Vaqif YUSİFLİ
Müasir Azərbaycan poeziyasında hansı yeni, novator keyfiyyətlər meydana gəlsə də, Avropa və ümumən dünya ədəbiyyatı ilə ilişkilər qurulsa da, onu heç bir vəchlə öz kökündən təcrid etmək mümkün deyil. Amma poeziya eyni çevrənin ətrafında hərəkət edə bilməz, ənənəyə sadiqlik öz yerində, kökə bağlılıq o demək deyil ki, yeniliyə meydan açmayasan. Belə ki, şairlərimiz dünya poeziyasının müxtəlif cərəyanları ilə tanış olur, onlardan görüb-götürür və təsirlənirlər. Əgər bu təsir təqlidə, yamsılamağa yol açmırsa, milli poeziya ənənələri ilə qovuşursa, maraqlı poetik nümunələr yaranır. Buna aid onlarla misallar gətirə bilərəm. Məsələn, Elxan Zal Qaraxanlı "Böyük çöl"ün simfoniyası" essesində türk xalqlarının poetik ənənələrinə üz tutur. Azad Yaşar, Səddam Laçın, Oğuz Ayvaz, Aqşin Evrən, Əlişirin Şükürlü kimi şairlərin şeirlərində də müxtəlif "izm"lərin təsiri açıq-aydın duyulur. Lakin istər müasir türk poeziyasından, istərsə fransız, ingilis, yapon şeirlərindən təsirlənmələr olsun, istərsə də müxtəlif "izm"lərin bizim şeirimizdə izləri görünsün, hər halda, bunlar Azərbaycan şeirinin coğrafiyasına daxil olur.
2025-ci ilin poeziyasına ayrı-ayrı şairlərin şeirləri baxımından nəzər yetirirəm və açığını deyim ki, "Yeni bir Amerika" kəşf edə bilmirəm. Müasir Azərbaycan şeirində elə bir imzaya rast gəlmədim ki, o imza müəllifi şeirə ilk gəlişində, yaxud yaradıcılığının yetkin bir çağında bizi şeir aləmində heyrətə gətirsin (belə bir hadisə mənim fikrimcə, keçən əsrin altmışıncı illərinin sonlarında - yetmişinci illərin əvvəllərində Ramiz Rövşənin, yetmişinci illərdə Vaqif Cəbrayılzadənin, Vaqif Bəhmənlinin, Eldar Baxışın, doxsanıncı illərdə isə Salamın şeirləri ilə baş vermişdi və bir də Vaqif Səmədoğlunun poeziyaya gəlişində). Ümumiyyətlə, poeziya aləmində oxucuları heyrətə gətirən, gözləmədikləri yeni şeir hadisəsi poeziyanın yeniləşmək tələbi ilə bağlıdır. Təkcə şeirdə yox, nəsrdə də, dramaturgiyada da... 2025-ci ildə, ümumiyyətlə, yeni əsrdə mən belə bir hadisəni izləməmişəm.
2025-ci ildə poeziyada "sensasiya" - yeni şeir hadisəsi ilə üzləşməsəm də, dərc olunan bir sıra şeirlərdə, poemalarda, çap olunan şeir kitablarında əsl poeziya nümunələri ilə rastlaşdım.
2025-ci ildə "Azərbaycan" jurnalının ilk nömrəsi Füruzə Məmmədlinin şeirləri ilə açılır, bu şeirlərin hamısı son bir ildə qələmə alınıb və demək olar ki, bu şeirlərin ruhu da, ovqatı da eyni fikir üstündə köklənib. Biz unutmuruq ki, Füruzə xanımın yaradıcılığı bir Azərbaycan qadınının XX-XXI əsrlərdə həm sevinc dolu həyatını, həm də kədərli, təzadlarla dolu anlarını əks etdirib və həmkarım İntiqam Qasımzadə demişkən: "Hər bir şair kimi o da, təbii ki, öz hiss və duyğularını, dünya və yaranış haqqında düşüncələrini qələmə alıb, həyatın ağrı və acılarından da yazıb; nədən yazıbsa, səmimi yazıb. Şeirlərində yalançı pafosa, süni notlara rast gəlməzsən".
