Azər TURAN
Nihal Atsıza görə Osmanlı-Səfəvi müharibəsi bir iç savaşıdır...
1966-cı ildə yazdığı bir məqaləsində Nihal Atsız "Osmanlı-Səfəvi savaşı bir iç savaşıdır" deyir və əlavə edirdi ki, "Türklərin bəzilərini milli düşmən deyə göstərmək həm tarixi dəyişdirmək, həm də sabahkı türk birliyini indidən baltalamaq olur. Bu baltalama tarixi düşmənlərimizin çörəyinə yağ sürtməkdir".
Bu sözlərin deyildiyi vaxtdan altmış il keçib. Nihal Atsız "sabahkı türk birliyi"ndən danışırdı. İndi isə Türk birliyinin ərəfəsindəyik. Mehmet Akif demişkən, "Tarix yola düşərkən, yol üstündə yatılmaz". Orta əsrlərdə bu coğrafiyada milli qovğa yoxdur. Məzhəb qovğası var. Bəzən heç məzhəb qovğası da yoxdur. Hakimiyyət iddiaları var.
Hətta Şah İsmayıl ona pənah gətirmiş Muradın oğlu Əhmədi əmisi Səlimin qəzəbindən qorumuşdu. Çaldıran ərəfəsində isə Səlimin qardaşı şahzadə Əhməd də, Əhmədin oğlu Murad da Anadoludakı ələvi qiyamlarının önündə gedirdilər. Yəni II Bəyazidin oğlu da, nəvəsi də qızılbaş hərəkatının içindəydilər. Bəzən hətta önündəydilər... Xətai şeyx idi. Anadolunun içərilərində də onun şeyxliyinə, təriqətinə bağlı insanlar yetişirdi. Bütün hallarda Xətainin təlqinləri var, torpaq iddiası yoxdur. Bu təlqinlər də Səlimin atası Sultan II Bəyazid tərəfindən hirslə qarşılanmır, əksinə, vaxtilə osmanlı taxtında oturmaq xatirinə qardaşı Cem Sultanın başına müsibətlər gətirən II Bəyazid də Xətaiyə "böyük padişah, Türk və Dəyləm diyarlarının, əcəm məmləkətlərinin əzəmətli hökmdarı, dövrümüzün Cəmşidi, böyük Allahın yardım etdiyi Şah İsmayılın Allah dövlətinin əsaslarını gücləndirsin" deyə məktublar yazır, Ərdəbil təkkəsinə yardımlarda bulunmaqdan geri qalmır. Çünki sultanın özünü də bəzən sufi sultan adlandırırdılar.
Səlim və Xətainin ixtilafına Əli bəy Hüseynzadənin baxışı
Orta əsrlər nöqteyi-nəzərindən bu məqamda Xətai, əgər deyildiyi kimi, suçludursa, Səlim də o qədər suçludur. Bir az geniş aspektdə götürəndə, bunların iddialarının timsalında türk aləmi deyil, islam aləmi bölünüb, İslam təqsim olunub. Bunu da ilk dəfə 1908-ci ildə Əli bəy Hüseynzadə yazdı: Sultan Səlimlə Şah İsmayıla qədər islam ölkələrində inzibati idarətmə (hökuməti-cismaniyyə) bölünmüşdü. Amma bunlar İslamı mənəvi baxımdan, yəni ruhən böldü. "Çünki Sultan Səlim ilə Şah İsmayıla qədər nə səltənətlər məzhəb davasında və nə də məzhəblər böylə əsaslı surətdə səltənət davasında olmamışlardır".
(Burda bir məsələni də yada salmağa ehtiyac var. Hüseynzadənin 2500 illik türk tarixindən bəhs edən "Siyasəti-fürusət" əsərinin "Teymurnamə" fəsli "Səfəvilər" fəsli ilə davam edir.)
Türk ülküçülərinin məsələyə baxışı
Ülküçü türk şairi olan Niyazi Yıldırım Gencosmanoğlu: "Ta ezelden hür milletiz, / Soyu-sopu gür milletiz, / Kandan, candan bir milletiz, / Bir temel, bir duvar, bir taş / Alevi, Sünni, Kızılbaş!" deyə yaza bilirsə, deməli, tarixin o səhifəsi çoxdan qapanmışdır.
Səlim dövrü tarixçilərinin rəyinə əsasən Xətaiyə qiymət vermək
Təəssüf ki, son günlər Xətai mövzusunda diskussiyada iştirak edənlərin çox azı istisna, əksəriyyəti orta əsrlərə məxsus osmanlı tarixlərinə istinad edir. Amma orta əsr saray tarixçilərinin yazdıqlarında təhriflər, mübaliğələndirmələr olmayıbmı? Onlardakı düşmən intonasiyadan sərf nəzər edilməsə, əks təqdirdə, babalarımızın simasında ortaya nəinki faşist, hətta adamyeyən vampir bir zümrənın çıxması ehtimalı da çox yüksəkdir. Məsələn, Hoca Sadəddinin, yaxud Solakzadənin kitablarında yazılanlar kimi: "Şah İsmayıl, Alaüddövlənin paytaxtını yaxıb yıxdı; əcdadının məzarlarını açıb sümüklərini atəşə verdi. Nəql edirlər ki, Alaüddövlənin oğlunu və qızını kabab etdirmiş və İranilər bir-birinin əllərindən qapıb yemişlər". Mən bu sitatı Hammerin "Böyük Osmanlı tarixi" kitabından gətirdim. Amma diqqət yetirilməli bir nöqtəni də gözardı etməyək. Osmanlı müəllifləri "gördüm" demir, "nəql edirlər" deyir... Amma fakt Hammerin kitabına tarixi gerçək kimi düşür. Sadəddin, yaxud Solakzadə hər deyiləni yazıya almasaydı, şübhəsiz ki, onların İranilər adlandırdığını Hammer İran mərdumxorları (adamyeyənləri) deyə mübaliğələndirməyəcəkdi.
Franz Babingerin "Osmanlı Tarih Yazarları" kitabı və bir kürd diplomatı İdris Bitlisi
Franz Babingerin "Osmanlı Tarih Yazarları" əsərindəki xronoloji ardıcıllığa diqqət yetirsək, belə bir qənaətə gəlmək olur ki, Sultan Səlimlə bağlı ilk əsəri İdris Bitlisi yazıb. İdris Bitlisi Osmanlı tarixindən bəhs edən farsca "Həşt Behişt", "Səlimnamə" əsərlərinin müəllifidir. Franz Babinger qeyd edir ki, Bitlisi əvvəl Ağqoyunluların sarayında sultan Yaqubun katibi olub, Şah İsmayıl səltənətini qurduğu ilk günlərdə II Bəyazidin yanına qaçıb, onun himayəsinə sığınıb, Çaldıran savaşında Səlimi müşayiət edib və Çaldırandan sonra Sultan onu Kürdüstan hakimi təyin edib. Babingerin bildirdiyinə görə, Bitlisi "Bir kürd ordusunun başında... Mardini fəth edib" və s. Şah İsmayılla Sultan Səlim arasındakı savaşın ilk tarixçiliyini edən İdris Bitlisidir. Sultan Səlim dövrü barədə yazılanların əksəriyyəti İdris Bitlisidən sonra qələmə alınıb. Təkcə osmanlı qaynaqları deyil, Şahin Fazilin "Azərbaycan XV-XVI əsrlərdə" (1983) kitabında da yazdığı kimi, azərbaycanlı Həsən bəy Rumlunun "Əhsənüt təvarix" əsəri üçün də qaynaqlardan biri İdris Bitlisinin "Həşt behişt" əsəri olmuşdur.
