Tənqid ölçüsü - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Mən illər əvvəl bir məqalə qaralamışdım: "Tənqidin ölümü". Həm də ölüb yenidən, başqa, daha mükəmməl formada dirilməsi anlamında. İndi belə bir sual yaranır: bu günlərdə tənqid böhranı yaşanırmı? Fikrimizcə, bəli, yaşanır. Çünki ədəbi prosesin özü böhran içindədir. Bu durumu izah etmək üçün bir araşdırma lazım olacaq. Başladıq. Bir məqamı dərhal nəzərə çarpdıraq, bu mənim baxışımdır: həm ədəbi proses, həm də ona dəyər verməyə can atan ədəbi tənqid daim böhran içində olur, böhrandan keçib yol gedir, aydınlığamı çıxır, qaranlığamı qərq olur, bunu bu gün demək çətindir. Hətta Səməd Vurğunun ədəbi nəslinin çabaları haqqında bu gün dəqiq nəsə demək çox çətindir, S.Vurğunu nə qədər tənqid etsələr də, onun şair obrazı, bəli, ağrı və faciələrdən hörülən obrazının işıq haləsi bir o qədər artır, böyüyür və dünyanı tutur. Dünyanın özü nə olduğunu bilmir. Hələ hər şey şübhə dadır...

Səməd Vurğunun zaman-zaman ən acı və ağır ifadələrlə ittiham olunması yenə, yenə də onun yaratdığı mətnlərin təqdir olunması, daşıdığı dəyərin etiraf olunması ilə sonuclanır və hər şey yenə sıfırdan başlayır. Çünki S.Vurğun bu poeziyanın taleyi, kontekstində dayanmış bir fiqurdur.

Bir məqamda böhran tam fərqli mərhələnin başlamasına işarədir. Saib Təbrizinin hind üslubu necə yaranıb dünyanı əsir aldı? - dərin böhrandan sonra. Bu mənada ədəbiyyatda böhran ölüm yox, inkişafın işarəsidir.

 

1

 

Dünyanın ən ağır qanteli...

Bu söz, bildiyiniz kimi, artıq dünyada olmayan Vaqif Səmədoğlunun ilk kitabındakı bir şeirindəndir, onun başlığıdır və Səməd Vurğunun ölümü ilə bağlıdır (həm də daha ağır mətləblərlə - !). Dünyada təsadüf adına heç nə yoxdur, hər şey məqamında dil açır, hər şey məqamında susur və sükut layının çox olduğu millətlərdə avanqard poeziya daha dərinlərdən gəlir.

 

2

 

Birdən elə vəziyyətə düşərsən ən adi sözü unudarsan, halbuki o söz günəşin doğmasını yadına salar, axşamın düşdüyünün dəqiq vaxtı yaddaşına yazılar. Bunu niyə dedik? Ədəbi tənqid, metafora kimi çıxmasın, həmin sözdür, yəni içinə dünyanın sığdığı bircə söz. Hansı şairsə deyib: söz olmaq istəyirəm, tərkidünya söz... Hə, Bessarabiyadan Vasile Romançuk da tam olaraq bunu deyirdi:

 

...Söz olmaq istərdim

(Mən sözəm, - Nikita Stenesku yazırdı),

Söz -

Günbəgün, hər an, hər saat axtarsın məni şair və

tapmadan

şeirini tamamlaya bilməsin.

 

Elə bir söz ki,

Başqa heç bir sözlə qafiyələnməsin,

Bayağı beytin qandalları qoluna keçməsin

(ah, şeirin dabanı altda olmaq

Necə həqarətdir -

Sözün Axilles dabanı altında əzilmək!)

 

Söz olmaq istərdim,

təkcə və tənha,

tərkidünya söz...

 

Tənqid ən müxtəlif cəhətlərə göndərməklə xatırladır, yada salır: bəzən unudulmuş ritmləri, bəzən unudulması lazım olan təfərrüatları, bəzən bədii mətnin dəyərinin söykəndiyi məqamları... Bədii mətndə, məsələn, hekayədə hər hansı sözə, deyək ki, "deja vu" ifadəsinə izah yaza bilərsən. Ancaq bədii mətndə ətək yazılarının olmaması önəmlıidir. Çünki mətnin özü həmin "deja vu" ifadəsini min çalarla təqdim edir, təki bunu oxuya biləsən. Tənqid bu lazımi izahın, kritik böhran məqamının yerini nişan verir. Oxucunu ora göndərir ki, bədii mətn həm də bitdiyi yerdən başlasın... 

