Roman təcrübəsinə dair... (Aydın Talıbzadənin romanları haqqında) - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Qalaq-qalaq cildlər çıxır, haçansa oxunmaq ümidiylə... Amma onların çoxu oxunmadan köhnəlir, arxivə yollanır (sovet dövründə başqa bir təcrübə vardı: oxu üçün ac olan insanlar ən məzmunsuz əsərləri belə gözlərinə təpirdilər, bilə-bilə ki, bundan nəsə alınmayacaq...), yaşamaq şansı qeyb olur.

Ciddi məsələ nədir? Nasirlərimiz içində doğrudan ustalar var. Ancaq çoxu nə yazacağını, onu necə və niyə, hansı ehtiyac naminə yazacağını sanki bilmir. Bunu dəqiq bilməklə oxucu ünvanına yetişmək olar. Belə təsəvvür edin: usta dediyimiz bilir ki, romanın mərkəzində ideyalar, yaxud konsepsiya durmalıdır, bunu eləyir də, amma elə bir ciddiyyətlə ki, yazı roman olmazdan qabaq quruyur, şirəsizləşir.

Əyani izah edək: yaxında görkəmli sənətşünas Aydın Talıbzadənin romanlarını oxudum. Nə xoşuma gəldi? Konsepsiya ətrafında oyun qurulması, həmin o ciddiyyətin ortadan qalxması... Ortada bir konsept varsa, zatən bundan böyük ciddilik olmaz; sən, yəni nasir elə oyun içində olmalısan ki, konsepsiya bütün gizlinlərini üzə çıxarsın. Bu isə nəsr mətninə teatrallıq bəxş edir; nəsr mətni dramaturgiyasız və teatrsız quru bədəndir.

Bir dəfə "kulis.az"dan 7 müəllifin nəsr mətni ətrafında yazdım, onlardan ən cavanı mənə göndərdiyi mətnlə nə demək istədiyini, hara göndərmə elədiyini izah edirdi. Həm də nəyi, hansı klassiki dekonstruksiya maşınından keçirdiyini. Dərhal anladım: bu adam yazıçı deyil və olmadı da... Ən gözəli bu oldu ki, adam özü başa düşdü və bu savaşdan sağ çıxdı. Bunu anlamayıb hər gün sağ canına odlu güllə yeyənlər var.

Nəsr təcrübəsi həmişə sıfırdan, həmişə sanki yenidən başlayır. Baxın, milli nəsrin müxtəlif dövrlərdə keçdiyi mərhələlərə: hər addım əvvəlkini danır, yaxud onun davamı olmur. Bu qalaq-qalaq mətnin içində bir neçəsi sıyrılıb çıxır və milli nəsr ənənəsində yolayrıcı, yaxud yolgöstərən işarə rolunu oynayır. Məsələn, Mirzə İbrahimovun "Gələcək gün" romanı. Bizim filmlərimizdə olduğu kimi, nəsrimizdə də işarəyə çevrilmiş adlar var: bayaq adını çəkdiyimiz romandan Pərvanə, "Göylər adamı", "Açıq kitab", "Bir gəncin manifesti". Daha sonra "Dostluq qalası", "Buz heykəl" və sair. "Nəsimi" filmində rejissor nə qədər ədəbi mətndən qopmağa, o qanadlı sözlərdən yayınmağa çalışsa da, onlarsız mümkün olmayıb. Bütün filmlərdə bədii mətnin içindən uçub gələn qanadlı cümlələr meydan sulayır.