Xətainin məzhəb faşizmi, yoxsa Osmanlı müftisinin fitvası?
Xətaini məzhəb faşizmində suçlayanlara professor İsmayıl Hakkı Uzunçarşılının "Büyük Osmanlı Tarixi" kitabında Xoca Sadəddinin "Tacüt Təvarih" əsərində verilmiş belə bir məlumatı xatırladıram: "Padişah Anadoluda aram edən Qızılbaşları təftiş üçün hükkami-məmalikə hökmlər göndərib, yeddi yaşından yetmiş yaşına varınca Qızılbaş olduğu sabit olanların isimlərini dəftərə qeyd ilə kəndisinə göndərilməsini əmr etmişdi. Padişahın əmri üzərinə təhqiq və təftiş nəticəsində qırx min adam tevkif olunaraq kimi qətl edilmiş və kimisi həbs olunmuşdur".
Səfəvi təriqətinin saliklərinə ilk öncə Səlim tərəfindən belə amansız divan tutulub.
Bu, Xətainin silahsız-filansız ruhi təlqinlərlə Anadoluya sirayət etdiyi illərin birində və Sultan Səlimin hakimiyyətinin ilk ilində baş verənlərdir. İsmayıl savaş açmır, torpaq istəmir. Səlim isə onu ortadan qaldırmaq üçün bütün tədbirləri görür. Tekindağ "Yeni qaynaq və vəsiqələrin işığı altında Yavuz Sultan Səlimin İran səfəri" məqaləsində belə faktların bir neçəsini təqdim edib: Osmanlı müftisi Müfti Həmzə fitva verir ki, "Ey müsəlmanlar! Biliniz ki, rəisləri Ərdəbil oğlu İsmayıl olan qızılbaş taifəsi, Peyğəmbər Əfəndimizin şəriətini, İslam dinini və Qurani-Mübini xor görməkdədir. Cənab Allahın haram qıldığı xüsuslara halal deyən, Qurani-kərimi atəşə atan, məscidləri, camiləri yıxan, şahlarını büt yapıb səcdəyə gələn... bu qızılbaş taifəsinə qarşı hərb elan edilməsinə fitva verdik... Qızılbaşlarla işbirliyi yapan, onların etdiyini edən də kafirdir. Öldürülən qızılbaşlar cəhənnəmlikdir. Onların nikahları batildir" və s. Göründüyü kimi, müfti Həmzə Xətaiyə münasibətdə rəngləri çox tündləşdirir. Kərbəlada İmam Hüseyn türbəsini, Nəcəfdə Hz. Əli məscidini və b. ziyarətgah və məbədləri azərbaycanlı memarlar Xətainin dövründə, təbii ki, onun istəyi ilə inşa etmişdilər. Amma fitvada o, osmanlı cameəsinə, az qala, dövrün dəccalı kimi təqdim edilirdi.
Osmanlının möhtərəmlərindən olan Kamal Paşazadə bu fitvanı əsaslandıran digər fitva verib. Bu fitvaya görə də qızılbaşların öldürülməsi caiz, malları halal, nikahları batil hesab olunurdu və s.
Vaxtilə Valther Hinz qızılbaşlarla nasistləri müqayisə edir, qızılbaşların "Bismi-Şah"ını nasistlərin "Heil Hitler"i ilə qiyaslandırırdı. Müqayisə tamamilə yanlış idi. Tutaq ki, Şah İsmayıl Bağdadı savaşsız almışdı. Əgər Şah İsmayılın qızılbaşları Bağdada faşist kimi girirdilərsə, şəhər nə üçün savaşsız təslim olurdu? Tahsin Yazıçının "Şah İsmayıl" məqaləsində bu məsələyə aydınlıq gətirilmişdir: "Bağdad valisi, içində çox sayda şiə bulunan şəhəri müqavimət göstərmədən Şaha təslim etdi".

Elmira Şahtaxtinskaya "Şah İsmayıl Xətainin portreti"
Xətainin özünü Allah, ya da peyğəmbər məqamında gördüyünü kim deyir?
Prosesin axarında anonim tarixlər dövriyyəyə daxil oldu. Yunan dilində yazılmış və osmanlının 1373-1512-ci illərini əhatə edən anonim Osmanlı tarixinin müəllifi yazırdı ki, "İranda qızılbaş İsmayıl ayaqlandı... Ordu topladı. Bir çoxları ona inandılar. Onu peyğəmbər yapdılar. Bu həvalinin sarasinləri öz ölkələrindən peyğəmbər çıxmasından dolayı böyük sevinc duydular. Peyğəmbər olaraq gəldiyinə dair ağlına gələnləri söylədi". Yəni XVI əsrin yunanca yazılmış tarix kitabı Xətai barədə bu qədər föhş və böhtan uydurmuşdu.
Belə yanaşmalar təəssüf ki, 2000-ci ildən sonra Azərbaycanda da müşahidə olunub. 2003-cü ildə Bakıda çap olunmuş bir kitabın ilk yazısı "Atəşlə xaçın izdivacından yaranmış bic" adlanırdı və həmin yazı Şah İsmayıl Xətaini hədəfə almışdı. Xətainin anasını xristian missioneri adlandıran müəllif, diqqəti Xətaini himayə edən erməni kilsəsinə yönəldir və "Yer yox ikən, göy yox ikən ta əzəldən var idim" misrasının da yer aldığı qəzəlini xristianlıqdakı üç üqnumdan, yəni "Ata Allah, Oğul Allah və Müqəddəs Ruh görüşündən daha da kafircəsinə iddia" adlandırırdı. (O vaxt cavab olaraq "Yol daşını yol quşuna atma, qardaş, kərəm eylə" adlı məqalə yazıb 2 iyul 2004-cü il tarixli "Ədəbiyyat qəzeti"ndə dərc etdirmişdim).
Böyük alman alimi Karl Brokkelman "İslam ulusları və dövlətləri tarixi" əsərində bildirir ki, Şah İsmayıl Mesopotamiyanı və İraqı fəth edəndən sonra, yəni Nəcəfə və Kərbəlaya sahib çıxandan sonra Hüveyzada Əlini Allah olaraq tanıyan, rəhbərlərinə Allah olaraq tapınan müfrid bir şiə təriqəti vardı ki, Xətai bu təriqətin mənsubları ilə çox sərt davranmışdı. Bilmirəm, bunu Brokkelmandan başqası da yazıbmı?
