2025-ci ilin Azərbaycan nəsri: mövzu və poetika axtarışları - Elnarə QARAGÖZOVA

Elnarə QARAGÖZOVA

 

2025-ci ilin nəsrində milli kimlik və yaddaş xətti güclü olmaqla bərabər, insan və cəmiyyət münasibəti də öz mövqeyini qorumaqdadır. Postmodern poetika hələ də nəsrdə aktiv olaraq qalır, metamodernizmə keçid isə müşahidə edilmir. Digər maraqlı məqam isə müasir nəsrimizdə realizmlə postmodernizm arasında sərhədlərin şəffaflaşması, simvol və metaforadan istifadənin güclənməsidir. Bəhs edilən dövrdə milli nəsr ənənəsi qorunub saxlanılsa da, interkulturallıq önə çıxmağa başlayır.

2025-ci ilin romanlarında ön plana çıxan əsas mündəricə 44 günlük Vətən müharibəsi, Zəfər, eləcə də Qərbi Azərbaycan və Qarabağ yaralarıdır və bu mövzular məhz mili yaddaşın müasir etapının təməl daşları kimi ədəbiyyatımıza daxil olur. Şamil Ənvəroğlunun "Yaşanmayan ömürlər" romanı Qərbi Azərbaycandan deportasiya və Qarabağ müharibəsi reallıqlarının fonunda insan taleyinə işıq salır. İlham Tumasın "Məbəd döyüşçüləri" romanı isə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ömür və döyüş yoluna həsr olumuş ilk roman kimi dəyərlidir. Şəmil Sadiqin "Zəfər yolu" romanı ədəbiyyatımız üçün yeni bir roman təcrübəsi nümunəsidir. Belə ki, yazıçı daha öncə nəşr olunmuş və böyük oxucu rəğbəti qazanmış "Odərlər" romanı üzərində işləyərək ədəbi mühitə ilk baxışda onun yeni versiyasını, əslində isə yeni bir əsər təqdim edib. Səxavət Məmmədin "Savaş və duman" romanı hərbi jurnalistin müharibə gündəliyi kimi təqdim olunur. Sənədli romanda 44 günlük Vətən müharibəsinin real tarixi döyüşçülərin psixoloji portretləri ilə sintezdə təqdim edilir.

Müstəqillik dövrü ədəbiyyatında yaddaşın təqdimatı təkcə daxili oxucu üçün deyil, dünya oxucusuna çıxış baxımından da əhəmiyyətlidir. Bu baxımdan ilin əsas nəsr hadisələrindən olan Elçin Hüseynbəylinin "Gültəkin xaqan" romanı ümumtürk tarixi, milli kimlik və dövlətçilik ənənələri mövzusuna yeni və fərqli baxışın ədəbi təzahürü kimi yadda qaldı. Yazıçı bu yeni romanında V-VIII əsrləri - Göytürk Xaqanlığının tarixini bədii dillə rekonstruksiya edərək tarixə bu günün türk dünyası ideyası kontekstində baxır. Əsərdəki həm mifik elementlər, həm tarixi hadisələr, həm də müəllif təxəyyülünün nəticəsi olan məqamlar ümumən yaddaş, özkökə qayıdış, milli özünüdərk kimi mühüm ideoloji qayələri ön plana çıxarır, müasir türk dünyasını həmrəyliyə səsləyir.

Natiq Məmmədlinin 2025-ci ildə çap olunmuş, "Yalnız sevənlər anlar" epiqrafı ilə oxuculara təqdim edilən "Sev" romanı iki gəncin məhəbbət hekayəsi fonunda insanın mənəvi seçimlərinin təzadlı dünyagörüşləri, dini doqmalar, nəfs və savaşlar kontekstində necə formalaşdığının bədii planda həllini təqdim edir və əsərdə istənilən məqamda sevgini seçmənin, ona sayğı ilə yanaşmanın insanlığın gələcəyə miras kimi ötürə biləcəyi bəşəri dəyərlərdən ən önəmlisi olduğu vurğulanır. Natiq Məmmədlinin "Sev" əsəri postmodern poetika, mistik realizm elementləri, realist həyat lövhələri, irfan-folklor obrazları və fəlsəfi qatlarla zəngin polifonik roman kimi müstəqillik dövrü ədəbiyyatımıza daxil olmuşdur.

