Uşaq ədəbiyyatı haqqında danışarkən, yalnız kitab rəflərinə baxmaq kifayət etmir. Çünki uşaqlar üçün yazılan hər bir kitab, hər bir jurnal, keçirilən hər bir görüş və oxu saatı əslində gələcək nəslin dünyagörüşünün formalaşmasına təsir göstərən böyük mənəvi prosesin bir hissəsidir.
2025-ci il Azərbaycan uşaq ədəbiyyatı üçün də məhz belə bir mənzərə ilə yadda qaldı.
Bu baxımdan Gültəkin Cəfərlinin "El atası: Hacı Zeynalabdin Tağıyev haqqında müasir nağıl" kitabı diqqət çəkir. Tarixi şəxsiyyətin uşaqlar üçün nağıl formasında təqdim olunması milli yaddaşın yeni nəslə çatdırılmasının maraqlı üsuludur.
Bəhram Bağırzadənin ideya müəlliflərindən biri olduğu, T. Əfəndiyeva ilə birlikdə hazırlanan "İçərişəhərdə yaşadığım gözəl həyat" kitabı isə uşağın yaşadığı şəhərə münasibətini dəyişən nümunələrdəndir. Burada Bakı sadəcə xəritədəki şəhər deyil. İçərişəhər tarix, memarlıq, mədəniyyət və uşağın şəxsi dünyası ilə qovuşan canlı məkana çevrilir. Kitab 2025-ci ildə "Şərq-Qərb" nəşriyyatında çap olunub.
Beləliklə, "vətən" anlayışı da uşaq ədəbiyyatında daha konkret görünməyə başlayır: küçə, ev, şəhər, tarixi bina, doğma təbiət, ailə və uşağın gündəlik həyatı vətən anlayışının bədii ifadəsinə çevrilir.
2025-ci ildə uşaq auditoriyası üçün nəşrlərin funksiyası da genişlənib. Bunun maraqlı nümunələrindən biri Abil Bayramovun müəllifi olduğu "Uşaqlar və hüquq" maarifləndirici vəsaitidir. Bu kimi nəşrlər göstərir ki, müasir uşaq kitabı yalnız əyləndirmək və estetik zövq formalaşdırmaqla kifayətlənmir. Uşağa hüquqlarını, məsuliyyətini, təhlükəsizlik məsələlərini və cəmiyyət qarşısındakı rolunu anlatmaq kimi mühüm vəzifələr də daşıyır.
Nağıl, rəvayət, təmsil, atalar sözləri və məsəllər hələ də uşaq ədəbiyyatının mühüm mənbələridir. 2025-ci ildə Şöhrət Məmmədovanın XIX əsrin sonu - XX əsrin əvvəllərində uşaq nəsrində təhkiyə formullarına həsr olunmuş araşdırması da bu əlaqənin elmi baxımdan öyrənilməsinin davam etdiyini göstərir.
Uşaq ədəbiyyatının taleyini yalnız yazıçı və nəşriyyat müəyyən etmir. Kitabın uşağa çatması, oxunması və müzakirə olunması da ən azı kitabın özü qədər vacibdir.
Bu baxımdan Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə burada yazıçılarla görüşlər, oxu saatları, kitab təqdimatları, yaradıcılıq məşğələləri və müzakirələr keçirilib. Gülzar İbrahimova ilə yanvar ayında keçirilən görüşdə uşaqlar yazıçının yeni nağıl və şeirləri ilə tanış olub, sual-cavabda iştirak ediblər.
Oktyabrın 5-6-da XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan uşaq proqramları da bu baxımdan mühüm hadisə idi.
2025-ci ildə uşaq mətbuatının inkişafında "Göy qurşağı" jurnalının fəaliyyəti xüsusi diqqət çəkir. Jurnalın məzmununa nəzər saldıqda aydın görünür ki, burada artıq yalnız şeir, hekayə və nağıl yoxdur. Tarix, incəsənət, təbiət, kitab, muzey, ailə, yaradıcılıq, xarici dillər, oyunlar və müxtəlif maarifləndirici materiallar bir məkanda birləşir.
