İsa HƏBİBBƏYLİ
Ədəbi prosesin İkinci Qarabağ müharibəsindən sonrakı illəri əsasən Zəfər diskursu üzərində köklənmişdir. Bu, ədəbiyyatda təbii bir prosesin ifadəsidir. Otuz illik işğaldan sonra Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Dəmir Yumruğu ilə qazanılmış tarixi Zəfərin qeyri-adi həyəcanını, sevincini, ədəbi-tarixi əhəmiyyətini ədəbiyyat bir ilə yaşayıb başa çatdıra bilməz. Uzun sürən işğal dövrünün az qala ümidsizlik, bədbinlik ifadə edən dekadans ədəbiyyatının yaratdığı mənəvi məyusluqdan sonra qələbə həyəcanının nə qədər güclü bir dalğa olduğunu nəzərə alsaq, ədəbiyyatda Zəfər diskursunun ən müxtəlif bədii formalarda hələ bundan sonra da davam edəcəyi, bu mövzuda yeni-yeni əsərlərin meydana çıxacağı tam təbiidir. İldən-ilə keçdikcə ədəbiyyatda Zəfər diskursuna münasibətdə müşahidə olunan əsas fərq bu möhtəşəm tarixi hadisənin emosional tərənnümündən dərk olunmuş dəyərləndirilməsinə doğru inkişaf edən proseslə əlaqədardır. Artıq Azərbaycan ədəbiyyatı Qarabağ Zəfərindən həyəcanlı və təntənəli tərzdə, pafoslu bədii ifadədən təmkinli düşünülmüş dəyərləndirmələrin üstünlüyü istiqamətində inkişaf etməkdədir. Bu proses təbii olaraq Zəfər hadisəsini yaxşı mənada mədh etməkdən, vəsf etməkdən dərk və şərh etməyə doğru bir təmayüllə səciyyələnir. Fikrimizcə, prosesin dərinləşməsi və genişlənməsi Zəfər poeziyasından Qələbə romanına səmtlənən bir meyli qüvvətləndirmişdir. Son illərdə Qarabağ mövzusunda yazılmış hekayə və povestlərin, romanların daha çox nəzərə çarpması həmin prosesin ədəbiyyatda epik təsvirlərə doğru üz tutmaqda olduğunu göstərməkdədir. Artıq müşahidə olunur ki, bütün hallarda Azərbaycan ədəbiyyatı Qarabağ Zəfərinin və Böyük Qayıdışın romanını doğmağa hamilədir...
Bununla yanaşı, ən son illərin ədəbiyyatında Zəfər diskursu ilə müqayisədə məhz həmin anlayışın davamını əks etdirən Böyük Qayıdış ideyasının güclənməkdə olduğu nəzərə çarpmaqdadır. Azərbaycan ədəbiyyatının Böyük Qayıdışı Qarabağın yenidən qurulması və köçkünlərin doğma torpaqlara qayıdışı ilə eyni vaxtda, həm də Vətən müharibəsinin hərbi-tarixi hadisələrinin və proseslərin təbii şəkildə təsvir və tərənnüm edilməsinə doğru daha geniş məzmuna malik fərqli meyilli əks etdirir.
