Mətanət VAHİD
XIX əsrin sonu - XX əsrin əvvəllərində uşaq ədəbiyyatı artıq ayrıca ədəbi sahə kimi möhkəmlənməyə başlasa da, tənqidi düşüncədə pedaqoji-maarifçi yanaşma hələ də üstün mövqedə idi. Bu münasibət uşaq ədəbiyyatını ədəbi sistemin periferiyasında saxlayırdı: hətta tanınmış yazıçıların belə bu sahədəki əsərləri öz yaradıcılıqlarının əsas xəttindən kənarda dəyərləndirilir, uşaq ədəbiyyatı haqqında tənqidi düşüncə isə uzun müddət akademik diskursdan uzaq qalaraq, əsasən tövsiyəvi, icmal xarakteri daşıyırdı. Halbuki uşaq ədəbiyyatına yanaşma ümumi ədəbiyyatşünaslıq meyarlarından zəif olmamalıdır. Uşaq ədəbiyyatı üçün ayrıca "sadələşdirilmiş tənqid dili" yaratmağa da ehtiyac yoxdur. Balacalar üçün yazılmış mətn sadə olsa belə, barəsində yürüdülən düşüncə bəsitləşdirilməməlidir. Ədəbi tənqidin funksiyası yalnız mətnlərin ideya və məzmununu təqdim və şərh etməkdən ibarət olmamalı, seçim meyarı yaratmalı, estetik və mənəvi məsuliyyəti gündəmdə saxlamalı, bir sözlə, balaca oxucunun mütaliə zövqünü böyüklərin zövqsüzlüyündən qorumağa çalışmalıdır.
Başqa bir səbəb isə uşağın müstəqil oxucu kimi deyil, böyüklərin yönləndirdiyi passiv subyekt kimi qəbul olunması idi. Bu yanaşma uşağın oxu təcrübəsini və mətnlə münasibətini ayrıca tədqiqat məsələsi kimi önə çıxarmağa imkan vermirdi. Digər mühüm amil uşaq ədəbiyyatının estetik keyfiyyətlərindən çox didaktik prinsiplər əsasında dəyərləndirilməsi idi. Uzun illər ədəbiyyatşünaslıq əsərin uşağa nə öyrətdiyi barədə suala fokuslandığından, onun bunu necə təqdim etdiyi məsələsi diqqətdən kənarda qaldı. Bu amillər uşaq ədəbiyyatı tənqidinin müstəqil, nəzəri cəhətdən inkişaf etmiş sahəyə çevrilməsini ləngitdi. Bu mənada, uşaq ədəbiyyatı tənqidinin qarşısında duran mühüm vəzifələrdən biri də ədəbiyyatla pedaqogikanın sərhədlərini düzgün müəyyənləşdirməkdir. Tənqidçi uşağın psixologiyasını, yaş xüsusiyyətlərini və tədris mühitini bilməli olsa da, pedaqoqun yerinə keçib əsəri yalnız faydalılıq prinsipi ilə şərh etməməlidir.
XX əsrin ikinci yarısından etibarən uşaq ədəbiyyatının tədqiqində yeni nəzəri istiqamətlər meydana çıxmağa başladı. Uşaq mətnlərinin təhlili narratologiya, müqayisəli ədəbiyyatşünaslıq, gender və mədəniyyət araşdırmaları, psixologiya və koqnitiv elmlərlə əlaqələndi. Müasir tənqid əsərin süjet və dil xüsusiyyətləri ilə yanaşı, mətnin vizual elementlərlə qarşılıqlı əlaqəsinə və bu əlaqənin yaratdığı bədii cəhətlərə də diqqət yetirir. Çağdaş uşaq ədəbiyyatının şəkilli kitabdan qrafik romana, rəqəmsal və interaktiv mətnlərə qədər genişlənməsi ədəbi tənqidin qarşısında da yeni məsələlər qoydu: bu müxtəliflik uşaq ədəbiyyatının sözlə məhdudlaşmayan bədii imkanlarını önə çıxartdı.
Çağdaş ədəbi tənqidin diqqət yetirdiyi məsələlərdən biri də uşağın vahid və dəyişməz bir obraz kimi qəbul edilməməsidir. "Uşaq bunu sevər", "uşaq bunu anlamaz" kimi hökmlər çox vaxt sadəcə, böyüklərin balacalar haqqında təsəvvürünə söykənir. Sosial-tarixi şəraitin dəyişməsi, bu şərtlərdə formalaşan mədəni təcrübə, informasiya mühiti və yaş amili uşaqların mətnə münasibətinə təsir göstərdiyinə görə "uşaq oxucu" anlayışına qəliblər çərçivəsində yanaşmaq doğru olmaya bilər. XXI əsrdə əsərə oxucumərkəzli yanaşma mənanın yalnız müəllif niyyəti və mətnin öz xüsusiyyətləri ilə məhdudlaşmadığını, oxu prosesində yeni mənalar meydana gəldiyini önə çıxarır.