Aydın Talıbzadənin iki romanında - "Abuhübb" və "Ramana"da əsl teatr oynanılır. Bu iki ciddi mətndə insan talelərinin qəlbinə hopmuş faciə hər fəsildə bir üzünü göstərir, roman təhkiyəsinin ritmi bütün hiss-həyəcan dalğalarını bir nöqtəyə cəmləyərək bütöv mənzərə yarada bilmişdir. Bu romanlarda bütövlükdə teatr səhnəsi canlandırılıb: pərdələr açılır və söz, roman sözü pardaqlanaraq bütün enerjisini faş edir. Süjet o qədər gərgin templə irəliləyir ki (xüsusən "Ramana" romanında), oxu prosesində fikrən geri-irəli "addımlaya" bilirsən. Bu temp oxucuya hansı imkanı bəxş edir: fərziyyələr qurmaq, süjetin içindəki dolanbacları gəzib-dolaşmaq, təhkiyədəki inandırıcılıqdan faydalanıb bunu fantastikaya çevirmək.

Oyun prosesinin sürəti necə idarə olunur? Elə bir şəkildə ki, adi məişətdə inanmağın mümkün olmadığı nəsnələri həqiqət bilirsən. Beynində, fikrində belə bir ideya pardaqlanır ki, bu hadisələr hansısa əlyazmaya nəzər yetirilərək oxunur və yazılır - fikrən oxunur və sükut içində yazılır. Buna görədir ki, oxucu cümlələri oxuyub səsli düşünə bilir. Romanlarda bu səbəbdən çox qəribə ovqat yaranır. Müəllif ən inanılmaz pasajlara, ən inanılmaz hadisələrə istinad edir, yazır, irəliləyir, bizim heç inana bilmədiyimiz şeyləri həqiqət xanalarına düzür. Aydının təhkiyəsində əsas təsvir vasitəsi həm də inanılması mümkün olmayan nəsnələri dilləndirməkdir. Müəllif təbiət mənzərəsinə yer vermir, sözlə hiss və duyğuların hərəkətini, axın və dinamikanı təsvir edir. Bayaq dediyim əlyazma mətninin kənarlarında naxışlar çəkir - həm də müxtəlif kalliqrafik işarələrlə. Bir mətni, gözünün önünə gətirilən mətn təsvirlərini ən müxtəlif yozumlarda təqdim edir; fikrimizcə, bu, postmodern estetikanın doğurduğu texniki, texnoloji vasitələrdən biridir.

Romanda Bakı bir məskən - bir mədəni ərazi kimi insanları, onların dünyaya və gerçəkliyə münasibətləri ilə birgə təsvir edilir. Həm də təsvir sözündən, təsvirin özündən vaz keçilir; Bakını müəllif özü yaradır. Sanki bu günə - bu roman yazılana qədər mövcud olmayan bir şəhər - məskən, qədim yurd yeri kimi. Burada mədəni qapalılıq və açıqlıq eyni ölçülərdə hərəkət edir: əsl oyun aşiqlərinin gözündə yerin, yurdun təsviri qismən götürülərək kətan üzərinə yaxılır, ora müəllif yuxu və irreallıq elementlərini əlavə edir; şəhər, mühit, mədəni mühit oyunun içindən görünür.

Ağarza nərdin divanəsidir; "nərd və eşq onun həyatının mənasıdır" - demək çox azdır. Onun nəslinin başqa bir nümayəndəsi nərdi bir oyun kimi araşdırır, başqa bir nümayəndəsi eyni eşqlə ölümün üstünə atılır. Roman boyu hər kəs qarşıdan gözünə görünən xəyalların, od-alovun içinə boylanır. Bir gün bunun içində qarsılanacağını sövq-təbii bilir, duyur və buna hazırlaşır.

Roman təcrübəsinə dair düşünəndə, əsas məsələ fikrimizcə, hadisələrin nəql edilməsində deyil, gerçəkliyin hansı üsulla yenidən yaradılmasındadır. Roman yazmaq dünyada baş verənləri ardıcıl şəkildə danışmaq, insanları müəyyən situasiyalara salmaq, sonra da onların başına gələnləri bir-birinin ardınca düzmək demək deyil. Bu, hər şeydən əvvəl, gerçəkliyin görünməyən tərəflərinə müdaxilə etmək, hadisələrin içində gizlənmiş mənaları üzə çıxarmaq cəhdidir. Ancaq bu cəhdin özü də təhlükəlidir: müəllif əvvəlcədən hər şeyi bilirsə, qəhrəmanlarının taleyini, hadisələrin sonunu, hətta oxucunun hansı nəticəyə gələcəyini qabaqcadan müəyyənləşdiribsə, romanın nəfəsi daralır. Ədəbiyyatın sirri elə buradadır ki, yazı prosesində müəllifin özü də bilmədiyi bir əraziyə daxil olur.

