Ədəbi gəncliyin bədii üfüqləri-2025 - Südabə AĞABALAYEVA -

 

2025-ci ildə ədəbi gəncliyin yaradıcılıq nümunələri ilə tanışlıq üçün ənənəvi ədəbi mətbu orqanlarda, rəqəmsal platformalarda eyni çevikliklə təkrarlanan imzalar, ötən illərdən tanış olmaqla yanaşı, bir qədər də nigaran ovqata kökləyir. Hər halda, müəyyən ümidverici azlıq da daxil olmaqla, böyük ədəbiyyatın ot basmış cığırlarında seyrək ayaq izləri haracan gedəcək? 

Kitablardan başlamaq istəyirəm. 2000-ci illərin yaddaqalan imzalarından olan Qaraqanın "A" romanını ötən il "Qanun" nəşriyyatı yenidən çap edib. 2007-ci ildə ilk nəşri ilə ədəbi mühitdə və cəmiyyətdə kifayət qədər böyük maraqla qarşılanmış bu əsərə ilk Milli Kitab mükafatı verilmişdi, az sonra əsər ABŞ-da çap olunmuşdu. Uzun illərdən sonra "A" romanının təkrar nəşri onu göstərir ki, 2000-ci illərin insanının qarşılaşdığı problemlər, təəssüf ki, hələ də aktuallığını itirməyib, eyni zamanda bir sıra trafaret suallara fərqli cavabları izləməyə imkan yaradır.

Oğuz Ayvazın "Qanun" nəşriyyatında çapdan çıxmış "Qolları bağlı köynək" romanı belə düşünməyə əsas verir. Avtobioqrafik səciyyəli, psixoloji-realist bu yeni əsəri də müəllifin ötən il dərc olunmuş "Gərəkli yağışlar", "Metro - fraqment", "Yazıla bilməyən şeir," "Bacımın rəsmi", "Dəniz üçün", "Həyat", "Adsız şeir" şeirləri ("Azərbaycan" jurnalı, №6) kimi, dönə-dönə təsdiqlənmiş bir fikri vurğulayır: əsas olan istedaddır və bir də, yaşından asılı olmayaraq, əlinə qələm alan kəsin niyə yazmaq istədiyini dərk etməsidir.

"Üçbucaq" romanı da "Qanun" nəşriyyatının ötənilki nəşrlərindəndir. Müəllif Rəşad Qasımzadə (Rəşad Atilla) orta məktəb şagirdidir, noyabrda Sumqayıt ədəbi mühitində başqa bir yeni romanı - "Qurban oyunu" da təqdim olunmuşdur. "Üçbucaq" psixoloji trilleri qorxular və seçimlərimizdə iz qoyan travmaların fəsadlarından sadəcə danışmır. Alt qatlara, psixoloji məqamlarda səbəblərə enmək inadı, Rəşadın yaşı ilə uyuşmayan mövzulara müraciəti onu intellektual nəsrin gənc nümayəndəsi kimi izləməyə maraqlandırır və düşündürür: milli nəsrimiz intellektual startın daha geniş üfüqlərə fokuslandığı bu nümunə ilə qlobal triller üslubuna töhfə verə biləcəkmi? Yaxud məhz bu "üslub" müəllifin beynəlxalq ədəbi mühitə çıxışa hesablanmış yoludur? Niyə gənclərin mətnlərinin "coğrafiyası" uzaq Sürixdir, Sietldir, qitələri dolaşıb gəlir? Bəlkə, burada qlobal süjet məkanına daxil olmaq iddiasından əlavə, həm də yalnız" "aşağıların deyil", yüksək həyat tərzinin bərqərar olduğu cəmiyyətlərdə də insan eyni dərəcədə tənhadır, qorxuların fəsadlarından qurtulmağın yolu mütləq "təcridin" səssizliyində özünü dinləməkdən keçməlidir - nəticələrini ümumiləşdirmək cəhdidir?!

Başqa bir gənc yazıçının - Anar Şahmuradın "Şeytanın zühuru" romanı da detektiv ədəbiyyatı janrındadır.

 

***

Xalq yazıçısı Anarın bu yaxınlarda qazaxıstanlı müsahibi ilə söhbətində söylədiyi bir fikrini xatırlatmaq yerinə düşür: "Yazıçı şöhrət üçün yazmamalıdır, onun insanlara deyəcək sözü olmalıdır".

