İsa HƏBİBBƏYLİ
Dünya elmi-ədəbi fikrində detektiv ədəbiyyat haqqında fikirlər birmənalı deyildir. Bir çox hallarda haqsız olaraq detektiv ədəbiyyatın rolu və əhəmiyyəti kiçildilərək, bu tip əsərlər həyatda baş vermiş müəyyən kriminal hadisələrin yazıçı tərəfindən bəzədilmiş dillə ifadə edilmiş stenoqramı hesab olunur. Halbuki qətiyyən belə deyildir. Əsl detektiv ədəbiyyat kriminal hadisələr əsasında yaradılsa da, burada yazıçı fantaziyası özünəməxsus yer tutur. Detektiv yazıçı mövzu üçün seçdiyi həyat hadisələrini yenidən yaşamalı, onların içərisindən özünün müəyyən etdiyi məqamları ayırmalı, konkret bir süjet xətti qurmalı və aşılamaq istədiyi ideyanı formalaşdırmalıdır. Bu prosesdə həyatda yaşanmış kriminal hadisə sadəcə detektiv yazıçı üçün mövzu obyekti ola bilər. Əsərin hasilə gəlməsində yazıçı fantaziyası, hadisələri ədəbiyyat dili vasitəsilə ifadə edə bilmək məharəti, süjetə əlavə edilən hadisələr və obrazlar xüsusi əhəmiyyətə malikdir. Detektiv əsərlərdə həyatda baş vermiş hər hansı kriminal hadisənin kökləri, səbəbləri və nəticələri ümumiləşdirilərək, cəmiyyət hadisəsi səviyyəsində təqdim olunmalı, seçilmiş həyat materialı bədii ədəbiyyat materialına çevrilməli, oxucunu nəinki inandırmalı, mütləq həm də düşündürməlidir ki, onlardan ibrətamiz nəticələr çıxarmaq mümkün olsun.
Qazax ədəbiyyatında detektiv nəsrin əsas yaradıcılarından olan Kemel Tokayevin (1923-1986) əsərləri yazıçı fantaziyası ilə həyat hadisələrinin üzvi sintezi əsasında yazılmış mükəmməl ədəbiyyat nümunələridir. Keşməkeşli və çətin yollardan keçmiş Kemel Tokayev kifayət qədər həyat təcrübəsinə malik, mövzusunu dərindən öyrənərək qələmə alan, hadisə və obrazları yazıçı fantaziyasının "köynəyindən" keçirərək canlandırmağı bacaran istedadlı detektiv yazıçıdır. Onun əsərləri ilə qazax ədəbiyyatında bu sahə ədəbiyyatın xüsusi qoluna çevrilmişdir. Kemel Tokayev XX əsrin ortalarından etibarən təxminən, otuz il ərzində bir-birinin ardınca yazıb geniş ictimaiyyətə təqdim etdiyi nümunələrlə qazax ədəbiyyatında yüksək sənət prinsiplərinə cavab verən qiymətli detektiv əsərlərin oturuşmuş və davamlı bir sahə kimi mövcudluğunu isbat etmişdir. Bu mənada, Kemel Tokayev ədəbiyyatın bir qolu kimi qazax ədəbiyyatında detektiv nəsrin əsas yaradıcısı, banisi olmaq şərəfini qazanmışdır. Həm də onun yaradıcılığı dünya detektiv ədəbiyyatının ən yaxşı ənənələri ilə səsləşdiyi üçün bu sahədə qazax ədəbiyyatına yüksək bədii səviyyə qazandıran örnəklər kimi qəbul olunmuşdur. Geniş mənada, dünya detektiv ədəbiyyatında da Kemel Tokayevin əsərlərinin bənzərsiz yeri vardır. Bütün hallarda o, dünya detektiv ədəbiyyatını yüksək sənətkarlıqla işlənmiş qazax motivləri ilə zənginləşdirmişdir.

