Ənvər Əlibəyli hekayəti - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

O, cəmi 52 il yaşadı. Son iş yeri Azərbaycan Radio və Televiziya Komitəsində - sədr idi.  Gözəl bir may günü idi, Ənvər müəllim səhərisi - 7 may günündə komitədə Radio gününü qeyd etmək üçün hazırlıq aparırdı, evdə güzgü qabağında üzünü qırxırdı. Və birdən ürəyini tutdu, yerə yıxıldı.

 

***

Ənvər Əlibəylini indiki ədəbi nəsil tanıyırmı? Şübhə eləmirəm,  ədəbi həyatla  qaynayıb-qarışan cavanların çoxu, heç şübhəsiz, onu tanıyırlar.

 

İstəmirəm ömrümdə

Bircə gün də tək qalam,

Yaşamaq istəyirəm,

O qədər, -

Nə qədər ki,

İnsanlara lazımam.

 

Ənvər Əlibəyli haqqında düşünəndə istər-istəməz keçən əsrin 30-cu illərini xatırlayırsan. Yeni Sovet quruluşunun ədəbiyyatı artıq formalaşmaqda idi.  A.Fadeyevin "Azərbaycan sovet ədəbiyyatının pioneri" adlandırdığı, "Ələmdən nəşəyə" qəhrəmanı Süleyman Rüstəm, "Azərbaycan sovet poeziyasının südü və qaymağı, çörəyi və duzu" (Krlo Kaladze)  adlandırılan Səməd Vurğun, novator poeziyanın öncülü sayılan Rəsul Rza, "Yenə o bağ olaydı", "Oxu tar" və neçə şeiri ilə ürəklərə yol tapan Mikayıl Müşfiq yeni ədəbiyyatın avanqardları idi. Bu şairlər XX əsr Azərbaycan sovet poeziyasının birinci nəslini təmsil edirdilər (burada Mirvarid Dilbazini, Nigar Rəfibəylini, Əhməd Cəmili də unutmaq olmaz).

 

Otuzuncu illərdə ədəbiyyata gələn Ənvər Əlibəyli, Böyükağa Qasımzadə, Zeynal Cabbarzadə, Tələt Əyyubov bu birinci nəslin davamçıları idilər. Ənvər Əlibəyli - o zamanın 20-24 yaşlı bu cavan şairi də ədəbi prosesdə öz sözünü deməyə başladı, ilk şeirləri uşaqlara həsr etdiyi şeirlər idi. Amma Ənvər Əlibəylinin mövzuları genişləndi. Təbii ki, onun şeirlərində də sovet dövrü "həqiqətləri"də öz əksini tapırdı. Lakin bütün bu "həqiqətlər" onun yaradıcılığında çox məhdud yer tutur.

Ənvər Əlibəylinin bütün yaradıcılığı səmimiyyətdən yoğrulub. Bu səmimiyyət milli-mənəvi dəyərlərə arxalanırdı - xalq həyatı, qurub-yaradan insanların mənəvi aləmi,  gözəlliklərin təsviri, saf sevgi münasibətləri məhz səmimiyyətlə təsvir olunurdu.

1941-ci il. Böyük Vətən müharibəsi. 25 yaşı yenicə tamam olmuşdu. Ənvər Əlibəyli də könüllü olaraq cəbhəyə yollandı. Tbilisidə topçuluğun sirlərinə yiyələndi. O, 416-cı Taqanroq diviziyasında topçu komandiri kimi şərəfli bir yol keçdi. Yaralandı da... Sonra ordudan təxris olundu.

Əlbəttə, cəbhədə olasan, döyüşəsən, yaralanasan, müharibə dəhşətlərinin şahidi olasan... bütün bunlar onun şeirlərində necə əks olunmamalıydı? Bir döyüşçünün ölümünə həsr etdiyi şeir:

 

Sən öləndə bahardı

Çöllərdə çəmənlərdə,

Min cür çiçək var idi.

Səni dəfn elədik səhər,

Matəm bayrağı kimi

Əyilmişdi lalələr.

 

Ənvər Əlibəylinin cəbhə dəftərindən olan "Bacı" poeması, "Taqanroq", "Dnepr", "Gəray Əsədova", "Boş qalmış beşik", "Vur qardaşım, vur, azadlıq eşqinə" və c. şeirləri də döyüşçü  şairin poeziyasından bir xətt kimi keçir.

Müharibə bitdi və Ənvər Əlibəyli öncə ədəbi işçi və redaktor kimi çalışdığı radioya qayıtdı. Onunla bir yerdə çalışanlar deyirlər ki,  Ənvər Əlibəyli çox işgüzar, qayğıkeş, hamının hörmətini qazanan bir insan idi. Təkcə zahirən gözəl kişi deyildi, həm də daxilən gözəl bir həmkar idi. Radio və Televiziya komitəsində sıravi bir işçidən sədrliyə qədər yüksəlmək də adi məsələ deyildi. Ən yaxın dostları Böyükağa Qasımzadə, Nəbi Xəzri, Adil Babayev, Seyfəddin Dağlı idi.

