Nizami CƏFƏROV
Tərəddüd etmədən demək olar ki, müqayisəli-tarixi dilçiliyin üzvi tərkib hissəsi olan türkoloji dilçilik ümumi (universal) prinsiplər və ya metodologiya əsasında türk dillərinin inkişaf-diferensiasiya tarixinin kifayət qədər mükəmməl sxemini artıq çoxdan işləyib hazırlamışdır. Həmin sxem bundan ibarətdir:
I. Türk dilinin təşəkkülü - Altay dili öz tarixinin hansısa dövründə türk, monqol və tunqus-mancur olmaqla üç dilə bölünür ki, onlardan ən geniş yayılanı türk dilidir.
II. Türk dili öz növbəsində oğuz, qıpçaq və karluq olmaqla yenidən üç dilə ayrılır.
III. Oğuz, qıpçaq və karluq dillərinin hər biri də yeni (nəticə etibarilə, müasir) türk dillərini yaradır (N.A.Baskakov).
Bu məşhur ənənəvi sxemə istər prospektiv, istərsə də retrospektiv baxımdan yanaşdıqda özünü doğruldur. Xüsusilə, ona görə ki, yalnız türk dillərinin deyil, hind - Avropa dillərinin də zəngin tarixi tədqiqi təcrübəsinə əsaslanmışdır. Ancaq məhz sxem olmaq etibarilə o, zəruri təfərrüatlardan, müfəssəl xronologiyadan və hər üç dilin (Altay, türk, ayrı-ayrılıqda oğuz, qıpçaq və ya karluq dilinin) bölünməsi proseslərini əks etdirən son dərəcə canlı mənzərələrin təqdimini vermək imkanından məhrumdur.
Əlbəttə, sözügedən dillərin bölünməsi hər nə qədər bu ümumi sxemdən - "yol xəritəsi"ndən kənara çıxmasa da, etnik, coğrafi, siyasi, mədəni və s. amillərin həm sürətləndirici, həm də yubadıcı təsirinə məruz qalır. Və ümumi inkişaf-diferensiasiya prosesində elə məqamlar, detallar meydana çıxır ki, onların təfsilatlarına varmadan türk dilləri tarixinin özünəməxsusluqları barədə gözlənilən nəticələr alınmayacaqdır.
Əslində, sxematiklik və ya sxematizmə görə, oğuz, qıpçaq və karluq dillərinin yeni türk dillərinə, türk dilinin oğuz, qıpçaq və karluq dillərinə, Altay dilinin türk, monqol və tunqus-mancur dillərinə bölünməsi, mahiyyət etibarilə, eyni prinsipə tabe olan hadisələrdir. Onlara retrospektiv baxımdan (müasir dövrün aydın mənzərəsindən keçmiş dövrlərin o qədər də aydın olmayan mənzərələrinə doğru) yanaşsaq, bu və ya digər dərəcədə təbiidir ki, biz xronoloji olaraq müxtəlif dövrlərə aid hadisələrə eyni mövqedən yanaşacağıq. Və onların genetipoloji eyniliyi, yaxud oxşarlılığı, yaxud da bir-birinin təkrarı olması bizi məcbur edəcək ki, bu tarixi təzahürlərin tədqiqində eyni metod və ya üsulları rəhbər tutaq. Beləliklə, türk dilləri tarixinin elmi əsaslarla öyrənilməsi zamanı qarşımızda dayanan, əgər belə demək mümkünsə, strateji problem sxematikliyi pozmadan tarixi gerçəkliyin dolğun mənzərəsini canlandırmaqdan ibarətdir.
