"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Məşhur rus yazıçısı Mixail Bulqakovun bir narkomanın etiraflarını ehtiva edən "Morfiy" adlı hekayəsi var. Şəxsiyyətin aqoniyasının, tədrici ölümünün, özünüaldatmasının və asılılığının ustaca təsvir edildiyi bu hekayə onu oxuyanlar üçün sanki psixoloji məşq təəssüratı doğurur. Bu cür insanları anlamaq və faciələrini duymaq baxımından belə mətnlərin faydası hər zaman böyük olub. Bəs bu faciələri doğuran səbəblər, ona aparan yollar necə? Vaxtında bu ziyandan çəkindirmək, öldürücü xəstəlikdən uzaqlaşdırmaq üçün hansı addımların atılması lazımdır? Arzu Nağıyevin "Qara kabus"u məhz bu missiyadan hasilə gələn kitabdır. 

Arzu Nağıyevin "Qara kabus" əsərində mövzu narkomaniya olsa da, söhbət insan həyatından, itirilən gələcəkdən, dağılan ailələrdən, cinayətin görünməyən mexanizmlərindən və bir insanın ömrünün necə geri dönüşü çətin olan uçuruma sürüklənməsindən gedir. Ona görə əsər valideynlər üçün xəbərdarlıq, müəllimlər üçün maarifləndirici mənbə, gənclər üçün ciddi düşüncə materialı, cəmiyyət üçün isə sosial məsuliyyət çağırışıdır! Kitabın elmi-populyar xüsusiyyəti ilə publisistik tonu bir-birini tamamlayır. Faktlar oxucunu məlumatlandırır, real həyat nümunələri düşündürür, müəllifin münasibəti isə məsələni mənəvi müstəviyə keçirir. Beləliklə, narkomaniya abstrakt bir anlayış olmaqdan çıxıb konkret insan talelərinin fonunda görünür.

"Qara kabus"un ilk diqqətçəkən cəhəti müəllifin mövzuya kənardan baxmamasıdır. Arzu Nağıyev uzun illər hüquq-mühafizə və təhlükəsizlik sahəsində çalışmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı real hadisələrlə, cinayət mexanizmləri və insan taleləri ilə üz-üzə gəlmiş şəxsdir. Bəlkə buna görə əsərdəki narahatlıq nəzəri mülahizədən doğmur. Müəllifin yazdıqlarının arxasında müşahidə, peşə təcrübəsi və həyatın içindən gələn faktlar dayanır.

Əsərin ön sözündə müəllif narkomaniyanın gəncləşməsindən narahatlığını ifadə edərək kitabı məhz maarifləndirmə məqsədilə yazdığını bildirir. Bu, birmənalı şəkildə belədir. Faktla emosiyanın qovuşduğu "Qara kabus"da müəllif oxucunu narkomaniyanın yalnız nəticələri ilə deyil, onun yaranma səbəbləri və yayılma mexanizmləri ilə  tanış etməyə çalışır. Yəni Arzu Nağıyevin hədəfi problemi sadəcə təsvir etməklə yekunlaşmayıb, oxucunu təhlükə barədə əvvəlcədən xəbərdar etmək məqsədi daşıyır.

 

Amma bu çağırış kitabı sırf publisistik mətn kimi oxumaq sədlərini aşıb daha geniş arealda dəyərləndirmək imkanı qazandırır. Hər şeydən əvvəl ona görə ki, burada peşəkar müşahidə ilə insan talelərinin oxunuşu var. Bu talelərin ömür mətni kimi doğulan "Qara kabus" əslində, yoxluğu simvolizə edir. Kabus insanın iradəsindən kənarda yaranan qorxu hissidir. "Qara" isə burada həmin qorxunun rəngindən daha artıq məna daşıyır: işığın, ümidin, gələcəyin qarşısını alan bir qaranlıq! Narkomaniya  insan həyatına bir anda gəlib hər şeyi məhv etmir. Çox vaxt onun başlanğıcı görünməz olur. Marağa çevrilən ilk təmas sonradan vərdişə, vərdiş asılılığa, asılılıq isə insanın öz həyatını idarə etmək imkanını itirməsinə gətirib çıxarır. Bəli, narkotik insanın yalnız sağlamlığını hədəfə almır. O, insanın xarakterinə, iradəsinə, münasibətlərinə, sosial həyatına və gələcəyinə müdaxilə edir. Bir müddət sonra insanın prioritetləri dəyişir. Ailə, təhsil, peşə, dostluq, mənəvi dəyərlər arxa plana keçir. Həyatın mərkəzində yalnız asılılığın diktə etdiyi ehtiyac dayanır. Beləcə, insan öz həyatının sahibi olmaqdan çıxıb asılılığın girovuna çevrilir.

