Aşıq Ələsgərdən ayrılmağın gözəlliyi - Şair İbadət Qurbanovanın şeirləri haqqında - Qəşəm NƏCƏFZADƏ

 

İbadət Qurbanova təbiətin özündən gələn şairdir. Təbiətin davasını, iddiasını, sevgisini ifadə edən şairdir. Yəni bütün məqamlarda təbiətin tərəfindədir, onun içindədir. Onun şeirlərini təbiət mövzusundan başqa heç nəyə və heç yerə yozmaq olmaz; nə yalan fəlsəfəyə, nə də ictimai-sosial məzmuna. Həyatı bu şeirlərin içindədir. Ağrısı da, acısı da, sevgisi də.

Xəyal adamı hara apara bilər? Keçmişə və gələcəyə! Bəzən şeirimizdə xəyalımız gedən yerləri konkretləşdirə, daha doğrusu, maddiləşdirə bilmirik. Deyirik, məktəb illərinə, analı günlərimizə, kəndimizə və sair yerlərə. Ancaq İbadət xanım özünə məxsus şəkildə bizim üçün ümumi fikir ərazisini görün nə qədər gözəl konkretləşdirib.

 

Xəyalım aparır, aparır yenə

Anam əllərimdən tutan illərə.

 

Ananı bu cür xatırlamaq gözəldir. Ana duyğuları tablo şəklində göz önündə canlanır. Vizual olaraq həm görünüş, həm də mənəvi baxımdan poetik fikir bizi silkələyir. Diqqətlə baxın bu tabloya. Ana, uşaq və əl. Bu detalların görünüşü ilk baxışda rəsm əsəri kimi görünür. Biri böyükdür, biri balaca. Biri inamlıdır, biri tərəddüdlü. Biri dünyadan halıdır, birinin isə nə addımı, nə baxışı, nə də əli bu dünyanı anlaya bilir; hər şeydən xəbərsizdir. Sankı ana onu həyatla tanış edir. Ana uşağın əlindən tutmasa, itirə bilər. Əslində bu həyatda uşağın ayağının altı uçurumdur. Ana ona görə onun əlindən bərk-bərk yapışıb. Görüntünün daxili cizgiləri, daha doğrusu, yozum imkanı adamı daha geniş bir düzənə aparıb çıxarır. Bəlkə ana uşağın əlindən tutmaqla öz müvazinətini saxlayıb. Əgər ana uşağın əlindən tutmasa, özü yıxıla bilər. Keçmiş gələcəyin əlindən tutmasa "dünənə" çevirilə bilərmi? Keçmiş ona görə keçmiş olur ki, o gələcəyin əlindən tuta bilir. Yoxsa, yıxıla bilər. Müəllifin xəyalı ona görə keçmişə gedir ki, burda birləşmə, var, əl var, müvazinət var. Əgər dediklərim olmasaydı, həmin səhnə bu qədər canlı xatırlanmazdı. Bəlkə müəllifi də, ananı da yaşadan o əllərin bir-birini tutmağıdır.

 

Başqa bir rakusdan baxsaq, İbadət xanımın şeirlərində çoxlu suallar var. O sual verir, bəzən də sualı da sualla cavablayır. Çünki şair dünyaya, təbiətə heyrətdədir. Gördüklərinin heyrətindən könüldən nidalar qopur. Xalq yazıçısı Anar atası Rəsul Rzanın Səməd Vurğunla dostluq və yaradıcılıq əlaqələrindən yazarkən bir fikri önə çəkir. Səməd Vurğun dünyaya və təbiətə heyrətdə idi. İndi İbadətin şeirlərində bu heyrət sual şəklində üstünlük təşkil edir. Böyük Füzuli deyirdi ki, "heyran olduğundandır ki, heyran olduğun bilməz". Şairin aşağıdakı misrasına diqqət yetirək.

 

Ayrıldın göylərdən niyə, ey yağış?