2025-ci ilin diqqətçəkən nəsr əsərlərindən biri də Şərif Ağayarın "Rəng mühəndisi" romanıdır. Sarkazm, ironiya, fantastik və magik elementlərlə zəngin romanda yazıçının dil duyumu müasir nəsrimizdə özünəməxsus təhkiyə üslubu ilə səciyyələnən mətnin meydana çıxmasına rəvac vermişdir.

Vahid Məmmədlinin "Məsumluq meşəsi" romanı klassik Şərq ədəbi süjeti - Leyli və Məcnun hekayətinə modern yanaşmanı əks etdirən roman kimi ilin nəsr mənzərəsində önəmli yer tutur. Romanda postmodern, magik realist elementlər xüsusilə diqqəti cəlb edir.

Xan təxəllüsü ilə tanınan gənc yazıçı Orxan Həsənlinin TEAS Press Nəşriyyat Evi tərəfindən keçirilən "II Gənclərin Roman Müsabiqəsi"nin qalibi olmuş "Hürr" əsəri bu janrın ədəbiyyatımızda gələcək taleyi ilə bağlı böyük ümidlər yaradır. Əsərin əsas nəqledicisi rolunda Əzbərpozan Tanrıtay adlı fövqəltəbii varlığın çıxış etməsi isə mifik-mistik əsəri daha da mürəkkəbləşdirərək polifonikliyi artırır.

Sara İbrahimin "Çəhrayı çobanyastığı" romanı sevgi - məhəbbət mövzusu üzərində qurulsa da insanın seçimi, ailədaxili savaşlar, övlad-valideyn təzadı, travmatik münasibətlər, kriminal keçmiş və gələcəyə ümidin xilaskar rolu haqqında oxunaqlı, didaktik bir əsərdir.

Gənc müəllif Aysel Məmmədovanın "Göy üzü qovşağı" romanı insan və ailə münasibətlərindən bəhs edir, Loğman Rəşidzadənin "Yuxusu pozulanlar" romanı isə cəmiyyət-fərd münasibətlərini, insanın sosial reallıqlar və həyatın keşməkeşləri içində öz dünyasına boylanma cəhdlərini əks etdirən diqqətəlayiq nəsr əsərlərindəndir. İradə Qədirovanın "Səninləyəm" əsəri ədəbiyyatımızda son dövrlərdə seyrək rast gəlinən səyahətnamə - roman janrındadır. Oğuz Ayvazın "Qolları bağlı köynək" romanı müəllifin ilk romanıdır və əsərdə ruhi xəstələrin həyatı naturalizm həddində, kəskin reallıqla təsvir edilir.

2025-ci ildə detektiv roman janrı əsasən xalq yazıçısı Çingiz Abdullayevin "Rublyov nokturnu", "Cəlladın müdrikliyi", "Ləyaqətli insan", Elxan Elatlının isə "Psixiatr xanım", "Susan qadın" romanları ilə öz mövqeyini qoruyub saxlayır.

2025-ci ilin nəsr mənzərəsində povest janrı kəmiyyətcə az olsa da, keyfiyyətcə roman mündəricəsinə yaxınlaşan nümunələrlə yadda qalır. Aqil Abbasın unudulmaz gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) həyat və yaradıcılığına həsr olunmuş "Rəmiş" əsəri onun sənətkar kimliyi altında gizli qalan fərdi ağrıları, insan kimi faciəsi haqqında rekviyemdir. Sadıq Elcanlının "Yaddaş çölünün çağıran çiçəkləri" əsəri ilin nəsr kontekstində sənədli povest janrını layiqincə təmsil edir.

