Kitab xəyal gücü sərhədsiz olan alternativ dünyadır. Yaxşı kitabın mütaliəsi heç vaxt izsiz ötüşmür, şüurumuzda kəlmələrin "yeri" qalır… Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı sığındığım cənnətimdə ilk "qadağan olunmuş meyvə" sayıla bilər: Yeniyetməykən dayımın şəxsi kitabxanasından hər dəfə bir neçə kitab gətirib oxuyardım. Mütaliə siyahıma nəzarət edən anam artıq 10-15 səhifəsini oxuduğum kitabı görəndə əlimdən alıb, onu mənə uzun müddətlik yasaq etdi. Az sonra mənə Reşat Nuri Güntekinin "Dodaqdan qəlbə", "Çalıquşu" romanları, "Min bir gecə nağılları", "Kəlilə və Dimnə" kimi çox sayda kitab yasaqlandı. Yalnız çox sonralar bildim ki, 11-12 yaşlı yeniyetmənin mütaliəsi üçün bu əsərlər ən doğru variant deyilmiş. Yenə çox sonralar öyrəndim ki, Təhminə cəmiyyətin qəbullanmadığı qadın obrazı kimi ədəbiyyatımızda ən çox müzakirə olunan bədii qəhrəmanlardan biridir. O illərdə valideynlər yeniyetmə övladlarının bu romanı oxumasından ehtiyat edirdilər - qızları Təhminəyə bənzəmək istəyər, oğulları Təhminə kimi bir qız sevər deyə... Tələbə ikən mühazirə zamanı mərhum Arif Əmrahoğlunun "Hər bir azərbaycanlı kişi istəyər ki, Təhminə kimi sevgilisi olsun, amma onun kimi arvadı olmasını istəməz" sözləri də yaddaşıma həmişəlik həkk olunub.
Həyatımızı bir kitabın dəyişməsi mümkünsüzdür, küll halında isə oxuduqlarımız dünyaya baxışımızı formalaşdırır. Xalq yazıçısı Anarın əsərləri bizim nəsli "böyüdən", özünə tanıdan kitablar sırasındadır. 80-ci illərdə onun kitabları çox böyük tirajlarla (bildiyim qədərincə, 20, 30-40 min) çap olunur və əl-əl gəzirdi. Kim deyə bilər ki, bugünkü Azərbaycan qadınının azadfikirliliyə meyillənməsində, sevgiyə və dünyaya baxışının formalaşmasında həm də Təhminə obrazının təsiri olmayıb? Biz özümüz də hiss etmədən zamanla oxuduğumuz kitablara çevrilirik.
Yazıldığı vaxtdan ötən bu 40 il ərzində Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanından güclü əsəri də oldu, zəifi də - onun qədər çox müzakirə ediləni isə olmadı. Bu roman hələ də müzakirə obyekti olaraq qalır, motivlərindən istifadə olunaraq yeni əsərlər yazılır (hələ ki, onun motivləri üzərində yazılmış 3 romanla tanışam).
40 ildir bu əsərin və onunla birgə qəhrəmanlarının sevilməsinin, tənqid olunmasının, müzakirə və mübahisə obyekti olmasının səbəbi bədii dəyəri ilə yanaşı, bu gün belə çağdaşlığı, aktuallığıdır. Yalnız Təhminə ilə Zaurun faciəvi sonluqla bitən romanı deyil, Anarın onlarla digər əsəri günümüzlə səsləşir, çağdaş insanın ağrılarını nişan verir. Yaradıcılığın hər dövr üçün aktuallığı müəllifin uğuru, zamanla ayaqlaşmaqla yanaşı, həm də zamanüstü ola bilməsidir.
