Elnarə QARAGÖZOVA
Nihat Pirin "Miraj" hekayələr kitabı insan-cəmiyyət, zaman-məkan, bu gün-keçmiş kimi dilemmalara fərqli rakurslardan yanaşılan mətnləri birləşdirən bir topludur. Bu hekayələrdə məişət situasiyalarının arxasında dərin psixoloji gərginlik, reallığın bir addımlığında dayanan illüziyalar mövcuddur.
Kitabın bir hekayədən ilhamlanaraq "Miraj" adlandırılması da, bu baxımdan, heç də təsadüfi deyil. Çünki miraj, yəni ilğım gerçəkliyə bənzəyən, lakin ona yaxınlaşdıqca əlçatmaz olduğu başa düşülən bir görüntüdür. Və bu məqam sırf həmin hekayə üçün deyil, topluya daxil olan bütün mətnlər üçün xarakterik bir məqamı vurğulayır: hər bir insanın öz mirajı - ilğımı var.
Topluya daxil olan "Miraj" hekayəsini müəllif maraqlı bir təhkiyə üslubu ilə başlayır, oxucuya "Təsəvvür etməyinizi xahiş edirəm" deyə müraciət edərək onu da öz səhnəsinə şərik, hətta rejissor olmağa dəvət edir.
Elə ilk sətirlərdən oxucu hiss edir ki, bu hekayədə hər şey şərtidir, bir növ, ilğımdır. Hekayə bitdikdən sonra da bu şübhə hissi davam edir: bütün bu oxuduqlarım hekayənin süjetidir, yoxsa Namaz kişinin, bəlkə də, elə yazıçının öz yuxusudur?
"Erməni müsəlman davası, Moskva və sair" hekayəsinə isə yalnız erməni-azərbaycanlı münasibətlərindən bəhs edən əsər kimi baxmaq düzgün olmazdı. Bu mətn müharibənin insanın içində yaratdığı mənəvi parçalanmanı, fərdin məişət düşüncəsi ilə milli kimlik düşüncəsi arasındakı toqquşmada yerini əks etdirir. Əslində, elə hekayənin adı da ("Erməni-müsəlman davası, Moskva və sair") böyük tarixi hadisələrin fərdin taleyindən, onun sadə məişətindən necə amansızca keçməsini simvollaşdırır.

Hekayənin qəhrəmanı Mirişin erməni Arakelin içkisinə qatdığı zəhəri içməsinə son anda mane olması və yekunda elə məhz həmin erməni tərəfindən zəhərlənərək öldürülməsi məqamı isə hadisənin kulminasiyasıdır. Bu məqamı müəllif tərəfindən ədəbiyyatımızda bədii mətndə "twist" (süjet burulması) elementinin dəqiq və uğurlu tətbiqlərindən biri kimi qiymətləndirmək olar.
Müəllifin "Ad günü" hekayəsinin mərkəzində Seymurun ata olmaq hüququnun mənəvi sübutuna ehtiyacı durur. Nurayın ad gününün keçirilməsi uğrunda mübarizə məhz bu daxili psixoloji konfliktin həllinə yönəlib.
Azərbaycan ədəbiyyatının ən qədim dövrlərindən - nağıl və əfsanələrdən (möcüzəli körpənin doğuluşu), "Kitabi Dədə Qorqud"dan (Bayandır xanın qara çadırı) başlayaraq sonsuzluq, övladsızlıq mövzusu bədii əsərlərdə öz əksini tapmışdır. Amma sonrakı dövrlərdə bu mövzu daha çox qadın obrazı üzərində təmərküzləşmiş, kişi sonsuzluğundan yalnız xəfif bir şəkildə bəhs edimişdir. Nihat Pir bu hekayəsində sözügedən mövzunu yenidən kişi obrazı üzərində təmərküzləşdirir və tam fərqli aspektdən mövzuya yanaşır.
Çünki hekayədə əsas söhbət başqasından olan körpəni övlad kimi qəbul etməyin psixoloji ağırlığından getmir, həmin körpəyə qarşı yaranan atalıq-mənsubluq duyğusunun təsdiq ehtiyacından bəhs olunur.
Hekayənin qəhrəmanı düşünür ki, bu dəfə qızına ad gününü əsl bioloji atası yox, özü keçirsə, onun atalıq haqqı təsdiq ediləcək və hamı tərəfindən qəbul ediləcək. Lakin maddi imkanları ilə arzuları arasındakı uçurum qəhrəmana məyusluq yaşadır və beləcə, o, arzularını ancaq yuxularında reallaşdırmaqla kifayətlənir.
Hekayənin konkret sonluğu yoxdur, qərar oxucuya buraxılıb: Seymur qızına ad günü keçirərək cəmiyyətə (ailəsinə və ətrafına) özünün də övlad sahibi olduğunu, uşağın əsl atası olduğunu sübut edə biləcəkmi? Yoxsa yenə də başqa bir yol tapıb öz əzilən, anlaşılmaq dərdindən qovrulan ruhunu sakitləşdirə biləcək?
"Miraj" hekayələr kitabındakı bir başqa hekayə olan "Bir kəndin manifesti" isə ədəbiyyatımızda Mirzə Cəlil üslubunun müasir variantda və yeni tərzdə ifadəsidir. "Danabaş kəndi"nin xələfi olan kəndin dərdi ölümün qeybə çəkilməsi və mollanın, qəbirqazanın, çadırquranın işsiz, gəlirsiz qalmasıdır.
Kənd camaatının bu məsələnin həlli ilə bağlı göstərdiyi birgəlik və canfəşanlıq oxucunu həm güldürür, həm də düşündürür.
Hekayədə adı ilə dərhal Mirzə Cəlil yaradıcılığına istinad verən Molla Xudayarın Şeyx Nəsrullahlıq edərək bu dəfə ölü diriltməkdən vaz keçib diriləri məcazi öldürüb yas mərasimi təşkil etməsi isə dahi ədibin qaldırdığı bəzi problemlərin bu gün də aktual olduğunu vurğulayır.
Beləliklə, nəticə etibarilə Nihat Pirin "Miraj"ını yalnız ayrı-ayrı hekayələrin məcmusu deyil, müxtəlif süjetlər vasitəsilə insanın əbədi suallarına cavab axtarmağa cəhd edən bədii mətnlər almanaxı kimi qiymətləndirmək olar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
