Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında xüsusi yeri olan Mirzə İbrahimov və Mir Cəlal Paşayevin həyat və fəaliyyətinə məhz milli düşüncənin inkişafında əvəzsiz rolu olan iki böyük yazıçımız prizmasından baxmaq lazımdır. Onların yaradıcılıqlarını hansısa üstünlük meyarı ilə müqayisə etmək nə doğru, nə də ki, zəruridir. Əksinə, bu iki böyük yaradıcımızın fərqli fəaliyyət istiqamətlərini, ortaq milli qayğı və düşüncələrini və Azərbaycan cəmiyyətinə miras qoyduqları mənəvi dəyərləri birlikdə nəzərdən keçirmək daha geniş təsvir və mənzərə yaradır.
Əlbəttə ki, bu müqayisədə diqqətimizi çəkən ən vacib məqam onların hər ikisinin Cənubi Azərbaycanda dünyaya gəlmələri, Cənub ilə bağlılıqları, Azərbaycan ədəbiyyatına və elminə verdikləri töhfələr, milli kimliyin qorunmasına sərf etdikləri çabalar və şəxsi fəaliyyətlərini ümumi ictimai mənafe ilə əlaqələndirmək bacarıqlarıdır.
Bu gün Azərbaycan ədəbiyyatının qarşısında dayanan əsas vəzifələrdən bəlkə də birincisi elə həmin müqəddəs ənənəni yeni tarixi şəraitdə davam etdirmək, xüsusilə Cənubi Azərbaycan ədəbiyyatına diqqəti artırmaq, onun milli mədəniyyətimizin ayrılmaz hissəsi kimi öyrənilməsinə və tanıdılmasına daha geniş və səmərəli imkanlar yaratmaqdır.
Cənubdan gələn ziyalıların Azərbaycanın siyasi-ictimai tarixindəki yeri danılmazdır. Azərbaycanın taleyini yalnız siyasi sərhədlərin dəyişdirilməsi, müəyyən dövlətlərin yaranması və baş verən müharibələrin nəticələri ilə izah etmək doğru olmaz. Xalqların bütövlüyünü qoruyan başqa amil və qüvvələr də vardır. Dil, ədəbiyyat, tarixi yaddaş və nəsillərdən-nəsillərə ötürülən mənəvi bağlılıqlar ən əhəmiyyətli amillərdəndir.
Azərbaycanın şimalı və cənubunda yaşayan insanların taleyi müxtəlif siyasi mühit və ideologiya şəraitində formalaşsa da, ortaq dil, tarix və mədəniyyət onları bir-birinə bağlayan əhəmiyyətli faktorlardan biri olaraq qalıb. Bu bağlılığın qorunmasında, öyrənilməsində və ədəbi düşüncəyə çevrilməsində ziyalıların rolu xüsusi əhəmiyyət daşıyır.
Cənubi Azərbaycandan Şimali Azərbaycana gəlmiş, burada təhsil almış, fəaliyyət göstərmiş və milli mədəniyyətin inkişafına töhfə vermiş şəxsiyyətlərin həyat və yaradıcılıq yolu bu baxımdan ayrıca araşdırılmalıdır. Onların bəziləri yazıçı, şair, alim, bəziləri ictimai-siyasi xadim, bəziləri isə bir neçə sahəni birləşdirən hərtərəfli ziyalılar olublar. Onların ortaq cəhəti yalnız doğulduqları məkanın eyni olması deyil, yaşadıqları cəmiyyətin mənəvi həyatında iz qoymalarıdır. Mirzə İbrahimov və Mir Cəlal Paşayev bu ənənənin ən əhəmiyyətli nümayəndələri sırasında yer alırlar.

Mirzə İbrahimov 1911-ci ildə Cənubi Azərbaycanın Sərab mahalında, Mir Cəlal Paşayev isə 1908-ci ildə Təbriz yaxınlığındakı Əndəbil kəndində anadan olub. Hər ikisinin həyat yolu sonradan Şimali Azərbaycanın ədəbi, elmi və ictimai mühiti ilə sıx şəkildə bağlanıb. Onların taleyi belə bir həqiqəti aydın şəkildə göstərir ki, insanın doğulduğu coğrafiya onun mənəvi kimliyinin mühüm hissəsi olsa da, bu kimliyin ictimai dəyərə çevrilməsi üçün yaradıcılıq, zəhmət və məsuliyyət lazımdır.
