Cavanşir YUSİFLİ
1
Milli nəsr haqqında təqribən belə bir qənaəti yazmaq olar ki, XX əsrin əvvəllərindən bu günümüzə qədər nəsr elə bir inkişaf səviyyəsinə çatıb ki, ən dəyərli, bədii cəhətdən ən dolğun proza mətnlərimiz haqqında çox sanballı tədqiqat əsərləri yazılmalıdır. Amma bildiyiniz kimi, bu tədqiqat və araşdırmalar ortada yoxdur. Süni intellektə ağız büzürük, ancaq ifadənin tərkibindəki "süni" sözünü bir balaca "qəribçilikdən" çıxarsaq və onun vəd etdiyi perspektivi təsəvvürümüzə gətirsək, qarşıda duran işlər, həm də çox ağır işlər haqqında bilgi əldə edərik. Bunun nəyi pisdir? Həm də... Süni intellekt içi mən qarışıq, bütün tənqidçilərdən fərqli olaraq analiz etdiyi mətnlərin məziyyətləriylə yanaşı qüsurlarını da göstərə bilir. Bunu biz nədənsə bacarmırıq. Bu nöqtədə nəsr prosesinin nəbzini tutub, belə deyək, ən yaxşı hekayələrimiz haqqında ümumiləşdirici fikirlər söyləmək mümkündür. Yazı prosesində müəllif (nasir, şair, dramaturq) bədii mətni tam şəkildə idarə edə bilmir, bir tərəf həmişə ağır basır (digər yöndəki boşluq getdikcə böyüyür və bu, qaçılmazdır, çünki məhz boşluq cəmiyyət və insan həyatının dəhşətli sərgüzəştlərini açıb-ağardır...-!) və belə olduğuna görə, uzunçuluq, bədiiliyin səviyyəsinin getdikcə aşağı düşməsi kimi hadisələr baş verə bilir. Bu yerləri biz müşahidə etməli və qeydə almalıyıq. Amma tənqidçi adəti üzrə müəllifə qoşulur, müəllifin artıq görüb başa çatdırdığı işi "rəngləməklə" uğraşır. Bir tənqidi məqalə (həm müəllif, həm də Sİ nəzərə alınmaqla...) tərkibcə, məna və məzmunca nədir? Qüsurlar müəllifə şamil edilir, göstərilən məziyyətlər bədii mətnə. Bunların ikisi bir yerdə bədii mətnin dərinlik ölçüsü haqqında açıq təsəvvür yaradır. Ancaq... yazdığımız məqalələr bədii mətnə nə dərəcədə aid ola bilir, ona hansı yöndən qoşulur, hansı mənaların üstünə kölgə salır, hansıların şaxələnməli olduğuna vurğu yönəldir? Bunları demək, izah etmək son dərəcə çətindir.
Poeziyada, şeirdə vəziyyət başqadır, fərqlidir bir az. Zahirən dəyişməz və sabit görünsə də şeir, belə deyərdim, hər an dəyişir, şeirin içindəki dinamika, onun canlı, nəfəs alan "hüceyrələrinin" öz itiklərini tapmaq naminə çabaları bir an olsun belə dayanmır. Canlı yaşantının özünü tamamlamaq, itkin düşmüş tərəfini tapmaq ehtirası heç zaman sönmür, canlı hiss, duyğu və yaşantı içindəki insanın xəyalını "bərpa etmək" xülyasının gerçəkliyə dönüşdüyü an yerlə bir olması, dağılması, A.Kamünün essesindəki "daş altındakı" qədim insana dönüşmək təhlükəsi burada yazının ən mükəmməl məqamı və anı kimi xatırlanır... Keçmiş, qədim əyyamlarda yazılan elə poetik mətnlər var ki, onların içindəki bu dinamik axtarış hələ də davam edir, şeirin qəlbindəki vulkan bu mənada heç zaman sönmür. Həyatın bəzən hansısa çətin, yaxud sevincli məqamısa bizi kitab səhifəsinə yönəldir, açıb oxuyuruq, mənanın ruhumuzda yuva qurması bəzən illər çəkir. Qaranquşun öz balaları üçün çör-çöpdən yapdığı yuvada, suvaq səthində dimdiyinin izləri qalır... Kitabı açdığımız andan ruhumuza düşən izlər illər sonra addımlarımızı həmin mənalara sarı döndərir, baxmayaraq ki, həmin an biz həyatda olmaya da bilərik, əsas olan həmin o izlərin o mənaları insanların evinə, o qaranquş yuvalarına daşımasıdır... Bu yerdə yadımıza Salamın ilk mərhələdə yazdığı şeirlər düşür, bunlar arasında unikal, çox təkrarsız misralar, deyimlər var, indi də onlar iç enerjisi ilə bunları gözləyən insanlara sarı yol gedir. Salam daha sonra sərbəst şeirlər yazdı. İlk mərhələ bu mətnləri görünməz etdi. Sonra yenə... Amma ilk mərhələ ilk sevgi kimi üstün gəlir hələ də...