Detektiv ədəbiyyat haqqındakı əsas mübahisələrdən biri də bu sahənin ümumi ədəbiyyat müstəvisindəki təyinatı ilə əlaqədardır. Ədəbiyyatşünaslıq əsərlərində bu tip əsərlər detektiv janrında və ya detektiv növdə yazılmış bədii nümunələr adlandırılır. Halbuki nəinki Azərbaycan və Qazax ədəbiyyat nəzəriyyəsində, ümumən dünya ədəbi-nəzəri fikrində detektiv janr və ya detektiv ədəbi növ anlayışları yoxdur. Mövzusuna, əhatə etdiyi problemlərə və xüsusən həcminə görə detektiv hekayə, detektiv povest, yaxud da detektiv roman kimi janrlar vardır ki, burada əsərin janrını "detektiv" sözü yox, ondan sonra gələn "hekayə", "povest", "roman" sözləri müəyyən edir. "Detektiv roman" ifadəsində "detektiv" sözü janrın özünü deyil, xarakterini müəyyənləşdirir. Buna ədəbiyyat nəzəriyyəsində epitet, qrammatikada isə "sifət" deyilir. "Detektiv" sözü bu ədəbiyyatın epiteti və ya sifətidir. Oxuculara təqdim edilən bu kitabda da işlədilən detektiv janr ifadələri ənənədən gələn və şərti xarakter daşıyan anlayış kimi qəbul olunmalıdır.
Görkəmli qazax yazıçısı Kemel Tokayevin detektiv əsərləri ümumiyyətlə ədəbiyyatın bu qolu haqqında yüksək elmi-nəzəri səviyyədə təhlillər və dəyərləndirmələr aparmağa imkan verən orijinal sənət nümunələridir. İstedadlı qələm sahibi qazax detektiv nəsrinin görkəmli yaradıcısıdır. Kemel Tokayevin böyük istedadla yazılmış əsərləri detektiv nəsrin əsl ədəbiyyat örnəkləri olduğunu təsdiq edən ciddi sənət nümunələridir. Təsadüfi deyildir ki, Kemel Tokayevin 2022-ci ildə Azərbaycan dilində nəşr olunmuş "Gecə açılan atəş" adlı ilk kitabına "Müqəddəs borc" adlı müqəddimə yazmış, detektiv əsərləri ilə dünyada məşhurlaşmış Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev də onu "ədəbi sahədə sınaqdan keçən istedadlı yazıçı" kimi qiymətləndirmişdir.
Azərbaycan oxucusu qazax detektiv ədəbiyyatının görkəmli yaradıcısı Kemel Tokayevin bioqrafiyası və sənət taleyi ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Comərd Tokayevin Bakıda "Qanun" nəşriyyatında çap edilmiş "Gecə açılan atəş" kitabında müqəddimə kimi yer almış "Atam haqqında söz" adlı sadə tərzdə və böyük səmimiyyətlə yazılmış, övladın baxışını və sözünü təsirli, obyektiv şəkildə ifadə edən sanballı ədəbi-publisist əsər vasitəsilə tanış olmaq imkanı qazanmışdır. Bütövlükdə, "Atam haqqında söz" sanki nəsrlə yazılmış odadır. Bu əsərin tərkib hissələri olan "Uşaqlıq və yeniyetməlik", "Müharibə" və "Anam" fəsilləri isə esse təsiri bağışlayır. Esselərdə Kemel Tokayevin iztirablarla dolu uşaqlıq həyatı haqqındakı yanıqlı təsvirlər kədərli-həyəcanlı həyat hadisələrinin real təqdimatından ibarətdir. Məsələn, onun "atalı-analı yetim uşaq" olmasını təsvir edən aşağıdakı hadisə bütöv bir romana sığacaq qədər acı və əzablı həyat hekayəsidir: "Fəlakət 1933-cü ildə baş verdi. Həmin il xüsusilə ağır keçirdi, insanlar hələ də aclıq keçirirdilər... Həmin günlərin birində babası işdən sonra əməyi müqabilində aldığı köhnə çəkmələri çörəyə dəyişmək üçün şəhər bazarına (Frunze, indiki Bişkek şəhəri nəzərdə tutulur - İ.H.) getmək qərarına gəldi. Atam da böyük qardaşı Kasımla yeməyə bir şey tapmaq məqsədilə bazara üz tutdu. Səhər yolunda ... milislər cır-cındır içində olan iki uşağı yetim sayıb tutdular, zorla arabaya mindirdilər. Uşaqlar qışqıra-qışqıra sərgərdan olmadıqlarını, valideynlərinin himayəsində yaşadıqlarını bildirsələr də ...milislər uşaqları hədələdi. ...Bir saatdan sonra onlar artıq uşaq qəbulu məntəqəsində idilər. ...Tifilləri uşaq evinə göndərdilər.
