Sütun anlayışların antroposentrik şərhi

 

XX əsrin sonu, XXI əsrin əvvəllərindən elmin inkişafında üçüncü - antroposentrik dövr başladı ki, onun birinci əlaməti İnsan amilinin ön plana çıxmasıdırsa, ikincisi, müxtəlif elm sahələrinin bir neçə əsr ərzindəki ardıcıl diferensiasiya prosesinin əksinə - inteqrasiyaya dönməsidir. Və bu  inteqrasiya, tamamilə təbiidir ki, müxtəlif elmlərin səlahiyyətinə keçmiş mövzu, anlayış və tədqiqat metodlarının get-gedə daha da yaxınlaşmasına, nəticə etibarilə, multidissiplinarlığa meydan açır.

Hüquq elmləri doktoru Mehdi Abdullayevin "5 təməl sütun: təsəvvürdə və reallıqda"  monoqrafiyası, ilk növbədə, bu baxımdan, yəni elmin bugünkü inteqrativlik (və antroposentrizm) tələblərinə cavab verməsi ilə əlamətdardır. İkincisi isə, hər nə qədər akademik məzmun-mündərəcəyə malik olsa da, təhkiyə, mülahizə və mühakimələrinin son dərəcə aydınlığı, ifadə texnologiyalarının anlaşıqlığı əsərin həmçinin geniş oxucu kütləsi üçün qələmə alındığını göstərir.

Kitabda hüququn, siyasətin, ümumən humanitariyanın beş təməl anlayış-konsepti barədə söhbət açılır: 1) azadlıq; 2) demokratiya, 3) ədalət, 4) insan hüquqları və 5) hakimiyyət. İlk baxışdan elə görünə bilər ki, həmin anlayış-konseptlər az-çox  intellekti, həyat təcrübəsi olan hər kəsə bu və ya digər dərəcədə məlumdur. Və ünsiyyət prosesində onlardan geninə-boluna istifadə edərkən heç kəsin ağlına gəlmir ki, hansısa terminoloji lüğətə baxsın. Ancaq Mehdi Abdullayevin kitabı sözügedən anlayış-konseptlərin hər birinə verilən həm hüquqşünaslıq, həm də  siyasətşünaslıq  interpretasiyalarında sadəcə təfərrüat genişliyi ilə diqqəti çəkmir, eyni zamanda müəyyən fəlsəfi vüsət kəsb edir ki, bu özünü "təməl sütun"lara, əsərin adına çıxarıldığı kimi, "təsəvvür və reallıq"  qarşıdurması kontekstində  baxıldıqda, bir tərəfdən, daha aydın göstərir, digər  tərəfdən isə, müəllifin analitik (multidissiplinar)  erudisiyasından xəbər verir.

Əsər onun ideya-məzmununa gur işıq salan, böyük fransız yazıçısı, publisist və filosofu Alber Kamyuya məxsus belə bir epiqrafla başlayır ki, "həqiqət nədir? -  soruşurdunuz. Bunu, şübhəsiz ki, heç kim tam bilmir. Amma biz ən azından bir şeyi bilirik: yalanın nə olduğunu".

 

Məhz metodoloji dəyərə malik bu fikir "5 təməl sütun" müəllifinə imkan vermişdir ki, azadlıq, demokratiya, ədalət, insan hüquqları və hakimiyyət kimi fundamental anlayışların yalnız nə demək olduqları yox, həm də (və daha çox!) nə demək olmadıqlarını aşkarlasın. Və verilən, sözün əsl mənasında, multidissiplinar inteqrasiya inandırır ki, bu anlayışlar barədəki ümumkütləvi təsəvvürlər çox hallarda qüsurlu, hətta yanlışdır. Odur ki, hər bir fəsil-oçerkdə bu və ya digər anlayışın əvvəlcə normativ səciyyəsi təqdim olunur. Sonra isə "tipik təhriflər" kifayət qədər əsaslandırılmış (və modelləşdirilmiş) şəkildə sadalanır. Məsələn, azadlığın 1) məhdudiyyətsiz təsəvvürü, 2) dövlətsizliklə eyniləşdirilməsi və 3) ya universal ölçü, ya da daxili niyyətə görə kontekstdən qoparılması kimi təhrifləri səciyyəvi tarixi örnəklərlə şərh olunur.

