Ərliklə Ülgen arasında - Əsəd CAHANGİR

Aygün Akınayın "Günəş çəkdim qaranlığa" şeirlər kitabı üzərinə notlar

Əsəd CAHANGİR

 

Aygün Akınayın şeirlər kitabının əlyazmasını rəy üçün mənə AYB sədrinin Baş müşaviri Rauf Aslanov aylar öncə vermiş və içimdən ani bir etiraz dalğası keçmişdi ki, şeirə, ədəbiyyata bu nə axındır belə? Sonra başlamışdım elə ordaca "Günəş çəkdim qaranlığa" adlı əlyazmasını vərəqləməyə və görmüşdüm ki, tanımadığım müəllifə qarşı önyarğımda ağıllı-başlı yanılmışam - şeirlər öz müəllifinin geniş dünyagörüşü, orijinal metaforları, dərin intellektindən xəbər verirdi. Bəli, eləcə savadı yox, məhz intellekti, yəni oxuduqları əsasında özünəməxsus mühakimə qabiliyyətindən! Şairli-nasirli Afaq Məsuddan sonra ikinci dəfəydi ki, belə xanım yazara rast gəlirdim və bu keyfiyyət mənə xeyli qəribə görünmüş, ilkin rəyimi ləngitməmişdim: "Bu, deyəsən, maraqlı müəllifdir, əlyazmasını oxuyub, fikrimi geniş bildirərəm". Fəhmim məni aldatmayıbmış - budur, nəzərdə tutduğum məqaləni yazıram artıq.

Aygün Cəlilabadda dünyaya göz açıb və bu bölgə son otuz-qırx ildə şeir-şair sarıdan özəl seçilir. Amma indi söz konusu bir şairədir, özü də sıradan biri yox, istedadlı biri və sərt şəriət yasaqlarının qorunub saxlanıldığı mühafizəkar bir yerdən belə kreativ düşüncəli xanımın üzə çıxması özü artıq ilginc olaydır. Cəlilabad ədəbiyyata özgürlük dönəmində Salam, Əlizadə Nuri, Aqşin və digər şairlər versə də, məlum səbəbdən ordan çıxan elə bir şairəyə rast gəlmirik. Aygünə gəlincə, özünün eləcə gender mənsubiyyəti deyil, özəl düşüncə tərziylə də bölgənin ədəbi mentallığından yerlə göy qədər uzaqdır. Salamın avtoironik sinizmi, Əlizadənin lirizmi, Aqşinin nihilizmi Aygün üçün əsla və əsla səciyyəvi deyil.

Bu ayrıcalığın nədənləri var:

birincisi, Aygünün Güney Azərbaycan kodudur - soykökü Təbrizə gedib çıxır; təsadüfi deyil ki, 2014-cü ildə "Elm və Təhsil" nəşriyyatında onun "Təbriz sənətkarları" adlı kitabı işıq üzü görüb; ikincisi, o öz ailəsiylə birlikdə uzun illər Rusiyada yaşayıb və bu onun şeirlərinə fərqli baxış bucağı, geniş dünyagörüşü verir. Üçüncüsü, o, ixtisasca rəssamdır, rəngkarlıq, ümumən sənətin bu və ya digər sahəsi özünün səciyyəvi leksik palitrası, terminoloji arsenalı ilə onun şeirlərinə daxil olur və bu şeirlərə özəl bir sənət ruhu, bohema aurası gətirir.

"Sənət gizləmək üçün deyil, gizlənərək danışmaqdır" deyən Aygün "Ana portreti" şeirində rəngkarlığın, "Fotoqraf"da fotoqrafiyanın, "Aktrisa"da teatrın, "Roman yazırdı"da ədəbiyyatın arxasında gizlənərək danışır. Məsələn, "Ömrün simfoniyası"nda "dirijor çubuğu", "not", "pauza", "partitura", "orkestr", "solo", "xor" və sair çoxsaylı musiqi anlayışlarını şeirin başından sonunacan metaforikləşdirib bütöv bir bədii sistemə çevirir:

 

Zamanın dirijor çubuğu

əmr verirdi səslərə,

sükut belə vaxtında girirdi musiqiyə.

Gün notdan-nota keçirdi,

Aralarda taleyin pauzaları.

...Külək partituraları çevirdi.

Mən orkestrdə yerini itirmiş bir səs:

nə solo, nə də xora qarışan.

Bəzən yalnız bir titrəyiş,

bəzən sükutun özü.

Musiqi bitmədi - mən bitsəm də.