Bizdə nəsr sahəsində üslub və yazı tərzi baxımından birtipli mətnlər çoxluq təşkil edir. Yəni, bu mətnlər haqda aşağı-yuxarı, hamı nəsə yaza, hətta bir az dərin təhlillərə girişə bilər. Bir-birinin tayı olan mətnlər ancaq və ancaq kəmiyyət deməkdir, tənqid də ancaq bu mətnlərin məziyyətlərini önə çəkməklə məşğuldursa, demək, yoxdur, demək, baş girələyir. Tənqid əslində istənilən vəziyyətdə həyəcanlı mühit yaratmalıdır. Hər şeyi, adi nəsnələri belə suala çəkməlidir/çevirməlidir. Sual yaratmalıdır. Və daha çox sual yaratmalıdır. Bu suallar bədii mətnlərin estetik əsası, mətnlərdəki çoxsəslilik, bədii mətnin adi baxışla tutulmayan xassələrinə aid olmalıdır. Tənqidçi bu mənada hekayə, yaxud roman müəllifinə qarşı dura bilmək iddiasını nümayiş etdirə bilər. Necə deyərlər, konsepsiyaya qarşı konsepsiya. İndiki tənqidi məqalələrdə bu əsas demək olar yoxdur. Bizim tənqidçilər ancaq ilk mərhələni aşa bilirlər, əsərin məzmununu və estetik qayəsini mənimsəyib bunu oxucuyla bölüşürlər. Əsərin bədii dünyasına qapı döyülmür ki döyülmür. Və elə buna görədir ki, hər şeyin tərsi görünür, nümayişə çıxarılır, çox zəif bir roman, təhkiyə texnologiyası olmayan bir roman günlərlə müzakirələrdən düşmür, hamı, yəni bütün rəyçilər bir oxun ətrafında fırlanıb başgicəllənmədən yerə yıxılan müəllifin üzündəki ifadələri oxumağa çalışır. Yəni, indi haqqında çox yazılan mətnlər unudulası mətnlərdir, yaxud unudulmağa məhkum edilmiş əsərlərdir. Bu tənqid, belə deyək, bir k/t naziri, yaxud məmurunun çıxışından da eyni tonda danışa bilər və bu halda bəlkə daha çox yerinə düşər. Tənqid bədii mətndə elə nöqtələri göstərməlidir ki, onu oxuyan insanlar məhz həmin nöqtələrə bir də qayıdıb oxusunlar, başqa nələrsə aşkar edildikdə bunları əsərin konkret təhlilinə aid edə bilsin.

Ancaq bizim ədəbi prosesdə tənqid fikrimizcə, bununla məşğul deyildir. Ya bekar yerə filosofluq edir, ya da mövqe döyüşlərində yaralanmamaq, əksinə, istədiyi yerdə otura bilmək üçün yazılar sərgiləyir. Professionallıq səviyyəsi istənilən ölçüdə deyildir, əvvəlki illərdən fərqli məziyyət sayıla biləcək cəhət budur ki, ortada E.Əfəndiyevin vurğuladığı professionallıq yoxdur; onun anlamında professionallıq diktə edir, hər şeyi ümumiləşdirir, polifoniyanı aradan qaldırır və sair. İndi bu qəliz cəhət olmasa da, fikir müxtəlifliyi içində polifoniya yoxdur.

Bədii əsər haqqında, onun təhlili, ona bir bütöv kimi münasibətlə əlaqədar olaraq fikrimizcə, esse yox, sırf tənqid janrında bəhs etmək daha münasibdir. Asif Ata onsuz bu münasibət şəbəkəsini çoxsaylı esselərində bildirmişdi və hardasa haqlı tənqidlərə də məruz qalmışdı. İndi vəziyyət dəyişib, indi yazılan esselərin bədii mətnlərə toxunan, onu təhlilə çəkən yeri yoxdu, indi bu janrda bədii mətnlər yalnız semantik baxımdan təhlil olunur. Bu isə azdır, çox azdır. Esse janrı hər dəfə mətnin içindəki orijinal ideya ilə dirilir, canlanır, insanların diqqətini bir nöqtəyə fokuslayır və konkret mətləb haqqında təsəvvürü genişləndirir. Bizim esselərin əksərində məhz orijinal ideyalar yoxdur. Daha çox sənətşünaslıq, ümumən mədəniyyətşünaslıqda məlum olan fikirlərə illüstrasiyalar var.