Onlar Azərbaycan ədəbiyyatında yalnız özlərinə məxsus yüksək yer tutmaqla, nəsrimiz və dramaturgiyamıza böyük əsərlər bəxş etməklə, yeni dövrün insan xarakterinin bədii təsvirini əvəzsiz ustalıqla verməklə kifayətlənmədilər. Biri yazıçı və dövlət xadimi kimi dil, mədəniyyət və ictimai idarəçilik məsələlərində fəal iştirak etdi, digəri yazıçı, alim və pedaqoq kimi ədəbi düşüncənin, elmi, filoloji araşdırmanın və insan xarakterinin bədii təsvirinin inkişafına böyük töhfələr vermişdir.
Onların bu fəaliyyət yollarının vəhdəti Azərbaycan ziyalısının tarix və cəmiyyət qarşısındakı məsuliyyətinin bütöv mənzərəsini yaratmağa imkan verir.
Mirzə İbrahimov həqiqi mənada sözü dövlətçilik məsuliyyətinə çevirmiş tarixi şəxsiyyət idi.
Mirzə İbrahimovun həyat və fəaliyyətini yalnız ədəbiyyat tarixi çərçivəsində araşdırmaq onun şəxsiyyətinin miqyasını tam göstərməz. O, xalq yazıçısı və dramaturq olmaqla yanaşı, akademik, ədəbiyyatşünas, maarif təşkilatçısı və dövlət xadimi idi. Onun yaradıcılıq yolu müxtəlif janrları əhatə edir. "Gələcək gün", "Böyük dayaq", "Pərvanə" kimi romanları, hekayələri, dram əsərləri və ədəbi-tənqidi yazıları Azərbaycan ədəbiyyatının inkişafında mühüm yer tutur. Bu əsərlərdə insanın cəmiyyətlə münasibəti, mənəvi seçimləri, ictimai məsuliyyəti və zamanın yaratdığı ziddiyyətlər geniş şəkildə əks olunur.
Lakin Mirzə İbrahimovun xidmətlərinin mühüm hissəsi onun bədii yaradıcılığından kənarda, ictimai fəaliyyətində də təzahür edir.
O, 1946-cı ildən başlayaraq, ümumilikdə 21 il Azərbaycan Yazıçılar Birliyinə sədrlik etmiş, 1954-1958-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə rəhbərlik etmişdir. Azərbaycan Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən biri kimi elmin, xüsusilə dil və ədəbiyyatşünaslığın inkişafında böyük xidmətlər göstərmiş, müxtəlif dövrlərdə təhsil və mədəniyyətin təşkili ilə bağlı vəzifələr daşımışdır.
Bu faktların əhəmiyyəti yalnız onun nə qədər yüksək vəzifələr tutması ilə ölçülməməlidir. Əsas məsələ həmin imkanların hansı ictimai məqsədlər üçün istifadə edilməsindədir. Mirzə İbrahimovun Azərbaycan dili məsələsindəki mövqeyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sovet dövrünün mürəkkəb siyasi və ideoloji şəraitində ana dilinin statusu məsələsini qaldırmaq sadəcə bir mədəniyyət xadiminin arzusu deyildi. Bu, milli özünüdərkin inkişafının, Azərbaycan dilinin ictimai həyatda və dövlət quruculuğunda nüfuzunun və xalqın öz dilində dövlət həyatı qurmaq haqqının müdafiəsi idi.
1956-cı ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən müddəanın daxil edilməsi həmin dönəmin əhəmiyyətli hadisələrindən biri idi. Bu prosesin arxasında müxtəlif ziyalı, düşüncə və ictimai xadimlərin çabaları dayanırdı. Mirzə İbrahimov da ana dilinin hüquqi və ictimai statusu məsələsinin önə çəkilməsində ən aparıcı rol oynayan şəxsiyyətlərdən biri idi.
Bu fəaliyyət onun irsini hər zaman aktual saxlayacaq. Çünki dil yalnız ünsiyyət hadisəsi və nitq vasitəsi deyil. Dil xalqın tarixi yaddaşı, dünyanı qavrama üsulu, bədii təfəkkürün əsası və gələcək nəsillərlə əlaqənin əvəzolunmaz vasitələrindən biridir.
