Nizami CƏFƏROV
Bu il iyul ayının əvvəllərində Türkiyənin Dədə Qorqud yurdlarından biri Bayburdda keçirilən 30-cu Dədə Qorqud Elm, Mədəniyyət və İdman Şölənində iştirakım mənim üçün bir çox baxımlardan unudulmaz oldu ki, onlardan ən əlamətdarı qorqudşünasların gənc nəslinə mənsub Dos.Dr. Cahangir Qızılözənlə tanışlığım idi. Əslən Güney Azərbaycandan olan Cahangir 1998-2002-ci illərdə Ege Universiteti Türk dili və Ədəbiyyatı bölümündə lisans (bakalavr), 2002-2004-cü illərdə həmin universitetin Sosial Elmlər İnstitutunda yüksək lisans (magistr) təhsili almışdır. "İslam öncəsi türk-fars dillərinin leksik əlaqələri" mövzusundakı magistrlik dissertasiyası gənc tədqiqatçının ilk ciddi elmi araşdırması olmuşdur.
Türk dili (və dilləri) tarixi, dil əlaqələri, dialektologiya və s. sahələrdə araşdırmalarını ardıcıl davam etdirən Cahangir Qızılözən 2009-cu ildə Qazi Universiteti Sosial Elmlər İnstitutunda "Ərdəbil eli şivələri" mövzusunda dissertasiya müdafiə edərək doktorluq elmi dərəcəsi, 2019-cu ildə isə Qədim türk dili ixtisası üzrə dosentlik elmi adı almışdır. Onun məşğul olduğu türkoloji sahələrə aid çoxlu məqalələri ilə yanaşı, üç kitabı - monoqrafik əsəri yayınlanmışdır: "Farscada türkcənin ən əski izləri", "Türk xaqanı uca Oğuzun dastanı" və "Dədəm Qorqud kitabı".
Məlum olduğu kimi, qorqudşünaslıq özünün get-gedə daha da diferensiallaşan müxtəlif istiqamətləri ilə müasir türkologiyanın, xüsusilə türk-oğuzşünaslığın əsas sahələrindən biri, bəlkə də, birincisidir. Və buraya "Dədəm Qorqud kitabı"nın mükəmməl elmi-tənqidi mətninin hazırlanmasından tutmuş onun linqvistik, ədəbi və tarixi-etnoloji abidə olaraq öyrənilməsi daxildir. O da məlumdur ki, "Kitab"ın mətninin hazırlanması sahəsində indiyə qədər son dərəcə dəyərli işlər görülmüşdür.
.jpg.jpeg)
"Dədəm Qorqud kitabı"nın yeni mətnini hazırlayan Cahangir Qızılözənin əsərinin məziyyəti, fikrimizcə, ondan başlayır ki, nəşr olunmuş bütün mətnləri diqqətlə araşdırmış, mövcud fonetik, leksik və qrammatik "variantlıqlar"ın mahiyyətinə varmış, nəticə etibarilə, qorqudşünaslığın sözügedən sahədəki ənənələrinə (və uğurlarına) ehtiramla istinad etməyin ən yaxşı təcrübələrindən birini vermişdir. İki cilddən ibarət əsərin "Giriş"ində müəllif qorqudşünaslıqda bu və ya digər dərəcədə xidmətləri olan, xüsusilə "Kitab"ın mətnini bütövlükdə hazırlayan araşdırmaçıların adlarını çəkdikdən sonra "ilk akademik araşdırmalar olub mətnin oxunmasında, anlamlandırılmasında önəmli faydalar verdiyindən" üç çalışmaya daha çox diqqət yetirildiyini nəzərə çatdırır: 1) O.Ş.Gökyayın "Dədəm Qorqudun kitabı"; 2) M.Erginin "Dədə Qorqud kitabı" və 3) F.Zeynalov ilə S.Əlizadənin "Kitabi-Dədə Qorqud"u.