Həmin faciəli gündə nənəm evdə kiçik qızı ilə qalmışdı... Atamın bacısı qızınmaq üçün ...qəfildən səndələyib düz sobanın üstünə yıxıldı. İflic olmuş ana uşağa heç cür yardım göstərə bilmədi, ...dəhşət içində doğma balasının alovda yandığını müşahidə etdi. Keçirdiyi sarsıntıdan bir neçə dəqiqə sonra özü də dünyasını dəyişdi.
"...Babam gördüyündən dəhşətə gəlib, hönkür-hönkür ağladı... Sonra Yakovla (evin sahibi - İ.H.) birlikdə uşaqları axtarmağa getdilər. Onların harada olduğunu heç kəs düz-əməlli söyləyə bilmədi... Elə həmin gecə də babam ev sahibinin daxmasından çıxıb getdi və onu bir daha heç kəs görmədi" (Tokayev K.J., 2022, s.31).
Beləliklə, gerçək həyat hadisələrinin essevari təsvirlərlə müşayiət olunması "Atam haqqında söz"ü birnəfəsə oxunan dövrün şəxsiyyətlərini, mənəvi aləmi və xidmətləri ilə birlikdə təqdim edən qiymətli bir əsər səviyyəsinə yüksəltmişdir. Eyni zamanda, "Atam haqqında söz" həm də elmyönlü monoqrafik tədqiqat əsəri xarakteri daşıyır.
"Atam haqqında söz"dəki Böyük Vətən müharibəsi cəbhələrində düşmən təyyarələrinin "hər yeri cəhənnəmə çevirdiyi", "güllələrin bir neçə santimetrliyindən keçdiyi" anlarda Kemel Tokayevin "döyüş sınağından" sağ-salamat və alnıaçıq çıxması, Ukrayna, Belarusiya və Polşanın azad edilməsi uğrunda "əlində avtomat silah tankın üstündə ... faşizm əjdahasının başını əzən" vətənpərvər əsgər kimi təqdim edilməsi ilə əlaqədar əhvalatlar da mahiyyətinə görə odalarda olduğu kimi şəxsiyyəti səciyyələndirən əsas xüsusiyyətləri bütün dolğunluğu ilə göz önünə gətirir. Ona görə də "Atam haqqında söz"ü heç tərəddüd etmədən "Atam haqqında oda" adlandırmaq olar. "Atam haqqında söz" Ata Kemel Tokayevin keşməkeşli tale yollarının odası, Oğul Kasım-Comərd Tokayevin valideynləri haqqında yaddaqalan, unudulmaz və ibrətamiz həyat hekayəsidir. Beləliklə, "Atam haqqında söz" birnəfəsə oxunan tale romanı təsiri bağışlayır.
"Atam haqqında söz"ün "Anam" fəsli də essevari təsvirlərdən ibarətdir. "Atam haqqında söz"ün bir fəsli bütünlüklə müəllifin həyatında müəyyənləşdirici rol oynamış anası Turar Şabarbayevaya həsr edilmişdir. Bu, əsl qazax qadını və müqəddəs Ana haqqında ədəbi-publisist abidədir: "Anam bütün qanı və canı ilə öz xalqının bir parçası idi. O qazax mahnılarını, qazax dilində televiziya verilişlərini çox sevir, ...qazax dilində nəşr olunan qəzet-jurnalları diqqətlə oxuyurdu. O, gözəl hekayəçi idi, yəqin ki, mənim simamda minnətdar dinləyici tapmışdı... O mənə ətrafımdakı insanlara diqqətlə yanaşmağı, təmkinli olmağı, yaxşı oxumağı, hər şeydən faydalı dərs almağı öyrətdi... Özünü həmişəlik övladlarına həsr edib, ömrünün son günlərinədək analıq borcuna sadiq qaldı" (Tokayev K.J., 2022, s.132).
