AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yaşar Qarayevin təşəbbüsü və təşkilatçılığı ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbi proses" mövzusunda elmi-yaradıcılıq müşavirələri ilk dəfə yarım əsr bundan əvvəl - 1976-cı ildən keçirilməyə başlanmışdır. O vaxt gündəliyə cəmi 4 mövzu salınmışdır: Akif Hüseynli - "Nəsr", Rəhim Əliyev - "Poeziya", Arif Səfiyev - "Dramaturgiya" və Yaşar Qarayev - "Tənqid" mövzusunda məruzələr etmişdilər. Ədəbi proses 8 il ardıcıl, səmərəli davam etdirildikdən sonra uzunmüddətli fasiləyə məruz qalmış, 2014-cü ildən akademik İsa Həbibbəylinin rəhbərliyi ilə yaradıcılıq müşavirəsi əvvəlki ənənələrini daha da zənginləşdirmiş, mövzu çoxşaxəliliyini yeniləmiş və genişləndirmiş, bu gün də əzmlə, entuizazm ilə fəaliyyətini davam etdirməkdədir.
Diqqətə çatdırmaq istərdik ki, "Ədəbiyyatşünaslıq", xüsusilə filoloji elm sahəsinin "Ədəbiyyat tarixi" yönümündə yazılaraq, 2025-ci ildə "Azərbaycan ədəbiyyatşünaslığı" (Bakı, "Elm və Təhsil", 2025, № 1-2), "Azərbaycan" (2025, № 1-12) jurnallarında, on cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin VII cildinin ikinci hissəsində (Bakı, "Elm", 2025, 952 s.), "Ədəbiyyat qəzeti"ndə (2025, № 1-52) və "Xalq qəzeti"ndə dərc edilən iki yüzdən çox elmi məqalə, ədəbiyyatşünaslıq materialları nəzərdən keçirilərək, ötən il ərzində ədəbi prosesin qabarmaları və çəkilmələri, uğurları və itkiləri müşahidə olunmaqla ümumiləşdirmələr aparılmışdır.
Xalq yazıçısı, ədəbiyyatşünas-alim Elçin dünyasını dəyişdiyi günədək qələminə dinclik verməmiş, qəlbi yazıb-yaratmaq eşqilə çırpınmışdır. Vəfatından ay yarım öncə dostu və həmkarı Abid Tahirlinin "Abay Dağlının həyatı və yaradıcılığı" adlı monoqrafiyası haqqında dəyərli fikirlər söyləmiş, əsərin yeniliyini və müasirliyini danılmaz faktlara söykənərək yüksək dəyərləndirmişdir. Böyük yazıçı, ədəbiyyatşünas ürəyinin əbədi dayanmasından 20 gün əvvəl isə publisist Əkrəm Qaflanoğluna verdiyi geniş müsahibəsində tənqid və ədəbi prosesin çağdaş durumunu təhlil edərək yüksək dəyərləndirmişdir, Elnarə Akimova, Südabə Ağabalayeva, Mətanət Vahid, Bədirxan Əhmədli və digərlərinin tədqiqatlarını razılıq hissi ilə qeyd etmişdir. Elçin müəllim müsahibə zamanı xüsusi vurğulamışdır ki: "Literaturnaya qazeta"da İsa Həbibbəylinin koreyalı yazıçı Han Kanın "Vegeterian" romanı haqqında məqaləsi dərc edilib. Bu, səhv etmirəmsə, "Litqazeta"da Han Kan haqqında ilk məqalələrdən biri, bəlkə də birincisidir. Azərbaycan aliminin rusdilli böyük auditoriyaya Nobel mükafatçısını təqdim etməyi, onun romanını təhlil etməyi tənqidimiz üçün "perspektivli və əhəmiyyətli hadisə" adlandırmış, Azərbaycan ədəbiyyatşünaslığının dünya çapına çıxışını razılıq hissi ilə vurğulamışdır.