Anarın yaradıcılığı nəsildaşları ilə bütün oxşar və fərqli cəhətləri ilə yanaşı, xarakterik xüsusiyyətləri ilə seçilir, çağdaş bədii-fəlsəfi düşüncə sferasında özünəməxsus mövqeyə sahibdir. Onun obrazlar qalereyasının əsasını zamanı, mühiti ilə çəkişmədə olan insanlar təşkil edir. Nəsrinin poetik məkan və zaman imkanları ruhuna dar gələn cahanla savaş içində yaşayan obrazların, xarakterlərin açılışına xidmət edir. Diqqətlə nəzər saldıqda Anarın hər bir hekayəsində, romanında "altıncı mərtəbə"nin var olduğunu, qəhrəmanların ona doğru "dartındığını" sezmək mümkündür. Eynən həyatda olduğu kimi - hər kəs özünün üst mərtəbəsinə çatmağa can atır və çox vaxt həyat elə bu canatmadan ibarət olur.
Ədəbiyyatımızda nasir, dramaturq, publisist, ssenarist ünvanlarına sahib olan Anarın yaradıcılığı çoxsəsli, çoxistiqamətlidir və bu illər ərzində onun yaradıcı imkanları və fəaliyyət çevrəsi haqqında kifayət qədər geniş və layiqli yazılar meydana gəlib. Bu kiçik mətni yazmazdan öncə bloknotumda Anarın yaradıcılığı ilə bağlı neçə ildir ara-sıra etdiyim qeydlərə nəzər saldım. Fərqində oldum ki, onun nəsrində bütün digər məqamlarla yanaşı, daha çox topoqrafiklik diqqətimi cəlb edib və bu qeydlər "Anarın Bakısı" adı altında cəmlənib. Köhnə Bakının obrazı az-az müəlliflərdə uğurlu bədii həllini tapır; coğrafi topoqrafiya olmaqla yanaşı, həm də paytaxtın "metafizik topoqrafiyası"na çevrilə bilir. Anarın nəsri ədəbiyyatımızdakı o azların sırasındadır.
60-cılar nəslindən bütün yönləri ilə müzakirələrə ən çox səbəb olan müəllif, yəqin ki, Anardır. Onun yaradıcılığı heç vaxt birmənalı qarşılanmayıb. Bir vaxtlar yenilikçiliyi bəyənilməyən yazıçının, dövr gəldi ki, yaradıcılığı "zamanla ayaqlaşmadığına" görə tənqid olundu.
Zaman-zaman Anarın yaradıcılığı kimi, şəxsiyyətinə də ikili münasibətlər oldu; təhlil və tənqidlərdə qeyri-obyektivlik, hətta qərəzli münasibət sərgiləyənlər də oldu, ifrat sevgi nümayiş etdirənlər də. Bununla belə, əsla bütləşdirmədən, toxunulmaz elan etmədən, mübaliğəyə yol vermədən də demək mümkündür ki, Anar yaradıcılığı ilə Azərbaycan oxucusunun ürəyini fəth edib və o, özlüyündə böyük bir dəyərdir.
Xalq yazıçısı Anar bu ədəbi mühitdə azsaylı tolerant müəlliflərdən biridir: hər şeyə rəğmən, çox vaxt susdu, çox vaxt haqsız danışanları onların özünə bağışladı. Ünvanına yönləndirilən haqlı-haqsız, sayğılı-sayğısız fikirlərin çoxuna sükutla cavab verdi. Sükut müdriklik əlamətidir, sükunət halıdır, mənən rahat olmanın təzahürüdür. Bu hüzurun qaynağı daxili zənginlik, özünə əminlik və komplekssizlik, "Mən məni bilirəm" rahatlığıdır. Sükut - qarşı tərəfdə çox vaxt boş-boş danışanlara verilmiş bir daha düşünmək şansı, insan imkanlarının hüdudu, ruhun zənginliyidir.
Anarı bir şəxsiyyət kimi dəyərli edən xüsusiyyətlərindən biri də elə mövqeyindən enmədən, cılız intriqalara baş qoşmadan bütün danışılanların cavabını yalnız yaradıcılığı ilə verməsidir. Son illərdə ərsəyə gətirdiyi böyük türk şairi Nazim Hikmətin həyat və yaradıcılığı haqqındakı "Kərəm kimi" sənədli romanı, "Göz muncuğu" povesti kimi nəsrimizin uğuru hesab olunan əsərlər sübut edir ki, Anar yazıçı missiyasını vicdanla davam etdirməkdədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!