Anlayış-konseptin bilavasitə əlaqədə, daha dəqiq desək, asılılıqda olduğu məsuliyyət fenomeni ilə münasibətinə xüsusi yer ayıran müəllif azadlığın hüquqi və siyasi meyarları üzərində də ətraflı dayanır.

Həmin funksional interpretasiya sxem-süjeti bütün əsər boyu davam etməklə, demokratiya, ədalət, insan hüquqları və hakimiyyət konseptlərinə də tətbiq edilir. Demokratiyanın "tipik təhriflər"i kimi onun 1) səs çoxluğu, 2) prosedur ilə eyniləşdirilməsi, 3) manipulyasiya mexanizminə çevrilməsi, 4) proses olaraq nəticələrdən ayrılması; ədalətin "tipik təhriflər"i kimi onun 1) mütləqləşdirilərək abstrakt ideala çevrilməsi, 2) niyyətə bərabər tutulması, 3) nəticədən ayrılaraq formaya bağlanması, 4) nəticə deyil, "yekun hal" kimi təsəvvür edilməsi və 5) mexaniki bərabərliklə eyniləşdirilməsi nəzərdən keçirilmişdir.

Mehdi Abdullayev həm hüquqi, həm siyasi, həm də fəlsəfi prizmadan şərh etdiyi "beş təməl sütun"un hər biri barədə ənənəvi populyar düşüncə səviyyəsində müəyyən formal təsəvvür yaratdıqdan sonra həmin təsəvvürün tənqidi təfsirinə keçərkən biri digərinin davamı olan iki mühüm amilə ardıcıl olaraq istinad edir. Onlardan  birincisi dünyanın böyük dövlət adamlarının siyasi tərcümeyi-halında baş vermiş fövqəladə hadisələr, ikincisi isə eyni dərəcədə böyük mütəfəkkirlərin bu və ya digər hadisəyə, xüsusilə kitabda şərh olunan anlayış-konseptlərin mahiyyətini aydınlaşdırmağa imkan verən hadisələrə münasibətləridir. Yarı mifik, yarı real antik siyasi liderlər kimi  yeni dövrün yarı real, yarı mifik (mif tarixi kateqoriya deyil, mif yaradıcılığı daim davam edir!) qəhrəmanları Abraham Linkoln, Otto fon Bismark, Napoleon Bonapart, M.K.Atatürk, A.Hitler, İ.Stalin, U.Çörçill, Ş.De Qoll və H.Əliyevin  dövlət  quruculuğu təcrübələrini də araşdıran müəllif aydın (və nüfuzlu) qənaətə gəlmək üçün mötəbər mütəfəkkirlərin şərh (və ümumiləşdirmələrinə) müraciət edir. Buraya, ilk növbədə, Sokrat, Platon, Aristotel, J.J.Russo, G.V.Hegel, İ.Kant, K.Marks, F.Engels, J.S.Mill, F.M.Dostoyevski, F.Nitsşe, J.P.Sartr və b. daxildir.

Tədqiq etdiyi fundamental anlayış-konsepsiyaların həm təsəvvürdə (ən kütləvi aşağılardan başlamış, ən aristokratik yuxarılara qədər), həm də reallıqda anlaşılmasına aydınlıq gətirməyə çalışan müəllif  hüquq və siyasət tarixinin elə hadisələrinə istinad edir ki, bəşəriyyətin yaddaşından heç vaxt silinməyəcək: Afina demokratiyasında Sokratın mühakiməsi, Periklin rəhbərliyi dövründə baş vermiş ziddiyyətli hadisələr, Drakon qanunlarının tətbiqi, Afina dövlətinin süqutunun qarşısını alan radikal Solon addımları, Fransa inqilabının "Yakobin diktaturası" mərhələsi, Birinci Dünya müharibəsindən sonra Almaniyanın sərt şəkildə cəzalandırılmasının (Versal müqaviləsi) doğurduğu fəsadlar, 1947-ci ildə Hindistanın əldə etdiyi müstəqilliyin nəticələri, XX əsrin ortalarında Çində həyata keçirilən "Böyük sıçrayış"ın fəlakətləri, SSRİ-nin dağıdılmasının doğurduğu faciələr, "Ərəb baharı"nın paradoksları, COVİD-19-un ümumbəşəri təhdidləri və s.

