"Torpağın ətri" romanının bədii və fəlsəfi xüsusiyyətləri - Sədaqət ƏLİYEVA

 

XX əsrin 70-ci illərində Azərbaycan ədəbiyyatının roman janrında yazılan əsərlərin içərisində "Torpağın ətri" adlanan bir kitab da vardır. Bu kitab Azərbaycanın görkəmli yazıçısı, respublikamızda "Dağlar oğlu", "Dağda bahar", "Qayaların səsi" kimi məşhur romanları ilə tanınan Məmmədhüseyn Əliyevin maraqlı əsərlərindən biridir. Yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin "Torpağın ətri" romanı bədii janr etibarilə professionallığı, obrazlarının həyatiliyi, fəlsəfi düşüncələrinin mükəmməlliyi ilə bizi müəllifin yaradıcılığına yenidən qayıtmağa, ona xüsusi diqqət ayırmağa sövq edir. "Torpağın ətri" romanını əlinə alan hər bir oxucu,  bəlkə də  hər şeydən əvvəl; "görən, torpağın ətri olurmu, torpağın ətri varmı?" sualı ətrafında düşünür. Zənnimizcə, əsərin bədii-fəlsəfi dəyərinin müəyyən edilməsi də məhz elə bu sualla başlanır. İnsanı yaşadığı mühitlə əlaqələndirən möhtəşəm duyğularından biri də, onun təbiətdən gələn, hava axını ilə bağlı olan qoxuları, ətirləri hiss edə bilmək qabiliyyətidir. Payızın rəngi olduğu kimi, payızın qoxusu da vardır. Yaşıl yarpaqların bir cür, xəzan vurmuşlarının isə tamamilə başqa cür qoxusu yaddaşlarda ilişib qalır. Xəzan payızı ifadə etdiyi kimi, qönçə də baharı yada salır. Eyni zamanda, dillərin hansı təfəkkür imkanına malik olması da, ədəbiyyat üçün, sənət üçün çox böyük şərtdir. Məsələnin bir mürəkkəbliyi də ondadır ki, insanın duyğuları stabil və statik deyildir. İnsan təfəkkürü ani duyğusal yaşantılarla bağlı olduğu qədər, həm də bu yaşantıların "praktiki şüurda", yəni dildə necə əks olunmasından da asılıdır. Daha zəngin dillərdə, məsələn, dünən ağacdan düşmüş bir yarpaqla bu gün hələ ağacdan düşəcək başqa bir yarpağa eyni düşüncə ilə yanaşılmır, hətta onlar eyni bir sözlə də ifadə olunmur. Dilin şüurla bağlı olması insanlığın daş yaddaşından gəlir, amma torpaq və onun ətri insanın ilkin maddi və mənəvi atributu olaraq qalır. Zaman-zaman torpaq onun ətrini duyanların, alın təri ilə onu canlandıranların yaşayışını və eyni zamanda bəşəriyyətin təkamülünü təmin etmişdir. Səngər psixologiyasını da, pastoralizmi də əsrlər boyu torpaq və ona bəslənən müxtəlif cür münasibətlər formalaşdırmışdır. Torpaq mövcudluğun əsasını təşkil edən dörd ünsürdən, daha doğrusu, şüurla idarə olunmayan dörd stixiyadan yalnız biridir. Hər il astronomik təqvimin dəyişməsi bu ünsürlərin hər birini öz vaxtında oyadır və təbiət yeni bir məzmuna keçid edir. Təbiət Şekspirin dediyi kimi, hər fəsildə təzə bir donda, başqa obrazda görünür:

 

Üç qışın şaxtası göy meşələrdən

Üç yayın tacını alsa da hər il...