2025-ci ilin saylarında "İncəhörümün kitab sərgisi macərası", "Suların fatehi qadın", "Sirli notlar muzeyində", "Qışın keşikçiləri və Aylinin sehrli gecələri", "31 günlük Advent Kalendarı" kimi müxtəlif məzmunlu materiallara yer verilməsi jurnalın tematik diapozonunun nə qədər geniş olduğunu göstərir.
Jurnalın daha bir üstün cəhəti isə dünya ədəbiyyatına və müxtəlif dillərə açıq olmasıdır. "The Apple Tree and the Farmer", "Five Rats and a Funny Top Hat", "Treasure Island", "Skazka pro snejinku" kimi nümunələr Azərbaycan uşağını başqa dillərlə və başqa mədəniyyətlərlə tanış edir. Burada maraqlı bir balans yaranır: milli kimlik + dünya mədəniyyəti.
Azərbaycan uşaq mətbuatının uzunömürlü nəşrlərindən biri olan "Göyərçin" də 2025-ci ildə fəaliyyətini davam etdirib. 1958-ci ildən nəşr olunan jurnal məktəbəqədər və ibtidai məktəb yaşlı uşaqlar üçün bədii-estetik məzmunun mühüm daşıyıcılarından biridir. Jurnalın baş redaktoru professor Rafiq Yusifoğludur.
Rafiq Yusifoğlunun "Qoruq", "Yaşıl zolaq", "Sel və çay", "Şəlalə", "Dağ çayı", "Həkim Günəş", "Ətirli külək" kimi əsərlərində təbiət uşağın dünyanı dərk etməsi üçün bədii vasitəyə çevrilir.
Eyni zamanda şəhər də uşaq poeziyasına daxil olur. "Şəhər içində şəhər", "Yaylağa bənzər şəhər", "Özüyeriyən" kimi nümunələr göstərir ki, müasir şəhər mühiti uşağın poetik dünyasının bir hissəsinə çevrilməkdədir.
Bu, çox əhəmiyyətli dəyişiklikdir. Çünki uşaq ədəbiyyatı artıq yalnız meşəni, dağı, çayı və kəndi deyil, uşağın yaşadığı şəhəri, küçəni, müasir texnologiyanı da öz poetik predmetinə çevirir.
İbrahim Yusifoğlunun 2025-ci ildə "Ədəbiyyat", "Ədalət", "Savalan" qəzetlərində və "Göyərçin" jurnalında dərc olunan şeirləri də bu istiqamətdə maraq doğurur.
Onun "Ərimir" şeirində adi bir uşaq müşahidəsi poetik suala çevrilir:
"Qar yağanda bağçadan
Qaçırıq evə sarı.
Saçımıza yağan qar
İsti duycaq əriyir..."
Uşaq öz saçına düşən qarın əridiyini görür. Sonra babasının ağ saçlarına baxır və sual edir: bəs onun saçına yağan "qar" niyə ərimir? Sadə uşaq müşahidəsi burada həyat haqqında poetik düşüncəyə çevrilir.
2025-ci ilin uşaq ədəbiyyatında tarixi yaddaş və vətənpərvərlik mövzusu da mühüm yer tutur.
Sevinc Nuruqızının "Salam, innab ağacı" əsəri İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunub. Əsərin diqqətçəkən cəhəti tarixi şəxsiyyətin uşağa quru bioqrafik məlumat şəklində deyil, bədii və emosional müstəvidə təqdim edilməsidir.
Əsərin Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Azərbaycan və rus dillərində səhnələşdirilməsi isə daha bir mühüm məqamı ortaya çıxarır: uşaq ədəbiyyatı digər sənət sahələri ilə də qovuşur. Uşaq tarixi yalnız oxumur, onu səhnədə görür, eşidir və yaşayır.
Əziz Sultanın "Təbəssüm" jurnalında dərc olunan "Diribaş kəndli", "Bahar gəlir", "İşıldayan gözlər", "Ədalətli hakim", "Qəribə heyvan", "Su quyusu" kimi əsərləri də müasir uşaq ədəbiyyatının maraqlı istiqamətlərini nümayiş etdirir.