Gənc nəsildə məhz sözü olduğu üçün yazan qələm adamı deyəndə, mütləq Həsən Xan (Orxan Həsənli) yada düşür, xüsusən də onun ötən il çapdan çıxmış "Hürr" romanı. Onun intellektual nəsrin örnəklərindən olan son əsəri, istər strukturu, istər süjeti ilə diqqəti çəkir. Lakin əsəri maraqlı edən təkcə bunlar deyil. Müstəqillik dövrü bədii nəsrimizdə Yaradan - Yaradılan münasibətləri işlək mövzu olmasa da, (bəlkə də müəyyən elmi-nəzəri baza tələb etməsi baxımından?!) gənc Orxanın uğuru göz qabağındadır. Alın yazısı, qədərlə bağlı düşüncələrdə hərdən etiraz, asilik, şübhə doğuran vəziyyətlərdə suallar seçim hüququ olmayan insanın - yaradılanın təbii düşüncələridir.

Əminliklə demək olar: "Hürr" romanı son illər nəsrimizə yeni nəfəs qatır. "Hürr" romanı da, müəllif də intellektual oxucu tələb etmək iddiasında haqlıdır.

Ötən ilin nəşrləri sırasında Sabina Nasifin "Səmada görüş" kitabı da var. Sadə süjet üzərində qurulan əsərdə gənc ana övladını böyütmək qayğısı ilə adi, sakit bir həyat yaşayır. İlk baxışda hər şey qaydasındadır, amma hərdən gözləmədiyin bir yerdə, bir anda sanki səni kimsə silkələyir, silkələyir ki, özünlə baş-başa qalasan, dünyanın gərdişi haqqında düşünəsən. Gündəlik qarğaşalarda bu, çətin ki, mümkün ola. Ona görə də müəllif Səidənin ayağını yerdən üzür, təyyarədə, "yerlə göy arasında" tək qalmaq imkanı yarananda Səidə başa düşür ki, bu an, burada o nə anadır, nə də ... "mükəlləfiyyətlər arasında bölünən" qadındır. Bəs, o - Səidə kimdir, niyə yaşayır, nə istəyir, nə gözləyir?... Burada onun yaddaşı "təzələnir", bu təzələnmə travmaları yada salır...

Gülər Nizamiqızı (Səfərova) ixtisasca psixoloqdur. Ötən il "Qanun" nəşriyyatının buraxdığı "Sevgi sağaldır" kitabı bədii-psixoloji və romantik üslubda yazılıb. Sevginin gücünə inanmağı təlqin edən roman "sevginin toxunduğu hər yaranın bir gün çiçək açacağı fikri" oxucunu nə dərəcədə inandıra bilib? Əlbəttə, bu sualın cavabının oxucusu qədər sayı ola bilər və hər kəs bu cavabı kitabın təlqinindən daha çox, öz qəlbinin səsində axtaracaq.

"Oskar və sonuncu ümid" kitabı ilə bağlı ona görə danışmaq istədim ki, müəllif Ömər Pirverdinin, yaşına rəğmən, kitabının adı diqqət çəkir. Söhbət Oskar mükafatından getmir, personajın adı Oskardır. Müəllif ona çox çətin, ağır bir "vəzifə verib": keçmişində gizlənib qalmış sirlər gələcəyin yolunda maneə olmasın deyə, "təmizləmə" aparmaq. Buna öz keçmişindən başlamaq zərurəti o nəticəni aydınlaşdıracaq ki, Oskarın xilaskarlıq vəzifəsi zəif-güclü, xeyir-şər əbədi qarşıdurmasında seçəcəyi tərəfi düzgün müəyyən etməkdir...

Gənclərin detektiv roman yazmaq marağının səbəbləri necə izah edilə bilər? Bu sual ilk kitabı 15 yaşında çıxmış Elgün Eyyubovun "Uayt Holdda ağlasığmaz qətllər" romanı ("Qələm Nəşr", 2025, 128 səhifə) ilə tanışlıqdan sonra yarandı. Bir neçə kitab müəllifi olan Elgünün "Gizli şahid" əsərindəki dostlar - detektiv Konsel və Dik bu yeni əsərində də mürəkkəb cinayətləri birlikdə araşdırırlar, necə deyərlər, Elgün artıq öz "Dronqo"sunu, "Komissar Meqre"sini də yaratmaqda iddialıdır.