Fikir verirsinizmi, tənqidçinin nə vaxt ki mətndən başı çıxmır, onun tipini, yaratdığı iqlimi anlamır, daha çox qəzəbli səsi eşidilir. Dili zəifdir, pisdi, oxumaq olmur və sair və ilaxır... fərqli mətnlərin yaranması tənqidin mövqeyindən çox asılıdır. Vaxtilə, hə, lap yaxın keçmişdə bir neçə müəllifin əsərləri haqqında şıdırğı yazılar getdi. At yarışması kimi. Yuxarıda vurğuladığımız birtipli mətn nümunəsi məhz bu reaksiyanı doğurur. Tənqidçilər daha çox postmodernizm haqqında yazırdılar, nəinki konkret bədii mətndən. Onlar dəqiq deyək, elə yaza-yaza postmodernizm öyrənirdilər və sona qədər də postmodernsonrası üslubu anlamadılar.

Tənqid bir məktəb, bir istiqamət və nəhayət, bir təmayül kimi özünü tükədib və itirib. Öz sahəsinə yığılmaq və ciddi ola bilmək üçün susmağı öyrənməlidir. Hamının söz demək, bədii mətnləri təhlil, tənqid etmək hüquq və imkanı var. Bizdə də belədir. Çap edilən mətnlər haqqında hamı yazır, kulisin hekayə müzakirəsi, "Ədəbiyyat qəzeti"nin müvafiq layihələrindən tutmuş digər təəssürat yazılarına qədər. Ancaq bu hamının içində professional tənqid yoxdur. Tənqid ciddi sözdür, ciddi sualdır, bəli, yayınması mümkün olmayan çox ciddi sualdır. Bu əsəri nə üçün təhlil edirəm? Onun bir mətn olaraq tipindən necə danışmaq olar? Bədii mətnlərə yanaşma metodu onun bütün incəliklərini açmaq iqtidarına malikdirmi? Qoy hamı sözünü desin, nəhayətdə bu mülahizələrin içində professional tənqidin sözü eşidilsin və dinlənilsin. Professional tənqid elmidir, akademik üslubda yazılmasa da yanaşma metodu var və bu yanaşmanın ölçü-biçisi var. 

Öz ölçüsü olmayan adamın tənqidi kimə və nəyə lazım?

Şübhəsiz ki, söhbət fikir və mülahizələrin əndazəsində olmasından gedir.

İndi tərif və tənqid, hər biri ayrılıqda və ikisi bir yerdə ölçüsüzdür, zatən, artıq insanlar da elə bunu istəyir, yaşamaq naminə bir ehtimal, güvənc yeri olaraq, bu tərif və tənqidin o tayında hesab eləyirlər ki, həyat yoxdu, havasızdı hər yer, yer, hətta kosmos dediyin də onsuz gərəksizdir...

...Dünya sanki bir almanın yarıya bölünmüş, parçalanmış iki üzüdür. Sən bütün gücünü bir nöqtəyə cəmləyib yazırsan (o almanın aralı düşmüş bir üzündən digərinə keçmək üçün -), hər şey ona hesablanıb ki, hədəfə vuran sözü can bədəndən çıxanacan axtarıb tapmaq lazımdı, yoxsa yaşamağın və yazmağın nə mənası?! Əks təqdirdə, göy çökər, yer qopar, dünya qopar... sən sanki kiminsə harayına çatmaq istəyirsən, son gücün, torpağa damcılayan son damla qanın da ola bilər, amma əsas bu deyil, əsas o damla yerlə öpüşənəcən ruhunu çalxalandıran o kəsərli sözü deyə bilməkdi... İnsan amma heç zaman o sözü tapa bilmir, həmişə ona çataçatda aldanır və ürəyinin başını yandıran sözü deyə bilmir. Şeir belə yaranır, nəsr belə qaralanır, dünyanı tutmaq, onu bircə sözün içinə sığdırmaq ehtirasından prozaya bu şəkildə çevrilir.