Xalq yazıçısı Elçinin vəfatı ədəbiyyatşünaslıq elmimiz, ədəbi proses üçün çox ağır itkidir. Akademik İsa Həbibbəylinin "Bu dünyadan Elçin keçdi", Elnarə Akimovanın "Ədəbiyyatın dan yeri. Axirətin mübarək!", Abid Tahirlinin "Əbədi sözü, ədəbi izi qaldı", Elmira Axundovanın "Elçinin "Gümüşü furqon"u dayandı" adlı vida sözləri itkinin böyüklüyünü daha dərindən anlamaq üçün Elçinsevər oxuculara zəruri fürsət qazandırmışdır.
2025-ci ilin elmi-ədəbi yaradıcılıq axınını vizual olaraq müşahidə etdikdə əminliklə vurğulamaq olur ki, ədəbi prosesin ən fəal və hərəkətverici qüvvəsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və onun elmi əməkdaşlarıdır. Statistikaya gözucu nəzər yetirdikdə İnstitutda elmi-yaradıcılıq fəaliyyətinin yüksək kəmiyyət və keyfiyyət göstəriciləri, aktivliyi və öncüllüyü istisnasız isbatlanır.
Akademik İsa Həbibbəylinin rəhbərliyi və baş redaktorluğu ilə 10 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yazılması, nəşrə hazırlanması və çap olunması prosesi uğurla müsbət həllini tapmaqdadır. Ötən hesabat ilində çoxcildliyin VII cildinin ikinci hissəsi nəşr edilmişdir. Ədəbiyyatşünaslıq elmimizin mühüm bir qolu olan, mahiyyətində, ruhunda ədəbiyyat tarixçiliyinin çağdaşlıq kontekstində başlıca məqamlarını əks etdirən 37 müəllifin 77 mövzuda yazdıqları elmi oçerklər, icmallar yeniliyi, aktuallığı, müasirlik ruhu, milli məfkurəvi məziyyətləri ilə ədəbi-mənəvi hadisədir. Akademik nəşrin VII cildinin ötən il işıq üzü görən II hissəsi Baş redaktorun "Azərbaycan ədəbiyyatında "Aralıq ədəbi nəsil" və "Altmışıncılar" mərhələsi, yaxud sərt realizm - modernizm dövrü" adlı elmi-nəzəri, fəlsəfi-estetik aspektdə qələmə alınmış, 1960-1980-ci illərin ədəbi prosesinin alt qatında mübhəm və cərəyan edən qeyri-ənənəvi axınların təsnifatı müəyyənləşdirilmiş, mahiyyəti, təbii xüsusiyyətləri adında, sərlövhəsində möhürlənmiş yanaşı ədəbi istiqamətlərin özgürlüyü, təsir imkanları araşdırılmışdır.
İstinad olunan elmi-nəzəri araşdırmada akademik İsa Həbibbəyli "Aralıq ədəbi nəsil", "Sərt realizm - modernizm" kimi yeni anlayışları ilə yalnız ədəbiyyatşünaslıq terminləri xəzinəsini zənginləşdirmir, eyni zamanda uzun onilliklər boyu ədəbi prosesin bətnində adsız və səssiz yaşayan cərəyanlara, istiqamətlərə dəqiq adlar vermiş, onların mahiyyətini, əhəmiyyətini və hüdudlarını ilk dəfə vizual olaraq göstərmişdir. Azərbaycan ədəbiyyatşünaslığında hər iki ədəbi cərəyan haqqında alimin həssaslıqla yanaşdığı nəzəri baxışlarını cəsarətlə elmi yenilik, diqqətçəkən ədəbi hadisə kimi dəyərləndirmək olar.
Hər zaman olduğu kimi, ötən hesabat ilində də böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ədəbiyyatşünaslıq elmimizin güneyində, gündöyənində olmuş, araşdırmaçılarımız fərqli rakurslardan dahi sənətkarın gizlinlərinə baş vurmuş, sirlərlə cilvələnmiş məxfi məqamlara işıq salmağa cəhdlər göstərmişlər.