Cahangir Qızılözən belə bir nəticəyə gəlir ki, "Kitab"la bağlı çalışmalarda aşağıdakı dörd mühüm problem özünü göstərir:
1) araşdırıcılar bəzi parçaları mətndə yazıldığı kimi deyil, "düzəldərək" təqdim etmişlər;
2) aparılan çalışmalarda mətndəki bəzi vahidlər başqa vahidlərlə dəyişdirilmişdir;
3) araşdırıcılar bəzi vahidlərə əlavələr etmişlər;
4) mətndəki bəzi vahidlər heç oxunmamışdır.
Bu isə o deməkdir ki, müəllif qorqudşünaslıq ənənəsinə nə qədər ehtiramla yanaşsa da ortaya çıxan problemlərə də laqeyd qalmamış, əslində, yenə də məhz ənənəyə ehtiram naminə həmin problemlərin aradan qaldırılması üçün zəruri elmi prinsiplər işləyib hazırlamağa kifayət qədər uğurlu cəhdlər göstərmişdir.
Əsər, kitabın üz qabığında da qeyd olunduğu kimi, "Drezden - Vatikan - Bursa nüsxələrinin birlikdə yer aldığı ilk çalışmadır.
Əlbəttə, indiyə qədərki nəşrlərdə müqəddimə və on iki boyun olduğu mükəmməl Drezden nüsxəsi, tamamilə təbiidir ki, əsas alınmış, hərəkəli olduğu üçün Vatikan nüsxəsi bəzi mübahisəli sözlərin daha dəqiq oxunmasında, yaxud mətn fərqlərinin müqayisəsində əlavə mənbə kimi istifadə edilmişdir. Yeni tapılan Bursa nüsxəsi isə həm Drezden nüsxəsindəki bütün boyları əhatə etdiyinə, həm də hərəkəli olduğuna görə elmi tənqidi mətnin hazırlanmasında mühüm əhəmiyyət kəsb etməyə bilməz.
Həm qorqudşünaslıq ənənəsinə ehtiram, həm mövcud əlyazma nüsxələrinə həssas münasibət, həm də geniş türkoloji hazırlıq Cahangir Qızılözənə imkan vermişdir ki, "Dədəm Qorqud kitabı" mətnşünaslığı tarixində yeni bir səhifə açsın. Bu yeniliyin metodoloji əsasında aşağıdakı mühakimələr dayanır:
"Dədəm Qorqud kitabı"nın Drezden və Vatikan nüsxələri ilə bağlı bir çox çalışmalar vardır. Bugünə qədərki bütün çalışmalarda bu nüsxələrdə işlənən yüzlərlə sözün yanlış yazıldığı düşünülmüş, yanlış yazıldığı irəli sürülən vahidlər əski Oğuz (Anadolu) türkcəsinin səs (fonetik), biçim (morfoloji) və anlam (semantik) xüsusiyyətinə görə düzənlənmişdir".
Günümüzün araşdırıcısı davam edərək yazır ki, onun çalışması "ilk dəfə sözügedən vahidlərin yanlış yazılmadığını, haradasa hamısına yaxınının doğru yazıldığını, mətndə dil təbəqələrinin olduğunu, yanlış yazıldığı düşünülən vahidlərin isə bu dil təbəqələri ilə bağlı olduğunu müdafiə etməkdədir".
Cahangir Qızılözənin bir mətnşünas olaraq yüksək peşəkarlığının nəticəsidir ki, çox mürəkkəb məsələləri çox aydın mülahizələrlə şərh edir. Məsələn, deyir ki, bir mətnin "düzəldilərək" oxunması özü ilə başqa problemlər gətirir... "Əlbəttə, "Dədəm Qorqud kitabı"nın üzünü köçürən yanlış yazmış ola bilər, ancaq Mühərrəm Erginin və ya Orxan Ş.Gökyayın "düzəltdiyi" formanın doğru olduğundan necə əmin ola bilərik? M.Erginin, O.Ş.Gökyayın və ya hər hansı bir araşdırmaçının oxumasını doğru qəbul etdikdə o, artıq Drezden nüsxəsi olmaqdan çıxıb Erginin, Gökyayın və ya başqasının nüsxəsi olmazmı?"
