XII əsrdə formalaşmaqda olan Şərq intibahı Azərbaycan ədəbi-fəlsəfi düşüncəsinin mühüm mərhələsini təşkil edir. Bu dövr klassik poetik formaların yetkinləşməsi ilə yanaşı, həm də sənət və düşüncə münasibətlərinin yeni keyfiyyət mərhələsinə keçməsi ilə səciyyələndiyi məlumdur. Əfzələddin Xaqani Şirvani belə mürəkkəb və çoxqatlı bir tarixi-mədəni mühitdə yetişmişdir. O, Azərbaycan klassik poeziyasının intellektual istiqamətini müəyyən edən əsas sənətkarlardan biri kimi çıxış edir. Onun yaradıcılığını yalnız poetik ustalığın deyil, eyni zamanda dərin fəlsəfi və estetik düşüncənin daşıyıcısı kimi qəbul etməliyik.
Xaqani qəsidə janrında mükəmməl əsərlər yaradıb. Tədqiqatçılar Xaqani poeziyasının klassik Şərq ədəbiyyatında qəsidə janrının mahiyyətinin yenidən dərk olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini yazırlar. Qəsidə ən çox saray poeziyası çərçivəsində inkişaf edirdi. Xaqani qəsidələrində ictimai, fəlsəfi və bədii problemləri ifadə edirdi. Bu isə şairin sənətkarlıq konsepsiyasının əsasını təşkil edir. Xaqani böyük sənətkar idi, onun üçün poeziya yalnız estetik zövq obyektindən ibarət deyildi, eyni zamanda idrak, etiraz və mənəvi özünüifadə forması idi.
Mən o Xaqaniyəm ki, bu dünyanı
Gözəl dərk etmişəm fərasətimlə.
Mən mərdi, namərdi bir məhək kimi
Tanıtdım dünyaya öz qüdrətimlə.
Nakəsdən görmədim mən bir yaxşılıq,
Yoxladım mən bunu sədaqətimlə.
Pislərin əlindən yaxşılıq gəlməz,
Mən pislik etmərəm öz hümmətimlə.
Əfzələddin Xaqaninin yaradıcılığı uzun müddət əsasən ideya-məzmun aspektindən araşdırılmışdı. Yaradıcılığının sənətkarlıq məsələləri - poetik texnika, obrazlılıq sistemi, dil və üslub xüsusiyyətləri, janr yenilikləri - müasir ədəbiyyatşünaslıq baxımından daha geniş və dərin tədqiqata ehtiyac duyur. Xaqani poeziyasında forma ilə məzmunun qarşılıqlı münasibəti xüsusi sənətkarlıq modelini formalaşdırır ki, bu model klassik poeziyanın ənənəvi çərçivələrini aşaraq yeni estetik keyfiyyətlər yaradır.
Bu baxımdan Xaqaninin yaradıcılığında sənətkarlıq məsələlərinin araşdırılması təkcə bir şairin poetik irsinin öyrənilməsi deyil, həm də Azərbaycan klassik poeziyasının inkişaf mexanizmlərinin elmi şəkildə dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun poetik düşüncəsi Şərq intellektual poeziyasının zirvə nümunələrindən biri kimi çıxış edir və bu xüsusiyyət sənətkarlıq məsələlərinin ayrıca tədqiqini zəruri edir.
***
Müasir ədəbiyyatşünaslıqda klassik irsin tədqiqi yalnız bioqrafik və ya ideya yönümlü yanaşmalarla məhdudlaşmayıb, həm də sənətkarın poetik texnikasını, bədii düşüncə mexanizmlərini və estetik sistemini kompleks şəkildə araşdırmağı tələb edir. Əfzələddin Xaqaninin yaradıcılığına da bu baxımdan diqqət yetirdikdə onun poeziyasının sadə emosional lirika deyil, yüksək intellektual gərginlik və mürəkkəb poetik strukturlar üzərində qurulmuş olduğunu görürük.
