(Mətn ixtisarla təqdim olunur)
Elnarə AKİMOVA
2025-ci ilin ədəbi mənzərəsinə baxanda yalnız nə qədər kitabın çap olunduğunu, neçə tədbirin keçirildiyini, kimlərin mükafat aldığını sadalamaq kifayət etmir. Əsas məsələ budur: 2025-ci il Azərbaycan ədəbiyyatına hansı ovqatı gətirdi, hansı mövzuları önə çıxardı, hansı yaddaş qapılarını açdı, hansı yeni estetik axtarışları gücləndirdi və ən başlıcası, Azərbaycanın sözü dünyaya özünü hansı məcralarda təqdim edə bildi?
İmzalar içində imza olmağın qüruru!
2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" kimi yadda qaldı. Bu siyasi-tarixi çərçivə ədəbiyyatın da düşüncə atmosferindən yan keçmədi. Suverenlik, milli yaddaş, Qarabağa qayıdış, avqustun 8-də ABŞ-də sülh paraflanması, noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad, Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü və bu görüş çərçivəsində qəbul edilən ən önəmli qərarlardan biri olan Türk Dövlətləri Təşkilatı Plus formatının təsis edilməsi, Qərbi Azərbaycan, türk dünyası, ana dili amili, tarixi irsin qorunması və milli kimlik məsələləri müxtəlif səviyyələrdə ədəbi-elmi diskursun mühüm istiqamətlərinə çevrildi.
"Konstitusiya və Suverenlik İli"ndə tarixi-milli yaddaşımızın və irsimizin qorunması istiqamətində bir sıra mühüm addımlar atıldı. Qərbi Azərbaycan torpaqlarına qayıdışla bağlı görülən işləri də eyni kontekst daxilində təhlilə cəlb etmək olar. Bu məsələni dövlət başçısı İlham Əliyev demək olar ki, son altı il ərzində səslənən əksər çıxışlarında ana xətt olaraq önə çəkib. Elə ötən ilin noyabrın 3-də AMEA-nın yubiley nitqində səsləndirdiyi fikirlərdə də Prezidentin eyni mərama köklənməsi sübut edir ki, proses davam edir.
***
Ədəbiyyat tariximizin böyük adları 2025-ci ildə bir daha gündəmə gəldi. Seyid Əzim Şirvaninin 190, Maqsud İbrahimbəyovun 90, Bəxtiyar Vahabzadənin 100, Fikrət Qocanın və Yusif Səmədoğlunun 90 illiyi dövlət səviyyəsində qeyd edildi. Firuzə Məmmədlinin yubileyi isə 2025-ci ildə ədəbi irsin yaşadılması və qadın ədəbiyyatının, ədəbi düşüncənin inkişafında xidmət göstərmiş simaların diqqətə gətirilməsi baxımından əhəmiyyətli hadisələrdən biri kimi qeyd olundu.
Bəxtiyar Vahabzadənin yubileyi isə yalnız Azərbaycan daxilində qalmadı. TÜRKSOY-da "Bəxtiyar Vahabzadənin Anım İli" proqramının açılışı keçirildi, Ankarada onun adını daşıyan məktəbdə yubiley qeyd edildi, Qırğızıstanda şairin seçmə şeirləri qırğız dilində təqdim olundu, "Türk Edebiyatı" jurnalının 2025-ci ildə işıq üzü görən bir sayı Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olundu.
2025-ci ilin mühüm hadisələrindən biri də IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı oldu. 24-31 may tarixlərində Bakıda keçirilən festivalın miqyası göstərdi ki, türk dünyası ilə ədəbi əlaqələr artıq ayrı-ayrı görüşlərdən və protokol tədbirlərindən çıxaraq davamlı mədəni platforma yaratmaq mərhələsinə keçir.
Azərbaycan ədəbiyyatının dünyaya çıxışı baxımından daha bir maraqlı fakt Xalq yazıçısı Kamal Abdullanın "Seçmələrin Seçməsi - Qranulalar" kitabının Almaniyada alman dilində nəşr olunması idi. Kitab Almaniyanın "Epubli-Pem" nəşriyyatında çap edilib, əsəri alman dilinə H.Hermann Kiel tərcümə edib, redaktoru Orxan Arasdır. Nəşr Azərbaycan ədəbiyyatının xarici auditoriyaya çıxışının ənənəvi roman və hekayə tərcüməsi ilə məhdudlaşmadığını, müəllifin düşüncə dünyasının, aforistik və fəlsəfi fikirlərinin də ayrıca təqdim oluna bildiyini göstərir.
Kamal Abdullanın yaradıcılığı 2025-ci ildə başqa bir mühüm nəşrlə də gündəmə gəldi. Xalq yazıçısının "Gizli Dədə Qorqud" kitabı yeni, ümumiləşdirilmiş və genişləndirilmiş variantda çap olundu. İlk dəfə 1991-ci ildə nəşr edilən, 1994 və 2009-cu illərdə əlavələrlə yenidən çap olunan monoqrafiya yeni fəsil, bölmə və əlavələrlə təkmilləşdirildi. Bu fakt həm Dədə Qorqud irsinin müasir elmi düşüncədə yaşadılmasını, həm də klassik mətnə yeni metodoloji baxışların davam etdiyini göstərir. Kamal Abdullanın 75 illik yubileyi ilə bağlı keçirilən tədbirlər və nəşrlər də onun Azərbaycan filologiyası, folklorşünaslığı, nəsri və ümumən çağdaş humanitar düşüncədəki çoxşaxəli fəaliyyətinin yenidən qiymətləndirilməsinə imkan verdi.
***
2025-ci ildə ədəbiyyatla texnologiyanın münasibəti əvvəlki illərlə müqayisədə daha açıq şəkildə müzakirə predmetinə çevrildi. Süni intellekt artıq yalnız texnoloji yenilik kimi deyil, mətnin müəllifliyi, yaradıcılığın mahiyyəti, plagiat, müəllif hüququ, redaktə, tərcümə və hətta "yazıçı kimdir?" sualı baxımından humanitar düşüncənin qarşısında dayanan yeni məsələdir. Ədəbiyyat İnstitutunun da rəqəmsal mühitin qaçılmaz reallıq olduğunu vurğulaması təsadüfi deyil. Humanitar elmlərin rəqəmsallaşması, elektron resursların yaradılması, ədəbiyyatın beynəlxalq səviyyədə təbliğatının artırılması artıq gələcəyin mövzusu deyil, indinin özüdür.