Siracəddin Hacı 20 ildən çoxdur ki, Şeyx Nizami Gəncəvinin yaradıcılığı ilə sıx bağlı olmaqla yanaşı əsərlərinin mətni ilə birbaşa təmasdadır. Onun əsərlərinin təhlilinə və şərhinə səkkiz cild həsr etmiş, Nizamişünaslığa dəyərli töhfələr, sanballı elmi əsərlər bəxş etmişdir. Siracəddin Hacı bəlli mövzuda araşdırmalarını indi də uğurla davam etdirir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun digər bir əməkdaşı - Vəfa Hacıyeva isə "Nizami Gəncəvinin "İsgəndərnamə" poemasında hidronimlər haqqında" adlı həmin İnstitutun "Azərbaycan ədəbiyyatşünaslığı" jurnalında dəyərli araşdırma çap etdirmişdir.
Gənc araşdırmaçı-şair Fərid Hüseynin dahi mütəfəkkirimiz Nizami Gəncəvinin "Xəmsə"sindəki fəlsəfi düyünlərə, ölüm məqamlarına yazdığı izahlar və şərhlər "Ədəbiyyat qəzeti"nin ötənilki iyul - oktyabr tarixli saylarında yayınlanmışdır.
Nərmin Rzayevanın AMEA-nın müxbir üzvü, professor Azadə Rüstəmovanın araşdırmaları əsasında yazdığı "Nizami Gəncəvi yaradıcılığının intibah estetikası kontekstində təhlili" adlı yazısında o, A.Rüstəmovanın Nizamişünaslıq konsepsiyasının mahiyyətini, fərqli xüsusiyyətlərini qabartmış, böyük Azərbaycan şairinin klassik ədəbi irsini renessans hadisəsi kontekstində şərh və təhlil etmişdir.
İstiqlal şairi Bəxtiyar Vahabzadənin 2025-ci ildə anadan olmasının 100 illiyi Respublika Prezidentinin məlum sərəncamı ilə ölkədə və qardaş Türkiyə Cümhuriyyətində təntənəli şəkildə qeyd edilmişdir. Görkəmli xalq şairinin bir əsrlik yubileyinə həsr olunmuş, müxtəlif məcmuələrdə və mətbuat orqanlarında yayınlanmış silsilə elmi məqalələri ciddi araşdırma işi kimi dəyərləndirmək və təqdir etmək ədalətli mövqe, əhəmiyyətli missiyadır. Akademik İsa Həbibbəylinin "Türk dünyasının istiqlal şairi - Bəxtiyar Vahabzadə", Elnarə Akimovanın "Səninlə dünyada Bəxtiyaram mən", Vaqif Yusiflinin "Bəxtiyar Vahabzadə, klassika, müasirlik, ədəbi gənclik", Rəhim Əliyevin "Şeirimizin Böyük Bəxtiyarı", Abuzər Bağırovun "Hər kəsə doğma Bəxtiyar", Nizami Tağısoyun "Bəxtiyar Vahabzadə poeziyasında idrakla intellektin vəhdəti", Yaqub Babayevin "Dil və istiqlal sevgisi" və b. ədəbiyyatşünas-alimlərimizin zamanında yazılmış əsərləri mütəfəkkir şairimizin həyat və yaradıcılığına, şəxsiyyət böyüklüyünə, vətəndaş mövqeyinə fərqli yönlərdən işıq salan, diqqətçəkən araşdırmalardır.
