Seyran Səxavət misralarında daş yaddaşına köçürülmüş "Əhdnamə" - Lütviyyə ƏSGƏRZADƏ

 

Azərbaycan nəsrinin ən gözəl yaradıcılarından biri olan  Seyran Səxavət ədəbiyyata 1962-ci ildə gəlib, yəni mənim 2 yaşım olanda. 15-16 yaşlarımdan dövri mətbuatda rast gəldiyim şeirlərini, yazılarını sevə-sevə oxuduğum yazıçı haqqında yazmaq mənim üçün şərəfdir.

Seyran Səxavət ədəbi mühitə şeirlə gəlib, sonradan nasir və dramaturq kimi şöhrət qazanıb. Nədən yazıbsa uğurlu yazıb, oxucularını gözəl, dəyərli əsərləri ilə mükafatlandırıb. Biz də ilk yazımızda "Ədəbiyyata təzə gələndə cavan şairlərin gözünü qorxudan, Azərbaycan şairlərinin xoşbəxtliyindən, Azərbaycan nasirlərinin bədbəxtliyindən poeziyadan nəsrə keçən" (R.Rövşən) Seyran Səxavətin poeziyasına nəzər salmağa çalışacağıq.

Seyran Səxavətin məhəbbət lirikasından bəhs edərkən, ilk növbədə, onun şair obrazının sarsılmaz bütövlüyünü görməmək mümkün deyil. Şairin yaradıcılığındakı əyilməzlik, əslində onun insani bütövlüyünün poetik əksidir.

Poeziyasının ana xəttini səmimiyyət və kövrəklik, daxili sükut və insan taleyi və məhəbbət fəlsəfəsi təşkil edən şairin 22 yaşında yazdığı "Ay ilk məhəbbətim, son məhəbbətim" şeiri Azərbaycan poeziyasının ən gözəl, ən səmimi və dillər əzbəri olan sevgi şeiridir. "Sevginin ali bir hiss kimi təqdim olunduğu şeirdəki bu ölməz misraları müxtəlif aspektlərdən bənd-bənd təhlil etməkdə fayda var. Yanmaq və kül olmaq:

 

Sən nə istəyirdin, nələr itirdin?

Qorxma kül olmaqdan, yan, məhəbbətim.

Sən mənim başıma nələr gətirdin,

Ay ilk məhəbbətim, son məhəbbətim.

 

Sevgini atəşdə yanmağa bənzədən şair, yanmağın sonunun kül olmaqla bitdiyini də bilir. Buna rəğmən, ürəyinə hökm edir: "Qorxma kül olmaqdan, yan, məhəbbətim". Sevmək - yanmaqdırsa, yanmağın sonu kül olmaqdır. "Kül olmaqdan qorxmamaq" gənc şairin hökmüdür. Bunu şairin sevginin "odundan yanmaqdan və kül olmaqdan qorxmamağını", ali duyğu üçün insanın mərhələ-mərhələ nələrdən keçəcəyini və ya keçməli, bu yolda fədakarlıq göstərməli olduğunu, sevginin ilahiliyini və təkliyini vurğuladığı aşağıdakı bənddə izləyək:

 

O parlaq sevgimdən çox utanıb dan,

Ulduzlar eşqimdən qızartı dərmiş.

İnsanlar bir dəfə doğulduğundan,

Elə bir dəfə də sevə bilərmiş...

 

Bu, şeirin ən məşhur bəndlərindəndir. Sözlərə fəlsəfi məna yükləyən şair insanların dünyaya gəlişi, sevməsi və hətta ölməsi ilə bağ qurur. Həqiqətən də, elə şeylər var ki, insanlar üçün fiziki olaraq bir dəfə verilib, olum və ölüm kimi. Olum və ölüm həyatın fəlsəfəsi olduğu kimi, sevgi də həyatın fəlsəfəsidir. Və olum ilk, ölüm son olduğu kimi, "ilk məhəbbət" də "son məhəbbət" olmalıdır. İnsan yaşamında bu fəlsəfəni izləmək üçün fədakarlıqla yanaşı, sadiq olmalı, gözlərini sadiqliyə keşikçi etməlidir:

 

Mənəm, milyard naxış səpmişəm göyə,

De, varmı hesabı naxışlarımın?

