Vaqif YUSİFLİ
Xoşbəxtlik payladın bütün dünyaya,
Hamı öz vaxtından tez xoşbəxt oldu,
Yağış yerə düşdü, toz xoşbəxt oldu.
Özgə bir insanın bəy masasında,
İlahi, sevdiyim qız xoşbəxt oldu.
Hamı xoşbəxt oldu bu yer üzündə,
Kəpənək bağçada, arı pətəkdə.
Hətta xoşbəxt oldu bir vaxt kəsilmiş,
Yenidən canlanan kiçik kötük də.
Mən niyə yadından çıxdım, görəsən?!
Hamı xoşbəxt oldu bu yer üzündə -
Layiq olmayan da, layiq olan da,
Mən niyə yadından çıxdım, görəsən?!
Bu şeirin müəllifi Həsən Kürdür. İki il öncə dünyasını dəyişdi. 44 günlük müharibədə, daha sonra Cəbrayıl və Qubadlı rayonlarının azad olunmasında bir döyüşçü kimi vuruşmuşdu. 2021-ci ildə ordudan tərxis olundu. İndi onu dinc həyat, yazıb-yaratmaq eşqi gözləyirdi.
Orduya şair kimi getmişdi, özü də könüllü. Şair kimi də qayıtdı. Amma müharibənin ağrı-acıları bu həssas ürəkli cavanın canından çıxmamışdı. Özünü bu yer üzündə xoşbəxt saymasa da, həyatda nəyəsə nal olmasa da, o, şeir aləmində, özünə məhrəm saydığı mənəvi dünyasında xoşbəxt idi. Şeirə elə bağlanmışdı ki, xoşbəxtliyini də, xoşbəxt ola bilməməyini də, müharibədəki yaşantılarını da, real həyatdakı təzadları da, insan sevincini və kədərini də şeirlərinə hopdurmuşdu.
Onun nə yaşı vardı ki, 2018-2024-cü illərdə, cəmi altı il ərzində mətbuatda şeirləri dərc edilsə də, poeziya müsabiqələrində uğurlar qazansa da, iki şeir kitabı çap olunsa da, bir istedadlı şair kimi poetik enerjisi tükənməsə də qəfil ölüm yaxaladı onu. Amma bu qısamüddətli şair ömrü Həsən Kürü müasir poeziyamızda tanıda bildi.

2022-ci ildə şəhid və qazi şairlərin yaradıcılığını əks etdirən "Əbədi sevgi-Vətən" bədii toplusu nəşr olundu (layihə rəhbəri İntiqam Yaşar, rəyçi Əkbər Qoşalı, tərtibçilər Elvin İntiqamoğlu və Həsən Kür). Bu toplu gənc Azərbaycan şairlərinin Vətən uğrunda döyüşlərini və şeirlə vətənpərvərlik duyğularını əks etdirən, ədəbiyyat tariximiz üçün gözəl bir mənbə olan kiçik ensiklopedik bir kitabdır. Şəhid şairlərimiz - Rasim Abldullayev, Murad Hacıyev, Şahgündüz Cabbarov, Rüfət Əhmədzadə, İlkin Elçin, qazi şairlərimiz Emin Piri, Seymur Atilla, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Cavid Qasımov, Kərəm Aydın, Səbuhi Qurbanov, Toğrul Kərimli, Nicat Ağayev, Eyvaz Əyyub öz şeirləriylə Əbədi Sevgini - Vətəni - bu Vətən uğrunda ölümə belə hazır olduqlarını bəyan edirlər. Həsən Kür də o zaman qazi şairlərin sırasında idi. Onun bir tərtibçi kimi bu kitabda iştirakı da onu göstərir ki, Həsən Kür döyüşən, şəhid olan şairlərin ruhunu yaxşı duyurdu.
Mən Həsən Kürü Qarabağ müharibəsinin təkcə döyüşçüsü kimi dərk eləmirəm, o, döyüşə-döyüşə həm də bir "kəşfiyyatçı" idi. O mənada ki, onun kəşfiyyatçılığı daxildə idi. Həsən Kür döyüşçü yoldaşlarının həm qələbə əzmini, həm də ağrı-acılarını həssaslıqla izləyirdi. "Son döyüş" şeirində adları çəkilən Raqil və Sübhan eyni gündə döyüşə atılan, eyni gündə şəhid olan iki gəncin son anları - ölüm səhnəsi təsvir olunur. Ölüm anında da onlar bir-birinə təsəlli verirlər:
Danışma, qardaşım, taqətdən düşmə,
Mənim indi səndən bir istəyim var.