Xətai müridlərini bəzən əliilahilikdə suçlayırlar. Dində fəsad törətməsinin bir səbəbi kimi də, yuxarıda da göründüyü kimi, bunu deyirlər. Amma həmin misralar yalnız kontekstdən çıxarılanda deyilən təsəvvürü verir. Qəzəlin son beyti isə belədir: "Mən Xətaiyəm, həqqi həqq tanımışam bigüman, / Onun üçün ol yaratdı, mən ona dərkar idim". Bu, təkcə Xətaidə deyil, Xətaiyə qədərki bütün sufi mətnlərində keçən doktrindir. "Allah özünü bəyan etmək istədi və insanı yaratdı". Xalq yazıçısı Anar 1985-ci ildə yazdığı "Şairin zəfəri" adlı essesində Xətainin bu misralarında Nəsiminin panteist, vəhdəti-vücud görüşləri ilə səsləşmələr görürdü.
Nihal Atsız deyirdi ki, "Bir az eşələsəniz... yunan fəlsəfəsindən, buddizmdən və sairədən gələn ünsürlərlə Tanrılıq iddiasına qədər qalxan mütəsəvvüflər məlumdur. Mənsur bu çılğınların ən tanınmışıdır..."
Xətai də daxil olmaqla, İslam aləminin hansı şairi üçün Mənsur örnək deyil?
Digər tərəfdən, osmanlı qaynaqlarında göstərilir ki, Şah İsmayıl Bağdada daxil olanda guya Mənsur Həllacın məzarını dağıdıb. Şah İsmayıl Mənsurun məzarını necə dağıda bilərdi ki, özü:
Çün təcəlli nurını görmək təmənna eylərəm,
Şimdi Mənsurəm, məni bir darə göndərmək gərək,
- deyirdi. Belə bir Şah İsmayıl Bağdada girəndə necə ola bilərdi ki, Mənsur Həllacın məzarı dağıdılaydı?!
Türkiyə ədəbiyyatında və tarixşünaslığında Sultan Səlim Şama gedir, kəramətlər göstərir. Muhyiddin Arabinin məzarını tapdırır və onu ziyarətgah yapır. Amma Şah İsmayıl Bağdada gəlir və neçə-neçə övliyanın məzarını dağıtdırır. Axı ən azı tarixi həqiqətlər də təsbit edir ki, Kərbəladakı İmam Hüseyn türbəsi, Nəcəfdə Həzrət Əli məscidi, Kazimiyyədə Museyi Kazim türbəsi və s. Səfəvilər dövrünün yadigarı, Səfəvi dövrü Təbriz memarların əsərləridir. Azərbaycan cəmiyyəti bu barədə ətraflı bilgilərlə ilk dəfə 1985-ci ildə Cəfər Qiyasinin hamının böyük maraqla oxuduğu "Yaxın-uzaq ellərdə" adlı qiymətli araşdırması ilə xəbərdar oldu. Cəfər Qiyasi yazırdı ki, "Bu nəhəng ərazinin (söhbət Şah İsmayılın qurduğu dövlətin ərazisindən gedirdi - A.T.) çoxəsrlik tikinti mədəniyyəti "İran" və "Ərəb" adları altında təqdim olunurdu. Ancaq tarixi, maddi dəlillər öz gerçək yerini tutduqca, araşdırmalarda səthiliyi genişlik və dərinlik əvəz etdikcə bu məqsədli tendensiyanın daşı-daş üstündə qalmır". Qiyasi kitabın növbəti səhifələrində bildirirdi ki, "XVI yüzildə Bağdad, Samarra, Kərbəla və Nəcəfdə Azərbaycan Səfəvi dövlətinin saray memarlarının başçılığı ilə bir-birindən təntənəli binalar ucaldılmışdır. Bu işdə Şah İsmayıl xüsusilə fərqlənmişdir".
Səfəvilik bizim klassik irsimizə daxil deyilmi?
İran, yoxsa Azərbaycan?
Milli dövlət
Bəzən belə bir fikir irəli sürülür ki, səfəviliyin bizim milli mirasa dəxli yoxdur, bunlardan miras ala biləcək yeganə tərəf müasir İrandır. Əgər belədirsə, o zaman haqlı sual doğur: Bugünkü İranda Səfəvi doktrini varmı? Varsa o özünü nədə təzahür etdirir? Bugünkü İran ideolojisində mürşidi-kamil institutu varmı? Şah İsmayılın şərab içdiyini deyirlər. Tutaq ki, içib. Bugünkü İran təsəvvürlərində şərab içən şeyx modeli varmı? İndiki İran ideologiyasının hansı elementində səfəviliyin nişanəsini görürük? Təzahürü nədir? Səfəvi təriqətinin qurucusu Şeyx Səfiəddin Ərdəbili idi. Bugünkü İran ideologiyasında Ərdəbilinin hansı təlimi ehkam kimi qəbul olunur? Yaxud Səfəvi İsmayılın cəm meydanına kişi və qadınlar bir yerdə girirdi. Bunu hansı İran modelində görürük? Zənən dərvişlər səfəviyyənin elementidir və İran modelində bu, heç yoxdur.
Hələ Xətaini bir tərəfə qoyaq, məncə, səfəvilik həm də səfəviyə türk deyəcək qədər türk oğlu türk olan Şah Abbas deməkdir. Bəzi kitablarda Şah Abbasın idarəetmə sistemini farslara buraxdığını yazırlar. Amma bütün bu faktların yanlış olduğunu Faruq Sümər "Səfəvi Dövlətinin Quruluşu və yüksəlişində Anadolu türklərinin rolu" əsərində güclü dəlillərlə isbat etmişdir.
Onu da əlavə edim ki, doğrudur, müsbət cavab verməsə də, hər halda Brokkelman bu sualı qaldırıbsa, deməli, Şah İsmayılın qurduğu dövlətin milli dövlət olub-olmaması çoxdan bəri elmdə, xüsusən, Avropa elmində dartışılan məsələlərdəndir. XVI yüzildə milliyyət anlayışının hələ məchul olmasına rəğmən Xətainin qurduğu dövlət XX yüzil elmi fikrində belə bir sual yarada bilibsə, bunun özü də milli tariximiz baxımından mühüm hadisə hesab olunmalıdır.
"Səfəviliyin bizim milli mirasa dəxli yoxdur" deyən bəzi siyasilərimizin rahatsızlığı anlaşılandır. 1979-cu ildə Xomeyni hakimiyyətə gələndən sonra görkəmli türk alimi Mehmet Saray "Türk-İran münasibətlərində şiəliyin rolu" adlı kitab yazmışdı. Türkiyə istiqamətində eyni narahatlığı o da nəinki yazırdı, hətta mən deyərdim ki, təlqin edirdi. Amma zaman göstərdi ki, Mehmet Sarayın həyəcanları əbəs imiş. Çünki bugünkü molla hökuməti səfəvi sistemini tanımır. Səfəvi sufi sistemidir. Orda vilayəti-fəqih deyil, mürşidi-kamil postu var.