Soyunsun libasın, tələssin adda,
Doğulur gecəsi hələ gün adda,
İraq, Əfqanıstan, Fələstin adda
Axır ağrıların qanı dünyada.
Dünyanın və zəmanənin şair "mən"ində dərki
Çox mürəkkəb, çox təzadlı bir əsrdə yaşayırıq, dünya hər gün, hər saat silah səslərinə oyanır, hər gün, hər saat minlərlə insan döyüş meydanlarında, yaşadığı məskənlərdə, mənzillərdə həlak olur, müharibələr bitmir, körpələr, cavanlar, qocalar bu dünyadan kam almamış qətlə yetirilirlər. Poeziya bu qırğınlara, dünyada baş verən dəhşətlərə, vəhşətlərə biganə qala bilməz. Xalq şairi Sabir Rüstəmxanlının "Min ilin başında" söylədiyi həyəcanlı çağırış poeziyamızın öz səsidir:
Zamanın əlyazması çevrilir varaq-varaq,
Keçmişə boylanıram min ilin zirvəsindən.
Nifrət rüzgarlarında sönür neçə od-ocaq,
Milyon nəğmə qırılır silahların səsindən.
Azıb vaxtın axarı savaş burulğanında,
Önündəki düşməndi - vur, kəsilsin nəfəsi!
Qan çayları çağlarkən qurudu damarda qan,
Göz yaşları sel oldu - itən çaylar əvəzi.
"Dünyanın halı yamandır" - şairlərimiz bir vaxtlar Kubada, Çilidə, Konqoda baş verən hadisələrə şeirlər, poemalar həsr edirdilər, bəzən içimizdəki dərdləri, üsyankarlığı o xalqların mübarizəsi, haqsızlığa qarşı barışmazlığı kimi qələmə verirdilər. Ancaq bu tendensiya indi xeyli zəifləyib. Dünyanın dərdini, zəmanəmizdə baş verən olayları təsvir edərkən şairlər bu hadisələri əsrin faciələri kimi ümumiləşdirirlər.
Ağır dərddi bu əsrdə insan olmaq.
İnsanların ağrısını gözlərindən duya bilmək.
Gülnarə Cəmaləddin bu şeirdə İnsan dərdindən söz açır - bu dərd tək bir insana aid deyil, yaşadığımız əsrdə "insan kimi qala bilmək, insan kimi ölə bilmək" faciəsini yaşayanların dərdidir.
Gözəlliyin, gözəl dünyanın şair "mən"ində təcəssümü
Əsirdi səhərin xəfif yelləri,
Dünya sehrlənmiş mələk kimiydi.
Səhər açılırdı...
Qızıl dan yeri
Təzə pardaxlanmış çiçək kimiydi.
Gün düşür çöllərin qar sinəsinə,
Sular işım-işım işıldayırdı.
Sanki ulu Tanrı Yer kürəsinə
"Sevirəm" sözünü pıçıldayırdı.
Bu şeirin müəllifi Əşrəf Veysəllidir. O Əşrəf Veysəlli ki, onun doğulduğu Füzulinin Yuxarı Veysəlli kəndi 28 il düşmən tapdağında idi və bu həsrəti illər boyu ürəyində daşıyırdı. Çox təəssüf ki, Əşrəf Veysəli bu il dünyasını dəyişdi.
"Dünya gözəl, dünya gözəl dünyadır" və "Dünya gözəlindi, gözəlliyindi" - həmişə poeziyamızda gözəlliyin - gözəl dünyanın necə əks olunduğunu düşünəndə Fikrət Qocanın və Zəlimxan Yaqubun həmin bu misralarını xatırlayıram. Və çox təəssüflənirəm ki, niyə şairlərimiz bu gözəllikləri Nəbi Xəzri, Məmməd Araz, Fikrət Qoca, Musa Yaqub, Zəlimxan Yaqub kimi poeziyamızın İŞIQ meridianlarında bütün rəngləri, naxışları ilə əks etdirmirlər? Amma "Dünyanı gözəllik xilas edəcək" missiyasının poeziyamızda inikası sönükdür" fikri ilə də razılaşmıram.