Mirzə İbrahimovun nümunəsi göstərir ki, ziyalı bəzən öz fikrini romanla, bəzən elmi əsərlə, bəzən də ictimai mövqe və qərarlarla ifadə etməli olur. Sözün əhəmiyyəti və məsuliyyəti onun hansı formada səslənməsindən asılı deyil.
Burada başqa bir mühüm məqam da var. Mirzə İbrahimov dövlətçilik fəaliyyətini ədəbiyyatdan ayırmırdı. Onun milli dilə, mədəniyyətə və ədəbi irsə münasibəti ümumi ictimai fəaliyyətinin əsas istiqaməti idi. Məhz buna görə onun şəxsiyyətini həm yazıçı, həm də dövlət xadimi kimi bütöv şəkildə dəyərləndirmək mühüm əhəmiyyət daşıyır.
Mir Cəlal Paşayev Azərbaycan insanının mənəvi dünyasını xalqın həyat manifestinə çevirən dahi yazıçı idi.
Mir Cəlal Paşayevin yaradıcılığı Azərbaycan ədəbiyyatının başqa bir mühüm tərəfini təmsil edir. O, insanın mənəvi aləmini, cəmiyyətin sosial münasibətlərini, zəhmətkeş adamların həyatını, insan xarakterinin güclü və zəif tərəflərini bədii təhlilin mərkəzinə gətirən dahi yazıçı idi. Eyni zamanda, bir dəyərli alim kimi onun elmi və pedaqoji fəaliyyəti Azərbaycan ədəbiyyatşünaslığının inkişafında da mühüm yer tutur.
"Dirilən adam", "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" kimi əsər və hekayələri, ədəbi-tənqidi araşdırmaları və klassik Azərbaycan ədəbiyyatı haqqında unikal tədqiqatları onun yaradıcılıq miqyasının nə dərəcədə geniş olduğunu göstərir. O, uzun illər ali məktəblərdə dərs demiş, daha sonra neçə-neçə nəslin elmi kadrlarının yetişdirilməsində bilavasitə iştirak etmiş, Azərbaycan ədəbiyyatının tarixi və nəzəri məsələlərinin öyrənilməsində xüsusi töhfələr vermişdir.
Mir Cəlalın ədəbi irsində mühüm yer tutan "Bir gəncin manifesti" romanı təkcə bir dövrün sosial mənzərəsini təsvir edən əsər deyil. Bu romanı milli mənəviyyat, insan ləyaqəti və vicdan məsələlərinin öyrənilməsi baxımından yenidən oxumağa və təqdim etməyə böyük zərurət vardır.
Əsərin mərkəzində sadə insanların həyatı, onların qarşılaşdıqları ictimai-siyasi çətinliklər, ləyaqət və şərəf uğrunda mübarizələri və mənəvi seçimləri dayanır. Sona və Bahar obrazları vasitəsilə yazıçı insanın maddi çətinliklər içində belə mənəvi bütövlüyünü qoruya bilməsinin bədii mənzərəsini yaradır.
Əsərin adındakı "manifest" sözü də bu baxımdan olduqca düşündürücüdür. Manifest insanın öz mövqeyini, dünyaya münasibətini və müdafiə etdiyi dəyərləri ifadə edən milli bəyanatdır, - desək, yanılmarıq. Mir Cəlalın romanını milli-mənəvi manifest kimi oxumaq isə əsərin oxucuya verdiyi mesajları ümumiləşdirən müəllif yanaşmasıdır.
Bu yanaşmanın mərkəzində əsərdəki məşhur "İtə ataram, yada satmaram" ifadəsi dayanır.
Bu cümlənin yaddaşlarda yaşamasının səbəbi onun sadə və yığcam olmasından daha dərindir. Burada insanın özünə aid bildiyi dəyərləri qorumaq iradəsi, mənəvi sərhədlərə sədaqət və çətinlik qarşısında hər şeydən imtina etməmək düşüncəsi ifadə olunur. Bu ifadənin əsərin konkret bədii və tarixi kontekstində ifadə etdiyi anlamla bərabər yazıçının ona ictimai yaddaşda qazandırdığı məna daha genişdir. İnsan ləyaqətini və mənəvi məsuliyyətini maddi marağına qurban verməməlidir.
