Ötən ilin rusdilli ədəbiyyatına nəzər salarkən ilk növbədə mövzu və janr müxtəlifliyi, ənənəvi yanaşmalarla birgə eksperimental axtarışların davam etməsi diqqəti cəlb edir. Öncə müharibə mövzusunda yazılmış əsərlərə diqqət yetirmək istərdik.
Rusdilli ədəbiyyatın nümayəndəsi, Çexiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Bəyimin "bütün müharibə uşaqlarına" həsr etdiyi "Ümid gündəliyi"ində müharibə və oyuncaq kimi iki mahiyyətcə bir-birinə əks anlayışın qarşılaşdırılması, döyüş səhnələrinin deyil, bədii detalların önə çıxması ("Qışqırıq", "palatada hər şeyi yarıb keçən sükut...", "sağ qalanın səssiz səsi", "artıq çox şeyi anlamış, amma bunları hələ ucadan söyləməyi öyrənməmiş biri" və s.), qısa cümlələr və pauzalar travmanın, itkinin və daxili sarsıntının sözlə ifadə olunmayan tərəflərini üzə çıxararaq mətnin emosional yükünü artırmış olur. "Onları yerə düzdüm. Səliqə ilə. Pəncə-pəncəyə. Vitrindəki kimi yox. Sıradakı kimi yox. Çələngdəki güllər kimi... Əgər kimsə bunların kimə aid olduğunu soruşsa deyəcəyəm: bu mənim yumşaq yaddaşımdır. Qucaqlaya bildiyim yaddaş..."
Şairə və ictimai xadim Nigar Həsənzadə tərəfindən təsis edilən "İgidlərin sözü" layihəsi ciddi reabilitasiya və sosial layihə olaraq ölkədə mühüm əhəmiyyət kəsb etməkdədir. Layihənin beşillik fəaliyyəti ərzində iştirakçıları olan şairlərin poetik əsərləri müxtəlif antologiyalara daxil edilib, onlar müxtəlif ədəbi festivalların, müsabiqələrin, marafonların iştirakçılar olublar. 2025-ci ildə "İgidlərin sözü" adlı layihə çərçivəsində ikinci antologiya nəşr olunaraq ictimaiyyətə təqdim edilmişdir. Həmçinin 2025-ci il iyul ayında Şuşada keçirilən Vaqif Poeziya Günlərində "İgidlərin sözü" layihəsinin iştirakçıları da çıxış etmişlər.
Müxtəlif müəlliflərin yaradıcılığında Vətən müharibəsinin yaratdığı tarixi, mənəvi və emosional təcrübə fərqli poetik formalarda əksini tapmışdır. Nərminə Məmmədbəylinin qələbəmizə həsr olunmuş "44 gün", "Ali Baş Komandana", "Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimova ithaf" (9) şeirləri də bu mövzuda qələmə alınmış əsərlər olaraq qeyd etmək istərdik.
Bu mövzuda qələmə alınmış daha bir əsər Tahir Əlinin "At" kinossenarisidir. Hadisələrin sərhəd kəndində cərəyan etdiyi əsərdə kənd sakinlərinin daimi atışmalara və itkilərə - həm psixoloji (oğlunu müharibəyə yola salan ananın ölümü, Ceyhunun taleyi - sağlamlığı ilə bağlı problem, nişanın qayıtması), həm maddi-fiziki (atın ölümü, buğda sahəsinin məhv edilməsi) çətinliklərə məruz qalmalarına baxmayaraq, həyat davam edir. İnsanlar ümidsizliyə qapılmır, torpaqlarını əkib-becərir, bütün pisliklərə qarşı dözüm göstərərək yaşamağa davam edirlər.
***
Poeziya nümunələrinə nəzər salsaq, ötən il ərzində İbrahim İmaməliyevin etiraf səciyyəli şeirləri, Səfa Qaleyevin təmsilləri, Marat Şəfiyevin "Paradodiyaları", Namiq Rüstəmovun, Eldar Əhədovun, Rəşid Kərimovun, Səidə Sübhinin, Ədilə Əfəndinin, Marat Şəfiyevin və b. şairlərin janr baxımından müxtəlif poetik nümunələri çap olunmuşdur.