Musa Yaqub. Qalın, kərpic-kərpic kitabların içindən gözəl, qənirsiz nəfəs daşıyan şeirlər "pırr..." eləyib fəzaya uçurdu... Üzərində o qaranquş balalarının civiltisi...
Ramiz Rövşən. Sadəcə iki söz.
Vaqif Səmədoğlu. Belə getsə sınar quşların səsi...
Sonra: Xəzərin köksündən qalxan dumana
Qara şanı büküb gətirrəm sənə...
Rüstəm Behrudi. Turan şairi. Turançılıq Əli bəydən, Hüseyn Caviddən başlayır, Bəxtiyar, Xəlil Rza və Sabir Rüstəmxanlıyla davam edir...
Keçən əsrin 80-ci illərinin unikal şairləri;
Əlisəmid Kür, Əhməd Oğuz, Murad Köhnəqala, Kəramət Kəramət, Akif Əhmədgil, Şaiq Vəli...
Yuxarıda dedik ki, şeir zahirən dalğasız görünsə də, daxilən hər an dəyişməyə məhkumdur, əlavə edək: bir şərtlə ki, nəsihət və didaktikadan uzaq olsun, ötəri fəlsəfi ricətləri (ümumən fəlsəfəni - !) bağrına basmasın. İndi doğulan poetik mətnlər əvvəlki on il, yaxud yüz illərin təcrübəsini yaşadırmı? Əsas rolu bizim klassik və müasir ənənəmiz oynasa da, dünya şeir təcrübəsindən heç də uzaq deyildir. Biz öz ənənəmizə dayanaraq, məsələn, fransız şeirini tərcümə edirik. Və zəngin klassik şeir qaynaqları bizə sürrealist və digər formalarda yazılan mətnlərin məna vektorlarını açıq gözlə görməyə imkan verir. Rəsul Rzanın rənglərinə baxın. Günel Musanın hekayəsində yuxu təsviri yadıma düşür (...Həyətdə qəribə bir sakitlik vardı. Tut ağacı həyətin ortasında əzəmətlə ucalırdı. Sübh şəfəqləri hələ tut ağacının sıx budaqlarını yara bilməmişdi. İşıq yarpaqların arasından xırda qızılı ləkələr halında həyətə səpələnirdi. Otların üstündəki şeh damcıları şüşə qırıntıları kimi parıldayırdı. Bir küncdə toyuqlar torpağı eşələyir, hasarın üstünə qonmuş sərçə dimdiyini qanadına sürtürdü. Hərdənbir güclənən meh, ağacın yarpaqlarını qarışdırır, kölgəsini həyətdə su kimi dalğalandırırdı. Haradansa yeni biçilmiş otun təzə qoxusu gəlirdi...). Təzə çiçəkləmiş ağacın kölgəsi həyətdə su kimi dalğalanırdı. Bax, beləcə, sürrealist şeir yuxulardan çırpına-çırpına gələn dalğaların yaydığı sərinliyi xatırladır. Rəbiqənin hecada yazdığı şeirlərin sətirləri arasından bu yuxu hənirtisi hiss edilir. Bizim mətnlərdə, folklora, aşıq şeirinə yaxın üslubda yazılan şeirlər də artıq bu sürreal ölçüyə tən gələ bilir.
Etimad Başkeçid həmin formada yazdığı şeirlərdə məna mərtəbələri prinsipinə istinad edir: məlum mənaların üstünə təptəzə məna yükləmək. Bu isə forma vasitəsi ilə gerçəkliyin qavranılmasının yeni versiyasını və imkanlarını təqdim edir.
Ələkbər Salahzadə şeirində sürreal ovqat ultra müasir rəssamlıq məktəblərinin eyni zamanda həm isti, həm də soyuq "axınlarını" özündə birləşdirir və bu şeirdə landşaft dizaynının texnoloji mahiyyəti ilahi mənalarla birləşir. Assosiativ gedişlər, montaj texnikası, sait və samit səslərin nəfəs dərmədən təkrarı... bütün bunlar Ələkbərin yaradıcılığını modern poeziya məktəbinə çevirir. Müasir şeirdə kimsə Ələkbərə istinad eləmir, əksinə, bu poetik sistemdəki rənglər şeirimizin hər gününə, hər hecasına sirayət edir.
Keçən əsrin 80-ci illərindən bu günə qədərki poetik mənzərəni xəyalımızda canlandırıb yada salsaq (yəni mətnləri təsadüfi seçmə üsulu ilə oxusaq), əvvəldə də, sonda da qarşımıza Şaiq Vəli çıxar. Gəlişigözəl ifadədirmi? Xeyr! Şaiqdən yan keçmək mümkün deyil. Şaiq yazan şeirdə "fələk" obrazı bütün tərəfləri ilə süzüb keçir.