Kemel Tokayevin "Ədəbiyyata gedən keşməkeşli yolu" da, "Bədii yaradıcılığı" da, "Müasirləri" də, "Atam haqqında söz" də sənədli filmlərdə olduğu kimi, bütün reallıqları ilə öz əksini tapmışdır. Belə məqamlarda odanı araşdırma və təhlillər əvəz etmişdir. "Atam haqqında söz"ün müəllifi oda və esselərdə yazıçılıq, Kemel Tokayevin "Ədəbiyyata gedən keşməkeşli yolu"nun və yaradıcılıq dünyasının təqdimatında isə tədqiqatçılıq istedadı göstərir. Bütövlükdə "Atam haqqında söz" övladın ata-anasının tale yollarına dair baxışlarının, yazıçı Kemel Tokayev barəsində tədqiqat və araşdırmaların vəhdətindən yaranmış canlı salnamədir. Bədii-publisist düşüncələrin ifadəsində son dərəcə səmimi olan müəllif tədqiqatçılıq prosesində də tam obyektivlik nümayiş etdirir. Məhz buna görədir ki, "Atam haqqında söz"də detektiv yazıçı kimi Kemel Tokayevin hərtərəfli obrazı canlandırılmışdır: "Atamın qələmindən çıxmış əsərlərdə baş qəhrəmanlar sanki gerçək həyatda doğulublar. Kütləvi oxucular həmin qəhrəmanları tanıyır, başa düşürlər. Yazıçı onları ola biləcəkləri, hamının tanıdığı insanlar kimi, "bəzək-düzəksiz", izafi pafossuz təsvir etməyə çalışırdı. Hər şeydən əvvəl, o özünü milis işçiləri və çekistlərə münasibətdə büruzə verirdi. Kemel Tokayev sovet detektiv ədəbiyyatına xas olan hüquq-mühafizə sistemi ilə əlaqədar stereotiplərdən uzaqlaşa bilmişdi. O, öz obrazlarını başları üzərində qəhrəmanlıq haləsi olmayan adi zəhmət adamları kimi təsvir edib... Əsərləri ilə yenidən tanış olanda, istər-istəməz onun zamanı müəyyən qədər qabaqladığı barədə düşünürəm. Kitablarının qəhrəmanları atamın düşüncələrinin məhək daşından keçiblər, bütün müsbət keyfiyyətləri və çatışmazlıqları ilə birgə canlı insanlardır" (Tokayev K.J., 2022, s.91).
Bir məsələyə də xüsusi diqqət yetirməyi zəruri hesab edirəm. Keçmiş sovet ədəbiyyatşünaslıq elmində, eləcə də humanitar və ictimai elmlərin digər sahələrində yazıçılar, tarixi şəxsiyyətlər haqqında elmi əsərlər yazılarkən əsasən onların tərcümeyi-hal faktlarının təqdim olunması ilə kifayətlənilmişdir. Bu, həmin görkəmli simaların ictimai-siyasi və ədəbi-mədəni mühitdən təcrid olunmuş şəkildə çatdırılması ilə nəticələnir və haqqında söz açılan şəxsiyyətin məhdud və birtərəfli qaydada dərk olunmasına səbəb olurdu. "Atam haqqında söz"də isə haqlı olaraq Kemel Tokayevin həyatı və yaradıcılığı onu əhatə edən mühitin hadisələri və şəxsiyyətləri ilə birlikdə təsvir edilmişdir. Biz kitabın "Uşaqlıq və yeniyetməlik" fəslində Kemel Tokayevin Çimkənd qurğuşun zavodunun internat məktəbində birgə təhsil aldığı, sonralar məşhur yazıçı olmuş Amantay Raytanayevlə, "Ədəbiyyata gedən keşməkeşli yol" bölməsində Qazaxıstan Dövlət Universitetində tələbəlik dövründən dostluq etdiyi Qazaxıstan KP MK-nın katibi Səttar İmaşevlə, ölkənin xarici işlər naziri vəzifəsinə qədər yüksəlmiş görkəmli dilçi alim Müslüm Bazarbayevlə tanış oluruq. Dostların münasibətlərinin təsviri, onların ədəbi-ictimai mühitin hadisələri və digər təfərrüatları bölüşmələrinin diqqətə çəkilməsi bu şəxsiyyətlərin müasir həyatın və cəmiyyət hadisələrinin mahiyyətini daha dərindən dərk və şərh etmələrini əsaslandırmağa xidmət edir. "Kemel Tokayev və müasirləri" fəsli isə yazıçının mühiti və müasirləri ilə əlaqələrinin geniş dairəsini açıb göstərən araşdırmalar əsasında yazılmışdır. Bu fəsildə adıçəkilən müasirləri ilə - Qazaxıstan Yazıçılar İttifaqının rəhbərləri olmuş Jubar Moldaqaliyev, Oljas Süleymenov, Abiş Kekelbayev, Ali Sovetdə birlikdə çalışdığı Jamal Ramazanova, Sabir Niyazbekov, Hamza Abalqazin, Baymirza Danqanbekov, Yunis Bekvepov, hüquq-mühafizə orqanlarında rəsmi vəzifələr daşımış Abdımanap Pleuleyev, Məkan Eşbolatov, mətbuat xadimləri Sapar Bayjanov, Seriazdan Elenkenov və başqaları ilə əlaqələri heç də karyera üçün deyil, daha çox insanlıq duyğularını, ictimai mühitin qayğılarını dərindən paylaşmaq, yazıçılıq baxımından zəruri olan həyat materialı əldə etmək və ya dəstək qazanmaq baxımından faydalı idi. Bu isə Kemel Tokayevin mühiti və müasirlərinə həsr olunmuş səhifələrin təsviri ilə "Atam haqqında söz"ü Qazaxıstan haqqında söz səviyyəsinə yüksəltmişdir.