Bu proses ən çox poeziyada və publisistikada hiss olunmaqdadır. Hazırkı mərhələdə Azərbaycan şeiri xalq şairi Sabir Rüstəmxanlının ədəbiyyata gətirdiyi "Qələbə tvitləri" müjdələrinin poetikləşdirilməsinə dair borcunu ödəməklə yanaşı, həm də Zəfər fəlsəfəsinin mahiyyətini mənalandırmağa daha çox meyillənmişdir. Eyni zamanda, Azərbaycan ədəbiyyatı bugünkü quruculuq proseslərinin vüsəti haqqında bədii şəkildə söz açmağın mücadiləsi içindədir. Zəfəri tərənnüm etməklə müqayisədə Qarabağdakı Böyük Qayıdışın, quruculuq proseslərinin əsl təbii və səmimi, obrazlı poeziyasını yaratmaq daha böyük istedad tələb edir. Son illərin poetik nümunələri göstərir ki, Azərbaycan poeziyası Böyük Qayıdışın şeirini yaratmağın dilini tapmışdır. Belə ki, Böyük Qayıdış şeirlərində ilk növbədə düşmən tərəfindən dağıdılmış, xarabaya çevrilmiş Qarabağdakı yeni həyatın inkişaf ritmlərinin, torpağa və insana münasibətdəki dağıdıcılıq və qəddarlıqla quruculuğun, yeni həyat gətirməyin müqayisəsindən doğan mənəvi münasibətlərin tərənnüm edilməsi aparıcılıq təşkil edir. Eyni zamanda, bu torpaqlarda yaşamış insanların xatirələri ilə indiki həyəcanlarının poetikləşdirilməsi də poeziyada yeni söz deməyə imkan yaradır. Bu mənada cavan nasir Samirə Əşrəfin "Açılmayan çətir" hekayəsində deyildiyi kimi, "Keçmiş gələcəyə bağlıdır. Dünyanın harasına gedirsən-get, fərqi yoxdur, keçmişin ən vəfalı köməkçiləri olan xatirələr, yaşantılar, mütləq sənin qabağına çıxıb gözlərini qırpmadan sənə baxacaqdır". Böyük Qayıdış ədəbiyyatı "keçmişin ən vəfalı köməkçiləri" olan xatirələri və yaşantıları" bu günün və gələcəyin istinad nöqtəsi kimi alaraq, insan və zaman haqqında bədii sözün real hekayətlərini yaradır.
Əlamətdar haldır ki, poeziya və publisistika ilə müqayisədə nisbətən "ağır təbiətə" malik olan ədəbiyyatın nəsr qolu da artıq Böyük Qayıdış mövzusunda ilk addımlarını atmağa başlamışdır. 2025-ci ildə çap olunmuş hekayələrdə Böyük Qayıdışın əks-sədasının müasir cəmiyyət və yeni insan kontekstində təsvir edilməsi ölkəmizin reallıqlarının "nasiranə" təqdimatının cəlbedici yaşantılarından biridir. Nəsrin baxışı Qarabağ müharibəsi ilə üzvi əlaqədə Böyük Qayıdışın "xarakterini açmağa", yəni bədii obrazlar və hadisələr vasitəsilə Böyük Qayıdış proseslərinin mahiyyətinin üzə çıxarılmasına doğru addımların atılmasına üz tutmuşdur. Böyük Qayıdışın nəsri qətiyyən publisistikanın təqdim etdiyi köç, məskunlaşma, sevinc və minnətdarlıq hisslərini deyil, xatirələrin və həsrətin işığında keçmişi təsvir etməklə yanaşı, bugünkü Böyük Qayıdışın mənəvi-psixoloji anlarını da göstərməyə ünvanlanır. Hətta yenidən doğma torpağa Qayıdışdan sonrakı yurd yerlərinə uyğunlaşmanın yaratdığı ovqat da nasirlərin süzgəcindən keçirilir. Ona görə Böyük Qayıdışla əlaqədar poeziyadakı fraqmentallığı nəsrdəki monumentallıq əvəz edir.
Təsadüfi deyildir ki, artıq 2025-ci ildə təsvirlərində müharibə və Zəfər mövzusu ilə yanaşı, Böyük Qayıdış ruhu olan romanlar da meydana çıxmışdır. Azərbaycan nəsri Qarabağ müharibəsi, tarixi Zəfər və Böyük Qayıdış mövzusuna insan talelərinin geniş epik təsvirlərinin təqdim olunması kimi konseptual mövqedən yanaşaraq bədii ümumiləşdirmələr aparır. İlham Tumasın "Məbəd döyüşləri" romanında Azərbaycanın milli qəhrəmanı Natiq Qasımovun igidliyi Azərbaycan əsgərinin taleyi və şərəfi miqyasında geniş epik planda oxucuya çatdırılır. Şəmil Sadiqin "Odərlər" romanının yenidən işlənilməsi sayəsində meydana çıxmış "Zəfər yolu" romanı Qarabağ hadisələrini və Böyük Qayıdışı yaşayan insanları mifoloji baxışla, tarixi yaddaşla və müasir reallıqla bir yerdə, üzvi əlaqədə təqdim etməsi ilə səciyyələnir. Bu əsərdə müasir hadisələrə və proseslərə reallıqla magik baxış üz-üzədir. Orijinal cəhətlərini dərhal hiss edən ədəbi tənqid də haqlı olaraq "Zəfər yolu" romanını "yeni bir roman təcrübəsi nümunəsi" kimi dəyərləndirmişdir. Səxavət Məmmədin hərbi jurnalistin müharibə gündəlikləri kimi təqdim etdiyi "Savaş və duman" romanı da forma və məzmun baxımından fərqlənən nəsr əsəridir. Əsasən realist üslubda yazılmış romandakı sentimental-psixoloji məqamlar bu əsəri Böyük Qayıdış ədəbiyyatının orijinal əsərləri sırasına çıxarır. Əli bəy Azərinin "İki Zəngəzurlu zabit" romanı ilə Böyük Qayıdış ədəbiyyatının sənədli romanı meydana çıxmışdır.