Mən bu cahan mülkünə,
Təxti-Süleyman mülkünə,
Can içində can mülkünə
ağlaya-gülə gəldim.
Mən "mən" olmaq istəmirdim,
Açıb-solmaq istəmirdim,
Bir də gəlmək istəmirdim -
Bir ulu eşq ilə gəldim.
"Asan" oxunsa da bu tipli şeirləri yaza bilmək insandan böyük enerji tələb edir; yanan evdən adam xilas etmək kimi. Şalbanlar, dirəklər köz olub üstünə tökülür...
O gözəli bilirdim,
Qəm məzəli bilirdim,
Mən əzəli bilirdim,
Mən sonu bilə gəldim.
Sorma məndən handaydım,
Hər yerdə, hər yandaydım,
Əzəlin əzəli - sondaydım,
Sonun sonu əzələ gəldim.
Bu günlərdə yazılan şeirlər artıq başqa, çox fərqli parametrlər üstündə qələmə alınır. Bunu incələməyə çalışaq.
2
Madam söz poeziyadan düşüb, yazının əvvəlini belə bir həssas misralarla başlamaq istərdik:
Yorulmuşam... ayaqlarım yorulub -
Ta yolları gedə bilmir, əzizim,
Ta yolları yola salıb qayıdır;
uzaqlara boylanammır gözlərim,
Eləcənə kirpik çalıb qayıdır...
Yorulmuşam... çiyinlərim yorulub...
Bağışlayın məni, doğma tabutlar, -
Qaldıramam daha sizi yerdən mən;
endirəməm sizi göydən, buludlar!
Yorulmuşam... dodaqlarım yorulub,
Şərab dadmır, əzab dadır öpüşlər...
Səhv elədim, duyğulara aldandım,
Hönkürməklə olmayırmış bu işlər...
Səhv elədim, duyğulara aldandım,
Dönə-dönə eyni yerdən vurulub
Ürəyimə uduzdurdum ağlımı...
Yorulmuşam... sol tərəfim yorulub -
Yavaş-yavaş daşa dönür... ağrımır...
Bu şeiri təhlil eləmək (şeirdə insanın bir anda, ani olaraq keçirdiyi hissi proses qədər "uzadan" bədii mətnin koordinatları var...) onun deyə bilmədiklərini dilə gətirmək, ifadə etmək deyildir, çünki praktiki olaraq bu mümkün deyildir (...çünki proses geri qayıtmır, daim irəli cummağa, yaxud divara rast gəlibmiş kimi yerində qıvrılmağa məhkumdur - !), şeir həqiqətin ən düzgün formada ifadəsidir. Filoloq şeirə tam başqa istiqamətdən baxmalıdır, ritm və intonasiya yönündən. Hissin, keçirdiyin hissin, çəkdiyin ağrıların ən düzgün "sxemi" məhz bu iki kateqoriyada təsbit olunur. Bir müəllifin ən gözəl şeiri, həm də Azərbaycan poeziyasının ən gözəl şeirlərindən biri o zaman yaranır ki, o sənin səsinin gizlinlərini ideal şəkildə ifadə edə bilsin, şeirin, məsələn, Məmməd Arazın, Əli Kərimin, Ramiz Rövşənin, Vaqif Bayatlının öz səsiylə danışması mümkündürmü? Əlbəttə, adını çəkdiyimiz müəlliflərin elə seçkin mətnləri var. Əli Kərimin əksər şeirləri (xüsusən, Atamın xatirəsi... ...Moskvada oxuyurdum tərk etdi məni//Gələn zaman bir əbədi ayrılıq dəmi.//Gah istəyib məni görə//Gah deyib ki, mən//Qoy bilməyim, o utanıb öz ölümündən//Ah, o niyə belə etdi, bu nə qübardı?//Nə zamansa bu nişanda bir atam vardı...), Məmməd Arazın iddiasız şeirləri, atasına həsr etdiyi nümunələr (Atam doluxsunub, baxıram ona, //Kişi uşaq olub səksən yaşında.//Bu nə ayrılıqdır, ata yurduna//Əlvida deyirəm ocaq başında...), Ramizin gəraylı formasındakı nəğmələri, Vaqifin ilk şeirlərindəki bülbül şikayəti və sair. Bir də Musa Yaqub. Açılmamış sirlərin ecazı. Ələkbər Salahzadə, ən gözəl sərbəst şeirlərin müəllifi. Həm də: özü də bilmədən bütün şeirləriylə yurdun xəritəsini cızan şeirlər... Semiotikada məkanın semiotikası işarəvi sxemdir, bu sxem oxunduqda sətirlər arasından şeirdə gizlin qalan qatlar açılır.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