Müasir romanlarımızda hadisə xəstəliyi var - fakturanı çiy-çiy təqdim etmək mərəzi. Bu nələrə səbəb olur: həyatımıza, taleyimizə dəyən zərbələri görməzdən gəlmək və bədiiliyin öldürülməsi. Bədiilik bölünməyən bir nəsnədir, əsərin hər bir nöqtəsində çarpsa da, əsərin bütöv mətnində ehtiva olunur.

Bu baxımdan, romanın ən mühüm xüsusiyyətlərindən biri gözlənilməzlikdir. Aydının romanları bu döngələrlə doludur və əslində onlarla nəfəs alır. Söhbət yalnız süjetdəki qəfil dönüşlərdən getmir. Bəzən bir cümlənin içində, bir obrazın susmasında, yaxud heç bir xüsusi əhəmiyyət daşımırmış kimi görünən detalda elə bir məna açılır ki, mətnin əvvəlki hissələrini də başqa cür oxumağa başlayırsan. Romanın daxili arxitekturası məhz bu cür qurulur: hər detal öz yerində dayanmaqla kifayətlənmir, başqa detallara doğru hərəkət edir, onların mənasını dəyişdirir. Oxucu da bu hərəkətin iştirakçısına çevrilir. O, sadəcə oxumur, həm də oxuduqlarının arasında əlaqələr qurur, müəllifin bilərəkdən açıq saxladığı boşluqları öz təxəyyülü ilə doldurur.

Aydın Talıbzadənin romanlarında diqqəti çəkən cəhətlərdən biri də budur: mətn oxucunu hazır qənaətlərin rahatlığına buraxmır. Əksinə, onu daim şübhələnməyə, yenidən baxmağa, gördüyünün arxasında başqa bir həqiqətin gizlənə biləcəyini düşünməyə məcbur edir. Burada teatrallıq yalnız hadisələrin təqdimat üsulu deyil, insanın öz həyatını necə oynadığını, öz taleyinə hansı rollar vasitəsilə yaxınlaşdığını göstərən bədii prinsipdir. İnsan bəzən özünü oynadığı rolun içində itirir, bəzən isə həmin rolun saxta olduğunu anlayanda belə, ondan çıxa bilmir.

Əsl roman təcrübəsi də bu sərhəddə başlayır: insanın özünü tanımaq istəyi ilə özündən gizlənmək ehtiyacı arasında. Yazıçı bu ziddiyyəti aradan qaldırmamalı, əksinə, onun bütün gərginliyini mətnin daxilində yaşatmalıdır. Çünki həyatın özü də həmişə izah olunmur, hər hadisənin arxasında aydın səbəb dayanmır, insanın daxilindəki ziddiyyətlər isə çox vaxt heç bir məntiqi nəticəyə gəlmir. Romanın işi bu qarışıqlığı səliqəyə salmaq deyil, onun içindəki mənanı, ritmi və hərəkəti tapmaqdır.

Bəlkə də buna görə yaxşı roman bitəndə tamamlanmır. Son səhifə çevrilir, kitab bağlanır, ancaq mətn oxucunun daxilində öz həyatını davam etdirir. Bu, ədəbiyyatın ən çətin qələbəsidir: yazılan sözün müəllifdən ayrılaraq başqa bir şüurda yenidən doğulması. Romanın yaşamaq şansı da məhz buradan başlayır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!