Beləliklə, detektiv yazıçı Kemel Tokayev haqqında söz funksiyasını yerinə yetirməyə xidmət edən "Atam haqqında söz" həm də Qazaxıstanın ictimai-siyasi portreti kimi də əhəmiyyətli mənbəyə çevrilmişdir. Bu mənada "Atam haqqında söz" Kemel Tokayevin tale romanı və sənət dünyası haqqında söz olmaqla bərabər, həm də Qazaxıstana həsr edilmiş tarix kitabıdır. Kemel Tokayevin və onu əhatə edən əməl və əqidə dostlarının talelərinin fonunda "Atam haqqında söz"də Qazaxıstan ölkəsinin və qazax xalqının XX əsrin iyirmi-otuzuncu illərindən, yəni aclıq və repressiya hadisələrindən, Böyük Vətən müharibəsi dövrü həqiqətlərindən, Stalin rejimindən, Xruşşov "istiləşməsi" mərhələsinin Qazaxıstandakı əks-sədasından, nəhayət, Qazaxıstanda dəyişən siyasi rəhbərliklərin ölkədə yaşatdığı çətinliklərdən elə seçilmiş detallara diqqət yetirilmişdir ki, burada kiçik bir əhvalatın xatırladılması və ya hər hansı bir şəxsiyyətlə əlaqədar təfərrüatların diqqətə çəkilməsi ilə həmin tarixi dövr haqqında əyani təsəvvür yaratmaq mümkün olmuşdur. Belə geniş ümumiləşdirmə imkanlarına əsaslanaraq "Atam haqqında söz"ü "Kemel Tokayev və epoxası" kimi də təqdim etmək olar. Məhz həmin keşməkeşli epoxanın özünəməxsus gərginlikləri, çətinlikləri və üstünlüklərinin ümumi mənzərəsində coşqun xarakterə məxsus olmasına baxmayaraq, Kemel Tokayevin göstərdiyi təmkin, dözüm, iradə və zəhmət bu çətin və mürəkkəb tarixi epoxada onun ləyaqətlə yaşamağı bacarmaq və həmin dövrün gedişatını detektiv əsərlərdə əks etdirmək istedadının miqyasını təsəvvür etməyə imkan verir. Təxminən əlli ildən artıq bir dövrdə Qazaxıstanda gedən ictimai-siyasi prosesləri, qabarma və çəkilmələri obyektiv şəkildə, gerçək mahiyyəti ilə birlikdə təqdim etdiyi məqamlarda "Atam haqqında söz"ün yaradıcısı aydın ictimai-siyasi baxışlarına malik olan görkəmli dövlət xadimi kimi çıxış edir. Təsadüfi deyildir ki, "Atam haqqında söz"ün müəllifi bu gün yeni Qazaxıstanın böyük uğurla yeniləşdirilməkdə davam edən müasir tarixini yaradır.