Məsələ burasındadır ki, bugünə qədərki "Dədə Qorqud kitabı" nəşrləri XX və hətta XXI əsrin oxucularına (bütövlükdə cəmiyyətə!) eposun məzmun- mündərəcəsini xeyli dərəcədə mükəmməl çatdırmışdır. Məsələn, müəyyən qədər kütləvi səciyyəli Həmid Araslı nəşri belə Azərbaycanda Dədə Qorqud (türkçülük!) ideyalarının qüsursuz yayılmasında həlledici rol oynamışdır. Eləcə də O.Ş.Gökyay, M.Ergin, son dövrlərdə F.Zeynalov və S.Əlizadə nəşrləri... Cahangir Qızılözənin dedikləri isə tamamilə başqa səviyyənin söhbətidir. Onun məqsədi hər cəhətdən mükəmməl (əslində, ideal!) bir "Dədə Qorqud kitabı" mətninə yaxınlaşmaqdır. Və belə bir həqiqətən elmi tənqidi mətnə ehtiyacımız olmaya bilməz. Bunun üçünsə ilk prinsipial şərt mətni necə varsa, o cür oxumaqdan, heç bir "düzəliş"ə yol verməməkdən ibarətdir.
Müəllif yazır:
"Əlimizdəki nüsxələrin Anadolu (Azərbaycan - Şərqi Anadolu daha dəqiq olardı - N.C.) sahəsində köçürüldüyü qətidir, ancaq mətnin dil özəllikləri bu nüsxələrə qaynaqlıq edən əsərin ayrı-ayrı dövrlərdə, ayrı-ayrı bölgələrdə köçürüldüyünü göstərir... Odur ki, "Dədəm Qorqud kitabı" hər hansı bir bölgə və ya etnik şivəyə görə "düzəldilməz". Hər hansı bir türk dialektini, ləhcəsini (əslində, dilini - N.C.) əsas alaraq "Dədəm Qorqud kitabı"nı "düzəltmək" onun dil özəlliklərinin ortaya çıxmasına mane olar".
"Dədə Qorqud kitabı"nın mətni üzərindəki özünəqədərki çalışmaların əsas problemlərini şərh edərkən son dərəcə mühüm mətləblərə toxunan araşdırıcı nəhayət, "Kitab"ın dil təbəqələri və ya qatları məsələsinə keçərək göstərir ki, əlimizdə olan nüsxələr ilk mənbə olmaqdan çox uzaqdır. Və əslində, mətnin formalaşmasının son mərhələsini təcəssüm etdirən həmin nüsxələrdə aşağıdakı dil təbəqələri mövcuddur: 1) yaşayan türk dialektləri (müasir türk dillərinin bilavasitə mənbəyində dayanan bu və ya digər dərəcədə diferensial fonetik, qrammatik və leksik xüsusiyyətlər nəzərdə tutulur - N.C.); 2) əski Oğuz türkcəsi; 3) əski Oğuz türkcəsinin ilk mərhələsi (bu, əski türkcənin əski oğuz türkcəsinə, bəlkə də, daha doğru olar deyək ki, əski oğuz, qıpçaq, karluq və s. türkcələrə bölünməyə başladığı dövrdür - N.C.); 4) əski türkcə; 5) ön türkcə.
