Böyük qayıdış: xatirələr, duyğular, arzular publisistikası - Elçin MEHRƏLİYEV

 

Ötən qırx ilə yaxın bir müddətin publisistikasına sərf-nəzər belə bir qənaətə gəlməyə əsas verir ki, 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərindən etibarən Qarabağda və onun ətrafında baş verən qanlı hadisələr publisistikamızı döyüşən bədii prosesdə ön cəbhəyə atılmağa və əsas mövzu-ideya istiqamətini dəyişib işğalçıya qarşı mübarizədə səfərbər olmağa çağırmağa və müharibə illərinin salnaməsini yaratmağa vadar etdi. Biz təcavüz, işğal, qaçqınlıq illərinin publisistikasında yaşanan faciələrin təsviri ilə yanaşı, Qarabağın taleyinin vətən taleyi anlamında dərk və şərh edildiyini, alovlu vətənpərvərlik ideyalarının və inkaredilməz tarixi həqiqətlərin canlı və təsirli şəkildə ifadəsini görürük. Bu baxımdan, Anar, Elçin, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Cabir Novruz, Nəbi Xəzri, Famil Mehdi, İsa İsmayılzadə, Nemət Veysəlli, Məmməd Oruc, Salar Aslanov, Nəsiman Yaqublu, Zemfira Məhərrəmli, Abdulla Qurbani, Əli Rza Xələfli, Əli Mahmud, Vahid Məhərrəmov və s. kimi istedadlı yazarların qələmindən çıxmış məktub-müraciətlər, oçerklər, məqalələr, gündəliklər, xatirələr öz ideya-məzmun xüsusiyyətləri ilə xüsusilə diqqəti cəlb edir.

Publisistikamızın Qarabağın işğalı dövrünün əhval-ruhiyyəsini şəhid kapitan Pərviz Məmmədovun həyat yoldaşı Ayşə xanımın belə bir etirafı ilə ümumiləşdirmək mümkündür - o, ərinin xasiyyəti haqqındakı suala cavabında belə deyir: "Hamı məndən soruşardı ki, həyat yoldaşınız gülməyi bacarır, gülə bilir? Mən onu tanıyandan torpaqlarımız düşmən tapdağında olduğu üçün gözlərinin dərinliyində bir qəm, kədər görür, hiss edirdim. Lakin artıq müharibə ab-havası hiss olunan son günlərdə üzündə təbəssüm yaranmışdı, azadlıq savaşının başlayacağına sevinirdi." ("Kredo" qəzeti, 24 iyun 2022-ci il).

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribatına cavab olaraq başlanan və 44 gün davam edən (27 sentyabr 2020-10 noyabr 2020) Vətən müharibəsi -İkinci Qarabağ savaşı Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdı və 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız rəşadətli Azərbaycan ordusu tərəfindən azad edildi.

Əldə edilən tarixi qələbəmizdən, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən sonra isə respublikamız öz tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan yeni mərhələsinə qədəm qoydu. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və inkişaf etdirilməsi, bu ərazilərə qayıdışın təmin edilməsi tarixi qələbənin məntiqi davamı idi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli qərarı ilə işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olundu. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair təsdiq edilmiş Dövlət Proqramına əsasən uzun illər həsrətində qaldığımız, yağmalanıb-dağıdılmış yurdlarımızın yenidən tikilib-bərpa edilməsi işlərinə başlandı. Və əlbəttə ki, "Böyük Qayıdış" Proqramı çərçivəsində görüləcək işlərin həyata keçirilməsinə mənəvi dəstək meyli publisistikamızın ağrı, faciə mövzusundan qələbə, quruculuq, yeni həyat mövzusuna keçid etməsini labüd etdi.