 

Mənə elə gəlir ki, bu sualın özü, yəni bu təbiət hadisəsinin mövcudluğu (milyon illər mövcud idi) qəflətən şairin eyninə və ağlına maraqlı bir məqam kimi gəlib və həm də sualın özü böyük assosiativ məna daşımaqla yanaşı, həm də uşaq heyrətini ifadə edir, həm təəssüf yaradır, həm də onu ifadə edir ki, sən o müqəddəs göylərdən ayrılıb çox hissəsi çirkab içində olan yerlərə niyə yağırsan? Elə orda qalsan yaxşı olmazdımı? Bu sual ilk baxışda bizim başa düşdüyümüz kədər deyil əslində. Göylər təmizdi, yerlər çirklidir. Bəlkə o yağış, yuxarıda bəhs etdiyimiz ananın əlindən tutan uşağının əlləridir, o əllər zamanın hökmü ilə qopur, nəsə nədənsə ayrılır. Müəllif haqlıdır. Amma İbadət xanım özündən sonra gələn gənc şairlərə öz şeirini başlamaq üçün bir abzas yeri qoyur. Bəlkə o yağış göylərin deyil, yerlərin öz doğma balasıdır. Yerlə göy bu uşaq buludun üstündə dava edir, nəticə də buludun yaxası cırılır.

İbadət xanımın maraqlı heca şeirləri: qoşma və gəraylıları var. Bu, öz yerində. Amma o həm də gözəl misra şairidir. Mənə elə gəlir ki, şairin istedadı, gücü  ən çox misradan başlayır. 1980-ci ildə mənim unudulmaz müəllimim, filologiya elmləri namizədi, ictimai xadım Mürşüd Məmmədovun "Azərbaycan" jurnalında nəşr etdirdiyi "Misra və onun fikir yükü" məqaləsi ədəbi mühitə zamanında böyük rezonans yaşatdı. İbadət xanım böyük tənqidçinin tərəfində dayandığı ənənəni bu gün uğurla davam etdirir. Onun misraları dolu sünbül kimidir. Aşağıdakı bəndə nəzər salaq:

 

Dağlardan, əsən külək,

Qaçırsan ürkək-ürkək.

Səni qovur bir ürək,

Özünlə apar məni.

 

Kimin ağlına gələr ki, dağlardan (məhz dağlardan) əsən küləkləri ürəklər qovur. Bu, mümkündürmü? Əgər bu əsatir həqiqəti şairin fitri ağlına gəlibsə, hökmən burda bizim bilmədiyimiz bir həqiqət də var.Yenə misraya gəlirəm: "səni qovur bir ürək" misrasının anlamı təfəkkür deyilən bir anlayışın hələ "bişməmiş", çiy qatı deyilmi? Bəlkə ürəyin sevməkdən və heyrətdən əlavə bir qovmaq funksiyası da var?! Biz bunu bilmirik, bəlkə. Ürək bir adamı qovur başqa bir ürəyə salır və yaxud qovur, itirir. Əslində bu qovmağın özü də sevməkdir, ürək öz qısqanclığı, hikkəsi, nifrəti, sevgisi ilə nəyisə və kimisə qovur, bəlkə o qovulana qoşulub küləklər də gedir və şair də həmin küləklərin içində getmək istəyir. Ona görə Nəsimi deyirdi ki, "Dünya duracaq yer deyil, ey can, səfər eylə" çünki həyatın canı, ürəyi hərəkətdir, sükunət ölümdü. Həyatda hər şeyin hərəkəti qovmaqdı, yəni kənara itələməkdi, qovmağın bir adı da sevməkdi.

İbadət xanımın şeirlərində misra tutumu və onun enerjisi böyük bir mövzunu əhatə edir. Onun şeirlərini oxuyanda hiss edirəm ki, bu şeirlər Qoşqar dağının ətəyində gül-çiçək dərən bir qızın nəğmələridir. Mən onun sözlərinin yarısını eşidirəm, yarısını yox. Çünki dağın havası, küləyi xüsusən, Aşıq Ələsgər havacatı o sözlərin yarısını aydınca eşitməyə məni qoymur. Fikir verin, İbadət xanım aşağıdakı misralarda dağlardan və Aşıq Ələsgərdən ayrılır.

 

Səhər ürəyində bir gecə gizlər.

 

Və yaxud

 

Nə qədər sinəndə qalacaq sirlər?!

 

Və yenə yaxud

 

Söylə, məndən küsüb hara qaçırsan,

Axı əzizisən yuxularımın?!

