friş - "Bir qəzanın stenoqramı" (tərcümə etdi - A.Yaşar). №1; M.Veller - "Qılınclarla rəqs" (A.Yaşar). №2; L.Araqon - "Naməlum qadın" (A.Yaşar). №6; X.L.Borxes - "Emmanuel Svedenborq" ("Səsli düşüncələr" esse silsiləsindən. (A.Yaşar). №7-8; S.Sveyq ("Svayq" daha dəqiqdir) - "Unudulmayacaq birisi. Bir təəssürat" (A.Yaşar). №9; E.E.Şmitt - "Qüsursuz cinayət" (A.Yaşar). №10; M.Əhmədov - "Taxta kuklalar" (S.Hüseynli). №10; Y.Fosse - "Yuxusuzluq" (A.Yaşar). №11; Ş.Əmrahova - "Alman poeziyasından tərcümələr" №11.
M.Friş "Bir qəzanın stenoqramı" (hekayə) - s.133-163. A.Yaşar bizim professional və məhsuldar tərcüməçilərimizdəndir, üstəlik, "Azərbaycan"da tərcümə şöbəsinin müdiridir; məhz buna görə də ona qarşı tələbkarlıq da çoxdur. Bəzi ciddi və xırda-para iradlarımızı göstərək: Əvvəla, bu hekayə öz ideya-bədii məzmunu ilə bizim milli-mənəvi, əxlaqi dəyərlərimizə və Azərbaycan mentalitetinə yaddır: guya qadın cinsi - seksual uyğunsuzluğa görə həyat yoldaşını qətlə yetirir; hər halda əsərin süjet və kompozisiyası qeyri-real həyati təsir bağışlayır və elə bir sosial-etik yük daşımır. Daha sonra bəzi söz və ifadələrin tərcüməsi müasir ədəbi dilimizin leksik və üslubi səviyyəsinə cavab verməlidir: "Bundan arxayınsan?" sualı - kontekstdəki məna çalarına görə - "Buna əminsən?... kimi çevrilməsi daha dəqiq görünür; "çaxmaq daşı", axı dilimizdə "alışqan" sözü var; "ofisiant" - xörəkpaylayan; "Çəkmələr ayağını vurduğuna görə indi Marlis maşında ayaqyalın oturub", - bəlkə "döydüyünə" görə; "Bomme anberge" restoranı, "Le provansal" qəzeti, "Herald tribyun" qəzeti... Kursivlə verdiyimiz söz və ifadələr tərcümədə dəqiqləşdirilməli, xüsusi adlar isə oxucuya izah olunmalıdır. Axı zəruri hallarda mütərcim tərəfindən verilmiş qeyd və izahlar xarici əsərlərin düzgün qavranılmasına köməkdir. A.Yaşar bunu etməyi bacarır. Məsələn, L.Araqonun "Naməlum qadın" hekayəsinin tərcüməsində oxuyuruq: "J'adore ce qui me brüle" (bu əsərin adı fransızca "Məni yaxıb-yandıranı sevirəm" mənasına gəlməkdədir - A.Yaşar); "mademuazel" subay, "madam" isə evli, ərli qadın"; lakin buradakı "...onu (çin çayını) içməyə vərdiş eləmişəm" cümləsində vərdiş əvəzinə "adət" olmalıdır, vərdiş isə avtomatik bacarıqdır.
Xorxe Luis Borxesin - "Emmanuel Svedenborq" essesi s. 151-160: "İsus Xristos (İsa peyğəmbər - A.Yaşar) -"İsa Məsih" - olmalıdır. Fikrimizcə, sözügedən materialda maraqlı məqamlar olsa da, dini mistika və fanatizm üstünlük təşkil edir. Burada oxuyuruq: "Bəs insan öldüyü zaman nə baş verir axı? Əvvəl-əvvəl o öldüyünü anlamır. Özünün həmişəki iş-gücüylə məşğul olur, ona baş çəkən dost-tanışları ilə söhbətləşir. ...Daha sonra tanımadığı naməlum məxluqlar ona yanaşıb, söhbətə girişirlər. Bunlar - mələklər və cinlərdir"; "Cəhənnəm və cənnətin təsviri gəlir..." "Svedenborqun əsərləri (hindi və yapon dilləri də daxil) bir sıra dillərə tərcümə olunmasına rəğmən, dünyada elə də böyük əks-səda doğurmayıb... kilsəni yeniləmək işində can atdığı hədəfə Svedenborq nail olmayıbdır... Svedenborqun kilsəsi katolik və protestant kilsələrinə xas ortaq özəlliklərin daşıyıcısı olmalıydı. Ancaq bu kilsə onun gözlədiyi qədər də əhəmiyyətli bir effekt doğura bilmədi" (?!).
