Nizami CƏFƏROV
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı müqəddəs Qarabağ Zəfəri otuz illik işğala son qoymaqla bərabər, başda Azərbaycan və Türkiyə olmaqla bütün türk dünyasının, türkçülüyün və türklüyün milli qürurunu zirvələrə yüksəldib. Bu əzəmətli, rəşadətli qələbə ümumilikdə qlobal beynəlxalq münasibətlərə təsir etməklə bərabər, türk dünyasında həyatın bütün sahələrində olduğu kimi elmi yaradıcılıq, həmçinin ədəbi mühitdə müraciət olunan mövzuları da kökündən dəyişib. Çünki Qarabağ zəfəri son iki yüz illik zaman kəsimində türk dünyasının qarşılaşdığı ardıcıl haqsızlıqları kökündən dəyişərək, qəlbimizdə, ruhumuzda və gündəlik həyatımızda yeni bir sağlam milli-mənəvi aura yaradıb. Görkəmli yazıçı-publisist Sabir Şahtaxtının ibrətamiz eşq dastanı olan "Duman çəkiləndə" siyasi, tarixi və fəlsəfi romanının ərsəyə gəlməsi də ifadə etdiyimiz fikrə bariz nümunədir. Bəli, təsadüfi deyil ki, təxminən otuz illik yaradıcılığını saxta "erməni məsələsi"nin ayrı-ayrı istiqamətlərinə həsr edən yazıçı bu dəfə tamam başqa bir əhval-ruhiyyədə oxucuların görüşünə gəlib. Təqdim olunan romanda vətən sevgisi və dini etiqad milli vəhdət şəklində təsvir olunur ki, bütün bunlar müqəddəs Qarabağ zəfərinin qazanılmasında öz sözünü əzəmətlə ifadə edir.
Yazıçı əsərdə obrazlı şəkildə ifadə edir ki, Azərbaycanın igid övladları məhz şəhadətin şərafətini dərk edərək Vətənin azadlığı yolunda canlarını fəda etmək üçün ayağa qalxmışlar! "Duman çəkiləndə" romanı Qarabağ müharibəsinin milli-mənəvi əzəmətini özündə yaşada biləcək ən möhtəşəm "Zəfər nəğməsi" simfonik əsəri kimi Azərbaycan xalqının bütün müqəddəs amallarının şərəf notlarını özündə ehtiva edir. Əsər boyu hər məqamda hər biri öz yerini, öz səsini, öz təravətini əzmlə qoruyan bu notlar insan qəlbini cuşa gətirir, ürək ritmini fəxarət zirvəsində qoruyur, insan ruhunu vətəndarlıq, vətənsevərlik yüksəkliyində qoruyaraq milli səltənət koloritini dinamik inkişafda saxlayır.
"Duman çəkiləndə" müqəddəs Qarabağ Zəfərini tərənnüm edərək oxucuya vətəndarlıq hissinin qalibiyyətini, nikbinlik, özünəgüvən, milli qürur kimi yüksək keyfiyyətləri aşılayır. Romanın ümumi bədii quruluşunda və süjet xəttində tətbiq olunan metod və taktikalar müasir bədii ədəbiyyatda bir sıra yeniliklərlə xarakterizə olunur. Əsərdə eyni mahiyyətli tarixi proseslər, milli-mənəvi dəyərlər, müharibə səhnələri, xalqın yaradıcılıq xüsusiyyətləri və insani keyfiyyətlər sintez olunmuş şəkildə kompleks yanaşma ilə təsvir olunur. Romandakı təbiət və təsəvvüf təsvirləri böyük şövqlə işlənmişdir. Yazıçı bu səhnələrlə Azərbaycanın füsunkar gözəlliyini milli-mənəvi dəyərlərlə eyni tabloda təsvir edib, eyni boyaların gücü ilə cilalayaraq onların birgə tərənnümünə nail olub. Mübaliğəsiz deyə bilərik ki, "Duman çəkiləndə" ümumtürk, ümumislam mövzulu roman olmaqla bərabər, dünya ədəbiyyatı üçün də nümunəvi və maraqlı bir örnəkdir. Çünki yazıçı böyük ədəbi ustalıqla müqəddəs Qarabağ zəfərini tərənnüm etməklə bərabər, ümumi mənada müharibəni pisləyir, Azərbaycanı müharibəyə təhrik edənləri lənətləyir. Əsərdə igidlərin humanist duyğuları, xoş arzu və istəkləri romansevərlərə sülhsevərlik tablosu ilə təqdim olunur.