Ənvər Əlibəylinin yaradıcılığı çoxşaxəli idi. Onun Azərbaycana, onun tarixi keçmişinə, müasir həyatına, təbiətinə həsr elədiyi şeirlərdə də öncə qeyd etdiyim o o səmimiyyəti və əlbəttə, bu səmimiyyətin özəyi olan təbiiliklə qarşılaşırsan.

Bu şeirlərdə diqqəti cəlb edən bir xüsusiyyəti qeyd edək. O da bədii sənətkarlıqla bağlıdır. Sadə, amma yerində işlənən təşbehlər, metaforalar, bədii təzadlar diqqətdən yayınmır. Onun Azərbaycan təbiətinə vurğunluğu ayrıca bir söhbətin mövzusu ola bilər. Xüsusilə, baharlı və payızlı şeirləri...

 

Misraları çiçəklərdən

Qafiyəsi - göy yarpaqlar.

Ahəng verir bu illərə

Şır-şır axan buz bulaq.

Bahar güldür,

Bahar adlı bu şeirin

Müəllifi təbiət.

 

Ənvər Əlibəyli Vətənini sevən, onun hər sahədə nailiyyətləri ilə fəxr edən bir insan idi. Akademik Bəkir Nəbiyev onun seçilmiş əsərlərinə yazdığı Ön sözdə bunu xüsusilə qeyd edir. Onun şeirləri sırasında həyat və ölüm mövzusu ilə bağlı bir neçə nümunəyə rast gəlirik. O, sanki yaşamaq yanğısıyla, həyat eşqi ilə bağlı düşüncələrini təkcə özünə yox, bütün insanlara aid edirdi.

 

Ulduz olmaq istəyirəm,

Sönmək istəmirəm.

Yol olub dağa çıxmaq istəyirəm,

Enmək istəmirəm.

Şimşək olub çaxmaq istəyirəm;

bir anlığa yox.

İşığa dönmək istəyirəm,

Qaranlığa yox.

Mən ölümün özünə belə

Gülmək istəyirəm,

Ölümsüz bir ölümlə

Ölmək istəyirəm.

 

Bu gün - 58 il bundan öncə dünyasını dəyişmiş bir şairi yaşadan həm də onun nəğmələridir.

Tez-tez "nəğməkar şair" ifadəsi işlənir. Amma  şeirlərinə bəstələnən hər şairi nəğməkar adlandırmaq olmaz. Bəs kimə nəğməkar şair deyə bilərik? İslam Səfərliyə, Fikrət Qocaya, Nəbi Xəzriyə, Rəfiq Zəkaya, Əliağa Kürçaylıya və bu günün şairlərindən - Xanım İsmayılqızına, Baba Vəziroğluna, Vüqar Əhmədə nəğməkar epitetini söyləmək olar. Amma Ənvər Əlibəylinin də sözsüz, bu sırada öz yeri var. Bəs niyə bu "nəğməkar şair" ifadəsini işlədirik? O, səbəbdən ki, onların nəğmələri təkcə yaşadıqları dövrdə deyil, illər keçəndən sonra da öz təravətini itirmir, xanəndələr o mahnıları dönə-dönə oxuyurlar. Bəlkə hər gün radiodan, televiziyadan böyük Vətən eşqiylə səslənən bu mahnının müəllifi də Ənvər Əlibəylidir?!

 

Özün kimi vüqarlıdır uca dağların,

Hüsnünə bir yaraşıqdır yaşıl bağların.

Səninlə bir başlamışdır gözəl çağlarım,

Yurdum, yuvam, məskənimsən, Azərbaycanım

Anam, doğma vətənimsən, Azərbaycanım.

 

Digər mahnıları da çoxömürlü oldu. Bəzi nümunələr:

 

Gün batdı, qaş qaraldı,

Qəlbimi qüssə aldı.

Gözüm yollarda qaldı,

İlk görüşə gəlmədin.

 

***

Bu gün elə xoşbəxtəm ki,

Sanki qanadlı quşam.

Elə bil ki, anadan

İndicə doğulmuşam.

 

***

Mən səni özümə həmdəm sanıram,

Eşqinin oduna alovlanıram.

Gecə də, gündüz də səni anıram,

Çıxmayır yadımdan qara gözlərin,

Şirin söhbətlərin, şirin sözlərin.

 

Onun nəğməli şeirlərinə Qara Qarayev, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Zakir Bağırov, Ramiz Mustafayev kimi ustad bəstəkarlar mahnılar yazmışlar.

Ona görə bu gün də Ənvər Əlibəyli unudulmur və heç zaman da unudulmayacaq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!