2025-ci ilin materiallarına nəzər saldıqda Azərbaycan dramaturgiyasında yeni dram təfəkkürünə aid edilə biləcək nümunələrlə qarşılaşsaq da, ənənəvi dramaturgiyanın əsas istiqamət təşkil etdiyinin şahidi oluruq. Təbii ki, müharibə kimi çətin, ağrılı bir prosesdən keçmiş və fərdi şüurdan çox kollektiv şüurun möhkəmləndiyi cəmiyyətdə sualdan çox cavabların mövcudluğu və dramaturgiyada da bu xəttin tutulması tamamilə məntiqəuyğundur. Ədəbi növlər arasında mütəhərrikliyi və cəmiyyətin həyatında baş verən hadisələrə çevik reaksiyası ilə fərqlənən dramaturgiya "burada və indi" müddəası ilə müasirliyə daha çox iddia edən janrdır. Bu baxımdan istər I Qarabağ, istərsə də II Qarabağ müharibəsi hadisələrinin vahid bir proses kimi dramaturgiyamızda əksi - qalibiyyət fonunda hələ ilk müharibənin yaşatdığı ağrı-acıların da qalibiyyətə gətirən bir yol kimi xarakterizə edilməsi son illər dramaturgiyamızda önə çıxan cəhətlərdəndir.
2025-ci il dramaturgiyasında da, ötən ildə olduğu kimi, müharibə və insan taleyi mövzusu ön plandadır. Tarixi-sənədli materialların, müharibə səhnələrinin dramaturji xəttə gətirilməsi Abdulla Qurbaninin "Məbəddə döyüş", Cavid Zeynallının "Evimiz" kimi pyeslərində əsas xətti təşkil edir.
Abdulla Qurbaninin Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr etdiyi "Məbəddə döyüş" sənədli pyesi I Qarabağ müharibəsi zamanı Xocalı yaxınlığında gedən döyüşləri əks etdirir. Müəllif sənədli materiallara əsaslanaraq təkbaşına erməni qüvvələrinə qarşı döyüşən Natiq Qasımovun qəhrəmanlıq xronologiyasını qələmə alır.
Cavid Zeynallının "Evimiz" pyesi isə II Qarabağ müharibəsinin ən qaynar nöqtəsindən - birbaşa döyüşdən reportaj üslubu ilə diqqəti çəkir. Azər və Armen personajlarının (əslində bu adlar simvolik olaraq azərbaycan və erməni millətini işarələyir) ortaq ev barədə xatirələri və qorxuları pyesin əsas xəttini təşkil edir. Azərin doğulduğu, Armenin isə böyüdüyü ev hər iki tərəfin xatirələrində ən müxtəlif çalarlar qazanır. Armenin bu evlə əlaqədar xatirələri heç də xoş deyil - bacısının ölümü, anasının özünü asması ilə bağlı xatirələr yad yurdun bədbəxtlik gətirdiyi fikrini irəli çəkir. Armenin əksinə olaraq Azərin doğma yurdla bağlı xoş xatirələri yurdun əsl sahibinin kim olması ilə bağlı mübahisələrə bədii müstəvidə aydınlıq gətirir.
Zivər Əlizadənin məcburi köçkünlük və qaçqınlıq həyatı yaşayan qadınlarla müsahibəsi əsasında Almaz Həsənzadənin qələmə aldığı pyes Birinci və İkinci Qarabağ müharibəsi arasında keçən 30 illik qaçqın və köçkün həyatının tarixi və detallarını səhnəyə gətirir. Aynur Zərrintacın quruluşunda "Qarabağ hekayələri" sənədli kompozisiyasında öz əksini tapan bu real insan taleləri sənədli materialların səhnə təqdimatı baxmından maraq doğurur.
Tarixi fakt və sənədlərin bədii müstəvidə təqdimi İlqar Fəhminin hələ 2014-cü ildə qələmə aldığı, 2025-ci ildə isə səhnə premyerası olan "Şahnamə" pyesində də əsas xətti təşkil edir. Rejissor Nicat Kazımov tərəfindən "Şah Abbas Namə" adı altında tamaşaya qoyulan və Şah Abbasın həyatının dörd dövrünü əks etdirən pyes hökmdarın psixoloji portretini mərhələlər boyunca müxtəlif rakursdan təqdim edir və tarixi şəxsiyyətin portretini konkret situasiyalarda davranış kodları və seçimləri ilə yaradır. Mərkəzi personaj Şah Abbas olsa da, pyesdə böyük bir epoxanın ziddiyyəti üzə çıxır. Pyesin 4 hissəsinə uyğun olaraq ömrünün 4 mərhələsində - hakimiyyətə yiyələnmə ("Şətrənc"), hakimiyyəti möhkəmlətmə ("Qan qoxusu"), qisasalma ("Zindan") və hakimiyyəti təslimetmə - öz xələflərindən birinə ötürmə ("Vəliəhd") mərhələlərində etdiyi seçimlər Şah Abbasın həm tarixi, həm də psixoloji portretini formalaşdırır. Teatrşünas Aydın Talıbzadənin tamaşa haqqında səsləndirdiyi "tamaşanın hər fraqmentində hökmdarın xarakteri bir şəxsiyyət tipi sərgiləyir" ifadəsi də tarixi şəxsiyyətin davranış formalarının psixoloji mənbəyini vurğulayır. Bu mənbə qorxu, qəddarlıq, intiqam, hakimiyyət ehtirası kimi hisslərin kökləri barədə sualın cavabını Şah Abbasın uşaqlıq dövrü travmalarında tapır və pyes, sanki anasını itirmiş uşağın intiqamına çevrilir.