Kirpiklər özgəyə baxmayım deyə,

Çəkir keşiyini baxışlarımın...

 

Belə bir deyim var, "Göz gördü, könül sevdi". Könül sevgisinə sadiq qalsın deyə, - göz bir başqasına baxmamalıdır. Lakin gözün missiyası görməkdir. Şair gözlərin özgəyə baxmaması üçün kirpiklərin baxışlarının keşikçisi olmasını istəyir, kirpiklərə keşikçi olmaq missiyasını yükləyir. Digər tərəfdən də, dini inancımızdakı, "İki göz iki gözə halaldır", - fikrini, ilahi məhrəmliyi xatırladır. Bu ifadədəki "halallıq" sadəcə dini yox, daha çox mənəvi bir anlayışdır. Əgər bir insan digərinə qaya kimi sadiqdirsə, onun baxışları ancaq qarşı tərəfə "halaldır". Bu, xəyanətdən və saxtalıqdan uzaq olan bir məhəbbətin təsdiqidir. Şairin misralara pıçıldadığı təklik və məhəbbətsizlik qorxusunu izləyək:

 

Elə sızıldayır qəlbim tar kimi,

Sən kimin eşqini daşıyacaqsan?

Bəlkə də divarlar, maşınlar kimi,

Sən də məhəbbətsiz yaşayacaqsan...

 

Ruhu olan insan sevgisiz yaşaya bilməz. Şair sevgisiz yaşamağı cansız əşyalara, divarlara, maşınlara bənzədir. Divar kimi, maşınlar kimi sevgisiz yaşamaqsa, yaşamaq deyil.  Eşq elə bir müqəddəs hiss, ilahidən verilmiş bir nemətdir ki, bəzən cansız daşın da qəlbində çiçək açdırır. Nizami Gəncəvi "Xosrov və Şirin" poemasında "Eşq düşsə daşın da qəlbinə əgər, / Gövhərdən özünə məşuq düzəldər", - yazaraq məhəbbətin cansız varlıqlara belə təsir edərək, onları canlandıra biləcək qədər qüdrətli olduğunu vurğulayır. Seyran Səxavət isə yazır:

 

Sən bir soyuq ulduz, mən gözlərinəm,

Eybi yox, mənimçün həmişə varsan.

Sıxma ürəyimi, ürək cəhənnəm,

Axı sən ordasan, sən sıxılarsan...

 

Seyran Səxavətin gənclik eşqi ilə yazdığı sevgi şeirləri özünəməxsusdur. Şairin məhəbbətin ən saf, ən toxunulmamış mərhələsini, "pıçıltı və baxış" mərhələsini təsvir etdiyi "Utancaq məhəbbət" şeirində izləməyimiz sözlərimizi daha hökmlü edər:

 

Günlərin bir günündə

Bir utancaq məhəbbət

Doğulmuşdu sinəmdə.

Bir gözəlin baxışı

Ulduz-ulduz doğranıb

Dağılmışdı sinəmdə.

 

Sevginin hələ dilə gəlməyən, yalnız ruhun dərinliyində titrəyən halını "utancaq" adlandıran şair "Doğulmuşdu sinəmdə", - ifadəsi ilə sevgini kənardan gələn bir hiss kimi deyil, daxildən, insanın öz bətnindən, ürəyindən doğan bir canlı varlıq kimi təqdim edir. Buradakı "Baxışın ulduz-ulduz doğranması", - ifadəsi mükəmməl bir poetik tapıntıdır. Gözəlin baxışı şairin sinəsinə sadəcə dəymir, ora işıq saçaraq daxil olur və minlərlə parıltıya, ulduza bölünür. Bu, insanın daxili dünyasının bir anda aydınlanmasıdır. "Dağılmışdı sinəmdə", - ifadəsində sevginin nizamsız, coşqun və idarəolunmaz bir güc olduğunu, o gücün bir nöqtədə durmadığını, insanın bütün varlığına yayıldığını göstərir. Seyran Səxavətin bu "utancaqlığı" əslində, ən böyük cəsarətidir. "Ulduzların sinədə dağılması"na icazə vermək, ruhun qapılarını tam açmaqdır. Bəzən məhz bu "utancaq məhəbbət" zaman keçdikcə o "ilk və son məhəbbətin" gətirdiyi fırtınaya çevrilir. Bəzən isə o "utancaq" məhəbbət şairi çox şeylərə həsrət qoyur. Gözləri görsə də, ürəyi baxmağı qadağan edir:

 

Gözlərimin qarası

Həsrət qalmış qapqara,

Şəvə kimi tellərə.