Gözəlliyi təbiətin timsalında seyr etmək istəyirsinizsə, İbrahimxəlilin Ortaçalaya, Tiflisə, Sınıq körpüyə, Baloğlan Cəlilin öz doğma kəndi Zövləyə həsr etdiyi şeirləri oxuyun. Faiq Balabəylinin dəniz lövhələrini, Əlizadə Nurinin "Payız notları"nı, Qəşəm Nəcəfzadənin "Nazlı yağış"ını, Təranə Yusifqızının "Dəniz"ini təbiətin poeziyada canlanması hesab edirəm. Amma müasir poeziyamızda gözəl dünyanın - gözəlliyin bədii-estetik inikasının çalarlarını yalnız təbiətdə axtarmaq doğru deyil.
Bəs sevgidə necə?
Müasir poeziyamızda qadın şairlərimizin sıraları genişlənir və onların arasında artıq öz fərqli üslub tərzi ilə seçilən Rəsmiyyə Sabirin, Aybəniz Əliyarın, Aləmzar Sadiqqızının, Aysel Xanlarqızının, Aysel Fikrətin, Şəfəq Sahiblinin, Aysel Nəsirzadənin, Təranə Dəmirin, Səhər Əhmədin, Afaq Şıxlının, Adilə Nəzərin, Xuraman Hüseynin, Şahanə Müşfiqin, Şəfa Vəlinin, Narıngül Nadirin, Rəbiqənin, Sevinc Yunuslunun, Xəyalə Sevilin, Nazilə Gültacın, Sevinc Elsevərin, Arzu Hüseynin, Sara Selcanın, Pərvin Əliyevanın, Gülay Tahirlinin adlarını çəkə bilərəm.
Qoşmalar, qəzəllər
Bəxtiyar Vahabzadə: "Çoxları "qoşmaçılıq baş alıb gedir" söyləyir. Əslində, neçə yüz illik ənənəsi olan, ölməz "Bənövşələr", "Dağlar", "Yadıma düşdülər" yaradan qoşmadan əl çəkmək olmaz".
Qoşma elə bir şeir növüdür ki, qəzəldən və digər klassik şeir formalarından fərqli olaraq öz poetik imkanlarını tükətmir. Özlüyündə qəzəl də, qoşma da məlum poetexniki sxemlərə tabedi, lakin qəzələ nisbətən qoşmada bir asudəlik duyulur. Təbii ki, qoşma ilə onun "balaca qardaşı" gəraylını bir-birindən ayrı salmaq olmaz. Tematika baxımından da həm qoşmanın, həm də gəraylının imkanları daha genişdir. Təbii ki, burada ənənəyə forma baxımından bağlılıq mühafizə olunur. Lakin əksər hallarda məzmunca XX-XXI əsrlərdə yazılan qoşma və gəraylılarla Qurbani, Abbas Tufarqanlı, Vaqif, Vidadi, Zakir, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı qoşma və gəraylıları eyni deyildir. Burada, heç şübhəsiz, XX-XXI əsrlərdə yeniləşən bədii təfəkkür özünü göstərir. Bəzən belə bir fikir formalaşır ki, qoşma və gəraylı kimi şeir formaları özünün ən parlaq dövrünü XVII-XIX əsrlərdə yaşamışdır. Bunu təkcə ayrı-ayrı ustad sənətkarların adıyla bağlamaq doğru olmazdı. Xalqın milli mentalitetilə bağlı bir sıra amillərin də burada rolu olmuşdur, etnik-mədəni amillər xalqın təkcə adət-ənənə, təsərrüfat həyatında deyil, söz sənətində də öz fəal, aparıcı rolunu saxlamaqda idi. Ayrı-ayrı ustad sənətkarlar isə sadəcə, burada həmin missiyanı uğurla yerinə yetirmişlər. XX əsrdə isə böyük şairimiz Səməd Vurğunla yanaşı, Süleyman Rüstəmin, Osman Sarıvəllinin, Hüseyn Arifin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Məstan Günərin, Hüseyn Kürdoğlunun, Məmməd İsmayılın, Zəlimxan Yaqubun, Məmməd Aslanın, Vahid Əzizin