2025-ci ilin nəsr mənzərəsində hekayə janrı öz dinamik inkişafını davam etdirir. Bu janrın povesti üstələyərək, romandan sonra ikinci əsas nəsr janrına çevrilməsi bəzi nümunələrə xüsusi diqqət yetirərək geniş təhlil etməyimizi labüd edir.

İmamverdi İsmayılovun "Bayquş və qarovulçu" hekayəsi klassik nəsr xəttinin və üslubun müasir ədəbiyyatımızda nəinki öz mövqeyini qoruduğunu, hətta daha da inkişaf edərək yeni çalarlar, yeni imzalar və sinkretik xüsusiyyətlər qazandığını sübut edir. Hekayədəki qarovulçu obrazı insan və tale probleminə fərqli bucaqdan nəzər salmağa imkan verir. Əsərin baş qəhrəmanının qarovulçuluqla (oxu: tərki dünyalığın realist versiyası) unutmaq istədiyi ağrıları: öz qızına münasibətdə cəmiyyətin qanunlarına uyğun hərəkəti, vəfat etmiş həyat yoldaşı ilə bağlı xatirələr bir bayquşun səsi ilə yenidən canlanır. Yuxularına gələn həyat yoldaşı ilə xarabalıqdakı qadının oxşarlığı isə hekayənin baş qəhrəmanın ölümü ilə sonlanmadığını, əksinə, bu nöqtədən tam yeni bir mətnin başlama potensialının olduğunu göstərir.Hekayə öz siqləti, magik-mistik elementləri və eyni zamanda realist materialın alternativ süjet xətlərinə şaxələnmə imkanları ilə povest janrına doğru inkişaf etdirilə biləcək mətndir.

Mahirə Nağıqızının "Mənim çəkmələrim" hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın çəkdikləri məhrumiyyətləri və doğma yurd həsrətinin ağrısını kiçik bir qızın yaddaşından qopan qəlpələrlə təsvir edir. Hekayənin birinci şəxsin özünü tanıtması ilə başlaması Azərbaycan ədəbiyyatında zaman-zaman, nadir istifadə edilən bir üslubdur. Bu üslub - autodiegetik nəqletmə, yəni nəql edənin həm hadisə şahidi, həm də iştirakçısı olması Mir Cəlal Paşayevin, Cəlil Məmmədquluzadənin, Anarın da yaradıcılığında mövcuddur. Mətnin müəllifi və qəhrəmanı Süsənbər yaşanılan deportasiya hadisəsinin sadəcə təsvirini vermir, o həm də bu hadisənin tarixə məhz ibrətlik bir hadisə kimi yazılması, gələcəkdə bir daha təkrarına imkan verilməməsi üçün özündən sonrakı nəsillərə mesaj ötürür. Mahirə Nağıqızının hekayəsində həm Axta kəndinin tarixinə, həm də ermənilərin torpaq iddialarının tarixinə ekskurs edilir. Hekayədə diqqəti cəlb edən məqamlardan biri də Süsənbərin salıb sındırdığı qrafin - onlara yardım əli uzadan Məsmə xalanın anasından qalma qrafini ilə bağlıdır. İlk baxışdan sadə bir hadisədir, bəlkə də bu məqamın üzərindən Məsmə xalanın anası ilə bağlı xatirəsinin maddi təzahürünün sınmasından doğan təəssüfü qeyd edərək keçmək olardı. Lakin hekayənin sonunda Mahirə Nağıqızı bu məqamı simvola çevirməyə nail olur: Süsənbər illər sonra Məsmə xalanın qrafininin oxşarını taparaq ona hədiyyə etmək istəyir. Lakin Məsmənin cavabı "Ay bala, mən bu qrafini yadigar olduğu üçün əzizləyirdim. Səndən bunu götürə bilmərəm." olur. Bununla Mahirə Nağıqızı bir məqamı vurğulayır: qərbi azərbaycanlılar vətəndən-vətənə köçsə də, Azərbaycanın istənilən guşəsi onlara doğma olsa da, o torpaqlarda onların əcdadlarının, analarının, atalarının yadigarları, xatirəsi, yaddaşı qalıb. Və bu yadigarı unutmaq olmaz!