Götür bu məktubu, mən şəhid olsam,
Verərsən anama, açıb oxuyar.
Bilsin ki, içimdən nə hisslər keçib,
Bilsin ki, Vətəni necə sevirdim.
Birlikdə gəlmişik cəbhəyə, Raqil,
Kəndə də birlikdə qayıdaydıq kaş.
- Ay Sübhan, bədənim oldu buz kimi,
Gözüm heç bir yeri görmür elə bil..
- Dayan... bir az dayan, ölmə, qardaşım,
Raqil... ölmə, Raqil... cavab ver, Raqil...
"Döyüşə kimlər gedir?" şeirində isə Həsən Kür 44 günlük Vətən müharibəsinin şəhidlərindən söz açır. Amma onlar hələ şəhid deyillər. Onların hər biri döyüşə göndərilməyini komandirdən xahiş edirlər. Bu səhnəni görmüşdü Həsən Kür. Onlar döyüşə gedir və şəhid olurlar.
Yazıq anam, mən ölsəm
Ürəyini dağlayar.
Paltarımı qoxlayıb,
Hönkür-hönkür ağlayar.
Amma qardaşlarım var,
Onlar ata-anama
Yəqin olar təsəlli.
Nə olar, ay komandir,
Göndər məni irəli!
Qarabağ müharibəsi ilə bağlı çoxlu şeirlər, kəmiyyətcə az olsa da poemalar yazılıb. Təbii ki, bu şeir və poemalarda vətənpərvərlik ruhu ön sıradadır. Amma nə gizlədək, biz həmin şeirlərdə - poemalarda nadir hallarda döyüşçü obrazları ilə qarşılaşırıq (Rəşid Faxralının bir neçə poeması istisna olunmaqla). Müharibənin yetirdiyi, məhz o qanlı savaşlarda özünün qəhrəmanlığı ilə seçilən o qədər əsgərlərimiz, zabitlərimiz olub ki... Amma onlar rəsmi olaraq öz haqlarını alsalar da, poeziya onların qarşısında hələ borcludur. Əlbəttə, o qəhrəmanların - igid döyüşçülərin yaddaqalan obrazlarından söhbət gedir. Həsən Kürün "Şükür, şükür, çox şükür" şeirində o qəhrəmanların biri ilə tanış oluruq... "Yaralanan dostumun gedir-gəlir nəfəsi". Onun bu halını seyr edən şair yaralı əsgərin (döyüşdə qəhrəmanlıq göstərib yaralanıb) ən ağır vəziyyətdə də "qırıq-qırıq səs ilə" həyat yoldaşını, anasını aldadıb "gecə rahat yatmışam" deməsini onun nikbinliyi ilə səciyyələndirir. Bu, Qarabağ müharibəsində döyüşən Azərbaycan əsgərlərinin ümumiləşmiş obrazıdır.
Yalan dedi, şahidəm,
Nə düz-əməlli yeyir,
Nə isti yerdə yatır,
Ömründə ilk dəfədir
Anasını aldadır.
Yatağı buz olsa da,
Dili susuz olsa da,
Ölməyibdi, yaşayır.
Ölməyibdi, amma ki,
Sol qolunun üstündə
Kiçik qəlpə daşıyır.
Hərdən açır sarğını,
Baxır və gülümsəyir,
"Bu Vətənin uğrunda
Nəsə etmişəm", deyir.
Şükür, şükür, çox şükür!
Həsən Kür təkcə müharibənin özünü, səngərlərdə, döyüş meydanlarında baş verən hadisələri, döyüşçülərin qəhrəmanlığını və son anlarında da qələbəyə inamını itirmədiklərini deyil, həm də arxa cəbhədə yaşayan ataların-anaların intizarını, həsrətini əks etdirən şeirlər də yazıb. "Rüqəyya və yaşlı nənə" şeirində o, çoxtəsirli bir səhnə yaradır. Balaca qız - Rüqəyya qar yağmasına sevinir. "Bağladı şərifini, geyindi paltarını, Seyr eləmək istədi, bu ilin ilk qarını". Öz qar sevinci ilə yaşayan qız evinə dönəndə baxıb görür ki, yolda bir ağbirçək nənə ağlayır. Niyə ağlayır görəsən?!