2025-ci ilin nəsr nümunələrində izlənilən təsnifat mənzərəsi: psixoloji detektiv, ilk pasifist roman, ilk qorxu romanı, avtobioqrafik roman, psixoloji triller, meta - bədii roman... rəngarənglik yaxşıdır, bəzən janrın tələblərinin müəyyənləşdirilməsində gənc yazıçı ənənəvi ölçü ilə yeni yanaşmaları qarışıq salır, burada da həm müəllif, həm də oxucu xoşniyyətli tənqidin köməyinə ehtiyac hiss edir.

Ötən ilin ədəbi prosesində də müharibə, Qarabağ müharibəsi mövzusu diqqətdədir, bu dəfə süjetlər döyüş meydanına yox, müharibənin insan talelərində izlərinə, cəbhədən dönmüş əsgərin adaptasiya çətinliklərinə, Qarabağa qayıdışa fokuslanıb. Yenə də insan, cəmiyyət, mənəvi aşınmalar, yadlaşma, tənhalıq, məhəbbət mövzuları... əsas səciyyə kimi mövzu və problem zənginliyini "təmin edib". Diqqəti çəkən məqam: bu nümunələrdə uzun-uzadı təsvirlər, yorucu "hekayəçilik" monotonluğu yerini kiçik həcm, az sözdə dərin məna və ekspressiya qısa hekayələrə güzəştə gedib. Fərdi yaradıcılıq axtarışları, üslub yenilikləri ilə bağlı eksperimentlərin nəticələri sevindirir.# Sevindirici bir cəhət bir də odur ki, bu sırada diqqət çəkən müəlliflərin yaradıcı axtarışlarında inteqrasiya cəhdləri, mühit yenilənməsi, təhsil səviyyəsi hissolunacaq dərəcədə özünü göstərir və bəhs olunan keyfiyyət dinamizmi təmin edir.

Ədəbi orqanların, bir sıra saytların ötən ildə təqdim etdiyi nümunələrdə əsasən tanış adlarla yanaşı, debüt sevincinə də imkan yaradılıb. "Ulduz" ötənilki buraxılışının 3-cü sayında C.Cabbarlı Kitabxanası ilə birgə layihəsində 14 hekayə təqdim edib. "Yeni nəsil: nəsr" layihəsinin seçim prinsipi və ədəbi gənclikdən gözləntilərini buraxılışın üz qabığına çıxarılmış bu fikir aydın ifadə edir: "Sadə və aydın yazmaq eynilə xeyirxah və səmimi olmaq qədər çətindir" (S.Moem).

Ötən ilin ədəbi prosesində də modernist nəsrin uğurlarının sadalanan və sadalanmayan nümunələri müasir ədəbiyyatda ciddi dönüş mərhələsinin başladığını söyləməyə əsas verir. Bu mənzərədə Orxan Cuvarlının "Musson küləkləri" ( "Ədəbiyyat qəzeti", 25 noyabr)", Xatirə Salahzadənin "Qırmızı saat", Anar Adilin "Müğüş", "Şöşü", Şəfa Vəlinin "Ruh quşu", hekayələrinin ümumi ovqatı da bu fikrə söykəkdir. Kifayət qədər tanınan Orxan Həsəninin ötənilki yaradıcılığı üçün ilkin yada düşən səciyyə eksperiment, axtarış inadı ifadəsi olardı. Sözün yaxşı mənasında! Bu yorulmaz inad Orxanın yaradıcı naturasının ciddiliyindən xəbər verir.

