Günter Qrass körpüsü və ya göz yaşı sarayı - Kənan HACI

 

Elə yazıçılar var ki, onlar öz vətənlərinin vicdanı hesab edilirlər. Alman ədəbiyyatının böyük yazıçılarından olan Günter Qrass məhz belə yazıçılardandır. O, faşizmin bütün günahlarını süngər kimi özünə çəkmiş, yaradıcılığında bu ağrıları qara yumorla təqdim etməklə həqiqətə sadiq qalmağa çalışmışdır. Əlbəttə, bu ona böyük mənəvi ağrılar hesabına başa gəlib. Həqiqətlər onun nəsrində, öz təbirincə desək, "kağız üzərində dəqiq ifadə olunmağa" çalışıb. O, sözdən hadisə yaratmağın ustasıdır.

Birbaşa mətləbə keçək. Yazıçının avtobioqrafik səciyyə daşıyan "Mənim yüzilliyim" əsəri müharibənin mozaikasıdır, Hitler Almaniyasının gerçək mənzərəsidir. Qrass ideallarından məhrum olmuş insanların, bütöv bir nəslin mənəvi ağrılarını ustalıqla təsvir edir. İkiyə bölünmüş Almaniyanın çaşqın insanlarının mənəvi-psixoloji durumu aydın ştrixlərlə işlənib. "Mənim yüzilliyim" fraqmentar əsərdir, amma bitkin təəssürat yaradır. İnsan mənzərələri ilə zəngin olan bu əsər müharibədən məğlub çıxmış bir ölkənin mənəvi xəritəsidir.

Yazıçı detallarla zərgər dəqiqliyi ilə işləyir. Publisistika bədii mətnin içində əriyir, mətnin dadını-duzunu artırır. Bunker üzərində günbəzin çökməsi, Kleystin məzarı başında iki şairin söhbəti, dağıntılar içində kərpic qırıntıları yığan sadə alman ailələrinin sabaha tükənməz inamı... Parçalanmış xalqın mənəvi sarsıntıları yazıçı qələmində əbədiləşir. İki gözəlçəni - Elen və Alisanı alman iqtisadiyyatı ilə əlaqələndirməyi yalnız G. Qrass bacara bilərdi. Situativ manevrlər Qrass nəsrinin özəlliyidir və bu üslub sanki oxucunun beyninin pasını açır. Su borularının içi ilə Şərqi Almaniyadan Qərbi Almaniyaya keçən əzabkeş insanları təsəvvür edirsinizmi? Bu boruların içi üfunət qoxuyur, amma vətən həsrəti insanı bütün bu zillətlərə qatlaşmağa məcbur edir. "Adidas" və "Puma" şirkətlərinin dünya bazarına çıxması necə baş vermişdi?

 

"Filarmoniya" adlandırılan sahilə atılmış gəmi və onun içində həbs edilmiş musiqi ölkənin taleyini simvolizə edir. Qrass sözlər arasında gizlənmiş sükutun ustasıdır. Modernist nağılçıdır. Bu nağılın iki üzü var - bir üzü sərt realizm, o biri üzü simvolika.

"Sözün qüdrətinin necə böyük cazibə qüvvəsi var imiş". Bu, Qrassın sözləridir. Bu sözləri elə onun özünə, bədii nəsrinə də şamil etmək olar.

Əsərdə yəhudi soyqırımının dəhşətləri də, Nürnberq məhkəməsi də, 1968-ci ilin "Praqa baharı" da təsvir edilir. Əslində "Mənim yüzilliyim" bütöv bir əsrin tarixi, mənəvi xronikasıdır, salnaməsidir. Qrass bu əsəriylə XX əsrə güzgü tutur. Bu bədii güzgüdə dünya özünü çılpaq formada görür. O, ən dəhşətli tarixi faciələri belə qrotesk, ironiya, satira və qara yumor vasitəsilə təsvir edərək oxucunu sarsıdır.

