Nəfs bütləri... - Mövlanə Cəlaləddin Ruminin "Məsnəvi" əsəri haqqında fraqmentlər - Fərid HÜSEYN

Fərid HÜSEYN

 

Qəribə metod

 

Orta çağda yaranmış kitablar içərisində "Məsnəvi" qədər "müəllif narahatlığı" ilə yazılmış əsərə rast gəlmək müşküldür. Mövlanə düşüncələrinin anlaşılmayacağının təlaşını əsər boyunca oxucuya hiss etdirir, öz qənaətlərini hamınınkılaşdırmaq yolunda sanki "tər tökür".

Məsnəvidəki əksər hekayətin əvvəli "Qurani-Kərim" ayəsi kimi verilir, sonra danışılan əhvalat həmin ayənin təfsiri təsirini bağışlayır, sonda isə yenə ayə siqlətli düşüncələrlə ümumi bölmələr sonlandırılır.

Elə bil Mövlanə hekayətin əvvəlini ariflərə - "Qurani-Kərim"i batinən bilənlərə, bəsirət və fəzilət sahiblərinə nəql edir, ortasını (süjetli hissəsini) mənanı ancaq üzdə, əhvalatın özündə zənn edən "cahillərə", sonunu isə (hekayət danışılandan sonra) mahiyyəti az-çox anlaya bilənlərə - cahillikdən xilas olmuşlara...

 

Qayıdış kitabı...

 

"Məsnəvi"də "Qurani-Kərim" "Qayıdış" kitabı adlandırılır. "Qurani-Kərim", əslində, Allahdan uzaqlaşanların qayıdıb onu tapması üçün var olan mənəvi xəritədir. İnsan oğlu Allahı cənnətdə qeyb edərək dünyaya qovulub. Sonda saf əməllərinin nəticəsi olan aqibəti ilə cənnətə qayıtmalıdır ki, Allahı və əsl mənini tapa bilsin. Bu mənada "Qurani-Kərim" həqiqətən də elə qayıdış kitabıdır - "xəritədir".

 

Bütlərin ən böyüyü...

 

Mövlanə yazır ki, "bütlərin ən böyüyü nəfsdir". Yəni nəfsinə məğlub insan hansı dinə etiqad etməsindən asılı olmayaraq bütpərəstdir.

Ətrafdakı bütlər sındırıla bilər, bəs insanın daxili dünyasındakı bütlərin son halı necə olacaq? İnsan Allaha bağlı olmayan arzularını gerçəkləşdirdikcə, əslində, bütlərin diqtəsini yerinə yetirmiş olur. Bütpərəstlik elə bunu təlqin etmirmi? Bütpərəstlər öz arzularını həyata keçirərkən bunu bütlərin onlardan istədiyi xülyası ilə əsrlərlə özlərini və başqalarını bu illüziya ilə yaşamağa məhkum ediblər.

 

Canlılıq amili...

 

Dünya nemətləri bizimçün cansızdırlar. Hətta dünyanı ayaqda tutan dörd ünsür də cansızdır. Ancaq onlar Allahın iradəsi ilə bərabər olanda canlanırlar. Yəni Allahın iradəsi ilə su axır, atəş isidir, torpaq canlandırır, hava həyat verir. İnsan da qəlbən Allahla olanda onun ətrafındakı canlıların sayı artır. İnsan Allaha inanmayanda cansızlara etiqad edir. Çünki Allaha inanmamaq yaradılmamağa inama bərabərdir. "Məsnəvi"də varlıqların canlılığı məsələsi məhz bu cür təlqin olunur.

 

Ölüm fəlsəfəsi...

 

Mövlanəyə görə həyatda ən böyük gözüaçıqlıq, bəsirət həyatın içindəki ölümü görmək, yoxluğun bətnindəki həyatı görə bilməkdir. Onları ayrı-ayrılıqda qavramaq mənəvi korluqdur. İnsan mənəvən kor olanda həyatın sonunda ölümün var olduğunu düşünür, yaxud ölümün başlanğıcında onun üzünə yeni həyat qapılarının açılacağına inam bəsləyir.

