Dünyanı dərkin poetik rezonansları - Mətanət ABDULLAYEVA

 

 

Xalq şairi Vahid Əzizin poeziyası çoxaspektlidir - dünyanın, həyatın, insan fenomeninin mahiyyətini, problem görünən aspektlərinin bütün çalarlarını vicdan süzgəcindən keçirərək təsvir edir, analiz edir, bəzən ağıl, bəzən qəlb meyarları ilə ölçüb-biçir. Deyirlər ki, ustad şairlər insan mənəviyyatını cilalayan söz sərraflarıdır. Vahid Əziz  insan xislətindəki gözəllikləri təsvir və tərənnüm edir; duyduğu, gördüyü əyintilərə, qabalıqlara, natamamlıqlara təəssüflənir, kədərlənir. Vahid Əziz varoluş qanunauyğunluğuna - ali ədalətə dərindən inanır və oxucunu da inandıra bilir. Belə şeirlər insanları dərin düşünməyə, daha həssas və duyğulu olmağa çağırış kimi səslənir.

 

Onsuz da hər şeyin öz zamanı var;

açmalı-açacaq, solan-solacaq,

tufana güvənib coşan dalğalar

özünə gələndə "quzu" olacaq.

 

Xalq şairinin həyat fəlsəfəsi belə bir "düstur"da özünü ifadə edir - cəmiyyət həyatının qanunauyğunluqları Təbiətin qanunlarını poza bilməz! Hətta bu dünya həyatında həlli doğru görünməyən hadisələr ötə həyatda - İlahi Dərgahda mütləq həll olunur. "Dərgaha gecə səyahəti" adlı şeirində şair belə deyir:

 

Yerdə halal mala haram qatanlar

çirkablar içində üzürdü orda,

şair qollarına qandal vuranlar

buxovlu, qandallı gəzirdi orda.

 

Qardaş, inan mənə, "Haqq dünyası" var!

"Müqəddəs kitab"da yalanlar olmur,

burda özlərini Allah sayanlar

Dərgah məkanında adam sayılmır.

 

Dünyanın həqiqi mahiyyətinin nəfsin sınaq məkanı olduğunu dərk edən şair dini etikanı gözləməyin vacibliyini vurğulayaraq fikrini bu cür ifadə edir: "Harama qurşansam - əlim qırılar, / Qovğaya baş qatsam - başım yarılar, / Dərgahda hər kəsdən hesab sorular/ Yoxsa ki, var-dövlət yığmağa nə var?!"

Vahid Əziz poeziyasında Təbiət fəlsəfəsi motivləri həm estetik mahiyyət daşıyır, həm də şairin həyati meyarlarının aynası kimi çıxış edir; onun yaratdığı bədii paralellər - təbiət və insan paralelliyi məqsədini tam olaraq oxucuya çatdırmaq gücünə malik bədii fənddir. Belə paralellikdə təbiət zamana duruş gətirən obrazdır, insan isə zamanın əsarətində yaşayan və həyatının mənasının axtarışında olan fenomendir. Belə bir bədii antinomiya kontekstində şair həyatın adi görünən, pozulmaz qanunlarının dəyişilməzliyini maraqlı tərzdə ifadə edir və oxucusunu düşündürür:

 

Düşmür son baharın ona açarı -

küknarı payız da saralda bilmir,

qara gün bəmbəyaz edən saçları

işıqlı dövran da qaralda bilmir!

 

Xalq şairinin təbiətə olan sevgisi maraqlı tərzdə - çox böyük həssaslıqla canlandırdığı obrazlarla ifadə olunur:

 

Üfüq tala-tala, oyuq-oyuqdu,

qızarır Dan yeri səhərə yaxın,

Günəş də bilir ki, sular soyuqdu,

gəlir yavaş-yavaş Xəzərə yaxın.

