"Səksən"dən görünən yaxınlar və uzaqlar - Elnarə AKİMOVA - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

Ömrünü, tərcümeyi-halını millətin yaddaşına çevrilə biləcək şəxsiyyətlərin olmadığı illər zamanın yaddaşında boşluğu ifadə edir. Anar yaradıcılığı bu mənada tarixi-milli özünüdərkin faktıdır, milli təfəkkür sivilizasiyasının epizodu deyil, hadisəsidir. Tarixin, idrakın hansı tərəfindən - uzağından, ya yaxınından baxsaq qarşımızda yarım əsrdən artıq bir dövrün tərəqqi hərəkatında iştirak edən bir ömür dayandığını görərik.

Anar mənim uşaqlıq yaddaşımdır, onun bir parçasıdır. Bütövləşən, formalaşan ədəbi zövqümün, ədəbiyyata baxışımın təməlində dayanan yazıçılardandır. Bizim evdə ən çox oxunan əsər "Sizsiz" olub. Atamın səliqə ilə düzdüyü kitabların arasında özünün də tez-tez əlinə götürüb nəfəsi ilə tozunu aldığı "Dünya bir pəncərədir" kitabı da var idi. Amma mən "Ağ liman"la sevdim Anar nəsrini. Ümumiyyətə, o dövrün ab-havasını əks etdirən iki-üç əsər oxuduğum gündən bu yana cazibəsini itirməyib: "Adamlar və ağaclar" (Ə.Əylisli), "Ağ liman" (Anar), "Baladadaşın ilk məhəbbəti" (Elçin)... Ömrün daha saf, daha qatqısız anları kimidi bu əsərlər. Oxuduqca durulur, həyatın xeyir-şər, işıq-qaranlıq arifmetikasından qurtulub metafizik bir huzura qovuşursan.

Bu bir faktdır. 60-cı illər ədəbiyyatımızın istiqlala aparan zaman kəsimi oldu. Uzun müddət öz tarixi yaddaşından uzaq düşmüş xalqı yenidən yaddaşına qaytarmaq vəzifəsi, bu vacib missiyanın milli şüurda ideya-bədii dərki və labüdlüyü məsələsi 60-cı illər bədii nəsrinin əsas problematikasını təşkil etdi. Anar nəsri bu prosesə yeni düşüncənin ifadəçisi olaraq qatıldı, tarixi yaddaşın təhrifsiz təlqin olunması, xalqın gen yaddaşına ötürülmüş məlumatların milli mövqedən yenidən bərpa edilməsi istiqamətinin episentrində dayandı.

Hər gəlişin bir missiyası olur. Mənə elə gəlir ki, 60-cı illərdə itmiş, güdaza verilmiş tarixi yaddaşın bərpası üçün böyük bir missiyaya tapınan Anar bunu bütün yaradıcılığının amalına çevirməyə nail oldu. Namizədlik dissertasiyamın üzərində çalışdığım vaxt Anarın 1985-ci ildə yazdığı "Dədə Qorqud dünyası" araşdırması keçmişdi əlimə. Sovet dövrünün hələ bitmədiyi illərdə Anar "Dədə Qorqud dünyası"nda qədim abidənin mənşə, dil, ərazi nöqteyi-nəzərindən Azərbaycan xalqına aid olduğuna diqqət çəkir, Dədə Qorqud dövrü oğuzlarının qədim kökə malik olması, öz torpaqlarında qədim zamanlardan məskunlaşması, mənəvi-əxlaqi dəyərləri ilə seçilməsi məsələlərini diqqətə çatdırırdı. Üstündən onilliyin və təlatümlü dalğaların ötdüyü bir dönəmdə, 1995-ci ildə yazılan "Otel otağı" əsərini oxuyanda mən nədənsə, bu araşdırmanı xatırlamışdım. Yazıçı baş qəhrəmanın - Kərimin şəxsində retrospeksiya vasitəsilə tez-tez keçmişə qayıdaraq yaddaşa müraciət edirdi: "Dad yaddaşıyla, qoxu yaddaşıyla bərabər uşaqlıq çağının ayrı-ayrı səhnələri, mənzərələri, sifətləri də bir-bir xəyalında canlanırdı. ...İstisuda üç yerdə su püskürüb yerdən çıxırdı, amma bu su yoldakı bulaqların suyu kimi soyuq, sərin deyildi, istiydi, hərarətiylə, tərkibiylə şəfalı idi... indi buraların yer adları - sanki kimsə qulağına bircə-bircə pıçıldayırmış kimi - yaddaşında səslənirdi: Yağlı bulaq, Qızıl qaya, Keçili dağı, Pəri çınqılı, Ayğır qayası, Şiş qaya, Daşlı yurd, Kotan qayası, Eyvazlı dağı, Novlu bulaq. İndi bütün bu yerlər ermənilərin əlindəydi".

Anarın digər - "Yaşamaq haqqı" traktatı, "Gecə düşüncələri" esselər toplusu, "Ağ qoç, qara qoç", "Göz muncuğu" və s. kimi əsərləri də tarixə, milli yaddaşa və keçmişimizə çəkilən illüstrasiyalardır. Nə deyirsiz-deyin, yazıçı üçün tarixi qata aludəlik, bağlılıq və bələdlik çox şeydi. A.V.Mixaylovun çox sevdiyim bir fikri var: "Bizim mədəniyyət barədə bilik səviyyəmiz - bu "tarix" anlamıdır." Anarın əsərlərindəki tarix konsepti - yaddaşa bağlılıq və meyar sabitliyi ilə mənəvi-əxlaqi dəyərlərimizin sabitliyi arasında birbaşa əlaqə var. Bu əlaqə nə sxolast bolşevik şüurun və vulqar sosioloji psixologiyanın hakim olduğu sovet epoxasında pozuldu, nə də ən çətin məqamlarımızda - total siyasi stress, sosial böhran, xaos və deqradasiyanın ölkə həyatını bürüdüyü 90-cı illərdə məhvərindən ayrıldı. Qlobal təfəkkürün bütün ərazilərimizi zəbt etdiyi qaçılmaz olan indiki zamanda da Anar yaradıcılığı milli ahəngə xidmət edir, yeni fəlsəfə axtarışına milli əxlaqın özündən başlayır, onu oriyentir seçir, onu meyara çevirir.

Bəli, böyük bir epoxa həm də Anar nəsrindən keçir, durulur. İctimai və milli- mədəni həyatımızın son 60 ilində Anar faktoru vardır. Ya əsərləri danışıb, ya incə yumoru, ya ağrısı, ya da sükutu. Amma bütün hallarda öz "mən"i ilə estetik fenomenlər arasında simmetriyanın pozulmasına imkan verməyib.

Anar yaradıcılığındakı yaddaş özülü ilə çox mənəviyyat və ənənə aşınmalarını dəf etmək mümkündür.

80 yaş tarixə və zamana daha ucada dayanıb baxmaq üçün gözəl fürsətdi. Mübarək olsun!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!