Bəlkə buna görə ötən ilin 1-7 oktyabr tarixlərində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi "Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr edildi. Sərgidə 18 ölkədən 41 beynəlxalq təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti müəssisəsi iştirak etdi. Sərgi çərçivəsində konfranslar, təqdimatlar, imza günləri, müsabiqələr və müxtəlif ədəbi tədbirlər keçirildi. "Texno-insan" mövzusunun kitab sərgisinin mərkəzinə çıxarılması özü təsadüfi seçim deyildi. Ədəbiyyat artıq texnologiyanın qarşısında yalnız müdafiə olunan humanitar sahə deyil, texnologiyanın insanı dəyişdirdiyi bir dünyada insanın daxili səsini qorumağa çalışan düşüncə məkanıdır. Süni intellekt, rəqəmsal yaddaş, virtual mətn, elektron kitab və yeni oxu davranışları ədəbiyyatın qarşısında yeni suallar qoyur. Ədəbiyyatın gələcəyi bəlkə də məhz bu suallara verdiyi cavabdan asılı olacaq.
Tarixi yaddaş və ədəbiyyat tarixi!
2025-ci il həm də ədəbiyyat tarixinin daha sistemli şəkildə yenidən qurulması baxımından məhsuldar oldu. Ədəbiyyat İnstitutunun fəaliyyətində XX əsr Azərbaycan ədəbiyyatının mərhələli və problematik tədqiqi, klassik irsin yeni metodoloji yanaşmalarla araşdırılması, mühacirət ədəbiyyatı, folklor və Qərbi Azərbaycan irsi xüsusi yer tutdu. Qərbi Azərbaycan folkloru, aşıq yaradıcılığı, toponimika və milli yaddaşla bağlı çoxsaylı nəşrlər meydana çıxdı. Bu mənada, "Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı" kitabının, "Qərbi Azərbaycan folkloru"nun növbəti cildinin və "Qərbi Azərbaycan toponimlərinin izahlı lüğəti"nin birinci cildinin nəşri yaddaşın sistemləşdirilməsi baxımından ayrıca əhəmiyyət daşıyır. Burada Qərbi Azərbaycan mövzusu üzərində ayrıca dayanmağa ehtiyac var. Əgər əvvəlki illərdə bu istiqamətdə daha çox siyasi-tarixi və ictimai diskurs formalaşırdısa, 2025-ci ildə onun ədəbi, folklorik, dilçilik və toponimik qatlarının sistemləşdirilməsi daha qabarıq görünməyə başladı. Yəni yaddaş artıq yalnız "nə baş verdi?" sualını vermir; "nəyi necə yadda saxlamalıyıq?" sualını da ortaya qoyur. Bu isə ədəbiyyat üçün olduqca mühüm məsələdir. Çünki tarix faktı qoruyur, ədəbiyyat isə həmin faktın insan yaddaşında necə yaşadığını!
Ötən il Azərbaycan milli mətbuatının 150 illiyinin tamam olması da Azərbaycan publisistikasının, milli ictimai fikrin, dilin və ədəbi düşüncənin 150 illik yoluna yenidən baxmaq imkanı yaratdı. Bu münasibətlə filologiya elmləri doktoru Gülbəniz Babayevanın "Azərbaycan publisistikasının inkişaf mərhələləri (1875-2025)", filologiya elmləri doktoru Vüqar Əhmədin "Milli-ədəbi mühit: Azərbaycanda və tarixi coğrafiyada" kimi tədqiqatlar meydana çıxdı. Uzun illərdir tariximizin qaranlıq səhifələri ilə bağlı ən müxtəlif mövzuları davamlı olaraq, konseptual şəkildə araşdırdıran ədəbiyyatşünas alim, professor Vilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının çapı və təqdimatı isə həm XX əsrin əvvəllərindəki mətbuat fədailərimizin, həm də Zərdabi şəxsiyyəti və irsinin öyrənilməsi, yaşadılması, gələcəyə ötürülməsi yönündə uğurlu addımı ifadə etdi.
Professor Bədirxan Əhmədlinin "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"nin üç cilddə təqdimatı ilin önəmli ədəbi hadisələrindən oldu. Bu cildlərin hər biri XX əsri bütün parametrləri, gücü, ağırlığı, ziddiyyət və mürəkkəbliyi ilə meydana qoyan həcmli, siqlətli iş sayıla bilər. Dərsliyin birinci cildi Azərbaycan milli hərəkat (1890-1920), ikinci cildi Postcümhuriyyət və sovet (1920-1950), üçüncü cildi isə müstəqillik ərəfəsi və müstəqillik (1960-2020) dövrünü əhatə edir. Bədirxan Əhmədli üç cildlikdə bir sıra elmi vəzifələrin həllini gerçəkləşdirir: ilk növbədə, XIX əsrin sonlarından başlayaraq çağdaş dövrümüzün son çərəyinə qədər əhatələnən dövrün ümumi mənzərəsini canlandırır; müxtəlif zaman kəsimlərində və fərqli ideoloji diskurslarla meydana qoyulan mətnlərin oxşar və fərqli cəhətlərini göstərir. Belə hərtərəfli, çoxyönlü baxış bucağı və istiqamətlərində isə zamanın obrazı ilə yanaşı, bu kitabları ərsəyə gətirən araşdırmaçının özünün obrazı görünür.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası seriyasının VIII cildi - Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyasının çapı da ötən ilin ən müqtədir nəşrləri sırasındadır. Ədəbiyyatşünas alim Nikpur Cabbarlının rəhbərliyi ilə şöbənin ərsəyə gətirdiyi digər ciddi nəşrlər kimi, bu cild də fundamental və məsuliyyətli yanaşmanın təzahürü kimi gerçəkləşdi. İlk nəşrindən təqribən 75 il sonra üzü görən bu monoqrafiya nəşrə hazırlanarkən müəllifin dili və üslubu saxlanılıb, ilk mənbədəki mətbəə xətaları düzəldilib. Həmçinin bəlli olmayan səbəblərdən tərcümə edilməmiş farsca bəzi mətnlərin Azərbaycan dilinə sətri tərcüməsi verilib. Cildi nəşrə hazırlayanlar filologiya elmləri doktoru Nikpur Cabbarlı, elmi işçilər Aysel Əfəndiyeva, Lalə Paşayeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, redaktoru Hülya Cəbiyevadır.