Əllərimin həsrəti

Həsrət dolu əllərə.

İllər sürünüb keçib,

İllərimin çoxusu

Gözümə şimşək kimi

Bir an görünüb keçib.

 

...İstəyirəm birinin

Ürəyinə axım mən -

Donur,

axa bilmirəm.

İstəyirəm birinə

Oğrun-oğrun baxım mən,

Gözlərim görə-görə

Yenə baxa bilmirəm.

 

Bütövlükdə, mütləq bir həsrət və ruhun hərəkətsizliyi üzərində qurulan bu şeiri oxuduqca, "bu nə sevgidir, İlahi?" - demək keçir içimdən. Misralarda  insanın daxili aləmindəki "istək" ilə "imkan" arasındakı dərin və ağrılı uçurum o qədər incə bir ustalıqla təsvir edilir ki... 

Mətni tamamilə fərdi bir rakursdan, rənglərin və hisslərin həsrəti üzərindən də təhlil edə bilərik. Şair "qara" rəngi (gözün qarası və şəvə tellər) bir-birinə qovuşmayan iki sahil kimi təqdim edir. Burada "qapqara" ifadəsi kədəri yox, arzunun intensivliyini göstərir. Əllərin həsrəti isə toxunma ehtiyacının yoxluğunu deyil, həmin boşluğun özünün bir "əşyaya", bir ağırlığa çevrilməsini ifadə edir. "İllərimin çoxusu gözümə şimşək kimi bir an görünüb keçib", - misrasında zamanın nisbiliyi izah edilir. İnsan acı çəkəndə illər "sürünür", amma dönüb arxaya baxanda həmin illər sanki heç yaşanmamış kimi, bir anlıq işıq parıltısıtək parlayıb yox olur. Bu, ömrün sürəti qarşısında ruhun keçirdiyi dəhşətli bir heyrətdir. Bir insanın gördüyü halda baxa bilməməsi, onun sevgisinə böyük sədaqəti və fədakarlığıdır.

 

Utancaq məhəbbətim!

Heç bilmirəm, hardasan?!

Bəlkə özgə baxışlar

Qollarını bağlayıb,

Bəlkə elə dardasan?!

 

Utancaq məhəbbətim!

Bilsəm ki, yaşayırsan  -

Dağlar gizlədib səni,

O pəhləvan dağları

Yumruğumla əzərəm.

Bilsəm dənizlərdəsən,

Mən bütün dənizləri

Dalğa-dalğa gəzərəm.

 

Şeirin bu hissəsində o "donmuş" və "baxa bilməyən" lirik qəhrəmanı birdən-birə vulkanik bir enerjiyə, mifik bir gücə çevirir. Utancaqlıq yerini sarsılmaz bir qətiyyətə verir. "Qolların bağlanması" və "Darlıq" ehtimalı" şairin sevgisini uzaqlarda axtararkən, onun azad olmadığı düşüncəsidir. "Özgə baxışların qolları bağlaması" istiarəsi (gizli təşbeh) möhtəşəmdir. Baxış burada sadəcə görmək deyil, həm də bir zəncirdir, məhdudiyyətdir. Öz sevgisini "darlıqda" (sıxıntıda) təsəvvür edərək, müəllifin ona qarşı böyük bir məsuliyyət və şəfqət hissidir.

Şair üçün ən böyük motivasiya ümiddir. "Bilsəm ki, yaşayırsan", - ifadəsi  mənəvi açar rolunu oynayır. Şair sevginin hələ də diri olduğuna əmin olsa, onun üçün heç bir maneə qalmır. "Bilsəm" kəlməsi burada bütün mümkünsüzlüyü mümkünə çevirir. "Dağları əzmək", "Dənizləri gəzmək" onun üçün mümkünsüz deyil. Əgər dağları əzmək gücdürsə, dənizləri gəzmək səbir və axtarışdır. Dalğa-dalğa gəzmək o deməkdir ki, şair sevginin hər bir titrəyişini, hər bir dərinliyini yorulmadan axtarmağa hazırdır. "Pəhləvan dağları yumruğumla əzərəm", - ifadəsində ruhun fiziki maddiyyat üzərindəki qələbəsi ifadə olunur. İnsan sevgisi üçün təbiətin ən uca və sarsılmaz simvolu olan dağları belə yox etməyə hazırdır. Artıq şeirin əvvəlindəki o "utancaq məhəbbət" dağları sarsıntıdan bir qüdrətə çevrilib. Əslində, daxilində ən böyük fırtınaları daşıyan ən sakit və səssiz sevgilərdir. Burada şairin utancaqlığı qorxaqlıq deyil, o böyük gücün hələ ki "sükutda" olmasıdır. Şeirin o kədərli və sual dolu sonluğuna boylanaq:

