Cavanşir YUSİFLİ
"1989-1990-cı illərdə xalqımıza qarşı ədalətsizliklər olanda bir çoxları meydanlara gəlirdi, xalqımızın dərdi haqqında danışırdı, bəziləri isə gəlmirdi. Amma Qabil gəlib orada xalqın dərdini deyən adamlardan biri idi. Ona görə də Qabilin həm fəaliyyəti, həm də yaradıcılığı, şeiri böyük mənəviyyat kəsb edir, yenə də deyirəm, onun vətəndaşlıq mövqeyini əks etdirir və siyasi xarakter daşıyır. Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Bu, həqiqətən, dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi". (Ulu öndər Heydər Əliyev)
Bir-birindən hər şey qopar, ayrılar -
Ayrılmayan bəs nə var?
Mən,
Vətən!
Xalq şairi Qabilin "Vətən" şeirindəki bu misralar onun bütün yaradıcılığının leytmotividir, - desəm, səhv etmərəm. O, xaraktercə, şəxsiyyətcə əsl azərbaycanlı idi, son dərəcə milli şair idi. Onun üçün Vətən Bakıdan, Buzovnadan, sinəsində məşəl yanan Mərdəkandan, dənizin laylasından, Qız qalasından, Göyçayın gülöyşə narından, Lənkəranın və Qubanın gül bağlarından, Abşeron şanısından, Yanardağdan, Göygöldən, Qoşqardan, Kəpəzdən başlanır. Bir-iki şeiri istisna olmaqla, qalan bütün şeirlərində konkret Vətən lövhələri canlanır və bu lövhələrin hər birində biz Azərbaycanın bir parçasını görürük. Bir təbiət hadisəsinin, bir şəhərin, bir kəndin, bir dağın, bir qalanın təsvirində böyük Vətənin gözəlliklərini seyr edirik. Qabilin qabilliyi elə bundadır. "Azərbaycan - çınqısından vulkanınacan, çeşməsindən ümmanınacan, dahisindən adisinədək, fəhləsindən aliminədək, Babəkindən əsgərinədək, Şahdağından düzlərinədək" bir çobanın çaxmaq daşından alovlanan Yanardağda rəmzə, simvola çevrilir. Əlincənin zirvəsinə qalxan şair oradan tariximizə boylanır. Qədim Qobustanın daş səltənəti önündə bir bülbül səsini dinləyir və xəyal edir ki, bu qayalar bir vaxt gülüstan imiş.

Müasirlik və həqiqət hissi Qabilin poeziyasında dəyişməyən xətt olub. Onun müasirliyi zahiri görüntülərə, süni dəblərə deyil, həyatı, insanı gözəlləşdirən, yeniliklə nəfəs alan milli-mənəvi dəyərlərlə bağlı olub. Qabil şeirlərində nəsihətçiliyi sevmirdi, sadəcə, həqiqətin nə olduğunu anladırdı. Deyirdi ki, "Əbədi məşəl də, qranit heykəl də yaxşıdır! Mərmər örtüklü məzar da, təntənəli hüzrlər də"...
Azərbaycanlı xarakteri Qabilin milli-mənəvi dəyərlərə həsr etdiyi şeirlərində daha parlaq şəkildə üzə çıxır. "Çörək" şeirində deyirdi ki, vaxtilə bir tikə çörək süfrələrdə səadət idi, "indi tullantı olur süfrələrdə bərəkət". Bu gün "Yurdun çörəyi boldur, hədər deyildir ancaq, Qanımızla sulanıb çörək verən bu torpaq". Ona görə də "çörəyi də anatək müqəddəs sayırıq biz".
Mən onun neçə şeirini Azərbaycan poeziyasının inciləri sırasında qeyd edə bilərəm. Amma bu sırada ən çox "Səhv düşəndə yerimiz" şeirini birinci sırada görürəm. Bu şeir təkcə Qabilin yaradıcılığında deyil, ümumən ədəbiyyatımızda nadir hadisələrdən biridir. Mərhum şairimiz Cabir Novruz yazırdı ki: "Qabilin "Səhv düşəndə yerimiz" şeirində qaldırdığı problem dünyəvi problemdir, o, bütün dövrlərdə, cəmiyyətlərdə mövcud olmuşdur, bu gün də mövcuddur". Şeirin üzərində çox dayanmayacağıq, ancaq bir bəndini xatırlatmaq istərdik.