Hər hansı tarix, adətən, keçmişdən bu günə doğru, yəni prospektiv planda təqdim olunur. Ancaq öz-özlüyündə aydındır ki, istər praktik, istərsə də nəzəri baxış bu gündən keçmişə doğru daha inandırıcıdır. Məsələn, deyək ki, biz türk dilləri arasındakı fonetik, qrammatik və leksik fərqlərin (bu dillərin müstəqil dillər olduğu qənaətinə gətirib çıxaran fərqlərin) nədən ibarət olduğunu hazırkı müqayisəli araşdırmalar əsasında bilməsəydik, həmin dillərin bölünmə tarixinin ilk mərhələlərini lazımi dəqiqliklə təsəvvür edə bilməzdik. Oğuz, qıpçaq və karluq dillərinin yeni türk dillərinə bölünməsi prosesi barədə son nəsillərin yaddaşından hələ silinməmiş (və türk dilləri arasındakı münasibətlərin müasir vəziyyətindən də görülən uzaqlıq-yaxınlıq təəssüratları) bizə imkan verir ki, nəinki yeni türk dillərinin, həmçinin oğuz, qıpçaq və karluq, eləcə də türk, monqol və tunqus-mancur dillərinin mənşəyi, yaranma tipologiyasını mübahisəsiz qəbul edək.
Lakin o da məlumdur, retrospektiv baxış hər hansı araşdırmada, bir növ, "qaralama", yaxud "arxa plan"dır. Müəyyən redaktələrdən sonra ortaya "ağartma" və ya "ön plan" çıxır ki, bu da prospektiv baxışdır.
Türk dilləri tarixində sxematizmlə canlı mənzərənin dialektik əlaqəsinə nail olmaq üçün inkişaf-diferensiasiya dövrləri üzrə dilin (və dillərin) orqanizmini, daxili quruluşunu "rekonstruksiya etmək" lazım gəlir. Və bu zaman iş öncə fonetik, sonra qrammatik, daha sonra leksik struktur, yaxud yarus üzərində görülür.
Bütün dillər kimi türk dilinin (və dillərinin) də bölünməsində, nəticə etibarilə, müxtəlif dillərin təşəkkülündə daxili (və əsas) göstərici fonetik proseslərdir. Burada həm zaman, həm də məkan amilinin ardıcıl təsirləri müşahidə edilir. F.de Sössürün dediyi kimi, əsas rol zamana mənsubdur, ancaq zaman-zaman baş verən (əvvəl şivələri, sonra ləhcələri, nəhayət, dilləri yaradan) bu dəyişmələrin faktlaşmasında məkanın, daha dəqiq desək, məskunlaşdırılan fərqli coğrafiyaların hüdudlandırıcı təsiri inkarolunmazdır.
M.Kaşğarinin "Divan"ı bütün təfərrüatları ilə nümayiş etdirir ki, türk dillərinin bölünməsində fonetik dəyişikliklər xarici yox, daxili (ruhi) enerjinin təzahürüdür. Və türk etnosunun geokulturoloji bölünməsinin ən çox görünən, eyni zamanda həmin bölünmə prosesinin izlənməsinə imkan verən tərəfi məhz fonetika - danışıq səsləri sistemində baş verən təbəddülatlardır. Lakin hind - Avropa dillərindən fərqli olaraq türk dillərində fonetik dəyişikliklərin qanunauyğunluqlarının (buraya ilk növbədə həmin dəyişikliklərin dilləri bir-birindən fərqləndirməsi daxildir) müəyyənləşdirilməsi sahəsində ciddi uğurlar əldə edilməmişdir. Martti Rəsənenin məşhur "Türk dillərinin tarixi fonetikasına dair materiallar" kitabını (1941) yüksək qiymətləndirməklə yanaşı, N.A.Baskakov ona görə tənqid etmişdi ki, müəllifin təqdim etdiyi kifayət qədər zəngin material xronoloji baxımdan işlənməmişdir. Bu isə o deməkdir ki, ən müxtəlif türk dillərini təmsil edən səciyyəvi fonetik hadisələr tarixi sistemlilikdən məhrumdur. O zamandan neçə on illər keçib, müəyyən araşdırmalar aparılsa da, ciddi nəticələr əldə edildiyini bu gün də söyləmək mümkün deyil.