Çağdaş dövrümüzün gənc və istedadlı ədəbiyyatşünaslarından biri də Sərxan Xavəridir. Ötən il o, ustadı, poetik tənqidimizin banisi, professor Yaşar Qarayev haqqında qədirşünaslıqla, ehtiram duyğusu ilə yazdığı "Yaşar Qarayev: Min ilin sonu və ədəbiyyatın başlanğıcı" sərlövhəli məqaləsi oxucu auditoriyası tərəfindən maraqla, rəğbət hissi ilə qarşılanmışdır. Müəllif yazısına ad seçərkən, şübhəsiz ki, professorun "Min ilin sonu..." (Y.Qarayev. "Min ilin sonu..." , Bakı, "Səda", 2002, 120 s.) kitabının başlığından yaradıcı bəhrələnmişdir. Kövrək duyğularla, həssas hisslərlə yazılmış məqalədə Yaşar Qarayevin elmi-fəlsəfi yaradıcılığına nəzər salınmış, milli yaddaş, ədəbiyyat tarixi konsepsiyalarına diqqət yetirilmiş və nəhayət, ədəbiyyatşünaslığımızda, ədəbiyyat tariximizdəki yeri və rolu yüksək dəyərləndirilmişdir. Sərxan Xavəri professor Yaşar Qarayev haqqında düşüncələrini ümumiləşdirərək yazırdı: "Yaddaş konsepsiyası milli-mənəvi tariximizlə İdrak arasındakı uzunillik təmasın, İdrakın tarixi dərkinin faktı kimi meydana gəlmişdir. Bu konsepsiyanı doğuran İdrak bu kitab və bundan sonrakı kitablar timsalında bu gün də, sabah da öz intellekt işığını tarix və zaman müstəvisində ən qaranlıq məqamlara salmaqdadır. Bu idrak sahibi Yaşar Qarayev mənən əxlaq sahibi idi, azad mütəfəkkirdi və qüdrətli zəkaya malik idi... Bu cəhətlərin Yaşar Qarayev şəxsiyyətində dəqiq sərhədləri yox idi, onlar bir-birinə çulğalaşmış halda idi. Bu cəhətlərin çulğalaşmasından ibarət Y.Qarayev şəxsiyyəti "Yaşar Qarayev məktəbi" timsalında yalnız ədəbiyyatşünaslığımızın deyil, milli-mənəvi mühitimizin, müasir ictimai fikrimizin xaosunun harmoniyaya çevrilməsində bundan sonra da müstəsna rolunu davam etdirəcəkdir."
Sərxan Xavərinin ötən il mətbuatda və rəsmi saytlarda yayımlanan digər diqqətçəkən məqaləsi "Akademik prezidenturanın passionarlıq paradiqması" adlı elmi-analitik səpkidə yazılmış konseptual düşüncələr məcmusudur. Əsər görkəmli ədəbiyyatşünas-alim, akademik İsa Həbibbəyliyə və onun rəhbərlik etdiyi Milli Elmlər Akademiyasının islahatlar konsepsiyasına həsr edilmişdir. Müəllif böyük səmimiyyətlə akademikin işgüzarlıq sferasına, öz termini ilə desək, "passionarlıq paradiqmasına" işıq salaraq yazırdı: "İsa Həbibbəylinin şəxsiyyətini xarakterizə edən ən başlıca keyfiyyət aşıb-daşan yaradıcı və qurucu fəaliyyət enerjisidir. Qeyd etdiyimiz kimi, o, yorulmadan, xüsusi həvəs və eşq ilə fəaliyyət göstərir. Onun iş qrafiki heyrətamiz dərəcədə sıxdır. İsa müəllimin Akademiyanın Rəyasət Heyətinin binasında yerləşən iş otağının pəncərəsindəki işıq bəzən gecə yarısına qədər sönmür və bu işığın şölələri bütün respublika miqyasında elmi-ədəbi mühitimizin daha da aydınlanmasında müstəsna rol oynayır... Məqsəd ictimai-humanitar elm sahələrindəki tədqiqatlar vasitəsilə coğrafi xəritəmizdən heç də az əhəmiyyətsiz olmayan "ideoloji ərazimizin" və "ideoloji sərhədlərimizin" keşiyində ayıq-sayıq dayanmaq və Akademiyanı Azərbaycanşünaslığın baş qərargahına çevirməkdir!