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Nəyə görə Qabil kişilərin gül satmasına etiraz edir, axı, Bakının özündə bütün gül satanlar kişilər deyilmi? Amma Qabil bunu azərbaycanlı xarakteri üçün məqbul saymır. Kişi gərək dənizdən neft çıxarsın, yer şumlasın, ağır işlərdə çalışsın, işin çətinindən yapışsın. Qabil belə düşünürdü və dərindən fikirləşəndə bunu azərbaycanlı xarakteri kimi qavrayırıq.
Qabilin əsl azərbaycanlı xarakteri onun 90-cı illərdə, xalqımızın ən çətin, ağrılı günlərində, müstəqillik uğrunda mübarizəsində bir daha üzə çıxdı. Bu illərdə yazdığı şeirlərində Azərbaycan xarakteri ilə Azərbaycan ruhu birləşir. Ruhu təkcə mifoloji, dini məzmunda deyil, canlı təsəvvür edək. O zaman 20 Yanvar şəhidlərimizin, Vətən uğrunda, müstəqilliyimiz uğrunda həlak olan yurddaşlarımızın ruhları dilə gələcək. Ruh, həm də bir çağırışdır.
Ümumiyyətlə, Qabilin 90-cı illərdəki bu çağırış şeirləri o zaman böyük əks-səda doğurdu. Xüsusilə, onun 20 Yanvar qırğınına həsr etdiyi "Mərsiyə" şeiri dillər əzbəri idi. Qabil şeirimizdə az qala unudulmaqda olan mərsiyə janrına bir yenilik gətirdi. Vaxtilə mərsiyələr dini zəmində, yaxud hansı şahınsa ölümüylə, yaxın adamların vəfatıyla bağlı qələmə alınırdı, amma Qabilin "Mərsiyə"si bir insanın, bir fərdin ölümünə həsr edilməmişdi, burada bir xalqın faciəsinə yas tutulurdu:
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər.
Təfərrüata varmadan Qabilin "Lalə", "Dağlar", "Göyçay narı", "Ay meşə", "Göygöl", "Gül bağı", "Xəzri, əs!", "Əlvan bulud" və s. sırf təbiət şeirlərinin də canlı müşahidələr və rəssam duyğusu ilə yazıldığını qeyd edə bilərik. "Sırf təbiət şeirləri" ifadəsini işlətdik, təbii ki, bir qədər şərti mənada anlaşılsın dediyimiz. Çünki Qabilin bu mövzuda yazdığı şeirlərdə təbiət və insan harmoniyası aparıcıdır, Qabil təbiətdəki saflığı insanda, onun əməllərində axtarır.
Qabilin təbiət şeirləri ilə sevgi şeirləri arasında qəribə bir oxşarlıq var. O, ilin bütün fəsillərinə şeirlər həsr edib, amma payız onun şeirlərində daha görümlü, daha duyğuludur. Qabilin payız duyğusu onun sevgi şeirlərində həzinlik, kövrəklik notları ilə müşahidə olunur. Şairin bəzən sərt, ciddi, bəzən çılğın, bəzən də ithaf şeirlərində təbii ki, bu həzinliyi, kövrək notları axtara bilmərik. Biz onun çıxışlarında da, şair dostları ilə söhbətlərində də bu həzinliyi, kövrəkliyi müşahidə etməmişik. Amma Qabilin elə şeirləri var ki, orada insan qəlbini titrədən, hər misrasını oxuduqca səni payıza bürüyən kövrək notlar axınına düşürsən. Görünür, bu da sırf yaradıcılıq psixologiyası ilə bağlı bir sirdir. Budur, küləkli havalarda, yağışlı havalarda yol gözləyən, amma gözlədiyi gəlib çıxmayan bir insan...