1945-ci ilin aprelində yaralı vəziyyətdə amerikanlara əsir düşmüş Günter Qrass vətəninə qayıdandan sonra şaxtaçı və bənna işləməyə başlayıb. O illər "Mənim yüzilliyim" əsərində öz əksini tapır. Şaxtadan yüzlərlə donmuş meyit çıxardıqları o dəhşətli günləri yazıçı soyuqqanlı şəkildə təsvir edir. "Mən konslagerlərdə qalan cəsədlərin necə qalaqlandığını, sonra isə bu qalaqlara necə od vurulduğunu gördüm. ...mən belə hadisələri təsvir etməyə öyrəşməmişdim. Bu cür yazıları yazmaq üçün söz tapa bilmirdim. Və susmağı da elə o zaman öyrəndim." (!!!)

Amma yazıçı sona qədər susmadı. "Mənim yüzilliyim" yazıçının etiraflarından ibarətdir. Faşizmə görə bütün dünyadan, bəşəriyyətdən üzrxahlıq edən Qrass dünya ədəbiyyatına "Tənəkə təbil" kimi mükəmməl bir əsər bəxş etdi. Hərdən mənə elə gəlir ki, bu romandakı böyümək istəməyən Oskar elə yazıçının özüdür. Böyüyüb günahlar vadisində sürünmək istəməyən insanın faciəsi... "Ağır illər" romanında təsvir edilən Visla çayını xatırlayın. Gül və kül, qürub və qan onun bəzəyidir. Visla çayını külək aparır, o səmaya pərvazlanmaq istəyir. "Amma istəklərin hamısı yerinə düşmür, səmaya uçmağı arzulayan çaylar da axıb Vislaya tökülür..."

Visla çayı metaforadır, bütöv bir xalqı simvolizə edir. Hötenin Almaniyası ilə Hitler Almaniyası arasında bir Günter Qrass körpüsü var. Bu körpü dünyanı, bəşəriyyəti xilas etmək üçün yaranıb. Qrassın ədəbi dühası yaradıb bu körpünü. Təməlini isə əsrlər öncə Höte atmışdı...

"Mənim yüzilliyim" əsərini mütaliə etdikcə insanın ağlına belə fikirlər gəlir. Ümumiyyətlə, Günter Qrass ətrafında qalın şərhlər qabığı əmələ gələn yazıçılar siyahısına aiddir. Yozumlar dərketmənin modern yoludur. Qrass hər cümləsində oxucunu düşünməyə vadar edir, onu diqqətsiz oxumaq özünü böyük mənəvi zövqdən məhrum etmək deməkdir. Və bu baxımdan hazırlıqlı oxucu üçün yazan yazıçılardandır. Mütaliə prosesində dönə-dönə əvvəlki səhifələrə qayıtmalı olursan, alt qatda sayrışan mənaları, göndərmələri yaxalamağa cəhd edirsən. Bu, inanılmaz dərəcədə gözəl bir şeydir; estetik əyləncədir. Qrass oxucunu az qala, mətnin yazılma prosesinə cəlb edir. Sanki oxucu  da mətnin yazılmasında iştirak edir. Absurd elementlər bəzən oxucuda çaşqınlıq yaratsa da, bu beyin fırtınası sonda qəribə şəkildə bir zehni aydınlıq yaradır. Qrassa üslubi özəllik qazandıran da məhz elə bu yazı manerasıdır. Klassik pikareks (macəra) və qroteski birləşdirərək modern təhkiyə tərzi yaradan yazıçı sonda şəffaflığa aparan dolanbac yolları tərcih edir. Belə demək mümkünsə, oxucunu dağa-daşa salmağı xoşlayır.

Günter Qrass bir növ, sürüşkən narrativlərin ustasıdır, hadisəni təsvir edir, düşünürsən ki, axı burda qeyri-adi nə var? Sonda sanki beynində şimşək çaxır, məna partlayışı baş verir. Qəfil aydınlanma... Suzan Sontaq yazır ki, "sənət əsərinə yozum vermək bütöv əsərdən bir neçə elementi qoparmaq deməkdir. Əslində yozum tərcümə işinə çevrilir". Qrassın mütaliəsi zamanı da məhz bu proses yaşanır. Əks halda onun əsərlərini oxumağa dəyməz.