İstedadlı şair, tərcüməçi Nicat Məmmədovun fəlsəfi düşüncə, şüur axını və assosiasiyaların yer aldığı mənsur şeirlərində düşüncələrin, hisslərin burulğanı, çarpışması yer alır. Nəsr şəklində qələmə alınsa da, bu nümunələrdə hadisə nəql edilmir, hiss və düşüncələr ifadə olunur. Hər parçada müxtəlif mövzular önə çıxır: Birinci paterndə ("patern" sözünün naxış, nümunə, şablon olaraq tərcümə edildiyi qeyd olunur) uşaqlıq, məhəbbət, dillə bağlı fikirlər yer alır; "Sten Brekic filmə baxır" hissəsində (S.Brekic - XX əsrin ən mühüm eksperimental kino fiqurlarından biri sayılır) - kamera, baxış, kino və s.
Burada, şair oxucunu müəyyən mətləblərin çözülməsinə doğru istiqamətləndirmir, əksinə, düşüncə girdabına cəlb edib fərqli assosiasiyaları birləşdirərək bir çox ənənəvi mövzuları fərqli şəkildə göstərməyə, ənənəvi anlayışlara yeni baxış sərgiləməyə çalışır və buna nail ola bilir. Uğurlu haldır ki, yenilik, yeni yanaşma tərzi yalnız müəllif tərəfindən sadəcə işarələnib çata bilmədiyi mətləb olaraq qalmır, mətn vasitəsilə əyaniləşir.
Bu əsəri anlamaq, mahiyyətinə varmaq zaman tələb etsə də, müəllif göndərişlərini düzgün yönəldərək oxucusunu yeni yanaşmaya kökləməyə çalışır. Həmişə sözlə eksperimentlərə açıq olan şairin bu əsəri yeni düşüncənin manifesti, şairin yaradıcılığına xas eksperimental-avanqard xəttin davamı olaraq maraq doğurur.
Nicat Məmmədov eyni zamanda ədəbiyyatımızın rus dilinə tərcüməsi və təbliği ilə məşğuldur. Tərcümələri Rusiyanın ədəbi saytlarında da yer alır (Sovremennaə azerbaydjanskaə pogziə v perevodax Nidjata Mamedova https\://www\.vavilon.ru/ textonly/issue13/azerbaijan.html). Ötən il ərzində N.Məmmədovun Səlim Babullaoğlunun şeirləri haqqında çap olunmuş məqalələri də təhlilin, mövzuya nüfuzun dərinliyi ilə diqqət çəkir (Mamedov N. Komentariy k komentariö i mısli v storonu// Literaturnıy Azerbaydjan, 2025, №5, s.102-107; Mamedov N. "İölğ" Salima Babullaoqlu// Literaturnıy Azerbaydjan, 2025, №1, s.31-35).
"Literaturnıy Azerbaycan" jurnalının ənənəvi rubrikası olan "İlk təcrübə", "İlk imzalar" bölməsində Dmitriy Voynovun, 15 yaşlı Yelena Paksivatovanın yaradıcılığı, jurnalın poeziya şöbəsinin müdiri Alina Talıbovanın Ön sözü ilə oxuculara təqdim olunmuşdur.
***
Ümumən ötən ilin nəsr mənzərəsinin təhlilini hekayələrdən başlamaq istərdik. İlk olaraq satirik-yumoristik hekayələrin sayının artdığı diqqət çəkir. Müasir həyatımızda yer alan neqativ məqamlar bir çox əsərlərin mövzusuna çevrilmişdir. Gülüş Ağaməmmədovanın "Reklam ehtirasları" hekayəsi də belə əsərlərdəndir. Reklamın müasir dünyada yeni manipulyasiya forması olaraq dəyərləndirildiyi, reklamın sadəcə kommersiya vasitəsi deyil, düşüncə modelinə çevrildiyi mühitin canlandırıldığı əsərdə təsvir personajların əməlləri (düşüncələri) və real davranışları arasındakı ziddiyyətə fokuslanır: kommersiya məqsədi daşıyan "xeyriyyəçilik", insanın şəxsiyyətini məhv edən "məşhurluq" (Pavel Bolşakovun taleyi).