Ötən il "Azərbaycan" jurnalı redaksiyaya təqdim olunmuş 23 gənc müəllifin hekayəsi arasından Tural Cəfərlinin "Mahmudun ahı var" (№3-4), Günel Mehrinin "Doğuluş" (№ 3-4), Nuranə Abbasovanın "Duru" (№6), Həmid Piriyevin "Ağ qərənfil üçün təziyə" (№12) hekayələrini seçib dərc etdi. Sonuncu hekayəni müəllif bir neçə dəfə işləyərək müxtəlif vaxtlarda çap etdirmişdi. Jurnal ədəbi gəncliyin yaradıcılığına peşəkar tənqidi yanaşmalara yer vermək ənənəsini ötən il də davam etdirib, "Gəncliyin baxışı və gəncliyə baxış" məqaləsində (S.Ağabalayeva) 2024-cü ilin ədəbi prosesi geniş təhlilə cəlb olunmuş, "Fantastik təxəyyüldən psixoloji dərinliyə" (M.Vahid) məqaləsində müasir nəsrin uğurlu imzalarından olan istedadlı yazıçı Vüsal Nurunun yaradıcılığında "mistik, qotik, fantastik, realist üslub fərqindən asılı olmayaraq, bədii düşüncə forması ilə çağdaş nəsrimizin məzmun və forma baxımından zənginləşməsində özünəməxsus yeri" təhlilə cəlb edilmişdir. Bu ilin 9 və 10-cu saylarında isə ötən ilin ədəbi prosesində poeziya mövzusunda iki məqalə dərc olunub: Cavanşir Yusiflinin "Poeziyanın əbədi mövzuları" və Vaqif Yusiflinin "Şairlər, yollar" məqalələri. Jurnalın "Gənc tənqidçinin tribunası", "Ədəbi gənclik", "Debüt" rubrikaları bu ənənəni diqqətdə saxlamaqla, ötən ilin şeir mənzərəsində gəncliyin yerini müəyyənləşdirməyə imkan verən nümunələri dərc etmişdir. Səddam Laçın, Mir Kamil, Pərviz Qurbanlı, Oğuz Ayvaz, Aysel Nəsirzadə, Aypara Ayxan, Elvin Ramizoğlu, Arzu Əyyarqızı, Sabinə Xosıyeva, Əminə Həbib, Əfsanə Rəvan, Minayə Abdullayeva Pərvin Əliyeva, Qəndab Əliyeva, Fərqanə Səfərova... şeirin müxtəlif vəzn, forma, üslub və istiqamətlərini təmsil edən müəlliflər dərc olunmuşlar. "Şeirimizdə nə baş verir, hansı təmayüllər üstündür?" sualına, düşünürəm ki, "Ulduz" jurnalı 6-cı sayında təqdim etdiyi "Poeziya: yeni nəsil" buraxılışında cavab verə bilib. Diqqət çəkən maraqlı məqamlar: Şərq fəlsəfəsinin təfsiri sərbəst şeirdə güclənib, minimalist poeziya, şeirdə vizuallığa meyil, "mən"in pıçıltısında ekzistensial boşluqda tənhalıq fəryadları... Şəhidliyin qələbənin fəlsəfəsində dərkinə cəhd. Qayıdış sevincinin yurd itkisi ağrılarını üstələməsi, şeirin qəddini dikəldən zəfər qüruru... Əlbəttə, texnoloji sürətin gətirdiyi yeni metafora... Ən yaxşısını şeir danışır:

 

Nizələrin ucuna ilişən kəfən parçası

Sülh bayrağıdır, yüksəlir başımızın üstündə:

Bax, ölüm aləti belə bizi sülhə çağırır,

Bağırır Şah!

 

"Ayrılıq haqqında ən gözəl sözün ayrılmamaq" olduğunu düşünən Aqşin Evrən Şah Təhmasibə məktub yazır:

 

Nal soyuğu gecədə bir sualım var sənə,

böyük Şah həzrətləri:

Buğdanın ortasındakı xətt

Çörəyi yarı bölməli olduğumuza

işarə deyilmi? (Ulduz, №6, 2025, səh.4)

 

Cavid Qasımovun tanış səsini eşidirəm:

 

Ətrafına dən-dən səpilmiş insanların

İçində təksənsə,

Ürkütdüyün qarğaların arxasıyca baxıb

Dərindən ah çək.

Hardasa sənin geyimində biri

Yatdığı sünbül zəmisində oyanıb

Səsinə səs verəcək. (səh.8)

 

Cavidin ağlagəlməz bənzətmələri, gözlənilməz paralelləri, qəfil mənzərələri, deyimləri sanki "beyin gimnastikasıdır". Oxuyub keçməyə qoymur, səni də bu misraların, şeirinin gəldiyi yola salır, əlinə zərrəbin verib təzədən baxmağa, düşünməyə məcbur edir. Di gəl zövq alma!..