Kamal Abdullanın 2025-ci ildə oxuculara təqdim edilən "Beyrək" musiqili-oyun tamaşası müəllifin "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında yazdığı növbəti pyesidir. Müəllif Beyrək-Banuçiçək sevgi xəttinin fonunda İç Oğuz və Dış Oğuz qarşıdurmasının yaranma şəraitini də dramaturji xəttə daxil edərək düşmənçiliyə səbəb olan mümkün variantları aydınlaşdırır. Kamal Abdullanın 2025-ci ildə yayımlanan daha bir pyesi - "Quşları yemləmək vaxtı" adlı tamaşa-monoloqu monoloji təhkiyə prinsipinə əsaslanır.
İnsanın fərdi yaşantılarının ön plana çəkilməsi, ən müxtəlif situasiyalarda - qəza şəraitində, çıxılmazlıq və seçim anında insan davranışları və reaksiyaları, cəmiyyətdə mövcud davranış qaydalarına qarşı insan daxilində etiraz ruhu ən yeni dramaturgiyanın aparıcı mövzularındandır.
İsmayıl İmanın "Bayquşlarımın üstünə işıq düşmür" pyesi də insan davranışlarının tətikləyici amilləri, daxili və xarici etik normaların sərhədləri barədə düşünməyə vadar edir.
İsmayıl İman daha bir - "Hadisələr burulğanı" adlı pyesi ilə VII Müstəqil Beynəlxalq müasir dramaturgiya müsabiqəsinin 2025-ci il üzrə diplomantlarından olmuşdur. Çarpaz süjet xəttinə malik dördhissəli pyesdə əsas mövzunu qorxu, seçim, qəza ərəfəsində insan reaksiyaları və davranış motivləri təşkil edir. Ümumilikdə, müəllifin dramaturji yaradıcılığına nəzər saldıqda çıxılmazlıq, seçim qarşısında qalan insanın fərdi yaşantılarının, daxili konfliktin dominant olduğunu görə bilirik. Ən narahat, yöndəmsiz situasiyalarda daxili tarazlıqlarını qorumağa çalışan və maksimum soyuqqanlılıq nümayiş etdirən personajların davranışları və refleksləri çıxış yolu axtarmaqdan daha çox situasiyanın sosial-psixoloji səbəbləri istiqamətinə köklənib.
Eminin "Literaturnıy Azerbaydjan" jurnalında nəşr edilən "Əlil kreslosundan uçuş" pyesi də seçim qarşısında qalmış insanı hadisələrin mərkəzinə qoyur. Keçmişdə faşist rejiminin icraçılarından olan Ennio Bordoninin qarşısına qoyduğu sual keçmiş şərin davamçısı olmaq, yoxsa zənciri qırıb xeyir tərəfə keçmək barədədir. Müharibədə ayaqlarını itirən pilot Ennio müharibənin kimini fiziki, kimini mənəvi, psixoloji cəhətdən şikəst qoyduğunu deyərək özünü də müharibədən zərərçəkmişlər siyahısına aid edir. Xidmətçi qadın Mirella Ennionun yanına öz ailəsinin qisasını almaq məqsədilə gəlsə də, dəyişiklik yaşaması xeyirin qalibiyyətini sürətləndirir. Mussolininin kabusu tərəfindən hədiyyə olunan ilanı tullamaqla içindəki şərdən xilas olan qəhrəman eyni zamanda kölgədən - Mussolininin kabusundan da xilas olur. Karl Yunqun arxetiplər nəzəriyyəsinin açıq təsiri hiss edilən pyes insan psixologiyasının həyati əhəmiyyətli seçim anında verdiyi reaksiyaları dramaturji struktur çərçivəsində uğurla həll edir. Pyesin adı da simvolik mənada özünü doğruldur - müharibənin əlil kreslosuna məhkum etdiyi Ennio şər zəncirini qıraraq xeyirə doğru mənəvi uçuş yaşayır.