Dünya ədəbi tənqidi prosesindəki bu yenilənmələr fonunda Azərbaycanda uşaq ədəbiyyatı tənqidinin mənzərəsi daha mürəkkəb görünür. Uşaq ədəbiyyatı haqqında müxtəlif xarakterli məqalə və araşdırmalar yazılsa da, bu materiallar ədəbi prosesi bütöv şəkildə izləyən və müasir nəzəri düşüncə kontekstində dəyərləndirən ardıcıl tənqidi mənzərə yaratmağa kifayət etmir. Yeni kitabların çapı, tərcümələrin artması, nəşr imkanlarının genişlənməsi isə bu sahədə müəyyən canlanma yaradıb. Bu baxımdan son illərdə sahənin yenidən gündəmə gəlməsi xüsusi əhəmiyyət daşıyır.

Xüsusilə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin yaradılmasından sonra mövzu sistemli şəkildə diqqət mərkəzinə çəkilməyə başlayıb. Bu canlanmanı institusional dəyişikliklərlə yanaşı, sahəyə xüsusi həssaslıq göstərən və onu ədəbi-ictimai müzakirənin predmetinə çevirən elmi mövqe də şərtləndirib. Məhz bu kontekstdə filologiya elmləri doktoru Elnarə Akimovanın fəaliyyəti və onun "Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri" kitabı (2024) uşaq ədəbiyyatı tənqidində yeni mərhələnin təzahürü kimi dəyərləndirilə bilər.
Kitabın çağdaş ədəbiyyatşünaslıq üçün əhəmiyyətli cəhətlərindən biri uşaq ədəbiyyatının klassik irsdən bu günə qədər bütöv mənzərəsini yaratmaq cəhdidirsə, ikincisi, uşağa ünvanlanan mətnin bədii səviyyəsinə güzəşt edilməməsini əsas götürən estetik meyarın önə çəkilməsidir. Bu yanaşma uşaq ədəbiyyatının nə vaxtsa "qızıl dövr" yaşayıb, sonra tənəzzülə uğraması kimi təsəvvürləri aradan qaldıraraq prosesi daha mürəkkəb, dalğalı, sosial-mədəni faktorlarla şərtlənən bir sahə kimi təqdim edir.
Kitabda uşaq ədəbiyyatının balacaların təxəyyülünü, duyğu və düşüncəsini zənginləşdirməsi mənəvi məsuliyyət kimi qarşıya qoyulur. Çünki uşaq ədəbiyyatının taleyi yalnız bugünkü oxucunun zövqünü deyil, sabahkı ədəbi şüurun keyfiyyətini də müəyyənləşdirir. "Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri" kitabı uşaq ədəbiyyatına baxış bucağının dəyişməsini təklif edən konseptual mətndir. Bunları nəzərə alaraq, kitabı uşaq ədəbiyyatımız haqqında araşdırmalar toplusundan daha geniş məna daşıyan, sahəyə tənqidi münasibət tələb edən bir mətn kimi oxumaq mümkündür.
Kitabın "Müəllifdən" başlığı ilə təqdim edilən "Gecələr səmaya bax, bütün ulduzlar çiçəkləyəcək..." yazısı mövzunun elmi mündəricəsindən öncə mənəvi atmosferinə köklənmək imkanı yaradır. Burada elmi düşüncə ilə duyğular, tənqidi yanaşma ilə mənəvi məsuliyyət bir-birini tamamlayır. Ədəbiyyatşünas uşaq ədəbiyyatı ilə işləməyin yaratdığı "mənəvi zövq" və "feyzdən" bəhs edərkən səbəbini söhbətin gələcəyin insanından getməsi ilə əlaqələndirir. "Ümidimiz sözün möcüzəsinədi. Uşaq ədəbiyyatının stixiyası olan xilas etmək gücünə. Uşaq ədəbiyyatı uşaq-təbiət tandeminin ən munis dövrünün başlanğıcında dayanan və təbiətə doğma münasibət formalaşdıran sahədir. Bu mənada, ədəbiyyat insanla təbiətin arasındakı sağlam bağı, əlaqəni qoruyub saxlayan, bəlkə də yeganə düşüncə məkanıdır. Bir şeirlə dünyanı gözəlləşdirmək, bir sınmış budağın belə ürəyi olduğunu uşağa aşılayıb onu təbiətə ziyan vurmaq kimi davranışlardan daşındırmaq... Bu, qələm adamına öz ağrılarını ürəyinin bir küncünə sıxışdırıb onu yenmək hasabına başa gəlsə belə." Elnarə Akimovanın uşaq ədəbiyyatının mənəvi təbiəti haqqında mülahizələri ədəbiyyatın balaca oxucunun dünyaya münasibətini formalaşdırdığı qənaətini yaradır. Uşaq ədəbiyyatına yanaşmadakı bu mənəvi başlanğıc balacaların dünyaya, təbiətə, başqalarına, yaxşılığa, gözəlliyə yanaşmasının ilk cizgilərini formalaşdırması ilə bağlı məsuliyyət hissindən qaynaqlanır.