Molla hökuməti Məhəmmədəli Şah Qacarın mirasıdır
Molla hökuməti institutu da, hətta istilah olaraq, 1979-cu ildə yaradılmayıb. O, son Qacarların, daha doğrusu, 1907-ci ildə Məhəmmədəli Şahın zamanında dövriyyəyə girib. İlk dəfə buna Əli bəy Hüseynzadə "Məcnun və Leylayi-İslam" məqaləsində diqqət yetirib: "İran üçün ən təhlükəlisi seyid və molla hökumətidir. Osmanlı türkləri ələlümum qədimdən bəri tutduqları din və məzhəbdən ayrılmadıqları halda, İran mollaları ikidə, birdə yeni məzhəblər ixtiraına qalxışaraq molla hökumətinin dəxi təəddüdünə çalışırlar... Mollaların böylə yeni-yeni məzahib ixtira etmələrinə gəlincə bunun başlıca baisi əjdəhanın ağzından fəvəran edən atəşdir. Zərdüştin azərkədəsi İranda hənuz sönməmişdir. İran torpağını hər nərədə qazsanız, altından atəşpərəstlərin külü ilə əxgəri (közü) zühur edər". Molla hökuməti ilə də Səttar xan mübarizə aparıb. Məhz onlar, yəni Şeyx Fəzlullahların təmsil etdiyi molla hökuməti İrandakı polis sisteminin Yefrem Davityanın timsalında ermənilərin əlinə keçməsinə, nəhayət, minillik türk hakimiyyətinin 1924-cü ildə farslar - pəhləvilər tərəfindən mənimsənilməsinə səbəb olub. Bunun nə səfəvilərə, nə də əfşarlara dəxli var. Pəhləviləri də 55 il sonra yenə də həmin mollalar devirdi. Bunun isə həm səfəvilərə, həm də əfşarlara dəxli çoxdur. Səfəvilər heç bir halda molla hökuməti qurmayıb. Səfəvilər Şah Abbas zamanında hikməti-hökumət sistemini təsis edib. Səfəvi ideologiyası fərqli bir anlayışdır. Orda həm də batini bir sirr var. Bu batini sirr barədə təəssüf ki, bizim müasir alimlərimiz araşdırmalar aparmayıblar. Bəlkə də yanılıram, bəlkə də bilmədiyim hansısa araşdırma var. Mən təkcə Bəzzazın "Səfvətüs-Səfa" əsərini, bir də bu batini sirlər barədə Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanında yazılanları oxumuşam. Fərman Kərimzadəni isə şəxsən tanıyırdım. Çox yaxın münasibətimiz var idi və səfəviyyə barədə ən üstün bilik xəzinəsi onun yaddaşındaydı.
Məhərrəmlik təziyələrində baş yarmaq ənənəsinin təməli Səfəvilər dövründə deyil, çox sonralar Qarabağ xanlığında qoyulub
Məhərrəmlik təziyələrində başyarmaq ənənəsini də səfəvilərlə bağlayırlar. Guya bu adət Azərbaycana İrandan, özü də məhz səfəvilər dövründə gəlib. Yanlış yanaşmadır. Təhrifdir və bunu təsdiq edəcək hər hansı bir qaynaq yoxdur. Söhbət aşura təziyədarlığından getmir, bu mərasimlərdə başyarmaq kimi bidət, ziyanlı adətdən gedir. Baş yarmaq bidəti İrandan bura deyil, burdan, Qarabağdan İrana sirayət edib. Məhərrəmlik ayinlərində - Aşura günü baş yarmaq kimi əməllərin məhz Azərbaycana, daha doğrusu, Qarabağa bağlı siyasi qaynağı var. İdeya Qarabağ xanının vəziri Molla Pənah Vaqifə məxsusdur. Bu, ən azı, 1770-ci illərə təsadüf edir. "Şəbehgərdanlıq"ın tarixini tədqiq edən Yusif Vəzir Çəmənzəminli bu günə qədər populyar olmayan, təəssüf ki, heç bir kitabına da daxil edilməyən "Şəbehgərdanlıq" məqaləsində yazırdı ki, "Bizlərdə Aşura büsatını... şairimiz Molla Pənah Vaqifə isnad edirlər. Ələmdarların Qarabağda məruf olduğunu və oradan da bir çox yerlərə sirayət etdiyini nəzərə alsaq, Molla Pənah Vaqifə isnad olanların bir qədər doğru olduğu meydana çıxar... Zatən xalq arasında da belə bir rəvayət var: "Bir gün İbrahim xan Şuşa şəhərində bir neçə adamı ölümə məhkum edir. Müqəssirlərin bağışlanması haqqında xanın eşikağası Molla Pənaha müraciət edirlər. Şair müqəssirlərin qohumlarına ağ kəfənlər geyib başlarını xəncər ilə yara-yara xanın dərbadına (sarayına) gəlmələrini tövsiyə edir. O biri sabah ağköynəklilərin zikri xanı yuxudan oyadır, xan balkona çıxır və həyətdəki fəcih mənzərəni gördükdə Molla Pənahdan izahat tələb edir. Şair tarixi vəqəni anlatdıqda xan qəşş eləyir və sonra dustaqların azad olunmasını əmr eləyir". O zamandan başlayaraq "ağköynək dəstəsi" aşura günləri xan sarayına gəlib zikr deyə-deyə başlarını yararlar. Dustaqları bu vasitə ilə bağışlatmaq sonralar da Qarabağda bir adət olmuşdu..."
Sonralar bu adət tarixi qaynağını itirərək davam etdirildi. Deməli, başyarmaq, zəncir vurmaq adəti ellikcə olan bir fanatizmin deyil, konkret bir siyasi situasiyanın yadigarıdır və bunun Kərbəla hadisəsi ilə, yaxud səfəvilərlə heç bir əlaqəsi yoxdur. Yəni bunlar ki, əhli-beyt yolunda, hətta canlarına da qəsd edirlər, İbrahim xan onları necə əfv etməsin?! Ağköynəklər haqqında, baş yarmağın səbəbi barədə yeganə qaynaq Çəmənzəminlinin yazdığıdır və bundan da başqa hansısa mənbəyə təsadüf olunmur.
İrs və varis: Füzuli və Xətai Kərbəla vaqeəsi barədə ilk türkdilli əsəri isə Füzuli Osmanlı sultanı Qanuni Süleymanın təşviqi ilə yazıb
Kərbəla vaqeəsinin bədii təsviri bizim ədəbiyyatımızda Füzulinin "Hədiqətüs-süəda" əsəri ilə başlayıb. Və hamının bildiyi kimi, Füzuli bu əsəri Sultan Səlimin oğluna - Süleyman Qanuniyə hədiyyə etmişdi.
Necə ki, "Bəngü Badə" əsərini də Xətaiyə ithaf edib, əsərin "Başəd in mədhi-padşahi-zaman" qismində "zamanəsinin padşahı" adlandırdığı, varlının da, kasıbın da, yəni cəmiyyətin bütün təbəqələrinin razı qaldığı Şah İsmayıl Xətaini "Allah onun mülkünü əbədi etsin" deyib vəsf etmişdi:
Məclisəfruzi-bəzmgahi-Xəlil,
Cəmi-əyyam, Şah İsmayil.
Ondan asudədir ğəniyyü gəda,
Xəllədəllahu mülkəhu əbəda.
Ol ki cəmi-mey olalı bünyad,
Qədəh ondandır, ol qədəhdən şad.
Füzuli və Xətai elə iç-içədirlər ki, onları ayırmaq, fərqləndirmək belə bəzən çətin olur. Xətai "Ta düşübən eşqinə, hicrində mən zarəm hənuz" deyəndə Füzuli "Oldu aləm şad səndən mən əsiri-qəm hənuz" deyirdi...