Fikrimizcə, istedadlı və təcrübəli yazıçı Aqil Abbasın "Rəmiş" povesti Böyük Qayıdış ədəbiyyatının ən uğurlu əsərlərindən biridir. Yazıçının gerçək həyat hadisələri əsasında yazılmış "Rəmiş" povesti adi insanların gündəlik məişəti vasitəsilə insanlararası münasibətlərin incəliklərinin, cəlbediciliyinin, düşündürücü olmasının ifadə edilməsinin əyani nümunəsidir. Əsərin qəhrəmanı Rəmişlə dialoq ətrafdakı məişət hadisələrindən tutmuş, ədəbi-mədəni mühitə, ictimai-siyasi hadisələrə qədərki bütün məsələləri açıb göstərməyə imkan yaradır. Bu mənada ilk baxışda adi məişət planında təqdim edilən Rəmiş yazıçının əsas fikirlərinin daşıyıcısı olan rezenyor surətdir. Aqil Abbas Qarabağ mühiti, müharibə, köç, Böyük Qayıdış, mərdlik və namərdlər haqqında fikirlərini Rəmişin sözü və gözü ilə ifadə edir. Hesab edirik ki, "Rəmiş" povesti Qarabağ haqqında ümumiləşdirilmiş epik təsəvvür yaradan 2025-ci ilin ən uğurlu əsərlərindəndir. Aqil Abbasa və Rəmişə məxsus olan yumorun təbii vasitələrlə təqdim edilməsi povestin daha canlı, koloritli, oxunaqlı olmasını şərtləndirmişdir. Bütün bunlara görə Aqil Abbasın "Rəmiş" povestini 2025-ci ilin Böyük Qayıdış ədəbiyyatının mühüm ədəbi hadisəsi adlandırmaq olar.
Böyük Qayıdış dövrünün hekayəsi də ideya-məzmun və bədii-sənətkarlıq cəhətdən özünü təqdim etməkdədir. Xalq yazıçısı Anarın "Qatardan qalan adam" hekayəsi müstəqillik qazanmış ölkəmizin dünyaya açılmış ictimai-mənəvi mühitində özünü axtaran qəhrəmanın daxili həyəcanlarının, tənhalıqdan xilas olmaq üçün yaşadığı gərgin hisslərin təsviri və nəhayət, həyatının faciəli sonluğu insana və zamana yeni münasibətin canlı bədii təzahürüdür. Bu mənada "Qatardan qalan adam" hekayəsi Böyük Qayıdış dövrünün ədəbiyyatında insana qayıdışın fərqli bədii ifadəsidir. Anar XXI əsrdə yeni ictimai münasibətlər sistemində insana fərqli münasibəti ifadə edən hekayələrini "Qatardan qalan adam" adı ilə kitab halında təqdim etməsi ilə "Qatardan qabaqda gedən yazıçı" olduğunu bir daha təsdiq etmişdir. Xalq yazıçısının publisistikasında da Böyük Qayıdış yeni insanın taleyi və baxışları ilə üzvi əlaqədə oxuculara çatdırılmışdır.