Məlumdur ki, ədəbi müsabiqələr, festivallar ədəbi məhsulların təqdimi və yeni müəlliflərin tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Artıq illərdir dramaturgiya sahəsində ardıcıl layihələrin həyata keçirilməsi və müsabiqələrin təşkili İsmayıl İmanın yaradıcısı və təşkilatçısı olduğu CHARACTERS Müasir Dramaturgiya Festivalının adı ilə bağlıdır. Pyes müsabiqələrinin keçirilməsi, yeni pyeslərin oxunuşunun təşkili və müzakirəsi layihənin əsas istiqamətlərini təşkil edir. Bu baxımdan 2025-ci ildə CHARACTERS Müasir Dramaturgiya Festivalının dram tərcümələri üzrə Avropa şəbəkəsi EURODRAM-la birgə keçirdiyi pyes tərcüməsi müsabiqəsi diqqətəlayiqdir. 2025-ci ildə Azərbaycanda keçirilən tərcümə müsabiqəsinin nəticələrinə əsasən, Aliyə Səmədovanın fransız dilindən tərcümə etdiyi Florian Zellerin "Ata", Rəbiqə Nazimqızının rus dilindən tərcümə etdiyi İvan Vırıpayevin "İllüziyalar", Jalə İsmayılın rumın dilindən tərcümə etdiyi Mixaela Mikayılovun "Din müəllimi" pyesləri qalib gəlib.
Dramaturji materialların çapı və yayımı da ədəbi prosesin mühüm hissələrindəndir. Əli Əmirlinin 2025-ci ildə çapdan çıxan "Sevdiyim pyeslər" kitabına da öncəki illərə aid "Köhnə ev", "İyirmi ildən sonra", "Mesenat", "Xoşbəxt gün", "Şah Qacar", "Hasarın o üzü", "Ünvansız qatar", "M.S.S. - Mən səni sevirəm", "Nuri-didə Ceyhun", "Ah, bu uzun sevda yolu" kimi müxtəlif teatrlarda tamaşaya qoyulmuş pyesləri ilə yanaşı, tamaşaya qoyulmamış "İki aktrisa üçün baş rol" və "Pərdəsiz" adlı pyesləri də daxil edilib. Həmçinin müəllif 2025-ci ildə "Varlı qadın" pyesinin motivləri əsasında qələmə alınmış "Cənnət qapıları" adlı 24 seriyadan ibarət teleserial ssenarisinin kitab formatında çap variantını da oxuculara təqdim etmişdir. Ümumiyyətlə, 2025-ci il ərzində kinossenarilərin çapı və yayımlanması ənənəsinin möhkəmləndiyinin şahidi oluruq ki, bu da, ədəbi mətn və vizual sənətlərin ortaq məkanda təqdimi baxımından da diqqəti çəkir. Mütəmadi olaraq "Kinoyazar.az" saytında ən yeni Azərbaycan filmlərinin ədəbi ssenarilərinin yayımlanması, "Çölçü", "Mərmər soyuğu", "Mən burdayam, İlahi" filmlərinin ssenarilərinin elektron variantlarının yerləşdirilməsi, "Literaturnıy Azerbaydjan" jurnalında Tahir Əlinin "At" kinossenarisinin çapı təqdirəlayiq hadisələrdəndir.
Faktdır ki, bədii məhsul nəzəriyyədən daim bir addım öndədir. Cəmiyyətin və ayrı-ayrılıqda fərdlərin təfəkküründə gedən proseslərin bədii mətndə ardıcıl ifadəsi nəzəri müddəalar və konsepsiyaların irəli sürülməsinə, müxtəlif təsnifatların meydana çıxmasına əsas verir. Müasir Azərbaycan ədəbiyyatşünaslığında, o cümlədən, dram nəzəriyyəsində yeni dramaturgiyanın nəzəri müddəalarının müəyyənləşdirilməsi birbaşa olaraq fərdi şüurun, düşüncənin bədii məhsulda bu və ya digər şəkildə üzə çıxmasından asılıdır. Bu gün dramaturgiyamızda suallardan çox hazır cavablarla qarşılaşmağımız da bədii məhsul ortaya qoyan yaradıcı şüurun hansı inkişaf mərhələsində olduğunun göstəricisidir. Fərdi şüurun əsas meyarlarından olan sual verə bilmə, sualyaratma qabiliyyəti və cəsarəti dramaturgiyamızın yeni mərhələdə həll etməli olduğu məsələlərdəndir. Məhz bu mərhələni aşdıqdan sonra növbəti etapda meydana çıxacaq yeni dram nümunələri Azərbaycan dramaturgiyasının yeni nəzəri konseptini müəyyənləşdirməyi labüd edəcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