Ötən il yazılan və təqdimatı uğurla gerçəkləşdirilən nəşrlərsırasında Azər Turanın kitablarını qeyd etməliyik. 2025-ci ildə Türk Akademiyası Azər Turanın türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq nəzəriyyəsinin müəllifi Əli bəy Hüseynzadənin həyat və irsini araşdıran "Əli bəy Hüseynzadə" kitabını Astanada qazax, Daşkənddə özbək dillərində nəşr etdi. Azərbaycanda isə müəllifin "Ulusu sevmək fənni" və "Salyanlı Qəbulə xanım və I Pyotr" kitabları çap olundu. Sonuncu kitabın tədqimatı ədəbi mühitdə tanınmış fikir adamlarının iştirakı ilə gerçəkləşdi. 1724-cü ildə Salyanı istila etmək istəyən rus qoşununun 500 nəfərlik zabit-əsgər heyətini qətlə yetirən Salyanlı Qəbulə xanım haqqında yazılan bu kitab XVIII əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin psixoloji durumunu, xalqımızın yaşadığı məşəqqətli tale yolu və travma tarixini öyrənmək baxımından nadir nümunələrdən biridir. Bu kiçik tədqiqata XVIII əsr, hətta ondan əvvəlki və sonrakı dövrlərin tarix diskursunun bir faktı kimi baxmaq lazımdır. Qəbulə xanım Azərbaycan tarixinin və mənəviyyatının sirli obrazlarından biridir. Çox təəssüf ki, sovet dövründə Qəbulə xanımla bağlı qaynaqlar yox dərəcəsindədir. Bu mənada, ancaq əlimizdə olan tutarlı faktlara etibar etməliyik. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm"ində, Övliya Çələbinin "Səyahətnamə"sində, Sara Aşurbəylinin kitabında, rus və xarici mənbələrdə bununla bağlı yer alan əsaslı məlumatları tarixin məntiqinə tabe etməliyik. Azər Turan da belə davranır. Tarixin yaşanmış gerçəkliyini gömüldüyü yerdən qazıyıb gün işığına çıxardır. Həm də tutarlı faktlara, məxəzlərə istinad edərək.
***
İl boyu ədəbiyyatın keşiyinin beşiyi başında bir neçə ədəbi orqan və saytlar dayanır: "Azərbaycan", "Ulduz", "Qobustan", "Xəzan" jurnalları, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Yeni Azərbaycan" qəzeti, "Xalq qəzeti", "Kulis.az" saytı və s. Həmçinin müxtəlif elektron portallar, müəllif bloqları və sosial şəbəkələrdəki ədəbi qruplar il ərzində ədəbi prosesin canlılığını saxlayan, yeni imzaları təqdim edən və müzakirə mühitini qidalandıran əsas platformalar rolunda çıxış etdilər. Bu mətbu orqanlar və rəqəmsal platformalar yalnız cari ədəbi axını işıqlandırmaqla kifayətlənmədilər, həm də estetik meyarların qorunmasında, fərqli ədəbi nəsillər arasında dialoqun saxlanılmasında və yeni tendensiyaların formalaşmasında mühüm missiyanı yerinə yetirdilər. Çap mətbuatının ənənəvi akademik dərinliyi ilə elektron medianın operativliyi il boyu bir-birini tamamlayaraq ədəbiyyatımızın ümumi mənzərəsini dolğun şəkildə əks etdirdi.
Cari ədəbi proses: müzakirələr, kitablar
Bütün bu proseslərin fonunda 2025-ci ilin bədii kitab mənzərəsində diqqət çəkən nəşrlər də kifayət qədər çox oldu. Bir qisminin haqqında yazılar da yazıldı, ciddi elmi-nəzəri düşüncənin predmetinə çevrilənlər də az olmadı. Məsələn, bu sıradan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsi "Yeni ədəbiyyatı tanıdaq" layihəsi çərçivəsində ötən il apardığı kitab müzakirələri ilə cari prosesə ən böyük töhfəni verdi. Uzun müddətdir belə müzakirələrdən uzaqlaşan ədəbi mühitimiz üçün bu cür kitab söhbətlərinin, analitik təhlillərin nə qədər gərəkli və faydalı olmasını söyləməyə lüzum yoxdur. AMEA-nın müxbir üzvü, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Tehran Əlişanoğlunun rəhbərliyi və ədəbiyyatşünas-esseist Mətanət Vahidin moderatorluğu ilə baş tutan müzakirələrdə kitab müəlliflərinin və cağdaş prosesin tanınmış imzalarının iştirakı ilə ötən il Vüqar Vanın "Hardasa olardı 13-14 yaşım", İlham Əzizin "Şimşəkdən sonra", Rəvan Cavidin "Gecəni axtaranlar", Cavid Zeynallının "Həmin işıqlı günlər", Qurban Yaquboğlunun "Mən yoxam" və Tər?nə Vahidin "Qarışqa təqvimi" adlı kitabların müzakirəsi baş tutdu.
Bir qism kitablar isə hasilə gəlməsi ilə ardında müzakirə-mübahisə dalğası gətirdi. "Park" nəşriyyatında işıq üzü görən "Müstəqillik dövrünün ən yaxşı hekayələri" və "Müstəqillik dövrünün ən yaxşı şeirləri" topluları belə kitablardan oldu. Əvvəlcə bunu qeyd edim ki, nəsr antologiyasında 33 müəllifin 33 hekayəsinin bir araya gətirilməsi mühüm ədəbi hadisədir və kitab müstəqillik əldə etdikdən sonra formalaşan yeni dövr Azərbaycan ədəbiyyatının müxtəlif nəsillərini və estetik istiqamətlərini bir arada təqdim etmək iddiası kimi ortaya qoyuldu. Sovet sisteminin dağılması ilə yaranan yeni sosial, siyasi və mənəvi reallıqlar Azərbaycan nəsrinin qəhrəmanını necə dəyişdirdi? Ədəbiyyat artıq başqa cür yaşayan, başqa cür düşünən, azadlıq və seçimlə yanaşı, qeyri-müəyyənlik və məsuliyyətlə də üzləşən insanı necə təsvir edir? "Müstəqillik dövrünün ən yaxşı hekayələri" kitabında bu sualların cavabı təzahürünü tapır. Bu mənada kitabı yalnız "ən yaxşı hekayələr" toplusu kimi deyil, həm də müstəqillik dövrü Azərbaycan insanının ədəbi panoraması kimi oxumaq mümkündür.
Poeziya sahəsində də oxşar ümumiləşdirmə cəhdini "Müstəqillik dövrü Azərbaycan poeziyasının ən yaxşı şeirləri" toplusunda görmək mümkündür. Toplunun konsepsiyası 11 şairin hər birindən 11 şeir seçilməsi, ümumilikdə 121 poetik nümunənin bir araya gətirilməsi üzərində qurulub. Kitabda Həmid Herisçi, Salam Sarvan, Rasim Qaraca, Xanəmir Telmanğlu, Səlim Babullaoğlu, Aqşin Yenisey, Sevinc Elsevər, Qismət, Fərid Hüseyn, Şəhriyar Del Gerani və Fəridə kimi çağdaş poeziyanın müxtəlif istiqamətlərini təmsil edən müəlliflərin şeirləri yer alır. Bu seçim müasir Azərbaycan poeziyasının müxtəlif estetik səslərini eyni kitabda qarşılaşdırmaq baxımından maraqlıdır.