Vaxtilə, uzaq 80-ci illərdə "Yazıçı" nəşriyyatında çap ediləcək bir qovluğu oxuyurdum; rəhmətlik Ağamalı Sadiqin şeirləri.

 

Bu dünyada bir şair də var idi,

Güllələri heç dəymədi hədəfə...

 

Bu iki misradakı funksionallıq nə deyir? Həm şairin nakamlığı göstərilir, həm də əsl şairin "güllələrinin" heç zaman hədəfə dəyməyəcəyini işarələyir. Bu şeir Hüseyn Cavidə yazılıb. Vurğunu Hüseyn Cavidin həyatının ən kritik məqamı üzərinə salır və bununla da onun yaradıcılığının bütün Şərq və türk dünyası üçün vazkeçilməz örnəklər olması məsələsi gündəmə gəlir. Bu iki misra - hədəfdən uçan misraların ömürdən gen düşüb, olduğu məsafədən şairin həm ömrünü, həm də yaradıcılığını işıqlandırır və bu sonuncudakı mistik həlqələrin yerini bəlirləyir.

Amma bağlar yumşalanda, hər şeyə arxayın kimi əl altında həmişə fürsət saxlayırsan. Səndə belə bir inam yaranır ki, siyasi-ictimai sahədə gərginlik yoxdursa, düz hesab elədiyin sözü həmişə deyə bilərsən. İndi danışmaq məqamıdır. İnsanlar tərif istəyir, təqdir olunmaq arzusundan alışıb-yanırlar, onlara bu tərifi bir içim su kimi deyil, bulaq, çay daşqını kimi ver, əlinin səxavətini qısma... Ancaq iman və inamla, ümid və vicdanla əlaqəsi, zərrə qədər bağlantısı olmayan tərif mənəvi deqradasiyaya səbəb olur və sən artıq filologiya sahəsindən nə zaman aralandığını, uçub başqa sferalarda rəqs etdiyini kəsdirə bilmirsən.

Bəs ölçü hissi nə zaman itir? İnsan hər şeydən bezib inzivaya çəkilə bilər, özünün sükut payını götürüb gedə bilər, ancaq birinci xurcuna qoyulmalı şey ölçü hissidir. Sözün artıq lətafəti yoxdu, ... sel götürüb aləmi başına, evlər, həyətlər, maşınlar qalıb suyun altında, bax, belədə tənqid olunacaq nə varsa vərnən təriflənməlidir ki, sözdən su çəkilib getsin, sizi bilmirəm, mən Mirzə Ələkbər Sabirə inanıram.

Hamı alnının ortasından vuran tənqiddən it kimi qorxur, itiqovan tənqid lazım deyil artıq,

 

Yalan ceyran şəklindəsə, həqiqət it şəklində,

Olma iti madonnatək sevəcəyim şəkkində...

Sonra,

Yaxşiya pis desələr,

Pisə yaxşı desələr,

Bunu görüb

Yaxşılar da pis olmaq istəsələr,

Nə deyim sənə?!.

 

Vay o günə o günə...

O günə, o günə...

 

Yeni tənqid, yeni yanaşma olmalıdır, amma köhnə məfkurədən qopma zülmlə gedir, daha doğrusu, zaman bizə nələrinsə səhv olduğunu göstərəndən sonra anlayırıq ki, bədii mətnlərə bu cür yanaşmaq olmaz. Bunu passiv yaddaşda saxlayırıq. Passiv yaddaş əməldən, iş və fəaliyyətdən kənarda, uzaqda durur. Boşluğun içində işıq işartıları varmı, şübhəsiz var, bunu danmaq olmaz, şair demişkən, zülməti korlar da görür. Hələ də tənqidi fikirdə belə bir cahil yanaşma var: bunu yazmaq olar, bunu isə yox! Dünyanın az qala bütün mətn ustadlarının üstündən xətt çəkib, Qorkiyə üstünlük vermək. Salman Rüşdünü bəyənməyə bilərsən, amma onun mətnlərində məhkəmə çəkici ilə danqıldatmaq cahillikdən başqa bir şey deyildir. Hər şeyə "olar / olmaz" süzgəcindən baxanda "o ədəbiyyat haqqında nə bilir ki, hələ bir dərs də desin?!" - sözlərini asanlıqla deyə bilərsən. Halbuki özün illərdir yavancana dərs deyirsən. Bədii ədəbiyyatın təbliği yaxşı və faydalı işdi, ancaq bir mətn haqqında yazmaq növbəsi talonla yağ almaq məsələsinə döndü. Mətn haqqında susmaq da olar, bir şərtlə ki, bu, cinayətkar sükutu olmasın, amma "onu filankəs yazıb", deyə ardınca söyüşlə rəy bildirmək yaramazlıqdır. Yaxud romanın yazılma metodunu bilmədən onun haqqında rahat danışmaq da ən azından yüngüllükdü. "Esse də bədii yox, məhz ədəbi tənqid janrıdır". Bizdə tənqid adına bədii esselər çoxdur, fikrimcə, bu tipli yazılar rəy platformasında cahil boşluqlar yaradır. Amma dayan, cahil yox, bədii tonlu esseləri tənqid adına qəbul etmək lazım deyildir. Yusif Səmədoğlunun romanı haqqında bu tonlu esselər var, mətndəki, bəli, esse mətnindəki "semantik sürüşmələr" olsun ki, zövq verir, romana və eyni zamanda dünya və gerçəkliyə bir prizmadan baxa bilmək üçün yer hazırlayır.

