Bölgələr üzrə kitab nəşrinin statistik göstəriciləri həmin ərazidə ədəbi-mədəni prosesin intensivliyi haqqında ilkin təsəvvür yaradır. Naxçıvan, Lənkəran və Sumqayıtda say etibarilə olan çoxluq sənətkarlıq cəhətdən tamamlanır. Bölgələrdə nəşr olunan kitabların tematik spektrı müxtəlif istiqamətləri əhatə etməklə yanaşı, müəyyən dominant meyillərin də mövcudluğunu göstərir. Məsələn, şəhidlik mövzusu Naxçıvan üzrə nəşrlərdə aparıcı tematik istiqamətlərdən birinə çevrilmişdir. Elxan Yurdoğlunun "Yarımçıq qalmış roman", Alməmməd Eldaroğlunun "Öpəndə torpağı bayraq kölgəsi", Sevinc Azadlının "Nişanəsi Vətən olan", Təranə Arifqızının "Dünya boyda ölümsüzlük", İlkanə Hüseynovanın "Son məktub", "Əsgər marşına aşiq qəhrəman", Şirin Qəmxarın "Şəhidnamə" kitablarında yaradılan şəhid obrazı yalnız fərdi bioqrafik təqdimat çərçivəsində deyil, milli yaddaşın, vətənpərvərlik ideyasının və tarixi-siyasi hadisələrin təcəssümü kimi meydana çıxır. Adim Adıgözəlin "Səma mələyi" kitabı Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevaya həsr olunmuşdur. Bu nəşrlər şəxsiyyətin həyat və fəaliyyətinin sənədləşdirilməsi, yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi funksiyasını daşıyan bioqrafik ədəbiyyat nümunələridir.
Cənub bölgəsindən Samirə Sahibin "Zülmətdəki nur", Bəxtiyar Əliyarın "Mənim Bermud üçbucağım", Qorxmaz Kamil Kadusinin "Elə sev ki...", Şahid Astaralının "Tanrı sovqatım", Əlirza Həsrətin "Üfüq pərisi", Pərvanə İsgəndərqızının "Məndən xəbərsiz", Fərasət Nuriyevin "Zülmətdən nura" və Anar Seyidağanın "Möhür" kitablarında poeziyaya gətirdikləri mövzuların fərqliliyi bu bölgədə vahid tematik istiqamətin üstünlük təşkil etmədiyini, tarixi və fərdi düşüncənin bədii ifadəsinə meylin olduğunu ortaya qoyur.
2025-ci ilin ədəbi prosesində məhsuldar fəaliyyəti ilə seçilən bölmə kimi Sumqayıt bölməsinin adını xüsusilə qeyd etmək olar. Azərbaycan ədəbiyyatını Zirəddin Qafarlının "Ömrüm nağıl oldu", Eyruz Məmmədovun "Yağışın sevgi hekayəsi", "Qan ləkələri", Kəramət Əmirlinin "Yalan bilib yanacağam doğruya", İbrahim İlyaslının "Salam sahibi haqqdı", Əbülfəz Əhmədin "Kərbəla", Rafiq Odayın "Ruhum göylər əmanəti", Avtandil Ağbabanın "Aşıq Sümmaninin ömür və sənət yolu", Rəna Təbəssümün "Azadlıq yollarında" kitabları sadəcə kəmiyyətcə deyil, keyfiyyətcə də zənginləşdirmə gücünə malikdir.
