Tamara Vəliyevanın “Günəşin arxasında” kitabı barədə - Azər TURAN

Azər TURAN

Azər TURAN

 

 

 

Günəşin arxasındakı Cənnət

 

 

Arıların qanadları yanmasa,

uçardılar düz günəşə.

 

Faiq İsmayılov

 

 

"Günəşin arxasında" kitabı ən əvvəl adı ilə diqqəti cəlb edir. Mən də onu adının doğurduğu intibalara görə oxudum. Görəsən, "Günəşin arxasında" nə var?! Kitab elə ilk səhifələrindən bəlli edir ki, Günəşin arxasında ədəbiyyatlaşan bir taledən daha çox, ədəbiyyatlaşan bir yuxu və cənnət var... Tamara Vəliyeva Günəşlə bağlı uğurlu bir mətn yaradıb. Günəş arxetipini özünəməxus rakursdan yeniləyib və mətni həm də emosional yaddaşın diqtəsi ilə yazıb. Hekayənin motivləri həyatı ifadə etsə də, əsərin adından yola çıxılanda əlvan, estetizmlə dolu bir panoram açılır. Aşkarda tənhalıq vaakumu, yuxularda isə Cənnət var və bu Cənnətə gedən yol Günəşin arxasındadır. Hekayənin irfani strukturu mükəmməldir. Şaqalın pilləkənə çevirdiyi göy qurşağı ilə göylər aləminə yüksələn metafizik obrazları kimi, Cənnətə, yəni günəşin arxasına yuxular vasitəsilə getmək. Tamara xanım da hekayələrini fərqli bir üslubda yazır. Buna "qadınca yazmaq" deyərlər. Hekayənin qəhrəmanı olan qadın özünü axtarır. Axtara-axtara da səadətini itirir. Keçmişi, uşaqlığı, gəncliyi beyninin film şəridində olduğu kimi qalsa da, hüzuru günəşin arxasındakı cənnətdə tapacağına inanır... Onsuz da ədəbiyyatda cənnəti hərə fərqli-fərqli yerlərdə axtarır. Hətta "Cənnət başqa yerdə" adlı məşhur bir roman da var... 

Talesiz qadın beyninin şüurardı qaranlığında, yuxuda dənizin sahilindən günəş şüasına tutunaraq günəşə doğru gedir... Və getdiyi ünvana çatmır. Çünki onu yuxudan oyadırlar. Bu, ədəbi mətndə tapıntı mislində bir epizoddur. Günəşin bəri tərəfində, əziyyəti, məşəqqəti, acısı ilə insanı xoşbəxt etməyən yerdə hər şey olsa da, hüzur yoxdur. Hüzur Günəşin arxasında - Cənnətdədir. Özü də yazıçı nə üçünsə, hüzurun səbəbini burada ayrı dinlərin, ayrı dillərin və ayrı torpaqların olmamasında görür. Onun belə bir fikrə gəlməsi oxuduqlarının təsiri ilə deyil, yaşadıqlarından doğan təəssüratın izidir...

"Teymur və mən" hekayəsində Allaha inanan, Şaxta babaya isə inanmayan uşaq obrazı ədəbiyyatımızda yenidir. Hekayəni xəyallarımızda yaratdığı intibalardan ayrı oxumaq və təsəvvür etmək olmur. Tamara Vəliyeva uşaq ədəbiyyatının hüdudlarında metafizik qatlara enib. Hekayə didaktik təəssürat doğurmur. Hüseyn Cavidin "Qız məktəbi" şeirindəki polemik rakursu fərqli manerada davam etdirir. Teymur hələ heç məktəbli də deyil. İndi bu uşağın sevdiklərinin sırasına vətən və şəhidlər də əlavə olunub. Sualların sırasına Noel baba - Şaxta baba da daxil edilib. Teymur yalanlara inanmır. Amma Allaha inanır, Noel babanı - Şaxta babanı isə xəyali obraz hesab etdiyi üçün ona inanmır... Çünki yeni çağın uşağıdır...

Kitabın doğurduğu intibaları dedim. İzah edim. Müəllifin mifoloji  kontekstə meyilli olması "Ünsiyyət" hekayəsində olduğu kimi, mətnin magik mənzərəsini daha anlaqlı və anlamlı edir. Heranın oğlu Hefesti dünyaya topal və çirkin gəldiyinə görə, yəni oğlundan utandığı üçün onu Olimp dağından, yəni tanrılar panteonundan aşağı yuvarlatdığını xatırladır. Zahirən adi detaldır, amma yazıçının düşüncə miqyasının hüdudları barədə təsəvvür yaradır, hekayəyə mifoloji motivli film ecazı verir. Bu da müəllifin hadisələrə teatral yanaşması ilə bağlıdır. Tamara xanım həm də dramaturgiya sahəsində tanınan imzalardan biridir. Eyni zamanda obrazını yaratdığı balacaların ruhi aləminə sirayət etmədən hər hansı uşağı yaratdığı hekayənin dövriyyəsinə buraxmır. Buraxıbsa, uşaq artıq hekayədədirsə bu adsız obrazlar (oğlan və qız) elə uşaq yaşlarındadırlar və hekayələrə də maneəsiz və ipək rahatlığı ilə daxil olurlar. "Ünsiyyət" hekayəsində olduğu kimi... Bilmirəm, bizim uşaqlar üçün yazılmış hansısa hekayədə qozbel uşaq obrazı varmı? Yaradılış etibarilə məyus doğulan oğlan uşağını mətnin stixiyalı axarında bəxtiyar etmək, onu səadətə qovuşdurmaq bu, artıq ədəbiyyat faktıdır.

Bu hekayələri Tamara Vəliyevanın İstanbulda Türkiyə türkcəsində nəşr olunmuş "Güneşin arkasında" kitabından oxuyuram.

Tamara Vəliyevanın yazıçı dili səlisdir. Hekayələrini az qala miniatür üslubda qələmə alır, qurğu manerası estetdir.

Kitabda "Beynimin Film Şeridinde Takılıp Kalmış Hatıralar" hekayəsi var. Oxuduqca adama elə gəlir ki, kitabdakı bütün hekayələr müəllif ömrünün film şəridində taxılıb qalmış xatirələrdən ibarətdir...

 

20 oktyabr 2026

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!