Həmin müəllifin bir gəncin "uğur" hekayəsinin əks olunduğu "Klakyor" hekayəsində klakyor anlayışı əsas metafora olaraq yer alır. Novellada klakyorluq yalnız teatr və televiziya sahəsi ilə məhdudlaşmır, bütövlükdə cəmiyyətin bir xüsusiyyəti olaraq kütləvi şüuru saran manipulyasiya forması olaraq ifşa edilir.
Oxşar mövzular Gülüş Ağaməmmədovanın hekayələrində də yer alır. Yazıçının "Müğənni İxtiyarın iztirabları" hekayəsində yerində olmayan, müəyyən şəraitdən istifadə edərək üzdə olmağa çalışan insanın taleyi əks olunur. İxtiyarın gündəmdə qalmaq üçün İxtiyandra çevrilməsi, istedadsız insanın süni şəkildə populyarlaşmasından bəhs olunan əsərdə uğurun peşəkarlıq, zəhmət sayəsində deyil, sənətə aidiyyatı olmayan dəyişmələrdən asılı olduğu diqqət çəkir.
Oxşar mövzu müəllifin "Kaliqula və onun atı Əluqulu" hekayəsində də yer alır. Yerində olmayan, karyera yolunda asanlıqla irəliləyən insanın mənən dəyişə bilməməsi, tutduğu mövqeyə rəğmən həyata yanaşmasının, dünyagörüşünün kasadlığı əks olunur.
Gülşən Tofiq qızının "Quş üçün yem qutusu" əsərində çini quş fiquru zahirən, sadəcə bir ailə yadigarıdır. Lakin tədricən bu əşya simvolik anlam kəsb edir: insanlar almağa, götürməyə, yığmağa və rifah mənbəyinin sonsuza qədər artacağına inanmağa öyrəşirlər. Xüsusilə də varlanmaq üçün quş yemləyicisinə pul qoymaq və ya ailə qurmaq niyyəti ilə üzük qoymaq detalı əhəmiyyətlidir. Beləliklə, sadə bir suvenir getdikcə tamahkarlığın metaforasına çevrilir, "Yemləmə novunun ehtiyatları tükənib" ifadəsi isə hekayənin satirik ahəng almasına səbəb olur.
Bəhs etdiyimiz hekayələrdə cəmiyyətdə hər vasitə ilə müəyyən mövqe tutmağa, ətrafdakıların gözləntilərə cavab verməyə çalışan (uğurlu, tanınmış insan olmaq istəyi), öz qəlbini eşitməyən insan tipləri yer alır. Müasir həyatımızda yer alan qüsurlar, insanın daha çox başqalarının fikirlərindən asılı olması, eyni standartlar, dəyərlər uğrunda mübarizəyə həsr edilən ömür yolu ironik-satirik üslubda əks olunur.
Proza.ru saytında geniş çap olunan, bu sayt vasitəsilə tanınan Əfruz Məmmədovanın hekayələrini əsasən yumoristik-satirik məişət hekayələri kimi qiymətləndirmək olar. Qohumluq münasibətləri, məişət situasiyaları ("Ədalət dayı qohumlarına qonaqdır"), insan xarakterlərinin komik tərəflərinin ön plana çıxdığı əsərlərdə müəllif elçilik ("Ədalət dayı və incəsənətin gücü"), evə siçan girməsi ("Şəfiqə xala və siçan") kimi hadisələri gülməli, dinamik və satirik süjetə çevirərək gündəlik həyatımızın ziddiyyətli tərəflərini canlandırmışdır. Müəllifin "Qızıl balığın məktubları", "Qoğalın istintaq işi" hekayələrində isə, başlıqlardan bəlli olduğu kimi, klassik nağıl süjetlərinin yeni parodik şəkildə işlənməsi yer almışdır. İl ərzində yazıçının, həmçinin "Quldur və Lidiya Qavrilovna" (çalışqan olmayan tələbə ilə tələbkar müəllimin qarşıdurması), "Mütaliənin faydaları" və b. hekayələri "Literaturnıy Azerbaycan" jurnalının səhifələrində çap olunmuşdur.