Türk dilinin türk dillərinə bölünməsində fonetikadan sonra dilin daxili orqanizmi ilə bilavasitə bağlı sahə qrammatika, xüsusilə morfologiyadır. Klassik iltisaqi quruluş örnəyi olan türk dili bu genetipoloji xüsusiyyəti nəinki Altay, hətta Ural-Altay (Turan) dövründən alaraq yeni türk dillərinə ötürmüşdür. Müşahidələr göstərir ki, türk dillərinin bölünməsində morfoloji amillər fonetikadan daha az əhəmiyyət kəsb etməkdədir. Xüsusilə o baxımdan ki, həmin bölgüdə iştirak edən, yəni dilləri bir-birindən ayıran morfoloji vahidlərin çoxu kiçik fonetik fərqlərə görə seçilir.
Leksikaya gəldikdə isə, qədim türk dilinin eyni ailəyə daxil olduğu monqol və tunqus-mancur dillərindən nə qədər uzaqlaşdığı müəyyən mübahisə doğursa da, yeni türk dillərinin qədim türkcədən çox da ayrılmadığı mübahisəsizdir. İstər oğuz, qıpçaq və karluq dilləri, istərsə də yeni türk dillərinin leksikonunda qədim (ümumi) türk sözləri (əlbəttə, müvafiq fonetik dəyişikliklərlə) üstünlük təşkil edir. Ancaq eyni kökdən olan leksik vahidlərin müxtəlif türk dillərində az və ya çox dərəcədə məna fərqləri nümayiş etdirdikləri də danılmazdır.
Təbiidir ki, Turan, Altay və türk dilləri öz inkişaf - diferensiasiyalarının ayrı-ayrı dövrlərində dil əlaqələrinə girmişdir. Bunun ən qədim nümunəsi Şumer-türk (Altay, Turan) leksik paralelləridir ki, vaxtaşırı olaraq araşdırıcıların diqqətini özünə cəlb etməkdədir. Lakin mövzu hələ də metodoloji dəyər qazanmadığına görə dil əlaqələri istiqamətində aparılan araşdırmalar Çin - türk (Altay), fars - türk və ərəb - türk münasibətlərinə əsaslanır ki, burada, həqiqətən, geniş material vardır.
Türk (Altay) dilində (və dillərində) Çin qatı o qədər dərinə işləmədiyi kimi, zəngin də deyil. Lakin M.Kaşğari "Divan"ı göstərir ki, ilk orta əsrlərdə Çin sözləri türk cəmiyyətinin müxtəlif təbəqələrində kifayət qədər yayılmış imiş. Görünür, bu sözlər ərəb-islam mədəniyyətinin təsiri ilə xüsusən, XI-XII əsrlərdə aradan qalxmışdır.
İstər fars, istərsə də ərəb dilləri ilə artıq diferensiallaşmağa başlayan türklərin əlaqələri eyni intensivlikdə olmamış, oğuz və karluqlara rəğmən qıpçaq türkləri həmin əlaqələrdən xeyli dərəcədə kənara çəkildiklərinə görə həm leksikonun, həm də fonetik quruluşun klassik orta əsrlər mühitinə düşməmişlər. Və təsadüfi deyil ki, Birinci Türkoloji Qurultayda qıpçaq xalqlarının ziyalıları oğuz və karluq dillərinin ərəb-fars təsiri altında pozulması iddiası ilə çıxış etməklə qalmayıb, israrla tələb edirdilər ki, bu xalqlar ümumtürk anlaşıqlığı naminə öz dillərindəki alınmaları atsınlar.
Əlbəttə, ərəb-fars alınmaları oğuz, karluq, qismən də qıpçaq türkcələrini ayırmaq əvəzinə birləşdirirdilər. Xüsusilə, dini-intellektual ədası ilə yayılan ərəb sözlərinin "terminoloji" məzmununa müdaxilə etmək mümkün deyildi. Əslində, bu fikri "gül" və "bülbül" kimi poetik qəlibləşməyə məruz qalmış fars alınmaları barədə də söyləmək yanlış olmazdı.