Yaxud Füzulinin Kərbəlada öydüyünü Aşıq Qurbani Təbrizdə, ya Qarabağda vəsf edirdi. Özü də necə:
Gözəl şahim şeyx oğludu,
Şah Xətayi, Şah Xətayi!
Şahi-mərdana bağlıdı,
Şah Xətayi, Şah Xətayi!
Bu dünyada bir haqq divan,
O dünyada cənnətməkan,
Qoy var olsun türki zəban,
Şah Xətayi, Şah Xətayi!
Qurbani tək qul pənahı,
Qibleyi-aləmin mahı,
Ol cahanın qibləgahı,
Şah Xətayi, Şah Xətayi!
Bu şeirlərin yazıldığı coğrafiya bizim deyilsə, bəs kimindir, Füzulinin və Qurbaninin eyni dildə zamanın şahı, cahanın qibləgahı adlandırdıqları hökmdar bizim deyisə, bəs kimin hökmdarıdır?.. Bunlar səfəvinin timsalında Azərbaycanın kültür mirası deyilsə, bəs kimin kültür mirasıdır? Müasir İranınmı, yoxsa müasir Azərbaycanınmı? Məncə, Azərbaycanın. Hətta təməlində 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyəti dayanan Azərbaycanın.
P.S. Əli bəy Hüseynzadənin "Müxtəsər Bioqrafik Məlumat" yazısında dönə-dönə oxusam da, mənə qaranlıq qalan bir məqam var. Özü də texniki səhv deyil. Mən onu Əli bəy Hüseynzadənin əlyazmasında oxumuş və ilk dəfə 2008-ci ildə "Əli bəy Hüseynzadə" kitabımda təqdim etmişəm: 1918-ci ildə Gəncədə Azərbaycan dövlətinin qurulmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə yazırdı: "Burada türk ordusu sayəsində yenidən istiqlalını qazanmaqda olan Azərbaycanın münəvvərlərilə birlikdə, bu ölkənin bir Cümhuriyyət halında təəssüs və təşəkkül etməsi işlərində çalışdıq". Yenidən istiqlalını qazanmaqda olan Azərbaycan deyərkən Hüseynzadə nəyi nəzərdə tuturdu? Əvvəlki istiqlal hansı idi?
Xalq yazıçısı Anarın 1985-ci ildə yazdığı "Şairin zəfəri" məqaləsindən tezislər
Anarın yazısını səbəbsiz xatırlatmıram. "Şairin zəfəri" ədəbiyyat tariximizin ən maraqlı esselərindən biridir. Orda belə bir abzas var: "Şah İsmayıl özü salnaməçilərin göstərdikləri kimi, yalnız Azərbaycan taxtgahından söhbət açmır, xüsusi hörmət əlaməti olaraq əmirlərindən birini "kilidi-Azərbaycan" adlandırır. Səfəvilərin dostları da, düşmənləri də onların ölkəsini məhz Azərbaycan kimi qavrayırdılar. Sultan Yaqub səfəvilərin məhz Azərbaycanı onların əlindən alacaqlarından qorxurdu. Şeybani xan İsmayıla yazdığı məktubda şahı hədələyirdi ki, qoşunlarını "İraqın və Azərbaycanın sərhədlərinə çəkəcək..." Ta qədimlərdən bəri və Səfəvilər dövründə də Azərbaycan ərazisində dili dilimiz, qanı qanımız, kökü kökümüz olan bir xalq - bizim xalqımız yaşayır. Bu xalqın içindən çıxmış səfəvilər uzun illər boyu apardıqları mübarizə nəticəsində müstəqil dövlət yaradırlar... Bu dövlətin əsas siyasi və hərbi qüvvəsini türkdilli Azərbaycan tayfaları - Varsağ, Zülqədərli, Bayat, Rumlu, Şamlu, Ustaclu, Qacar, Qaramanlı, Əfşar, Təkəli və s. qəbilələr təşkil edirdi. "Saray və ordunun dili Azərbaycan dili idi" (V.Bartold). Dövlətin paytaxtı Azərbaycan şəhəri Təbriz idi. Fars dili əsrlər boyu Şərqdə rəsmi dəftərxana dili olsa da, Səfəvilər dövründə Azərbaycan dilində siyasi yazışmalar, fərmanlar, rəsmi sənədlər meydana çıxır. Qızılbaşların döyüş harayları, çağırışları da doğma dillərindədir: "Qurban olduğum, sadağa olduğum, pirim, mürşüdüm". Bu dövrdə işlədilən dövlət, ordu istilahları arasında belə sözlər diqqəti çəkir: qorucu (mühafizə dəstəsinin əsgəri), gəzən (patrul), saxlob (qazarma), ayaqçı (qasid, kuryer), atminən, sancaq (bayraq), çalıcıbaşı, topçubaşı, minbaşı, yüzbaşı, onbaşı və s." Anar müəllim həmin yazısında Səfəvilərin qurduğu dövləti İran adı ilə təqdim edən mənbələrə deyil, onu Azərbaycan adı ilə çağıran mənbələrə istinad edirdi.
Bəktaşa şeir yazan Şah İsmayıl Xətai və qulağına Bəktaşi sırğası taxan Sultan Səlim
"Xətai biçarə quldur şahına, / Hünkar Hacı Bəktaş nəzərgahına". Şah İsmayıl özünü Bəktaşi Vəlinin silsiləsində görürdü. Sultan Səlim isə qulağının birinə "Bəktaşi mənkuşu" adlandırılan sırğa-küpə taxırdı. Əhməd Yəsəvi üsulunda şeirlər yazan Xətai kimi, onun rəqibi, əslən Batı xanın nəslindən olan və özünü Şah Bəxt adlandıran Bəktaşi Şeybani xan (Şibək xan) da incə zövqlü şair idi, şeirlərində Yəsəvinin ruhuna və şəhərinə ehtiramını izhar edirdi.
Türk savaş gələnəyi, yaxud Xətai Şeybaninin kəlləsindən düzəldilmiş badədə şərab içibmi?
Bir də Xətainin Şeybaninin kəlləsindən düzəldilmiş badədə şərab içdiyini yazırlar. Bunu təxminən, belə ifadə edirlər: şərab içib, özü də insan kəlləsindən düzəldilmiş qədəhdə. Məsələ burasındadır ki, məğlub hökmdarın kəlləsində qalib hökmdarın şərab içməsi türk savaş gələnəyinin əlamətidir. Şeybani Şah İsmayılı təhqir etmişdi. Kirmana hücum etmişdi, Xətainin səbr kasasını daşdırmışdı. Xətai də Şibək xanın (Şeybaninin) hərəkətlərinə seyrçi qalmamış, təhdidlərini və təhqirini cavabsız buraxmamış, Amu Dəryanın sahillərinə qədər qoşun çəkib Şeybaninin kəlləsini üzmüşdü. O zaman Xətainin 23 yaşı vardı... Türk kültür tarixi ilə bağlı araşdırmasında Bahəddin Ögel yazır: "Orta Asiya türk dövlətlərində, düşmənlərin kafatasından yapılan qədəhlərlə içki içmə adətinin nə qədər yayğın olduğu bilinməkdə idi. Bu əski türk ənənəsinin Bulqarlarda da davam etməsini görüyoruz. Kurumuş Xan, imperator Nikeforun başını kəsdiriyor və kafatasından bir içki qədəhi yapdırıyor və islav rəislərini bu kafataslarından içki içməyə zorlayırdı. Kumanlarda da eyni adət görülməkdədir".
