Güney Azərbaycan ədəbiyyatı: ilin ədəbi-mədəni mənzərəsi, əsas meyillər və problemlər - Pərvanə MƏMMƏDLİ

 

Cənub ədəbiyyatı dünya ilə, özəlliklə başqa türk ölkələrilə sıx mədəni əlaqələri olmayan, təcrid olunmuş bir ədəbi adaya bənzəyir.

2025-ci ildə, eləcə də ötən illərdə nəşr olunmuş, məlum səbəblərdən məhdud sayda olan, əlimizə çətinliklə çatan kitabları təqdim etmək istərdik. Bunlar Nasir Mərqatinin "Qürbət deyintiləri", Həsən Riyazi İldırımın "Yağış yuxusu", Bahadır Mətəhhərin "Ana", Cavad Kərimi Zəncanlının "Dənizsiz şəhər", Davər Pənahinin "Ay Savalan", Azər Abdullah Fərəcinin (İncik Zəncanlı) "Bağırtı", Məhəmməd Çalğının "Mən, qadınların tərəfindəyəm", Həsən Şeyxülislamınin (Haq-Səun Miyanəli) "Yuxusuz şeirlərim", Hüseyn Rəzminin (Yaray) "Şeir gərək qısa olsun şairin öz ömrü kimi", Nadir Paşayinin (Paşa) "Aman, yollar", Zülfüqar Kəmalinin "Qapımız açılır günəşə sarı", Əli Çağlanın "Katarina", Bəhmən Vətən oğlunun "Mənə şeir gətirin" şeir topluları, İsmayıl Hadinin "Laçın", Rza Bərahəninin "Yurdumun sirləri" ("Razhaye sərzəmin-e mən") Ayxan "Səslərin tragediyası - xəstəxana yatağında", Əli-Məhəmməd Bəyaninin "Su satanlar", Həmid Arğışın Bəylər Haeylinin - "Günəşlə doğub sisdə itən yazıçı" (Həmid Arğışın təqdimində)", Qafur İmamizadə Xiyavlının "Bir ayının yanındaydım" adlı nəsr əsərləridir.

 

Poeziya

 

Dörd şeir kitabının müəllifi olan Çalğın Məhəmmədin əsərləri Bakıda və İstanbulda işıq üzü görüb. İranda şeirlərinin yayılmasına qadağa qoyulub. "Mən, qadınların tərəfindəyəm" sərbəst şeir toplusunda Çalğın Məhəmməd sosial etirazı, qadın taleyini, siyasi zorakılığı, mühacir tənhalığını, sevgini və qocalıq duyğusunu əks etdirir.

Onun mətnlərində fikir gözlənilməz obrazdan doğur; "İstintaq", "Xatirə", "Bəla", "Arena" və "Əzrayıl" bunun ən parlaq örnəkləridir. Şair qadının hüquqsuzluğunu sərt şəkildə ifadə etsə də, bəzi erotik şeirlərində qadını bədən üzvlərinə ayıran yanaşmadan irəli gedə bilmir.

"Katarina" fiquru kitabın emosional mərkəzidir. O, konkret qadın olmaqla yanaşı, şairi uçurumdan geri çağıran səsdir:

 

Katarina yuxumda qışqırdı,

səssiz uçurumdan geri döndüm.

Amma bu sevgi də tam görünmür:

Qələmin çürüyür, adın qalır...

 

Sevgi xilasdır, amma onu ifadə edəcək dil artıq çürüməkdədir.

Katarina obrazı kitabda sevginin ünüdür, səsidir. O, şairi ölümdən çəkib çıxaran bir çağırış kimi verilir:

 

Adı Katarina idi, yuxularımda çığırıb

məni ölümdən qaytarırdı...

 

Nəsr

 

Ayxan Miyanalinin 2025-ci ildə qələmə aldığı "Səslərin tragediyası - xəstəxana yatağında" əsərini "eşidilməmiş bir səsin 33 pərdəsi" kimi təqdim edir. Əsər onun Tehran şəhərindəki Firuzgər xəstəxanasında, ağır xəstəlik və ölüm təhlükəsi ilə üz-üzə qaldığı günlərin mənəvi-psixoloji təəssüratları əsasında yazılmışdır.