Xüsusilə diqqətəlayiq məqam odur ki, müasir texnologiyanın uşağın həyatına təsiri də bu əsərlərdə öz əksini tapır. Telefon və rəqəmsal oyunların insan münasibətlərinə və diqqətə təsiri artıq uşaq ədəbiyyatının mövzularından biridir.
Gülzar İbrahimovanın 2025-ci il fəaliyyəti də uşaq ədəbiyyatının yalnız kitab səhifəsində qalmadığını göstərir. "Sirus və Virusun macəraları", "Qızıl balığın arzusu" kimi əsərlərin uşaqlara təqdim olunması, yazıçının məktəblilərlə görüşləri, interaktiv söhbətləri, müsabiqələrdə iştirakı müəlliflə oxucu arasında canlı əlaqəni gücləndirib.
Solmaz Amanovanın "Narmis və Tacşir" əsərinin ikinci nəşrinin 2025-ci ildə çap olunması ilə yanaşı, "Yaşıl portal", "Zəfəran", "Şuşanın sehrli açarları" kimi əsərlərinin kitab sərgilərində, oxu saatlarında və məktəblilərlə görüşlərdə təqdim olunması uşaq kitabının yeni dövriyyə formasını göstərir: kitab nəşr olunur, oxunur, müzakirə edilir və müxtəlif təqdimatlara çevrilir.
Aygün Bünyadzadənin "Ballıca və ailəsinin nağıllı sərgüzəştləri" kitabında isə ailə münasibətləri, uşağın yaxın sosial mühiti və fantastik hadisələr bir araya gəlir. "Nağıl" və "sərgüzəşt" anlayışlarının birləşdirilməsi müasir uşağın hadisəli və dinamik süjetə marağını nəzərə alan yanaşmadır.
Müəllifin "Qara Pambığın sərgüzəştləri" kitabı da heyvan obrazı, macəra və uşaq dünyasını birləşdirən nümunə kimi diqqət çəkir. Burada ənənəvi heyvan obrazlarından müasir macəra süjetinin qurulmasında istifadə olunur.
Eyvaz Zeynalovun 2025-ci ildə "Libra" nəşriyyatında çap olunan "Səlimin sehrli plastilinləri" romanı isə yaradıcılıq və fantaziyanın uşaq ədəbiyyatında necə birləşdirilə biləcəyini göstərir.
Elşad Səfərlinin "Kiçiyin böyük sözü" əsərinin adı belə müasir uşaq ədəbiyyatında dəyişən yanaşmanı ifadə edir. Burada uşaq yalnız böyüklərdən öyrənən, böyüklərin tərbiyə etdiyi varlıq kimi təqdim edilmir. Onun öz fikri, müşahidəsi və dünyaya münasibəti var.
2025-ci ilin başqa mühüm xüsusiyyəti klassik əsərlərin yeni nəsil oxuculara yenidən təqdim olunmasıdır. Səməd Behrənginin "Qar dənəsinin sərgüzəştləri" kitabının "Mücrü" nəşriyyatında yeni nəşr edilməsi buna nümunədir. Kitabda müəllifin dörd uşaq hekayəsi yer alır. Əsərlərdə azadlıq, ədalət, bərabərlik, insan ləyaqəti və sosial məsuliyyət kimi ideyalar alleqorik şəkildə təqdim olunur. Bu fakt göstərir ki, yaxşı uşaq ədəbiyyatı zaman keçdikcə köhnəlmir. Əksinə, yeni nəşr və yeni oxucu sayəsində yenidən aktuallaşır.
Eyni sözləri Mir Cəlalın "İki rəssam" əsəri haqqında da demək olar. Nizami Gəncəvinin "İsgəndərnamə" poemasındakı süjet əsasında yaradılan əsər mürəkkəb poetik materialı uşağın qavrayışına uyğun sadə və axıcı nəsr formasında təqdim edir. Əsərin əsas ideyası isə bu gün də aktualdır: insan öz istedadını sözlə deyil, əməli ilə göstərməlidir. Beləliklə, Nizami irsi müasir uşaq oxucusu ilə yeni formada görüşür.