İnsanın ölümə ən yaxın olduğu ilk vəziyyət doğum - dünyaya gəlmə prosesidir. İnsan dünyaya əcəlin əlindən xilas olub gəlir, sanki ölümün içindən keçib gəlir. Ölümün içindən keçib həyata gəlirik, həyatdan arınıb ölümə qapı açırıq. İnsan bu birgəliyi, vəhdəti anlayanda dünyanın mahiyyətini daha aydın qavraya bilir, əks halda isə Adəm övladı sadəcə yaradılışının doğuluş, sonunun isə ölüm olduğunu düşünür. Ölüm ilə həyatı ayrı-ayrılıqda dərk edəndə, həyat bizi ölümlə cəzalandıran dəhşətə çevrilir. Ölüm xofunu bizim könlümüzə həyat qorxusu salır.

 

Allahın "oxu"

 

Bəzən insan durduğu yerdə yadına nəsə düşür, yaxud kimisə qəfilcə xatırlayır. Sonra insan anlaya bilmir ki, qəfil həmin hadisə, yaxud şəxs onun yaddaşına necə gəldi? Mövlanəyə görə, Allah kimləsə, yaxud nə iləsə bağlı fikir oxunu səmaya atır və o ox kiminsə ağlına, könlünə gəlib yetişir. "Bizim fikrimiz Allah tərəfindən havaya atılmış oxdur" yazılıb "Məsnəvi"də.

İnsan mənəvən pak olduqca, Allahın atdığı fikir oxlarını tutur, ruh korşaldıqca isə o oxlar insanın daşlaşmış ruhuna dəyib yerə düşür. Bu amil yaradıcılıqda da özünü göstərir: yaradıcı insan ruhən pak olanda onun fikrinə daha İlahi düşüncələr yol tapır.

 

Daimi təzəlik...

 

İnsan daim arzularını təzələdikcə, dünyaya daha artıq bağlanır. Hər böyük arzu insanı sanki yenidən yaradır, ancaq bu yaranma insanın öz əzəlini unutmağı hesabına başa gələndə faciə olur. Arzular insanın gözündən nə qədər tez düşərsə, insanın özünə qayıdışı daha tez başa gələr.

Mövlanə söyləyir ki, "arzu təzə qaldıqca, iman təzə ola bilməz". İnsanın arzusu təzə qaldıqca dünyaya, imanı təzə qaldıqca (yeniləndikcə) Allaha bağlı olur. Dünyaya bağlandıqca arzu imanı gözdən salır, Allaha bağlandıqca iman arzunu...

 

Qəzəb çaşlığı...

 

İnsan əsəbiləşəndə, özündən çıxanda ətrafında onun sevmədiyi nəsnələrin (insanların, əşyaların) sayı sanki artır. Qəzəb insanın düşmənlərini də, arzulamadığı vəziyyətləri də çoxaldır.

"Məsnəvi"də belə bir hekayət var: Deməli, bir usta gözü çəp olan şagirdinə otaqdakı qabı ona gətirməyi tapşırır. Gözü çəp şagird otağa keçir, sonra da dərhal geri qayıdır. "İçəridə iki qab var, hansını gətirim?" - soruşur. Ustad bir də söyləyir ki, get qabı gətir. Şagird yenə dəqiqləşdirmə aparmaq istəyəndə, ustad bu dəfə əmrini dəyişir: "Gir içəri və həmin qabı sındır". Şagird içəri girib qəzəblə qabı qırır və beləcə gözünə görünən (əslində, mövcud olmayan) ikinci qab da yox olur.

Qəzəb də eynən belədir, o gözümüzə yalandan görünənləri çoxaldır, həqiqəti isə itirir. Beləcə bəzən insan yersiz qəzəblə nəinki olanları, hətta olmayanları da məhv edir...

 

Surətpərəstlik azarı

 

"Surəti, görünüşü əsas götürürsənsə onda gözün ikidir". Sən gözdən doğan işığa bax" - deyir Mövlanə. Yəni göz iki olsa da işığı birdir. Bəşər övladı həyata baxır, ancaq düşünmür ki, gözünün işığı hansı gözünə aiddir. İnsan vahiddə tapdığını qəbul edir, xüsusi olaraq seçdiyindənsə, adətən, şübhələnir. Adəm oğlu həqiqi mənadan uzaqlaşdıqca xüsusiyə, yəni tək-tək sayılanlara önəm verir. Detalçılıq, hər şeydən haqq-hesab çəkmək həqiqi mənadan uzaqlaşmaq çabasıdır. "Mənada parçalanmaq və sayılmaq yoxdur", Mövlanənin fikrincə. Ona görə də dərin adamlar çox zaman yersiz xırdaçı olmurlar, hər məqamda çürükçülük eləmirlər, əsasən vahidə, özək mənaya köklənirlər.