Lakin yeni türk dillərinin enerjili fonetik "nəfəs"i tədricən ərəb-fars tələffüzünün (eləcə də ərəb yazısının) birləşdirici (əslində, məhdudlaşdırıcı) texnologiyalarına qarşı çıxaraq diferensiasiyanın imkanlarını genişləndirirdi. Məsələn, ərəb sözlərinin müxtəlif türk dillərində müxtəlif cür tələffüz edilməsi, latın əlifbasına keçdikdən sonra eyni zamanda müxtəlif şəkillərdə yazılması buradan irəli gəlir.
Türk dilinin əvvəl şivələrə (tayfa dillərinə), sonra dialektlərə (tayfa birlikləri dillərinə), daha sonra dillərə (xalq dillərinə) bölünməsi ilk növbədə dildaxili hadisə olsa da, kifayət qədər ardıcıl, təsirli dilxarici amillərin müşayiəti ilə getmişdir.
Heç şübhəsiz, dilin bölünməsi, artıq qeyd etdiyimiz kimi, həmin dilin mənsub olduğu insan cəmiyyətində (və müəyyən coğrafiyada) gedir.
Altay nəzəriyyəsi hər halda türk, monqol və tunqus-mancur xalqlarının əcdadlarının Altay dağlarının ətəklərində yaşadıqlarına işarə etməkdədir. Görünür, türklər öz pravətənlərini heç zaman tamamilə tərk etməmişlər. Və Altay türklərinin bu günə qədər pravətənə ev sahibliyi eləmələri bunun göstəricilərindən biridir.
Etnolinqvistik diferensiasiya bərabər paylanma deyil, bu və ya digər xalqın (və dilin) diferensiasiya prosesi, adətən, tərkib hissələrindən birinin önə çıxması, L.N.Qumilyovun məşhur termini ilə desək, passionarlığı ilə gedir. Altay birliyi dağılarkən türklərin, türk birliyi dağıldıqda isə oğuzların dominantlığı heç bir şübhə doğurmur. Və oğuzlar təxminən, e.ə. I minilliyin sonlarına doğru tarix səhnəsinə çıxarkən bütövlükdə türkləri təmsil eləmək iddiası nümayiş etdirirlər ki, bu, "nəhr dastan oğuznamə"də (Ə.B.Ərcilasun) bütün miqyası ilə təsbit olunmuşdur. Uyğur oğuznaməsindən başlamış, Əbülqazi xanın "Şəcəreyi- tərakimə"sinə, oradan da Anadolu oğuznamələrinə qədər həmin "nəhr dastan"ın mühafizə edilən əlyazmalarında oğuzlar karluq, qıpçaq və s. türk etnoslarının hamisi missiyasını yerinə yetirirlər. Oğuz xan (və onun oğulları) bütövlükdə türklüyü təmsil etməkdədirlər.
"Oğuzlar" müəllifi Faruk Sümer türk birliyindən ayrılmış yeni etnosun etnik, sosial və ədəbi-mədəni tarixini qədim zamanlardan başlayaraq bu günə qədər izləmişdir. Mənbələr əsasında təfsilata varanda F.Sümer nə qədər haqlıdırsa, gözlənilməz ümumiləşdirmələrə cəhd göstərəndə o qədər anlaşılmazdır. Oğuzların mənşəcə təmiz türk olduqlarını deyən "Oğuzlar" müəllifi o biri türklərin mənşəyini heç bir sübut olmadan şübhə altına alaraq yazır ki, "uyğur, karluq, qıpçaq və digər türk tayfaları moğol istilası nəticəsində varlıqlarını davam etdirə bilməmişlər. Moğol boyları ilə qarışıb-qaynaşaraq yeni tayfalar meydana gətirmişlər. Bu yeni tayfaların dili türkcə olsa da tarixi xatirələri, hərbi təşkilat və ənənələri moğol keyfiyyətləri daşıyırdı. Bugünkü Şərqi Türküstan türkləri, Özbəkistan, Qazaxıstan, qaraqalpaq xalqları, İdil boyu türkləri, qısacası, Orta Asiyadakı türklərin əsas çoxluğu bu türk-moğol qarışmasından meydana gəlmiş yeni tayfaların nəvələridir".