 

Şairin söz rəngkarlığı vasitəsilə oxucunun gözləri qarşısında yaratdığı tablo çox tanış və doğmadır. Təbiət ünsürlərinin funksiyalarını insan həyatı ilə paralelləşdirmək, onlara xas keyfiyyət və hərəkətləri bir-birinə proyeksiya etmək - hadisələrin maraqlı paralelliyini vermək Vahid Əziz yaradıcılığı üçün səciyyəvidir.

Xalq şairinin yaradıcılığında canlı aləmə sevgisi xüsusi yer tutur. Canlı aləmi himayə etmək, ölümdən, dağıntılardan, insanların və təbiətin şiddətindən qorumaq istəyi şairin həyat məramı olaraq səslənir.

Təbiətə həssaslıqla yanaşan Vahid Əzizin ovçuluq məşğuliyyətinə neqativ münasibəti bütün şeirlərində özünü göstərir. "Qırqovul qatili, nə deyim sənə? / Elə bil savaşda hünər göstərir! / Səmadan saldığı azmış, sən demə, / Hələ bir üstünə tula göndərir!". Şərhə ehtiyacı olmayan bu misraların hər biri qafiyələnmiş ürək ağrılarının sədalarıdır. "Tilov atanın qarmağı - qatlanmış Şeytan barmağı" deyən şairin ovçuluğa kəskin etirazı, neqativ münasibəti fonunda canlılara sevgisinin yüksək dərəcəsi daha parlaq əks olunur. "Göylərdə o qədər sona vurulub, / qaza, qırqovula oxlar dəyibdi, / kaş ki quş əti də haram buyrulub / heç yerdə, heç zaman yeyilməyəydi" - deyən şair üçün canlılara sevgi və qayğı insanlığın həqiqi meyarıdır. Bu səbəbdən təşvişi yalnız heyvanların və quşların vurulması ilə hüdudlanmır, bütün canlı aləm onun mənəvi dünyasının içindədir.

Güllərin, çiçəklərin, ağacların incidilməsini istəmir şair, onun həssas qəlbi çoxlarının anlaya bilmədiyi həqiqəti çox dərin duya bilir - insanın yaratdığı hər nə varsa, sünidir, Allahın yaratdığı hər şey isə canlı! "Atılmış çiçəkdi, güldü - hönkürən, / Daha ləçəkləri çopur-çopurdu, / Dünən ev-eşiyə yaraşıq verən, / Bu gün süpürgəylə yanaşı durdu!" Burada şair, eyni zamanda bir həyati problemə də toxunur - insanlar yaratdıqları süni aləmə vurğundurlar, ona daha çox üstünlük verirlər, həqiqi gözəllik isə süninin kölgəsində gizli qalıb. "Bəxtəvər deyilmiş sünilər qədər; torpaqdan bitənlər tez solub-gedir, / Güldandan atılan güllər, çiçəklər / Ürəkdən qovulmuş insan kimidir..."

Vahid Əzizin canlı aləmə sevgisi dünyanın nizamlı birliyindən, tövhid ideyasından irəli gəlir. Onun "Çiçəklər" şeirində çiçəklərə canlı obraz kimi müraciəti oxucunun qəlbini riqqətə gətirir. Çiçəklərə aşiqliyini ifadə etmək üçün özünü sevincək arı obrazına çevirməsi maraqlı bədii fənddir.

Geniş aspektdən baxanda dünyanın mahiyyətini boş görən şair insanın bu dünyaya gəlməsinin qlobal məqsədini anlamaq, həyatın səbəbini bilmək istəyir; gündəlik həyatın axarında bir məna tapa bilmir: "Mənası nəyimiş bura gəlməyin? / Boşluqlar içində özüm də boşam".

"Heç yanda əbədi zülmət yaşamaz, / Cılız ulduzdan da qorxub çəkilər" - deyən Vahid Əzizin İşığın gücünə və qələbəsinə inamı güclüdür.

 

Yarımçıq qalsa da insan niyyəti,

Canlar aparanın qərarı qəti,

Tapa biləcəkmi "əbədiyyəti"

Köç edib gedənlər daş yuxusunda?