Lakin yuxarıda qeyd etdiyim kimi, toplunun "ən yaxşı" adlandırılaraq seçmələrə vurğu salması ədəbi mühitdə mübahisələrə səbəb oldu. Müəllif və mətn seçimi, "ən yaxşı" anlayışının meyarları ilə bağlı müxtəlif fikirlər səsləndirildi. "Park" Nəşriyyatının baş redaktoru Nadir Yalçın isə seçimlərin bir nəfərin və ya bir neçə şəxsin subyektiv qərarı ilə müəyyənləşdirilmədiyini bildirdi. Beləliklə, kitablar yalnız nəsr, yaxud poeziya antologiyası kimi deyil, həm də müasir Azərbaycan ədəbiyyatının hansı müəllif və mətnlər üzərindən təqdim edilməli olduğu barədə estetik müzakirə doğuran layihə kimi əhəmiyyət qazandı.
Çağdaş nəsrin başqa bir diqqətçəkən nəşri Nadir Yalçının "Lal ev" hekayələr kitabı oldu. 2025-ci ildə "Park" Nəşriyyatında çap olunan bu kitab müəllifin ilk hekayələr toplusudur. Nadir Yalçının jurnalistikadan bədii nəsrə gəlməsi onun nəsrində müşahidə və həyat faktının mühüm yer tutmasını şərtləndirən cəhətlərdəndir.
"Lal ev" kitabında əsasən ailə bağları, şəhər həyatı, uşaqlıq illərinin nisgili, insan münasibətləri, inanc duyğuları, daxili tənhalıq, seçim qarşısında qalmaq və mənəvi boşluq kimi məsələlər işlənir, böyük və gurultulu hadisələrdən daha çox, adi həyatın içində gizlənən psixoloji məqamlar ön plana çəkilir. "Balıqçılar" hekayəsi bu baxımdan kitabın uğurlu nümunələrindən biri kimi qiymətləndirilir. Mətndə iki qardaşın düşüncələri və dialoqu üzərindən insan xarakteri, ailə münasibətləri və daxili ziddiyyətlər açılır. Bir də inancların, formalaşmış təsəvvürlərin əslində, yanlış olması qənaəti! İnsan bəzən öz suçunu, taleyin qədərini bəzən hansısa bəhanələrdə arayır. Halbuki əsas amil özünün davranışı, özü üçün qurduğu əxlaq hasarıdır.
Nadir Yalçının hadisələri uzun təsvirlərdən daha çox daxili mükalimə və susqunluq vasitəsilə qurması onun nəsr üslubunun maraqlı cəhətlərindəndir. Bütün hekayələrində qəribə bir məhculluq var. "Səfər müəllimə nəsə olub", "Bir adamın mahnısı", "Yad", "Nina Nikolayevna", "Mən necə evsiz qaldım" hekayələrinin hər birində ayrı-ayrı obraz və motivlər mətnin şüuraltı fonundan çıxarılıb əyaniləşdirilir, yenidən mənalandırılır. İnsan xarakterinin dərinlərində yatan nisgili, xiffətinin gözlə görünməyən tərəfləri canlandırılır, hərəkətə gətirilərək görüntüyə, təsvirə çevrilir. Bu xüsusiyyət ümumiyyətlə Azərbaycan hekayəçiliyində xüsusi yeri olacaq bir hekayənin - "Səfər müəllimə nəsə olub" hekayəsinin estetik mündəricəsində daha yaxşı görünür. İçində Almaniyada yaşayan qızının xiffətini gizli daşıyan, təsəllini Bulvardan bitən "vətəni Almaniya olan" ağacda tapan Səfər müəllimi üçün həmin ağac qızı ilə özü arasında yeganə "bağ" anlamı daşıyır. Nə vaxtsa sökülmə aqibəti ilə üzləşəcəyini bilsə də, ondan bir parça kəsib yaşadığı məhəllədə əkmək istəyi Səfər müəllim üçün qaçılmaz arzuya çevrilir: "O Vətəni Almaniya olan ağacdan bir budaq kəsib götürüb bu məhəllədə bir yerdə əkmək istəyirəm. Necə olar?
Əziz dinməz-söyləməz qulaq asırdı və nə deyəcəyini bilmirdi.
- Amma günorta vaxtı görərlər, imkan verməzlər, - Səfər müəllim davam etdi, - ona görə də budağı o ağacdan gecə vaxtı kəsmək lazımdır, ancaq gecə!"
Əslində belə bir ağac Bulvarda varmı? Nadir Yalçın sonda məhculluq işarəsi yaradır. Amma oxucu üçün bunun artıq əhəmiyyəti də qalmır. Çünki Səfər müəllimin ömür məkanının üfüqlərində o ağac var, mövcuddur, yaşamağa stimul verən ümid nişanəsidir.
Əli bəy Azərinin "İki Zəngəzurlu zabit" romanını 2025-ci ilin yaddaş, müharibə və milli kimlik xəttinində diqqət çəkən əsərlərindən biri kimi dəyərləndirmək olar. Roman Zəngəzur mövzusunu hərbi-siyasi hadisələrlə yanaşı, insan münasibətləri və tarixi yaddaş müstəvisində təqdim edir. 1980-ci illərin sonlarında Qarabağda alovlanan münasibətlər, Zəngəzurda başlayan böyük köç, "Göyçəni, Vedini, Zəngibasarı, Dərələyəzi, böyük-böyük mahalları köçürən" ermənilərin azərbaycanlıları öz tarixi torpaqlarından necə məkrlə uzaqlaşdırması, "Zəngəzurun son dayaq məntəqəsi" olan Nüvədinin də ermənilər tərəfindən zəbt olunması, rus hərbçilərinin ikili oyunları, siyasi məkrlər, Mixail Qorbaçovun baş verənlərə etinasız qalması, kömək gözləyən insanların ümidinin puç olması və s.
"Hər şey təxmini də olsa Azər dediyi kimi baş verdi.
Culfadan Nüvədini erməni yaraqlılarının hücumlarından qorumağa gələn rus hərbçiləri kənd camaatına heç nə demədən səssiz-səmirsiz döyüş texnikalarını da götürüb "Gəmi düzü"nə çəkildilər. Yoldakı şlaqbaumu sökmədilər, açıq qoyub getdilər. Onlara çıxmaq barədə əmr olunub olunmadığını kənd camaatından heç kim soruşmadı. Soruşmağa cürət etmədilər də. Çünki bu hayda deyildilər.
Rus hərbçiləri yuxarıdakı komandirlərinə arxayın olmasaydılar, belə edə bilməzdilər. Onlar dəqiq bilirdilər ki, heç kim heç vaxt "Nüvədini niyə qorumadınız?" deyə soruşmayacaq.
...Ermənilərin dediyi kimi Yerevandan gəlmiş yaraqlılar avqustun səkkizində sübh tezdən hücuma keçdilər. Nüvədidə çox az sayda qalmış tüfəngçilər bu hücumun qabağında duruş gətirə bilmədilər. Zamindar da o biriləri kimi heyvanları ağılda qoyub atışa-atışa kənddən çıxdı.