Kuşanların əcdadları olan Yüeçiləri məğlub edəndən sonra Metenin Yüeçi yabqusunun kəlləsindən qədəh yapdırdığı da tarixdə bilinən hadisələrdəndir. Xətai, doğrudur, Şeybanin başını üzmüşdü, kafatasını qızıla tutdurub piyalə düzəltdirmişdi. Amma onda şərab içməmişdi. Bu "bahalı" və müdhiş kəlləni II Bəyazidə göndərmişdi.
Məsələ Xətainin hüdudlarını çox aşır
Xətai ilə bağlı müzakirələr əslində ideoloji istiqamət almaqdadır. Razılaşaq ki, məsələ Xətainin hüdudlarını çox aşır. Fazil Mustafa deyir ki, "Bizim mirasımız Məhəmməd Əmin Rəsulzadə və məsləkdaşlarının Rusiyanın işğalı nəticəsində İran bataqlığından qopara bilinən və ilk fürsətdə müstəqilliyini qazana bilən Azərbaycan dövlətidir". Cümlənin ikinci qismində Fazil bəy tamamilə haqlıdır. Mirasımız müstəqillik qazanmış Azərbaycan dövlətidir. Amma Rusiya işğalı nəticəsində deyil. Belə çıxır ki, Azərbaycanın səadəti Rusiya işğalı nəticəsində mümkün olub? Elə isə... Əvvəla, bu, Səfəvi dönəmində olmayıb. Qacarlar dövründə olub. İrana hökm edən Qacarlar da bizdən deyilmi? Bu, başqa söhbətin mövzusudur. Amma bu gün bu müzakirələr qızışdıqca Rusiyanın Cənubi Qafqaz siyasətində, xüsusən, Azərbaycanda çox marağında olduğu şiə-sünni münasibətləri yenidən gündəmə gətirilir, Şah İsmayıl dövründə Şirvanda baş vermiş savaşlar və qırğınlar yada salınır. Kimsə Xətainin ana qatili olduğunu deyir, adekvat olaraq əks arqument - Yavuzun ata qatili olması yada salınır (Xətainin ana qatili olmasını yalnız ehtimal kimi irəli sürürlər. Bunu təsdiq edəcək heç bir qaynaq və mənbə göstərilmir. Amma indi tarixi bu şəkildə yad etmək kimin üçündür?). Orta əsrlərdə yaşamış hansı türk hökmdarını müzakirəyə çıxarsanız, təxminən, bunabənzər mənzərə yaranacaq. Əslində, bu, ən qədim türk hakimiyyət iyerarxiyasında təbii qarşılanan məsələlər olub. Ziya Gökalpın "Türk mədəniyyət tarixi" kitabına istinad etsək, tarixdəki ilk oğuz əcdadımız - Oğuz Xan da, Mete də hakimiyyətə gəlmək üçün (Mete) atası Teomanı, (Oğuz Xan isə) atası Qara xanı və qardaşını öldürmüşdü.
Dünya tarixinə bu günün kuralları ilə yanaşmaq elmi yanaşma hesab oluna bilərmi?
Avropanın da orta əsrlərindən qan iyi gəlir.
Sünni-şiə qırğınlarından daha dəhşətli protestant-katolik vəhşətləri.
Avropa bunu unudub və Avropa Birliyini yaradır.
Biz isə Türk Birliyinin qapısı ağzında dayanıb sünni-şiə münasibətlərinin tarixini təftiş edirik...
Təkcə Osmanlının və Səfəvinin deyil, Avropanın da orta əsrlərindən qan iyi gəlir. Varfolomey gecəsi Çaldırandan əlli səkkiz il sonra, özü də elə Çaldıran savaşının baş verdiyi avqustda, Parisdə yaşanmışdı. Sünni-şiə qırğınları Anadolunu qan girdabında boğanda, protestant-katolik vəhşətlərinin ölüm karnavalı Fransaya otuz min məzar qazdırdı. Orta əsrlərin xristian dünyasında fərqli düşündüklərinə görə inkvizasiya tonqallarında neçə min insan yandırıldı. Orta əsrlər Avropanın Antixrist dövrüdür. Cəmaləddin Əfqaninin "İslam elmdə qısırdır" deyən Renana cavabını xatırlayanlar bunu yaxşı bilir: "Fərqli düşüncəyə görə adamları inkvizasiya tonqallarında yandıranlar müsəlmanlar deyildi, xristianlar idi". Avropa bunu unudub və Avropa Birliyini yaradır. Biz isə Türk Birliyinin qapısı ağzında dayanıb keçmişimizi, sünni-şiə münasibətlərinin tarixini təftiş edirik.
P.S. Sünni-şiə problemi XIX yüzilin ikinci yarısından etibarən, XX yüzilin əvvəllərinə qədər ruslar tərəfindən məhz bu coğrafiyada ideoloji vasitə olaraq istifadə edildi.
O dövrdə Rusiyaya meyilli şairlərimiz "Yapalaq osmanlı buna bax, kişi \ İstəyir yerisin tərlan yerişi" deyə şeirlər yazır. Ermənilər isə Azərbaycan türklərinə "bizim davamız sünni Türkiyəyə qarşıdır", Türkiyədə isə "Bizim sünnilərlə işimiz yoxdur, davamız şiə azərbaycanlılarladır" deyirdilər. XX yüzilin əvvəllərində vətəndaşlarımız arasında məzhəb fərqini unutdurmağa çalışan və buna çağıran Əli bəy Hüseynzadə xalqa xitabən:
Can düşməni təhdid ediyorkən tərəfeyni,
Ey xacə, nədir məsəleyi şiə və sünni?
- deyə səslənir. Məhəmməd Hadi isə az qala, fəryad qoparırıdı:
Nə sünni-şiə var Quranımızda,
Üxüvvət ləfzi var fürqanımızda.
Üstündən yüz il ötəndən sonra məzhəb ayrılığı barədə düşüncələri qurdalamağa nə ehtiyac var idi, anlamaq olmur.
Əfrasiyablıq
Səfəvilik bu coğrafiyada Əfrasiyablığı canlandırdı. Əfsus ki, burdakı həssas bir məqam geniş mənada diqqətləri cəlb etmir. Yəni, Sultan Səlim Şah İsmayıla yazdığı təhdid məktublarında onu "Əfrasiyabi-əhd" adlandırır, özünü isə Keyxosrovla qiyaslandırır. Bəllidir ki, İran-Turan savaşlarında Turan hökmdarı Əfrasiyab, İran hökmdarı da Keyxosrovdur. Göründüyü kimi, bu tarixi amil Şah İsmayılı Sultan Səlimdən daha çox türk edir.