Zaman hələ çubuğu yerə qoymamışdı.

 

Bu şeirlər müəyyən qədər Məhsəti, Xaqani, Füzuli, Vaqif və digər klassiklərimizin yaradıcılığında təsadüf olunan, peşə metaforları üstündə yazılan və "şəhraşub", yaxud "şəhrəngiz" adlanan şeirləri yada salır.

 

Ruhən isə Aygün daha dərinlərdən - altaylar, dəşti-qıpçaq bozqırları, Türküstan ulusları, Orxon-Yenisey daş bitikləri, əski türk mifologiyası, tanrıçılıq dini, şamançılıq inancı, bir sözlə, islamaqədərki antik tariximizdən gəlir:

 

Bəlkə, heç doğulmadım,

ya da çoxdan ölmüşəm.

Bu var olan dünyanı

yuxularda görmüşəm.

Davul səsi doğmadı,

başqa səsi yad sanıb,

azıb öz dünyasında

axtarıram ruhumu.

...Ərlik dartır aşağı,

Ülgən çəkir yuxarı.

Bölünmüşəm ikiyə,

İki dünya kimiyəm.

 

Ərlik, Erlik, Yerlik - əski türk inancında yeraltı dünya tanrısı, yəni antik yunanların Aid dedikləri bir ilah! Ülgən - yerüstü dünya tanrısı, təxminən, yunanların Zevsi! İslamın qəbulu ilə ədəbi-bədii yaddaşımız bu adları unudub. Hətta Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi kimi türkçü şairlərin poeziyasında belə bu adlara rast gəlmirsən. Elxan Zal Qaraxanlı indiyəcən bu yöndən bir istisna idi, amma Aygünün meydana çıxmasıyla o özünün bu statusunu itirir - artıq onun qız qardaşı var.

İnsan yuxudan oyanır və şüuru aktivləşən kimi özünü yada salır - mən filankəsəm! Əski tanrıların adlarını xatırlamaq da milli oyanış, milli intibah deməkdir - biz filankəslərik! Sadəcə bu adlar deyil, misraların əksərən qafiyəsizliyindən tutmuş "Akınay" təxəllüsünə qədər hər şey Aygünün əski türk ruhu və türk savı - şeiri ilə bağlılığından soraq verir. Ay əski türk düşüncəsində qadın başlanğıcını simgələyir. Odur ki, "Akınay" ilk baxışdan "ayın axını", "ay işığı" demək olsa da, həm də simgəsəl yöndən "akın qız", yəni "ozan qız", "aşıq qız" - "şairə" anlamına gəlir. Bu bədii soyadı Aygünə milliyyətcə tatar olan, Rusiyada şairəyə rəssamlıq kursu keçən ustadı verib.

Örnək gətirdiyim "Keçid" şeiri əski uyğurlardakı qutsal yazılar - manilər kimi qafiyəsizdir. Oxucu minillik vərdiş üzrə qafiyə gözləyir, o isə gəlmir ki, gəlmir və şeir elə beləcə də bitir. Amma əski şairlə çağdaşımızın bir önəmli ayrıntısı var: o, şeiri misrabaşı səsləşmə (alliterasiya) üstündə qururdu və misrasonu qafiyə ağlına da gəlmirdi. Aygündə isə istər misrabaşı, istərsə misrasonu qafiyədən imtina düşünülmüşdür.

Bu parça Aygünün ədəbi nəsil və zamanının öncəkilərdən fərqini göstərir:

tipik sovet şairi üçün ruh anlayışı yox idi, belə təsəvvür olunurdu ki, insan eləcə bədəndən ibarətdir;

altmışıncılar üçün ruh var, amma o nəslin ən səciyyəvi təmsilçisi Ramiz Rövşənin "Ruhum, dur yığış, gedirik, sən yuxarı, mən aşağı" sözlərindən görünür ki, şair özünü ruh deyil, bədənlə eyniləşdirir.

Aygün və onun timsalında çağdaş bədii düşüncə ruha doğru daha bir addım atır - o, ruhla bədən, aşağıyla yuxarı, Ərliklə Ülgen arasındadır;

sonrakı dönəmin şairi özünü artıq ruhla eyniləşdirəcək. Ruhla bədən arasında beş köynək var və hər köynək özünüdərkin daha bir dönəmidir. Ruhun istəyi bədənə həmqafiyə olmaqdan qurtulmaq, qeydü təəllüqdən azad varoluşa keçməkdir. "Keçid" şeirində Aygün həm özü, həm də şeirimizin bu canatımından danışır.