Beləliklə, axıra saxlanılmış Zəngəzurun son dayaq məntəqəsi də belə işğal olundu".
Əsərin əsas süjet xətti sovet ordusunda birlikdə xidmət etmiş azərbaycanlı və erməni zabitin sonradan Zəngəzur cəbhəsində qarşı-qarşıya gəlməsi üzərində qurulub. Bir vaxtlar dostluğa çevrilən münasibətin sonradan tarixi-siyasi hadisələrin təsiri ilə düşmənçilik vəziyyətinə gəlməsi əsərə ciddi psixoloji qat verir. Burada söhbət sadəcə iki ordunun qarşılaşmasından getmir, tarixin insan münasibətlərini necə dəyişdirdiyi sualı da ortaya qoyulur.
Zəngəzur romanda yalnız coğrafi məkan deyil, tarixi yaddaşın, torpaq anlayışının və milli kimliyin simvoluna çevrilir. Əsər müharibənin bir gündə başlamadığını, onun arxasında illərlə formalaşan siyasi, milli və psixoloji proseslərin dayandığını göstərməyə çalışır. Bu mənada roman yalnız müharibədən deyil, müharibəyə aparan tarixi yoldan da danışır.
Hümbət Həsənoğlunun "Seçilmiş əsərləri" 2025-ci ilin nəşrləri arasında müəllif yaradıcılığının ümumiləşdirilməsi baxımından xüsusi yer tutur. Kitab müəllifin çoxillik yaradıcılıq yolundan seçilmiş nümunələri bir araya gətirir. "Seçilmiş əsərlər" tipli nəşrlərin əsas üstünlüyü müəllif yaradıcılığını ayrı-ayrı əsərlərdən daha bütöv şəkildə görməyə imkan verməsidir. Bu kitabı da Hümbət Həsənoğlunun yaradıcılığının əsas motivlərini, düşüncə istiqamətlərini və estetik baxışlarını ümumiləşdirən nəşr kimi qiymətləndirmək olar. İnsan tənhalığı, ekzistensial yaşantılar, yaddaş, vətən, torpaq və ömür kimi anlayışlar onun yaradıcılıq dünyasının əsas istiqamətlərini təşkil edir. Hümbət Həsənoğlu minimalist hekayələr yazır. Görünür, burada onun aforizm ustası olmasının da xüsusi yeri var. Bütün mətnlərdə poetik bir çalar, şərti-metaforik yanaşma var. Bu xüsusda müəllifin "Abşeron möcüzəsi" hekayəsi çox maraqlıdır.
Hekayədə müəllif yeni və maraqlı bir struktur estetikası seçərək ədəbiyyatla rəsm əsəri arasında semiotik bir bağ qurur. Cəsarətli forma seçərək sənətlərarası əlaqə yaratmaq yolunu tutur. Hekayə ilk baxışda qəhrəmanın günəşi sevmək sevdasından yola çıxdığı təəssüratı doğurur. İş otağı binanın gün tutmayan tərəfindədir və dostunun çəkdiyi günəşli və dəniz mənzərəli tablo ona "günəşi tapmaq" üçün əla vasitədir. Hər şey də bu tablonu otağa asandan sonra başlayır. Şəkil mətnə daxil olur, hərəkətə gətirilir, vizual ünsiyyət yaradılır: "Şəkildə gördüyüm üzüm giləsi çox canlı görünürdü. Ürəyimdə dostum İntiqamın ustalığına əhsən dedim. Qeyri-ixtiyari olaraq barmaqlarımı giləyə uzatdım. İnanılmaz idi, barmaqlarımın ucu ilə gilənin həqiqi olduğunu hiss etdim. Duruxub, əlimi çəkdim. Olay mümkünsüz idi, axı bu, sadəcə rəsm əsəridir"...
Ədəbi yaddaşın retrospektivliyi oxucunu bu qismdə mövcud mətnlərə, indiki halda bizə doğma olan Elçinin məşhur "Qatar. Pikasso. Latur. 1968" hekayəsinə aparır. "Abşeron möcüzəsi"ni də əslində eyni estetik dalğanın içində oxumaq gərəkdir.
Müəllif süjet boyu nigarançılıq və gözlənilməzlik estetikasına əməl edir, hətta oxucunun yazılanlara inanmayacağını da istisna etmir. Kadrarxası yozumlar isə doğrudan da irreal müstəvidədir. Tablodakı boyanın rəngləri qələmin estetik cazibəsinə qarışıb harmoniya yaradır.
Daha bir əsər, İlqar Kamilin "9-cu mərtəbə və ya Muradın iztirabları" romanı müharibə mövzusunun fərdi insan taleyi və psixoloji yaddaş müstəvisində işlənməsi baxımından 2025-ci ilin diqqətçəkən mətnlərindən biridir. "9-cu mərtəbə və ya Muradın iztirabları" əsəri 44 günlük Vətən müharibəsi şəhidi, tank komandiri, leytenant Murad Nağıyevin tale yolunun məktublar əsasında təqdimidir, başqa cür desək, onu Murad Nağıyev haqqında bioqrafik dram da adlandırmaq olar. Çünki daha çox real hadisələrə əsaslanan əsərdə Muradın həyatından da götürülmüş nüanslar yer alır. Ümumilikdə isə, əsərin əsas ideyası müharibə şəraitində qəhrəmanın obrazını yaratmaqdır, əsgər olmağın məsuliyyətini, insani duyğuları, onun savaş reallıqları qarşısında düşdüyü emosional durumu necə yaşamasını, iç təlatümlərini verə bilməkdir.
2025-ci ilin diqqətçəkən nəşrləri arasında Xalq yazıçısı Anarın "2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi" kitabını da qeyd etmək lazımdır. Nəşrdə Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlu kimi adların yaradıcılıq və bioqrafik yaddaşı bir strukturda birləşdirilib. Anarın müxtəlif illərdə yazdığı şeirlərin də daxil edilməsi kitaba ayrıca məna verir: müəllif həm öz ədəbi nəslinin yaddaşını qoruyur, həm də həmin yaddaşın içində öz yazıçı portretini göstərir.
İlin sonunda Anarın "Qatardan qalan adam" kitabının nəşri isə bu yaradıcılıq xəttini davam etdirdi. Kitabda hekayə, povest, ssenari, məqalə, çıxış, şeir, tərcümə və müsahibələrin bir araya gətirilməsi bir yazıçının yaradıcılıq bioqrafiyasını yalnız bir janrın sərhədində deyil, bütöv ədəbi fəaliyyət kimi təqdim edir.