Müəllif haqlıdır ki, bütün bu hadisələrin izahından kənarda nə azadlıq, nə demokratiya, nə ədalət, nə insan hüquqları, nə də hakimiyyət anlayış-konseptlərinə az-çox dəqiq şərh vermək çətindir. Hüquqşünaslar, siyasətşünaslar və filosoflar nə qədər səmimi olsalar da, dahi V.Hötenin "dostum, nəzəriyyə quru bir şeydir, həyat ağacısa daim yaşıldır" misraları gerçəkliyin hökmünün heç bir nəzəriyyə qarşısında hələ də geri çəkilmədiyini göstərir.

Mehdi Abdullayevin həm siyasi hadisələrə, həm də onlara verilən hüquqi, siyasi və fəlsəfi şərhlərə münasibətdə çox tez-tez antik dövrə müraciət etməsi təsadüfi deyil. Azadlığın,  demokratiyanın, ədalətin, insan hüquqlarının və hakimiyyətin hər şeydən üstün tutulduğu, müasir mövqedən bəzən sadəlövh görünsə də, fundamentallığına tarixin sonrakı dövrlərinin həmişə qibtə etdiyi antik dünya özünün rassional düşüncəsi ilə millətdən asılı olmayaraq bütün bəşəriyyət üçün parlaq  nümunə, alternativsiz meyar olaraq qalmaqdadır.

Bu gün dünya tarixini fərqli prinsiplərlə dövrləşdirmək iddiaları mövcuddur. Və bu iddialara qarşı çıxmaq, əlbəttə, ona görə çətindir ki, hər bir etnosun tarixində bizim təfərrüatı ilə bilmədiyimiz dövrlər olmuşdur. Məsələn, Şumer mədəniyyətinin antik mədəniyyətdən az zəngin olduğunu israr etmək hər ikisinə (və dünya mədəniyyəti tarixinə) qarşı haqsızlıq olardı. Ancaq yalnız bir İnsan yox, bir Cəmiyyət səviyyəsində də yaddaş bəşəriyyətin intellektual-mədəni səviyyəsi üçün həlledici amildir.

Avropasentrizm özünün Şərq (hind) mənşəliliyini nə qədər  yaxşı anlasa da, öz genezisi ilə barışmaq istəmir, ancaq bu paradoksun nə zamansa aradan qalxacağı ona görə şübhə doğurmur ki, biz hələ də dünyanın (bəşəriyyətin) bütövlüyünü qəbul edəcək qədər müdrik deyilik. Və bəlkə də,  belə bir müdriklik imkanlarımızdan hansısa "daxili konyuktur" iddialarımızla imtina etməyə cəhd göstəririk.

Bizim fikrimizcə, Mehdi Abdullayevin əsərinin baş qəhrəmanları Dövlət və İnsandır. Əsərdə tədqiq olunan azadlıq, demokratiya, ədalət, insan hüquqları və hakimiyyət anlayış-konseptləri bütün fundamentallıqları ilə yanaşı, bu iki anlayış-obraz arasındakı münasibətdə izah olunur. Doğrudur, müəllif İnsandan daha çox Dövlətdən bəhs edir. Ancaq aydın şəkildə hiss edilir ki, bütün tarixi dövrlərdə Dövlət arxasında özünün həm fərdi hissləri, subyektiv tələbləri, həm də sosial şəxsiyyəti, ümumi vətəndaşlıq maraqları ilə seçilən İnsan dayanır. Və müəllif dövlətdən danışa-danışa həmin o İnsanı, əgər belə demək mümkünsə, tərənnüm edir.

Əslində, "dövlət nədir?" sualına verilən hər hansı səmimi (və demokratik, ədalətli, insan hüquqlarını nəzərə alan...) cavab insanın (və cəmiyyətin) hakimiyyəti olacaqdır ki, kitab müəllifi bunu hər bir anlayış-konseptin şərhində özünəməxsus peşəkarlıqla (və incəliklə) göstərir. Məsələn, azadlıqdan bəhs edərkən yazır: "Dövlətin yoxluğu azadlığın yoxluğu demək olmasa da, onun hüquqi formadan məhrum olması deməkdir. Azadlıq hüquqla tənzimlənmədikdə onu ənənə, kollektiv təzyiq və ya faktiki güc münasibətləri əvəz edir. Bu isə azadlığın genişlənməsi deyil, onun daha da qeyri-şəffaf və daha sərt məhdudiyyətlər altında mövcud olması ilə nəticələnə bilər".