Romanda haqqında bəhs edilən "Tarixin dəstəsi" adı ilə tanınmış qəhrəman manqanın tərkibinin "12+1" sayda müəyyən edilməsi təsadüfi deyil: Azərbaycan Konstitusiyası on iki fəsildir, on iki ay, on iki imam, on iki mələk, tək amal və s. Romandakı fəsillərin sayı da məhz bu prinsip əsasında 12 sayda müəyyən edilmişdir. Zaman baxımından hər şey kimi, insan ömrü də axaraq torpağa qovuşur. Lakin tarix nəsillərin yaddaşında keçmişə və gələcəyə işıq saçır, milli vətənpərvərlik mübarizəsi yolu üçün stimula çevrilir. Ən əsası odur ki, roman 44 başlıq əsasında yazılmış, bu sərlövhələrin hər biri bölmənin məzmununda əksini tapmış və bədii məziyyətlər bir-biri ilə uzlaşdırılmışdır. Manqanın komandirinin tarix müəllimi olması, 12 dəstə üzvünün şəhadətə yüksəlişi və yalnız Tarix ləqəbi ilə oxucunun da sevimlisinə çevrilən qəhrəman manqa başçısının sağ qalması və Şuşanın fəthindən sonra onun türkün qeyrət qalasında keçirdiyi hisslər dərin fəlsəfi məna və mahiyyət daşıyır. Müəllif müəllim adını və milli tarixi xalqın ölməz, itməz, silinməz müqəddəs varlığı kimi sonadək əzmlə qoruyur, elm və təhsilin gücünü obrazlı şəkildə milli sərvət kimi tərənnüm edir. Romanda milli şərəf tarixi ilə müqəddəs Qarabağ Zəfərinin məna və mahiyyəti eyniləşdirilir, türk xalqlarının birliyi və həmrəyliyi naminə mühüm çağırışlar edilir.
Əsər komandir Tarixin Şuşada gördüyü yuxu ilə bitir. O, döyüş yoldaşları ilə birlikdə imtahan otağındadır. Yuxuda müəllimin qarşısında çətinlik çəkən Tarixə son sual verilir: Ali Baş Komandanın rəşadətli Qələbədəki rolunu yığcam şəkildə necə ifadə edə bilər? Tarix fıkrində hazır saxladığı "Zəfər Əzizi!", - sözlərini şirin bir tonda ifadə edəndə müəllimin çöhrəsi daha da nurlanır.
"...Sözlərim müəllimi necə ovsunladısa, yerini rahatladı:
- Bəs, Rəcəb Tayyib Ərdoğan?!.
Sinifdəki igidlərin hərəsi bir tərəfdən əlini qaldırıb cavab vermək istədi.
Sual mənə verilmişdi. Tərs-tərs arxaya baxdım. Tarixin sərt üzü öz sözünü dedi.
Sükut çökdü. Tərəddüd etmədən "Hər ikisi Yenilməz! Sahibi millət, Fateh-i
Ümmət!", - dedim."