 

"Daş yuxu" ifadəsi materialist düşüncənin içində ilişib qalanların həyat kredosuna işarədir. Belə insanlar görünən aləmin - maddi dünyanın ötəsindən xəbərsiz yaşayırlar; belə həyata yuxu həyatı deyilir.  "Haqq Dünyası hər mənzildə qapı açar" - deyən Vahid Əzizin yaradıcılığında dünyanın boşluğu, boşluğun mahiyyətində isə vacib olanı - Haqq Dünyasını duyma, duyduğunu sevmə motivləri mütəmadi səslənir. Onun Ali Ədalətə inamı güclüdür: "Dəngəsi pozulmaz bu tərəzinin / Xəlq edən Dərgahdan hər şeyi görür - / Odur inanc yeri Vahid Əzizin - / Bununçün sabaha inamla gedir ... " Xalq şairimizin poeziyası üçün səciyyəvi olan elegik motiv, bir qayda olaraq, həzin pərdələnərək pərdə arxasından səslənir. Pərdənin arxasını isə gözlə görmək mümkün deyil.  Vahid Əziz yaradıcılığında "gözlə görünməyən", lakin ürəklə anlaşılan şeirlərdən biri də "Sərsəm" adlanır. Həcmcə çox yığcam olan "Sərsəm" şeirinin dərin məna tutumu vardır. Sərbəst vəzndə yazdığı bu şeirin ilk parçasına diqqət yetirək: "Dünən gecə bütün ulduzları / bir-bir sayıb qoydu yerinə, / İndi təzədən niyə sayır, / nəyi sayır?" - bu hissəni oxuyarkən dərhal oxucunun ağlına "Balaca şahzadə" əsəri gəlir; oradakı iş adamı (biznesmen) obrazının şeirdəki sərsəm obrazı ilə uyğunluğunun fərqinə varır oxucu. "Sərsəm" şeirinin sərsəm qəhrəmanının "Balaca şahzadə" əsərindəki obrazla - bütün vaxtını göydəki ulduzları sayıb qeyd edərək özünü ulduzların sahibi və çox ciddi adam hesab edən iş adamı ilə eynilik təşkil etdiyini görürük. Balaca şahzadənin iş adamına çox sadə dillə söylədiyi əxlaqi davranış bütün insanlar üçün örnək olmalıdır: "Mənim bir gülüm var. Hər gün onu sulayıram. Mənim üç vulkanım var. Hər həftə onları təmizləyirəm. Hələ sönmüş vulkanı da. Bilmək olmaz. Hər şey ola bilər. Mənim onlara sahib olmağımın həm gülə, həm də vulkanlara xeyri var. Sən isə, ulduzlar üçün zərrə qədər də olsa, faydalı deyilsən". Balaca şahzadənin iş adamına anlatmaq istədiyi şey həyatın vacib qanunu olan xidmət həyatı etikası ilə yaşamaqdır. Əslində, bütün humanist ideyaların əsasında duran vacib əməl məhz "xidmət"dir. İnsanlar var-dövlət yığmaqla özlərini dəyərli hesab edirlərsə, əcaibdirlər. Hər şeyin dəyəri onlara sahib olmaqda deyil, bizim onlara çəkdiyimiz zəhmətdə və ətraf aləmə verdiyimiz faydadadır. Ona görə Balaca şahzadə "Böyüklər tamamilə qəribə adamlardır" - deyərək, böyüklərin məntiqsizliyini - mənasız sərvətə sahibolma ehtiraslarını anlaya bilmir, yəni Vahid Əzizin dediyi kimi, insan sərsəm olaraq həyat sürür.

Vahid Əzizin mövzu diapozonu geniş, söz boğçası zəngindir. Onun yaradıcılığının Azərbaycan poetik söz sənətində özünəməxsus yeri və dəyəri vardır. "Şöhrətə uymadım, haram yemədim" - deyən xalq şairi Vahid Əzizin yaradıcılığını ümumiləşdirib ona bir ad verməli olsaq, düşünürük ki, onu "Vicdanın səsi" adlandırmaq düzgün olar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!