Dünya birinciliyi uğrunda oyunları kamerasındakı televizorda izləyən məhbus görür ki, Almaniya ilə Almaniya yarışır. Yazıçı yazır: "O vaxt mən kimin tərəfində idim? Kimin uğuruna sevinmək hüququna malik idim? ...Hansı qüvvə məni iki yerə parçaladı?" Şəxsiyyətin haçalanması prosesi bu məqamda baş verir. "Bu, nə hissdir belə? İnsan qutunun qarşısında oturur və özünü iki görür". Baxın, yazıçı Almaniyanın iki yerə bölünməsinin vətəndaşın şüurunda doğurduğu ziddiyyəti sadə formada necə təsvir edir. Sadə məsələ deyil, tərəflərdən biri qalib gəlir, hər iki tərəf almanlardır. Dustaq isə kamerasına gedərək hönkür-hönkür ağlayır. Sevincdənmi, ya kədərdənmi?!

Uzun illər boyu yazıçının faşist ordusundakı xidmətinin təfərrüatları qaranlıq qalmışdı. Yalnız 2006-cı ilin avqustunda  Himmlerin tabeliyindəki elitar Vaffen-SS hissələrində xidmət etdiyi aşkara çıxmışdı. Bu, Almaniyada və Polşada böyük qalmaqal yaratmışdı. Həmvətənləri Günter Qrassı saxtakarlıqda, simasızlıq və ikiüzlülükdə, altmış il ərzində bioqrafiyasının ləkəli, utancverici faktlarını cəmiyyətdən gizlətməkdə təqsirləndirmişdilər. Polşanın eks-prezidenti Leh Valensa da daxil olmaqla, polyak opponentlər elitar faşist hərbi hissələrində xidmət etmiş şəxsin Qdanskın fəxri vətəndaşı statusuna malik olmasını yolverilməz saymışdılar. Lakin bütün çağırışlara baxmayaraq şəhər əhalisi Qrassın fəxri vətəndaşlıqdan məhrum edilməsinə razılıq verməmişdi. Yazıçı özü Vaffen SS-dəki xidmətini gənclik təcrübəsizliyi ilə əlaqələndirmiş, döyüş əməliyyatlarında iştirak etmədiyini, bir güllə də atmadığını bildirmişdi. Günahlarını isə ədəbi yaradıcılığı ilə yumağa cəhd etmişdi. Və bu yaradıcılıq onu 72 yaşında Nobel kürsüsünə gətirib çıxartdı. Nobel nitqində yazıçı deyir ki, keçmiş insanı rahat buraxmır və bizim peşəmizin mahiyyəti qaysaq bağlamış yaraları qoparmaqdan ibarətdir.

Şərqi Almaniya ilə Qərbi Almaniya arasındakı sərhəd keçid məntəqəsini yazıçı "Göz yaşı sarayı" adlandırır. Əlavə şərhə ehtiyac varmı?! Yazıçının mənəvi iztirabları ona bəraət qazandırır. Əslində biz bəşər tarixindəki ilk günah üçün könüllü olaraq özümüzü cavabdeh sayırıq və dünyəviliyə köklənmiş yaralı bir ruhu təmsil edirik. Günter Qrass bütün yaradıcı ömrü boyu bu ruhun yaralarına məlhəm çəkməklə məşğul olub. Onun vicdanı hər zaman oyaq olub. Onun içində daim ziddiyyətlərin mübarizəsi gedib. Yazıçılıq missiyası ona üstün hüquq verib ki, məhz həqiqətləri qələmə alsın. Məhz bu əsəbi və ziddiyyətli ruhu ilə yazıçı-vətəndaş obrazını tamamlamağa nail olmuşdu.

Əsər yüz yaşlı qocanın yeni əsrin (ikimininci ilin) başlanğıcında evinin pəncərəsindən həyətdə oynayan nəvə-nəticələrini seyr etməsi ilə bitir. Amma içində dumanlı bir narahatlıq var: "Bircə yenidən müharibə başlamayaydı..."

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!