Hekayə janrının təkamülü baxımından Şərif Ağayarın istedadla yazılmış "Qayıdış" hekayəsi 2025-ci ilin Böyük Qayıdış mövzusunda yazılmış Azərbaycan hekayələrinin epiqrafı hesab oluna bilər. Bir çox hekayələrdə isə Böyük Qayıdış Qarabağ mövzusunun sədlərini aşaraq, milli kimliyə, soykökə, xatirələr dünyasına, yaşanan labirintlərdən çıxmağa doğru daha geniş təsəvvürləri özündə cəmləşdirir. Bu mənada Böyük Qayıdış ədəbiyyatı tarixlə müasirliyin, keçmişlə bu günün üzvi əlaqəsini və vəhdətini əks etdirib ümumiləşdirən böyük ədəbiyyat mənasını ifadə edir. Xalq yazıçısı Kamal Abdullanın "Seçmələrin seçməsi - Qranulalar" kitabının ölkəmizdə və xaricdə əks-səda doğurması onun xüsusi diqqət yetirdiyi yazıçı və şairlərin ədəbi irsindən və öz yaradıcılıq dünyasından seçmə hekayətləri deyil, seçmə fikirləri və ideyaları ədəbiyyatın aparıcı mövqeyinə çıxarması ilə əlaqədardır. "Şeytan işi" hekayəsində də seçilmiş obrazın həyatın çətinliklərindən keçərək başlanğıc nöqtəsinə qayıdışı mənəvi saflaşma - katarsis proseslərinin uğurlu bədii təqdimatından ibarətdir. Orxan Fikrətoğlunun "Pandemik mələk" hekayəsində isə mövzusundan asılı olmayaraq, XX əsrin əvvəllərinin klassik nəsr ənənələrinə, Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin satira və yumor dərslərinə yaradıcı şəkildə qayıtmaqla yeni dövrün mətləblərinin ifadə olunması hadisəsi baş vermişdir.
İmamverdi İsmayılovun "Bayquş və qarovulçu" hekayəsini tərəddüd etmədən 2026-cı ilin ən yaxşı hekayələrindən biri adlandırmaq olar. Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq bu hekayədə Bayquş müsbət obraz kimi təqdim olunmuşdur. Bu, Böyük Qayıdış ədəbiyyatının ənənəvi mövzuya və obraza yenidən qayıdışın bənzərsiz bədii təzahürü olan mükəmməl hekayə nümunəsidir. Eyni zamanda, Mahirə Nağıqızının "Mənim çəkmələrim" hekayəsi də Qarabağ mövzusunda yazılmasa da, Böyük Qayıdış ədəbiyyatı nümunəsi hesab oluna bilər. Fikrimizcə, Qərbi Azərbaycana qayıdış da Böyük Qayıdışın üzvi tərkib hissəsi hesab edilməlidir. Mahirə Nağıqızının Qərbi Azərbaycana dönüş mövzusunda qələmə alınmış "Mənim çəkmələrim" hekayəsi Qərbi Azərbaycan mövzusunda yazılmış ən yaxşı Böyük Qayıdış ədəbiyyatı nümunəsidir. Şamil Ənvəroğlunun "Yaşanmayan ömürlər" romanında vaxtilə Qərbi Azərbaycandan deportasiya olunmuş insanların Qarabağ savaşında iştirakının fonunda Böyük Qayıdışın mahiyyətinin yeni çalarları ifadə olunmuşdur.
Çox geniş mənada Elçin Hüseynbəylinin "Gültəkin xaqan" romanı da tarixə və soykökə, milli kimliyə Qayıdışın epik təsvirlərinin böyük masştabda bədii təqdimatından ibarətdir. Bu romanla Böyük Qayıdış anlayışının miqyası daha da genişlənmişdir. Göründüyü kimi, 2025-ci ilin Azərbaycan nəsri Böyük Qayıdış ədəbiyyatının fərqli istiqamətlərini, yeni təzahürlərini bədii ədəbiyyat meydanına gətirməklə ədəbiyyatın məcrasını dəyişmiş, ədəbiyyata yeni mövzular və süjetlər, fərqli obrazlar daxil etmişdir. Bunlar isə, Böyük Qayıdış ədəbiyyatı haqqında bədii söz deməyə, təhlillər və müqayisələr aparmağa imkan yaradır. Bu mənada bədii nəsr 2025-ci ildə Böyük Qayıdış ədəbiyyatının əsas barometri və lokomotiv funksiyasını yerinə yetirmişdir.