Onda sual olunur: bəs belə bir yazını Azərbaycan dilinə tərcümə etməyə dəyərdimi?
Azad Yaşarın rus dili vasitəsilə etdiyi tərcümələrdə onun (ümumiyyətlə, yazı-pozu sahiblərinin) özü səviyyəli redaktorla iş birliyinə ehtiyacı aşkardır.
Musa Əhmədov çağdaş Çeçenistan ədəbiyyatının görkəmli nümayəndəsi - nasir, şair, dramaturq, publisistdir. Pyesləri Rusiyanın bir çox teatrında tamaşaya qoyulub. Çeçenistanın tarixi taleyi ilə bağlı mövzular, xarici müdaxilələrin, daxili çaxnaşmaların çeçen xalqının başına gətirdiyi müsibətlər, milli mənəviyyata vurduğu zərbələr M.Əhmədovun yaradıcılığında xüsusi yer tutur. Təqdim olunan "Taxta kuklalar" hekayəsi də yazıçının bu mövzuda yazdığı dəyərli əsərlərdən biridir.
Şəlalə Əmrahovanın "Alman poeziyasından tərcümələr"ində müəlliflər haqqında məlumatlar çatışmır. Alman folklorundan bir uşaq nəğməsi təqdim edilmişdir. Mütərcimdə bəlkə də bədii istedad vardır. Bununla belə, tərcümələrdə qafiyələr zəifdir, bəziləri isə heç uyuşmur. Ümumiyyətlə, keçən ilin poetik tərcümələri daha çox sətri-filoloji tərcümə təsiri bağışlayır.
"Ulduz" №01-02 - "XX əsr Danimarka şeiri "İlk dəfədir ki, Azərbaycan oxucusuna bu sayda Danimarka şeiri təqdim edilir: Səlim Babullaoğlu və türk şair-tərcüməçi "Hüseyn Duyğunun təqdimatında" (s.88-96). 12 şairin tərcümeyi-halları ilə yanaşı şeirlərinin keyfiyyətli tərcümələri verilib.
"Ulduz" №07-08 - Tomas Eliotun "Tənqidin hədləri" - (s.42-53) maraqlı materialdır. Tərcümə edən: Qismət Rüstəmov.
"Ulduz" №9 - Qısa hekayələr müəllifi Uilyam Frayer Harvi qorxu və dedektiv janrının görkəmli nümayəndəsidir. "Qızmar avqust" hekayəsini ingiliscədən tərcümə etdi: Alsu - BDU filologiya fakültəsinin IV kursantı. İngilis dilində vasitəsiz (dialoji nitq) - "dırnaqda" verilir. Azərbaycan dilində isə mütərcim onu öz orfoqrafiyamıza çevirməlidir, lakin bunu görmürük. Hekayədəki "mil" - ölçü vahidi də kilometrə çevrilməli idi: "Təxminən beş-altı mil getmiş olardım".
"Ulduz" (№10) - Dünya Gənc Türk Yazarlar Birliyinin birgə layihəsi nəticəsində Azərbaycan, o cümlədən, Cənubi Azərbaycan, həmçinin Türkiyə, Monqolustan və Orta Asiya gənclərinin şeirlərindən nümunələri çap etmişdir. Şeirləri ana dilimizə uyğunlaşdıranlar arasında İ.Yaşar, M.Mirzəli, R.Babacan, R.Sabir, S.Babullaoğlu, G.Səma, İ.İlyaslı kimi imzaları görürük.
"Ulduz" (№11) - "Hemminqueyə görə həyat" s.31-34. E.V.Matas, Barselona, aprel, 1998. İspan dilindən tərcümə etdi: M.Məmmədli; lakin bəzi söz və ifadələr - "brutal güc", "terminal bir durum", "anomaliya", "degenerasiya"... tərcümədən kənar qalıb. "Dublines"in müəllifi Coys", yəni "Dublinlərin" müəllifi deyil, "Dubliners" - "Dublinlilərin" müəllifi Coys" olmalıdır. Əsərin ingilis dilindəki adında [r] hərfinin düşməsi ilə məna da dəyişmişdir.