Mirmehdi Ağaoğlunun "Həcc gündəliyi" də ilin diqqət çəkən kitabları sırasında məzmun və janr baxımından fərqli xətt təşkil edir. Gündəlik janrının imkanlarından istifadə edən belə mətnlər səfər təəssüratlarını yalnız coğrafi müşahidələr kimi deyil, insanın daxili düşüncəsi, mənəvi axtarışı və gördüyü dünyanın şəxsi yaddaşda yaratdığı izlər kimi təqdim etmək imkanına malikdir. İki həftəlik Həcc ziyarəti zamanı baş verən vaqeələr, çətinlik və yorğunluqlar, sevgi və həsrət, maraq və heyrət - bütün bu yaşantılar düzümü kitabın süjetini oxunaqlı edən nüanslarla yadda qalır. Amma önəmli olan əsas çalar o müqəddəs torpaqlardakı bütün incəliklərin arxasında dayanan hekayətlərlə motivlənməsidir.
Novruz Nəcəfoğlunun "Köhnə komanın işığı" kitabı da yaddaş amili, zaman və məkan xronotopu, insan taleləri, mental dəyərlərin təcəssümü istiqamətində 2025-ci ilin kitab mənzərəsini tamamlayır. "Köhnə komanın işığı" kitabı müəllifin müxtəlif dövrlərdə qələmə aldığı hekayə və nəsr nümunələrinin toplandığı diqqət çəkən nəşrlərdəndir. Kitab müəllifin torpağa, kənd həyatına, insan mənəviyyatına və səmimi insani münasibətlərə bəslədiyi dərin sevgini özündə əks etdirir. Qəhrəmanları sadə kənd insanları, öz zəhməti, halallığı və daxili aləminin zənginliyi ilə seçilən obrazlardır. Müəllif onların psixoloji vəziyyətini, daxili sarsıntılarını və həyat mübarizəsini incəliklə qələmə alır. Dialoqlar təbii, bədii təsvirlər zəngin, milli kolorit aparıcıdır. Kitabın adında ehtiva olunan "köhnə koma" obrazı sadəcə fiziki bir məkanın simvolik işarəsi olmayıb, mənəvi sığınacaq, uşaqlıq xatirələrinin, saf sevgilərin və mənəvi dəyərlərin rəmzidir. Mətnlərin müxtəlif başlıqlarda təqdimatı onları məzmun polifonizmində dəyərləndirməyə imkan versə də, bu hekayələrin hamısını emosional dinamika və gerçəkliyin təcəssümü birləşdirir. "Bəmbəyaz keçiddə", "Əcəlin kölgəsi", "Kövrək əsintilər", "Hikkə", "Bir ovuc badam", "Köhnə komanın işığı", "Çərçivədəki şəkil" - müəllifin dünya, keçmiş, yaddaşla həsbi-halıdır. Hər şey haşiyəsiz-boyasızdır. Belə məqamlarda tənqidçi Tehran Əlişanoğlunun yazdığı kimi, "illüziyalı yazmır, sadəcə komplekssiz yazır; qələmində sərbəstdir, hiyləsizdir və zamanların dialoqunu faktın sükutundan, bunu fiksə edən bədii sözün təsdiqindən çıxarır"...
Sevgidən yazdığı hekayələrdə isə ("Yalın belində görüş", "Sarı ipək şərf", "Yağışda dayanacaqdakı qadın", "Bu, bir eşq hekayəsi", "Ovcuma qazıdığım ad") Novruz Nəcəfoğlu fərqli struktur seçir, əsas əməliyyatı metarofa üzərində qurur. Yəni, mətnin bir tərəfində predmetin özü, digər tərəfində onun metaforik mənalandırması. Bu ikili təhkiyə ilə oxucunu hadisələrin daxilinə çəkməyi bacarır.
Ötən il haqqında çox yazılan hekayə kimi İmamverdi İsmayılovun "Bayquş və qaravulçu" hekayəsini qeyd edə bilərik. Hekayənin mərkəzində yaşlı qarovulçu ilə onun gecə keşikçiliyi zamanı rastlaşdığı bayquş arasındakı qeyri-adi münasibət durur. İnsanlar arasında adətən düşərsiz və ya nəhs quş kimi qəbul edilən bayquş obrazı müəllifin qələmində fərqli bir tərəfdən - təbiətin təmkinli, müdrik bir parçası kimi təqdim olunur. Müəllif cəmiyyətdə kök salmış xurafatçı baxışlara dolayısı ilə toxunaraq, canlının görünüşünə və ya haqqındakı yanlış inanclara görə atılan addımların yanlış olmasını vurğulayır, buna adekvat olaraq diqqəti insanın öz mahiyyətə yönəldir, nəfs, xeyir-şər başlanğıclarını önə çəkir. İmamverdi İsmayılov gecə atmosferini, sükutun gərginliyini və qarovulçunun daxili həyəcanlarını canlı detallarla tərənnüm edir. Əsərdəki təmkinli bədii təsvirlər oxucuya dərin mənəvi-psixoloji təsir bağışlayır.
Digər kitablar da var əlbəttə. Çağdaş nəsrdə insan psixologiyası və sosial reallığın bədii münasibətini araşdıran Şərif Ağayarın "Rəng mühəndisi" romanı, yeni məna estetikasında birləşən şeir, esse və hekayələr kitabı - Rasim Qaracanın "Boşluq" və "Başqa bir sevgili" kitabları kimi və s.
Poeziyada isə əvvəlki illərdən gələn əsas xətt - vətən, yaddaş, müharibə, insan tənhalığı, sevgi, ölüm, zaman və mənəvi axtarış kimi mövzular öz mövqeyini qorudu. Amma 2025-ci ildə bu mövzuların ifadə formasında daha çox fərdiləşmə hiss olunur. Böyük tarixi hadisənin qarşısında "mən"in taleyi, kollektiv yaddaşın fərdi xatirəyə çevrilməsi, savaşın bitməsindən sonra insanın içində davam edən müharibə kimi mövzular ədəbiyyatın emosional qatını müəyyənləşdirməyə davam etdi.
Bu, əslində, postmüharibə ədəbiyyatının qaçılmaz mərhələsidir. Müharibə haqqında yazmaq başqa şeydir, müharibədən sonra insanın özünü necə hiss etdiyini yazmaq tamam başqa. Ədəbiyyatın qarşısında indi yalnız şəhidlik, qəhrəmanlıq və Zəfər obrazlarını yaratmaq deyil, Zəfərin insan psixologiyasındakı nəticələrini də göstərmək vəzifəsi dayanır. Qələbədən sonrakı sükut, qayıdışın sevincinə qarışan xatirələr, itkilərin ailə yaddaşında yaşaması, doğma torpağa qayıdan insanın öz keçmişi ilə üzləşməsi - bunlar qarşıdakı illərin ədəbiyyatı üçün hələ tam işlənməmiş böyük mövzu xəzinəsidir.