Yaşıl rəngi saflıq, dirilik və bolluğun rəmzi kimi xatırladan müəllif təbiətlə münasibətin məhz uşaqlıqdan formalaşdığını vurğulayaraq, ədəbiyyatı bu əlaqəni qoruyan anlayış kimi təqdim edir. Elnarə Akimovanın uşaqlar üçün nəzərdə tutulmuş əsərlərdə "işıq" görmək arzusu dünyanı büsbütün çəhrayı rəngdə göstərən, oxucunu həyatın eniş-yoxuşlu gerçəklərindən uzaq tutan psevdonikbinlik tələbi deyil. Müəllif bədii mətnlər və haqqındakı yazılara istinadla işığı qaranlığın içindən keçib ona qalib gəlmək bacarığı kimi dəyərləndirir. Sənət həyatın acılarını gizlətmək bacarığından çox, ağrını bədii materiala çevirərək uşaqlara həyat sevgisini aşılaya bilməkdir. "Gecələr səmaya bax, bütün ulduzlar çiçəkləyəcək..." məqaləsində müəllifin uşaq ədəbiyyatına münasibətini müəyyənləşdirən estetik kredo prioritet olduğu üçün onu uşaq ədəbiyyatının mənəvi manifesti hesab etmək olar.
Ədəbiyyatşünaslığın klassik irsə müraciətində məqsəd tarixi dəyərin təsdiqi ilə yanaşı, sonrakı ədəbi təcrübə üçün zəmin yaradan xüsusiyyətləri üzə çıxarmaqdır. Kitabın "Uşaq ədəbiyyatı: tarixdən çağdaşlığa" adlanan ilk fəslində bu sahəni yaradan mənəvi ehtiyac araşdırılmaqla bərabər, çağdaş ədəbiyyata keçən ədəbi miras da tədqiq obyektinə çevrilir. XIX əsrin sonu - XX əsrin əvvəllərində uşaq üçün yazmaq, ilk növbədə, uşağı oxumağa, öyrənməyə, ana dilində düşünməyə, dünyanı dərk etməyə hazırlamaq demək idi. Məktəb, dərslik, uşaq mətbuatı və bədii mətn bir-birini tamamlayan vahid missiyaya xidmət edirdi. Uşaq ədəbiyyatının "Vətən dili"ndən "Dəbistan", "Rəhbər", "Məktəb" kimi nəşrlərə qədər uzanan yolu bu sahənin bütöv bir ziyalı nəslinin əzmi, fədakarlığı sayəsində yarandığını sübut edir. Elnarə Akimova bu tarixi məsuliyyəti xüsusilə azərbaycançılıq məfkurəsi ilə bağlayır və həmin dövrün maarifçi fəaliyyətini sonradan formalaşacaq milli özünüdərkin ilkin ədəbi zəmini kimi təqdim edir. Bu baxımdan "Uşaq ədəbiyyatı - məfkurə qaynağımız" yazısındakı əsas fikir diqqətəlayiqdir: uşaq ədəbiyyatının tarixini yalnız uşaqlar üçün yazılmış ilk əsərlərin meydana çıxması ilə əlaqələndirmək mümkün deyil - bu niyyətin arxasında bir toplumun öz gələcəyi üçün narahatlığı dayanır. Məktəb açmaq, ana dilində kitab yazmaq, uşağın mütaliəsinə şərait yaratmaq, yeni tipli dərsliklər hazırlamaq, uşaq mətbuatı formalaşdırmaq eyni ali məqsədə yönəlik fəaliyyətlər olduğuna görə Azərbaycan uşaq ədəbiyyatının ilk mərhələsini Elnarə Akimova ədəbi hadisədən öncə milli düşüncənin formalaşması prosesi kimi qiymətləndirir: "Məhz məfkurəvi qayəyə söykənməsi, milli özünüdərk və vətənpərvərlik ideyalarının parlaq təcəssümünü verməyi əsas hədəfə çevirməsi XX əsrin əvvəllərinin poeziyasını həlledici mərhələ kimi təsnif etməyə imkan verir."
