Fontamara: ucqar bir kənd, yoxsa dərin bir dərd? - İLAHƏ

 

Bir kitab haqqında bəhs etmək istəyirəm. İstəməkdən əlavə, adi məntiqlə izah edə bilmədiyim, qarşısıalınmaz, qəribə bir ehtiyac var içimdə sanki. Söhbət İgnazio Silonenin "Fontamara" romanından gedir. Çünki "roman" deyib keçə bilmədim...

İgnazio Silone - əsl adı Secondo Tranquilli - 1900-cü ildə Abruzzodakı Pescina şəhərində dünyaya gəlib. Onun uşaqlığı İtaliyanın Marsika bölgəsində, yoxsulluğun, kənd həyatının və sonralar yazılarının damarlarına qədər hopacaq sosial ədalətsizliyin içində keçib. 1915-ci il Avezzano zəlzələsi valideynlərini ondan alıb aparıb. Gənc yaşlarından siyasətə qoşulub, İtaliya Kommunist Partiyasının qurucularından biri olub, faşizm illərində sürgün həyatı yaşayıb və İsveçrəyə sığınıb. Sonralar kommunizmdən də uzaqlaşıb. Bəlkə də, elə buna görə onun yazıçılığında ideologiyalardan daha böyük bir məfhum var: İnsan.

"Fontamara" da məhz belə bir insan fiqurunun - siyasi şüarların arxasına sığınmayan, varlığı sadəcə ölkə nüfuzunun statistikasına çevrilən, adı heç vaxt tarix kitablarına düşməyəcək insanların romanıdır.

Silone bu romanı 1930-cu ildə İsveçrənin Davos şəhərində yazmağa başlayıb. Bu detal mənə çox qəribə gəlir: dünyanın siyasi xəritəsini dəyişən, milyonlarla insanın taleyini müəyyənləşdirən faşizm haqqında roman dünyanın sakit, soyuq bir kurort şəhərində, sürgündə olan bir yazıçının yaddaşından doğulur. Sanki bu roman kağız üzərində yox, həsrətin içində yaranıb. Yazıçının arxada qoyduğu doğma torpaq, uşaqlığının kəndləri, Marsikanın kasıb kəndliləri İsveçrədə onun yaddaşına qayıdıb və orada bir kəndə çevriliblər.

 

Həmin kəndin adı Fontamaradır.

"Fontamara" ilə türk dilində tanış olan oxucu üçün əsərin başqa bir xüsusi mənası, dəyəri də var: romanın türkcəyə 1943-cü ildə Sabahattin Ali tərəfindən çevrildiyini bilirik. Silonenin dünyası və Sabahattin Alinin dili bir yerdə! Bu, təsadüfi bir birləşmə kimi görünmür. Sabahattin Alinin özü də yoxsulluğu, kənd həyatını, sosial ədalətsizliyi və insanın cəmiyyət qarşısındakı çarəsizliyini öz ədəbiyyatının mərkəzinə gətirən yazıçı idi.

İstər-istəməz ağlımdan keçir: "Fontamara"nın türkcədə bu qədər doğma səslənməsində Sabahattin Alinin payı nə qədərdir? Bunu yalnız tərcümə məsələsi kimi düşünmək çətin olar. Çünki bəzi tərcümələr başqa dildə özünə yeni ev tapır. "Fontamara"nın Sabahattin Ali tərcüməsi də mənə məhz bu cür təsir bağışladı. İtalyan kəndlisinin səsi türkcədə yad səslənmir. Sanki o kəndli Adriatik dənizinin o tayından danışmır. Sanki səsi çox uzaq bir yerdən gəlmir. Sanki bir azdan qonşu kəndin cığırında qarşına çıxacaq...

Bəlkə də, yaxşı tərcümə məhz elə budur: mətni öz dilinə gətirmək yox, onu öz dilində doğulmuş kimi göstərmək.

Üstəlik, orijinal mətndə olmayan fəsil başlıqlarının da tərcümə prosesində Sabahattin Ali tərəfindən əlavə edilməsi ayrıca bir maraqlı məqamdır. Bu başlıqların mətnin ruhuna necə dəqiq və təbii şəkildə yapışdığını gördükcə, oxucu onların tərcüməçinin müdaxiləsi olduğunu unutmağa başlayır. Sanki romanı qələmə alarkən Silone özü həmin başlıqları da yazıb, sadəcə hansısa başqa dildəki nəşrdə onları oxuculardan gizlədibmiş.