"Qara kabus"un əsas mesajlarından biri məhz bu dönüş nöqtəsini vaxtında görməkdir. Çünki narkomaniya ilə mübarizədə ən çətin məsələ bəzən artıq nəticə ilə deyil, başlanğıcla üzləşməkdir. İnsan hansı məqamda yanlış seçim edir? Hansı boşluq onu bu yola aparır? Ailə həmin təhlükəni nə vaxt hiss etməlidir? Məktəb və cəmiyyət hansı mərhələdə müdaxilə etməlidir? Gəncə öz gələcəyinin dəyərini necə anlatmaq olar? Kitabın aktuallığı bu sualların cavabını axtarmasında özünü göstərir.

Kitabın mühüm cəhətlərindən digəri narkotiklərin mənşəyi və hazırlanması ilə bağlı məlumatların təqdim edilməsidir. Müəllif müxtəlif narkotik maddələrin necə meydana çıxması, hansı xammaldan əldə olunması, onların istehsalı və qanunsuz dövriyyəsinin hansı mexanizmlərlə qurulması barədə məlumat verir. Burada məqsəd, əlbəttə, təhlükəli maddələrin hazırlanmasına dair praktiki təlimat vermək deyil, əksinə, narkotik biznesinin necə böyük və sistemli cinayət iqtisadiyyatına çevrildiyini göstərmək, oxucunun qarşısındakı təhlükənin miqyasını açmaqdır. Kitabın dəyəri də məhz bu maarifləndirici sərhəddə dayanır: təhlükəni gizlətmir, əksinə, onun mahiyyətini anlamağı təmin edir. Arzu Nağıyevin kitabında narkotiklərin tarixindən və müxtəlif maddələrin xüsusiyyətlərindən danışılması təsadüfi deyil. Problemin kökünü bilmədən onun nəticələri ilə mübarizə aparmaq çətindir. İnsan bilməlidir ki, bu maddələr haradan gəlib, necə yayılıb, hansı məqsədlərlə istifadə olunub, zaman keçdikcə necə təhlükəli asılılıq vasitəsinə çevrilib. Kitabın bu məlumatlandırıcı tərəfi əsəri sadəcə "narkotikdən uzaq durun" çağırışından daha geniş müstəviyə çıxarır. Oxucuya təhlükənin anatomiyasını göstərir.

Əsərdə narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərin geniş şəkildə təqdim edilməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki narkomaniya barədə danışarkən yalnız "pis vərdiş" ifadəsi bəzən problemin miqyasını kiçildir. Halbuki söhbət insan orqanizminin və psixikasının ciddi şəkildə zədələnməsindən gedir. Asılılıq dərinləşdikcə insanın fiziki və psixoloji vəziyyəti pisləşir, sosial əlaqələri dağılır, müxtəlif xəstəliklər və ağır fəsadlar meydana çıxa bilir. Daha dəhşətlisi isə odur ki, insan bütün bunları bəzən anlayaraq belə asılılığın təsirindən çıxa bilmir.

Arzu Nağıyevin məsələyə peşəkar yanaşması narkomaniyanın digər üzünü - narkobiznesi də görünən edir. Çünki küçədə narkotik satan şəxslə mübarizə bu problemin yalnız son halqasıdır. Onun arxasında maddənin əldə edilməsi, daşınması, paylanması və satışından gəlir götürən daha böyük cinayət şəbəkələri dayana bilər. Burada insan artıq sadəcə istifadəçi deyil, cinayət iqtisadiyyatının hədəfinə çevrilmiş istehlakçı kimi görünür. Narkobaronlar üçün gəncin arzuları, ailənin taleyi, valideynin göz yaşları və övladın gələcəyi heç bir mənəvi dəyər daşımır. Onların ölçü vahidi qazancdır.

"Qara kabus"un ictimai əhəmiyyəti onun bir fərdi problemdən böyük mənzərə yaratmasındadır. Narkomaniya bir insanın şəxsi seçimi kimi təqdim ediləndə onun arxasındakı sosial və kriminal mexanizmlər görünməz qalır. Halbuki narkotiklərin qanunsuz dövriyyəsi təşkilatlanmış cinayətkarlıq, maliyyə maraqları və insan həyatının istismarı ilə sıx bağlı olan təhlükəli sahədir. Arzu Nağıyev öz peşə təcrübəsindən çıxış edərək bu zəncirin müxtəlif halqalarını oxucuya göstərməyə çalışır.