 

Mənəvi maddini yaratdığı qədər, maddi də eyni ölçüdə mənəvinin yaranmasını şərtləndirir, cəmiyyət canlı olduğu kimi, təbiət də canlıdır.  Bəli, "Torpağın ətri" romanı bu təzadın üzərində qurulmuş, "ağıl kəsəni qılınc kəsməz" aforizmindəki ideyaya üstünlük verməklə qələmə alınmış mükəmməl bir əsərdir. Əsər Azərbaycanın Cənub rayonlarında çayçılıq təsərrüfatının yaradılması və  inkişafından bəhs edən maraqlı süjet xəttinə malikdir. Əsərin roman janrında yazılması, onun həyat hadisələrini elmi-məntiqi və fəlsəfi dəlillərlə əsaslandırmasına imkan yaratmışdır. Görünür, müəllifin torpaq və çayçılıq təsərrüfatı haqqında geniş məlumata malik olması, onun Cənub bölgəsində yeni bir təsərrüfat sahəsinin yaranması prosesini bütün maddi və mənəvi təfərrüatları ilə birlikdə qələmə almasına kömək etmişdir. Cənub torpaqlarının yad bir bitkini necə qəbul etməsi, bu bitkinin torpağa, yeni təsərrüfat sahələrinə gətirdiyi problemlər əsərdə inandırıcı boyalarla verilmişdir. Romanda torpağa münasibətdə hissiyyatsızlığın, təcrübəsizliyin, naşılığın, qeyri-peşəkarlığın nəticələri, sanki Qaston Başlyarın dediyi maddi ilə mənəvinin əks-əlaqəsi kontekstində yaranan problemləri diqqətə çatdırır. Əsərdə əməkçi insanların torpaqla qoşa keçən həyat və məişətinin ümumbəşəri dəyərlərə bağlı olması və mənalı əməkçi ömrünün müxtəlif fəsilləri ətraflı şəkildə təsvir olunur. Xalqın təsərrüfat həyatı, məişəti və mənəviyyatı insanlara örnək ola biləcək ailə münasibətlərinin fonunda işıqlandırılmışdır. Əsəri oxuduqca torpağa bağlı olan müxtəlif cür əməkçi insan obrazlarının ailə-məişət hekayəsi gözümüzün qarşısında tədricən böyüyür və dolğunlaşır. İnsani münasibətlərin maddi və mənəvi çalarları tədricən açılır, obrazların ictimai-sosial məzmunu dərinləşir, mürəkkəbləşir, zaman ötdükcə insanların necə müdrikləşməsinin şahidi oluruq. Torpağa can qoyan, onu tanıyan, onu dəyərləndirən, onun ətrini, dadını hiss edən insanların həyatı, münasibətləri, sevgisi, nifrəti gözümüzün önündə bir nümunəyə çevrilir. Torpaq canlıdır və onun yolunda gəncliyini, qəlbini, ruhunu sərf edən halal insanları nəinki tanıyır, onların zəhmətinin bəhrəsini verir, hətta onlara aldığından daha çox qaytarır. Romandakı həyat o qədər canlı şəkildə təsvir olunmuşdur ki,  oxucu da bu insanların nə üçün yaşadıqlarını, nə uğrunda mübarizə apardıqlarını başa düşür, hətta onların ideya istiqamətlərinin düzgünlüyünə, mənəviyyat qanunlarına inanır. Müəllif oxucuya obrazlarının dili ilə, çay filizlərinin kasadlığını aradan qaldırmaq, bitki seyrəkliyini, su, gübrə təchizatını həll etmək, məhsuldarlığı artırmaq, ümumiyyətlə  təsərrüfatı dirçəltmək üçün torpağa münasibəti necə dəyişməyi öyrədir. Romanda müəllifin torpaq, təbiət, əmək və işlə bağlı düşüncələri, təsərrüfatdan səmərəli istifadə haqqındakı fikirləri, anlayışları, mühakimələri  elmi-fəlsəfi  cəhətdən çox əsaslıdır. Bu gün də çayçılıq təsərrüfatında çalışan mütəxəssislər bu əsərdən çox şey öyrənə bilər. Nəinki müasir mütəxəssislər, hətta heç vaxt torpaqla təmasda olmayanlar da, torpağın, zəhmətin, halallığın nə demək olduğunu romandan öyrənir. Əsərdə elm və sənət dalınca gedən gənclər üçün də örnəklər çoxdur. Romanı oxuduqca gözümüzün qarşısında dəyişən, sonradan püxtələşən obrazların bəzilərini təhsil, bəzilərini torpağa bağlılıq, digərlərini isə ictimai qınaq tədricən formalaşdırır. Amma bu obrazların hamısının eyni bir ideya istiqaməti vardır; "dünya xali deyil", "haqq nazilər, üzülməz". Dünən tələbə olan bir gəncin bu gün həyata yanaşma tərzinin, insanlara münasibətinin dəyişməsi, öz əqidəsini dünya malına satmaması, bəlkə də cəmiyyətin insanların qarşısına qoyduğu mənəviyyat qanunlarından irəli gəlirdi.