 

Günlərin birində biləcəksən ki,

Kişinin yanağından öpən silah

Qadına naməhrəm sayılır.

Müharibə müharibədən sonra başlayır. (səh.9)

 

Cavidin şeirləri o şeirlərdir ki, onu izah etmək şeirin xətrinə dəyər, bu şeirlər mütləq misranın altını üstünə çevirə-çevirə sənə təzə şeir yazdırar. Bu şeirlər haqqında düşünmək istəmirsən, növbəti şeirə keçənədək aradakı sükutu incitməyə ehtiyat edirsən.

Malik Atilayın şeirlərindən aldığım zövq kimi.

 

Təşəkkür edirəm, Tanrım: verdiklərin üçün,

Vermədiklərinə görə.

Təşəkkür edirəm, Tanrım, Sənə.

Bu gün də günəşi gördüm,

Bu gün də çatdım gedəcəyim yerə.

Bu gün də dən atdım quşlara,

Su verdim pişiklərə.

Böyük xoşbəxtliklər yaşadım bu gün də.

Məsələn,

Evimin qapısını açıb içəri girdim.

Təşəkkür edirəm, Tanrım, Sənə,

Bu gün də günahlarımı

yumaq üçün vaxt verdin...

("Ədəbiyyat qəzeti, 13 iyun, 2025)

 

Ulucay Akif həyatın sərt üzünün yaddaşdakı izlərini sığallayır: Ucuz ətin şorbası ilə bayram keçirən//Ailələr//Şükür etməyi öyrətdi uşaqlara bizim balaca məhəllənin// Kiçik evlərində...// o uşaqları// nə atalar sözləri aldada bildi// nə də qorxuda bildi kapitalizmin// qəddar marşları...//... o uşaqlar ki, //düzəltdiyi ilk oyuncaq// taxtadan silah oldu// müharibənin nəfəsini// hiss etdi kürəyində// O uşaqlar ki, // bacı, qardaş sözlərinin // qan bağı ilə yaranmadığını bildi;// dost dediklərimiz də// ailəmiz qədər bizdəndi//.Və biz// gizlənpaç oynayanda da// dostlarımızın tapa biləcəyi // yerdə gizləndik ("Ulduz", jurn. №6, səh.62).

Rəşad Nağı Mustafa nəsillərarası bağların qırılmaz gücünə inamını şeir dilində xitaba çevirib: İlahi, verdiyin nemətə şükür,// İlahi, yerdəki cənnətə şükür.// Məni cümə günü sübh namazında// Yuxudan oyadan nemətə şükür.//... İlahi, mən onu başa düşürəm,// Bilirəm ağlayıb nə deyir mənə. Mən onun dilini öyrənirəm ki,// Uşaq dilində də yalvarım sənə//. (Oğlum Mikailə. "Ulduz" jurnalı. №6, səh.37-38)

Niyə nümunələri ardıcıl düzürəm? Yuxarıdakı fikirlərin izaha ehtiyacı olmayan təsdiqi kimi. Şeirin statistikasını aparmaq asan deyil, hələ bir məruzədə.

Bəlkə də bu tribuna üçün yerində görünmür, amma deməyə bilmirəm, düşünürəm ki, qadın şeir yazmaz; səbəbini izah edirəm: qadına şeir yazılar... Məsələnin bir üzündə o da var ki, qadın şeir yazırsa, deməli, cəmiyyətdə, münasibətlərdə, həyatda... daş daş üstə düz qoyulmayıb. Qadın şeirinin açıq, gizli eyhamı ittihamdır, onu ittihama cəmiyyət, kişi, övlad, sevgili... vadar edib... Və bu etiraf həm də qadına bir az da təəssüfün məğlubiyyətini yaşadır. Nəriman Həsənzadəni eşitmisiniz: Təəssüf - ikinci məğlubiyyətdir! Qadına məğlubiyyət yaşadan səbəb kimdirsə, nədirsə, dəxli yoxdur. Tural Cəfərli demişkən, "Ah alır". İsmayıl Şıxlı da inanır və inandırırdı ki, (bolşevik rejimin süqutuyla! "...uzunsaçlının ahı yerdə qalmır..."). Aypara Ayxanın gileyi də haqq qazandırır subyektiv yanaşmaya: Sevinclərimə ortaq, //Hüznlərmə tən bilmişdim səni...//Ürəyim ürəyinə baş qoyandan //Vətən bilmişdim səni...//.. sən demə, // Vətəndə qərib olmaq da varmış... (Neytral zona. "Azərbaycan" jurnalı, №10, 2025 səh.39).