Ailə münasibətlərinin, qohumların təzyiqinin, status həvəsinin, sosial riyakarlığın tənqidi kimi məqamların canlı və satirik şəkildə təqdim olunduğu əsərlərdə personajların replikaları, nitqlərinin emosionallığı komikliyi artıraraq hekayələri adi məcradan çıxarır. Müəllif eyni zamanda həm güldürə, həm də düşündürə bilir. Zənnimizcə, Əfruz Məmmədova yaradıcılığına olan maraq məhz bu keyfiyyətlə bağlıdır.
Nəsr nümunələri arasında Ləman Bağırovanın lirik-psixoloji hekayələri və esselərindən də bəhs etmək istərdik. İl ərzində müəllifin "Dan ulduzları", "Teatral qığılcımlar" ("Dulusçu", "Sehrbaz", "Artist") triptixləri, "Dialektika!", "Krominin işi və istirahəti", "Səs", "Sabah", "Baydukovlar", "Xoşbəxtlik günü və daha nələr haqqında düşüncələr!!!", "Onun gözəl bağı", "Don Kixotun nəvəsi" və s. kimi onlarla hekayə, novella və esseləri çap olunmuşdur. Mövzu baxımından müxtəlif olan bu əsərlərdə öz həyatını yaşamayıb başqalarının həyatına işıq salan qadın taleləri ("Dan ulduzları"), uşaqlıq sevincləri ("Xoşbəxtlik günü və daha nələr haqqında düşüncələr!!!"), qadının öz yorğunluğu ilə dialoqu ("Videnie"), yad insanın dərdinə həssaslıq ("İşıqfor"), ailə üzvləri arasında anlaşmaya can atma ("Don Kixotun nəvəsi") kimi lirik-psixoloji mövzular yer almışdır. Müəllifin yaradıcılığında xüsusi diqqət çəkən mövzular olaraq qadın yaşantıları və yaradıcılıq mövzusunu vurğulamaq istərdik.
Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin il ərzində bir neçə əsəri çap olunub. "Nə bilim, vallah!" ("Xren znaet çto!") nəsr mozaikasında yer alan ayrı-ayrı qısa esselərdə (hekayələrdə) realist və sürrealist təsvir, eləcə də qara yumor elementləri yer almışdır. 2025-ci ildə, həmçinin yazıçının "Gündəlik", "Pis yuxu" əsərləri, "Sevgi haqqında kabus dolu yuxular" hekayələr silsiləsi çap olunmuşdur.
Rusdilli ədəbiyyatımızın daha bir nümayəndəsi Murad İbrahimbəyovun atasına ithaf etdiyi "Ekranizasiya" hekayəsində Maqsud İbrahimbəyovun "Ondan yaxşı qardaş yox idi" əsərinə sadəcə istinad olunmur, povest hekayə içində yenidən oxunur və şəxsi-ailə münasibətlərinin çözülməsində istinad mənbəyi rolu oynayır. Uşaqlıq dünyasının idillik təsvirinin sonradan dini-teoloji kontekstin yer alması ilə əvəzləndiyi hekayədə hadisələr yekunlaşmır, çözüm oxucunun öhdəsinə buraxılır, müəllif yalnız müəyyən yönləndirmələrlə kifayətlənir.
