Cavanşir YUSİFLİ
3
Azərbaycan poeziyası, şübhəsiz ki, dünya poeziyasının bir hissəsidir, həm də ümumən poeziya anlayışının bütün ruhani və fəlsəfi yönlərini ifadə edə bilən estetik hadisədir. Məşhur filosof, poeziya haqqında az, amma ən gərəkli məqalələrindən bir neçəsini yazmış Martin Haydegger yazırdı ki, poeziyanı sadəcə, bir estetik hadisə kimi götürmək azdır, poeziya əslində həqiqətin özünü ifadə etdiyi sahədir. Şairin "hər yazılan şeir deyil..." misrasını burda xatırlamaq yerinə düşür. Məhz "boğaza yığıldıqda", əlacsızlığın ən pik nöqtəsində həqiqət gəlib özünü şeir mətnində ifadə edir. Hər yazılan şeirdə deyil. Məsələn, Hölderlinin mətnlərində. Zehnə və ruha təsir edən (yazılan) iki şeir tipi var. Zehində qurulan şeirlər çoxdur, dünyanı başına götürüb (sən sadəcə beynində qafiyələri sıralayırsan, buna bizim lisanda qafiyəpərdazlıq deyilir...), bu mənada, bizdə, xüsusən, 2025-ci ilin təcrübəsində qafiyəpərdazlıq üstünlük təşkil edir. Şeir sənin əlindən çıxıb özü özünü yazır... Bunların xüsusi çəkisinin çox az olduğu halda poeziyadan xüsusi vurğu altında danışmaq düzgün olardımı? Yəni, dünya yaranandan poeziya sahəsində vəziyyət belədir, yəni əslində normaldır. Çünki Haydeggerin sözləriylə desək, poeziya (şeir...) həqiqətin ifadə olunduğu sahədir və həqiqət hər şeir yazanın dilinə yatmır (həm də danışılası mümkünsüz bir lisan, bir dildir...). Buna görə bu tipli şeirlərdə qafiyələr ön sırada durur, amma əks halda şeir qafiyəsiz halda belə sənin ruhunu ələ alır. Orta məktəb ədəbiyyat müntəxəbatında Şekspirin "Hamlet"i qafiyələrsiz mətn şəklində, ağ şeir formasında təqdim edilirdi. Beşayaqlı yamb ölçüsü faciənin ruhumuza nüfuz etməsinə sürət qatırdı. Ruha, varlığa müraciət edən şeir azdır, dünyada bu tipli mətnlər azlıq təşkil edir.
Şeir, poeziya hardan başlayır? Daha dəqiqi, bir şairin yaradıcılığı hardan-hara poeziya məmləkətidir? Bu, fikrimizcə, şairin həyatında taleyə dönüş nöqtəsiylə bağlı ola bilər. Məsələn, Rilkenin taleyində. Belə ki, onun tərcümeyi-halında çox qəribəliklər var; ondan əvvəl dünyaya gələn uşaq ölmüşdü, anası bunu heç zaman unutmur və Rilke doğulanda ona qız adı verir: Röne, yəni yenidən doğulan (fransızca). Ölmüş uşağın taleyinin davamı olaraq. Bu adı daha sonralar sevgilisi dəyişir: Rayner. Məsələ bunda deyil, məsələ ondadır ki, Rilke "Duin Elegiyaları"nın birincisində poeziyanın təyinatına toxunurdu və "toxunma" dünyadakı bütün itmiş ağrıları oyadırdı:
Mələklər qatından
kim eşidərdi mənim fəryadımı?
Və hətta eşitsəydi belə,
o, birdən-birə qəlbimə toxunsa,
öz varlığının əzəmətindən
Mən elə o an məhv olardım.
Çünki gözəllik - dəhşətin başlanğıcıdır.
Biz hələlik bu başlanğıca dözə bilirik;
Və ona heyranıq, çünki o,
bizə qıymağı özünə layiq bilmir.
Hər bir mələk dəhşətlidir.
Rilke ən məşhur essesində, "Gənc bir şairə məktublarda" yazırdı: "...Heç də bütün şeylər adətən bizə aşılandığı qədər aydın və ifadəli deyil; bir çox hadisələrin, ümumiyyətlə, ifadəsi yoxdur, onlar elə bir sahədə baş verir ki, ora hələ indiyəcən bircə sözün də ayağı dəyməyib və ömrü bizim müvəqqəti həyatımızla müqayisədə əbədi olan bu sənət nümunələrinin, bu müəmmalı varlıqların ifadəsi mümkünsüzdür..." Bu sözləri dünyanın ən böyük şairlərindən biri deyirdi, çox insanın yazdıqları Rilkenin ifadə etmək istədiyi poetik nümunələrə qədərki haldır. Bu mənada biz heç bir halda bir ilin poeziya mənzərəsi haqqında bitkin bir söz deyə bilmərik.