 

Hazırcavablıq mərəzi...

 

"Surət üsyankardır" yazır Mövlanə. İnsan batinə varmadıqca barışmaz olur. Kimisə əzmək üçün olan hazırcavablıq, başqasını məğlub etmək üçün göstərilən prinsipiallıq, əslində, insanın dünyanın mahiyyətinə olan yersiz üsyanıdır. Bu üsyanı inadkar insan gec-tez "öz mənəvi qanını tökərək" yatırır. Çünki başqasının fiziki çöküşünü, geri çəkilməsini istəyən biri surətin diktəsi ilə mənəvi üsyana qoşulur və bu özünütəsdiq sonda labüd daxili məğlubiyyətlə yekunlaşır. Ona görə də insanların çoxunun qazandıqları psixoloji qələbələrdən sonra ürəkləri soyumur, aram tapa bilmirlər.

Surətpərəstlik insanın daxili mənini, yaranış fitrətini parçalayır. İnsan özünü hər bağlandığı surətdə bir az da qeyb edir. Öz daxili birliyindən çıxmış insan vahid olana bağlana bilmir. Mənəvən parçalanan insan mənaya yox, surətə əsir olur. Mövlanə yazır ki, "Əgər nar alırsansa gülən nar al, onun gülüşü dənəsindən xəbər verir". Gülən nar, partlamış (şirin) nardır. Yəni onun üzü içi ilə üzü birdir, o içində gizlənməyə məhkum deyil. O artıq öz mənası (şirinliyi) ilə surətindən arınıb, yaxud da həqiqi anlamı ilə əsl surətinə qovuşub.

 

Əbədi aşiqlik

 

"Məsnəvi"də Mövlanə "görünməyən heç zaman yox olmur" deyir. Eşq vüsalla zühura gəlir deyə sonda qeyb olur, hicranın mahiyyətində isə görünməzlik var, ona görə də aşiqlik hicranla əbədidir (yox olmazdır). Vüsal bu dünyada fiziki, axirətdə mənəvi mahiyyət daşıyır. Bu da Leyli ilə Məcnunun ölümdən sonrakı qovuşması vüsalı fiziki yox, mənəvi sonluq kimi qəbul etməyimizə rəvac verir. Leyli ilə Məcnun qovuşması bizə ancaq eşqin qələbəsini yox, daha çox axirətin var olduğunu təlqin edir.

 

Həmtay tapmaq

 

Mövlanə "Məsnəvi"də maraqlı bir misal çəkir: Deyir, "kafirlər dünyanı qazanmaqda iradəlidirlər, peyğəmbərlər isə axirəti". Sonra misalını bir təbiət hadisəsi ilə gücləndirir: "Hər quş öz həmcinsinin ardınca uçur" yazır. Yəni peyğəmbərin yolunu tutanlar onun yolunca gedirlər, kafirlərin səfində dayananlarsa kafirlərin. Deməli, din insanlara həm də "mənəvi həmtaylarını" tapmaq məsələsində kömək edir. Həqiqi həmtayını tapmaq isə insana həyatdakı ən ali mənəvi rahatlığı gətirir.

 

Şeytanın sözçüsü...

 

"Məsnəvi"də "doğru danış", "düz söz söylə" əvəzinə, Mövlanə "şeytanı susduracaq sözlər danış" deyir. İnsan yalan danışanda, əslində, öz fikrini yox, şeytanın sözlərini söyləmiş olur, doğru fikirləri dilə gətirəndə isə Haqqın. Yalan insanı şeytanın sözçüsünə, vəkilinə çevirir.

 

Dünyanı doldurmaq...