"Literaturnıy Azerbaycan" jurnalının daimi rubrikalarından biri də "Yeni imzalar" bölməsidir. Ramiz Qaralovun "Herostat, İkinci dubl" əsəri də bu bölmədə yer almışdır. Gənclərin yaradıcılığında postmodernizmə maraq yenə də yer almaqdadır. Öz yaradıcılığını xarakterizə edən yazar digər postmodernist yazıçılardan fərqli olduğunu diqqətə çatdıraraq əsərlərində modernizm və postmodernizmin sintezinin yer aldığını, sürrealizm və absurd elementlərindən istifadə etdiyini, Sartrın "Herostrat" əsərindən təsirləndiyini və baş qəhrəmanı Tima olan povestini bu əsərdən ilhamlanaraq yazdığını qeyd edir. Sonradan isə həmin povesti "Herostat, İkinci dubl" olaraq postmodernist əsərə çevirmişdir (Ramiz Qaralov: "Ə za iskupitelğnuö silu iskusstva" https\://spbdnevnik.ru/news/2025-05-27/ramiz-garalov-ya-za-iskupitelnuyu-silu-iskusstva). İl ərzində müəllifin, həmçinin "Çılğın babanın sərgüzəştləri (Lenin üslubunda)" hekayəsi də çap olunmuşdur. Satira, absurd, qara yumor və fantastikanın yer aldığı hekayədə kommunist ideallarından uzaqlaşmış Lenin müasir insanların bahalı maşın, brend geyim və pul arzusunu "insanın təbiəti" kimi izah etməsi ilə müəllif sovet ideologiyasının əsas prinsipləri və müasir istehlak cəmiyyəti arasındakı ziddiyyəti qabarıq şəkildə ifadə etmiş olur.
Müəllifin eksperimentlərə açıq olması, beynəlxalq arenada təmsil olunması (2025-ci ildə Sankt-Peterburqda keçirilən 20-ci Beynəlxalq Kitab Sərgisində iştirak edərək "Divarda uçuq" adlı qısa hekayələr toplusunu təqdim etmişdir) maraq doğursa da, hələ ki, öz üslubunun formalaşmadığı, dünya ədəbiyyatına aludəçiliyin təsvirlərin real həyatla bağlılığını zəiflətdiyi sezilir.
Nəsrin kiçik janrlarına maraq yenə də üstünlük təşkil etməkdədir. Mədinə Eldarovanın, Laçının ("Tələ") miniatürləri, Tamerlan Bədəlovun "İşıqlı kədər" və "Jenevjeva" novellaları, Tatyana Rüstəmlinin, Leyla Bəyimin esseləri bu qəbildən olan əsərlərdəndir.
Povestlərə nəzər saldıqda Mark Berkolayko ("Qubernator"), Yelena Andreyeva ("Onun Afrika şəfəqi",) Arif Hüseynov ("Maarifçiliyin bədəli") və b. müəlliflərin əsərlərini qeyd etmək olar.
M.Berkolaykonun povestində hadisələr əsasən sovet dövrünü əhatə edir, ömür payına sovet və postsovet dövrünün ilk mərhələlərində yaşamaq nəsib olmuş iki gəncin taleyi əks olunur, keçid dövrünün problemləri göz önündə canlanır.
Y.Andreyevanın fantastik-macəra janrında qələmə alınmış əsərində Afrika mühiti, bu mühitə xas mistika, sehr (çevrilmələr, Sehrbaz obrazı) qədim sivilizasiyaların dünyagörüşü, sosial motivlər əks olunmuşdur.
A.Hüseynovun "Maarifçiliyin bədəli" povesti cəmiyyət tərəfindən ona "yüklənmiş" öhdəliklər (övlad olaraq valideynlərə qayğı göstərmək, vətəndaşlıq borcu və s.) altında sıxılan, həyat normaları, mərasimlər haqqında fərqli yanaşmaya malik insanın düşüncələrinin əks olunduğu psixoloji nəsr nümunəsidir. Əsərin başlığındakı maarifçilik ifadəsi, bəşəriyyətin inkişafında yer alan, zamanla özünü doğrultmayan ideyaların iflasına işarə edir.
