Şeirin dilləri və yolları (Əvvəli ötən saylarımızda) - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

Tərlan Əbilov şeir deyir:

 

Varaq olmadığından

yuxumuzu ərşə çəkir

yoxluq.

Yoxa çıxıb

quşların çəkildiyi göy üzü,

yoxa çıxıb

pərdəsi çəkilmiş pəncərələr.

Damımızın altında

su basmış döşəmədir yer.

Sulu boyadır gözlərin...

Sabah-sabah

ən gözəl rəsm əsəridir

çəkdiyin ah...

 

Ənənəvi poeziyada intonasiya naxışları lirik axın yaratmaq üçün şeir ölçüsü ilə (məsələn, yambik pentametr) paralel işləyir. Səsin melodik şəkildə yüksəlib-enməsi şeirin tempini və ritmini tənzimləyir, dinləyicinin diqqətini saxlayır, bəndlər və ya sezuralar (misradaxili fasilələr) kimi struktur bölümlərini bəlli edir.

Şairlər oxucunun diqqətini misradakı ən mühüm sözlərə yönəltmək üçün intonasiyadan istifadə edirlər. Müəyyən hecalara ton vurğusu (məntiqi vurğu) tətbiq etməklə şeirin ritmi dəyişir və diqqət tematik obrazlara, ikiqat mənalara və ya süjetin əsas dönüş nöqtələrinə çəkilir.

Durğu işarələri yazıda budaq cümlələri və cümlələri bir-birindən ayırdığı kimi, intonasiya da şifahi nitqdə dil vahidlərini qruplaşdırmağa və ayırmağa kömək edir. O, oxucuya misranın sonunda (enjambement/sözün növbəti misraya keçməsi zamanı) nə vaxt fasilə verəcəyini və ya fikrin nə vaxt tamamlandığını nümayiş etdirir; beləcə, nitqin qarışıq və fasiləsiz olmasının qarşısını alır, aydınlığı təmin edir.

Poeziyada gərginlik, sürpriz və ya qeyri-müəyyənlik yaratmaq üçün çox vaxt intonasiya bilərəkdən idarə olunur. Tondakı fərqliliklər şeirin hərfi mənası ilə onun altındakı daha dərin məna arasındakı təzadı vurğulaya bilər və nəticədə auditoriyanın əsərlə qurduğu emosional bağı daha da gücləndirir.

Dünyada dərindən-dərinə öyrənmək istədiyin, həyatda, ömür boyu yan keçmək istəmədiyin nələr varsa, poetik mətn, poetik olan hər şey bunları oxuyan kimi sənə öyrədir, öyrədir və unutdurur (sayğacda saxlayır...) və beləliklə, sən hər şeydən şüuraltında xəbərdar olursan. İnsan həyatdan şüuraltına çəkilən körpünün üstüylə addımlayır... "Deja vu" məsələnin də buna dəxli var hardasa. Jak Derridanın "Poeziya nədir?" məqaləsində şeir, poeziya haqqında çox gözəl fikirlər səsləndirilir...

Şeir, gözəl bədii mətn həmişə kənardan gəlir, Derrida demişkən, dilin sərhədlərini keçir, məhz həmin anda biz o gözəl mətnlə təmasda ola bilirik. Bu mənada Aşıq Ələsgərdən tam xəbərsiz qalmaq mümkün deyildir. Çünki o mətnlər bu dilin sərhədlərini çoxdan keçib, nüfuz etmədiyi yer qalmayıb...

Şeirin təbiətində elə şeylər var ki... məsələn, onu mən yazsam da, mənim nəfəsimlə qızınsa da, onu mən yox, bir başqası imzalayır. Onu ürəyinə çəkən hər bir oxucu imzalayır. Bu imzalar dərdin, iztirabın açdığı şırımın özüdür, amma tanınmır. Yox olub gedir, yenidən dünyaya gələndə, torpağın üstünə düşəndə kimsə onu tanımır. Dünyada bir bəndlik şeir var ancaq, hər dəfə yeni donda gəlir, hər dəfə təzələnir.

Şeirin ən yaxşısı hələ yazılmayanı, qələmə alınmayanıdı. Ən yaxşı şeirlərsə həmin yazılmayanlara bənzədiyinə görə, onların şəkli olduğuna görə gözəldi.  Haykular və bizim bayatılar məhz belə bir qənaətin dürüst göstəricisidir. Sosekidən:

 

Şiddətli soyuq

Gavalı çiçəklərini öpürəm

Xəyal içində

 

Ən gözəli:

 

Qürubdan sonra

Günəş qayıdır

Qağayıların qanadında           

 

Bayatıdan:

 

Bilsəydim ayrılıqdı,

Öpərdim gözlərindən...

 

Ən gənc şairlərdən biri haqqında - Azər Xanlar.

