Şeirin dilləri və yolları (Əvvəli ötən saylarımızda) - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

...İsa Hüseynovun sintaksisi bu gün də canlıdır, təzə-tərdir, içimizdəki təbii Azərbaycan türkcəsidir. Yaxud Əkrəm Əylislinin, Sabir Əhmədlinin də mən sevdiyim romanlarının (Gülmalı kişinin axırı) sintaksisi. İsa Hüseynovun "Kollu Koxası" ilə Sabir Əhmədlinin "Gülmalı kişinin axırı" povesti arasında keçidlər.

Qalın bir romanda ekspressivliyin ən dərin yuxularına qədər gedə bilərsən, o mətn sona qədər formalaşmaya bilər, "niyə?" deyə sual versəniz, bunu dərin düşüncələrə dalıb (- !) cavab verməli olacağıq)))))))))]:  üslubi ekspressivlik, semantik fəvvarələr... bunlar ilkin fikir, yaxud niyyətin mənaya çevrilməsinə səbəb olmur, buna görə də, o roman hansısa məlum mənanı təqlid edir, özü də yarımçıq şəkildə,  gül ləçəklərini məkanın ən müxtəlif guşələrinə dağıdırsan, rəng-rəngə, ahəng-ahəngə qarışır, həcm artsa da, məna kiçilir, qeyb olur, ortada yalnız gül və rənglərin süni pafosu qalır...

Bu günün ədəbi prosesində ən ağrılı cəhətlər hansılardır?  Qoca yox, yaşlıların məkandan kənarda  köhnə ritmlərin üstünə köçmələri, cavanların  sanki eyni yaşlarda donması...

Yəni, hər iki halda donuşluq. Zamanın qan kimi laxtalanması. Bu səbəbdən, ən gənc nəslin bu prosesdə yadda qalası bir obrazı yoxdu. Bütün kitabları, sosial şəbəkəni ələk-vələk edin, ən qiymətli sitatlar keçmişdən gəlir. Yeganə Əlisəmid Kür bu müqaviməti qırıb, üç zaman formasını əlində muma döndərib qəlbinin yarasına ipisti şeirlərini deyirdi, onu zaman tutub saxladı. Bu zamanda, bu ortamda nəsə var, onun hər bir şeiri ayrıca bir ekosistemdir, dünyanı hiss edən, insan duyğularının rəng ayrıcını bacadan bir qurğu, yox, şeir,  bu yaradan axan qan vaxtilə Əli Kərimin "Kürə yağış yağırdı" şeirində də var, yəni başlanğıc kimi, hər bir gözəl şeir, hər bir gözəl şair nəyinsə davamıdır, faciənin, gülüşün və sükutun. Özü susan, yəni bu zaman çərəyində özünü susduran şairlər istisna...

Əli Kərim "Kür, sənə bənzəyən nəğməm olaydı..." deyirdi, Əlisəmid həmin o nəğmədir. Nəğmə olduğumuz şeirlərin ən munis qatındadır, bir gün uşaq əlindən qaçan çərpələng kimi havaya uçacaq. Onda biləcəyik azadlıq nədir. İndi bu sözün qarşısında hamı susur.

Hər bir şair söz, sənət dünyasında bir iqlim qurşağıdır, hər bir şair bir fəsildir, ayrıca bir materikdir və sair.

Əlisəmid bizim poeziyada məcrasına sığmayan yeganə çaydır. Şairlər var, sevinmək istəyəndə sularına gül atılan dəniz kimidir - Müşfiq. Şairlər var, oxuyanda misraların arasıyla zirvələrdə ağaran həsrət bəllənir - Məmməd Araz. Şairlər var, özgə dildə yazanda da Təbriz qoxuyur - Şəhriyar.

Əlisəmidin şeirlərində rəng, qoxu, ətir... dünyaya gözünü açdığı ilkin formadadır. Onun mətləbini bu rənglər, bu qoxular bəlli edir, nəinki sözlər.

Sonra, Anar Seyidağa:

 

Ruhun o deyilsə Məryəm də doğsa,

Tanrı da üfürsə zuhur eyləməz.

Biz gəldik dunyaya uduzaq, gedək,

Ha qov, hesab yenə bir-bir eyləməz.

 

Bu necə fiqurdu - bir küncü yoxdu,

Nədən yeddi rəng var, narıncı yoxdu?

Yaxşı ki, Allahın qılıncı yoxdu,

Yoxsa biz ölüncə səbr eyləməz.