Nənə sildi gözünü,
açıb ürəyin dedi:
Mənim iyirmi yaşlı,
Gözümün ağ-qarası
bircə nəvəm var idi.
Onu müharibəyə
Yolladım dörd ay öncə.
Bir ay əvvəl nəvəmdən
xəbər gəldi bir gecə.
Komandiri dedi ki,
sənin qəhrəman nəvən
Şəhidliyə ucalıb,
Amma tapa bilmirik,
Qarın altında qalıb.
Sevinci və kədəri...
Həsən Kürün "Cəbhədən məktub" şeiri, fikrimcə, onun həm bədii cəhətdən, həm də məzmunca, ideyaca ən sanballı şeiridir (bu haqda hörmətli Azər Turan da bir yazısında söz açıb). Xatırlayaq İkinci Dünya müharibəsində rus şairi Konstantin Simonovun "Gözlə məni" və Süleyman Rüstəmin "Ana və poçtalyon" şeirlərini. Bu şeirlərin əsas leytmotivi Həsrət və İntizardan doğan Gözləntidir. Həsən Kürün qəhrəmanı - döyüşçü əsgər cəbhədən öz qızına məktub göndərir, o, qızına sadəcə ürək-dirək vermir, həm də onu qorxmaz və dəyanətli olmağa səsləyir:
Mənə şərfini göndərmə daha,
Səngər beşik kimi istidir, qızım.
Vətən sənin kimi suyuşirindi,
Hamını özünə istədir, qızım.
Görsən darıxırsan, şəkillərə bax,
Körpə əllərini boynuma dola.
Boylan pəncərədən getdiyim yola,
Bu məni görməyə bəs edər, qızım.
Allah üstümüzdən çəkməsə əlin,
Birgə yandırarıq Zəfər məşəlin.
Hamının qorxduğu zalım əcəlin
Boyu boyumuzdan bəstədir, qızım.
Əgər günün biri geri dönməsəm,
Eşidə bilməsən atanın səsin,
Qorxma, ürəyinə qorxu düşməsin,
Atan ölməyibdi, xəstədi, qızım.
Həsən Kür təbiəti etibarilə həssas şair idi. Müharibənin odları, alovları içindən keçib gəlmişdi və real həyatda gördüyü təzadlı mənzərələr onu içəridən sıxırdı, onda təsirli hallar yaradırdı. Onun əksər şeirlərində insan ağrısı, ürəkdə sızıldayan yaralar üzə çıxır.
"Sığınacaq" şeirində yetimlər evinin darvazasına atılan bir körpə qızın faciəsi öz əksini tapır:
Yudular üzünün yaş ləkəsini, ox idi,
Yataq düzəltdilər küncdə-bucaqda.
İlahi, bircə boş otaq yox idi
Bədbəxtlərlə dolu sığınacaqda.
Hər şeydən xəbərsiz idi qızcığaz,
Bilmirdi yatdığı yataq kimindi.
Gözü qapıdaydı, elə bilirdi
Atası, anası gələcək indi.
Heç kimi yox idi daha o qızın,
Nə ata var idi, nə də ki ana.
Ata ön cəbhədə vurulan gecə,
Ana dözməmişdi qəmə, hicrana.
Bu yazıda mən həyatı yarımçıq qalan istedadlı bir şairin - Həsən Kürün şeirlərindən söz açdım. Onunla heç görüşmədim, amma bir dəfə maraqlandım onunla, telefon danışığımız oldu, vallah, səsində kədər duymadım. Şeirlərini göndərməsini xahiş etdim, dedi, göndərərəm. Amma göndərmədi.
Amma onu şeirlərindən tanıdım, təkcə mənim yox, onu tanıyanların yaddaşında yaşayacaq Həsən Kür. Əliağa Kürçaylı və Əlisəmid Kürdən sonra o da öz məcrasında, üzü gələcəyə doğru yol gedəcək. Poeziyamızın yaddaşında yaşayacaq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