Nə qədər gənc olsa da, böyük klassik akademik sələfləri ilə polemika aparmaq qüdrəti nümayiş etdirən Cahangir Qızılözən belə bir ciddi elmi qənaətlə onların - mötəbər sələflərinin, əgər belə demək mümkünsə, önlərinə çıxmağa mütəvaze bir təşəbbüs göstərmişdir:
"Dədəm Qorqud kitabı" ilə bağlı aparılan araşdırmaların təməl problemlərindən biri mətnin yalnız bir dövrün dil meyarlarına görə izah edilməsidir. Bu şəkli əski Oğuz türkcəsi dövrünün məhsulu olaraq qəbul edən araşdırmaçılar əsərdəki bütün arxaik əlamətləri yanlış yazıldığı bəhanəsilə dəyişdirmişlər. Mətnin dilini əski Oğuz türkcəsinə uyğun olaraq müasirləşdirmə yolu ilə getmişlər. Əsərdə əski türkcə özəllikləri yer almaz düşüncəsiylə onlarca əski türkcəyə məxsus konkret strukturlar ortadan qaldırılmış, onların yerinə əski Oğuz türkcəsinin səs/quruluş /anlam meyarlarının uyğun qarşılıqları qoyulmuşdur. Deməli, mətnin dilinə baxaraq əsərin hansı dövrə aid olduğuna qərar verilərsə, başqa bir "Dədəm Qorqud kitabı" ortaya çıxacaqdır".
Əslində, bu, ənənəvi "Dədə Qorqud" mətnşünaslığına qarşı əsaslı olduğu qədər də ciddi etirazdır. Ancaq biz yeni dövrün mətnşünasını bir inqilabçı kimi təqdim etmək fikrindən uzaq olduğumuza görə onun mövqeyinin mütəvazelikdən kənara çıxmadığı qənaətindəyik. Birincisi, ona görə ki, Cahangir Qızılözən özündən əvvəlki "Dədə Qorqud" mətnşünaslarından çox şeylər öyrənmiş, onların bir sıra təsbitlərini qoruyub saxlamışdır. İkincisi, ona görə ki, artıq cəsarətlə keçmiş dövrə aid edə biləcəyimiz mətnşünaslıq pərakəndə yox, müəyyən prinsip - mətni əski oğuz türkcəsinə uyğunlaşdırmaq üzrə getmişdir. Və bu da hər halda qanunauyğun bir dövr meydana gətirmişdir. Və nəhayət, üçüncüsü, ona görə ki, həmin qanunauyğunluq olmasaydı "Dədə Qorqud" mətnşünaslığı Cahangir Qızılözənin şəxsində öz yeni mütəxəssisini yetirə bilməzdi.
Bizim müəllifin kifayət qədər ixtisaslı, peşəkar söz dediyi sahələrdən biri də əlyazmaların qrafikası məsələsidir. İndiyəqədərki mətnşünasların ya diqqət yetirmədiyi, ya çox az diqqət yetirdiyi həmin sahədə aparılmış araşdırma bir sıra qaranlıq məsələlər üzərinə gur işıq salır. Belə ki, üzünün XV əsrdə köçürüldüyü şübhə doğurmayan "Drezden nüsxəsindəki bəzi hərflərin yazılışı mətndəki geniş yayılmış yazılışlardan fərqlidir. Bu örnəklərin açıqca kufi yazısıyla qələmə alındığı görülür".
Kufi yazısının hicri ikinci, üçüncü (miladi VIII, IX) əsrlərə aid olduğunu xatırladan müəllif əlavə edir ki, həmin əsərlərdə "türklərin hələ müsəlman olmadığı doğru ola bilər, ancaq bu vəziyyət hər hansı bir türkcə əsərin ərəb əlifbası ilə yazılmayacağı mənasına gəlməz. Codex Cumanicus latın əlifbası ilə yazılanda Kuman türkləri xristian deyildilər. Və türklər o tarixdə latın əlifbasına da keçməmişdilər".
Beləliklə, araşdırıcı əlifbadan (qrafikadan) başlayaraq sözə, qrammatik quruluşa qədər türkcənin ən müxtəlif təkamül-diferensiasiya dövrlərinə dair materialları çeşidləməklə "Dədə Qorqud kitabı" mətninin süni olaraq əski oğuzca çərçivəsinə salınması "ənənə"sini həm nəzəri, həm də təklif etdiyi obyektiv mətnlə praktik olaraq aradan qaldırır.