Bütün müsbət meyillərlə yanaşı, 2025-ci il bir sıra problemləri də açıq şəkildə göstərdi. Ən əvvəl keyfiyyətli yeni uşaq mətnlərinin sayının artırılmasına ehtiyac var. Uşaq üçün yazmaq sadəcə dili sadələşdirmək demək deyil. Uşaq ədəbiyyatı xüsusi poetika, yaş psixologiyası, bədii-estetik səviyyə və yaradıcı yanaşma tələb edir.
Digər problem müasir uşağın real dünyasının ədəbiyyatda daha geniş əks etdirilməsidir. Rəqəmsal texnologiya, süni intellekt, sosial media, virtual ünsiyyət və informasiya bolluğu uşağın həyatının ayrılmaz hissəsinə çevrilib.
Üçüncü məsələ mütaliənin video, oyun və digər rəqəmsal məzmunlarla rəqabətidir. Bu rəqabətdə kitab yalnız məzmununa görə deyil, dizaynına, illüstrasiyasına, təqdimat formasına və interaktiv imkanlarına görə də cəlbedici olmalıdır.
Daha bir mühüm problem isə uşaq ədəbiyyatının peşəkar ədəbi tənqidinin və elmi qiymətləndirilməsinin gücləndirilməsidir. 2025-ci ildə elmi tədqiqatların davam etməsi bu ehtiyacın aktuallığını bir daha göstərir.
2025-ci ildə uşaq ədəbiyyatının elmi öyrənilməsi baxımından da maraqlı hadisələr baş verib. Türkiyəli tədqiqatçı Yaşar Sözenin "Müstəqillik dövründə (1991-2024) Azərbaycan uşaq ədəbiyyatında hekayə" adlı tədqiqatının müzakirəsi mühüm elmi hadisələrdən biri kimi diqqəti çəkir. Araşdırmada 18 Azərbaycan uşaq yazıçısının 552 hekayəsinin xəritə-sxemi hazırlanıb, 10 müəllifin yaradıcılığı məzmun baxımından təhlil edilib. Eyvaz Zeynalov, Rafiq Yusifoğlu və Sevinc Nuruqızının yaradıcılığına xüsusi diqqət yetirilib. Bu, uşaq ədəbiyyatının ayrı-ayrı əsərlərin təsviri səviyyəsindən daha sistemli, müqayisəli və korpus əsaslı tədqiqatlara doğru inkişaf etdiyini göstərir. Bütün bu nümunələri bir araya gətirdikdə 2025-ci il Azərbaycan uşaq ədəbiyyatının mənzərəsi daha aydın görünür.
Hüquq, sosial məsuliyyət, inklüzivlik və rəqəmsal davranış kimi yeni mövzular var. Nağıl və macəra, poeziya və roman, teatr və jurnal, kitab və oyun bir-birini tamamlayır. Ənənəvi kitabın yanında elektron jurnal görünür. Müəllifin yazdığı mətnin yanında uşağın çəkdiyi rəsm və yazdığı hekayə yer alır. Kitab rəfdə qalmır - sərgiyə, görüşə, müzakirəyə, oyuna və səhnəyə çıxır.
2025-ci ilin ədəbi mənzərəsi göstərir ki, bu suala cavab axtarışı artıq başlayıb. Azərbaycan uşaq ədəbiyyatı bir tərəfdən öz milli köklərinə, folkloruna, klassik irsinə və mənəvi dəyərlərinə söykənir, digər tərəfdən müasir uşağın şəhərinə, texnologiyasına, sosial dünyasına və qlobal informasiya məkanına üz tutur.
Deməli, 2025-ci ilin Azərbaycan uşaq ədəbiyyatında əsas söz "yenilənmə"dir. Amma bu yenilənmə keçmişdən uzaqlaşmaq hesabına deyil. Əksinə, keçmişin yaddaşını qoruyaraq gələcəyin uşağına yeni dillə, yeni obrazlarla və yeni təqdimat imkanları ilə müraciət etməkdir.
Və bəlkə də uşaq ədəbiyyatının ən böyük gücü elə bundadır: dünənin yaddaşını sabahın uşağının dünyasına daşımaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