Bizdə yaradıcılığa postmodernist kimi başlayıb yarıda yolunu azan müəlliflər, yəni geri qayıdıb realizmdə ilişib qalanlar. İllərin o tayında məsələn, Süleyman Rəhimov olubsa (şübhəsiz ki, o bizim nəsrin yaradıcılarından biridir), bu tayında ona bənzər, onun kimi qələm çalanların olması təbiidir. S.Rəhimov da var, Əli Vəliyev də, ancaq Mirzə yoxdu, Mirzə İbrahimov!!! Gələcək Gün yoxdu və daha nələr...

60-cı illər nəsrimizdə müəyyən mənada "nəfəs darlığı" problemi vardı, o məsələnin uzantısı bu günün nəsrində özünü aydın hiss etdirir. İndi yazılan nəsr mətnlərinin bir qismində (həm də haqqında ardıcıl danışılan - !) problemin bədii həlli pis gündədir. Nəfəs darlığı... Daha doğrusu, geniş, bol təfərrüatlı, çox dönüm və döngəli, əhvalatları bitib-tükənməyən romanlardan sonra gözünü geniş açıb dünyaya baxaraq dünyanı əvvəl miniatür mətnlərə sığdırmaq eşqi fərqli üslubların, təhkiyə tiplərinin yaranmasına meydan açdı. Poetik nəsr nümunələri yarandı. Rus və Avropa nəsr modelləri yazıldıqca yazıldı, dünyanı kiçik mətnlərin içinə sığdırmaq nəfəsin "darlaşıb təmizlənməsinə" səbəb oldu. Altmışıncıların başında kim gəlirdi? İsa Hüseynov və İsmayıl Şıxlı. Onlardan də qabaq Mirzə İbrahimov. İsa və Mirzə proqram səciyyəli əsərlər yazdılar. Elə İsmayıl Şıxlı da. Onların hər üçünün ömürlərinin son günlərini, yaradıcılıqlarının son yarpaqlarını xatırlayaq. İsmayıl Şıxlı "Ölən dünyam" romanını sözün həqiqi mənasında yazmağa gecikdi. Sovet dövründə mümkün olmadı, müstəqillik dövründə səhhəti imkan vermədi. Onun təxəyyülündəki roman modeli "Dəli kür"dən fərqli olmayacaqdı, ancaq bitkin, bədii-estetik baxımdan gözəl bir əsər it-bata düşdü. Mirzə İbrahimov Pərvanənin davamını gətirmədi. İsa Hüseynova gəlincə... Adətən deyirlər ki, son əsərlərini biz anlamırıq, əslində onlar şedevrlərdir. Bəlkə də... Ancaq uzaq 70-ci illərdə onun bir müsahibəsini oxumuşdum. "Necə yazırsınız?" - sualına yazıçı cavab vermişdi: "İşıqları söndürüb pərdə arxasına keçirəm, tam qaranlıqda yazıram..."