Azərbaycan dramaturgiyası da 2025-ci ildə Böyük Qayıdış ədəbiyyatına öz töhfələrini vermişdir. Digər ədəbi növlərlə müqayisədə nisbətən ləng inkişaf edən dramaturgiya 2025-ci ildə sözün əsl mənasında fəallıq göstərmişdir. Kamal Abdullanın "Beyrək", "Quşları yemləmək vaxtı", İlqar Fəhminin "Şahnamə", Əli Əmirlinin "İki aktrisa üçün baş rol", "Pərdəsiz", İsmayıl İmanın "Bayquşların üstünə işıq düşmür", "Hadisələr burulğanı", Eminin "Əlil kreslosundan uçuş" və sair kimi pyeslər dramaturgiyamızın artıq "burulğandan" çıxaraq yola düşdüyünü nümayiş etdirir. Yaxşı cəhətdir ki, 2025-ci ilin dram əsərləri sırasında Böyük Qayıdış ədəbiyyatına dair əhəmiyyətli sənət əsərləri də meydana çıxmışdır. Abdulla Qurbaninin "Məbəddə döyüş", Cavad Zeynallının "Evimiz" pyesləri Böyük Qayıdış ədəbiyyatının uğurlu dramaturgiya səhifələridir. Qaynar müharibə cəbhələrində olmuş, hərb meydanlarının içindən çıxmış Abdulla Qurbaninin "Məbəddə döyüş" pyesi sənədli dramın yaddaqalan nümunəsidir. Cavad Zeynallı isə "Evimiz" pyesi ilə Azərbaycan ədəbiyyatını dram-reportaj janrı ilə yeniləşdirmişdir. Pyesdə birbaşa döyüş səngərlərindən verilən reportajlar müharibənin təbii ritmlərinin səhnədə canlandırılmasına yol açır. Beləliklə, müstəqillik dövrü Azərbaycan dramaturgiyası da Böyük Qayıdış mövzusunu açıq səhnədə canlandırmaq baxımından öz borcunu verməyə başlamışdır. Fikrimizcə, fəlsəfi ümumiləşdirmələri deyil, müasir həyatı əks etdirən konkret hadisələri və süjetləri əks etdirmək, tamaşaçıya dövrün hərbi-siyasi hadisələrindən nəticə çıxarmaqda bələdçilik etmək Böyük Qayıdış dramının əsas xüsusiyyətlərini təşkil edir.
Beləliklə, artıq Azərbaycan ədəbiyyatının bütün janrlarında Böyük Qayıdış ədəbiyyatının yaddaqalan, təsirli və əhəmiyyətli əsərləri yaradılmaqdadır.
Bütün bunlar ən yeni dövr Azərbaycan ədəbiyyatında Böyük Qayıdış dövrü ədəbiyyatının başlanmasının ilk anonslarıdır. Azərbaycan ədəbiyyatı yeni tarixi epoxanın geniş və ümumiləşdirilmiş ədəbi salnaməsində Böyük Qayıdış ədəbiyyatının daha sanballı yer tutması uğrunda yürüşünü davam etdirəcək, ədəbiyyatımızın əhəmiyyətli əsərlərlə zənginləşdirilməsinə xidmət edəcəkdir.
Böyük Qayıdış ədəbiyyatı - müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ilk mərhələsinin yekunu, yeni tarixi dövrünün başlanğıcıdır. Müstəqillik dövrü Azərbaycan şeiri və hekayəsi antologiyalarının məhz bu ildə - 2025-ci ildə meydana çıxması da özünəqədərki ədəbiyyatın nailiyyətlərinin mühüm ədəbi nəticəsi, həm də yeni başlanmaqda olan Böyük Qayıdış hərəkatının müqəddiməsidir.
Böyük Qayıdış ədəbiyyatı - Azərbaycan ədəbiyyatının bütün ədəbi növlər və janrlar üzrə yeni inkişaf magistralına çıxması deməkdir.
Böyük Qayıdış ədəbiyyatı - yeni tarixi epoxanın yeni ədəbiyyatı mənasını əks etdirir.
Böyük Qayıdış - yeni tarixi dövrün böyük ədəbiyyatının proqramı və bələdçisidir.
"Ədəbi proses-2025" Böyük Qayıdış ədəbiyyatının elmi təqdimatı, nəzəri dərki və şərhidir.
21 oktyabr 2026-cı il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