Ümumiyyətlə, Turan qəhrəmanı Alp Ər Tonqaya osmanlı siyasi-məfkurəvi düşüncəsinin mənfi münasibəti diqqəti tarixin həmin dönəmində daha çox cəlb edir. Sultan Səlimin atası II Bəyazidin Uzun Firdovsi adlı bir türk şairinin "Süleymannamə" adlı əsərini yandırtdığı, yaxud böyük bir qismini ixtisar etdirdiyini qaynaqlar müxtəlif şəkildə xəbər verməkdədir. Türk Firdovsi fars Firdovsiyə rəğmən Əfrasiyabı "milli bir həyəcanla öymüşdür" (N.S.Banarlı). Sultan II Bəyazid tərəfindən bəyənilməyən əsəri üzündən Firdovsi cəlayi-vətən olmuş, Osmanlıdan Səfəviyə sığınmışdı.
Sultan Səlimin yazdığı təhqiramiz məktublarda hər hansı mənada olursa-olsun, dediyim kimi, Əfrasiyab cizgisi qabardılıbsa, bununla yalnız qürur duymaq gərəkir. "Fərmandari-əcəm, sipəhsalari-əzəm, sərdari-müəzzəm, dahhaki-ruzgar, darabi-giridar, Əfrasiyabi-əhd..." Yaxud "Zəmanə Əfrasiyabı Əmir İsmayıl" və s... Zəmanə Əfrasiyabı, yəni zəmanə Alp Ər Tonqası... Bunun nəyi bizim deyil, yaxud o hansı müasir İrandır ki, bu gün Keyxosrov olmağı deyil, Əfrasiyab olmağı seçib, yaxud seçər?..
Xətainin ay-ulduzlu bayrağı
Qaynaqlar Şah İsmayılın bayrağında ay-ulduz təsviri olduğunu bildirir. Mən bunu Mirzə Abbaslının 1980-ci illərin əvvəllərində çox dəyərli "Şah İsmayıl Xətainin ömür yolu miniatürlərdə" kitabından oxumuşdum. (Kitab 1981-ci ildə nəşr olunmuşdu və böyük həyəcanla oxunurdu). Şah İsmayılın Bağdadda böyük coşqu ilə qarşılandığını yazan müəllif "Cahanarayi Şah İsmayıl Səfəvi"yə istinadən "Şah İsmayıl ay-ulduzlu bayrağı altında Bağdada yaxınlaşdı", - deyə bildirir. Bu isə İranın ənənəvi şiri-xurşid təsvirli bayrağı deyil (ki, son müharibə təbəddülatlarında pəhləvipərəst farslar indiki bayraqlarındakı "Allah" sözünü dərhal şiri-xürşidlə əvəzləyib meydana çıxdılar).
Xətainin şair kimliyi
Şeirləri qurduğu dövlətin ideoloji məzmununu əks etdirən Xətai nadir və hamıdan fərqli şairdir. Professor Oqtay Əfəndiyevin "Azərbaycan Səfəvilər dövləti" kitabında diqqəti cəlb edən belə mühüm bir məqam var: "Hekayə üslubunda olan mənbələr qızılbaşlar hərəkatının ideologiyası... haqqında mühakimə yürütməyə imkan vermir. Bu cəhətdən Şah İsmayıl Xətainin öz divanı böyük əhəmiyyət kəsb edir".
Bəzən Xətainin şairliyi də şübhə altına alınır. Xətai imzası ilə yazılan şeirlərin ona aid olmadığı iddia olunur. Bu şeirləri Xətai yazmayıbsa, belə çıxır ki, "XVI əsrdəki Azərbaycan türk ədəbiyyatının... dil və yaradıcılıq ünsürləri vasitəsilə və içərisinə də aldığı bədii və lisani komponentlərin genişliyi, horizontal meyarı Xətai ilə təmsil olunur" deyən Bəkir Çobanzadə yanılırdı? Min beş yüzillik poeziya tariximizdə bu miqyasda ədəbi dəyər daşıyan və bu miqyasda elmi dəyərini alan Xətai deyil, kimdirsə, başqa bir şairdir?
Azərbaycan mədəniyyətinin dominantı olan Təbriz miniatür məktəbi də, Şeyx Səfi xalçası da Səfəvi irsidir. Biz imtina edək, müasir İranmı sahib çıxsın?
Fazil Mustafa bildirir ki, "səfəviliyin bizim bugünkü milli mirasa aid edilməsinin heç bir məntiqi izahı yoxdur". Doğrudanmı, yoxdur?
Səfəvi varisliyindən imtina ediriksə, o zaman çox şeylərdən imtina etməliyik. Milli varlığımızın mədəni kimlik simvolu olan Təbriz miniatür məktəbindən imtina etməliyik? Sultan Məhəmmədin, Ağa Mirəkin, Mir Müsəvvirin, Mir Seyid Əlinin, Sadiq bəy Əfşarın bizim mədəniyyətə dəxli olmadığına inanmalıyıq? Xətainin bədii irsindən imtina etməliyik? "Şeyx Səfi" xalçasının bizə aid olmadığını söyləməliyik? Şah İsmayılın sarayındakı Aşıq Qurbanidən imtina etməliyik? Bütün bunlar bizim mədəni kimliyimizin rəmzləri deyilmi? Biz bu mirasla varıq. İmtina etsək, sözün bütün mənalarında quru yerdə qalmarıqmı?
Zəruri bir əlavə: Şah İsmayıl Xətainin Bakıdakı heykəli
Şah İsmayıl Xətainin Bakıdakı heykəli ilə bağlı internetdə axtarış verdim. 1993-cü ildə açıldığı bildirilir. Memarları kimdir, onlar da qeyd olunub. Ancaq hansı ayda və ayın neçəsində açılıb, açılışda kimlər çıxış edib? - bu barədə məlumat yoxdur. "Ədəbiyyat qəzeti"nin 1993-cü il komplektini vərəqləyirəm. Həmin ilin 11 iyun tarixli sayında Xətainin heykəlinin şəkli, yanında da belə qısa bir məlumat verilib: "Ötən şənbə günü Xətai rayonunda Şah İsmayıl Xətainin abidəsinin təntənəli açılış mərasimi olmuşdur (Abidənin müəllifləri Xalq rəssamı İbrahim Zeynalov, heykəltəraş Zakir Mehdiyev, memarlar isə Pərviz Hüseynov və Hacı Əliyevdir).
Mərasimi giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Zəlimxan Məmmədli açaraq Şah İsmayıl Xətainin Azərbaycan dövlətinin qurucusu kimi əvəzsiz xidmətlərindən danışmışdır.
Mərasimin açılışında prezidentin humanitar məsələlər üzrə müşaviri R.İsmayılov, mədəniyyət naziri P.Bülbüloğlu, Bakı və kəndlər birliyinin sədri N.Ağayev, abidənin müəllifi İ.Zeynalov və başqaları çıxış etmişlər.
Abidənin lentinin kəsilməsi ilə bir arada Azərbaycanın dövlət himni səsləndirilmişdir".
Başqa heç nə yazılmayıb. Açılış mərasimindən foto da yoxdur.
Bir də qəzetin ilk səhifəsində Xətainin bu misraları:
Xətayi, dünyanın ötəsi fani,
Bizdən əvvəl bunda gələnlər qanı?
Sanma daim şad yürüyə düşməni,
Bir gün olur növbət ona da gələ.