Poeziya. Poeziyada heca və sərbəst şeirin üstünlüyünü qoruduğu bir zamanda əruzun mövcudluğu vacib amildir. Naxçıvanda heca, Sumqayıtda sərbəst şeir, Lənkəranda isə əruz vəzninin üstünlüyü özünü göstərmişdir. Poetik orijinallığı ilə seçilən müəlliflər sırasında Naxçıvandan Asim Yadigar, Hüseyn Bağıroğlu, Xanəli Kərimli, Sumqayıtdan Gülnarə Cəmaləddin, Gəncədən Xəzangül, Lənkərandan Ağamir Cavad, Tərlan Əbilov, Qazaxdan Barat Vüsal, Saqif Qaratorpaq, Şəkidən Vaqif Aslan, Mingəçevirdən İsmayıl İmanzadə, Şabrandan Ay Bəniz Əliyar, Xızıdan Ağasəfa, Qubadan Ramiz Qusarçaylı, Xaçmazdan Məmməd Qədirin adlarını xüsusi qeyd edə bilərik. Xəzangül və Gülnarə Cəmaləddində poetik dilin aydınlığı, fərdi üslub orijinallığı, Ramiz Qusarçaylı, Aydın Murovdağlı, Vaqif Aslan, Saqif Qaratorpaq və Hüseyn Bağıroğluda fəlsəfi dərinlik, Asim Yadigar, İsmayıl İmanzadə, Rafiq Ələkbər və Məmməd Mərzilidə emosional təsiretmə gücü, Məmməd Qədir, Elşən Əzim və Əşrəf Veysəllidə metaforik düşüncənin zənginliyi, Barat Vüsalda tarixi yaddaşın poetik ifadəsi, Fazil Əsəd və Rövşən Qarabudaqda ənənəvi düşüncə, Ağasəfa, Ay Bəniz Əliyar, Nicat Hunalp və Zülfiyyə Yaqubqızında stereotip poetik düşüncədən uzaqlaşma diqqəti cəlb edir.
Aşıq yaradıcılığına maraq İbrahim İlyaslının "Salam sahibi Haqqdı..." kitabında aşkarlanır. Kitabda diqqəti cəlb edən bir qıfılbənd vardır. "Arif olan" müraciəti ilə başlayıb "İbrahiməm, qıfılladım bu bəndi" misrası ilə bitən şeir simvollar, təzadlar, təkrirlərlə zəngindir.
Poeziyanı zənginləşdirən poetik nümunələrin müəlliflərindən biri də Rafiq Odaydır. Dəyişən dünyanın halını şeirlərinə gətirən şairin "Ruhum göylər əmanəti" kitabında müxtəlif mövzulu şeirlərlə yanaşı sonetlər çələngi yer almışdır.
Naxçıvan ədəbi mühitində formalaşan, hazırda ədəbi fəaliyyətini Bakıda davam etdirən İbrahim Yusifoğlunun "Arpaçaydan Xəzərə" kitabının çapı da dövrün diqqətçəkən faktlarından biridir. Müəllifin son illərdə Naxçıvanda yaşamaması onun bu ədəbi mühitlə bağlılığını aradan qaldırmır, əksinə, yaradıcılıq arealının genişlənməsi regional ədəbiyyatın sərhədlərinin yaşayış məkanı ilə müəyyənləşmədiyini göstərir. Bu mənada Gürcüstanda yaşayan azərbaycanlıların ədəbi fəaliyyəti də Azərbaycan ədəbiyyatının coğrafi arealını genişləndirən istiqamətdir. Hazırda Gürcüstanda fəaliyyət göstərən ədəbi simalar sırasında Allahverdi Təkləli, Azər Musaoğlu, Rafiq Hümmət, İbrahimxəlil Tamıyev, Afiq Muxtaroğlu, Mirzə Məmmədoğlu və Çoşqun Cəfərin fəaliyyəti azərbaycan dilində ədəbi prosesin davamlılığını təmin edən amildir. Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinə rəhbərliyi Allahverdi Təkləli edir. Azərbaycan dilində "Gürcüstan", "Yeni yol" qəzeti və "Körük" adlı dərgi nəşr olunur.
Nəsr. 2025-ci ilin ədəbi mənzərəsində hekayə janrına üstünlük verildiyini müşahidə etmək mümkündür. Cənub bölgəsində mövzu müxtəlifliyi diqqəti cəlb edir. Qafar Cəfərlinin "Sonradan sonra", "Qəribliyin dadı" hekayələrində vətən sevgisi motivi əsasdır. Səyavuş Süleymanlının "Şərab" hekayəsində Gürcüstan şərabı ilə Lənkəran çayı arasındakı seçim, İlham Əhmədovun "Gözlənilməz görüş" hekayəsində azərbaycanlı ilə erməninin qarşılaşdırılması fonunda Vətənə qayıdış, vətən sevgisi insanın öz mənliyinə qayıdış kimi səciyyələnir. Hafiz Mirzə, Meyxoş Abdullahın hekayələrində təbiət milli düşüncənin simvolik yaddaşı kimi üzə çıxır. İlqar İsmayılzadənin, Əli Yusifin nəsrində birinci şəxsin nitqində verilən hadisələrin nəqli zamanı bədii əsər gündəlik nitq aktına çevrilir.