qoşmaya fəlsəfi ahəng, məzmun zənginliyi gətirdiyini qeyd etmək olar. Müasir poeziyada adlarını çəkdiyim bu ustad şairlərin yolunu davam etdirən şairlərdən söhbət düşürsə, mən Akif Səmədin, Musa Ələkbərlinin, Sabir Sarvanın, Əliağa Aslanın, İsmayıl Mərcanlının (Allahdan onlara rəhmət diləyək), Adil Cəmilin, Ramiz Qusarçaylının, Vaqif Bəhmənlinin, Əli Rza Xələflinin, Xanəli Kərimlinin, Məmməd İlqarın, İbrahim İlyaslının, Zirəddin Qafarlının, Rəfail İncəyurdun, Barat Vüsalın, İslam Sadığın, Kəmaləddin Qədimin, Əbülfət Mədətoğlunun, Nazim Əhmədlinin, Sərvaz Hüseynoğlunun, Zəkulla Yurdçunun, İbrahim Yusifoğlunun, Elşən Əzimin, Rəsmiyyə Sabirin, İlham Qəhrəmanın, Süleyman Əlisanın, Vəli Xramçaylının, Vasif Süleymanın, Cığatel İsaqızının adlarını çəkməliyəm. Olsun ki, bu "siyahı" tam deyil, çünki əlinə qələm alan hər yazar ədəbiyyata qoşma, ya gəraylı yazmaqla gəlir və ədəbiyyata da elə qoşma və gəraylının gözüylə baxır. Amma mən kütləvi və boz ədəbiyyat "həvəskarlarından" yox, müasir poeziyada az-çox öz izini qoyan şairlərdən danışa bilərəm; o şairlər ki, elə ilk yaradıcılıq addımlarından bu günə kimi qoşmaya, gəraylıya "sədaqət andı" içiblər. XXI əsrin poeziyasından söz açırıqsa, Akif Səmədi, Məmməd İlqarı, Zirəddin Qafarlını, İbrahim İlyaslını,Vəli Xramçaylını, Balayar Sadiqi, Ağamir Cavadı, Vasif Süleymanı, İslam Sadığı bu "sədaqət andı"na sadiq qalan şairlər hesab edirəm. Amma söhbət 2025-ci ilin poeziyasından gedir - sözün açığı, keyfiyyət axtarışında kəmiyyət basqısı ilə rastlaşdım. Olsun, amma "varın verən utanmaz".
Keçən əsrin doxsanıncı illərindən başlayaraq əruza və təbii ki, qəzələ meylin artdığını müşahidə edirik. Əgər belə demək təbiri-caizsə, Azərbaycan qəzəlinin inkişafında yeni bir mərhələnin əsası qoyulur. Ələkbər Şahid, Əliağa Bakir, Seyidağa, Şahin Fazil, Ələmdar Mahir, Ənvər Nəzərli, Hacı Qəni və Hacı Maillə yanaşı, qəzəl meydanına İlqar Fəhmi, Arif Buzovnalı, Ağamir Cavad, Səxavət Talıblı, Əhməd Haqsevər, Sona Xəyal, Gülarə Munis, Yasin Xəlil, Mahcamal, Vüqar Rahi, Ağasəlim Əmri, Xatirə Xatun, Xilqət, Xaqani Muğamatoğlu, Əli Aslanoğlu, Azər Fəraqi, Ağakərim Nafiz kimi yeni qəzəlçilər gəldilər. Mən, əlbəttə, burada onların hər birinin qəzəlləri barədə geniş söhbət açmaq fikrində deyiləm. Amma bu yeni mərhələdə bir məqamı qeyd etmək istəyirəm. Qəzəldə mümkün qədər ərəb və fars dilində olan məlum sözlərdən, ifadələrdən uzaqlaşmaq meyli görsənirdi, bunu əsasən İlqar Fəhmi, Arif Buzovnalı, Yasin Xəlil, Səxavət Talıblı kimi gənc şairlərin, həmçinin Mahcamalın qəzəllərində izləmişik. Bir məqamı da qeyd edim ki, adlarını çəkdiyim bu şairlərdən daha çox Füzuliyə, irfani poeziyaya meyil edən, sufizmi, hürufizmi yetərincə mənimsəyən üç şairin adını xüsusi qeyd etmək istəyirəm. Hacı Ələmdar Mahir, İlqar Fəhmi, Arif Buzovnalı...