XII-XIV əsrlər moğol (monqol) fütuhatını yalnız, yaxud əsasən moğolların tarixinə yazsaq, əlbəttə, hər birimiz belə bir bağışlanmaz səhvə yol verərik. F.Sümer bu məsələdə bir də ona görə haqsızdır ki, siyasi tarixlə etnik tarixi, elitanın (sülalənin) tarixi ilə xalqların (etnosların) tarixini qarışdırır. Və nəticə etibarilə, onun əsaslandığı bu kustar "metod" müqayisəli-tarixi metodun heç astanasına da gəlib çıxmır.
Türklərin XIII-XIV əsrlərdən çox-çox qabaq - hun dövründə başlayan, I minilliyin sonu, II minilliyin əvvəllərində, demək olar ki, başa çatıb oğuz, qıpçaq və karluq etnoslarını tarix səhnəsinə çıxaran coğrafi, siyasi, kulturoloji və s. bölünməsi yeni coğrafiyaların mənimsənilməsi ilə müşayiət olunur. Oğuzlar cənub-qərb, qıpçaqlar şimal-qərb istiqamətlərində yayılır, karluqlar isə daha çox Qərbi və Şərqi olmaqla Türküstanı məskunlaşdırırlar. Əlbəttə, nə oğuzların, nə də qıpçaqların ayaqları Türküstandan üzülmür.
Yeni coğrafiyalar türk etnosları - həm oğuzlar, həm qıpçaqlar, həm də karluqlar qarşısında dilin, ədəbiyyatın, incəsənətin və s. inkişafı üçün geniş üfüqlər açmaqla, onların yenidən diferensiasiyasını hazırlayır. Qədim türkcə bazasından uzaqlaşmağa (fərqlənməyə) başlayan oğuz, qıpçaq və karluq dillərinin daxilində yeni dialektlər meydana çıxır. Və beləliklə, XVI-XVII əsrlərdən etibarən təşəkkülünü nümayiş etdirməyə başlayacaq yeni (nəticə etibarilə, müasir) türk dillərinin əsası qoyulmuş olur.
Qədim türk dilindən yeni türk dillərinə doğru gedən proseslərin həm daxili, həm də xarici amillərin təsiri altında olduğunu göstərən bir parametr də xalq dili üzərində yüksələn ədəbi dil səviyyəsi və ya səviyyələridir. Xalq dili bütövlükdə xalqa mənsub olub daim qarşısıalınmaz bir diferensiasiya içindədir, halbuki ədəbi dil müəyyən mədəni-intellektual inteqrasiyanın məhsulu olmaqla həmin xalqın yüksək təbəqəsinə aiddir. Hətta xalqla onun yüksək təbəqəsi arasındakı münasibətlər zəifləyərsə, elə bir böhran vəziyyəti istisna olunmur ki, yüksək təbəqə öz dilindən imtina edib, məsələn, türklərin "təcrübə"sində az olmadığı kimi, Çin, fars, ərəb, rus və s. dillərə hüsn-rəğbət göstərsin.
Əlbəttə, türk dilinin (və dillərinin) tarixində diferensiasiya və inteqrasiya təmayülləri 1) dilin daxili inersiyası - dilə xarici təsirlər, 2) xalq dili - ədəbi dil kimi münasibətlərdə gerçəkləşir. Türk dilini Altay dilindən, oğuz dilini türk dilindən və Azərbaycan dilini oğuz dilindən tarixən ayıran proses məhz diferensiasiyadır. Yeri gəlmişkən, Azərbaycan, yaxud türk, yaxud da türkmən dilinin, adətən, oğuz yox, türk dillərindən biri kimi tanınması (məsələn, biz Azərbaycan türkcəsi, Türkiyə türkcəsi deyirik, Azərbaycan oğuzcası, yaxud Türkiyə oğuzcası yox) oğuz, qıpçaq və karluq dillərinin qədim türk dili - yeni türk dilləri arasında, bir növ, keçid dövrü olduğunu söyləməyə əsas verir. Və bunun bir sübutu da, məsələn, oğuz qrupuna aid Azərbaycan dilində qıpçaq, karluq qrupuna aid özbək dilində isə həm oğuz, həm də qıpçaq dialektlərinin təsirinin kifayət qədər güclü olmasıdır.