Sahili bilinməz, sonu görünməz,

Sevgi dənizisən yuxularımın.

 

Bu şeirlərdə İbadət xanım "dağlar" (burda ənənəvi gəraylı və qoşma nəzərdə tutlur) şeirindən və Aşıq Ələsgərdən qopur. Aşıq Ələsgərdən ayrılmaq gözəldi, onunla birləşmək yaxşı deyil. Yuxarıda qeyd etdiyim "qovmaq" məsələsi, ya aşıq Ələsgər səni qovsun, ya da sən Aşıq Ələsgəri.

Birdən küləyin uğultusu altında bu misraları eşidirəm:

 

Çıxarır başımdan xəyalı dağlar.

 

İbadət xanım bu misra ilə yenə Aşıq Ələsgərlə birləşmır, ondan o üzə keçir.

Və yaxud

 

Cığırlar dayanıb xəyala dalmış,

Utancaq lalədən bir busə almış.

Məğrur qayalardan asılı qalmış

Şəlalə qollara bir salam söylə.

 

Əla və gözəldir.

Yuxarıda qeyd etdiyim kimi oxuduğum şairlər içində İbadət Qurbanovanın axtarışları çox maraqlıdır:

 

Başdaşı işıqdır məzarlıqlara,

Bələdçi qoydular qaranlıqlara.

 

Fikir verin, başdaşı necə işıq ola bilər məzarlıqlara? Bəlkə başdaşı məzarların gecə lampasıdır?! "Mən burdayam", - deyir, "uzağa getmə" (mən burdayam, ilahi). Başdaşı dünyasını dəyişən insanların bəlkə əlidir, əlini qaldırıb söz istəyir?! Başdaşı tarixdir, ad, ünvandır, tale, bəxtdir. İkinci misrada şair deyir, "bələdçi qoyublar qaranlıqlara". Bu qaranlıq bizim başa düşdüyümüz qaranlıq deyil, "kim necə yaşayıb" anlamıdır və ya anlaşılmazlıqların aydınlanmasıdır bəlkə. Baxın, şeir adama nə qədər yozum verir. Yozum imkan verən şeirlər orijinal şeirlər olur həmişə.

İndi keçək İbadət xanımın digər suallarına.

 

Hardasan, hardasan, gecikən səhər?

Söylə, hara qaçırsan?

Niyə belə coşursan?

 

Əslində bu sualların cavabları öz içindədir. Doğrudan da, həyəcanlı ömürlərin səhərləri gecikir. Əslində zaman tələsmir, bizik tələsən. Səhər gecikmir, biz tələsirik. Səhəri tələsdirən də, gecikdirən də özümüzük. Bax, bu psixoloji məqamlar İbadət xanımın şeirlərinin daxili cizgiləridir və bəzən bu, fikir və duyğuların dağınıqlığı kimi görünsə də, yaradıcılığında bir harmoniya təşkil edir.

Baxın, "söylə, hara qaçırsan?" Əslində onu qovan özüdür. O qaçmır, bu qaçmaq daxili, psixoloji təkamüldür. "Niyə belə coşursan?" - əslində onu coşduran da özüdür. Görün, bu kiçik şeirlərdə nə qədər poetik detallar var. Elə bu zaman İbadət xanımın şeirlərinin içində bir misra yazı masamda məni susdurdu:

 

İbadətəm, gəldi-gedər.

 

"Gəldi gedər" sözü böyük anlam daşıyır, tarixi aspektdə şairlərimiz həyat fəlsəfəsinə belə ad veriblər. Bu sözün əvvəlinə İbadət xanımın öz adını qoşması və həm də "gedər" sözünün sonunda birinci şəxsin şəkilçisini ixtisar eləməsi, mənə belə bir fikir anlatdı ki, o, günlərin bir günü şeir dəftərini hirslə yazı stolunun üstünə atıb və arxasınca da əlini yelləyərək elə  beləcə də deyib: "İbadətəm, gəldi gedər".

Mən o dəftərdəki şeirləri birnəfəsə oxudum, sonra dəftərin üzərinə belə yazdım: "İbadət gəldi gedər deyil". İbadət xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Uğur olsun!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!