Şeirin ən yaxşısı hələ yazılmayanı, qələmə alınmayanıdı. Belə deyirlər. Ən yaxşı şeirlərsə həmin yazılmayanlara bənzədiyinə görə, onların şəkli olduğuna görə gözəldi. 

Ədəbiyyat tariximizdə orta çağa qaranlıq əsrlər deyirdilər və bütün mülahizələr bu deyimin ətrafında formalaşırdı. Səhv fikirdi. Qaranlıqda o dərəcədə gözəl mətnlər yazıla bilməzdi. Hər şeydən qabaq ona görə ki, şeir, bədii mətn gerçəkliyin qanunlarına qarşıdır, poeziya müxalifət olduğu zaman ədəbiyyatdı, bütün qara-qorxularla, bütün ictimai sifarişlərlə paralel addımlayanda ədəbiyyat deyil, sadəcə söz-söhbətdi. 

İnsan poeziyada, bədii mətndə içində, öz içində azdığı və o "tələdən" çıxdığı məqamı görür və bunu ifadə edə bilir. Şairə başqa bir seçim verilmir. Bizdə bu anlamda ən çox seçim verilənlər aydındır: Füzuli, aşıq Ələsgər, Seyid Əzim, Əli Kərim, Səməd Vurğun və sair...  Şair var bircə deyimi şeir düzümünə salmaq üçün gəlir, kitablar bağlayır, həmin deyim o kitabların qəbiristanlığında itib-batır. Halbuki o deyim səni axtarmaqdan yorulacaqdı... Deyəcəyin sözü hiss edib, vaxtında ifadə eləmək və çıxıb getmək böyük ustalıqdı.  

Şair obrazı var, ta qədimlərdən formalaşaraq bu günə adlamış bir obraz, elə bir nəsnə ki, qabaqlar insan bunu açıqca söyləməkdən nəinki çəkinər, hətta gizlədərdi. Gizlətmək məhrəmlik anlayışıyla bağlıdır, yəni, şairlik elə bir şeydir ki, dedikcə, səsləndirdikcə üstündəki "şeh" dağılır, sehri itir və ortada fasiləsiz danışan, söz deyən, sözlə oynayan adam qalır. XX əsrin sonlarından bu günə qədər adamlar daha çox sözlə oynayırlar.

Azərin şeir yazdığını bilmirdim. Bir gün bu sirr açıldı.

Oxudum və aşağıdakı sətirləri yazdım. Həm Nizami Gəncəvi yada düşdü:

 

Himmətlə get, çünki ömür ayaqdan ləngdir...

Hava tozludursa, toz ilə barış,

Dərman tapılmasa, dərdinlə barış,

Rüzgarın loğmanı ovsun satandır...

 

Bu aura Azərin kitabındakı əksər yazıların üz tutduğu, əsaslandığı bir nəsnədir. Həm də bunu nəzərə çarpdırmadan.

Baxın:

 

İlahi, bu nə dünyadır?!

Sevinc də, qəm də ağladır.

Gəlmişəm şikayətinə,

Bəndən bəndəni ağladır...

Yollar sıxır ayağımı,

Əllərim göyün altında.

İlmə-ilmə toxunmuşam,

Qalmışam düyün altında.

Gözlər yaxşı ki var hələ,

Dərdi töküb yumaq olur.

Ömür illərə bükülür,

Açılmayan yumaq olur.

 

***

İntonasiya nədir və nə iş görür? Bu suala hər bir şairin yaradıcılığı üzrə cavab vermək mümkündür. Əvvəlcə bunu bilək: şeir qəfil gəlir, qəfil peyda olur, belə olduğu üçün səni hardan yaralayacağını bilmirsən. İntonasiya forma məsələsidir, İntonasiya duyğuların, hiss və fikirlərin oxucuya, belə deyək, dünyanın kənarından onun içinə, ürəyinin başına ötürülməsinin əsas vasitəsidir. Derridanın fikrincə, şeir, yəni qəfildən ruhun bir parçası kimi gələn hava dilin sərhədlərini keçib ona müdaxilə edir. Dünyanın və dilin sərhədlərini vurub keçən şeir odlu, alışıb yanan meteor kimi soyumalıdır ki, dünya və dilin qaydalarına öyrəşsin. Bu qaydalara öyrəşən kimi şeir mətni oxucuya həmin duyğuları ən son və kəskin bucaq altında çatdırır. Şeirin hökmən pərdəarxası olur. Bütün gərginliklər o pərdənin arxasından bilinir. Şeirin yaranması, dilin sərhədlərini keçən duyğu selinin dilə çevrilməsi prosesi az qala bir teatr tamaşası kimi oynanılır. Siz buna görə hər bir gözəl şeirin əvvəlki halını, hansı klassik tamaşaya bənzədiyini sezə bilərsiniz.