Elə ilk günlərdən dövri mətbuatda tarixi qələbəmizi alqışlayıb Qarabağa qayıdışla bağlı fikirlərini bölüşmək istəyənlərin sırası sıx oldu. Bu mövzuda kitab nəşri sahəsində ilk təşəbbüs isə Azərbaycan Yazıçılar Birliyindən gəldi. Zəfər yürüşündən bir neçə ay sonra - 2021-ci ildə "Təhsil" nəşriyyatı xalq yazıçısı Anarın ideyası əsasında "Qarabağ dastanı: otuz ilin həsrəti - 44 günün zəfəri" adlı dəyərli bir kitab nəşr etdi. Bu kitabda yüzə yaxın Azərbaycan yazarının Qarabağ (o cümlədən, Qarabağa qayıdış) mövzusunda qələmə aldığı müxtəlif səpkili əsərlər toplanmışdır.  

Artıq altıncı ildir ki, Qarabağın büsbütün mənzərəsi yenidən dəyişir və müvafiq olaraq ədəbi orqanlarda, ayrı-ayrı kitab və məcmuələrdə, eləcə də digər ədəbiyyat, mədəniyyət və incəsənət portallarında təqdim edilən publisist yazıların əsas mövzusunu azad həyat, bərpa-quruculuq prosesi, köç karvanları təşkil edir. Təkcə ötən il ərzində Qarabağa qayıdış mövzusunda dövri mətbuatda yüzlərlə məqalə, oçerk, esse, gündəlik, söhbət dərc edilmiş, onlarla kitab, toplu nəşr olunmuşdur. Məsələn, Eldar Nuriyevin "Şərq-Qərb" nəşriyyatı tərəfindən çap edilmiş "İlham Əliyev və Böyük Qayıdış" kitabında münaqişə sonrası bölgədə qısa müddətdə görülən misilsiz bərpa-quruculuq işləri, tarixi həqiqətlər və dövlət başçısının xilaskarlıq missiyası təhlil olunur; Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi ilə hazırlanmış "Böyük qayıdış" kitabında Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərindəki çıxışları və onların dərin elmi-tarixi əhəmiyyəti yer alıb; Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən tərtib edilən "Qarabağ Azərbaycandır!" (II kitab: "Böyük Qayıdış! "Tuna" nəşriyyatı) publisist-sənədli toplu geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Tarix elmləri doktoru, professor Nazim Məmmədovun "Ağdam: "Tarixi Zəfərdən Böyük Qayıdışa" adlı kitabında (Bakı, ADPU, 2026) Ağdam rayonunun əsasən beşillik dövrü (2020-2025) təhlil olunsa da, Qarabağ uğrunda mübarizəmizin bütün mərhələləri - erməni silahlı qüvvələrinin torpaqlarımıza təcavüzü, törətdikləri faciələr, ölkə başçısının Ağdama səfərləri və əhəmiyyəti, rayonda həyata keçirilən nəhəng quruculuq və bərpa işləri, dünya üçün örnək olacaq Ağdam şəhərində reallaşan böyük layihələr əhatə olunur və nəhayət, rayona Böyük Qayıdışın başlanması prosesi işıqlandırılır. Beləliklə, müəllif işğal-dağıntı-qələbə-həyatın bərpa edilməsi mərhələlərini əhatə etməklə böyük bir rayonun salnaməsini yaradır. Belə bir qənaətə gəlir ki, Böyük Qələbədən sonra bölgədə yeni reallıq yaranıb, respublikamızda Qarabağın və Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışını təmin edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla, fədakarlıqla icra olunur.

Dövri mətbuatda "Azərbaycan", "Xalq qəzeti", "Respublika", "Yeni Azərbaycan", "İki sahil" qəzetləri, "525-ci qəzet", "Ədalət" qəzeti və s. kimi ictimai-siyasi və sosial-iqtisadi mövzularda yaradıcılığa üstünlük verən qəzetlər Böyük Qayıdış mövzusunu mütəmadi işıqlandıran qəzetlərdir. Bu qəzetlərdə əsasən azad edilmiş rayonlarımızda gedən müxtəlifyönlü tikinti-quruculuq işləri və həmin rayonlara qayıdış haqqında informasiya tipli yazılar yer alır.