Belə bir mülahizə söyləmək, fikrimizcə, yanlış olmaz ki, qədim türk dili özünün orta əsrlər diferensiasiyasını, yəni oğuz, qıpçaq və karluq dillərinə bölünməni lazımi dərinlikdə və ya keyfiyyətdə keçirməmişdir. Ona görə də, məsələn, müasir Azərbaycan, qazax və özbək dilləri arasındakı fərqlər onların bilavasitə daxil olduqları oğuz, qıpçaq və karluq dilləri arasındakından müqayisə edilməyəcək qədər çoxdur. Türk dili tarixçiləri (məsələn, Əhməd Cəfəroğlu), bir qayda olaraq, öz işlərini ədəbi dillərin tarixi ilə məhdudlaşdırırlar, yalnız yazılı abidələrin dilinə əsaslanan bu cür tarixlərdə ikinci bir çatışmazlıq da şifahi ədəbi dilin, xüsusilə yüksək ədəbiliyi ilə seçilən epos dilinin kənarda qalmasıdır.
Bir neçə il əvvəl yazdığımız "Türkcədən türkcələrə" başlıqlı məqaləmizdə biz də türk dillərinin diferensiasiyasını məhz ədəbi dil materialları əsasında nəzərdən keçirməyə çalışmışdıq. Öz-özlüyündə bu cür baxış da az əhəmiyyətli deyil. Ancaq unutmaq olmaz ki, türkcənin nəhəng (gur) tarixi axınında ədəbi material nə qədər mədəni-intellektual dəyər daşısa da, dilin (və dillərin) bütöv təbiətini, "sel gücü"nü əks etdirmir. Məsələn, orta əsrlər türk ədəbi dillərinin ərəb-fars dillərinin aşırı təsiri altında olması o demək deyil ki, türk xalqları bu təsirləri qəbul etmişlər. Yaxud yazılı abidələri çox-çox sonralar meydana çıxan "qazax, qırğız və altayların ən geci XI- XII əsrlərdən başlayan zəngin xalq yaradıcılığı, əvvəla, məhz inkişaf etmiş dil imkanları sayəsində mümkün olmuşdur, ikincisi isə, həmin imkanlar diferensial səciyyə daşıyıb, məhz həmin xalqların özlərinə məxsusdur.
Türk dilçiliyi türk dillərinin tədqiqində həmişə geri qaldığına görə bu dillərin diferensiasiyasını, get-gedə bölünüb bir-birindən daha çox ayrılmasını qeydə almaqda, adətən, gecikmişdir. Və müstəqil türk dillərinin XIX, XX əsrin əvvəllərinə qədər dialekt, şivə, xalqlarının isə bəzən tayfa, qəbilə adlandırılması da buradan irəli gəlmişdir. Nəinki Rusiya imperiyasının müstəmləkəsində olan türk xalqlarının ziyalıları, hətta Osmanlı imperiyasının Şərq və Qərb təmayüllü irəli gələnləri də türk dilinə (və dillərinə) münasibətdə təxminən, eyni mövqedə dayanmışlar. Və fikrimizcə, ən paradoksal cəhət ondan ibarət olmuşdur ki, ən demokratik, milli düşüncəli intellektuallar (məsələn, İsmayıl bəy Qaspıralı) belə türk dillərinin artıq özünü hər cəhətdən göstərən müstəqilliyini təsdiq eləmək əvəzinə, romantik (mücərrəd) "dildə birlik" şüarını irəli sürmüşlər. Bu zaman "siyasət"in (necə bir siyasətin?) "milli birlik" naminə hər cür elmi düşüncəni (və gerçək təfəkkürü) arxa plana sıxışdırdığı göz qabağındadır. Ancaq çox təəssüf ki, bu gün də həmin "mövqe"yi guya sovet repressiyasına məruz qalmış bir dəyər kimi diriltmək meyilləri özünü göstərməkdədir. Məsələnin konyuktur tərəfi isə onda olmuşdur ki, ümumtürk ədəbi dilini yaratmaq (əlbəttə, belə bir təklif hər nə qədər əsassız olsa da, XX əsrin əvvəllərində, eləcə də, məsələn, Birinci Türkoloji Qurultayda müzakirəyə çıxarıla bilərdi) cəhdi ilə yanaşı, belə bir dilin həmişə mövcud olduğu barədə "xəyal qırıqlığı"na düşənlərin də bəzən səsi gəlirdi. Və onlar həmin ədəbi dilin Altaylardan, yaxud Türküstandan gəlib İstanbulda qərar tutduğunu, Şərqdən Qərbə doğru geniş bir ərazidə yayılmış türk dialektlərinin yeganə ədəbi təzahürü olduğunu (və təbii ki, bütün türklərin - diqqət edin: artıq çoxdan təşəkkül tapmış türk xalqlarının deyil, bir-birindən o qədər də seçilməyən türk tayfalarının!) bir an öncə onu qəbul etməklə türk millətinə çevrilməli (bir qədər sadə!) olduqlarını söyləmişlər.
