Bozarmış bir xatirənin təzələnməsi
Bir neçə il əvvəl Alma Atada olarkən Anarın 50 illik yubileyi ilə bağlı xatirələrim təzələndi və yenidən 1988-ci ilin yazına qayıtdım. O vaxt "Ədəbiyyat və incəsənət" qəzetində Anarın 50 yaşı ilə bağlı təbrik mətni və bir fotosu çap olunmuşdu, mən də o şəkli səliqə ilə kəsib çərçivəyə salmış, kitab rəfimin ən görünən yerində qoymuşdum. Anar mənim üçün "Molla Nəsrəddin - 66"dan başlayırdı. Duzlu atmacalar, yerində olan yumor hissi, dövrə, cəmiyyətə qarşı fərqli bir üslubda etiraf adı çəkilən mətnin əsas qayəsi idi. Yəni, sadə və səlis yumorun konkret hədəfə ünvanlanan ironiyasının kefini yaşamamaq mümkün deyildi. Sonrakı sevgilər isə mənim üçün daha ciddi oldu. Bəlkə, nə vaxtsa kinossenarist olmaq arzusuna düşməyimin səbəbkarı da elə Anar olub. Azərbaycan kino tarixində "Gün keçdi" filmi qədər lirik, ədəbiyyatında "Gürcü familiyası" hekayəsi qədər romantik bir hekayə xatırlamıram. Bu barədə fikirlərimi bir neçə il əvvəl "525-ci qəzet"də çap olunan "Anar imzası ekranda: "Gün keçdi"dən "İblis"ə qədər" adlı məqaləmdə paylaşmışam. Bu gün xatirələrimdə qalan başqa bir fakt - Anarın qıpçaq səmimiyyəti ilə sevilməyi - barədə danışmaq istəyirəm.
Qazax tanışlarımdan biri məndən ədəbiyyatda ideal olaraq kimi seçdiyimi soruşmuşdu və mən düşünmədən Anar demişdim. Əslində, bir anın içində yüzlərlə imzanı və simanı xatırladım. Gerçəkdə sevdiyim və dəyər verdiyim yazarlar çox idi və eqoistcəsinə bu vaxta qədər onlardan kimisə ideal seçmək barədə düşünməmişdim. Nə üçünsə 88-ci ili xatırladım... Nə üçünsə Anarın qəzetdən kəsilərək çərçivəyə salınmış şəkli düşdü yadıma və ağlıma gələn cavabı qətiləşdirdim. "Yəqin ideal o kəsdir ki, şəklini illər uzunu gözünün qarşısından asırsan. Mən iyirmi ildən çoxdur ki, Anarın şəklini qəzetdən kəsib kitab rəfimin görünən yerində saxlayıram. Sevdiyim yazarlar çoxdur, amma çox güman ki, mənim üçün dəyişməz qalan imza - Anardır". Qazax dostum bu sözə bənd imiş kimi, Anar haqqında xeyli xoş sözlər danışdı və onun mənim tanıdığım və sevdiyim Anar haqqında bu cür xoş sözlərini eşitmək xoş bir duyğu, bu cavan oğlanın Azərbaycan ədəbiyyatına olan sevgisini və bu sevgiyə stimul verən imzanın məhz Anar olduğunu dinləmək gözəl idi. Hiss olunurdu ki, adam Anarı diqqətlə, sətir-sətir oxuyub.
"Mən, sən, o və telefon"
Dostum məndən "Hekayə hansı sözlə başlayır?" soruşdu və cavab verməyə çətinlik çəkdim. Susduğumu görəndə gözlərini üzümə dikib qazax dilində nəsə dedi, xırdalığına qədər başa düşməsəm də, söylədiklərinin ölümlə bağlı olduğunu anladım. Sonra da rus dilində "dünən sənin telefonun öldü" dedi. Xatırladım... "Ölən ancaq adamlar olmur ki... Telefon nömrələri də ölür..."
Sonra bu hekayə haqqında uzun-uzadı söhbət etdik, hekayənin motivləri əsasında "Mosfilm"in çəkdiyi filmi xatırladıq.
"Dantenin yubileyi"
Kəbirlinskini unutmaq olarmı? Köhnə xatirələrin, pafos teatrının, səmimiyyətin və saflığın bir parçası. Ağ saçlarını həmişə səliqə ilə yana darayan, yaxası nişastalı ağ köynəyini, uzun paltosunu, buxara papağını illərdən bəri qoruyub saxlayan, sərtləşən, azğınlaşan, güzəştsiz dünyada darıxan, özünə yer tapa bilməyən Kəbirlinski. Rəhmətlik Həsənağa Turabov o obrazı elə gözəl yaratmışdı ki... Bəs o xarakterin rəsmini çəkən Anar necə?
Dostumun gözlərindən onun Kəbirlinskiyə olan sevgisini oxumaq çətin deyildi. Əgər mənə diqqətlə baxan olsaydı, yəqin mənim də gözlərimdən Kəbirlinskiyə olan açıq-aydın həsədi duymaq olardı.
Nöqtəli vergül...
"Siz dünən Anarın şəklini qəzetdən kəsib çərçivəyə saldığınızı deyəndə sözün düzü, çaşıb qaldım. Mənim də ofisimdə Anarın şəkli var. Ağ-qara bir şəkli. Mən də çərçivəyə salmışam onu və hər dəfə o şəklə baxanda nədənsə Kəbirlinskini xatırlayıram..."
Bu sözləri qazax dostum deyirdi. Sözlərindən başa düşdüm ki, Anara, onu yaradıcılığına olan sevgi və maraq təkcə onun özü ilə məhdudlaşmır. Ailədə Anara olan sevgi atadan başlayaraq bütün ailəyə ötürülüb. Bunun şahidi olmaq və bu fikirlərə inanmaq çox da çətin deyildi. Dostumun Qazaxıstan parlamentinin məsul işçisi olan böyük bacısı Astanaya yola düşməzdən əvvəl həyat yoldaşının təyyarəyə gecikə bilərik çağırışlarına məhəl qoymadan Anarın yaradıcılığına münasibət bildirməyi, iri metallurgiya zavodunun sahiblərindən biri olan digər bacısının özündən başqa qızına da Anarın yaradıcılığını sevdirə bildiyini söyləməsi məndə xoş ovqat yaratmaqla bərabər, həm də bir qürur hissi oyadırdı.
Ayrılarkən, demək olar ki, bütün ailə üzvləri "Anar müəllimə bizim salamlarımızı çatdırmağı unutmayın", - sözləri də sadəcə, protokol xətrinə deyildi.
Və sonda...
Qazaxıstanda qıpçaq səmimiyyəti ilə Anara olan bol-bol sevginin şahidi oldum... Mən bu sevgini zaman-zaman təkcə Qazaxıstanda yox, Polşada, Ukraynada, Türkiyədə, Almaniyada da gördüm və duydum.
Həm də Kəbirlinskiyə həsəd aparan insanlara qoşulub həsəd aparmaqdan böyük zövq aldım...
İndi də zövqlə deyirəm: "Anar çağdaş ədəbiyyatımızın canlı klassikidir. Onun adı M.F.Axundov, Mircə Cəlil, C.Cabbarlı, Ə.Haqverdiyev kimi imzalarla yanaşı durur."
P.S. Hörmətli Anar müəllim, 80 yaşınızı ürəkdən təbrik edirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!