Bəzən tərcüməçi müəllifin yazmadığı sözləri də yazır, onun demək istədiyini daha aydın eşitdirir. Sabahattin Ali burada tərcüməçidən əvvəl, mənə bir oxucu təsiri bağışlayır: roman yazılarkən müəllifin yanında oturub onun susduğu yerləri də anlayan oxucu.

Bəs Fontamara haradır?

Əvvəlcə adam düşünür ki, yəqin, İtaliyanın xəritəsində barmağınla göstərə biləcəyin bir yerdir. Sonra təəccüblə dərk edirsən ki, belə bir kənd, əslində, yoxdur. Silone "Fontamara" adını "Fonte amara" - "acı bulaq" ifadəsindən yaratmışdı. Yazıçının özünün də izah etdiyi kimi, bu, Marsikada, Fucino gölünün qurudulmuş yatağının şimalında yerləşən qədim və qaranlıq bir kəndin adıdır, amma uydurulmuş ad vasitəsilə real bir coğrafiyanın, gerçək sosial dünyanın yaddaşını daşıyır.

Və elə burada romanın ən böyük sirlərindən biri başlayır.

Fontamara, həqiqətən, bir kənddir, yoxsa kənd adı verilmiş bütöv bir dövrdür?

Məncə, ikincisi...

Bu kəndin küçələrində bir az dolaşandan sonra anlayırsan ki, Fontamara artıq İtaliyada deyil. O, xəritədən çıxıb. Onun sərhədləri yoxdur. Onun suyu, torpağı, aclığı, hüquqsuzluğu, qorxusu və üsyanı başqa yerlərə də keçə bilir. Bu kitabın səhifələrində bir kəndin timsalında bütöv bir dövr, bir ölkənin timsalında bütün dünyadakı gücsüzlə güclülər arasındakı münasibət söz alıb danışır sanki, hətta danışmır, heç hayqırmır da, eləcə iniltiyə bənzər bir səslə pıçıldayır sadəcə... Bəlkə də, elə buna görə romanı bu qədər asanlıqla özümüzünküləşdiririk. Çünki "Fontamara"da baş verənlərin coğrafiyası İtaliyaya aid olsa da, ağrısı bu qədər kiçik və dar çərçivəli deyil. Bu, əsərin ən heyrətamiz xüsusiyyətlərindən biridir.

 

Silone böyük siyasi hadisələri böyük sözlərlə danışmır. O, tarixə tribunadan baxmır. Faşizmin nə olduğunu uzun-uzadı izah etmir. Kapitalizmin mexanizmini nəzəri cümlələrlə açmır. Bunun əvəzində bir kəndlinin torpağına, bir arxın suyuna, bir yoxsul kişinin bir tikə çörək mübarizəsinə, bir qadının mənəvi qorxusuna, bir insanın yaşaya bilmək üçün çırpınmasına baxır, özü də, tamamilə çılpaq gözlərlə... Kitabda ən çox bəyəndiyim hissələrdən birində yazıldığı kimi: "Mərtəbəsi hər kəsdən böyük olan axirətin sahibi Allahdır. Sonra dünyanın sahibi Prins Torlonia gəlir. Sonra Prins Torlonianın mühafizəçiləri gəlir. Sonra Prins Torlonianın mühafizəçilərinin köpəkləri gəlir. Sonra heç bir şey gəlməz. Sonra yenə heç bir şey gəlməz. Sonra bir kərə daha heç bir şey gəlməz. Sonra da kəndlilər gəlir... Və bu qədər!" Bir kəndliyə, həmçinin bir yoxsul, sıravi insana verilən dəyər, daha doğrusu, dəyərsizlik bundan daha sadə və kəskin formada necə ifadə edilə bilərdi ki?!.

Kitabın səhifələri bir-birini əvəzlədikcə qəfil anlayırsan ki, "böyük tarix" dediklərinin özü elə bunlardan ibarətdir... Bəzən bir siyasi rejimi izah etmək üçün yüz səhifəlik tarix kitabından daha təsirli olan şey, məsələn, bir kəndlinin "bu su bizimki idi" deməsidir.

"Fontamara"nın dili məni məhz buna görə heyrətləndirdi. Bu dil özünü ədəbi dil kimi nümayiş etdirməyə çalışmır. Bəzən elə təsir bağışlayır ki, elə bil sən sadəcə bir roman oxumursan, sanki qarşında kənddən gəlmiş bir adam oturub, sənə başına gələnləri danışır. O qədər sadə, o qədər təmkinli, o qədər bəzəksiz danışır ki, bu sadəliyin arxasında nəhəng bir ədəbiyyatın dayandığını az qala unudursan.