Azər Turanın "Təzadlar toplusu - Abdullah Cövdət" məqaləsi elmi-informativ məzmundadır ("Ədəbiyyat qəzeti", 14 mart 2025-ci il). "Abdullah Cövdət kimdir?.. Cövdət Sillerin "Vilhelm Tell" pyesini, Bayronun "Şilyon məhbusu"nu tərcümə edir. Tərcümə etdiyi mətnə yazdığı müqəddimədə Bayronun sözlərini xatırladırdı: "türklər nə aldadıcıdırlar, nə alçaqdırlar, nə də qatildirlər, etiqadsızları atəşə atıb yandırmazlar. Daima inkviziyonsuz olaraq özü bir olan Allahlarına sadiqdirlər... Abdullah Cövdət "Hamlet"i, "Maqbet"i, "Kral Lir"i, "Yuli Sezar"ı, "Romeo və Cülyetta"nı, ümumiyyətlə Şekspiri türkcəyə tərcümə edirdi. Onun fikrincə, "Şekspir başlı-başına bir cahandır; başlı-başına bir kainatdır; başlı-başına bir kövnü-məkandır."
Fil.elm.dok., dosent Cavanşir Yusiflinin "Təkliyi bərpa etmək gücü" ("Ədəbiyyat qəzeti", 14 mart 2025-ci il) analitik məqaləsi görkəmli xarici müəlliflərin fikirlərinə və yaradıcılığına istinadlarla qiymətlidir. Onun "Bilinqvist mətn arxeologiyası" məqaləsi də ("Xəzər", №2, 2025, s.209-217) orijinal fikirləri ilə diqqətəlayiqdir.
S.Yeseninin "İran nəğmələri" silsiləsindən beş şeirinin tərcüməsi verilib ("Ədəbiyyat qəzeti", 25 aprel 2025-ci il): - "Mənim gözəl Şahanəm", "Deyirdin ki, Sədi"..., "Olmamışam Bosforda mən", "Qövr eləmir köhnə yaram", "Dəllaldan sordum bu gün". Tərcümə etdi: Valeh Mirzə. Əlbəttə, mərhum şair və mütərcimlər Ə.Kürçaylı və S.Məmmədzadədən, habelə Q.Xaliddən ("Rus poeziyası. Seçilmiş şeirlər" - Qanun, 2004) sonra belə cəsarətli addımı ancaq təqdir etmək lazımdır.
Fəl. elm. dok., yazıçı və mütərcim F.Mustafanın "Sartr. Varlıq və heçlik arasında" və "Bekon, yoxsa Şekspir? İki dahini hansı "tellər" bağlayırdı?" məqalələri birbaşa olmasa da, dolayısı və müəyyən dərəcədə tərcümə praktikası və nəzəriyyəsi ilə əlaqədardır. Bununla belə, müəllif işlədiyi mövzuları Azərbaycan mədəni mühiti və ədəbi-fəlsəfi əlaqələr kontekstində təqdim etsəydi, fikrimizcə, oxucularımız üçün daha faydalı ola bilərdi (25 aprel 2025).
Azər Turanın Mehmet Emin Yurdaqulun "Cəngə gedərkən"şeiri barədə məqaləsi elmi səciyyə daşıyır ("Ədəbiyyat qəzeti" 9 may 2025-ci il).
"Mən bir Türkəm; dinim, cinsim uludur;
Sinəm, özüm atəş ilən doludur.
İnsan olan vətəninin quludur.
Türk evladı evdə durmaz, gedərim".
S.Şaxtaxtının "Dünyanın yeni fəlakətinə qarşı həyəcan siqnalı" məqaləsi qırğız yazıçısı S.Rayevin "Dəlixana" və "Daşqın" romanları haqqındadır. Akad. İsa Həbibbəyli: "S.Rayevin Azərbaycan dilində nəşr edilmiş "Dəlixana" və "Daşqın" romanları tam mənası ilə mükəmməl magik realist əsərlərdir", - deyə onları yüksək qiymətləndirmişdir. Qəzetin bu sayında, həmçinin başqa bir maraqlı material da çap olunmuşdur: "Dostoyevski haqqında. Dostoyevskinin obrazyaratma metodu" - Bakı Slavyan Universitetinin dosenti K.Umudova ilə müsahibə. Söhbətləşdi: Ş.Vəli. Burada yazıçının əsərlərinin tərcüməsi ilə bağlı fikirlər, "Zavallılar" - "Bednıe lödi" əsəri barədə qeydlər vardır ("Ədəbiyyat qəzeti", 26 sentyabr 2025) .