Aygünün şeirləri yüksək materiyaya iddialı ruhani-metafizik səciyyə daşıyır:

 

Yaman ağır yatıb, qan-tər içində,

Üzü göy üzünə baxan bədənim.

Barmağım ucunda çıxdım evimdən,

Aman, oyanmasın səsə bədənim.

 

Səhər oyanacaq, yenə bir ağac,

Yarpağı tökülmüş, suyu qurumuş.

Edam olunacam günahkar kimi,

Hər gün asılacam mən bu ağacdan,

Mənim dar ağacım bədənimiymiş.

 

Kökü özbək folkloruna gedib çıxan və türk dünyasında çoxsaylı şairlərin üz tutduğu dar ağacı mövzusunda ən ünlü şeirin müəllifi, "o hansı millətdir, taleyi sirdir/ yüz adla bölündü, yenə də birdir/ məni hüzuruna bu dərd gətirdi/ salam, dar ağacı,/ əleyküm salam/ deyən R.Behrudidən fərqli, Aygün turançı şeir yazmayıb. Onun hər cür türkçülük butaforiyasından arınmış dar ağacı obrazı fərdi-metafizikidir. Burda olay çöldən içə köçürülüb: dar ağacı və dara çəkilən bir şəxsin iki yönüdür; onlar üz-üzə deyil, iç-içədir - dar ağacı bədən, dara çəkilən ruhdur. Aygünün şəxsində çağdaş poeziya bölünməz hissəciyə - ruha qədər gedib çıxır. Şairin ən önəmli görəvi estafeti özündən öncəkilərdən alaraq sonrakılara ötürmək, fasiləsiz hörülən söz divarına öz kərpiclərini qoymaqdır. Aygündə belə kərpiclər yetərincədir və "mənim dar ağacım bədənimiymiş" misrası da onlardan biridir.

Düşüncə diapozonu geniş olan Aygün həm də dərin düşünür, o qədər ki, hətta ulu babamız, Xanlar xanı Qazan xan kimi Ərlik səltənətinə - yeraltı dünyaya enir:

 

Bir gün yuxudan oyanıb

dünyanı fərqli görəsən.

Göy üzünü yamyaşıl

torpağı şəffaf görəsən.

Ağacların əyrüm-üyrüm kötüklərini,

dağların romb şəklində olduğunu biləsən.

Yaxınlarımızın necə çürüdüklərini,

dişlərini ağartmış kəllələrinin

altdan yuxarı bizə necə güldüklərini

görəsən!

 

İlk misralar Ramiz Rövşənin "Bir səhər yuxudan durub/ özünü uşaq görəsən/ görəsən, hamı evdədir/ ölənləri sağ görəsən" misralarıyla başlayan şeirini yada salsa da, müəlliflərin baxışı diametral əksdir - Ustadda ölülər dirilərin yanına gəlir, Aygündə isə diri ölülərin yanına gedir.

Daha radikal fərq "Qocaların stəkana qoyulmuş protez dişlərinin səssiz gülüşündən, bu gülüşün gecə boyu evdəkilərə verdiyi əzabdan kədərli heç nə yoxdur" deyən Aqşinlə müqayisədə üzə çıxır: Aqşində  süni dişlər, Aygündə təbii skeletlər gülür - obraz "canlanır"; Aqşin hamının, Aygün yalnız özünün "gördüyündən" danışır - obraz virtuallaşır; horizontal düşüncəli Aqşinin baxış bucağı yüz səksən, vertikal düşünən Aygünün baxış bucağı üç yüz altmış dərəcədir - obraz bütövləşir; Aqşin yerin sadəcə üstünü, Aygün altını da bilir - obraz dərinləşir; Aqşinə xas sentimentalizm Aygün üçün səciyyəvi deyil - obraz ciddiləşir.

Bəs, skeletlər bizə niyə gülür? Bu barədə mətndə nə bircə kəlmə var, nə də o kəlməyə ehtiyac. Aygün fəna haqqında danışmır, onu ekran effekti ilə birbaşa göstərir. Şeiri oxuyandan sonra ayağını torpağa bərk basmağa ehtiyat edirsən - birdən yatanları oyadar, aləmi özümə güldürərəm!