Ən böyük sənətkarlıq da elə budur, məncə: sənətkarlığını gizlətmək.

Kəndli sadəlövhlüyü ilə danışılan hadisələr getdikcə sadəliyini itirir. O insanlar siyasətin böyük mexanizmlərindən xəbərsizdirlər, amma həmin mexanizmin altında əzilirlər. Qanunların dilini bilmirlər, amma qanun (niyəsə ancaq yoxsullara şamil edilən bir sürü qanun) onların həyatına çökür. Hüquqi terminlərdən anlayışları yoxdur, amma hüquqsuzluğun nə olduğunu ruhları ilə, içdən-içə hiss edə bilirlər. Onlar savadsız ola bilərlər, amma axmaq deyillər, onlara davranıldığı kimi cansız əşya deyillər...

Bu məqamda əsərdən daha bir möhtəşəm hissə ağlıma gəlir: bir fontamaralı kəndli yuxusunda İsa Məsih ilə Papanı görür. Məsih hər kəsə nələrsə bağışlayarkən yoxsul kəndlilər üçün də bir şey etmək istəyirmiş, amma Papa ilə məsləhət-məşvərətdən sonra ortaya çıxırmış ki, daha yüksək mövqeli insanlara zərər vermədən kasıblar üçün heç nə edə bilməyəcək. Bundan ötrü çox kədərlənən Papa göydə Fontamaranın üzərindən uçarkən Məsih ilə birlikdə baxıb aşağıdakı narazı, ağlayıb-sızlayan, nə yeyib nə geyinəcəyini bilməyən, bütün gün deyinib, bir-biri ilə dalaşan kəndliləri görür. Odur ki, əlini öz torbasına salıb aşağı çoxlu bit səpələyir və deyir: "Alın, əziz övladlarım, alın və qaşının ki, boş saatlarınızda günahdan uzaq qalasınız!"

...İstehza dolu bir təbəssümlə bu sətirləri oxumuşdum. Məncə, elə yazıçının istədiyi də bu idi: kəndlinin, əslində, nəyin nə olduğunu ən açıq-aydın şəkildə dərk etdiyini oxucuya göstərmək.

Fontamaralıların başına gələnlərin böyük hissəsi sözlərin arxasında gizlənir. Bir söz dəyişir, bir kağız dəyişir, bir qərar dəyişir - sonra bütün kəndlilərin taleyi dəyişir. Bir oxucu olaraq, sən kitabın hansısa yerində artıq başa düşürsən: bunlar sadəcə kəndlilər deyil, bunlar söz sahibinin həqiqət sahibi də olduğunu düşündükləri üçün dünyanın qurbanlarına çevrilmiş biçarələrdir. Və sonra Fontamara yavaş-yavaş qəribə bir yerə çevrilir.

Burada hər şey gerçəkdir: yoxsulluq gerçəkdir, su uğrunda mübarizə gerçəkdir, zorakılıq gerçəkdir, faşizm gerçəkdir, ölüm gerçəkdir. Amma bu reallığın içində elə hadisələr, elə qəribəliklər baş verir ki, kəndlilər onları ayrıca bir möcüzə kimi qarşılamırlar. Onlar üçün dünya onsuz da yalnız gözlə gördüklərindən ibarət deyil. İlahi ədalət, təsadüf, inam, qorxu, əlamət və gündəlik həyat bir-birindən kəskin ayrılmır.

Mənim "Fontamara"da ən çox xoşuma gələn məhz bu sərhədsizlikdir. Xəyallarla gerçəklik arasındakı divar burada uçub, sökülüb, yoxdur. Bəlkə, elə ona görə bu romanı magik realizmlə də yanaşı düşünmək istəyirəm. Əlbəttə, "Fontamara"nı birbaşa magik realizmin klassik nümunəsi adlandırmaq doğru olmaz (beynimdə elə hey özümdən asılı olmayaraq, Silonenin Fontamarasını Markesin Makondosu ilə, romanın ən saf varlığı olan Elviranı Markesin gözəl Remediosu ilə müqayisə etsəm də...). Əsərin əsas poetikası sosial və siyasi realizmdir. Amma Silone reallığı yalnız rasional izahların içində saxlamır. Kəndli şüurunun mifoloji, dini, intuitiv və simvolik qatları da bu reallığın içində yaşayır. Möcüzə ilə adi həyat arasında sərhəd o qədər nazikləşir ki, oxucu bir müddət sonra hansı hadisənin "normal", hansının "qeyri-adi" olduğunu düşünməyi də dayandırır.