Bu baxımdan 2025-ci ilin ədəbi prosesində Qarabağ mövzusu əvvəlki mərhələdən fərqli olaraq tədricən "müharibə ədəbiyyatı" çərçivəsindən "yaddaş və qayıdış ədəbiyyatı" mərhələsinə keçməkdədir. Bu keçid vacibdir. Çünki ədəbiyyat yalnız qələbəni tərənnüm etməklə kifayətlənməməli, qələbənin insan taleyində yaratdığı yeni mənəvi reallığı da araşdırmalıdır. Bu mənada, Şərif Ağayarın "Qayıdış" hekayəsi haqqında danışmağa əsas verir.
"Qayıdış" hekayəsi müharibə haqqında yeni elegiyadır. Azad edilmiş yurd yerlərinə qayıdan, viran qoyulmuş evlərinin xarabalıqları içərisində gəzib dolaşan, orda öz keçmişini - uşaqlığını, yaddaşını, gülüşünü axtaran insanın yaşadığı sarsıntıların bədii poetik əksidir. Şərif müharibədə itmiş bir insanın taleyi timsalında tifaqı dağılmış bir ailənin faciəsini sərgiləyir. Hekayədəki ən maraqlı məqamlardan biri obrazın ruhi dəyişməsi prosesidir ki, bu da insan psixologiyasının nisbiliyi - şərait və vaxtla motivləşməsi ilə bağlıdır. Amma bütün fərqli ovqat çalarının alt qatında çözümsüz kədər yatır. Bəli, qayıdış elə də asan olmayacaq! Bəs necə olacaq? Bəlkə də, Şərifin də, elə ədəbiyyatımızın da yeni nəsri məhz bu sualı cavablandırmaq imkanlarından doğulacaq.
Apokaliptik dünyada sənətin gücü
Bu gün ədəbiyyatın qarşısında ən böyük təhlükələrdən biri mətn bolluğu içində həqiqi ədəbi mətnin seçilməsinin çətinləşməsidir. Sosial şəbəkələr hər kəsə yazmaq imkanı verir, amma hər yazanı yazıçı etmir. Ekranda görünmək ilə ədəbiyyatda qalmaq arasında böyük məsafə var. 2025-ci ildə də bu məsafə özünü göstərdi. Bir tərəfdə sürətli istehlaka hesablanmış qısa mətnlər, digər tərəfdə zamanın sınağından keçmək iddiasında olan ciddi bədii mətnlər dayandı.
Dünyada isə 2025-ci il ədəbiyyatın yenə də böhranlar, yaddaş, zorakılıq, kimlik və insanın mənəvi sərhədləri haqqında danışdığı il oldu. Ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçısı Laslo Krasnahorkaiyə "apokaliptik terrorun ortasında sənətin gücünü bir daha təsdiqləyən" əsərlərinə görə verildi. Bu seçim təsadüfi görünmür: dünyanın siyasi və mənəvi gərginliklərlə dolu olduğu bir vaxtda Nobel yenə ədəbiyyatın insanı qaranlıqdan keçirmə gücünü önə çıxardı.
2025-ci ilin Pulitzer mükafatının bədii ədəbiyyat nominasiyasında qalib Percival Everettin "James" romanı oldu. Mark Tvenin "Huckleberry Finn" əsərinə yenidən baxan roman Jim obrazına yeni səs verir, irqçi iyerarxiyaları sorğulayır və Amerika klassikasını başqa bir baxış bucağından yenidən qurur. Bu fakt dünya ədəbiyyatında klassik mətnlərlə polemikanın, kanona yenidən baxışın və susdurulmuş obrazlara söz qaytarmağın hələ də güclü tendensiya olduğunu göstərir.
Beynəlxalq Buker mükafatında isə daha maraqlı bir hadisə baş verdi: Banu Muştaqın Kannada dilindən Deepa Bhasthi tərəfindən tərcümə edilən "Heart Lamp" (Qəlb çırağı) hekayələr toplusu qalib gəldi. Bu, mükafat tarixində ilk dəfə hekayə toplusunun qalib olması idi. Eyni zamanda Kannada dilindən tərcümə edilən ilk qalib kitab və Deepa Bhasthinin mükafatı qazanan ilk hindistanlı tərcüməçi olması da diqqətəlayiqdir. Burada 2025-ci ilin dünya ədəbi mənzərəsinin əsas istiqamətlərindən biri aydın görünür: ədəbiyyatın coğrafiyası genişlənir, böyük ədəbiyyat yalnız ingilis, fransız, alman və ispan dillərində yaranmır, tərcümə getdikcə dünya ədəbi sisteminin mərkəzi mexanizminə çevrilir.
Banu Muştaqın hekayələrində Cənubi Hindistandakı patriarxal mühitdə qadınların və qızların həyatı, dini və sosial təzyiqlər, kasta, hakimiyyət və hüquq məsələləri işlənir. Yəni dünyanın müxtəlif coğrafiyalarında yaşayan insanların lokal taleləri qlobal ədəbiyyatın ortaq dilinə çevrilir.
2025-ci ilin Buker mükafatı David Szalayın "Flesh" romanına verildi. Roman insan həyatına bədən və fiziki təcrübə prizmasından yanaşır, Macarıstandan Londona uzanan sosial təbəqələri və insan münasibətlərini izləyir. Bu seçim də çağdaş dünya nəsrində insanın sosial kimliyindən çox onun bədən, yaddaş, tənhalıq və həyatın fiziki reallığı ilə münasibətinin önə çıxdığını göstərən nümunələrdəndir.
Pulitzerin "James" romanına, Beynəlxalq Bukerin "Heart Lamp"a, Bukerin "Flesh"ə, PEN/Faulknerin Garth Greenwellin "Small Rain" əsərinə, Women's Prize for Fiction mükafatının isə Yael van der Woudenun "The Safekeep" romanına verilməsi dünya ədəbiyyatında bir neçə paralel xətti göstərir: tarixi yenidən yazmaq, susdurulmuş səsləri üzə çıxarmaq, fərdi yaddaşı böyük tarixi travmalarla bağlamaq, qadın təcrübəsini mərkəzə gətirmək və bədii formanın sərhədlərini genişləndirmək!
Deməli, dünya ədəbiyyatında 2025-ci ilin əsas sözü "insan" olub. İnsan artıq yalnız qəhrəman deyil, travması, bədəni, yaddaşı, kimliyi, cinsi, sosial mövqeyi, tarixi ilə birlikdə mətnə daxil olur. Azərbaycan ədəbiyyatında da eyni prosesin izlərini görmək mümkündür. Bizdə də "böyük ideya"dan "fərdi insan"a, kollektiv yaddaşdan şəxsi xatirəyə, tarixi hadisədən onun psixoloji nəticəsinə keçid güclənir.