...Akademik İsa Həbibbəylinin konseptual yanaşmasında Akademiyanın ideoloji dayaqları Heydər Əliyev irsindən, Azərbaycançılıq ideologiyasından, milli kimlik şüurundan, dövlətə sədaqət anlayışından qidalanır."
Hesabat ilinin ədəbi axınından boy göstərən bəzi elmi məqalələri, düşüncələri diqqətdən kənarda saxlamaq ədalətsizlik olardı. Xüsusilə, çağdaş ədəbiyyat tarixçiliyinə yeni nəfəs, təravət gətirən yazılardan bir qisminin adını vurğulamalı olsaq, ilk növbədə professor Məmməd Əliyevin prof.dr. Bədirxan Əhmədlinin üçcildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" haqqında yazdığı "XX əsr ədəbiyyatımız yeni ədəbi-tarixi düşüncə kontekstində" adlı silsilə araşdırmaları elmi-nəzəri səviyyəsi, təhlil tutumu, ümumiləşdirmə səriştəsi və dəyərləndirmə meyarları ilə seçilir. Müəllif məqaləsində keçmişin ideoloji stereotiplərindən azad olunmuş, müstəqillik məfkurəsinə dayalı prof. B.Əhmədlinin üçcildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyinin üstün məziyyətlərini incələməklə elmi-ədəbi ictimaiyyətə təqdim və təqdir etmişdir.
Ötən il diqqətçəkən məqalələrdən akad. İsa Həbibbəylinin "Şuşa həsrətindən Qarabağ zəfərinə və bütövlüyə", "Ədəbiyyat nəzəriyyəçiliyindən akademizmə (Prof. Məmməd Əliyevin yaradıcılığı haqqında), Elnarə Akimovanın "Mir Cəlal Paşayevin nəsr düşüncələri", "Əlindədir hələ qələm", Tehran Əlişanoğlunun "Konstitusiyamız - ədəbiyyatımız, ədəbiyyatımız - Konstitusiyamız", Rəhim Əliyevin "M.C.Pişəvərinin vəsiyyət kitabı", Mehman Həsənlinin "1980-ci illər Azərbaycan nəsrində repressiya mövzusu ("Qətl günü" romanı əsasında), Vaqif Yusiflinin "Azərbaycan poeziyasının Füruzəsi", "Mənim tanıdığım Maqsud İbrahimbəyov", "Qəzəl dünyasının sonuncu Vahidi", Şahbaz Şamıoğlunun "Üzeyir Hacıbəylinin missiyası", Dilqəm Əhmədin "İttihamlar qarşısında Ağaoğlu", Lütviyyə Əsgərzadə. Azərbaycan romanı: Tarix və çağdaşlığın vəhdətində" (Əyyub Abbasovun "Zəngəzur" romanı haqqında), İslam Qəriblinin "Elm və maarif fədaisi" (Nizami Tağısoy haqqında), Südabə Ağabalayevanın "Azadlığın məhbəsi. Söz azadlığı bədii əsərlərdə", Nizami Tağısoyun "Mədəni-ədəbi və dinamik elmi həyatımızın Qəzənfər Paşayev fazası", Dilarə Adilgilin "Davud Nəsib yaradıcılığının qoşa qanadı: poeziya və proza", Aygün Bağırlının ""Gündəliklərindən görünən Yusif Səmədoğlu", Abuzər Bağırovun "Ədəbi körpü memarı - Alla Axundova", Salidə Şərifovanın Məmməd İsmayılın "İz" romanı ətrafında gəzişmələr", Təyyar Salamoğlunun "Abbas Səhhət yaradıcılığı: metaforasından fəlsəfəsinədək", Yaşar Qasımbəylinin "Ədəbi təklikdən milli həmrəyliyə uzanan yol", Abid Tahirlinin "Məhəmməd Əmin Rəsulzadənin imzaları", Safurə Quliyevanın "Himnimizin mətn müəllifi" və digər onlarla müəllifin ədəbiyyatşünaslıqla bağlı məqalələrində əsərlərin yalnız məzmununun öyrənilməsi ilə bağlı araşdırmalarla məhdudlaşdırılmamış; əsərin janrı, üslubu, poetikası, müəllif mövqeyi, tarixi konteksti, məxəzlərin mötəbərliyi, estetik mahiyyəti və digər keyfiyyət xüsusiyyətləri nəzərdən keçirilmişdir.