Naxçıvandan olan Təranə Arifqızının "Keçidlər" kitabındakı hekayələrinin quruluşu yazıçı özünəməxsusluğunu göstərən cəhətdir.
Qərib Mehdi 2025-ci ildə "Şərq kişisi" essesi ilə ədəbi prosesdə özünə yer tapmışdır. Esse nəsillərarası davranış kodeksini konkret situasiyalar üzərindən təqdim edir. "Qocalıq ucalıqdır", "Su kiçiyin, yol böyüyündür" hikmətlərinin, milli-etik dəyərlərin müasir bədii situasiya vasitəsilə yenidən mənalandırılması "böyüklük" anlayışının yaşla deyil, mənəvi məsuliyyət və həyat yaratmaq missiyası ilə ölçülməsini təbliğ edir.
Dramaturgiya. 2025-ci ilin ədəbi mənzərəsində dramaturji mətndə hadisə, xarakter və konfliktin dialektik vəhdətini təmin etməyi bacaran müəllif Mingəçevirdən olan Elçin Məhərrəmdir. Onun "Teatrın pişiyi Kotello" əsərində insana məxsus xüsusiyyətlərin heyvanlar üzərinə köçürülməsi zamanı antropoloji və etik konfliktin modelləşdirilməsi özünü göstərir.
Təranə Arifqızının "Qıfıl" pyesi daşıdığı mövzu və ideya baxımından ədəbi mühit üçün səciyyəvi olan İkinci Qarabağ müharibəsinə həsr olunmuşdur. Əsərdə remarkaların həddindən artıq geniş və təsviri xarakter daşıması əsərin janr poetikasına müəyyən dərəcədə nəsr elementlərinin daxil olmasına səbəb olur.
Dramaturgiyada obrazlar arasında ziddiyyətlərin, ideya-estetik qarşıdurmaların və psixoloji münasibətlərin təzahürü baxımından Lənkərandan Səyavuş Süleymanlının "Qətl" dramının adını qeyd edə bilərik.
Bölgələrdə ədəbi məclislər. Müasir dövrdə Xaçmazda Murad Qudyalçaylı adına "Ulduzlar" ədəbi birliyi, Qubada "Ay işığı" ədəbi məclisi, Lənkəranda "Söz" ədəbi məclisi, Mingəçevirdə "Mingəçevir qönçələri", "Palitra" ədəbi klubları, "Ümid" ədəbi birliyi, Sumqayıtda "Sumqayıt Poeziya evi", "Əli Kərim adına Poeziya klubu", Şabranda "Xaqani adına Şabran Poeziya evi", İsmayıllıda "Dağ çiçəkləri", Naxçıvanda Heyran xanım adına "Zərif Qadınlar Ədəbi Məclisi", Muğanda "Kürün Töhfəsi" ədəbi birliyi, Aran bölgəsində "Suqovuşan" ədəbi məclisi öz fəaliyyətlərini XIX əsrin səviyyəsində qurmağa çalışırlar. Lakin onların fəaliyyətləri sosial şəbəkədən kənara çıxa bilmir, yeni ədəbi məclislər ənənənin səviyyəsində və keyfiyyətində tanınmırlar.
2025-ci ildə "Göyçayda ədəbi həyatın antologiyası" nəşri ədəbi prosesdə passiv mövqedən çıxışın ilk başlanğıcını təmin etmək gücündədir. Antologiya Göyçayda anadan olmuş, dünyasını dəyişən və fəaliyyətini davam etdirən şair və yazıçıların irsini əhatə edir. Əkbər Əlioğlunun tərtibi ilə təşkil olunan topluda yalnız 2025-ci ilin mənzərəsini deyil, XVII əsrdən formalaşan ədəbi mühit haqqında məlumat vardır.
Uşaq ədəbiyyatı. 2025-ci ilin uşaq ədəbiyyatının inkişaf meyilləri həm mövzu, həm janr, həm də bədii-estetik xüsusiyyətlər baxımından diqqəti cəlb edir. Əhməd Haqsevərin "Təbəssüm" kitabında azyaşlılar danışdırılır, onların düşüncəsində cəmiyyətdə insan münasibətləri təhlil edilir, bəzən suallarına cavab tapılır, bəzən sualları cavabsız qalır.