H.Nəcmi müasir Mərakeş şairi, yazıçı, jurnalist və mədəniyyət xadimidir. O, yalnız Mərakeşin deyil, həm də ərəb dünyasının tanınmış ədiblərindən biridir və mədəniyyət sahəsindəki zəngin fəaliyyəti ilə diqqət çəkir. Ərəb dili və ədəbiyyatı üzrə fəlsəfə doktoru R.Həsənov onun beş şeirini orijinaldan tərcümə etmişdir ("Ədəbiyyat qəzeti", 26 dekabr 2025).
Akad. Muxtar Kazımoğlunun A.P.Çexovdan "Dəyirmanda" hekayəsi və akad. Kamal Abdullanın "Rus poeziyasından Gümüş dövrü" seçmə şeirlərinin tərcümələri öz keyfiyyət və səviyyəsinə görə keçən ilin tərcümə hadisələri hesab edilə bilər.
2025-ci ildə bədii və elmi yaradıcılıqları ilə oxucu məhəbbəti qazanmış, həmçinin ədəbi tərcümədə xidmətləri olan, tərcüməçilik fəaliyyəti ilə ədəbiyyatımıza bir növ naxışlar vuran qələm sahiblərinin - "Vaqif Aslan-75", "Nağıyev Cəlil Qəriboğlu-80" yubileyləri qeyd edilmişdir.
Fil. elm. dok. E.Fuadın vaxtilə ana dilimizdə çap edilmiş "Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda" adlı kitabı (2024) Azərbaycan həqiqətlərini, güneyli soydaşlarımızın yaşamı, mədəniyyəti və ədəbiyyatı ilə bağlı məsələləri dünyaya çatdırmaq məqsədi ilə bu günlərdə ingilis dilində - "Southern Azerbaijan in the discourse of ethnocultural values". Elmi redaktor: M.Haray, redaktorları: S.Şıxıyeva, F.Süleymanoğlu, rəyçilər: M.Rəhmanifər, İ.Mədədi Ülkər, tərcümə edən: Ş.Əliyeva. Bakı "Siqnature nəşrlər evi" - "İmza", 2025, 440 səh. - nəfis şəkildə çap olunub. Ədəbiyyat İnstitutunun əməkdaşı Ş.Əliyeva öz işinə məsuliyyətlə yanaşmış, orijinalın ideya və məzmununu dolğun şəkildə ingilis dilində verə bilmişdir.
Bu və ya digər müəllifə müraciət etmək seçimini mətbuat orqanı müəyyənləşdirməli, redaksiya heyəti dəqiqləşdirməlidir. Fikrimizcə, mütərcim təkcə şəxsi zövqünə arxalanmamalıdır. Dünya və Azərbaycan klassiklərinin də, Nobel mükafatçılarının da bütün əsərləri şedevr deyil, dahilərin də zəif qələm məhsulları ola bilər, ona görə də tərcümə seçimi məsləhətli olmalı və redaktorun əlindən keçməlidir.
Beləliklə, 2025-ci ildə çap edilmiş bədii tərcümə və tərcüməşünaslıq materialları göstərir ki, milli ədəbiyyatımız bir çox naxışlarla bəzəndiyi kimi, böyük ləkə və kölgələrə çevrilməsə də müəyyən yanlışlardan da xali deyil. Ümumiyyətlə, keçən ilin tərcümə ədəbiyyatının Azərbaycan oxucusunu mənəvi və zehni cəhətdən zənginləşdirdiyinə şübhə ola bilməz. "Lakin unutmaq olmaz ki, bədii tərcümə yaradıcı proses kimi, daima dinamik inkişafdadır. Başqa sözlə desək, istər tərcümə yaradıcılığında, istərsə də onun nəzəri-tənqidi aspektləri sahəsində hələ görüləcək işlər çoxdur" (L.Səmədova, s.185).
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