Əlamətdar haldır ki, yazıçı əsər barədə fikirlərini bölüşərkən, eləcə də əsər barədə hazırladığı "xülasə"də qeyd edib ki, romanın əsas qəhrəmanının müəyyən edilməsində Prezident İlham Əliyevin söylədiyi "...Ona görə bizim gənc nəslimiz, əlbəttə ki, tarixi olduğu kimi bilməlidir. Mən oxuduğum dövrdə biz təhrif edilmiş tarixi öyrənirdik. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Mən məktəbdə və ali məktəbdə oxuyarkən bu kitablar, bu saxta tarix kitabları əsasında oxumuşam. Biz müstəqilliyə qovuşandan sonra real tarixi bildik..." ifadələri həlledici olub. Və beləcə roman böyük və müqəddəs Qarabağ Zəfərinin tarixi təntənəsini tərənnüm etmək məqsədilə qələmə alınmışdır. Zərrə qədər şübhəm yoxdur ki, "Duman çəkiləndə" siyasi, tarixi və fəlsəfi romanı əbədiyyətə qədər türk dünyasının nadir əsərləri arasında öz layiq olduğu yeri qoruyacaq, dünya ədəbiyyatı sıralarında özünə layiqli yer qazanmaq üçün ciddi müqavimət göstərəcək. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, eləcə də Azərbaycançılıq ideologiyasının əsas prinsipləri romanda ideya və məzmun şəklində qorunur. Əsərin Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunması yazıçının Azərbaycançılıq məfkurəsinə ehtiramının və sədaqətinin nümunəsidir. Real hadisələr əsasında qələmə alınan roman nəfis ədəbi təsvirləri ilə də cəlbedicidir. Xarıbülbül, Qərənfil və Zəfər kimi dərin mənalı adları ibrətamiz qəhrəmanlara çevirən yazıçı Bakı metrosunun "20 Yanvar" və "Azadlıq" stansiyalarının adlarını da böyük ədəbi ustalıqla romandakı proseslərə daxil edərək onların hər birinin məna və mahiyyətinin tarixiləşdirilməsinə töhfə verməyə nail ola bilmişdir. Bundan başqa, türk dünyasının çox sayda görkəmli şəxsiyyətinin adlarına və fəaliyyətinə müraciət olunmuş və hər bir ada istinad olunan tarixi məqam ilə romandakı hadisələr uyğunlaşdırılmışdır. Əsərdə Azərbaycan xalqının yüksək yaradıcılıq xüsusiyyətləri, milli adət və ənənələri, milli mübarizənin bütün faydalı elementləri ümumtürk sərvəti kimi qorunur, islamı dəyərlərə milli baxış sərgilənir. İşğal altında olan torpaqların azadlığı yolunda canlarını fəda etmək üçün müqəddəs yolda olan igidlər ən çətin məqamlarda da şükür edirlər ki, düşmən uzun illər işğalda saxladığı bu torpaqları xoşluqla geri qaytarmayıb. Çünki milli ləyaqətin qorunması hər bir Azərbaycan igidi üçün öz həyatından çox-çox yuxarıda olan qürur və ləyaqət hissidir.
Əsərin yazılması, İstanbul türkcəsinə tərcüməsi və Ankarada nəşri, həmçinin Türkiyə Cümhurbaşkanlığında keçirilmiş təqdimat ilə bağlı məlumatlardan açıq-aydın görünür ki, roman Vətən müharibəsinin gedişatında ərsəyə gəlmiş, bütün hallarda yazar Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunacağına nikbinliyini qorumuşdur. Romanda oxuyuruq: "Xəyaldan ayrılanda içimdəki yenilməz bir yəqinlik qəlbimə hökm edirdi - Az qalıb, lap az! Qəhrəman Azərbaycan Ordusu Şuşaya nəsib etdiyi şərəf gününü Xankəndinə də yaşadacaq. Laçın, Kəlbəcər və Ağdamdan sonra Xankəndi də Xocalı, Əsgəran, Xocavənd, Ağdərə ilə birlikdə azadlığa qovuşacaq! Zəfər nəğməsinin sədaları bu torpağın havasını, suyunu, dağını, dərəsini, qayasını, meşəsini cuşa gətirmişdi. Mən bütün bu xəyali əzəmətdən həzz ala-ala yoluma davam edirdim...
Bir anda mənə elə gəldi ki, keçmişdə yaşayıram. Xankəndinin tən ortasında çadır kənd qurulub. Türk dövlətlərinin bayraqlarını əllərində dalğalandıran süvarilər şəhərciyin ətrafında dövrə vururdular. Türk bayraqları ilə Pənahəli xan Cavanşir nəhəng ağ çadırın tən ortasında taxtda oturub qonaqları qəbul edir. Aqillər uzun yolçuluq keçərək Xankəndində qurulan "Birlik məclisdə" türk sözünün hikmətin qüdrətini tərənnüm edəcəkdilər.