Yəqin, ədəbiyyatın ən güclü sehrlərindən biri budur: sənə qeyri-adi nəsə göstərmir, sadəcə adi dünyanın özünün nə qədər qeyri-adi olduğunu göstərir.

"Fontamara"nı oxuyarkən məni ən çox incidən məsələ isə bu oldu: romanın yazıldığı vaxtdan bu qədər il keçib, rejimlər dəyişib, sərhədlər dəyişib, siyasi adlar dəyişib, dünya texnologiyanın içində başgicəlləndirici sürətlə irəliləyib və gün-gündən sürəti artıraraq irəliləməkdədir, amma Fontamara kəndlisinin verdiyi sual hələ də köhnəlməyib: Nə etməli? İnsan niyə öz torpağında özgəyə çevrilməlidir? Niyə haqqı olan şeyə sahib çıxmaq üçün əvvəlcə onun, həqiqətən, ona aid olduğunu sübut etməlidir? Niyə güclü olanın yalanı bəzən zəif olanın həqiqətindən daha inandırıcı görünür? Və ən ağrılısı: İnsan nə vaxta qədər susa bilər?

Silone bu suallara cavab vermir. Daha doğrusu, cavabı oxucunun vicdanına buraxır.

"Fontamara" bir dövrün siyasi sənədi kimi işə başladı, amma həmin siyasi dövrdən çox-çox uzun yaşadı. Çünki Silone faşizmi yazmaqla kifayətlənməmişdi, o, insanın əzilməsini də yazmışdı. Əzilən insanın isə tarixi yoxdur... Onun adı dəyişir, dili dəyişir, kəndinin adı, qarşılaşdığı problem, başının üstündəki hakim dəyişir. Amma ağrısı eyni qalır.

Fontamara xəritədə olmasa da, dünyanın hər yerində rast gələ biləcəyimiz bir kənddir. Oxuyub-bitirəndən sonra kitabı bağlayırsan. Amma kəndin fikri zehnində bağlanmır. Onun tozlu yolları, susuz torpaqları, kəndlilərin yorğun səsləri, uzaqdan gələn təhlükə hissi hələ uzun bir müddət sənin içində qalır.

Ən qəribəsi budur ki, kitabı bitirəndən sonra yenə və yenidən Fontamaraya qayıtmaq istəyirsən. Halbuki bilirsən: Fontamara yaxşı yer deyil. Orada insanlar əzilir, aldadılır, susdurulur, öldürülür. Amma yenə də ora qayıtmaq istəyirsən. Çünki bəzi kitablar insana gözəl dünyaların qapılarını açsa belə, bəyənilmir. Bəzi kitablar isə məhz dünyanın çirkini, çirkinliyini göstərib insanın içində yaxşılığa yer saxladığı üçün sevilir. "Fontamara" mənim üçün belə kitablardan biri oldu.

Və bu yazını 22 avqustda yazmağımın təsadüf olmadığını düşünmək istəyirəm. Qəribədir ki, İgnazio Silonenin ölüm tarixi imiş bu... Bilmirdim... Ruhu şad olsun - "həmişə hər şeyi bir az daha çox düşünmə" xəstəliyinə düçar olan mənim kimi oxuculara qeyd-şərtsiz sirayət edəcək, dərin bir mövzu bağışladığı üçün...

Bəlkə, Silonenin ruhu haradasa, çox uzaqlarda, bir kəndin üstündən keçən külək kimi hələ də dolaşır.

Bəlkə də, yazıçılar ölmür.

Sadəcə, bir gün öz səslərini kitabların içinə qoyub gedirlər.

Sonra illər keçir.

Bir oxucu gecənin bir vaxtı kitabı açır.

Və uzaq, çox uzaq bir kənddən bir səs eşidir:

"Nə etməli?.."

Başını aşağı salıb, gözlərini yerə dikib düşünməyə başlayır.

Çünki sual ağırdır, baxışları göy üzünə (bəlkə də, Tanrıya!) qaldıra biləcək qədər belə güc saxlamır adamda...

Və oxucu bilir... Bilir ki, o səs yalnız İtaliyadan gəlmir.

 

22 avqust 2026, Bakı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!