2025-ci ilin noyabrında Birinci Qarabağ müharibəsinin iştirakçısı, şair-qəzəlxan Arif Buzovnalı vəfat etdi. Onun qəzəlləri və elmi yaradıcılığı barədə "Arif" adlı məqalələr toplusu nəşr edilib.
Arifin tərtibi və redaktorluğu ilə 2017-ci ildə "Xəzər təzkirəsi" almanaxı nəşr olundu. Bu almanaxda Yazıçılar Birliyi Xəzər bölməsində fəaliyyət göstərən 36 şairin qəzəlləri, müxəmməsləri, təxmisləri toplanıb. Bunun özü Arifə məxsus bir fədakarlıq nümunəsi idi.
Şairlər və yollar
İkinci Qarabağ savaşında da şeir öz missiyasını şərəflə yerinə yetirdi, ürəyi sözlə dolu neçə cavan şairimiz döyüşlərdə həlak oldu, ağır yaralandılar, müharibənin ağrı-acısını yaşayanlar da oldu. Döyüşçü-şair Həsən Kür qayıtdı, şair kimi parlaq bir gələcəyi vardı, amma çox yaşamadı. Həsən Kürün Olumla Ölüm, həyatla dünyaya vida arasında yazdığı şeirlər göstərir ki, o, bir şair kimi öz yolunu artıq qət etmişdi. Bu yol döyüş meydanından başlayıb, ta onun ölüm saatına qədər davam elədi.
Biz irəli gedirik,
Səngiməyir top səsi.
Yaralanan dostumun
Gedib-gəlir nəfəsi.
Şükür, şükür, çox şükür!
Hərdən açır sarğını,
Baxır və gülümsəyir:
"Bu Vətənin uğrunda
Nəsə etmişəm", - deyir.
Həsən Kürün döyüş təəssüratları ilə bağlı yaşadığı reallıqlarla yanaşı, anasının xəmirli əllərindən, yetimlər evində sığınacaqda körpə bir qız uşağının ata-ana həsrətindən, bir də öz taleyindən yazdığı şeirləri oxudum.
Heyif, onun poeziyada yolu çox tez başa çatdı, amma izləri qaldı.
***
2025-ci ilin Azərbaycan poeziyasında bir neçə şair var ki, onların yaradıcılığı haqqında qısaca söz açmaq istəyirəm. Bu da şeirimizdə fərdi üslubca rəngarəngliyin, poetik çoxsəsliliyin varlığını sübut edir.
Qəşəm Nəcəfzadə əksər şeirlərini sakit tonda başlayır. Ancaq bu sakitlik zahirdədir, o şeirlərin havasında - ovqatında sakitliyə etiraz edən hallar çox olur. Qəşəm nədən yazırsa-yazsın, hansı mövzuya müraciət edirsə-etsin, onun poetik təhkiyəsi həmişə daxili həyəcanın (qışqırmaq, birbaşa üsyan eləmək yox) dramatizmi ilə müşayiət olunur.
Əgər müasir Azərbaycan şeirinin xəritəsini canlandırsaq, heç şübhəsiz, o xəritədə Vaqif Bəhmənlinin də "ərazisi" dərhal nəzərə çarpacaq. O, göz dəyməsin, bu gün Azərbaycan şairləri arasında ən çox özünə "əziyyət verən", amma bu əziyyətdən zövqü-səfa duyan şairdir, yəni yorulmaq bilmir, yazır, yazır... Sözüm ondadır ki, bu gün Azərbaycan şeirini Vaqif Bəhmənlisiz təsəvvür etmək bir az çətin olar.