Bu il Azərbaycan ədəbiyyatının elmi tərəfi üçün daha bir əlamətdar hadisə AMEA-nın 80 illiyi oldu. Ədəbiyyat İnstitutunun fəaliyyəti göstərdi ki, klassik irsin öyrənilməsi ilə çağdaş ədəbi prosesin araşdırılması arasında paralel xətt qorunur. Bir tərəfdə Nizami, Füzuli, Seyid Əzim, digər tərəfdə müasir roman, poeziya, rəqəmsal ədəbiyyat və yeni metodologiyalar. Ədəbiyyatşünaslığın əsas vəzifəsi də məhz bu iki sahə arasında körpü yaratmaqdır.
Amma 2025-ci ilin ədəbi mənzərəsini itkilərdən danışmadan tam təsəvvür etmək mümkün deyil.
Xalq yazıçısı Elçinin, şairlərdən Məmməd İsmayıl və Arif Buzovnalının, ədəbiyyatşünas alimlər - Nəzakət Məmmədli, İradə Musayeva, Pərvanə İsayeva, Nizaməddin Şəmsizadə, Sevər Cabbarlının vəfatı ədəbi-mənəvi fikir həyatımızın itkilərindən oldu.
Bu itkilərin fonunda dünya ədəbiyyatı da 2025-ci ildə böyük adlarla vidalaşdı. Nobel laureatı Mario Varqas Lyosa 89 yaşında vəfat etdi. Latın Amerikası ədəbiyyatının "boom" nəslinin ən böyük nümayəndələrindən biri olan Lyosa roman, esse və dramaturgiya sahələrində XX əsr dünya ədəbiyyatının istiqamətini dəyişən adlardan idi. Onun ölümü yalnız Peru və Latın Amerikası üçün deyil, dünya romanının böyük bir mərhələsi üçün simvolik sonluqlardan biri kimi qiymətləndirilə bilər.
Və son!
Ötən günlərdə dəyərli fikir adamı Sərraf Balaxan sosial şəbəkədə çox vacib bir məqama vurğu etdi: "Ölkəmizdə kitab müəllifi olmaqla bağlı qızğın mübarizənin getdiyinə şahidlik edirik. Bu mübarizə əsasən pandemiya dövründə başladı və hazırda ən yüksək səviyyəsinə çatmışdır. İctimai, siyasi, hüquqi, tarixi, iqtisadi, mədəni, dini və fəlsəfi mövzuda mübarizə daha kəskin hal almışdır. Bəzən bir müəllif il ərzində 5-7 kitab çıxarmaq zirvəsinə qədər dırmaşa bilmişdir".
Müəllif ironiyasında haqlıdır. Bizim qazancımız məhz bunun əks istiqamətində atılan addımlarda görünəcək. Bəli, bu gün klassiklər yenidən nəşr olunur, elektron məlumat bazaları yaradılır, Azərbaycan ədəbiyyatı xarici milli kitabxanalarda ayrıca bölmələr qazanır, türk dünyası ilə ədəbi əlaqələr dərinləşir, yeni kitablar çap olunur, gənc müəlliflər üçün müzakirə və nəşr imkanları artır, ədəbiyyatşünaslıq beynəlxalq elmi dövriyyəyə çıxmağa çalışır. Amma bütün bunlarla yanaşı, özümüzə daha çətin suallar verməyin vaxtıdır. Biz çox kitab çap edirikmi? Bəli. Bəs həmin kitabların neçəsi ədəbi hadisəyə çevrilir? Çoxlu tədbirlər keçiririkmi? Bəli. Bəs həmin tədbirlərdən neçəsi ədəbi düşüncənin istiqamətini dəyişir? Gənc müəlliflər yetişirmi? Bəli. Bəs onların neçə nəfərinin əsəri zamanın sınağına davam gətirəcək? Ədəbiyyatımız xaricdə görünürmü? Getdikcə daha çox. Bəs dünya oxucusunun diqqətini özünə çəkəcək böyük əsər yaratmaq məsələsində hansı mərhələdəyik?
Ədəbiyyatın inkişafı yalnız kitab sayının artması ilə ölçülmür. Ədəbiyyatın əsl inkişaf göstəricisi böyük mətnlərin meydana gəlməsidir. 2025-ci il bizə bu həqiqəti bir daha göstərdi. Bizim böyük yaddaşımız var. Böyük klassiklərimiz, böyük ədəbi məktəblərimiz, böyük tariximiz var. Amma ədəbi arsenalımızın böyüklüyü gələcəyin ədəbiyyatını avtomatik yaratmır. Keçmişə sahib çıxmaqla yanaşı, gələcəyin dilini də tapmaq lazımdır.
Bu gün Azərbaycan ədəbiyyatının qarşısında məhz belə bir vəzifə dayanır: Qarabağ Zəfərini yalnız tarixi hadisə kimi deyil, insan taleyi kimi yazmaq, Qərbi Azərbaycan yaddaşını yalnız siyasi tezis kimi deyil, insan hekayələri, folklor, dil, toponim, ailə yaddaşı və bədii obrazlarla əbədiləşdirmək, türk dünyasını yalnız siyasi-mədəni birlik kimi deyil, ortaq ədəbi düşüncə məkanı kimi görmək, süni intellekt əsrində insanın sözünü, müəllifin fərdiliyini və bədii yaradıcılığın sirrini qorumaq!
2025-ci ildə dünya ədəbiyyatı bunu bir daha sübut etdi. Kannada dilində yazılmış qadın hekayələri dünyanın ən nüfuzlu tərcümə ədəbiyyatı mükafatlarından birini qazandı. Macar əsilli yazıçı ingilisdilli ədəbiyyatın ən böyük mükafatlarından birinə layiq görüldü. Mark Tvenin klassik romanı yeni bir baxışla yenidən yazıldı. Nobel isə qaranlıq və apokaliptik dünyanın içində sənətin gücünü önə çıxardı.
Deməli, dünya ədəbiyyatı sərhədləri dağıdır. Biz də öz sərhədlərimizi - yalnız coğrafi deyil, estetik, janr, düşüncə və tərcümə sərhədlərimizi genişləndirməliyik.
Bəlkə də 2025-ci ilin Azərbaycan ədəbiyyatına verdiyi əsas mesaj budur: artıq yalnız özümüz haqqında yazmaq kifayət etmir, özümüzü dünyaya oxutmağın dilini də tapmalıyıq. Çünki milli ədəbiyyatın həqiqi böyüklüyü onun öz içində nə qədər tanınmasında yox, başqa bir insanın, başqa bir xalqın, başqa bir coğrafiyanın oxucusuna öz tarixini, ağrısını, sevincini və sevgisini tanıda bilməsindədir. Baxtinin sözləri ilə desək, "özgə mədəniyyət yalnız başqa mədəniyyətin gözü ilə özünü dərindən göstərir".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