"Azərbaycan", "Ulduz", "Ədəbiyyat qəzeti", "Kredo" kimi ədəbi jurnal və qəzetlərdə, habelə digər ədəbiyyat, mədəniyyət, incəsənət portallarında publisistikanın əsasını həmişəki kimi ədəbi yaradıcılıq, ədəbi fəaliyyət haqqında məlumat xarakterli yazılar, ədəbi-mədəni mühitdə baş verən hadisələr haqqında düşüncələr təşkil etsə də, Qarabağa qayıdış mövzusunda yazılara da yer verilir və belə materiallar sənədlilik, informasiya zənginliyi ilə fərqlənməklə yanaşı, bu tarixi hadisənin arxasındakı insan talelərini, torpaq həsrətini, onu dirçəltmək, viranə qalmış yurdu qurub-yaratmaq əzmini bədii boyalarla və emosional dillə əks etdirir.

Yazıçı-publisist Rəşid Faxralının "Azərbaycan" jurnalının 2025-ci il 11-ci sayında dərc etdirdiyi "Tarixlərə əmanətdir Zəfərimiz!" adlı yazısı həmin qəbildəndir. Yazı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin aşağıdakı sözləri ilə başlanır: "...Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik."

Şair-publisist Əli Rza Xələflinin "Cəbrayılın gələcəyi... Düşüncələrim" ("Kredo" qəzeti, 21 iyun 2025-ci il), "Bədnam Ohanyan xəttində əncir təntənəsi" ("Kredo" qəzeti, 10 sentyabr 2025-ci il) adlı məqalələrini də Böyük Qayıdış mövzusunda yazılmış xarakterik nümunələr kimi dəyərləndirmək mümkündür.

Maraq doğuran yazılardan biri Elçin Əlioğlunun "Kredo" qəzetinin 30 oktyabr, 6, 20, 25 noyabr, 4, 10, 19, 25 dekabr saylarında dərc edilmiş "Mən, mənim qəhrəmanım və yurdum (Qarabağa qayıdış: xatirələr, duyğular, arzular)" adlı silsilə oçerkləridir. Məqalədə Qarabağ uğrunda ədalətli mübarizəmizdə müvəqqəti məğlubiyyətimizdən zəfərə qədər keçilən mərhələlər, yaşanan hiss-həyəcanlar dağıdılmış yurd yerinə səfər təəssüratı əsasında, duyğulu təfərrüatlarla qələmə alınır. Yazı bir növ viran edilmiş yurdla, yaralı torpaqla həsbi-hal təsiri bağışlayır. Müəllif xalqımızın 30 ildə yaşadığı sarsıntılı həyatı, yurda hədsiz sevgi və sədaqəti bir elin - Güllücə kənd camaatının timsalında əks etdirir.

Qayıdış mövzulu əsərlərdə ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklər dünyaya bəyan edilir.

Bu gün işğaldan azad edilmiş ərazilərimizə yeni həyat verilir, düşmənin daşını daş üstündə qoymadığı yer-yurdlarımız yenidən tikilib-abadlaşdırılır və xalqımız sülhün, dinc yaşayışın tərəfdarı kimi bir daha müharibə, qan-qada istəmir.

Bütün bunlarla yanaşı, Qarabağın yenidən tikilib-abadlaşdırılması və yurda qayıdış mövzusunun bədii publisistikamızda əks etdirilməsi səviyyəsini bir neçə səbəbdən, xüsusən də əmək adamlarına münasibət nöqteyi-nəzərindən təqdir edə bilmərik. Büsbütün Qarabağın tikintisi, quruculuğu, abadlaşdırılması əsrin hadisəsi olduğu və bu möhtəşəm vəzifənin əsas ağırlığı əmək adamlarının - texnik, mühəndis, inşaatçı qüvvələrin, usta-fəhlə ordusunun üzərinə düşdüyü halda onların fədakarlığı layiqincə qələmə alınmır. Unutmaq olmaz ki, milli ideya və məqsəd uğrunda mübarizə vüsət aldıqca, təsərrüfat və istehsalat işləri də vüsət alıb və buna müvafiq olaraq əməyə fədakar münasibət rəğbətlə qələmə alınıb, coşqun əmək həyatı əlvan lövhələrlə təsvir edilib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!