Bu gün həmin cümləni gənc nəslin gələcək manifesti kimi təqdim etmək çox vacibdir. Amma bunun üçün onu aradabir yalnız şüar kimi təkrarlamaq kifayət etmir. Əsas məsələ həmin düşüncənin gündəlik həyatda, təhsildə, elmdə, mədəniyyətdə, peşə fəaliyyətində və ictimai münasibətlərdə hansı mənanı daşıdığını izah etməkdir.
Gənclərə belə bir mənəvi irs ötürmək onların qarşısına keçmişdən gələn hazır hökmlər və yollar qoymaq demək deyil. Bu onlara seçim etmək, məsuliyyət daşımaq, vicdanla yaşamaq, vətənə və cəmiyyətə fayda vermək üçün meyar kimi təqdim edilməlidir.
Mir Cəlalın yaradıcılığının bu gün də oxucu ilə canlı şəkildə danışmasının səbəblərindən biri elə məhz budur. Onun əsərlərindəki insan problemləri konkret tarixi dövrə aid olsa da, ləyaqət, vicdan, zəhmət və ədalət məsələləri öz aktuallığını qoruyur.
Mirzə İbrahimovla Mir Cəlal Paşayevin müqayisəsi onların fərqli fəaliyyət sahələrini bir-birinə qarşı qoymaqla yox, bu sahələrin Azərbaycan cəmiyyətinin inkişafında necə tamamlandığını göstərməklə daha mənalı olur.
Mirzə İbrahimovun həyatında ana dili, milli dövlətçilik, ictimai təşkilatlanma və ədəbiyyatın inkişafı məsələləri xüsusi yer tutur. Mir Cəlalın yaradıcılığında isə insanın mənəvi dünyası, cəmiyyətlə münasibəti, vicdanı, xarakteri və elmi-pedaqoji düşüncə ön plana çıxır.
.jpg)
Birinin fəaliyyətində milli ideyanın ictimai və siyasi müstəvidə təhlili və müdafiəsi, digərinin əsərlərində isə həmin ideyanın insan xarakterində, mənəvi seçimlərdə və gündəlik həyat münasibətlərində ifadəsi əsas yer tutur.
Bu fərq təkcə onların böyüklüyünü müəyyənləşdirmək üçün deyil, eyni zamanda Azərbaycan ziyalılığının müxtəlif tərəflərini anlamaq üçün də əhəmiyyətlidir.
Çünki milli varlıq yalnız dövlətin hər hansı institutlarından və hüquqi sənədlərdən ibarət deyil. O, eyni zamanda insanın öz dilinə münasibətində, ailəsinə və cəmiyyətinə qarşı məsuliyyətində, başqasının haqqına hörmətində, yaratdığı əsərlərdə və yetişdirdiyi məsuliyyətli nəsillərdə yaşayır.
Dövlətçilik milli ideyanın ictimai-siyasi təşkilatlanma formasıdırsa, ədəbiyyat həmin ideyanın insanın daxili dünyasına nüfuz etməsi vasitələrindən biridir. Bu baxımdan ədəbiyyat ictimai şüurun bədii ifadə formasıdır. Humanitar düşüncə isə bu milli yaddaşın öyrənilməsi, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün zəruri əsas yaradır.
Mirzə İbrahimovla Mir Cəlalın irsini birlikdə nəzərdən keçirdikdə bu üç istiqamətin - dövlətçilik düşüncəsinin, bədii yaradıcılığın və elmi fəaliyyətin - Azərbaycan ziyalısının həyatında necə birləşə bildiyini görürük. Onlar ortaq milli mədəniyyətin müxtəlif istiqamətlərini bir araya gətirən vahid ədəbiyyatın və mənəvi əsasın iki sarsılmaz dayağı kimi qəbul edilməlidir.
Bu iki şəxsiyyətin mənəvi irsi və həyat yolu bizi Azərbaycan ədəbiyyatının taleyi baxımından mühüm bir məsələyə gətirib çıxarır. O da Cənubi Azərbaycan ədəbiyyatına münasibətimizdir.
Cənubi Azərbaycan ədəbiyyatı yalnız müəyyən coğrafiyada yaranan bədii mətnlərin bir araya toplanması deyil. Bu ədəbiyyat xalqın tarixi təcrübəsini, dilini, ictimai yaddaşını, milli özünüdərkini və müxtəlif siyasi şəraitlərdə yaşamaq uğrunda mübarizəsini əks etdirən böyük mənəvi sərvətdir.