Martin Haydeggerin bir məqaləsi var: "Hölderlin və Poeziyanın mahiyyəti". Bunu niyə deyirik? Hər bir millətin tarixində şairlərin sayının həddən artıq çox olduğu dövrlər olur. Və bu zaman, Haydegger demişkən, varlığı ifadə edən şairlər kənarda qalır. Haydeggerin məqaləsi (essesi) Birinci Dünya müharibəsində faciəli şəkildə həlak olmuş Norbert fon Hellingrata həsr olunub. Bu alim araşdırmalardan tam şəkildə kənarda qalmış Hölderlin poeziyası haqqında doktorluq dissertasiyası yazmışdı. Haydegger essesini ona həsr etməklə həmin ənənəni davam etdirdiyini bəyan edir. Həm də siyasi görüşlərində nasistlərlə əlaqəsini yamanlamış olur. Bir mütəfəkkir elə belə də qeyd edir: "Haydeggerin öz siyasi baxışları mürəkkəb olsa da və sözün həqiqi mənasında nasist kimi təsnif edilə bilməsə də, onun Hellingrata ithafı və siyasi çaxnaşmalar dövründə Hölderlinə fokuslanması mühafizəkar və ya millətçi hisslərlə əlaqəyə işarə edir."
Bu məsələlər o qədər qəliz və "usandırıcıdır" ki, saatlarla, hətta günlərlə danışmaq olar. Yəni, bu dərin temaların fonunda ayrıca götürülmüş bircə ilin ədəbi rəsmini cızmaq mümkündürmü? Fikir verin, elə tendensiyalar olur ki, bir ilin içində doğulur, inkişaf edir və səhnədən çəkilib gedir. Bu mənada ondan hansı aspektdə danışmaq daha münasib olardı? Bəlkə danışmamaq? Şeiri heç nə sonadək izah etmir, şeir özü zamanı kapsayan məqamda izah edir və bir daha təkrarlanmır. Tez də unudulur, yaddaşlardan silinir. Bunun heç bir əlacı yoxdur.
4
Biz 2025-ci ilin poeziyasından danışanda, şübhəsiz ki, bütün tendensiyaları, yenə də şübhəsiz ki, bütün nəsilləri nəzərə almalıyıq. Vaxtilə ən gənc şair kimi bəhs edilən, indi isə ən yaşlı şair Ramiz Rövşəndən Anar Seyidağaya qədər, hamıdan danışmaq üçün bizə onları bir ovuc içinə yığan bir meyar lazımdır. Bəlkə bu: poeziyanın əbədi mövzuları... Ancaq onsuz da hamı elə bunlardan yazır. Hər yazan bu konseptin bir küncündə itib-batır. İtib-batmayanlar varmı? Şübhəsiz ki, var, əsas odu biz onları tapa bilək.
Bizi maraqlandıran əsas məqamlardan biri şeirdə intonasiya məsələsidir.
Şeir, nəsr... ümumən, bədii mətndə elmin sonradan, bəlkə yüz illər sonra kəşf edəcəyi nəsnələrdən bəhs edilir, yazılır. Bu yazılanlar olmasa, elm bu kəşfləri edə bilərdimi? Edə bilsəydi belə, hansı mənası olardı?!!
"Daha sonranı" fəhm edən şeir Şekspir yaddaşından süzülüb gəlir: dünyada bircə şair var, yerdə qalanlar, daha sonra gələnlər ondan pardaqlanır...
İntonasiya əhval-ruhiyyənin güclü daşıyıcısıdır; o, şairin daxili hisslərini - kədər, sevinc, ironiya və ya heyranlığı ötürməyə imkan verir. Səsin tonundakı dəyişikliklər şeirin təqdimatını kəskin şəkildə dəyişə bilər: tonun yüksəlməsi həyəcan və coşqunu ifadə etdiyi halda, tonun enməsi çox vaxt bitkinlik, qətiyyət və ya ümidsizlik siqnalı verir.