Sovet dövründən bu yana uşaq ədəbiyyatına dair çoxsaylı tədqiqatlar yazılıb, ayrı-ayrı müəlliflərin yaradıcılığı araşdırılıb, inkişaf mərhələləri və janr xüsusiyyətləri müəyyənləşdirilib. Elnarə Akimovanın "Çağdaş uşaq ədəbiyyatının problemləri - zamandan gələn notlar" silsiləsində də qeyd etdiyi kimi, Azərbaycan ədəbi tənqidində uşaq ədəbiyyatına münasibətdə Səməd Vurğundan Mikayıl Rzaquluzadəyə, Rəsul Rzadan Məmməd Cəfər Cəfərova, Yaşar Qarayevdən İsa Həbibbəyliyə qədər, müxtəlif nəsillərin nümayəndələri əhəmiyyətli yazılarla çıxış ediblər. Lakin çağdaş ədəbi tənqid ənənənin davam etdirilməsindən çox yenidən nəzərdən keçirilməsini tələb edir. Çünki informasiya mühiti ilə birgə oxucu da, kitabın uşağın həyatındakı yeri də dəyişib. Bu dəyişiklik kitabın əhəmiyyətini aradan qaldırmasa da, gərgin rəqabət mühiti formalaşdırır. Deməli, XXI əsrin uşaq ədəbiyyatını ötən əsrin təsəvvürlərinə söykənərək qiymətləndirmək yanlışdır. Elnarə Akimova uşaq ədəbiyyatının dünənini yalnız ilk nümunələr, ilk müəlliflər, ilk nəşrlər aspektindən araşdırmır; başlanğıcların sonrakı ədəbi şüurdakı izlərini tədqiq edir. Bu baxımdan fəslin tarixi materialı biblioqrafik məlumat xarakteri daşımır, milli ədəbi şüurun formalaşma prosesinə işıq salır.
Uşaq ədəbiyyatının XX əsrin 20-ci illərindən müstəqilliyə qədərki zamanı əhatə edən II mərhələsindən (sovet dövrü) bəhs edərkən Elnarə Akimova dövrün siyasi-ideoloji mahiyyəti ilə ədəbi-bədii keyfiyyəti eyniləşdirmir; həmin məhdudiyyətlər çevrəsində "uşaq ədəbiyyatının layiqli nümunələrini meydana qoymaqla bu sahənin nüfuzunun qorunmasına" nail olmuş M.C.Paşayev, M.M.Seyidzadə, Ə.Vəliyev, S.Vurğun, M.Dilbazi, Ə.Cəmil, M.Rzaquluzadə, R.Rza, Ə.Abbasov, Z.Cabbarzadə, X.Əlibəyli, T.Elçin, T.Mütəllibov, İ.Tapdıq, H.Ziya, M.Günər, F.Sadıq, M.Aslan, T.Mahmud və digərləri kimi müəllifləri minnətdarlıqla xatırlayır.
"Çağdaş uşaq ədəbiyyatının problemləri - zamandan gələn notlar" yazısında müəllif artan narahatlıq tonu ilə müstəqillikdən sonrakı sərbəstliyin bu sahədə yaratdığı imkanlarla yanaşı, məsuliyyətsizlik meyillərini də gözardı etmir: kitab bazarının genişlənməsi avtomatik olaraq keyfiyyətli uşaq ədəbiyyatı nümunələrinin çoxalması demək deyil - əksinə, müəllifin müşahidəsinə görə, marketinq maraqları ədəbiyyat maraqlarını üstələyir, uğursuz bədii mətnlər də asanlıqla dövriyyəyə daxil olub piştaxtalardan oxucu rəflərinə keçə bilir. Deməli, uşaq ədəbiyyatının taleyi yalnız yazıçının məsuliyyətindən asılı deyil. Məqalədə müəllif, redaktor, nəşriyyat, məktəb, jurnal, televiziya, kino, tərcümə, təbliğat və dövlət siyasəti eyni zəncirin həlqələri kimi görülərək bütöv bir mədəni sistemi təqdim edir. Fəslin "Uşaq ədəbiyyatının praktik imkanları: mətn və onun bədii təsir gücü" yazısında mütəxəssis "əlahəzrət mətn"in yoxluğu şəraitində çap, yayım imkanlarının mənasızlığını vurğulayaraq, azyaşlı oxucuya təsir edən ədəbiyyatın, ilk növbədə, bədii cəhətdən inandırıcı olması fikrindən çıxış edir.
Sevinc Nuruqızının "Vətəndən uca" şeirini təhlil edərkən uğurlu nəticənin səbəbini predmet, intonasiya və təsvirin ideyanı tamamlamasında görür. Bu məqamda müəllifin tənqidi mövqeyi daha konkret xarakter alır: "Günəş" jurnalında çap olunmuş, balacaların dünyası ilə heç bir əlaqəsi olmayan, qafiyə xatirinə yazılmış şeirlərdən uşaq nəşrlərində redaktə və seçim meyarının zəifləməsi nümunəsi kimi bəhs edilir: "Çağdaş uşaq nəşrlərinin əksəriyyətini vərəqləyərkən kommersiya tələblərinin öndə getdiyinin şahidi oluruq: yaz getsin, sat getsin, aldat getsin. Peşəkar müəlliflərlə işləmək istəyi nəzərə çarpmır, uşaq ədəbiyyatı bazarında daha çox profan qələmin at oynatdığı üzə çıxır." Məhdud imkanlar çərçivəsində aydın məqsədə xidmət edən maarifçi ziyalıların fədakarlığı, ana dilinə həssas münasibəti sayəsində yaranan məktəb və mətbuatın, uşaqlara ayrıca oxu mühiti yaratmaq cəhdlərinin bugünkü əlçatanlıq dövründə bunca məsuliyyətsizliyə çevrilməsi müasir tənqidi haqlı olaraq narahat edir. Ədəbiyyatın tarixi məsuliyyət meyarıdır. Alimin iradları tarixi təcrübədən doğan tələbkarlığa söykənir. "Uşaq ədəbiyyatı: tarixdən çağdaşlığa" fəslində sözügedən sahənin dünəni heyranlıq və minnətdarlıq hissi oyadırsa, bugünkü vəziyyəti ilə bağlı inamla yanaşı, narahatlıq da doğurur. Bununla belə, müsbət tendensiyalar uşaq ədəbiyyatının gələcəyi barədə ümidsizliyə qapılmağa imkan vermir.