Şeir oxunduqda, yaxud eşidildikdə, onun müəllifinin tanınması sırf intonasiya məsələsi ilə bağlıdır. Və bu praktika bir çox digər məsələlərin də ortaya çıxmasına yardımçı olur. Bəzən bu şəkildə oxunan mətnlərin müəllifi ya bilinmir, ya da səhv salınır. Bu, bir tərəfdən, dinləyən şəxsin bilgisizliyi, yaxud şeirə az hissiyyatı olmasıyla bağlıdırsa, digər tərəfdən, müəllifin intonasiyasının çox zəifliyinə dəlalət edir. Bəxtiyar Vahabzadənin şeirinin tanınmasında iki nəsnə -  mətnin məzmunu və ağır musiqisi əsas rol oynayır. Elə leksik fond var ki, Bəxtiyar o sözlərdən tez-tez istifadə edir və bu sözləri təqdim edən intuitiv musiqi mətnə vurulan müəllif damğasını nişan verir.

Bizdə XX əsrin əvvəllərində Cəfər Cabbarlı imzası da daxil olmaqla (və daha çox ona şamil olunmaqla), yazılan şeirlərə baxın, şeir dünyaya teatr tamaşası kimi gəlir, oynanılır, ən uzun şeir sonda bir-iki kəlməyə, yaxud misraya çevrilir. Amma şeirin, şeir məninin teatr tamaşasına çevrilməsi üçün onun fərqli, sırf şairə xas intonasiyası olmalıdır. İntonasiya şeirdə şairin imzasıdır, oxucu üçün isə şeirin, misralararası vadidən eşidilən səsdir. Şeiri oxuduqda, oxucu həmin səsi hiss etməlidir. Cabbarlının səsini eşitməsəydik belə, bu gün "Ana", yaxud "Azad bir quşdum" şeirini, yaxud mənim çox sevdiyim "Ölkəm" şeirini oxuyanda bir anlıq onun səsini hiss edirik, eşidirik. Amma təəssüflər olsun ki, bu gün bizim poeziyada çox sayda səssiz şeirlər var, yaxud səsini itirmiş şeirlər.

Ən müasir poeziyada bu baxımdan vəziyyət necədir? Uzun bir ömür yaşamış Nəriman Həsənzadənin şeirlərini dinlədikdə, yaxud oxuduqda, onun müəllif səsini, üslubunun "barmaq izini" görürükmü? Poeziya aləmi, ümumən bədii mətn yaradıcılığının bir sıra psixoloji və professional çətinlikləri var. Ömürboyu eyni səviyyədə - eyni yüksək vurğular üstündə şeir yazmaq çətindir; barmaq izləri tam itib getməsə də.  Yaxud Ramiz Rövşən yaradıcılığı. Onun şeirlərinin dildən-dilə gəzdiyi vaxtlar keçib gedib. İndi mühit içrə bu şeirlər sakit şəkildə oxunur. Hətta onun opponentləri də yetişib. Ramiz isə gah bir-iki yeni mətnini təqdim edir, gah da cavanlıq şeirlərini.

Ümumən götürdükdə, bədii mətnlərin ədəbi nəsillər üzrə yaranma prosesini nəzərdən keçirdikdə, poeziyada bir durğunluq hökm sürür. Sanki çox ağır bir prosesdən sonra çökən sükut hamının əl-qolunu bağlayıb, hamının ən yaxşı mətni keçmişdə qalıb.    

Müharibə yenicə bitib, amma insanların hissiyyatında, duyğu və qavrayışlarında davam edir:

Jurnalist Mintac Elsevərin Birinci Qarabağ savaşında şəhid olan qardaşına ithaf etdiyi şeir:

Qeyd edək ki, Əliyev Elsevər Allahverdi oğlu 1992-94-cü illərdə Birinci Qarabağ müharibəsində taqım komandiri olub.

 

35 ilin şəhidinə...

 

Eşidirsən?!

Sevinirsən?

Ruhun şaddı?

Axı müharibə bitibdi.

Amma anan

həm vətənlə,

həm səninlə

rabitəni kəsibdi...

Xatırlamır o nə səni, nə vətəni,

xatırlamır, hətta ölümünü sənin.

Yanındakı doğmaları qarğıyır

və kiminləsə rabitəsiz danışır...

Eşidirsən?!

Azadlıqdan səslər gəlir!

Əsgərlərin çəkmələri asfaltın bağrın yarır...

Anan isə kiminləsə rabitəsiz danışır...

Sonra, himnin səsi səmalara yayılır.

Anan isə ara-sıra pəncərədəki

            o bayrağa boylanır,

başındakı yaylığını tez-tez açır-bağlayır

Və kiminləsə rabitəsiz danışır...

Eşidirsən?!

Eşitmirsən?

Bəlkə elə, anan səninlə danışır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!