"Türk dilləri"nin deyil, məhz "türk şivələri"nin mövcudluğundan çıxış edilən həmin illərdən bir-iki on il sonra Azərbaycanda (və bir sıra digər türk respublikalarında) dil haqqındakı elmin inkişafı türk dilinin deyil, ayrı-ayrı türk dillərinin dialektologiyasından daha inamla bəhs etməyə imkan vermış (Məmmədağa Şirəliyev), bunun ardınca isə türk ədəbi dillərinin çoxdan mövcudluğu elmi səviyyədə etiraf olunmuşdur (Əbdüləzəl Dəmirçizadə). Əgər XX əsrin əvvəllərində türk dilinin dialekt, ləhcə və şivələrindən danışmaq dəb idisə, həmin əsrin sonlarında Azərbaycan dilinin tarixi dialektologiyası adlı bütöv bir araşdırma sahəsi meydana çıxdı. Bu sahənin yaradıcısı professor Elbrus Əzizov yazır:
"Azərbaycan dilinin əsas dialektləri (ləhcələri) tarixi-coğrafi ərazi çərçivəsində Kürdən Dərbəndədək olan ərazinin şimal-şərq hissəsində (şimal-şərq ləhcəsi), Kür və Araz çayları arasındakı ərazinin qərb hissəsində (qərb ləhcəsi), cənubda - Cənubi Azərbaycan, Naxçıvan, İrəvan və Lənkəran regionlarında (cənub ləhcəsi) XVIII əsrədək tədricən formalaşmışdır".
Əgər XX əsrin əvvəllərinin Azərbaycan, ümumən türk dünyası ziyalılarının bunlardan xəbərləri olsaydı, yəni bilsəydilər ki, türk dillərinin dialekt bölünməsinin bir neçə əsrlik tarixi var (və bu bölünmə prosesi eyni zamanda yeni bir ədəbi dilin inteqrasiyası üçün şərt olmaya bilməzdi), görünür, bu qədər xam xəyallara düşməzdilər.
Türk birliyi bayrağı altında tarix səhnəsinə çıxaraq müxtəlif məhrumiyyətlərə məruz qalmış, həm çarizm, həm də sovet müstəmləkəçiliyi dövrlərində qanlı repressiyaların qurbanı olmuş əcdadlarımızın ruhu kimi ideyaları da bizim üçün müqəddəsdir. Lakin bu ideyalara müasir türkologiyanın inkişaf səviyyəsindən müzakirə etməsək, əsl həqiqətlərin nədən ibarət olduğunu üzə çıxarmasaq, dil, ədəbiyyat, tarix və s. sahələrdə türk inteqrasiyasının "yol xəritəsi"nin elmi əsaslarını yaratmasaq, məsələn, birliyimizi mexaniki, yaxud sxematik şəkildə anlayıb müxtəlifliyimizin verdiyi zənginliklərdən imtina etmək barədə fikirləşsək, gələcək nəsillər bizi bağışlamaz. Çünki onlar bütün bu məsələlər haqqında daha dərindən düşünəcəklər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