Bu sərvət bütöv şəkildə dərk edilməlidir, ona yalnız keçmişin yadigarı kimi yanaşmaq doğru olmaz. Cənubi Azərbaycan ədəbiyyatı həm də müasir ədəbi prosesimizin bir parçasıdır. Orada min türlü çətnlik, basqı və qadağalara baxmayaraq ana dilində düşünən, yazan, özünü ifadə edən, cəmiyyətin problemlərini bədii sözə çevirən insanlar bu gün də Azərbaycan mədəniyyətinin əhəmiyyətli bir hissəsini yaradırlar.
Bu ədəbiyyatın tarixi təcrübəsi olduqca mürəkkəbdir. Siyasi şərait, dil və təhsil imkanları, nəşr problemləri, senzura və ictimai mühit müxtəlif dövrlərdə ədəbi yaradıcılığın imkanlarına təsir göstərib. Bu amillərin hamısı eyni şəkildə və hər dövrdə özünü göstərməsə də, Cənubi Azərbaycan ədəbiyyatını araşdırarkən həmin tarixi şərtləri nəzərə almaq vacibdir.
Burada Məhəmmədhüseyn Şəhriyarın, Bulud Qaraçorlu Səhənd, Səməd Behrəngi və başqa sənətkarların yaradıcılığına ayrıca diqqət yetirmək lazımdır. Şəhriyarın poetik irsi ana dilinin bədii imkanlarını və xalq yaddaşının gücünü göstərən böyük ədəbi hadisədir. Səhəndin yaradıcılığı isə milli tarixə, mifoloji yaddaşa və mədəni özünüdərkə münasibəti ilə oxucu və tənqidçilərin diqqətini cəlb edir. Səməd Behrəngi isə dünya uşaq ədəbiyyatının öncül yazarı kimi beynəlxalq ədəbi dairələrin sayqısını qazanmış nadir yazarımızdır.
Cənub ədəbiyyatını yalnız milli həsrət və siyasi ağrılar ilə məhdudlaşdırmaq da doğru olmaz. Orada sevgi, insan, təbiət, şəhər həyatı, sosial münasibətlər, mənəvi böhran, müasirlik və fərdi azadlıq haqqında yazılan əsərlər də var. Bu ədəbiyyatın bütövlüyü məhz mövzularının və bədii axtarışlarının zənginliyindədir.
Onu yalnız siyasi mətnlər səviyyəsinə endirmək bədii imkanlarını daraldar. Siyasi və tarixi kontekstdən tamamilə kənarda saxlamaq isə bir sıra əsərlərin mənasını kasadlaşdırar. Elmi-tənqidi yanaşma bu iki tərəfi birlikdə nəzərə almalıdır.
Azərbaycan ədəbiyyatşünaslığında Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsi istiqamətində ciddi işlərin görülməsi danılmazdır. Antologiyalar, çoxcildlik tədqiqatlar, ayrı-ayrı yazıçı və şairlər haqqında araşdırmalar nəşr olunub. Bu işlərin davam etdirilməsi vacibdir, ancaq məsələ burasındadır ki, müasir dövrün tələbləri yeni yanaşmalar da tələb edir.
Ədəbi irsi toplamaqla yanaşı, onu oxutmaq, tədris etmək, müasir elmi metodlarla araşdırmaq, yeni nəslin dilinə və düşüncəsinə yaxınlaşdırmaq lazımdır.
Məncə, Cənubi Azərbaycan ədəbiyyatının müasir mərhələsi üçün ayrıca, uzunmüddətli fəaliyyət proqramı hazırlanması məqsədəuyğun olardı. Bu proqramın məqsədi mövzunu yalnız yubiley tədbirlərində xatırlamaq deyil, onu davamlı elmi və ədəbi fəaliyyətin bir hissəsinə çevirmək olmalıdır.
Mirzə İbrahimovun irsinə bu kontekstdə yenidən baxmaq xüsusi əhəmiyyət daşıyır. O, Cənubi Azərbaycan mövzusunu yalnız uzaqdan müşahidə edən yazıçı deyildi. 1941-ci ildə Cənubi Azərbaycanda olduğu dövrdə "Vətən yolunda" qəzetinin məsul redaktoru kimi çalışmış, sonrakı yaradıcılığında da bu mövzuya geniş yer ayırmışdı. "Cənub hekayələri" silsiləsi, "Gələcək gün" romanı və başqa əsərləri onun Cənubla bağlı ədəbi düşüncəsinin mühüm nümunələridir.