Arif Hüseynovun "Maarifçiliyin bədəli" povestində insanın daxili dünyası, rasional şüurun böhranı və cəmiyyətin fərd üzərində yaratdığı mənəvi təzyiq ön plana çıxırsa, Dursun Məlikovun ("Qadın dözümünə oda" və "Qara dayının ölümü)" povestlərində fərdin mövcudluğu daha çox sosial və kollektiv münasibətlər sistemi daxilində təqdim olunur. Zamanla silinməkdə olan patriarxal mühitin yox olması yazıçını narahat etdiyi üçün, silsiləyə daxil olan hər bir əsərdə kəndin obrazını, insanlarını, münasibətləri tam dolğunluğu ilə əks etdirərək yaddaşlarda yaşatmağa çalışır.
"Uşaq səhifəsi" artıq "Literaturnıy Azerbaycan" jurnalının ənənəvi rubrikalarından birinə çevrilib. İl ərzində bu bölmədə Fidan Cəfərzadənin "Çiçəkli dünya", Leyla Leysanın "Bir dəfə bağda və ya hər şeyin dəyişdiyi yay", Aydanın "Nağıllar"ı yer almışdır.
Son illər uşaq ədəbiyyatına nəzər salanda müasir həyatın yer almaması (kompüter oyunları, müxtəlif, fərqli yeni oyun qəhrəmanları və s.) təəssüf doğurur. Bu gün uşaqlar təbiətdən daha çox texnikanın təsiri altındadırlar və bütün bunlar onların dünyagörüşünə, psixikasına ciddi təsir edir. Təəssüf ki, cəmiyyətdə psixikası fərqli olan, ünsiyyətə daha çətin alışan uşaqların sayı artmaqda olsa da, bu mövzular da əsərlərdə yer almır, son olaraq müasir uşaq ədəbiyyatında ənənəvi təsvirin, dünyagörüşünün yenilənmədiyi müşahidə olunur.
***
İl ərzində yaranan dram əsərlərinə də diqqət yetirmək istərdik. Biri komediya, digəri isə dram janrında olan iki pyes mövzu baxımından da bir-birindən fərqlidirlər.
Natiq Rəsulzadənin "Məmə" komediyasında (17 şəkilli ekssentrik komediya) qanqster olaraq formalaşan, lakin ürəyində mərhəmət hissini itirməyən və sonda, mükafat olaraq, səadətini taparaq qadın xoşbəxtliyinə nail olan qadının taleyi canlandırılır. Əsərdə xaricdə saxlanılan Koroğlunun qılıncının oğurlanaraq Vətənə qaytarmaq cəhdi kimi kriminal motivlə yanaşı, keçid dövrünə xas bəzi problemlər - talan edilən milli-mənəvi dəyərlər, nüfuzunu itirən ziyalı, problemlərin kriminal yolla həlli kimi mövzular da yer alsa da, sonda məhəbbət xəttinin önə çıxması uğurlu finalı labüdləşdirir.
Emin M. "Əlil arabasından uçuş" (xəyali və real dram) əsərində hadisələr ötən əsrin 50-ci illərində baş verir. Bir zamanlar faşizmin əsgəri olmuş, indi isə əlil arabasına məhkum olmuş təqaüddə olan zabit Ennio Bordoni və qurbanı (qisas hissi ilə yanan Mirella Hassman) arasında görüşün məhəbbətlə tamamlandığı əsərdə insani, bəşəri hisslərin intiqama qalib gəlməsi, nifrətin deyil, sevginin qələbəsi əks olunur.
***
Beləliklə, Azərbaycanın 2025-ci il rusdilli ədəbiyyatına ümumən nəzər saldıqda, müxtəlif janrlarda qələmə alınmış əsərlərdə müharibə yaddaşının, müasir cəmiyyətdə yer alan sosial dəyişikliklərin və insanın mənəvi-psixoloji dünyasının diqqət mərkəzində dayandığı, eyni zamanda eksperimental poetikaya, satirik-yumoristik təsvirə, psixoloji nəsrə və janrlararası axtarışlara marağın artdığı bəlli olur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