Klassik qəzəlin təmiz Azərbaycan dilində ifadəsi sevindirir. Modernist şeirin gözəl nümunələrinə, ənənəvi hecanın şirin ahənginə sevindiyin kimi:

 

Nəhayət, qapımız döyüldü, Allah,

Mən dəli olardım yoxlamasaydım.

Qoşulub əcələ gələrdim, vallah,

Bir şəkil dalımca ağlamasaydı.

(Pərviz Qurbanlı. "Azərbaycan" jurnalı, № 2, 2025, səh.138).

 

İstedadlı şair Pərviz təkcə ənənəvi tərzdə yazmır, sərbəstdə də ritmi, ahəngi gözəl tuta bilir.

Bugünkü şeirimizdə imzası kifayət qədər diqqət, rəğbət doğuran bir şairin də adını qeyd etməsəm, olmaz. Taleh Mansurun adını həm də ona görə çəkmək lazımdır ki, bu imza neçə illərdir səssiz, təmkinlə ənənəvi şeirimizlə modern şeir, klassik ədəbi irslə müasir şeirin arasında uğurlu sintez bacarığı ilə, körpü misallı yaradıcılığı ilə peşəkar tənqidinin diqqətinə layiq olduğunu sübut etməkdədir.

 

Söz var onu yazanda

şeir olmur, söz olur.

 

O isə sözü şeir etmək üçün seçir, bilir ki, şeirin yeri qəlblərdir:

 

Pis yaxşının yalan sözü

Doğrudur. Düz də desə, yaxşı pisə inanma.

Ocaqların isti közü doğrudu.

Qalan külə, çökən hisə inanma.

("Ədəbiyyat qəzeti")

 

Səddam Laçının şeirlərində allitersiya uğurlu alınır.

 

Sən olmayan günlərin

Hər günü bir şeirdir.

Səndən gözəl olmasın,

Sənsizlik də gözəldir.

 

Ədəbi gəncliyin ötən ildəki fəaliyyəti ilə bağlı klassik irsə nihilist münasibətə gəlincə... bu barədə danışmaq istəmədim. Tənqidin susmaq haqqının olduğunu təkcə mən düşünmürəm, gənc ədəbiyyatşünas-tənqidçi Ülvi Babasoy da bu fikirdədir. Hər kəs düşünmək haqqının sərhədlərini özü müəyyən edir, düşündüyünü ifadə etmək isə haqqın yox, vəzifənin, başqalarının sərhədlərinə hörmətin təzahürüdür. Xüsusilə söhbət özünü müdafiə etmək, cavab vermək haqqı olmayanlara. Lap elə haqlı olduğun məqamda da... İnkarçılığın həmişə bacarıqsızlıqdan qaynaqlandığını düşünmürəm. Bu sözlərdəki həqiqətə də göz yummaq olmur: "...Bizimlə bizdən sonra gələn nəslin arasındakı fərq ondan ibarətdir ki, deməyə sözümüz olsa da, bu sözü ifadə etməyə yer və imkan tapmırdıq. Bu nəslin isə, ağlına gələni istədiyi şəkildə ifadə etmək üçün yer də, imkan da mövcuddur. Ancaq görünür, sözü yoxdur" (Anar. "Gecə düşüncələri". "Azərbaycan "jurnalı-2001. №8;9;11).

Professor Qorxmaz Quliyevin bu tövsiyələri mənəvi aşınmalar dövründə səmti itirməməkdə yaradıcı gəncliyə bələdçi ola bilər: Mütaliə və dərin intellektual bilik; ləyaqət, şəxsiyyət bütövlüyü və prinsiplərə sadiqlik, kübarlılıq və ziyalılıq nümunəsi olmağı bacarmaq!

Gəncliyin özünü, düşüncə və yaradıcı potensialının enerjisini faydalı işlərə həsr etməsindən gözəl bir məşğuliyyət yoxdur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!