Romanın mühüm cəhətlərindən biri də odur ki, buradakı elm və təhsillə bağlı müsbət və mənfi personajlar, qoyulan məsələlər bu gün üçün də öz aktuallığını qoruyub saxlayır. Ətrafımızdakı mənəviyyat alverçilərinin obrazları, bədii portretlər oxucuya tanış gəlir. Hər kəsin gördüyü, amma bəhs edə bilmədiyi, ifadə etməyə çətinlik çəkdiyi, söz tapmadığı obrazların portretini müəllif böyük ustalıqla yarada bilmişdir. Romanda Həzrət kişi, Arəstə, Səməndər, Cavahir, Əsəd, İmran və digərlərinin oxucu düşüncəsində yaratdıqları "zəhmətkeş xalq" obrazı maraq doğurur. Bu idarəedici, islahedici və tükənməz güc bizə Vilhelm Vundtun (1832-1920) bəhs etdiyi "xalqın ruhu", "xalqın qəlbi" anlayışlarını xatırladır. Birdən-birə xalqın kütlədən fərqi aydınlaşır. Və təfəkkürdəki "xalq" obrazı bütövləşir və ümumbəşəri mahiyyət alır. Xalqın böyüklüyünü onun təmizliyi, halallığı və saflığı təmin edir. Əsəri oxuyarkən bizə elə gəlir ki, bu hadisələr xeyli kənarda, haradasa çox uzaqlarda, ayrı bir məkanda, yaxud mücərrəd bir zamanda baş vermişdir. Halbuki bu obrazların hər biri bizim mənəviyyatımızın bir parçasıdır, onlar bizim mənəvi dünyamızın təməlini qoyan, onu yaşadan, onu var edən sıravi mənəviyyat prinsipləridir. Onlar ruhumuzdakı "vətən" anlayışını tamamlayan mənəvi dəyərlərimizdir. Əsərdə müəllifin yaratdığı aforizmlər, təbiət təsvirləri, torpaqla bağlı mühakimələr, xalq təcrübəsinə istinad edən elmi sübutlar çox dəqiq, aydın və inandırıcıdır. Əsərin bədii xüsusiyyətləri, onun proloqundan tutmuş epiloquna qədər, roman janrının yüksək tələblərinə cavab verir. Bu bitkinlik bizə hərdən bədii filmləri, bəzən isə müfəssəl həyat tablolarının nüsxələnməsini xatırladır. Əslində Qaston Başlyarın dediyi əks-əlaqə təkcə torpaq və əmək alətlərinə deyil, mənəviyyat məsələlərinə də aiddir. İnsan özünü tanımaq və bu stixiyaların onun həyatına təsirini öyrənmək üçün oxumalıdır. Lakin Qaston Başlyarın qeyd etdiyi kimi, bütün əmək proseslərinin öz təpkisi olur; elə oxumağın da.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!