Əvvəlcə İşim çayı sahilindəki türk qalasından təşrif buyuran nurani qoca içəri girib salam-kəlamdan sonra xanın qulağına nəsə pıçıldadı. Xan "Türkün zəkası hər şeyə qadir", - deyib gülümsədi. Qısa çəkən söhbət "İnşallah" nidası ilə bitdi. Sonra Əskişəhər, Kazan, Mərv, Şəki, Türküstan, Kastamonu, Oş, Xivə, Bursa, Şuşa və Anevdən gələn qonaqlar yerbəyer oldular. Bunun dalınca Təbriz, Herat, Ərbil, Şam, Konya, Əhər, İznik, Kufə və digər şəhərlərdən təşrif buyuranlar göründülər. Bütün qonaqlar qızılı çadırlarda yerləşirdilər. Sevincdən süzülən göz yaşlarımdan gözlərim qapanmışdı. Sonra gələnlərin haradan olduqlarını bilmədim. Təkcə onu başa düşdüm ki, çoxuq, həm də lap çox. Bir ucu şimal, bir ucu cənub, bir ucu qərb, bir ucu şərqdən şərəf gətirən dəstələrdən ucalan səsləri aydın başa düşməsəm də eşitdiyim "türk" sözünün əzəmətinə və şirinliyinə bir daha heyran olmuşdur". Yuxarıda qeyd etdiyimiz mühüm məqamlar, sadalanan adlar Azərbaycanın da liderliyi ilə türk dövlətlərinin kültür diplomatiyasının müasir həyatımızdakı uğurlarına işarədir.
Hörmətli oxucular, Azərbaycana qarşı törədilən Sumqayıt təxribatından bəhs edən "Xaç əməliyyatı" siyasi-tarixi əsərinə hələ 2001-ci ildə Ön söz yazdığım görkəmli yazıçı-publisist Sabir Şahtaxtı ötən dövrdə geniş və şərəfli yaradıcılıq yolu keçib, imzası Azərbaycan və İranla bərabər, Türkiyə başda olmaqla bütün türk dünyasında tanınıb. Həmçinin informasiya janrında böyük təcrübəsi olan Sabirin "Nisgil" siyasi-tarixi romanına Türkiyənin Qars Qafqaz Universitetində dissertasiya işinin yazılması və uğurlu müdafiənin keçirilməsi (05.01.2024) bir daha məndə əminlik yaradır ki, onun əsərləri bütün türk dünyasında yeni dövr üçün də milli-azadlıq məfkurəsinin formalaşmasında daim öz sözünü deyəcək, öz yerini qoruyacaq. Təxminən yarım əsrə bərabər zaman kəsiyində hələ də həllini tapmayan Əfqanıstan problemini özündə tam əks etdirən "Yosun ətri", İrandakı türk düşmənçiliyinin əsaslarına dair suallara cavab tapan "Mil" romanlarının siyasi mahiyyəti və bədii məziyyəti deməyə əsas verir ki, Sabir Şahtaxtı başda türk dövlətləri olmaqla türk dünyasının, türk xalqlarının tarixini və problemlərini, milli həmrəyliyin faydalarını və əzəmətini özündə yaşadan əsərlər yaratmaq qabiliyyətindədir. Ümumiyyətlə, Sabir əsərlərində məharətlə ədaləti, elmin qüdrətini, milli məfkurəni, milli birliyin gücünü, ümumtürk həmrəyliyinin qüdrətini cəlbedici yaradıcılıq üslubunda tərənnüm edir.
Sabir Şahtaxtıya böyük yaradıcılıq uğurları arzu edir, Zəfər, eləcə də türk dünyasının birliyi və qüdrəti mövzularında yeni-yeni əsərlər yaratmasını tövsiyə edirəm. Gələcəkdə də Vətən müharibəsi mövzusunda fərdi qəhrəmanlıq əsərlərinin yazılacağı şübhəsizdir, lakin "Duman çəkiləndə" romanı ümumi qəhrəmanlıq dastanı kimi nadirliyini qoruyacaq.
Böyük məmnuniyyətlə Sabir Şahtaxtını bu möhtəşəm əsər münasibətilə təbrik edir, romanın tezliklə Azərbaycanda nəşrini, xarici dillərə tərcüməsini arzulayır və nümunəvi məhəbbət dastanı, milli qəhrəmanlıq salnaməsi olan "Duman çəkiləndə" romanının xeyirlərə vəsilə olmasını arzulayıram!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
