Səksən min tərifə, səksən min sözə, səksən min təbrikə yaraşır Anar - Aydın Talıbzadə

Mən hansı bir insana Anarı bənzədim ki?

Anar heç kimə bənzəmir.

Hərçənd mən bir vaxtlatr Anarı ruhən bənzədirdim Elektron Yevdokimova (Georgi Natansonun "Bir daha məhəbbət haqqında" filminin qəhrəmanına), Bulat Okucavanın mahnılarına, Vladimir Vısotskinin "Yüksəklik" filmində oynadığı alpinistə, "Sovremennik" teatrına. Anarda mən Çingiz Aytmatovun qaya kimiliyini, Nodar Dumbadzenin inqilabçılığını, Oljas Süleymenovun "əlifbasını" görürdüm.

Gün keçdi.

Anar heç kimə bənzəmir.

Anar dövrünün simvolik şəxsiyyəti, kulta çevrilmiş şəxsiyyəti idi. Üzeyir Hacıbəyli kimi, Səməd Vurğun kimi. Anar 60-cı illərdə XX əsri yaşantıların dilində azərbaycancaya tərcümə eləyirdi: zamanı azərbaycanlılara azərbaycanca anlatmağa çalışırdı.

Gün keçdi.

Anar dəyişmədi. Anar xırdalanmadı, ovulub qəlpələnmədi: bənzədi bir qocaman dağa ki "dəryada durar".

Anar millətin sözüdür, səsidir, düşüncəsidir.

Anar Azərbaycan ədəbiyyatının qapısıdır.

Anarı çox sevirlər: sevə-sevə onu mifləşdirirlər.

Ola bilsin ki, məndən sonra gələn nəsillər mənim kimlərləsə qiyasladığım, mənim dəyərləndirdiyim Anarı mənim kimi görməsinlər: Anarı təkcə yazıçı Anar, təkcə dramaturq Anar, təkcə Yazıçılar Birliyinin sədri Anar bilsinlər. Vəssalam. Bilməsinlər ki, Anar bunların hamısından daha uca bir mövqedə qərarlaşır. Bilməsinlər ki, millət bir zamanlar özünü məhz Anarda tanıyıb. Bilməsinlər ki, keçən əsrin 60-cı illərində Orxon-Yenisey abidələri, Dədə Qorqud, Qobustan bu millət üçün Anardan başlayıb, Anarla identifikasiya olunub, Anarda şəxslənib, Anarda şəxsiyyət statusu alıb.

Gün keçdi.

İndi mən Anarı Sfinksə bənzədirəm, Azərbaycan ədəbiyyatı ehramının Sfinksinə. Səksən il Sfinksə nə eləyə bilər ki? Zaman ehramlardan, ehramlar Sfinksdən qorxur. Sfinks üçün "Gün keçdi" heç vaxt heç bir məna kəsb eləmir. Sfinks əbədiyyətin elementidir. Əbədiyyət Sfinksdə fraqmentləşir.

Gün keçdi və səksən yaşın ən böyük təbriki Günel Anarqızıdan gəldi: o, ssenari müəllifi olduğu sənədli filmində atası üçün səksənin ardını sifariş elədi, "Sizsiz"i Anara "Sizinlə birgə" modusunda qaytara bildi və mən bu filmdə gördüm ki, Anar yenə elə həmin Anardır ki var! Ömrünüz uzun olsun Anar, ardı da, Günel demiş, yaşanılsın! Biz buna yalnız sevinərik!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!