Xaqaninin sənətkarlıq xüsusiyyətləri çox vaxt onun ağır dili və mürəkkəb obraz sistemi səbəbindən səthi şəkildə qavranılmış, bəzi hallarda isə yalnız "çətin şair" etiketi ilə məhdudlaşdırılmışdır. Halbuki bu mürəkkəblik təsadüfi deyil, məqsədli sənətkarlıq strategiyasının nəticəsi kimi qəbul edilir. Xaqani poetik dili vasitəsilə oxucunu passiv qəbul mövqeyindən çıxarıb fəal düşüncə prosesinə cəlb edir.
Xaqaninin yaradıcılığının müasir ədəbiyyatşünaslıq baxımından tədqiqatı aktuallıq kəsb edir. Çünki, birinci növbədə müasir humanitar elmlərdə klassik mətnlərin yeni metodoloji yanaşmalar əsasında yenidən oxunması zərurəti yaranmışdır. Bu baxımdan Xaqani poeziyası struktur-semantik, poetik və estetik analiz üçün zəngin material təqdim edir. Eyni zamanda Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində təqdimatı üçün Xaqaninin sənətkarlıq səviyyəsinin elmi əsaslarla ortaya qoyulması vacibdir. Onun poeziyasının yalnız milli deyil, ümumşərq ədəbi prosesinin tərkib hissəsi olduğunu unutmamalıyıq.
Xaqaninin sənətkarlıq imkanları sonrakı dövrlərdə formalaşan klassik poetik məktəblərə ciddi təsir göstərmişdir. Bu təsirin mexanizmlərini müəyyənləşdirmək üçün şairin poetik texnikasının dərindən araşdırılması zəruridir. Xaqani yaradıcılığında forma yenilikləri, bədii obrazların çoxqatlılığı və dil ustalığı Azərbaycan poeziyasında yeni estetik standartlar formalaşdırmışdır.
Əfzələddin Xaqaninin yaradıcılığında sənətkarlıq məsələlərini sistemli şəkildə təhlil etmək, onun poetik üslubunun əsas komponentlərini müəyyənləşdirmək və klassik Azərbaycan ədəbiyyatındakı yerini elmi arqumentlərlə əsaslandırmaqdır. Bu məqsədə nail olmaq üçün müqayisəli-analitik metodlardan, poetik mətnlərin struktur-semantik təhlilindən və ədəbiyyatşünaslıq ənənələrinin sintezindən istifadə olunur.
Əfzələddin Xaqaninin poetik sənətkarlıq sistemi və qəsidə janrında yeniliklər.
Xaqaninin irsi içində xüsusi yer tutan əsərlər - qəsidələri, qitələri, məsnəviləri və xüsusilə "Töhfətül-İraqeyn" yalnız bir səfərnamə deyil, şairin dünyaya baxışının, mədəniyyətlərarası müşahidələrinin və daxili hesabatının poetik manifestidir. Bu əsərdə Şərq dünyasının elmi, fəlsəfi və mənəvi panoraması sözlə çəkilmiş canlı bir xəritəyə çevrilir.
Ənənəvi Şərq poetikası çərçivəsində, eyni zamanda yenilikçi konseptual yanaşma ilə qurulmuş Əfzələddin Xaqaninin sənətkarlığı həm üslub və dilin zənginliyində, həm də poetik mətnin ideya-estetik quruluşunda cəmləşir. Xaqaninin poetikasında hər bir element - rəmz, metafora, təşbeh, sintaksis strukturu - məqsədli olaraq oxucunun idrakını aktivləşdirir və mətnin çoxqatlı mənasını gücləndirir.
Poetik sistemin əsas komponentlərindən biri obrazlılıqdır. Xaqaninin yaratdığı obrazlar çoxqatlı və simvolikdir; onlar yalnız vizual təsvir deyil, həm də fəlsəfi və sosial mesajlar daşıyır.
Poetik sistemin digər komponenti dil və üslubdur. Xaqani ərəb və fars dillərinin zəngin poetik leksikasından istifadə etməklə Azərbaycan dilində yeni üslub formalaşdırmış sənətkardır.
Poetik sistemin digər komponenti janr yenilikləridir ki, şairin klassik qəsidə janrına gətirdiyi dəyişikliklər onun yaradıcılığında mərkəzi yer tutur. Bu komponentlərin vəhdəti Xaqaninin poeziyasını sadəcə estetik deyil, həm də intellektual mətnə çevirir.