İranın yaxın keçmişində baş vermiş qanlı-qadalı hadisələri bədii düşüncənin süzgəcindən keçirərək böyük ustalıqla əks etdirən əsərlər sırasında Rza Bərahəninin "Razhaye sərzəmin-e mən" ("Yurdumun sirləri") mənzum romanı xüsusi yer tutur. Görkəmli yazıçı, şair və tənqidçinin bu əsəri, şübhəsiz, zamanın sınağından çıxmış və ədəbi dəyərini qoruyub saxlamış romanlardan biridir.

Bərahəni bu romanında Pəhləvilər hakimiyyəti dövründə Azərbaycanda, xüsusilə Təbrizdə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri - həmin dövrün bütün ağırlığını, zülmünü və ədalətsizliyini insan taleləri üzərindən göstərir.

Tanınmış yazıçı İsmayıl Hadinin "Laçın" əsərində Rza şah üsul-idarəsinin və onun davamı olan indiki rejimin Güney Azərbaycanda yeritdiyi ayrı-seçkilik siyasəti kəskin tənqid olunur: "Deyirlər, türkü yazılsa ikitirəlik olar. Türkü çoban dilidi. Elm dili deyil. Yad dilidi. Nə bilim, yavadı, ağrıdı, becidi, bibərdi, öddür, zəhrimardı, nədi? Ancaq uzun sözün qısası, şahın, şahçıların xoşu gəlmir, vəssalam!"

Güney Azərbaycan nəsri hələ öz təbii və çağdaş bədii dilini tam formalaşdırmayıb. Bununla belə, yeni yazarların yaradıcılığında uğurlu axtarışlar görünür. Nəsrin inkişafı üçün təbii dilə, canlı obrazlara, fərqli səslərə və güclü təhkiyəyə ehtiyac vardır.

 

Ədəbi tənqid

 

Güney Azərbaycan ədəbi mühitində tənqid çox zaman ayrı-ayrı müəllif və əsərlər haqqında ümumi dəyərləndirmə, ağırlama, xatirə səviyyəsindən irəli getmir. Hümmət Şahbazi isə ədəbi cameədə tənqidi və nəzəri düşüncənin ardıcıl gəlişməsində çaba göstərən müəlliflərdəndir. O, ədəbi hadisəni terminoloji və nəzəriyyə vasitəsilə izah etməyə, Azərbaycan ədəbiyyatını modernizm və postmodernizm kimi beynəlxalq nəzəri diskurslarla əlaqələndirməyə çalışır. Onun son kitablarının başlıca elmi əhəmiyyəti də buradadır.

Şair kimi tanınmasına baxmayaraq, onun yaradıcılığında əsas ağırlıq ədəbi tənqid və nəzəri araşdırmaların üzərinə düşür. Hümmət Şahbazinin elmi maraq dairəsi çağdaş şeir və nəsrdən modernizm və postmodernizm nəzəriyyələrinə qədər geniş bir alanı qapayır.

Onun "Çağdaş Azərbaycan şeirinin tənqidi", "Hekayənin imkanları", "Modernitə və modernlik", "Hekayənin imkanları (bir hekayə, bir tənqid)", ikicildlik "Azərbaycan şeirində modernizm" kimi əsərləri bu istiqamətdə uzun illər davam edən axtarışların nəticəsidir. Xüsusilə son dövrdə nəşr etdirdiyi "Təhkiyə quruluşu (Azərbaycan nəsri əsasında)" (2023) və "Postmodernizmin durumu" (2024) müəllifin nəzəri ədəbiyyata marağının daha sistemli xarakter aldığını göstərir.