Yeri gəlmişkən, kitabda uşaq ədəbiyyatı ilə əlaqəsiz görünən "Poeziyada Vətən" məqaləsinin bu fəsildəki mövqeyi də təsadüfi deyil. Fikrimcə, tədqiqatçı uşaq ədəbiyyatının tarixdən çağdaşlığa keçid prosesini yalnız uşaq mətnləri çərçivəsində araşdırmır; "Vətən" anlayışının ədəbiyyatımızdakı yerini daha geniş kontekstdə, bütövlükdə Azərbaycan poeziyasındakı dəyişikliklər fonunda izləyir - uşaq ədəbiyyatının inkişafı ümummilli poeziya ilə eyni mənəvi yaddaşdan qidalanan, eyni tarixi sınaqlar, ağrı və ümidlərdən qaynaqlanan sahənin təkamülü kimi izlənilir.
XX əsrin əvvəllərində poeziyada Vətən daha çox milli birlik, istiqlal, mübarizə və mənəvi dirçəliş anlayışlarını birləşdirirsə, sonrakı onilliklərdə onun poetik məzmunu dəyişir; 1960-cı illərdən etibarən Vətən artıq yalnız coğrafi və siyasi məkan deyil, insanın yaddaşı, daxili dünyası və mənəvi varlığı ilə bağlı daha mürəkkəb məna qazanır. Elnarə Akimova Əli Kərimdən Sabir Rüstəmxanlıya, Ramiz Rövşəndən Məmməd İsmayıla qədər müxtəlif poetik mövqeləri qarşılaşdıraraq bu məzmunun tərənnüm çərçivəsini aşıb ağrı, qürbət, şübhə, yaddaş və mənəvi məsuliyyət kimi çalarlarla zənginləşdiyini göstərir. Müəllif "Tarixlə poeziyanın missiyası eyni məkanda və eyni niyyətdə həmişə birləşiblər: yaddaşın oyaq qalmasına münasibətdə" fikrini yürütməklə poeziyanın tarixi yaddaşın qorunmasındakı rolunu önə çəkir.
Kitabın bənzər qayəyə xidmət edən "Klassika modern işığında" fəslində Azərbaycan yazılı uşaq ədəbiyyatının başlanğıcını Xaqani, Nizami və Füzuli ilə əlaqələndirən ənənəvi yanaşmadan çıxış edilərək, "Oğlum Məhəmmədə nəsihət" mətni uşaq ədəbiyyatının ilk örnəyi kimi əsaslandırılır. Fəslin əsas istiqaməti klassik irsi müasir meyarlarla yenidən nəzərdən keçirmək və uşaq ədəbiyyatının qaynaqlarını onun nəsihət, əxlaqi-mənəvi dəyərlər və şəxsiyyətin formalaşmasına yönələn məzmununda axtarmaqdır.
Bu istiqamət Firidun bəy Köçərlinin "Balalara hədiyyə"si haqqında yazıda daha konkret tarixi məzmun qazanır; folklor nümunələrinin uşaqlara çatdırılması milli uşaq kitabının formalaşması, xalq ədəbiyyatının və milli yaddaşın yeni nəslə ötürülməsi ilə əlaqələndirilir: "Balalara hədiyyə" kitabı sonrakı neçə nəslin dünyagörüşünün formalaşmasında, onlarda mənəvi-əxlaqi keyfiyyətlərin dolğunlaşmasında, ən əsası, yaddaşlı bir nəslin günümüzədək zədəsiz gəlib çıxmasında xüsusi rolu olan mətnlər toplusudur. Bu nümunələrdə uşaqların psixologiyasını, dil, ifadə səlisliyini, düzgün tələffüz vərdişlərini, tərbiyəvi yöndə yetişməsini nəzərə almaqdan tutmuş, onların həyat, insan, təbiətlə bağlı təsəvvürlərinin düzgün istiqamətdə qurulmasına, təsəvvür və təxəyyüllərinin inkişaf etdirilməsinə, söz ehtiyatlarının zənginləşdirilməsinə qədər bütün imkanlar var." Burada "özündən olanı" uşağa vermək ideyası xüsusilə diqqət çəkir: hekayə, rəvayət, atalar sözü, tapmaca və nəğmələr vasitəsilə balaca oxucu öz mədəni mühiti ilə tanış olur. "Balalara hədiyyə"yə bu prizmadan baxış klassikanın müasir uşaq ədəbiyyatı üçün əhəmiyyətini, folklor nümunələrinin zamanla dəyərdən düşmədiyini, hər yeni nəslin bu mətnlərdə özünə yaxın olanı tapa bildiyini göstərir.