Elçin Məhərrəmin "Günəşin dostları" əsəri uşaq dramaturgiyası elementləri daşıyan alleqorik pyesdır. Dostoyevskinin "İdiot" əsərindən gələn ideya onun əsərində davam etdirilir: "İnsan qəlbini yalnız uşaqlar sağalda bilərlər". Əsərin süjetində klassik nağıl modeli dayanır.
Bölgələrdə ədəbi gənclik. Bölgələrdən olan gənc qələm sahiblərinin ədəbi prosesdə mövqeyi yeniləşmiş düşüncə tərzi müstəvisində üzə çıxmışdır. Mingəçevir bölməsini təmsil edən Şamil Həsən "Dalğınlıq" essesi ilə təbiət mənzərələri fonunda özünüdərk prosesində həyat, zaman, mənəvi axtarış və varlıq haqqında düşüncələrdən çıxış edir və həmin fikirlər daxili aləmi dərk etməyə yönəlir. Müəllifin ekzistensial baxışı həyatın mənası və varlığın mövcudluğunun axtarışında üzə çıxır. Nicat Hunalpın "Ayaqqabı tənhalığı" kitabında toplanan şeirlərdə metaforik düşüncə səciyyəvidir.
AYB-nin Aran bölməsinin əhatə etdiyi Sabirabad, İmişli, Saatlı, Biləsuvar rayonlarında yaşayıb-yaradan İlyas Arran, Firidun Həsənağa, Əli Aşiq və başqaları isə daha çox heca vəznində şeirlərilə yadda qalırlar. Lənkəran bölməsinin gəncləri - Ziya Dilsuz, Əyyub Türkay, Təbriz Hüseyni, Nurkəlam Hüseynov, Rəsul Axund, Bilal Hüseynbəyli, Şəbnəm Namiqqızı, Teymur Teyyuboğlunun mətbuatda çap olunan şeirləri gəncliyin ədəbi prosesə qoşulma istəyini xarakterizə edir. Təbriz Hüseyni, Nurkəlam Hüseynov, Rəsul Axund kimi gənclərin qəzələ müraciət etməsi ilə ənənənin davamı ilə yanaşı novatorluq cəhdləri üzə çıxır.
2025-ci ildə "Gənclər paytaxtı" elan edilən, "Gənclik şəhəri" kimi tanıdığımız Sumqayıtda ədəbi prosesdə gənclərin roluna diqqət yetirdikdə Emin Piri, Elvin İntiqamoğlu, Elvin Əlizadə hər il olduğu kimi seçilməyi bacarmışdır. Post müharibə ədəbiyyatının nümayəndəsi Emin Piri "Cəbhə gündəliyi" ilə mətbuatda görünmüşdür. Onun "bəlkə də, I Qarabağ savaşında şəhid olanların ruhu idi, bizi qoruyan?!" tərəddüdlü təsdiqi ilə realist təsvirlərin insan psixologiyasına təsiri döyüş səhnələri fonunda tam açılır. Emin Pirinin "Sən azadsan!", Həsən Kürün "Cəbhədən məktub" şeirləri müharibənin insan üzərində formalaşdırdığı qorxu, itki və gələcəyə ümid amilini oxucuya təqdim edir.
Bölgələrdə fəaliyyət göstərən gənclər müsbət amillərlə ədəbi prosesi zənginləşdirsələr də, gənclik öz simalarından travmatik bir itki də yaşadı. Salyandan olan Həsən Kürün ölümü özündən sonra ona qarşı diqqətin artmasına səbəb oldu. Bu yanaşmaların içərisində ən səmimi və təbii, göstəriş xarakteri daşımayan hadisə cəbhə yoldaşları - Emin Piri, Elvin İntiqamoğlu, Kərəm Aydın, Oğuz Alparslan, Nicat Fərman və Şəhriyar Heydərin Həsən Kür haqqındakı xatirələri oldu.
Nəticə. Məruzənin əvvəlində qoyduğumuz problematik sualın cavabı bütöv ədəbi prosesi elmi-nəzəri baxımdan əsaslandırmaq məqsədi daşıyır. Tədqiqatı Elçinin, Rəsul Rzanın gözəl bir bənzətməsi ilə yekunlaşdırmaq istəyirəm. Elçin bədii əsəri, Rəsul Rza isə sənətkarları ağaca bənzətmişdir. Mənim fikrimcə isə Bütöv Azərbaycan ədəbi prosesini ağaca bənzədə bilərik. Bölgə ədəbiyyatı isə bu ağacın budaqlarıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