2025-ci ilin nəsr mənzərəsində önəmli hadisələrdən biri də "Park" nəşriyyatı tərəfindən "Müstəqillik dövrünün ən yaxşı hekayələri" antologiyasının dərc edilməsi oldu. Topluda məhz 33 müəllifin 33 hekayəsinin dərc edilməsi ədəbi mühitdə həm maraq, həm də müəyyən tənqid, narazılıq dalğası doğurdu. Tənqidlərə rəğmən toplu 90-cı illərdən bu günə qədər olan böyük bir zaman kəsiyində yaranan müəyyən hekayələrin toplandığı bir nəşr kimi təqdirəlayiqdir. Hekayələrdə məhz müstəqillik dövrünün ab-havası, yeni tarixi dövrün özəllikləri fərqli müəllif rakurslarından təqdim edilir. Topluya daxil olan Ulucay Akifin "Piterə həmişə qar yağır" hekayəsi müasir ədəbi prosesdə ənənəvi nəsrimizin mövqeyinin hələ də möhkəm olduğunu və bu proza xəttinin uğurla davam etdiyini göstərən bariz bir nümunədir. Hekayənin əsas obrazı olan Bakılı gənc qonaq müəllifin prototipi kimi qəbul edilsə də, əslində, özündə Qafqaz, Şərq kişisinin ümumi obrazını təcəssüm etdirir.Qəhrəmanın altşüuru ilə şüuru savaşır, sonda yenə də kiçik bir qığılcımla, bir simvolla - Piterə səfərin əvvəlindən gözlənilən qarın yağması ilə altşüur önə keçir, stereotipin arxetipə doğru yolu başlayır.

Postmodernizm bütün sakrallaşmış narrativləri şübhə altına alır, miflərlə, dastanlarla, antik mətnlərlə postmodern oyun quraraq oynayır, onları yenidən şərh və dekonstruksiya edir. Azərbaycan postmodern ədəbiyyatında aparıcı mövqedə duran Kamal Abdulla yaradıcılığında bu məqamlar öz əksini parlaq bir şəkildə tapır. Kamal Abdullanın "Şeytan işi" hekayəsində narrativ qısadır: kənddən şəhərə gəlib elə həmin gün də geri qayıdan qəhrəman şeytan işindən qaçmaq istəsə də dairəvi sehrə düşür. Nənəsinin şeytan işi dediyi Leylanın yaşıl gözləridirmi, əriyib itən şəhərdirmi, onu gətirən ağ avtobusdurmu? Bəlkə gözünün ucu ilə seyr etdiyi film-taledirmi? Məlum olan qəhrəmanın dolanıb yenə də ilk nöqtəyə geri döndüyü, təkcənəlik vaxtındakı dərvişlər kimi hələ çox dairə cızaraq, fırlanaraq ömür yoluna davam edəcəyidir. Bu hekayədə istifadə edilən postmodern elementlər: ironiya, irreallıq, fraqmentasiya, açıq sonluq mətnin postmodernizmin fundamental prinsipləri üzərində qurulduğunu deməyə əsas verir.