Müstəqillik dövründə çox sayda ultra müasir nəsr nümunələri yazıldı, yenə də əvvəl postmodern hənirli, sonrası başqa bir şey dadan mətnlər. Alınan və alınmayan mətnlərin tən ortasında xaos effekti, qəribə fəlsəfi fərziyyələr, adi danışıqların fəlsəfi rəngi, filosofların sayının çoxalması ... Ancaq və lakin milli nəsr konteksti "sonrakı əl" effektindən yaxa qurtara bilmədi. Öz tariximizin bədii-estetik dərki natamamdır, insan xislətinin, insan xarakterlərinin qovşağının nəsr mətnlərində yaradılması çox az müəllifə müyəssər oldu.

 

3

 

Bu hissədə konkret mətnlərdən söz açılacaq. Fakt və təhlil, analiz və bədii mətndən uzaqlaşmaq və onu unutmaq bəlası.

Cavid Ramazanlının "Amanabənd" romanı və onun haqqında yazılanlar. Bu romanın tənqidi ətrafında 90-cı illərin gərgin ədəbi proseslərində yaranmış cavabsız sualların ortaya gətirilməsi və yeni çaşqınlıqlar...

Doğrudan da, bu roman ətrafında (özündən çox ətrafında) gedən mübahisələr "düşüncə iflici"nin var olduğunu təəssüf ki, təsdiqlədi.

Dünya nəsrinin Fəxri Uğurlunun qələmində təhlili, maarifçilik duyğusunun sərhədlərinin genişlənməsi və gənclərin bu silsilələrdən narazılığı: bizdən yazsın... Mənim yadımdan çıxmaz, hardasa iyirmi ilin müşahidəsidir, Fəxri neçə vaqona sığan kitabları götürüb rayona gedir, oranın "gərgin sakitliyində" bu kitabları oxuyurdu. Geri qayıdıb yenə gedirdi. Bu gün üçün hazırlaşırdı. Yaddaşı getməmiş bu romanlardan, dünyanı gözümüz önündə yaradan mətnlər haqqında möhtəşəm yazılar yazdı. Fəxri esse ustasıdır. Bəzi romanları, dünyanı titrədən əsərlər haqqında çox sərrast ifadələrlə yazır, əsərin mahiyyətindən, önə çıxardığı mənalardan dolanıb gəlir, özü də şedevr nümunələri təqdim edir. Bəzi yazılarda köhnə üslub mane olur - əsərin yorucu məzmunu nağıllanır. Sadəcə mənalar haqqında yazmaq kifayətdir, oxucuya məzmun danışmaq lazım deyil, hər kəs qavradığı qədər oxuyur. Fəxrinin bu yazıları içində elələri var ki, ona qədər bu mətnlərə belə qiymət verilməyib, bu şəkildə analiz edilməyib, ancaq bütün hallarda Fəxri ondan narazı qalan orta nəsil gənclərin maariflənməsi üçün əlindən gələni edir.

Ədəbi prosesdə elə mətnlər var ki, azından 20 ilə meydana gəlib, yazılıb və artıq ortadadır. Ancaq yoxmuş kimi kimsə bu mətnlərdən nəsə yazmadı. Məsələn, bəzi istisnalarla, Qurban Yaquboğlunun "Mən yoxam" romanı, Mahir N.Qarayevin romanı ("Sonuncu korifey"). Apardığımız statistikaya görə, son illərdə (götürək son 10 ili) dərc edilmiş nəsr nümunələri içində haqqında yazılmayan, barəsində susulan əsərlər daha çoxdur, nəinki yazılan. Biri elə Aydın Talıbzadənin dalbadal ərsəyə gətirdiyi 3 romanı.   

Qismətin ciddi təhlil və ironiya ilə aşılanmış mətnləri - ədəbiyyatşünaslıq yox, tənqid yox, esse analizləri - bunlar faydalı və konkret hədəfi olan mətnlərdir.

Vaqif Yusifli və Tehran Əlişanoğlu - fərqli tənqidçilər olsalar da, əsas janrları icmaldır. Onların yazılarında konkret müəlliflərin, konkret mətn və bədii əsərlərin bədii-estetik dəyəri aydın şəkildə ifadə olunur. Faktura və analitik təhlil. Bu iki tənqidçinin rəhbərlik etdiyi şöbələrdə ("Ədəbi tənqid" və "Müasir ədəbi proses") tənqidlə məşğul olan professional yazı adamları var. Bu şöbələrdə gedən müzakirələr ədəbi prosesin əksər ciddi problemlərini əhatə edir.