Abbas Səhhət haqqındakı yazıda diqqət daha çox onun milli uşaq ədəbiyyatının formalaşmasında tutduğu praktik və yaradıcı mövqeyə yönəlir. "Dəbistan" və "Rəhbər"dəki fəaliyyəti, dərsliklərin hazırlanmasında iştirakı, "Məktəb"də çap olunan əsərləri ilə yanaşı, uşaqlar üçün yazdığı mətnlərin dil, fikir və poetik aydınlığı da nəzərdən keçirilir. Mirzə Ələkbər Sabirə həsr olunan məqalədə şairin bu sahədəki fəaliyyəti dərslik və oxu kitablarının hazırlanmasında iştirakı, eləcə də uşaqlar üçün yazdığı şeirlərin poetik xüsusiyyətləri əsasında araşdırılır. Sadə və anlaşıqlı dil, yığcam süjet, obrazların aydınlığı kimi xüsusiyyətlərin önə çəkilməsi Sabirin mətnlərinin uşaqlar üçün yazılmış klassik poeziya nümunəsi kimi yaşarlığını izah edir. "Cəlil Məmmədquluzadənin triadası…"nda isə uşaq ədəbiyyatının ideya qaynaqlarına daha geniş ədəbi kontekstdən yanaşılır və "Vətən, millət, dil" üçlüyü ədibin milli düşüncəsinin əsas dayaqları kimi nəzərdən keçirilir… Bu mənada, fəslin klassiklərə müraciəti Azərbaycan uşaq ədəbiyyatının mənəvi-estetik genezisini müəyyənləşdirən əsas istiqamətləri bir araya gətirərək klassik irsin müasir ədəbi düşüncə ilə yenidən qavranılmasına imkan yaradır.
"Klassika modern işığında" fəslində modernlik daha çox klassik mətnlərin bu gün üçün əhəmiyyəti və çağdaş oxucu ilə münasibətləri kontekstində araşdırılır. Rəsul Rza haqqında məqalənin bu fəsildə yer alması da həmin məntiqə əsaslanır; şairin uşaq poeziyasına gətirdiyi yeniliklər və balaca oxucuya münasibəti bu müstəvidə nəzərdən keçirilir. "Rəsul Rza uşaq ədəbiyyatına düşündürmək kimi hissi gətirirdi" fikrinin ardınca şairin poetik fikrinə məxsus yeni məzmun çalarları, intonasiya, obrazlar sistemi və ifadə tərzi üzərində dayanılır: "Rəsul Rza uşaq poeziyasına da dərin poetik mündəricə gətirdi: həyatın hələ kəşf olunmamış tərəflərinə poetik məzmun verdi, hər hansı fikri kiçik yaşlı oxucunun qavrama, dərk etmə imkanlarına müvafiq obrazlarla, lirik-üslubi vahidlərlə ifadə etməyə özül yaratmaqla bərabər, həm də onun duyum və düşüncə tərzinin hüdudlarını, təsəvvür sınırlarını genişləndirməyə yelkən aça bildi."
"Uşaq mətnləri diskurs kimi" fəslində əsas diqqət poetik xüsusiyyətlərə yönəldiyindən Sevinc Nuruqızının "Melissa" povestindən real və fantastik aləmin qovuşduğu, uşaqların istismarı, tənhalıq, ağrı və mərhəmət kimi məsələlərin nağıl poetikası ilə təqdim olunduğu mətn kimi bəhs edilir. Povestin bu xüsusiyyəti ənənəvi janr çərçivələrinə sığmayan çoxqatlı quruluşu ilə bağlı müşahidələrə də imkan verir. "Melissa"nın təhlilində mənəvi dəyərlər obrazların taleyi və hadisələrin inkişafı ilə əlaqədə nəzərdən keçirilir; sevgi, inam və xeyirxahlıq kimi anlayışların mətn daxilindəki ifadə formalarına diqqət yetirilir.
