Bədirxan ƏHMƏDLİ
Almaniya Yazarlar Birliyinin üzvü Orxan Arasın adını 90-cı illərdən eşitmiş, yazılarını oxumuşam, özünü isə on beş ilə yaxındır tanıyıram. Hələ çox gənc ikən Azərbaycana - Bəxtiyar Vahabzadəyə, Abbas Zamanova yazdığı vətənpərvərlik məktublarını arxivdə işləyərkən görmüş, ad yaddaşıma həkk olunmuşdu. 80-ci illərin sonlarından başlayaraq Azərbaycan milli hərəkatının xaricdəki əsas ideya mənbələrindən biri olduğunu və bu istiqamətdə böyük işlər gördüyünü bilirdim, sonra Kölndə və Bakıda bu barədə çox söhbətlərimiz olub. "Qarabağın göz yaşları" (1997), "Azərbaycan davamız" (1998) kitablarını oxumaq kifayətdir ki, onun keçirdiyi hisslərin, gördüyü işlərin miqyasını yaxından dərk edəsən. Bu gün də bu sahədə böyük bir təşkilatın gördüyü işləri görür, yeni ideyalar verir, türkçülüyün hərəkətverici qüvvəsini artırır. Bizi bizdən kənarda layiqincə təmsil etmək hər zaman hər adama qismət olmur. Baxmayaraq ki, həmişə onun bu işləri milli diaspor təşkilatlarımızın diqqətindən kənarda qalır. Cəmi bir neçə il əvvəl, Azərbaycanda Nizami Gəncəvinin yubileyi keçirilərkən Almaniyada nəşr etdirdiyi iki kitab alman oxuculara tanıtdırmaq baxımından çox önəmli idi. Almaniya, Türkiyə və Azərbaycanda çoxlu bədii əsərləri, publisistik kitabları nəşr olunub. Azərbaycanın ondan çox çağdaş şairlərinin şeirlərini almancaya çevirərək nəşr etdirib. Özü açıb-ağartmasa da, bəzən zərərə də düşüb. Onun bədii yaradıcılığı ayrıca bir yazının mövzusudur. 2013-cü ildə şəxsən tanış olduqda, onun akademik İsa Həbibbəylinin rəhbərliyi altında Azərbaycanın mühacir yazıçı və publisisti, məşhur Məhəmməd Əsəd bəydən dissertasiya yazdığına çox sevindim. Ona qədər mən də bu yazıçını ilk dəfə olaraq 3 cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"nin (Bakı: 2010, "Apostrof", 436 s.) 2-ci cildinə daxil etmişdim. Baxmayaraq ki, o zaman bu yazıçı haqqında Azərbaycanda haqq etmədiyi söhbətlər dolaşır, antitəbliğat gedir, yaradıcılığı bəzi tədqiqatçılar tərəfindən şübhə altına alınırdı. Orxan Aras ona görə bu mövzunun işlənilməsinə uyğun idi ki, həm Azərbaycan ədəbiyyatını, həm də alman dilini bilir və bu mənbələrlə yaxşı tanış idi. Yəni ona qədər Əsəd bəy tədqiqatçıları (professor Höpp, Tom Reiss, Betti Bleyer və b.) ya alman, ya ingilis, ya da Azərbaycandilli (əslində Azərbaycanda onun yaradıcılığı yalnız müəlliflik kontekstində araşdırılıb, yaradıcılığı isə kənarda qalıb) idilər. B.Bleyerin bu mövzuda (nə alman, nə də Azərbaycan dilini və ədəbiyyatını bilir) həcmcə böyük bir tədqiqat ortaya qoyaraq (?) "Əli və Nino"nun onun əsəri olmaması barədə 101 tezisi irəli sürməsi bir başqa mövzudur...