Külək əsir... üşüyür yenə daş-divar,
Səkilərin üstünə düşür damcılar.
Küçələrdən tələsik keçib gedirlər.
Səni xatırlayıram, qəlbimdə kədər.
Biz də belə gedərdik
Küləkli havalarda, yağışlı havalarda.
Qabilin "Suqovuşanda" şeiri isə bir məhəbbət dastanını xatırladır. Nədənsə, tədqiqatçılar, Qabil poeziyasından söz açan müəlliflər bu şeirə az müraciət ediblər. Təkcə sevgi haqqında deyil, həm də gözəllik haqqındadır "Suqovuşanda". Qoy cavan müəlliflər - hansı ki, onların bir çoxunun sevgi şeirləri gerçək həyatdan, sevgi reallığından gəlmir, sadəcə kitabdan gəlir, onlar "Suqovuşanda"nı oxusunlar, insan hisslərinin zərifliyini, məhəbbətin ürəkdə necə təsvirəgəlməz duyğular oyatdığını öyrənsinlər. Bir gözəlin təklifilə şair-lirik qəhrəman onunla sahilə enir.
Meh titrədir telindəki qızılgülü,
Baxışının xumarından
Oldum dəli.
Zəncir istəmirəm, qanad ver mənə,
Bir təzə, sevdalı həyat ver mənə
Suqovuşanda.
İnanmıram duymayasan nə haldayam,
Gözüm sənə baxa-baxa
Xəyaldayam.
İlbizlər də sussun ulduzlar kimi...
Təki sən, təki sən eşit qəlbimi
Suqovuşanda.
Fikrimizcə, Qabilin ən həzin, ən kövrək şeiri "Gedən yerim olaydı" şeiridir. Çox maraqlıdır ki, altmışıncı illərin ədəbi mübahisələrində Qabil də bir çox "qocaman" həmkarlarına qoşulub həm sərbəst şeir əleyhinə, həm də o dövrün "eksperimentçi" cavan şairləri əleyhinə "kompaniyada" iştirak etmişdi (sonralar elə həmin cavanların şeirlərinin çap olunmasında köməyini əsirgəmədi), amma "Gedən yerim olaydı" şeiri 60-cı illərin ən gözəl sərbəst şeirlərindən biridir.
Qabil haqqında sağlığında, xüsusilə, 60, 70 və 80 illik yubileylərində çox səmimi, dəyərli fikirlər söylənilib. İndi böyük şairimizin 100 yaşı tamam olur. Özü aramızda yoxdur, amma o fikirlərin bəzisini xatırlatmaq yerinə düşər.
Anar: "Qabili çox istəyirəm. Təpədən-dırnağa şair olduğuna görə. Dilimizin doğru-düzgün işlənməsinin sayıq keşikçisi olduğuna görə. Bənzərsiz yumoruna görə".
Vaqif Səmədoğlu: "Qabil yaşa dolmuş, fəqət qocalmamış insandır... Mənim mənsub olduğum nəslin bir çox şairi Qabilin "Tramvay parka gedir" şeirindən çıxıb. Bu tramvayın içində gəlmişik ədəbiyyata".
Tofiq Hacıyev: "O, bədii əsərlərində də sözünü deyib, hətta kürsülərdən də çoxlarının deyə bilməyəcəyi sözü deyib. Qabili bir şey xilas edib - Bəhluli-danəndəliyi".
Fikrət Sadıq: "Bir kəlmə, söz müxtəsər! Qabildən başqa Qabil yoxdur. Kserekopiyada Qabilin surəti çıxmaz. Çünki o, təkrarsızdı, ikincisizdi".
Çox təəssüf ki, bu yazıda Qabilin onlarla gözəl şeirlərindən söz aça bilmədim. Deməli, bir şair kimi tükənməz idi o və hər dəfə Qabil poeziyasından yazı yazanda təzə mövzular, təzə fikirlər gəlir ağlına. Bax, ölümsüz şairlərin xoşbəxtliyi bundadır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