Sevinc Elsevərin "Evlərimizin qəlbi" kitabına yazılmış "İnsanların və əşyaların qəlbinə eyni ruhla toxunmaq" Ön sözünün uşaq mətnləri diskursuna aid edilməsi isə Elnarə Akimovanın uşaq ədəbiyyatına dair mülahizələrində poetik həssaslığa xüsusi əhəmiyyət verildiyinin göstəricisidir: "Sevincin şeirlərində bütün insanlığa, onun problemlərinə qarşı həssas duyum var, vərdiş etdiyimiz gündəlik rutinlər, keçib getdiyimiz məkanda rastlaşdığımız situasiyalar, hər gün qarşılaşdığımız hadisələr müəllif tərəfindən vizual məntiqə tabe edilir. Tanrı, vətən, qadın və uşaq onun poeziyasında müqəddəs ərazilərdir. Onun üçün Tanrı "məsum bir uşaqdır", uşaqlar sabaha bağlanmaq üçün ümiddir, uşaqlıq isə vətəndir!" Müəllif Sevinc Elsevərin poeziyasında təbiət elementləri və ev əşyalarına da insanlar qədər duyarlılıqla yanaşıldığını vurğulayır; bu poetik dünyada cansız predmetlər də "ürəyi" olan varlıqlara çevrilir. Canlı ilə cansız arasındakı sərhəd balacaların təfəkküründə hələ tam aydın olmadığından Sevinc Elsevərin şeirlərindəki bu xüsusiyyətin uşaq qavrayışı ilə səsləşməsi ədəbiyyatşünasın müşahidəsini ümumi ədəbiyyatın poetik təcrübəsi ilə əlaqələndirir.
"Uşaq ədəbiyyatında müharibə və zəfər duyğuları" fəslində də Elnarə Akimova uşaq ədəbiyyatının müharibə mövzusuna münasibətini yalnız balacalar üçün yazılmış mətn sərhədləri daxilində təhlil etmir. Fəsildə Zahid Xəlilin "Dəmir Yumruq" adlı uşaq kitabı Vətən müharibəsinin bədii salnaməsi kimi nəzərdən keçirilirsə, Emin Pirinin yaradıcılığında müharibə müəllifin həyatından keçmiş acı gerçəklikdir. Elnarə Akimova şairin müharibə poeziyasında uşağı qəhrəmanlıq ritorikasının tamamlayıcısı kimi yox, müharibə ağrılarını öz canında daşıyan, onun doğurduğu fəsadlarla ömür boyu yaşamağa və psixoloji sarsıntılara dözməyə məcbur qalan əsas poetik obrazlardan biri kimi nəzərdən keçirir: "Eminin müharibə şeirləri bəlkə ona görə fərqləndi ki, o, çağdaş insanın deqradasiyaya uğrayan dəyərlər sistemi içində savaşlardan əzab çəkən uşaq obrazlarını dünyanın ədalətsizliyinə nümunə kimi yarada bildi: "Hamıdan çox uşaqları sevər müharibələr. Kiminin alnından, kiminin gözündən öpər. Tanrı daha tez sevdiklərini aparır, deyirlər. Allahın öpüşüdü bəlkə elə bu güllələr?!"
Publisistik xarakterli "Ermənilərin öldürdüyü uşaqlar" essesində ədəbiyyatşünas uşaqların ölümünü yalnız hərbi cinayətin nəticəsi kimi dəyərləndirmir, düşməni insanlığın mənəvi sərhədlərini pozmasında ittiham edir: "Bu yazımın adını "müharibə və uşaqlar" qoymaq istədim. Amma bir anlıq fikirləşdim ki, axı biz müharibə aparan ölkə olaraq ermənilərin uşaqlarını öldürməmişik. Onların heç bir uşağı başından güllə yarası almayıb, oyuncaqlarla oynadığı yerdə snayperlə vurulmayıb, heç bir körpəsi yataq paltarında üzü-gözü qana bulanmış, ölü halda torpaq altından çıxarılmayıb, heç bir məktəblisi amansız terrorun qurbanı olub arzularından, istəklərindən məhrum edilməyib. Və bu da taleyin ironiyasıdır ki, hər şeydə saxta məlumatlara əsaslanan, qondarma yalanlarla bəslənən ermənilər guya bizim onların uşaqlarını öldürmək xəbərimizi tirajlayanda özlərinin öldürdükləri balaca körpələrin şəkillərini başlarından yuxarı qaldırırlar. O başlardan yuxarı qaldırılan körpə şəkillərinin Tanrıya nə qədər yaxın olduqlarının fərqinə varırlarmı görəsən?" Dünyadan xəbərsiz uşaqların müharibə dəhşətlərinin qurbanına çevrilməsi publisistikada faktlarla, bədii ədəbiyyatda poetik sözlə təqdim olunsa da, hər ikisində günahsız körpələrin ah-naləsi göylərə ucalır, pöhrə ömürlər çiçək açmadan qar altında don vurur, gülüşlər göz yaşlarına dönüb ömür boyu yaralı ürəyə axır. Essedə uşaq qətllərindən ürək ağrısı ilə bəhs edən müəllifin mövzuya ədəbiyyat pəncərəsindən baxması, V.Hüqo, F.Dostoyevski və Ə.Nesinə müraciəti müharibə haqqında düşüncəni faktlar çərçivəsindən çıxararaq ədəbi kontekstə gətirir.