Yeri gəlmişkən, Arzu Nağıyevin "Qara kabus" kitabı bu mövzuda əsər yazan yazıçılara, ümumiyyətlə insan hekayələrini mətnləşdirən qələm adamlarına ən yaxşı nəzəri arsenaldır. Ədəbiyyatın gücü nədədir? O, statistik rəqəmlərin ifadə edə bilmədiyi ağrını bədii təcəssüm predmetinə çevirib insana hiss etdirə bilir. "Minlərlə insan narkomaniyadan əziyyət çəkir" cümləsi mühüm statistik məlumatdır. Amma bir ananın övladının həyatını itirmək qorxusunu, bir atanın gecələr qapı səsinə diksinməsini, bir qadının, bir uşağın ailəsində, psixologiyasında baş verən dəyişiklikləri təsəvvür etmək artıq statistikadan insan taleyinə keçməkdir. "Qara kabus"un əsas üstünlüyü problemin arxasındakı insanı unutdurmamasıdır.

"Qara kabus"un başqa bir mühüm məqamı narkomaniyaya yalnız cəza prizmasından yanaşmamasıdır. Hüquqi mübarizə, təbii ki, vacibdir. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı sərt mübarizə dövlətin təhlükəsizlik və sosial siyasətinin mühüm istiqamətidir. Lakin yalnız cəzalandırmaqla problemin kökünü aradan qaldırmaq mümkün deyil. Profilaktika, maarifləndirmə, erkən müdaxilə, ailənin diqqəti, məktəbin rolu və gənclərin sağlam sosial mühitə yönəldilməsi eyni dərəcədə vacibdir. Azərbaycan Milli Məclisində narkomaniyaya qarşı mübarizənin millətin genofondu məsələsi kimi qiymətləndirilməsi və "Qara kabus"un bu mövzuda fundamental məlumatları əhatə edən kitab kimi xatırladılması da əsərin ictimai-maarifləndirici əhəmiyyətini göstərir.

Əsərin yazıldığı dövrlə bu gün arasında texnoloji baxımdan böyük fərq var. İndi narkotiklərin yayılma üsulları da dəyişib, cinayətkarların istifadə etdiyi kommunikasiya imkanları da başqa müstəviyə adlayıb. Rəqəmsal platformalar, sosial şəbəkələr və müxtəlif gizli əlaqə kanalları yeni risklər yaradır. Buna görə "Qara kabus"un əsas xəbərdarlığı köhnəlmir, əksinə, yeni şəraitdə əlavə məna qazanır. Daha dəqiq desək, təhlükənin forması dəyişir, amma insanı asılılığa sürükləyən mexanizm mahiyyət etibarilə eyni qalır. Arzu Nağıyevin üstünlüyü də məhz bundadır: mövzuya həm mütəxəssis, həm müşahidəçi, həm də yazı adamı kimi yanaşmasında!

"Qara kabus"un qəhrəmanı kimdir? Konkret burada hansısa obraz varmı? Cavab mücərrəddir. Hamı və heç kim! Müəllif kim olmaqla heç kimə çevrilməyin bir addımlığında dayanıb SOS siqnalı çalır. Bəlkə buna görə kitabda ən sevdiyim cümlə bu oldu: "Bu kitabda yazılanlar narkomanlar üçün deyil"! Bəs kimlər üçündür? Hələ ki, hamının içində olan çoxluq üçün!  Ona görə əsərin mərkəzində qorunmalı olan insan həyatı dayanır. Gənc insanın seçimi, valideynin narahatlığı, ailənin bütövlüyü, sabahın sağlam gələcəyi, cəmiyyətin mənəvi dayaqları - bütün bunlar kitabın görünən və görünməyən mətnini təşkil edir. İnsan anlayır ki, narkomaniya ilə mübarizə yalnız narkotik vasitənin özünə qarşı mübarizə deyil. Bu, ümidsizliyə qarşı mübarizədir! Boşluğa qarşı mübarizədir! Yanlış çevrəyə, məlumatsızlığa, məsuliyyətsizliyə və həyatın dəyərsizləşdirilməsinə qarşı mübarizədir! Həmçinin bir gəncə "yox" deməyi öyrətmək qədər ona "bəli" deyə biləcəyi alternativlər yaratmaqdır vacib olan: təhsil, idman, yaradıcılıq, peşə, elm, dostluq, ailə, sağlam həyat!

Bəlkə də "Qara kabus"un əsas fəlsəfəsi elə budur: qaranlığı yarmaq o zaman mümkün olur ki, qarşıda işıq, üfüq görünsün! Nobelli türk yazıçısı Orxan Pamukun "Yeni həyat" romanı bu sözlərlə başlayır: "Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi". "Qara kabus" da yeni ömrün manifestinə çevriləcək, insan həyatını xilas edəcək düşüncənin başlanğıcına stimul verəcək qədər özündə mənəvi potensial sərgiləyir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!