Tarixə fikir verdinizsə, abidə Azərbaycanın ən çətin günündə, qardaş qırğınlarının bir addımlığında ucaldılıb.
Abidənin açılışında mədəniyyət naziri kimi söz deyən Polad Bülbüloğlunun indi Xətai irsinin müzakirə olunduğu günlərdə Parlamentin Mədəniyyət Komitəsinin sədri kimi sözünə ehtiyac var...
Əmir Teymurla Şah İsmayılın ortaq tərəfi - isna-əşəriyyə məsləki
Teymurun məzhəbi barədə tarixçilər arasında tərəddüdlü və fərqli qənaətlər mövcuddur. Zəki Vəlidi Toğanın yazdığı kimi, "Temürə gəlincə, o, Mazandaranda müfrid şiəliklə, Suriyada müfrid sünniliklə mücadilə etdi. Mazandaranlılar onu Yezid tələqqi etdikləri halda, suriyalılarca o şiə idi".
Ancaq, tarixdən bəllidir ki, Əmir Teymur bir əhli-beyt sevdalısı olub. Məmləkətində peyğəmbər övladlarına mənsub ayrıca məqamlar bərqərar edib... Hətta Fuad Köprülünün "Türk Edebiyatında ilk Mutasavvıflar" əsərində Hafiz Ebruya, Leon Kahuna istinadən yazdığı kimi, "Teymir əski Çingiz Yasasını qaldıraraq isna-əşəriyyə məsləkindən mülhəm (şiə məsləkdən ilhamlanaraq) yeni bir təşkilat", yaxud dini-məfkurəvi sistem yaratmışdı.
Əli bəy Hüseynzadə Teymurdan sonra tarixin ibrət səhnəsinə I Şah İsmayılı çıxarırdı
Əvvəldə də qeyd etdiyim kimi, Hüseynzadənin 2500 illik türk tarixindən bəhs edən "Siyasəti-fürusət" əsərində "Teymurnamə" fəsli "Səfəvilər" fəsli ilə davam edir, Teymur övladlarından sonra türk cahan hakimiyyəti qafiləsini səfəvilər davam etdirir. Hüseynzadə Çaldıran savaşına Ankara meydan savaşının, Şah İsmayılla Sultan Səlimin arasındakı ixtilafa Əmir Teymurla Yıldırım Bəyazid arasındakı qırğınlığın davamı kimi baxır. Diqqəti Teymurilərlə Səfəvilər şəcərəsi arasında gizli-aşkar bağların mövcudluğuna cəlb edir. Təlqin edir ki, ogünkü İran Turanın bir qismidir. Bir az sonra Azərbaycan valisi Abbas Mirzə Qacarın dilindən "Herat, Xarəzm, Türkmən yerləri və sairə dəxi mənən şu müahidə ilə (Türkmənçay müqaviləsi ilə) hakimiyyətimizdən çıxdı, - deyərkən də Hüseynzadə bunu xatırladırdı... Hüseynzadə Səfəviliyin qurucu atası Səfiəddini xatırladır, Xətainin nəsil şəcərəsi barədə: "Ərdəbildə zaviyənişin olmuş bulunan Şeyx Səfiəddin Ələvi nam seyidin əhfadındandır (nəslindəndir)" deyir. "Şeyx Səfiəddin isə həzrəti-imam Musayi-Kazimin nəslindəndir. Səfəviyyənin İran taxtına nailiyyətləri sırf seyid olduqları üçün olmayıb, bunun bir neçə səbəbi vardır. Əvvəla, Şeyx Səfi fəzl və kamalı, zöhd və təqvası sayəsində əhli-beytə məhəbbətlə məşhur Teymurun fövqəladə hörmətinə məzhər oldu. Bu üzdən əvvəla, dinin qədr və etibarı getdikcə artdı. Saniyən, bunlar Ağqoyunlularla əqrəbalıq peyda etdilər. Şah İsmayılın böyük validəsi, yəni nənəsi Ağqoyunlu hökmdarlarından Uzun Həsənin həmşirəsi olduğu kibi anası Aləmşah bəyim də onun qızıdır. O halda Səfəviyyə sülaləsi validə cəhətindən türk olan Ağqoyunluların təmadisi (davamı) sayılır. Şah İsmayıl Şirvanı zəbt və bədə Ağqoyunluların son hökmdarını təmamilə məğlub edib, dövlətlərinə xatimə çəkdikdən sonra Təbrizdə elani-səltənət elədi".
İbn Bəzzaz da 1350-ci ildə yazdığı "Səfvətüs-Səfa" əsərində Şeyx Səfi barədə belə bir məlumat təqdim edib: "Bir gün həzrət Şeyx oturur ikən gördi kim, mehrabun divarı yarılub bir kimsə çıxub, həzrət Şeyxə xitab etdi kim, ey türk piri və ol çağ Şeyxə "türk piri" derlərdi..."
Bu günlərdə YouTube platformasında kimsə israrla sübut etməyə çalışırdı ki, Şeyx Səfiəddinin türk olması barədə fikir həmin əsərə sonradan daxil edilib. Qəribədir, kimin nə ehtiyacı vardı ki, Səfiəddin Ərdəbilinin türk olduğunu kiməsə car çəksin? Tutaq ki, deyilənlər həqiqətdir, artırıblar, bunun bizə hansısa ziyanı varmı? Axı o kitabda Səfiəddindən başqa da çoxlu türklər və turanlar var. Tutaq ki, o təzkirədə Muqanlu Pirə Bayatı var. Yaxud belə xəbərlər: "Pirə Turan dedi kim..." və s.. Pirə Turan - övliya Turan mənasındadır.
Mustafa Ekinçi "Ərdəbil Təkkəsinin Quruluşu, Gəlişməsi və Anadoludakı dini və siyasi fəaliyyətləri" əsərində bildirir ki, Teymur 1402-ci ildə Yıldırım Bəyazidlə müharibədən dönərkən Ərdəbilə baş çəkmiş, Şeyx Səfi xanəgahını və Şeyx Səfiəddinin nəvəsi Xoca Əlini ziyarət etmiş, bu görüşdən sonra Ərdəbil və ətrafındakı bütün torpaqların gəlirinin Ərdəbil təkkəsinə verilməsini əmr etmiş, Ankara müharibəsində əsir götürdüyü və əsasən, Təkə və Qaraman boylarından oluşan osmanlıları Xoca Əlinin istəyinə uyğun olaraq azad edib onları Ərdəbil təkkəsinin kəramətinə bağışlamışdı. Brokkelman isə yazır: "Şeyx Heydərin tərəfdarları, içlərindən Teymurun Şeyx Xoca Əliyə bağışladığı Anadolu əsirlərinin nəslindən gələnləri imtiyazlı bir durum əldə etmiş müxtəlif türk qəbilələrinə mənsubdurlar". İlk Səfəvi əsgərlərinin də, ilk qızılbaşların da elə əski osmanlı zümrəsindən olduğunu təkzib etmək sadəcə, mümkün deyil. Deməli, Nihal Atsızın əvvəldə xatırlatdığım mülahizəsi bilavasitə həqiqətdir: bu, bir iç savaşıydı...
16-17 avqust 2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