Hesabat dövründə çap olunmuş, ədəbiyyat tarixçiliyinə aid ən seçkin, sanballı, siqlətli monoqrafik tədqiqatlardan bir qisminin adını məmnunluq hissi ilə təqdim etmək vəfa borcumuzdur. Onlardan Nüşabə Araslının "Nizami Gəncəvi və türk ədəbiyyatı", Fəridə Əzizovanın "Nizami və Füzuli: klassik irsin yeni elmi-nəzəri araşdırmaları", Qəzənfər Paşayev və Orxan İsayevin "İraq-Türkman ədəbiyyatı tarixi", Bədirxan Əhmədlinin "XX əsr Azərbaycan ədəbiyyatı tarixi: icmallar, təhlillər, portretlər" üçcildliyi, Fikrət Süleymanoğlunun "Gəncəli Sabahi: həyat yolu və ədəbi irsi", Leyla Ramazanovanın "Azərbaycan ədəbiyyatşünaslığı və Avropa ədəbiyyatı: 1920-1970", Gülbəniz Babayevanın "Azərbaycan publisistikasının inkişaf mərhələləri: 1875-2025" adlı araşdırmaları hesabat ilinin əsas elmi nəticələrindən sayılan elmi-tədqiqat işləridir.
Ötən ilin ədəbi materiallarını nəzərdən keçirdikdə belə bir yekun qənaətə gəlmək olur ki, ədəbiyyatşünaslığa aid tədqiqatların istiqamətləri yetərincə fərqli, çoxqatlı və polifonikdir. Azərbaycan ədəbiyyatşünaslığı 2025-ci ildə də çoxyönlü, məhsuldar və institusional baxımdan fəal bir mərhələ kimi dəyərləndirilməyə layiqdir. Bu bir il ərzində qədim və orta əsrlər ədəbiyyatı, XIX-XX yüzilliklər, çağdaş ədəbi proses, Cənubi Azərbaycan ədəbiyyatı, ədəbi əlaqələr, müqayisəli ədəbiyyatşünaslıq üzrə sanballı elmi araşdırmalar, monoqrafiyalar yazılaraq nəşr etdirilmişdir. Klassik irsin öyrənilməsi, araşdırılması və populyarlaşdırılması davamlı və uğurlu yenilənmələrə, ədəbi-tarixi proseslərin sistemləşdirilməsinə yönəliklidir.
XXI yüzilliyin ədəbiyyatşünaslığı ənənəvi klassik metodları qoruyub saxlamaqla yanaşı, narratologiya (təhkiyə elmi), janr transformasiyası, postmodernizm, rəqəmsal ədəbiyyat, süni intellekt, "sərt realizm - modernizm" kimi yeni və aktual kateqoriyalara canlı ədəbi prosesdə layiqli yer və rol ayırmaqla, öncüllük, çeviklik və müasirlik səltənətində inkişaf dinamikasını təmin edən, ədəbi-estetik düşüncənin yeni istiqamətlərini müəyyənləşdirən, ədəbi-metodoloji imkanlarını genişləndirən çoxistiqamətli filoloji sahə olaraq humanitar elmimizin müstəqil və müqtədir qoluna, mükəmməl elmi-nəzəri sisteminə çevrilməkdədir.
Bakı, 26.09.2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