Bu gün keçən əsrin 90 və sonrakı illərinin poeziya nümunələri yoxdur, indi, belə deyək, əvvəlki dövrlərdəki heyrət dalğaları çəkilib getmiş, əvvəlki heyrət dalğaları üstündə yazılan şeirlər gündəlik həyəcan və duyğuları təmsil edir. Meydanda kimlər var? Ramiz Rövşən. Daha çox gənclik illərində yazdıqları nümunələri paylaşır. Salam və Əlizadə Nuri. Salam o həyəcan dalğalarını yaradan əsas fiqur idi. İndi, yəni hecadan sonrakı sərbəstlərin qarışıq yuxusu çəkilib gedib. Salam hündür qala divarlarına dəyən dalğaların kəsildiyini, sınıb ovxarlandığını görmür, görsə də inad edir. Əlizadə Nuri yenə həmin ampluadadır: bir kitablı metaforaları oxuyub xoşbəxt olursan, ancaq... kitabı qapadınmı, hər şey yaddan çıxır. Bu mənada, Əlizadə Nuri hələ də yazır və biz də oxuyub xoşbəxt oluruq. Fərid Hüseyn klassik ədəbiyyat haqda bir-birinin dalınca yazdığı kitablardan baş qaldırıb silsilə şeirlərini yazmır. Qismət XXI əsrin hansı ilində son şeirini yazıbsa, bilmirəm. Hamı su kimi dayanıb, suların adamın üzünə baxıb susması dəhşətdir. İndiki prosesdə, bir sözlə, heç kəs öz işiylə, daha doğrusu, özüylə məşğul olmur, Seymur Baycandan baş alıb gələn boz ədəbiyyat havası, dil davası, hər şeyi özünə tabe etdirmək qovğası o qədər mənasızdır ki, adam dilin də sərhədlərini aşıb qaçmaq istəyir. Hələ Anar Oğuz... Boz ədəbiyyat havası yox, davası, üzr istəyirəm, iki nəfər qollarını çırmayıb hökm edir: boz yazın, boz ədəbiyyat yaradın. Dövrün nidası budur. Başqa önəmli nəsə varmı, yoxdu, məncə. Klassiklər demişkən, dövrün istedadı qarışıqdır. Elə bir qazan qaynayır ki, bu qovğadan sağ-salamat çıxmaq çətin məsələdir. Etimad Başkeçidin keçmişdəki şeirləri bu gün qapının ağzında durub köks ötürür.
Öz yanından ürkən dosta söyləyin,
elə getsin, geri daha dönməsin,
düyün düşsün hədyan deyən dilləri,
la ilahə illəllaha dönməsin.
mən demirəm qalsın yavan, yalınçaq,
ilan yürsün, balası da dalınca,
tərəfimdən deyin, ta mən ölüncə,
peşimana verməm baha, dönməsin.
Başkeçid der, ələlbaşdı qol, sinə,
dəccal minər ulağını tərsinə,
axır-əvvəl dönər, əlbət, yol sinə,
ha bulansın, imana ha dönməsin.
Bu şeir hamının bildiyi kimi, keçmişin məhsuludur. İndi bu şeir nümunəsi yazılmaz zənnimizcə. Bu nöqtə mühümdür, indi nə yazıla bilər? Fikrimizcə, bu sualın cavabı bizdə dolaşıq düşüb. İndi ədəbiyyat yerinə başqa nəsnələr ələ alınır və yarıyolda elə müəllif də anlayır ki, bu yaradıcılıq deyil, içimizdəki narahatlığı ram etmək üsuludur. İnsanlar ədəbi nümunələr yaratmaq yerinə, artıq keçmiş illərin suallarıyla mətnlər yaratmaq istəyirlər, nə bilim, Toynbi belə dedi, çinlilər bunu belə deməzlər və sair. Dünyadan, dünya klassikasından öyrənməyin yolu məchul bir nöqtəyə dirənib. Ədəbi nümunələri isə hazırda istedadı orta "sularda" qərar tutan müəlliflər tərəfindən yazılır. Rəylər yalan, fantastika, mətnlər biçimsiz (hansısa romanda vardı: dəllək pis deyil e, dizayn özü də əladır, amma başın özü əyridir...). Bu gün insan ruhunu nələr narahat edir, dərindən-dərinə incidir, bax, bu duyğular yoxdu mətnlərdə, bir neçə imzanı çıxmaq şərti ilə. Onlardan biri Elnur Astanbəylidir.
Qərib yerin adamı
yeri yeri, qərib yerin adamı,
bizim dağlar sizin gülü bitirməz,
sizin dərdlər bizim dildə oxunmaz,
bizim göllər sizin suyu götürməz.
Bizə derlər ağır ərlər obası,
bizə düşməz sizin yerin havası.
Qansızların qəbul olmaz duası,
arsızların dili tövbə gətirməz.
Sizin çaylar axıb-axıb durulur,
bizim gözlər baxıb-baxıb vurulur.
Bir gün gəlir, tüm hesablar sorulur,
hax divanı bircəciyin ötürməz.
Bir də 2025-ci ildə dünyadan köçmüş Əlisəmidin şeirləri.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