Elnarə Akimovanın duyğusal və çox hissiyyatlı mətnləri, yaxud bədii mətnlərin dərinliyini görən tənqidçi. İndi deputat olsa da, çalışır ədəbi proses yazılarından aralı düşməsin, prosesin nəbzini hiss etsin. Bu, əlbəttə, çox maraqlı məqamdır və bunu deməliyəm - keçən əsrin 70, 80 və 90-cı illərində (qismən) bu nəbzi tutmaq əsas idi, indi məncə, nəbz itib, amma sən onu axtarmağa, tutmağa çalışa bilərsən.

Mətanət Vahidin silsilə məqalələri. Sərrast sözlər. Söz yuvalarının dərinliyini göstərmək üçün edilən cəhdlər, dəqiq atəşlər və tərəddüdlər. Yazı manerası bir az köhnə olsa da mətnin ciddi strukturu.

Sevinc Mürvətqızının yazıları - sadə və mürəkkəb anlayışların qapısı önündə əlləri qoynunda.

Nizami Bayramlının arşını, fərqli mətnlər, eyni ölçülər.

Rüstəm Kamalın oxunan mətnləri - dərin və savadlı. Mətnin sirayətedici gücü - bu sahədə Rüstəm ustadır. Onun esseləri nəyin üstündə qurulur? Zahirən sadə bir detal və cizgi böyük bir lövhədən götürülür, başqa bir lövhənin üzərinə köçürülür və Rüstəm burda fantaziya ilə Səttar fırçasının ecazını təkrar etmək istəyir; istisnasız olaraq bütün yazılarında.

Nərgiz Cabbarlının esseləri, tənqid yarpaqları. Müsahibə və söhbətlərində belə tənqidi düşüncə bacarığını mükəmməl formada nümayiş etdirir. Nərgiz publisistika ilə elmi üslubu uğurlu şəkildə qovuşdura bilən müəlliflərdəndir. Bir müəllif, kitab, yaxud ədəbi hadisə haqqında yazanda ən dəqiq ifadələri tapır, bir detal ətrafında "dünya səyahətinə" çıxa bilir.

Bir də uzun illərdir Azərbaycan ədəbiyyatı, ictimai fikri, ədəbiyyat tarixi və ümumən azərbaycanlı ruhunun tarixi ilə bağlı ən maraqlı yazıların müəllifi - Azər Turan. 21 Azərdən biri, həmin 21-lərin təmiz niyyətini bu gün davam etdirən, ədəbi yazılarında öz "xəritəsi" olan, öz "kompası" ilə gəzib dolaşan tənqidçi. Azər Turan bizim aramızda ən lazımlı və faydalı mövzularda qələm çalan müəllifdir. Turançılıq, Azərbaycan düşüncəsinin iz saldığı yerlərin tarixini və xəritəsini oxuya bilmək qabiliyyəti Azərin istisnasız olaraq bütün yazılarında boy göstərir. Azərin bu kontekst və mövzuda yazan müəlliflərdən bir əsaslı fərqi var - Azər müasir dünya ədəbi prosesinin içindən baxaraq modern düşüncə qatını ifadə etməyə çalışır.

Nizami Cəfərov üslublu tənqid

Nizami klassik və modern ədəbi mətnlərin içini, o mətnlərdəki boşluqları, həm də yeni mətnlər yaradan "enerji yuvalarını" yaxşı tanıyır. Nizaminin mətnlərini oxuyanda heç zaman bu amil yadından çıxmır: tənqidçilik tənqidi düşünmək bacarığını aşılamaqdır. Hə, həm də aşılamaqdır. İndi açıq deyək, bizim ədəbi prosesdə məhz bu çatışmır: bədii mətnlər səthləri boyu təhlil edilir, onların dərinlik ölçüləri haqqında kimsə düşünmür, kimsə bu dərinlik ölçüsünün olub-olmadığını sual vermir. Tənqid bədii mətn üstündə tənqidi düşünmək vərdişidir, professionallıq məhz bu arqument üzərində formalaşır. İfrat tənqid var - sovet dövrünün ən analitik insanları buna "qara tənqid" deyirdi. Bu ifrat tənqid nə deyir? Onun xassəsi nədir? Həmin ifratçılığın yarıdan çoxu tənqid müəllifinin özünə aiddir. Mətn bunu deyir.

Vaqif İbrahimoğlunun yeri görünür.

Yazını o boş yerə oxuyuram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!