"Uşaq ədəbiyyatında müharibə və zəfər duyğuları" fəslində tədqiqatçının mövzuya münasibətdə mövqeyi aydın görünür: uşaqlar üçün müharibə ədəbiyyatı yaratmaq onlara yalnız qəhrəmanlıqdan bəhs etmək, igidlik nümunələri nümayiş etdirmək, qələbəyə sevinməkdən ibarət olmamalıdır - uşağa müharibənin həm də və daha çox faciə olduğunu anlatmaq, törətdiyi itkiləri də göstərmək lazımdır. Əks halda, uşaq qavrayışında zəfər anlayışı arxasındakı ağrı və itkilərdən təcrid olunmuş emosional yüksəlişə çevrilir, qələbə özünün tarixi, mənəvi dərinliyini itirir. Elnarə Akimovanın müharibə mövzusunda əsərlərə münasibəti məhz bu tələb nöqtəsində bütövləşir: zəfərin ağrıyan yaddaşı var - şücaət və qəhrəmanlıqla, qələbə sevinci ilə yanaşı, itki, ölüm, ağrı, əzab da var. Bədii ədəbiyyatın qayəsi isə o ağrını sənətə çevirməkdir. Bu fəslə daxil edilmiş, kitabın estetik sərhədlərini genişləndirən qeyri-uşaq mətnləri müharibə ədəbiyyatının uşaq yaddaşı ilə əlaqəsi haqqında təsəvvür yaratmaqla, uşağın müharibə diskursunda tutduğu yeri geniş mənzərədə göstərmək funksiyasını daşıyır.
Uşaq ədəbiyyatının taleyi yalnız bədii mətndən asılı deyil. Deməli, dərslik məsələsi təhsil problemi sərhədlərini aşaraq ədəbi siyasət və bədii yaddaş məsələsinə çevrilir. Elnarə Akimovanın bu mövzuya müraciəti kitabın predmetini mətnin özündən onun formalaşdığı institusional mühitə doğru genişləndirir. Müasir uşağın mütaliə vərdişinə (əgər varsa!) əhəmiyyətli təsir göstərən informasiya mühiti, vizual yaddaşı, dünyaya çıxışı elə bir həddə dəyişilib ki, ona ötən əsrlərin oxu modelləri ilə müraciət etmək mümkün deyil. Dərslik yalnız dövrün yaxşı əsərlərini bir araya toplamaqla müasir sayıla bilməz; seçimin özü ədəbiyyatın çağdaşlığı təsəvvürünə əsaslanmalıdır. Bugünkü hadisə və mövzulara müraciət əsərin aktuallığını təmin etsə də, müasirliyinə dəlalət etmir. Aktuallıq gündəmdəki məsələlərin ədəbiyyata gətirilməsi ilə bağlıdırsa, müasirlik qavrayış modelinin fərqliliyi, münasibətlərin yeni çalarlarının əksi, dil və poetik formanın həmin dəyişikliklərə adekvatlığı ilə müəyyənləşir. Uşaq ədəbiyyatı tənqidi ilə yanaşı, dərsliklərə nəzarət mexanizmi də aktual məsələlərin ədəbiyyatda hansı bədii səviyyədə işlənməsinə və müasir poetik təfəkkürdə necə ifadə olunduğuna diqqət yetirməlidir.
Müsahibə və müzakirələrdən ibarət fəsildə tənqidçi bu və digər aktual problemləri müstəviyə çıxararkən öz mövqeyini ifadə etməkdən çox, prosesin digər iştirakçılarının mülahizələrinə meydan yaradır. Bu materiallar uşaq ədəbiyyatı məsələlərinə dair çoxsəslilik şəraitində görünən mənzərəni izləməyə imkan verir.
"Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri" kitabı bu sahəni yalnız yazıçı və tənqidçidən ibarət qapalı sistem kimi təqdim etmir. Gələcəyin ədəbiyyatının məsuliyyətinin nəşriyyat, məktəb, müəllim, valideyn, kitabxana, tənqidçi və nəhayət, balaca oxucunun özü kimi, ayrı-ayrı qurum və şəxslərin üzərində olduğu mənzərəsini yaradır. Bu mənada, kitabın geniş predmeti uşaq ədəbiyyatını bütöv bir ədəbi-mədəni mühit kimi görməyə imkan verir. Kitabın müxtəlif fəsillərindən keçən əsas fikir isə dəyişmir: balaca oxucu üçün yazılan mətnə münasibətdə güzəştə yol verməyən ciddi ədəbi meyar lazımdır. Bu baxımdan, filologiya elmləri doktoru Elnarə Akimovanın "Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri" kitabının əsas əhəmiyyəti uşaq ədəbiyyatına münasibətdə formalaşmış ənənəvi təsəvvürlərə yenidən nəzər salmağa sövq etməsindədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