Cahangir Qızılözənin nümayiş etdirdiyi bu yeni təşəbbüs-təcrübəyə dayanaraq, düşünürəm ki, əsərin dərin məzmunlu "Giriş"ində daha iki məsələyə aydınlıq gətirmək lazım idi. Xüsusilə ona görə ki, müəllif həmin məsələlərin hüdudlarına qədər gəlir, ancaq nədənsə mahiyyətə nüfuz etmək istəmir. Birincisi odur ki, "Dədəm Qorqud kitabı"nda tarixin süxurlaşan, qat-qat, təbəqə-təbəqə yığılan dil xüsusiyyətləri əski Oğuz türkcəsinə, yəni türk dili tarixinin məlum dövrünə, onun bütün abidə-təzahürlərinə deyil, yalnız bu dövrlərin, belə demək mümkünsə, fövqündə dayanan "Dədə Qorqud" mətninə aiddir. Heç şübhəsiz, ən qədim türkcədən (ön türkcədən), hətta ümumaltay birliyindən başlayaraq gələn dil elementləri türkcənin bütün dövrlərində özünü göstərməkdədir. Eləcə də əski Oğuz türkcəsi həmin xronoloji yığılmanın güclü təsiri altında olmaya bilməz. Ancaq bu, başqa məsələdir. "Dədə Qorqud kitabı" mətnindəki təbəqələşmə isə, dahi F.de Sössürün terminologiyasına müraciət etsək, "dil" yox, məhz "nitq" məsələsidir ki, eposun ozan sənəti faktı olmasından irəli gəlir.
Əsərdə üzərindən keçilən ikinci məsələ birincisinin davamıdır. "Dədə Qorqud" eposunun orijinal (türkcə) mətni müxtəlif əlifbalarda (eyni zamanda, bizə məlum olduğu üzrə, ərəb və fars dillərinə tərcümələrdə) məhz "nəhr dastan" (Ə.B.Ərcilasun) "Oğuznamə"nin üzvi tərkib hissəsi kimi təzahür etmiş, tədricən ondan ayrılıb az-çox müstəqil "Kitab"a çevrilsə də bütün türklər (oğuzlar, qıpçaqlar, karluqlar və b.) üçün ümumi olan həm məzmun, həm də forma özəlliklərini qoruyub saxlamışdır.
Ümid edirik ki, kitabın gələcək nəşrlərində bu məsələlərə daha ətraflı münasibət bildiriləcəkdir.
Cahangir Qızılözən haqlıdır ki, "Drezden, Vatikan və Bursa nüsxələrinin dili, hadisələrin axışı bu nüsxələrin ortaq bir mətnə dayandığını göstərir". Əlbəttə, həmin ortaq mətnin ən geci IX-XI əsrlərə aid olduğunu güman etmək mümkündür. Ancaq türklərin "Oğuznamə" yaradıcılığı mədəniyyəti deməyə əsas verir ki, bizim müəllifin şübhə etdiyi kimi, "Kitab"ın ilk nüsxələrini daha əvvəlki dövrlərdə axtaraq.
Araşdırıcının dil tarixindən həmin dilin daşıyıcısı (və "Dədə Qorqud kitabı"nın yaradıcısı) olan etnosun tarixinə adlaması da tamamilə anlaşılandır. Həmin mövqedən söylədiyi diqqətəlayiq mülahizələrdən biri budur ki, "Kitab"dakı dastanlar "müxtəlif türk boylarının birlik nəzərdə tutduqları, ancaq tək bir boy olacaq səviyyəyə yüksəlmədikləri dönəmin məhsuludur. Boy birliyinə (oğuza) qatılanlar bir boyun və ya etnik qrupun hamısı olmaya bilər. Müxtəlif türk boylarının ana gövdəsindən qopmuş kütlələrin qatılımıyla da bu birlik nəzərdə tutulmuşdur deyə bilərik".