 

Düşün, bir elm var fərz deyə sənə,

Bu necə isbatdı tərs deyə sənə?

Elə başlar çıxır dərs deyə sənə

Heç boynu bir başlıq kəndir eyləməz.

 

Hər ağrı-acıya gərsək də sinə,

Həqq-insan eşqi çox gedir dərinə.

Tanrı cəhənnəmi sevdiklərinə

Hər nə etsə edər-təndir eyləməz.

 

Rəbiqənin "əsgər" şeirləri:

 

Dağılıb boyunbağım yollarının üstünə,

Gizləmirəm gözümdən süzülən muncuqları.

Bu dəfə sevinc durur ürəyimin qəsdinə,

Cücərir ürəyimdə ümid tumurcuqları...

Götür, mənim də könlüm səngər-səngər keçəcək,

Düşünmə ki, yalqızam, düşünmə ki, uzağam.

Güllə yağışlarında ümidim göyərəcək,

Güllə yağışlarından doğacaq göy qurşağım.

İndi nə söz vaxtıdır, nə şeir, nə də çiçək,

Gilizlərdən bir çələng hörərsən qayıdanda.

Sənin zəfərin özü mənə şeir deyəcək,

Özüm çiçək dərəcəm ayağının altından.

 

Mən Elnurun şeirlərini niyə nümunə gətirdim və təhlilə ehtiyac yoxdur, yazdım? Ona görə ki, hələ qədimlərdən məlumdu, haçan ki zəmanə qarışır, ritm itir, hamı sanki eyni intonasiyanı bağrına basıb danışır, o zaman yalnız şikayətin klassik şeir forması kara gəlir. Bu zəmanəni sərbəst şeirlə ifadə edə bilərik, ancaq heca, xüsusən qoşma (gəraylı da yox - !) Qasım bəy Zakirin tonuyla danışır, yaxud nə yazırsan-yaz, fonda Zakirin şikayətləri qaralır.

Sevinc Yunuslu da var:

 

Bir az bizə bənzəyir divardakı qopuqlar,

geyilmir ki min ildi aldığım al topuqlar.

Alnındakı qırışlar, üzündəki çapıqlar -

Dönüb yeni xəyallar quracağım yerdimi?

 

Çıxıb getmə, dəyişdik bəlkə bu durumları,

Söndürdü, bax, keşiş də yandırdığım mumları.

Bizi bağrına basan Xəzərin ağ qumları

Məni qolların üstə yoracağın yerdimi?!

 

Bu günlərin istisində Rəşad Nağı Mustafadan bəhs etməmək olmazdı. Məlum və məşhur şeiri haqqında "Eldar şamı" adlı yazını çoxdan qaraladım. Ancaq indi, rəhmətlik Rasim Balayevin o təəccübündən sonra bu şeirdən yazmaq çox çətindir. Onun şeirlərinin bir xassəsi var: hansı şeirindən danışacaqsansa, gərək onu tam misal çəkəsən. Rəşadın şeiri nə deməkdir, anlam etibarı ilə, məncə, budur: o şeiri misal çəkəndə, bayatı çəkməyə ehtiyac qalmır. Çünki bu şeirlər elə ah çəkmək kimidir.

Bu gün poeziyada əvvəlki dönəmlərin, məsələn, Salam Sarvan kimi parlaq imzaları yoxdur. Ancaq məsələ bu deyil, indi bizim ehtiyacımız o parlaq imzalara yox, dövranın mahiyyətini, həqiqətin özünü ifadə etməyin yollarındadır. O yola hələ ki güzarı düşənlər yoxdur. Amma yenə deyirəm, bəzi imzalar qismən istisnadır.

 

Bir az məni özgə salıb gözündən,

Bir azca da öz gözümdən düşmüşəm;

Göz yaşımı qısqanmasın o bulud, -

Mən bu göyə yer üzündən düşmüşəm...

 

Bu gözəl şeirlərin kimin yazdığını bilirsinizmi?

 

Lal olmuşam - sözlər çıxıb yadımdan,

Susmaqçünmüş bu ağızım, bu dilim;

əlim əsir dan üzünün yelitək,

Deyirlər, çox içməkdəndi, nə bilim...

Unutmuşam yaxınları, yadları,

Unutmuşam ən doğmaca adları...

Nəsə... çox da uzanmasın bu söhbət, -

Qurban olum, o şüşənin içində

Bir az qalıb,

            süz onu da, içim də...