Demokratiyaya gəldikdə də müəllifin mövqeyi azadlığa münasibət qədər anlaşıqlıdır: "Klassik dövlətçilik ənənəsində demokratiya məqsəd yox, idarəetməni legitim və davamlı edən mexanizmlərdən biri kimi dərk olunur. Bu yanaşmada əsas məsələ prosedurların özü deyil, onların dövlətin bütövlüyünü, siyasi sabitliyi və uzunmüddətli inkişafı təmin edib-etməməsidir. Tarixi təcrübə göstərir ki, demokratik institutlar yalnız möhkəm dövlət əsasları üzərində qurulduqda işlək olur".

Kitab müəllifinin bu məqamda apardığı müqayisələri, həqiqətən, hüquq və siyasət tarixinin klassik örnəkləri siyahısına daxil etmək olar: XX əsrin əvvəllərində M.K.Atatürkün, ortalarında Şarl de Qollun, sonlarında isə Heydər Əliyevin tarixi təcrübəsi buna örnəkdir.

İnsan hüquqlarına gəldikdə isə, müəllif haqlıdır ki, onlar "nə qədər yüksək normativ iddia daşısa da, həyata keçirilməsi konkret dövlət strukturu və tətbiq mexanizmi olmadan mümkün deyil".

Həm Şərqdə, həm də Qərbdə yüksəlişi və süqutu tarixşünaslığa məlum olan dövlətlərin, hətta imperiyaların taleyi göstərir ki, onlar həmişə azadlığın, demokratiyanın, ədalətin və s. təminatçısı iddiası ilə çıxış etmişlər. Elə bir dövlət, yaxud siyasi birlik olmamışdır ki, özünü anti-insani (və anti-bəşəri) elan etmiş olsun.

Mehdi Abdullayevin kitabında ümumbəşəri hadisələrə, şəxsiyyətlərə nə qədər geniş yer ayrılsa da, təsəvvürdəki və reallıqdakı təzahürləri ilə müzakirəyə çıxarılan beş təməl sütunun daha yaxından dərki üçün ən məhsuldar imkanı, heç şübhəsiz, müəllifin xüsusi həssaslıqla yanaşdığı "Azərbaycan təcrübəsi" açır: "Müstəqillik əldə etdikdən sonra azadlıq, demokratiya və ədalət kimi anlayışların dövlətçilik məsuliyyətindən qopmuş və daha çox şüar səviyyəsində tətbiqi siyasi parçalanmaya, idarəetmə böhranına və hüquqi nizamsızlığa gətirib çıxardı. Məhz bu şəraitdə Ümummilli Lider Heydər Əliyev dühası həmin anlayışları abstrakt ideya kimi deyil, dövlətin yanaşması və suverenliyin qorunması ilə bağlı praktik siyasi kateqoriyalar kimi yenidən müəyyənləşdirdi. O göstərdi ki, azadlıq idarəolunmazlıq, demokratiya isə hərc-mərclik deyil".

Kitabda müasir dövrün onlarla nüfuzlu tədqiqatçısının - hüquqşünas, siyasətşünas və mütəfəkkirin məşhur əsərlərinə istinad olunmuş, araşdırılan anlayış-konseptlərin daha dərindən (və obyektiv) dərki üçün zəruri polemika aparılmış və kifayət qədər mükəmməl qənaət hasil etməsi məqsədilə oxucuya hərtərəfli imkanlar yaradılmışdır.

Və müəllifin yekun nəticəsi bundan ibarətdir ki, "anlayışlar reallığı əvəz etmir. Onlar yalnız düzgün seçilmiş istiqamət və məsuliyyətli qərarlarla məna qazanır".

Gənc, lakin erudisiyalı hüquqşünas, siyasətşünasın (və filosofun) bu kitabı, heç şübhəsiz, araşdırdığı anlayış-konseptlərin daha dərindən (və müfəssəl) anlaşılması üçün oxucuya əhəmiyyətli kömək göstərəcəkdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!