 

Ədəbi dərnəklər, media, mətbu orqanları

 

Güney Azərbaycanda Vahid Yazarlar Birliyi olmasa da, müxtəlif şəhərlərdə ədəbi dərnəklər və klublar fəaliyyət göstərir. İranboyu ölkənin müxtəlif şəhər və qəsəbələrində Azərbaycan ədəbiyyat ocaqları var. Bu dərnəklərdə yetişən bir çox şair və yazıçılar bu gün ədəbi mühitin tanınmış simalarıdır.

Dərnəklərin bir çoxu uzun illərdir Azərbaycan ədəbiyyat və mədəniyyətinin mühüm mərkəzlərinə çevrilmişdir. Bu ocaqları yaradan və onlara rəhbərlik edən sənətkarlar isə Azərbaycan mədəniyyətinin fədakar xidmətçiləridir.

Təkcə Tehranda və onun ətrafında yaşayan azərbaycanlılar arasında, eləcə də Azərbaycanın müxtəlif şəhərlərində "Sabir ədəbi əncüməni", "Səhər ədəbi-mədəni dərnəyi", "Azərbaycan ədəbiyyat ocağı", "Xudafərin ədəbi əncüməni", "Dədə Qurbani ədəbi əncüməni", "Araz ədəbi əncüməni", "Qaradağ ədəbi əncüməni", "Çiçəklər quruluşu", "Mavi çiçəklər dərnəyi", "Ustad Şeyda ədəbi əncüməni", "Çənlibel dərnəyi", "Bulaq dərnəyi", "Yaşmaq dərnəyi", "Həkim Nəbati ədəbi əncüməni", "Təbriz musiqi əncüməni", "El bilimi müəssisəsi" və Təbrizdə fəaliyyət göstərən "Muğan", "Yeni Təbriz", "Hafiz-Füzuli" və başqa ədəbi dərnəklər bu ocaqların ən tanınmışlarıdır.

Elektron mühitdə "İşıq" - ishiq.net ayrıca əhəmiyyət daşıyır. 2011-ci ildə yaradılan və baş redaktoru Eldar Muğanlı olan sayt Azərbaycan türkcəsi və fars dilində fəaliyyət göstərir. Güney Azərbaycan ədəbi mühitində yalnız bədii mətn dərc etməklə yanaşı, dil, yaddaş və mədəni kimliyi qoruyan canlı arxiv funksiyası daşıyır.

2003-cü ildə Tehranda Behzad Behzadi və Həsən Riyazi İldırım tərəfindən yaradılmış "Azəri" dərgisi isə bir müəllif və ya problem ətrafında monoqrafik xüsusi saylar hazırlaması ilə seçilir; onun ədəbi katibi də Eldar Muğanlıdır.

1998-ci ildə yaradılmış "Nəvid-e Azərbaycan"ın məsul müdiri Mehran Təbrizidir. Redaktor Nəzəri olub. Nəşr və onun elektron kanalı, Urmiya gölü, milli tarix, Pişəvəri, ana dili və ədəbiyyat mövzularını da işıqlandırır. Bu xüsusiyyət regional mətbuatda ədəbi-mədəni mövzuların ictimai həyatdan ayrılmadığını göstərir.

"Xudafərin" Azərbaycan türkcəsi və fars dilində nəşr olunan aylıq elmi, mədəni və ictimai dərgidir. Baş redaktoru və təsisçisi Hüseyn Şərqidərəcək Soytürkdür. Jurnalın materialları yalnız ədəbiyyatla məhdudlaşmır. Azərbaycan ədəbiyyatı, dil, folklor, tarix, ictimai məsələlər, mədəniyyət, poeziya və publisistika əsas istiqamətlərdəndir.

"Ədəbi Körpü" - Səxavət İzzətinin təşəbbüsü ilə hazırlanmış aylıq elektron şeir və ədəbiyyat dərgisidir. Güney Azərbaycanda hazırlanıb yayımlanır və Azərbaycan türkcəsində, ərəb və latın qrafikası ilə nəşr olunur. Jurnalın adındakı "körpü" anlayışı da Azərbaycan ədəbi məkanının müxtəlif qütbləri arasında əlaqə yaratmaq funksiyası ilə səciyyələnir.