Sevgi haqqında şeirlərindən biri "Gəl, heç ağıllanmayaq, dəli olaq" misrası ilə bitsə də, Aygün yetərincə ağıllı, elmli şairdir. Şeir onun üçün ağlına gələni yazmaq, ağzına gələni demək deyil. İndi belə düşünmək dəbdir, axı! Pol Valeri, Andre Bretan, şüuraltı axın, verlibr və sair və ilaxır... İyirminci yüzildə şeir gerçək əsasından qoparaq, hallüsinasiyalara üz tutdu. Bu proses bizdə 60-lardan sonra simbioz şəklində baş verdi - həm Füzulidən danışır, həm də dahi şairin şeirin qarşısına qoyduğu elmilik və poetik məntiq tələbini bir kənara qoyur, unudurduq ki, "elmsiz şeir əsassız divar olur..." Aygünün şeirlərində bədii obrazların gerçək əsası var:

 

Günəş özünü isitdi,

Ay özünü soyutdu,

Mars utanıb qızardı

Bu gözəllik önündə -

Bir ana portreti çəkdim bu axşam.

 

Sitatdakı ilk iki misra folklora söykənir: Aya dedi, sən çıxma, mən çıxacam, Günə dedi, sən baxma, mən baxacam, yaxud "camalından şəmsü qəmər utanır". Günəşin isitməsi, ayın soyutması məlum - birincisi həyat, ikincisi ölüm enerjisi verir. Ayı görəndə buna görə salavat çeviririk. Hətta ezoterikada belə hesab olunur ki, Ayın soyuqluğu olmasa, Günəşin istiliyi nəticəsində həyat əbədi olardı. Günəş fasiləsiz canlandırır, Ay fasiləsiz öldürür və bu iki enerjinin bir araya gəlməsi sonucunda müddətli ömrümüz müəyyənləşir.

Bəs, Mars niyə utanıb qızarmalıdır? Nədən ki bu planetin dəmir oksid təbəqəsiylə örtülməsi ona qırmızı rəng verir. Yunanların Ares, romalıların Mars, şərqlilərin Mərrix adı verdiyi planet bu rənginə görə əski miflər və astrologiyada qan-qada, müharibə tanrısı sayılır. Ay, gün söhbətini çox eşitmişik, Marsın utanıb qızarmasıyla bağlı bənzətməyə isə ancaq indi - Aygündə rast gəlirəm. Mif, elm və folklorun bir araya gəldiyi, vur-tut üç sözdən ibarət bu misralar yaşı min illərlə ölçülən bilgiyə dayanır.

Aygün "İnsanlar gözləyir dayanacaqda/ ümid marşrutu radardan keçir", yaxud "dünən xəritədən konum atmısan/ mənim ürəyimi ünvan göstərib" kimi bənzətmələrlə gündəlik həyatımızla bağlı faktları bədii obraza çevirə bilir. İstərdik ki, belə obrazlara Aygünün şeirlərində daha intensiv rast gələk. Yox, mən şairin qarşısına sosial-siyasi mövzular, məsələn, güzəran sorunları, yaxud Qarabağ və şəhidliklə bağlı şeirlər, ümumən nədənsə yazmaq tələbi qoymuram. Söz konusu yaşadığımız zamanın ən azından metaforik ştrix kimi bədii mətnə düşməsi, yəni virtuallıqla yanaşı vizuallığın da bu şeirlərdə öz əksini tapmasıdır. Zaman bir zərrə, əbədiyyət külldür. Ən yaxşısı, onları sufiyanə tərzdə bir araya gətirmək - zərrədə küllü göstərməkdir. Aygünün küll məsələsi ilə bağlı sorunu yoxdur, sadəcə, zərrəyə bir az diqqət eləməsinə ehtiyac var.

Aygünün adı və təxəllüsü ilə onun "Günəş çəkdim qaranlığa" adlı bu ilk şeirlər kitabının adı arasında gizli bir semantik ilişki var. Hər iki adda işıqla qaranlıq, gecə ilə gündüz birləşir - bütövlük yaranır. Deyirlər ki, təsadüf yoxdur, hər şey zərurətdən doğur. Bəlkə, Aygün və "Günəş çəkdim qaranlığa" adlarının məna paralelliyinin də arxasında gizli zərurət dayanır? Qoy, bu məsələ eləcə sual kimi qalsın.

Bir məsələdə isə əminəm - Aygün Akınay min beş yüzillik poetik özül üzərində şeiri gəlişdirəcək yeni nəsil imzalardan biridir. Təzə işıq üzü görən kitabından dolayı müəllifi qutlayır, onun şeirlərinin ədəbi cameənin də, oxucuların da marağına səbəb olacağına inanıram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!