Mən kifayət qədər dərin (ən çoxşaxəli) olan bu məsələnin təfsilatlarına varmaq iddiasında deyiləm. Yalnız onu bildirmək istəyirəm ki, xalqlar kimi onların dillərinin də tarixi, prinsip etibarilə, diferensiasiya tarixidir, ancaq tarixin məlum dövrlərində etnos üçün dövlətçilik, dil üçünsə daha çox dövlətçiliklə bağlı olan ədəbilik (sosial-mədəni normativlik) tələbləri mövcud diferensiasiya daxilində müəyyən inteqrasiya meyilləri nümayiş etdirir.
Hər hansı halda Cahangir Qızılözənin "Dədə Qorqud kitabı" kontekstində türk boyları (xalqları) və türk dialektləri (dilləri) arasındakı tarixi münasibətlərə nüfuzu ciddi (peşəkar) bir dilçinin maraqları səviyyəsinə yüksəldiyinə görə heç vaxt təsadüfü ola bilməz. Çünki burada etnosun həyatı, varlığı ilə sıx bağlı olan bir hadisənin (dilin) inkişaf qanunauyğunluqlarının etnosun "tərcümeyi-hal"ına tətbiqindən söhbət gedir.
Araşdırıcının belə bir qənaəti ilə hesablaşmaq lazımdır ki, "Dədəm Qorqud kitabı"nın diliylə Oğuz qavramının mənası bir-birini anlatmaqdadır. "Dədəm Qorqud kitabı"nın dili anlaşılmadan Oğuz qavramı açıqlana bilməz, Oğuz qavramı anlaşılmadan da "Dədəm Qorqud kitabı"nın dili çözülə bilməz".
Kitabın birinci cildində müəllif Mətn üzərindəki işin elmi-metodoloji əsasları barədə bəhs elədikdən sonra hazırladığı Mətnin özünü təqdim edir ki, burada həm sıravi, həm də peşəkar oxucunun istəkləri nəzərə alınmışdır. İkinci cild isə Mətndəki dörd yüzdən artıq oxunuşu bu və ya digər dərəcədə mübahisəli dil vahidinin açıqlanmasını, Mətnin fonetik-qrammatik təsvirini və istifadə olunmuş mənbələrin siyahısını əhatə edir.
Cahangir Qızılözən bir neçə dəfə təkrarlamağı vacib bilir ki, onun məqsədi araşdırıcıların "yanlış yazılmışdır dedikləri vahidlərin doğru yazıldığını" göstərməkdir. Bununla belə, o, istisna etmir ki, onun çalışmasındakı fikirlərə "qatılmayanlar, qarşı çıxanlar olacaqdır". Ancaq heç şübhəsiz, "tutarlı olan hər qarşı duruş da "Dədəm Qorqud kitabı" oxumalarına yeni faydalar gətirəcəkdir. Ancaq mətndəki sözügedən vahidlərin yanlış yazıldığı iddiasını təsdiq etmək daha əvvəlki "ifa"dan yeni bir iddia olmadığı kimi, mətnin çözülməsinə də hər hansı bir fayda verməyəcəkdir".
Bu mövqe əsl araşdırıcı mövqeyi olub, bir tərəfdən, görülən işin əhəmiyyəti barədə obyektiv təsəvvür yaradırsa, digər tərəfdən, mötəbər bir mövzuya - "Dədə Qorqud kitabı" mətninə layiq olduğu geniş panoramalı baxış tələb edir. Və Cahangir Qızılözənin "Dədəm Qorqud kitabı"nda sərgilədiyi həmin mövqe bir daha sübut edir ki, qorqudşünaslıqda "iddialar" dövrü öz yerini "izahlar"a - "açıqlamalar"a verir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