Mirzə İbrahimovun bu sahədəki xidmətini yalnız əsərlərinin mövzusu ilə məhdudlaşdırmaq olmaz. O, Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsi və nəşri istiqamətində də mühüm təşkilati və elmi işlər görüb. Onun adı ilə bağlı olan Milli Elmlər Akademiyasının Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsi və dördcildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" bu sahədə formalaşmış tədqiqat və nəşr ənənəsinin əhəmiyyətli nümunələrindəndir.
Bu faktlar Mirzə İbrahimovun Cənub mövzusuna münasibətinin təsadüfi olmadığını göstərir. O bu mövzunu öz yaradıcılığında, elmi maraqlarında və ictimai fəaliyyətində davamlı şəkildə gündəmdə saxlayan azsaylı ziyalılardan biri idi.
Bu gün həmin irsə müraciət etmək keçmişdə görülən işləri təkrar etmək demək deyil. Əksinə, onun yaratdığı ənənəni müasir tələblərə uyğun inkişaf etdirmək deməkdir.
Cənubi Azərbaycan ədəbiyyatının müasir vəziyyəti haqqında yeni araşdırmalar, çağdaş müəlliflərin yaradıcılığını əhatə edən antologiyalar, müasir ədəbi dil məsələlərinə dair tədqiqatlar və yeni tərcümə layihələri həmin ənənənin davamı ola bilər.
Mirzə İbrahimovun təcrübəsi bir mühüm həqiqəti xatırladır. O da budur ki, milli mədəniyyətə xidmət yalnız fərdi yaradıcılıqla məhdudlaşmır. Bəzən ən böyük xidmət müəyyən bir sahənin təşkilinə, araşdırılmasına, gələcək nəsillər üçün sistemli şəkildə qorunmasına şərait yaratmaqdır.
Mir Cəlalın yaradıcılığı da Cənubi Azərbaycanla bağlılığından əlavə, ümumazərbaycan ədəbi düşüncəsinin inkişafı baxımından mühüm məna daşıyır. Onun elmi və pedaqoji fəaliyyəti, klassik ədəbiyyatın araşdırılmasına verdiyi töhfələr, tələbələrin və gənc tədqiqatçıların yetişməsindəki rolu göstərir ki, ziyalı irsi yalnız yazılmış əsərlərlə ölçülmür. Bu irs həm də öyrədilən bilikdə, formalaşdırılan düşüncədə və davam etdirilən elmi ənənədə yaşayır.
Mir Cəlalın yaradıcılığına bu gün yenidən müraciət edərkən onun əsərlərinin gənclərə hansı mənəvi meyarları təqdim edə biləcəyi barədə düşünmək lazımdır.
"Bir gəncin manifesti"nin bu baxımdan xüsusi potensialı var. Əsərin adı və əsas obrazlarının taleyi gənclik, seçim, məsuliyyət və insanın öz mənəvi mövqeyini qoruması haqqında geniş müzakirəyə imkan verir.
Bu əsəri yalnız məktəb proqramının bir hissəsi kimi təqdim etmək olmaz. "Bir gəncin manifesti"ni, müasir həyatın sualları ilə əlaqələndirilən bədii düşüncə nümunəsi kimi təqdim etmək lazımdır. Məsələn, insanın maddi çətinlik qarşısında öz prinsiplərini necə qoruması, şəxsi maraqla ictimai məsuliyyət arasındakı münasibət, ləyaqət və vicdanın gündəlik həyatdakı rolu kimi məsələlər əsərin müasir oxunuşuna yeni məna verə bilər.
Burada məqsəd klassik əsəri bugünkü anlayışlara zorla uyğunlaşdırmaq deyil. Məqsəd onun içindəki insani həqiqətləri yeni nəslin düşüncəsi ilə əlaqələndirməkdir.
Belə yanaşma həm Mir Cəlalın ədəbi irsinin yaşamasına, həm də ədəbiyyatın cəmiyyət üçün daşıdığı mənəvi funksiyanın daha dərindən anlaşılmasına xidmət edə bilər.
Mirzə İbrahimov və Mir Cəlal Paşayevin timsalında gördüyümüz ənənəni bu gün davam etdirmək üçün onların həyatını xatırlamaqla kifayətlənmək olmaz. Həmin ənənənin əsas prinsiplərini müasir ədəbi və ictimai mühitdə yaşatmaq və yenidən təqdim etməyə ehtiyac vardır.