Orxan Fikrətoğlunun "Pandemik mələk" hekayəsi daha çox milli, Şərq arxetipik cəmiyyət modelinin yeni postpandemik urban modelə keçidini, yeni sivilizasiyanın başlanğıcını simvollaşdıran bir mətndir. Hekayənin qəhrəmanının pandemik mələk-eşşəyin məsləhəti ilə şəhərə köçmə qərarını verməsi və bu qərarın məhz meşədə - kəndlə şəhərin simvolik sərhədində qabanın hücumu səbəbindən reallaşa bilməməsi bu məqamı bədii şəkildə vurğulayır. Hekayənin başlanğıcında müşahidə edilən, realist görünən elementlər təhkiyə irəlilədikcə qeyri-xətti zaman boşluğuna düşərək tədricən postmodern və absurd estetikaya keçid edir. Xronotop da eyni şəkildə dəyişir, hadisələr realist məkandan dini-fantastik məkana keçid edərək realist, cari insanın pandemik insan modelinə çevrilməsinin son nöqtəsini qeyd edir. Hekayədə postmodernlə magik realizmin qoşa təzahürü pandemik şok effekti kimi mətnə gətirilir. Mələk obrazı üçün Şərq mədəniyyətində estetik və romantik obraz olmayan bir canlının - eşşəyin seçilməsi də postpandemik dünyada klassik, ənənəvi anlayışların, dəyərlərin qəbul edilmədiyini göstərir.

Vüsal Bağırlının "Razin siçanları" hekayəsi müasir realist nəsr nümunəsi kimi maraq doğurur. Hekayə milli nəsr texnikalarına sadiqlik və ədəbi dilin rəvanlığı ilə diqqəti cəlb edir. Vüsal Bağırlının nəsr dilindəki bu ənənəyə sadiqlik müasir nəsrdə müşahidə edilən və mətnin oxunaqlılığını, unikallığını vurğulamaq məqsədi güdən zaman, məkan, dil, obraz ekzotikliyinə olan meyillər kontekstində xüsusilə nəzərə çarpır. Qeyd etməliyik ki, bu məqam - milli nəsr ənənələrinin qorunub saxlanması müasir gənc nasirlərin yaradıcılığında son dövrlərdə intensivləşib və təqdirəlayiqdir. Hekayədə baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı məişət hadisəsi kontekstini daha geniş məcraya daşıyır, yuxu məqamı isə Corc Oruellin "1984" romanındakı bir səhnə ilə səsləşir. Beləliklə, Corc Oruellin əsərində siçanlarla bağlı səhnə sevginin məğlubiyyətini, Vüsal Bağırlının hekayəsində isə sevginin, qorumanın sevənə hansı qurbanlar bahasına başa gəldiyinin anlaşılmadığını vurğulayır.

Nihat Pirin "Miraj" hekayəsi maraqlı bir təhkiyə üslubu ilə başlayır, oxucuya "Təsəvvür etməyinizi xahiş edirəm" deyə müraciət edərək onu da öz səhnəsinə şərik, hətta rejissor olmağa dəvət edir. Elə ilk sətirlərdən oxucu hiss edir ki, bu hekayədə hər şey şərtidir, bir növ, ilğımdır. Hekayə bitdikdən sonra da bu şübhə hissi davam edir: bütün bu oxuduqlarım hekayənin süjetidir, yoxsa Namaz kişinin, bəlkə də, elə yazıçının öz yuxusudur?

Məruzədə gətirilən bədii materiallardan da göründüyü kimi, 2025-ci ilin nəsrində janr və poetika müxtəlifliyi ön plana çıxır, roman janrı öz mövqeyini gücləndirsə də hekayə hələ də kəmiyyət və dinamika baxımından ədəbi mühitdə nəsrin mütəhərrik qüvvəsi olaraq qalır. Povest janrının kəmiyyətcə azalması, bəhs edilən dövrdə qələmə alınan nümunələrin roman janrına doğru inkişafı janrın gələcəyi ilə bağlı suallar yaradır. 2025-ci ilin nəsri milli yaddaş-interkulturalizm, realist-postmodern kəsişmələr fonunda ənənə ilə yeniliyin sintezi kimi formalaşmışdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!