Orxan Arasın Əsəd bəyin həyatı və yaradıcılığı ilə bağlı araşdırmaları həm Almaniyada, həm də Azərbaycanda mötəbər mənbə kimi tanınır. Hər zaman araşdırmalarını yeniləyir və elmi dövriyyəyə yeni faktlar gətirir. "Əli və Nino" müəllifi Qurban Səid kimdir?" (Bakı, Çapar yayınları, 2025, 328 s.) monoqrafiyası da bu cür yeni faktlar və yanaşmalarla zəngindir. Əslində, könül istərdi ki, Əsəd bəylə bağlı hər hansı bir araşdırma bu adla işıq üzü görməsin. Çünki "Qurban Səid" imzasının və bu adda çap olunan və olunmayan romanların Əsəd bəyə aid olması haqqında dünyada yekdil fikir çoxdan formalaşıb. Düşünürəm ki, Qurbansəidşünaslıq özünün yeni mərhələsinə daxil olmalıdır. Bu mərhələ artıq dünya ədəbiyyatşünaslığında həllini tapıb; bizim ədəbiyyat tarixçiliyində də təsbit olunub, indi qalır bütün bu faktlara, günəşin varlığına şübhə edənlərin inadkarlığından geri çəkilməsi... Bu yolda da müəyyən işlər görülüb, artıq yavaş-yavaş onlar da görünməz olublar. Ən doğru yol da elə budur, çünki faktın qarşısında etdiyin hərəkətlər yalnız elmi cığallıqdan başqa bir şey deyil. Bu vəziyyət arxada qalmalı, Əsəd bəyin yaradıcılığından danışılmalı, Əsəd bəy-Qurban Səid yaradıcılığı ədəbiyyatımıza qazandırılmalı, bu yersiz və mənasız mübahisələrdən əl çəkilməlidir. Düzünü deyim ki, Orxan Aras da kitabın adına rəğmən, araşdırmasını məhz bu istiqamətdə qurur. Yaxşıdır ki, müəllif Qurban Səid imzasının Əsəd bəyə aid olması ilə bağlı mübahisələrə qoşulmur, sadəcə bizə məlum olmayan faktların konstatasiyasına köklənir və buna nail olur. Yenə də hər ehtimala qarşı kitabın adına uyğun Qurban Səidin kimliyi ilə bağlı yeni faktları da buraya daxil edir. Əsəd bəyin çətin mühacirət yolçuluğu detallı şəkildə verilir. "Əli və Nino" romanının müəllifliyindən bəhs edərkən hər iki əsərin ilk almanca nəşrini müqayisə edərək yazır: "Kitabın almanca nəşrinin 224-225-ci səhifələrində bəhs olunan hadisələrin Əli xanın Gəncənin müdafiəsində iştirakı ilə birə-bir eyni olması diqqətdən qaçmır" (s.80). Hər hansı bir əsərin kiməsə məxsus olduğunu sübut etmək üçün ehtimallardan yapışmaq doğru deyil. Heç bir tədqiqatçı faktı qoyub ehtimallara sığına bilməz. Orxan Arasın bu kitabında elə faktlar var ki, onları təkzib etmək mümkün olmur, gərək onun qarşısına daha güclü arqumentlər çıxarasan. Məsələn, Əsəd bəy imzası ilə yazılan bir çox əsərində "Əli və Nino"nun xülasəsi olması və ya oradan parçaların salınması bu faktlardandır. Yaxud Əsəd bəyin dostu Pima Andreaya məktubunda "Əli və Nino" romanı üzərində necə işləməsi faktına nəzər yetirək: "Nə nəşriyyat, nə də müəllif hüququ haqqında düşünürdüm, sürəkli və böyük bir həvəslə yazırdım. Biri "Stalin", digəri isə "Əli və Nino" idi" (s.87). Orxan Aras faktlarla davam edir: "Bütün bunların xaricində, Əsəd bəyin "Rza şah" əsərinin 33, 34, 35-ci səhifələri ilə "Əli və Nino" romanının 24-cü bölümü eynidir. "Rza şah" əsərində təsvir edilən Rza şahın uşaqlığının keçdiyi yerlər "Əli və Nino" romanındakı Əli xanın yaşadığı yerlərdən elə də fərqlənmir". Buradan həm də aydın olur ki, yazıçı bu əsərləri yazmaq üçün sifarişlər götürür, bəzən bu əsərləri paralel işləyir və onun həcmini doldurmaq üçün, necə deyərlər, bir çox ədəbi passajları birindən digərinə keçirirdi. Romanın müəllifliyinin kimliyi ilə bağlı bu cür faklar, arqumentlər o qədər çoxdur ki, onların hamısını burada sadalamaq mümkün deyil. Orxan Arasın Əsəd bəyin dostu Cəmil Vakkanın "Qurban Səid" təxəllüsü ilə bağlı versiyasına Betti Bleyerin iradına cavabı da təkzibedilməzdir.
Orxan Aras Əsəd bəyi bir-iki roman müəllifi olmaqdan çıxarıb bütün yaradıcılığını təqdim etməyə çalışır. Yalnız bu zaman yazıçı yaradıcılığının ədəbiyyatımız tarixindəki yerini və mövqeyini təyin etmək mümkün olar. Monoqrafiyada Əsəd bəyin "Əli və Nino", "İstanbuldan gələn qız" ("İstanbullu qız" və ya "Xaricdən gələn qız" kimi də tərcümə olunur), "Eşqdən anlamayan adam" romanları üzərində də təhlillər aparır. İlk iki roman haqqında müəyyən araşdırmalar aparılsa da, sonuncu roman ilk dəfə olaraq təhlil edilir. Nədən ki, bu roman hələ də çap olunmayıb. Orxan Aras isə bu romanın yalnız bir hissəsi ilə tanış olub və ona uyğun təhlillər aparıb. Romanın əlyazmasının Tom Reissin əlində olması onun haqqında geniş təhlillər aparmağa imkan vermir. Bizə isə yalnız romanın çap olunmasını gözləmək qalır. Əsəd bəyin "Stalin", "Məhəmməd" ("Sonuncu peyğəmbər" də tərcümə olunur), "II Nikolay", "Rza şah" bioqrafik əsərləri üzərində də təhlillər aparılır. İlk dəfədir ki, yazıçının bu əsərləri geniş tədqiqata cəlb olunur.