Bu prinsiplərdən biri istedadın vətən və cəmiyyət qarşısında məsuliyyət daşımasıdır. İkincisi şəxsi yaradıcılıqla ümumi mədəni inkişaf arasında əlaqə yaratmaqdır. Üçüncüsü isə, milli irsi yalnız keçmişə aid sərvət kimi yox, gələcək üçün imkan kimi görməkdir.
Bu gün Azərbaycan ədəbiyyatında istedadlı müəlliflərin yetişməsi, yeni əsərlərin ciddi yaranması və ədəbi müzakirələrin müasir zərurət və reallıqlar əsasında aparılması vacibdir. Ancaq bunlarla yanaşı, ədəbi yaddaşın qorunması, klassik irsin müasir oxucuya çatdırılması, tədqiqatın inkişafı və müxtəlif ədəbi mühitlər arasında əlaqələrin gücləndirilməsi də zəruridir. Cənubi Azərbaycan ədəbiyyatı bu baxımdan xüsusi diqqət tələb edən sahələrdəndir. Çünki burada söhbət yalnız bir ədəbi məktəbin öyrənilməsindən getmir. Söhbət ortaq dilin, yaddaşın və mədəniyyətin müxtəlif tarixi şəraitlərdə necə yaşadığını anlamaqdan gedir.
Bu işi yalnız ayrı-ayrı alimlərin, yazıçıların və ya tədqiqatçıların şəxsi təşəbbüslərinə həvalə etmək də düzgün olmaz. Uzunmüddətli nəticə üçün elmi qurumların, kitabxanaların, nəşriyyatların, təhsil müəssisələrinin və ədəbi təşkilatların əməkdaşlığı vacibdir.
Məqsəd yeni bir şüar yaratmaq deyil, mövcud mədəni sərvətin cəmiyyət həyatında real yer tutmasına nail olmaqdır.
Əgər gənc oxucu Şəhriyarı, Səhəndi və Səmədi yalnız ad kimi tanımır, onların əsərlərini oxuyur və müzakirə edirsə, əgər Cənubi Azərbaycanda yaranan yeni ədəbiyyat vaxtında araşdırılır və oxucuya çatdırılırsa, bu sahədə çalışan tədqiqatçılar üçün yeni imkanlar yaradılırsa, onda iddia etmək olar ki, tarixi varislik sözdən əmələ çevrilmiş olur.
Mirzə İbrahimovla Mir Cəlalın irsi bizə məhz belə bir yanaşmanın əhəmiyyətini xatırladır.
Sözsüz ki, böyük şəxsiyyətlərin əsl böyüklüyü yalnız öz dövrlərində gördükləri işlərlə ölçülmür. Onların qoyub getdikləri dəyərlərin sonrakı nəsillərin düşüncəsinə necə təsir göstərməsi də mühüm meyardır.
Mirzə İbrahimov Azərbaycan dilinin, ədəbiyyatının və dövlətçilik düşüncəsinin inkişafında mühüm rol oynayan yazıçı və ictimai xadim kimi tariximizdə yer tutur. Mir Cəlal Paşayev isə bədii yaradıcılığı, elmi fəaliyyəti və pedaqoji irsi ilə Azərbaycan ədəbiyyatının və mənəvi düşüncəsinin inkişafına böyük töhfələr verib. Onlar Cənubi Azərbaycanda yaşayan və uzun illər şiddətli basqı və assimiliyasiyaya məruz qalan, böyük ədəbiyyat cameəsinin fəryadı idilər.
Onların yaradıcılığı bir-birini tamamlayır və milli dilin və ictimai düşüncənin qorunması ilə insanın mənəvi dünyasının bədii və elmi şəkildə araşdırılması arasında yaranan əlaqəni daha aydın göstərir.
Bu gün həmin ənənənin davamı cənublu yazarlara və Cənubi Azərbaycan ədəbiyyatına münasibətdə də özünü göstərməlidir. Onun tarixi irsini qorumaq, çağdaş ədəbi prosesini öyrənmək, yeni müəlliflərini tanıtmaq, əsərlərini nəşr etmək və gənc nəslə çatdırmaq milli mədəniyyətimizin gələcəyi baxımından əhəmiyyətlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