Göründüyü kimi, Kemel Tokayevin detektiv əsərləri ədəbiyyatda detektiv mövzuların böyük maneələrlə qarşılaşdığı çətin bir zamanda meydana çıxmışdır. Sosialist realizmi yaradıcılıq metoduna əsaslanan və tarixi nikbinlik prinsipi üstündə köklənmiş sovet ədəbiyyatında cəmiyyətdə baş verən kriminal hadisələrdən, xüsusən də Kemel Tokayevin müraciət etdiyi milis və təhlükəsizlik orqanlarında gedən proseslərdən, həyata keçirilən əməliyyatlardan bəhs etmək ağılasığan iş deyildi. Bu, paxılları tərəfindən dövlət sirrinin açılması kimi adlandırılaraq, yazıçını böyük çətinliklərlə üz-üzə qoya bilərdi. Hətta belə cəhdlər bəzən baş verməkdə idi. Bütün bunlara baxmayaraq, "Atam haqqında söz"də düzgün olaraq yazıldığı kimi, Kemel Tokayev ədəbiyyatın bu çətin mövzusunda bədii əsərlər yazmağın dilini tapa bilmişdir. O, hüquq-mühafizə orqanlarında çalışan insanların görünən tərəfləri, vəzifə borclarını yerinə yetirmələri ilə bərabər, daxili aləmini, xarakterini də açıb göstərmişdir. Belə məqamlarda tənqid və təhlillər hüquq-mühafizə orqanları sistemində çalışanların mənəvi dünyası ilə birlikdə təqdim olunmasına xidmət etmişdir. Bütün hallarda Kemel Tokayevin detektiv əsərlərindəki humanizm əsərin aparıcı xəttini müəyyən etmişdir. Yazıçı üçün ədəbiyyatda partiyalılılq prinsipi yox, gerçəkliyə sədaqət və bədiilik faktoru əsas meyar olmuşdur.

"Atam haqqında söz"ü yazıçı Kemel Tokayevin barəsində aşağıdakı sözləri həmin reallıqların səbəblərini və nəticələrini aydınlaşdırır: "O vaxt yaradıcılığın bütün sahələrində olduğu kimi, ədəbiyyatda da sosializm-realizm prinsipi hakim idi. Buna görə də yazıçıların bir çoxu öz qəhrəmanlarını, onların talelərini sosializm quruluşu üstünlüklərinin illüstrasiyasına çevirirdilər. Həmin qəhrəmanlar bütün insani xüsusiyyətlərdən məhrum olan donuq fiqurları xatırladırdı. Məni isə ideoloji don geyindirmədiyinə görə, Kemel Tokayevin əsərlərinin indiyəcən "dəbdən düşməməsi" sevindirir. Milis işçilərinin və çekistlərin ağır zəhməti barədə söz açanda, onların partiya direktivlərinin əsasında fəaliyyət göstərdiklərini qeyd etmək atamın heç ağlına da gəlmirdi. Onun əsərlərində sosializm quruluşunun üstünlükləri də xatırlanmır. Atam gerçək hadisələrlə bədii uydurmanın bir-biri ilə "dil tapmasına" xüsusi diqqət yetirirdi" (Tokayev K.J., 2022, s.100).
Görkəmli qazax detektiv yazıçısı Kemel Tokayevin əsərlərində həyatın çətin və mürəkkəb qatları əsl kəşfiyyatçı məharəti ilə açılıb göstərilmiş, həyat həqiqətləri və insan taleləri peşəkarlıqla və məharətlə təsvir edilmişdir. Bu mənada Kemel Tokayev oxucunun nəzərində əsl yazıçı-kəşfiyyatçı kimi canlanır. "Damğalı qızıl" povestində (1977) Qazaxıstan-Çin sərhədlərində qızıl möhtəkirliyi ilə əlaqədar baş verən hadisələr əsasında vətənə sədaqətlə və vətənə xəyanətin görünən və görünməyən qatları müqayisəli şəkildə, realistcəsinə əks etdirilmişdir. "Gecə açılan atəş" povesti (1972) müharibə illərində kəşfiyyatçı taleyinin dramatik ədəbi təqdimatıdır. "Sirli iz" povestində (1976) hərbi kəşfiyyat orqanlarının məxfi fəaliyyəti ədəbiyyatda canlı həyatın ümumiləşdirilmiş səhnələri kimi səslənir. Yazıçının "Son zərbə" romanında (1981) XX əsrin mürəkkəb hadisələri içərisində qazax xalqının ictimai-mənəvi həyatını qanla ləkələyən ağqvardiyaçılara qarşı mübarizənin real səhnələri yaradılmışdır. Hərbi-siyasi mövzuda yazılmasına baxmayaraq, Kemel Tokayev tarixi həqiqətə sadiq qalmış, obrazları əməlləri və mənəvi dünyası ilə birlikdə göstərməklə onlar haqqında bütöv və canlı təəssürat yaratmağa nail ola bilmişdir. "Atam haqqında söz"də "Son zərbə" romanı Kemel Tokayevin "ən yaxşı əsəri" kimi qiymətləndirilmişdir.