***
Xaqaninin poetik dili mürəkkəbdir. Söz və cümlə strukturları çoxqatlı semantik yük daşıdığından oxucuya dərindən düşünmək imkanı verir. Məsələn, Xaqaninin məşhur qəsidələrindən birində zindan təsviri yalnız fiziki məkan kimi deyil, insanın daxili azadlığının məhdudlaşdırılması metaforası kimi işlədilir. Bu yanaşma qəsidəni həm estetik, həm də intellektual səviyyədə oxucu üçün daha maraqlı və dərin edir.
Kimsə söz atdı ki, Xaqani artıq
Yaraşmır saraya, böyük xaqana.
Bəli, doğru dedi, su daşımaqçün,
Layiq olmamışdır div Süleymana.
Saraydan əziyyət görmüşəm, bir də,
Geniş qəlbim sığmaz o dar zindana.
Xaqani Şirvani sözə yalnız estetik obyekt kimi yanaşmırdı; onun üçün söz həm silah, həm güzgü, həm də hesabat idi.
Və yaxud:
Mən dərya könüllü Xaqaniyəm ki,
Buludum Günəştək ildırım çaxar.
Sən də mənim kimi dəbirsən, lakin,
Mən düzəm, sən isə xəbis, riyakar.
Qan tökür qəssab da, cəllad da, ancaq,
Cəlladla qəssabın böyük fərqi var.
O, cəmiyyətin riyakarlığını, ədalətsizliyi, insanın mənəvi aşınmasını kəskin satira və dərin fəlsəfə ilə ifşa edirdi. Bu cəsarət isə onun həyatına ağır sınaqlar gətirmiş, sürgünlərə, zindanlara aparmışdır. Lakin şairin qələmi heç zaman susmamış, əksinə, əzab onun poeziyasını daha da bərkidərək zamana davamlı etmişdir.
Xaqani! Zəmanə pis zəmanədir,
Pislərin yaxşılıq gəlməz əlindən.
Pislərdən yaxşılıq umma, razı ol,
Qorx ki, yaxşılardan pislik görəsən.
***
Xaqaninin, xüsusən, qəsidələri həm estetik, həm də fəlsəfi dəyər daşıyır; poetik cümlələri çoxqatlı mənalar daşıyır. Onlarda simvolik və metaforik zənginlik vardır. Bu elementlər Xaqaninin sənətkarlığını nəzəri və praktiki aspektdən klassik Azərbaycan poeziyasında unikallaşdırır.
***
Xaqani təbiət hadisələri, heyvan və insan obrazları vasitəsilə fəlsəfi və mənəvi məsələləri poetik şəkildə ifadə edir.
Nuşirəvanın qanın Hürmüz qafa tasında
İçmiş, belə məst olmuş torpaq dediyin əfşan.
Eyni zamanda obrazlar arasında ziddiyyət və dialoq qurmaq yolu ilə oxucu ruhuna təsir edə bilir, onu düşünməyə dəvət edir. Belə bir yanaşma Xaqanini sadə təsvir şairindən çıxarıb ideya poeziyası yaradıcısına çevirir.
Ümumən, Əfzələddin Xaqaninin yaradıcılığı Azərbaycan klassik poeziyasının zirvəsi sayıla bilir. Onun sənətkarlıq sistemi aşağıdakı əsas prinsiplərə söykənir. Onun yaradıcılığında janr yenilikləri, obrazlılıq, dil-üslub üstünlükləri, fəlsəfi-estetik inteqrasiya Xaqaninin poeziyasını yalnız milli ədəbiyyatın deyil, həm də ümumşərq ədəbi prosesinin qiymətli irsi kimi dəyərləndirməyə imkan verir. Onun sənətkarlıq məsələlərinin tədqiqi klassik poeziyanın yeni metodoloji və analitik yanaşmalarını formalaşdırır və Azərbaycan ədəbi irsinin dünya ədəbiyyatı kontekstində təqdimatını təmin edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