 

Mövlanə "Məsnəvi"də insanlara "tamahkar olma" əvəzinə, "dünyanı özünlə doldurma"mağı tapşırır. İnsanın sərvəti artdıqca dünyanın sərvəti artmır, cahanda hər şey olduğu miqdarda qalır, əvəzində insanın özünə aid nəsnələr "çoxalır", sanki aləm tamahkar insanla birgə dolub-daşmağa başlayır. İnsan bəzən dünyanı özü ilə o həddə qədər doldurur ki, sonda özünün rahat yaşamağa yeri qalmır.

 

Bənzərsizlik gücü...

 

Allaha inam, təmiz niyyət insanı orijinallığa, bənzərsiz olmağa sövq edir, imansızlıq, xudpəsəndlik isə təqlidçiliyə. Çünki niyyəti saf olmayan insan Allahın, təbiətin ona verdiyi özəllikləri üzə çıxarmağa yox, başqalarına bənzəyərək alışılmış üstünlükləri öz yaratdığı dəyər kimi insanlara sırımağa çalışır, belədə haçansa saf niyyət kimi ortaya çıxmış üstünlüklər də təqlidçilik nəticəsində şərin gücünü özündə daşımış olur. Mövlanə yazır ki: "Kafirlər üstünlük iddiasına görə meymun xislətlidirlər". Yəni meymunlar, adətən, başqalarının etdiklərini yamsılayaraq öz bacarıqlarını nümayiş etdirir. Təqlidçilər, plagiat aşinaları da belədir, onlar başqalarının yaratdığının eynisini təkrarlamağı öz aləmlərində xüsusi üstünlük sayırlar. Sənəti heyvani instinktlə sevənlər də həmin meymun (heyvan) xislətlilərə əl çalır, "əhsən"lər, "afərin"lər söyləyirlər.

Musa peyğəmbər əsası ilə qayadan su çıxardır, dənizi ikiyə bölür. O sehrkarlıqla xilaskara çevrilirdi, çünki onun aldığı güc Allahın niyyəti ilə həmahəng idi. Ancaq onun düşmənləri olan həqiqi sehrkarlar tezcə onun əsasından tapıb xeyirxahlığının əksinə hərəkət eləmək istədilər, fəqət əsaları işə yaramayanda başa düşdülər ki, əllərindəki ağac heç nəyə qadir deyil, çünki niyyətləri Xudanın rizasından xalidir. "Bu əsa ilə o biri əsa arasında ciddi fərq var" yazır Mövlanə.

Uşaqlarsa böyüklərdən fərqli olaraq çox şeyi təqlid yolu ilə öyrənirlər. Onların bu işlərdəki uğurunun kökündə isə mənəvi saflıq, Yaradanın iradəsinin əleyhinə getməmək, pak niyyət dayanır ki, bu, böyüklərdə çox vaxt belə olmur.

 

Ana südü...

 

Mövlanə Cəlalədin Rumi "Məsnəvi"nin ikinci dəftərində qadının dünyaya övlad gətirəndən sonra qanının bir hissəsinin ana südünə çevrildiyini yazır. Qan müsəlmanlıq təbirincə, murdar sayılır, süd isə tamamilə pak nemətdir. İnsan Allahın bircə əlamətinə - yaratmağın bircə üstünlüyünə sahib olanda canındakı ən murdar bir nəsnə də ən pak nemətlərdən birinə çevrilir.

Bunu Mövlanə "Məsnəvi"dəki birinci dəftəri bitirib, ikinci dəftərin başladığı bölmədə yazır. Yəni yeni bir əsər parçası doğularkən. Bu nüansın özü də rəmzi xarakter daşıyır.  Yazmaq da yaratmağın bir formasıdır: sadəcə elə yazanlar var ki, onlar ideyaları qanı qan, murdarı murdar kimi də başqalarına ötürür, elələri də var ki, düşüncələrini - qanını ana südü kimi pak nemətə çevirir. İnsanın bir başqa insana qan verməsi əks tərəfi böyütmür, sadəcə onun sağ qalmasına vəsilə olur, amma ana südü uşağı cana gətirir. İnsanın dünyadan aldığı ideyalar sadəcə özünü sağ sağlamaq, Allahdan aldığı ideyalar (qan sayaq) isə onu bəsləmək - mənəvən böyütmək (ana südü kimi) üçündür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!