"Xüsusi tapşırıq" romanında (1963) Böyük Vətən müharibəsində Ukrayna cəbhəsində gedən döyüşlər və partizan hərəkatı vasitəsilə doğma torpaq və insan taleləri haqqında əsl yazıçı sözü deməyi bacarmışdır. Romanda doğma torpaq və insan münasibətlərinə dair, necə deyərlər, manşetə çıxardığı "dünyada çox gözəl yerlər mövcuddur, amma doğma tarlalardan və meşələrdən, doğma göy üzündən və Günəşdən, hətta küləkdən, yağışdan və tufandan əziz heç nə ola bilməz" sözləri vətən torpaqları uğrunda döyüş səhnələri haqqında bədii əsər yazan vətəndaş-yazıçı qayəsinin əsl mahiyyətini açıb göstərir.
Ümumiyyətlə, Kemel Tokayevin detektiv əsərləri gerçək həyat hadisələri ilə yazıçı fantaziyasının, real faktlarla bədii uydurmaların üzvi sintezi əsasında yazılmış mükəmməl ədəbiyyat nümunələridir. Yazıçının tale romanının dramatikliyi ilə sənət dünyasının bədii ifadəsi olan detektiv əsərlərindəki dramatik hadisələr bir-birini üzvi surətdə tamamlayır.
Əlbəttə, Kemel Tokayevin əsl yazıçı siması onun detektiv əsərləri ilə meydana çıxmışdır. O, bu əsərləri ilə qazax ədəbiyyatında yeni bir ədəbi məktəb yaratmış görkəmli yazıçıdır. Bununla belə, uşaqlar və gənclər üçün yazdığı əsərlər də Qazaxıstan ellərində ona ad-san qazandırmışdır. Bundan başqa, onun "Kimdir müqəssir?", "Qırmızı komissar", "Sehrli gizlinlər" adlı pyesləri Qazaxıstan teatrlarında uğurla tamaşaya qoyulmuşdur. Bu görkəmli detektiv yazıçı sözün əsl mənasında sağlığında qazandığı şöhrətin şirinliyini də, acısını da yaşamışdır. Kemel Tokayev sanballı detektiv əsərləri ilə qazax ədəbiyyatına özünün möhürünü vurmuşdur. O, yazıçı kimi əbədiyyət qazanmış, qazax ədəbiyyatı tarixində öz yerini müəyyən etmişdir.
Kemel Tokayevin əsərləri ilk növbədə qazax cəmiyyətinin, o cümlədən, bənzər talelər yaşamış digər xalqların həyatının hansı çətinliklərdən keçərək bizim günlərə qədər necə gəlib çatdığını canlı və əyani şəkildə görməyə və göstərməyə xidmət edən, ibrətamiz nəticələr çıxarmağa imkan yaradan qiymətli ədəbiyyat nümunələridir. Fikrimizcə, Qazaxıstanda detektiv ədəbiyyatın əsas yaradıcısı olan Kemel Tokayevin əsərlərinin Azərbaycan dilində nəşrinin ölkəmizdə də böyük rəğbət və maraqla qarşılanmasının əsas səbəbi bundan ibarətdir.
Görkəmli qazax yazıçısı Kemel Tokayevin həyatı və yaradıcılığı haqqında Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təqdim etdiyi "Kemel Tokayev: Həyatı, mühiti və yaradıcılığı" kollektiv monoqrafik tədqiqatı qiymətli detektiv əsərlər yaradan böyük sənətkarı ölkəmizdə tanıtmaqla bərabər, həm də çoxəsrlik zəngin ənənələrə malik olan Azərbaycan-Qazaxıstan elmi-ədəbi əlaqələrinin də əhəmiyyətli bir səhifəsidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