Canım sözün yoludu,
Yol da, söz də uludu.
Ramiz Qusarçaylı. Əgər siz Azərbaycan şeirinin bugünkü durumunu, onun bədii-estetik səviyyəsini müəyyən etmək istəyirsinizsə, müraciət etdiyiniz ilk şairlərdən biri Ramiz Qusarçaylı olacaq.
Heç kim - nə şair dostları, nə də tənqidçilər Vəli Xramçaylıdan - onun qoşma və gəraylılarından, irfan səpkisində yazdığı şeirlərindən söz açmayıb. Ancaq "Ədalət" qəzetinin builki saylarından birində şairə Adilə Nəzər "Dərindən çağlayan çay" adlı kiçik bir yazıda onun şeirlərindən söz açıb, onu Yunus Əmrə ruhunu yaşadan bir şair kimi təqdim edib:
Bir karvanın köçündəsə,
Mən boyda, mən biçimdəsə,
Bu köksümün içindəsə,
Öldü, bir Vəli, bir Vəli.
Əlişirin Şükürlü. İxtisasca riyaziyyatçı olan, amma bir şair-esseist və tərcüməçi kimi də tanınan Əli Şirin Şükürlü elm və poeziya mövzusunda "Ədəbi suprematizm və dünyaya yeni baxış" kitabını nəşr etdirib. O ədəbi suprematizmi intellektual poeziya haqqında nəzəriyyə kimi təqdim edir.
Yolçu yolda gərək. Şəhriyar del Gerani, Fərid Hüseyn, Emin Piri, Ramil Əhməd, Ümid Nəccari, İntiqam Yaşar, Aysel Xanlarqızı, Şəfa Vəli, Xuraman Hüseyn, Səddam Laçın, Fuad Novruzlu, Nargiz, Gülsadə İbrahimli, Ziya Dilsuz, Müşfiq Cəbi, Şahanə Müşfiq, Nigar Arif, Ulucay Akif, Sevinc Yunuslu, Xatirə Nurgül, Oğuz Ayvaz, Aqşin Evrən, Qoşqar Qaraçaylı, Gülnar Ümid, El Roman, Habil RzaNur, Aysel Nəsirzadə, Allahşükür Ağa, Sevinc Elsevər, Təranə Dəmir, Təranə Yusifqızı, Xalid Mahmud, Taleh Mansur, İltimas Səmimi, Ülkər Nicatlı, Günel Şamilqızı, Günay Həsənli, Əfsanə Rəvan, Gülay Tahirli - poeziyamızın son nəslini bu cavan şairlər təmsil edir. Onların əksəriyyəti ilk şeirlər kitabını nəşr etdirib, bəzisi ikinci, üçüncü kitabları ilə oxucuların görüşünə gəlib.
Adlarını çəkdiyim bu şairlərin hər biri haqqında ümid dolu sözlər deyə bilərəm. Ramil Əhmədin adi həyat həqiqətlərini şeirdə - poetik şəkildə ifadə etməsi, Şəhriyar del Geraninin yaddaşla bağlı təəssüratlarının "hərə öz yaddaşı qədər yaşayırmış sən demə" fikrinə istinad etməsi, Səddam Laçının, Şəhanə Müşfiqin, Nigar Arifin, Habil RzaNurun, Aysel Nəsirzadənin, Aysel Xanlarqızının sözü ehya etmək cəhdlərini təqdir edirəm.
Bu şairlərin hər birinin XXI əsr Azərbaycan poeziyasında əbədi iz salacaqlarına inanıram. Və inanıram ki, onların şeirləri XXII əsrə də gedib çıxacaq. Mən sözümü Habil RzaNurun "XXII əsr" şeirindən bu misralarla bitirmək istəyirəm:
O gün görürəm ki,
Bir terrorçu insanların sıx olduğu meydanda
Yeni il fişəngini havaya uçurur.
O gün görürəm ki,
Tankların üstünə "Ambulans" yazılıb.
O gün görürəm ki,
Sonuncu şəhid məzarı qazılıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