M.Əsəd bəyin əsərlərinə yazılmış tənqidlər bölümü də yenidir. Ədəbiyyatşünas yazıçının sağlığında əsərləri haqqında yazılan rəyləri, fikirləri Hans Vısotskinin iki araşdırmasına istinad edir. Bu araşdırmadan görünür ki, Əsəd bəyin sağlığında belə ona münasibətdə qərəzli mövqe tutulmuşdur. Məsələn, H.Vısotskinin faşizimin əleyhinə olan və bu ideolojidən gizlənən Əsəd bəyin faşist düşüncəsinə sahib olması iddiası müəllif tərəfindən tənqid edilir. Yaxud, əsərlərində Ənvər paşa kimi güclü şəxsiyyətə Əsəd bəyin heyranlıq duyması nədən tənqid olunmalıdır? Baxmayaraq ki, Əsəd bəyin əsərlərində Ənvər paşa kimi böyük şəxsiyyətlərin (Çingiz xan, Cəmaləddin Əfqani, Atatürk, Rza şah və b.) hər birinin obrazı yaradılırdı. II Nikolay, Rza şah, Stalin haqqında da eyni fikirdə idi. Bu cür ziddiyyətli fikirlərlə yazıçı haqqında rəy yaradan qərəzli resenziyaçıya, gec də olsa, Orxan Aras tutarlı cavablar verir: "Məsələn, "Həyat hekayəm" məqaləsində Stalindən "Çopur" deyə bəhs etməsinə rəğmən, "Stalin" əsərində ona qarşı bir nifrət duyğusu yoxdur" (s.172).
Monoqrafiyanın ən maraqlı bölümlərindən biri "Məktublar" bölümüdür. Yazıçının Pima Andreaya, Baron Umar Erenfelsə, xanım Elfride Erenfelsə, Amerikadakı dostu Vieskə yazdığı məktublarda Əsəd bəyin yazıçı və insan obrazını yaxından görürük. Bu məktublar M.Əsəd bəyin bir yazıçı kimi necə məhsuldar işlədiyini, durmadan çalışdığını göstərir: ""Stalin" artıq Almaniyada da yoxdur. "Neft" ("Şərqdə Neft və qan"ı nəzərdə tutur - B.Ə.) Sürixdəki "Yaşer" yayın evindən təmin edilə bilər. "Qafqazın 12 sirri"nin qalan nəşri "Orell-Füssli-Zürich" olmalıdır. "NKVD" Berlindəki "Etthofen Nyumphen-berger Str.1" ünvanından təmin edilə bilər" (s.210). Yazıçının bütün məktubları belədir; ancaq yaradıcılıq atmosferindən ibarətdir. Sanki Əsəd bəy ədəbiyyatla nəfəs alır, onunla yaşayırdı.
Əsəd bəy məktublarının birində qeyd edir ki, əsərləri 30 cildi əhatə edir; bu doğrudurmu? Gələcək tədqiqatlar bunu göstərəcək. Hələlik isə, Orxan Arasın bu araşdırması yazıçının həyat və yaradıcılığına yeni işıq tutur. Bu əsərlə tanış olarkən, milli ədəbi mühit Məhəmməd Əsəd bəyi təkcə "Əli və Nino" romanının müəllifi kimi deyil, 15 roman müəllifi, publisist, şərqşünas və zəngin bir epistolyar irs qoyub getmiş böyük Azərbaycan yazıçısı kimi tanımış olur. Məncə, bu tanıtımda Orxan Aras yaradıcılığının özünün janr, forma, üslub müxtəlifliyi və zənginliyi də böyük rol oynayır. Orxan Aras da eynən Əsəd bəy kimi zəngin üslub polifonizmi ilə bizi yazıçının sirli, təlatümlü həyatına daxil edir. Bizim məqsədimiz hələ ki, dünyanın sahib çıxmağa tələsmədiyi M.Əsəd bəy yaradıcılığını və ədəbi şəxsiyyətini dışlamamaq, özününküləşdirmək olmalıdır. Yoxsa, sonra gec ola bilər... Orxan Arasın da məqsədi budur. Bu yolda ona uğurlar arzulayıram!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