"El bilimi" folklor dərgisidir. Folklor araşdırmaçısı Əlirza Sərrafi 2008-ci ildə bir neçə ziyalı ilə dərgini hazırlamağa başlayıb. Başlıca amac Azərbaycanın, xüsusilə Təbriz və başqa Güney bölgələrinin şifahi irsini toplamaq, yazıya almaq və araşdırmaqdır. Saylarında nağıllar, bayatılar, laylalar, uşaq oyunları, mərasimlər, aşıq sənəti və yerli söz - deyimlər yer alır. Bu, dərgini folklor tədqiqatı üçün qiymətli ilkin material mənbəyinə çevirir.

"ArazNews " portalı özünü Azərbaycan Milli Müqavimət Təşkilatının xəbər agentliyi kimi təqdim edir, 2013-cü ildən fəaliyyətə başladığını bildirir.

Azərbaycan və İran barədə xəbərlər, insan hüquqları, dil siyasəti, ictimai-siyasi təhlillər, həmçinin Yaxın Şərq və türk dünyası gündəmi əsas yer tutur.

"Ətəkyazı" saytı özünü Güney və Quzey yazarlarının ortaq işi adlandırır. Məqsədi sosial elmlərə aid mətnləri Azərbaycan türkcəsində, ərəb və latın qrafikalarında oxucuya çatdırmaqdır. Sosiologiya, gender, çağdaş tarix, siyasət, sənət, ədəbiyyat, ətraf mühit və insan hüquqları bölmələri var; redaksiya ilk nəşrə və mümkün olduqda orijinal dildən tərcüməyə üstünlük verdiyini bildirir.

Akademik istiqaməti "Azərbaycan və Türk Tarixi Araşdırmaları" rüblüyü təmsil edir. 2023-cü ildə Urmiyada nəşrə icazə alan türkcə, farsca və ingiliscə elmi dərginin sahibi, məsul müdiri və baş redaktoru Tohid Məlikzadə Dilmaqanidir; Tarix, etimologiya, ədəbi tarix, aşıq yaradıcılığı, toponimika və türkologiya üzrə araşdırmalara yer verməsi onu operativ mediadan fərqləndirir. Dərginin əsas üstünlüyü Güney Azərbaycan mövzusunu cari polemikanın hüdudlarından çıxarıb elmi dövriyyəyə daxil etməsidir.

Güney Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı mətbuat parçalanmış coğrafiyada fəaliyyət göstərsə də, ortaq mədəni yaddaş yaradan vahid bir informasiya və fikir məkanıdır. "Varlıq"dan elektron ədəbi saytlara, Urmiya qəzetlərindən elmi rüblüklərə, GünAz TV-dən Türkiyə və Avropadakı diaspor platformalarına qədər, bu şəbəkə dilin, ədəbiyyatın və tarixi yaddaşın davamlılığını təmin edir.

 

Ümumi ictimai-ədəbi nəticə

 

Ümumiyyətlə, son 20-30 ildə Güneydə nəsrə marağın artdığı müşahidə olunur. Quzey Azərbaycanın tanınmış yazıçı və şairlərinin əsərlərinin böyük bir qisminin Güneydə nəşr edilməsi də ortaq ədəbi məkanın formalaşmasına xidmət edir.

Bununla yanaşı, çağdaş Güney şeirində əvvəlki dövrlərlə müqayisədə Qərb ədəbiyyatının poetik və estetik təcrübəsinə maraq artıb. Bir neçə dil bilən müəlliflərin dünya ədəbiyyatını birbaşa mənbələrdən oxumaq imkanları yeni forma və ifadə vasitələrinin mənimsənilməsinə şərait yaradır. Ədəbi təsir və təqlid bu mərhələdə təbii prosesdir. Lakin yetkin yaradıcılığın əsas göstəricisi mənimsənilmiş təsirlərin tədricən fərdi poetik sistemə çevrilməsidir. Güclü şair başqa ədəbi təcrübələrdən bəhrələnsə də, nəticədə öz dilini, dünyagörüşünü və poetik üslubunu yaratmalıdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!