 

Bu şəkildə kimsə desəydi mən də düşünərdim, bəlkə də tapardım. Ancaq misraların içindən, yaxud aralığından gələn, ordan eşitdiyiniz səs məhz müəllifin səsidir. Şəhriyar del Geraninin son günlərdə, son illərdə yazılan istənilən şeirində bu səs eşidilir. Və Şəhriyarın bu şeirlərində Salam və Vaqif Bayatlı təsiri onun öz səsinə elə qovuşub ki, nəticədə çox orijinal və unikal mətnlər alınıb.

Xocalıya yazdığı şeirdə olduğu kimi:

 

İndi bütün şəhərlərin uzağı sənsən,

mən də bütün küçələrin uşağı, indi.

Anaya bax - qollarında donub körpəsi,

hələ də var sızıldayır qucağı indi.

 

Uşağa bax - yerdə elə sərili qalıb,

beş-on metr aralıda bir tay çəkməsi.

Hərdən elə... hərdən elə istəyirəm ki,

gedib geyindirim onu, qoy üşüməsin...

Qocaya bax - bax, başında buxarı papaq,

elə bil ki, yatağında uzanıb ölüb.

Elə bil ki, o qocaya güllə dəyməyib,

elə bil ki, nəvəsindən utanıb ölüb.

Bizi belə öldürdülər, şəhid şəhərim,

bizi elə - əli yalın, ayağı yalın.

Ölənədək sevmək azdı səni, bilirəm,

şairə bax - sözü doğru, sevgisi yalan,

Sevgisi doğru olandır - Şəhidin olan!    

 

Son illərin ədəbi  prosesində Cavid Qasımov imzası var. Onun mətnlərini oxuyanda birdən yadımıza düşür ki, illərdi susuzuq, günlərdi gözlərimiz yumulmaqdan darıxıb, anidən hiss edirik ki, qulağımıza çatan hər səsin çox keşməkeşli tarixçəsi var.

 

İndi məndən ötrü bu ayrılıq da

İsanın sonuncu şam yeməyidir.

Əzizim, həyatdır, bizdən birimiz

Zəhərdən nuş edib tez ölməliydi.

Nə fərqi, sən içdin, ya da mən içdim?!

Nə fərqi, tələsdin, ya mən gecikdim?!

Yenə də nuş olsun hər ikimizə...

 

Bura qədər misal gətirdiyimiz şeirlərdən əldə edilən bir qənaət var: gözəl şeir təkcə məzmun və mənasına görə deyil, daha çox ritm və intonasiyasına görə fərqlənir. Mənanı seçkinləşdirən, onu seçmə insanların görə bildiyi səviyyədə yerləşdirən də məhz intonasiyadır.  Bu mənada, hər bir intonasiya, ritm modelinin poeziya üçün spesifik sayıla biləcək "ömrü" var. Vaxtilə çox gözəl şeirlər yazan şairin birdən-birə dayanmasını da məhz bu amillə əlaqələndirmək mümkündür. İntonasiya şeirin şairsiz keçib getdiyi yoldur, saman yolu, ancaq səmadakı yoldan fərqli olaraq bu nəfəs, bu intonasiya modeli çıxmaza dirənə bilər. Bunun özəl mənası odur ki, onun həniriylə yazılan mətnlər tarixdə təzə-tər qalsın. Elə intonasiya modeli, yaxud tipi var ki, müəyyən duyğunun, onunla birgə mənalar selinin sürətlə sovrulma və çatdırılmasını tez təmin edir. Səməd Vurğunun çoxhecalı şeirlərində (məsələn, "Düşüncələr" şeirində) duyğunun özü tükənməzdir, onun çatdıran intonasiya tipi əsasən ləngərə (ləng çatdırmağa) əsaslanır. Yəni, şeir bizi içində batırır. Aşıq Ələsgərdə intonasiya hansısa şənlikdə rəqs edən insanların qolları üstüylə gedir, bütün dünyanı tutur və beləliklə, dünyanın sonsuz mənalarını içinə yığıb üfüqlərə daşıyır. Elnur Astanbəylinin illər əvvəl yazdığı şeirdə olduğu kimi:

 

Elçin Səlcuqdan məktub var

 

Bəy, orda dostlar necədi?

orda havalar necədi?

bəy, iş-güc necədi orda,

evdə balalar necədi?

 

Sizin dağların dumanı

bizim yayladan keçirmi?

Seymur hələ yazırmı, bəy?

bəy, Murad hələ içirmi?

 

məni soruşsan... yaxşıyam,

yaman özlədim dostları.

Hə, bir də... bir də...

orda yağışlar yağanda

burda yanaqlar islanır...

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!