 

Ay yanağı qırmızı,

Utancaq məhəbbətim!

Bilsəydim ki, güllərin

Qoxusunda gəzirsən,

Əlimdə günəş boyda

Gül dəstəsi tutardım.

Bilsəydim insanların

Yuxusunda gəzirsən,

Bütün bəşəriyyətin

Əvəzinə yatardım...

 

Misralarda pitoreks şeirinin xüsusiyyətləri hiss olunur. Müəllif yalnız şeir yazmır, həm də rənglərin vasitəsi ilə ilk məhəbbətinin rəsmini çəkir. Qədim Roma şairi Horasın  "Şeir də rəsm kimidir " (Ut pictura poesis), - fikrinin təsdiqidir. Van Qoqun "Ulduzlu gecə" tablosu sənət dünyasında fırça ilə yazılmış ən böyük lirik əsərlərdən biri hesab olunur. Seyran Səxavətin şeiri isə sözlə çəkilmiş rəsm əsəridir.

Beləliklə, şeir başladığı kimi, "utancaq məhəbbətim" müraciəti ilə bitsə də, artıq  utancaqlıq bir hüzura, mütləq bir sükuta (yuxuya) çevrilib. Bu sevgi o qədər uca və zərifdir ki, o, bəlkə də ancaq yuxuların və ətirlərin içində yaşaya bilər. Sevgi insanı həm ən zəif görən, amma baxa bilməyən, həm də ən güclü, dağları əzən varlığa çevirə bilər. Bu, insanın mənəvi bütövlüyünün göstəricisidir.

Seyran Səxavət bu şeiri ilə sübut edir ki, əsl məhəbbət insanı fərdilikdən çıxarıb kainatla birləşdirir. Günəş boyda gül tutmaq və bəşəriyyət əvəzinə yatmaq arzusu ruhun maddiyyat üzərindəki tam qələbəsidir.

Sevgini "müvəqqəti həvəs" kimi deyil, "ömürlük tale" (qaya kimi sabit) kimi görən "Seyran Səxavətin məhəbbət şeirləri sadəcə duyğu axını deyil, uca bir qayanın köksündən süzülüb gələn büllur bulaq kimidir. O, sevgini zəiflik və ya acizlik kimi deyil, bir qaya duruşu qədər dik və məğrur yaşayır. Onun lirikasında aşiq obrazı əyilməzdir; o, sevdiyinin qarşısında belə öz insanlıq vüqarını, daşdan yonulmuş iradəsini qoruyub saxlayır.

Şairin poeziyasında Azərbaycan cəmiyyətini narahat edən gerçəklikdən doğan problemləri də özündə əks etdirir. Yazdıqlarının hamısını "dünyanın mən baxan tərəfdən görünən hissəsidir" - adlandıran Seyran Səxavət həyata baxışı, "dik" duruşu, fikirlərinin orijinallığı, sözə sədaqəti və  toxunduğu problemlərin aktuallığı ilə diqqəti çəkir. Şairin "Müdrik" şeirinə  nəzər salaq:

 

Mənə deyirlər ki,

Həmişə dik-dik danışırsan -

dik adamsan.

Mənə deyirər ki,

Müdrik adamsan.

Şəhərdən baş götürüb

Kəndə qaçdım -

Dedilər, müdrik adamsan.

Hamı qaçırdı,

Mən də qaçdım -

Dedilər, müdrik adamsan.

Cığır açmıram,

Yol çəkmirəm,

Deyirlər, müdrik adamsan.

İyirmi ildi

Maaş cədvəlinə

Qol çəkmirəm -

Deyirlər, müdrik adamsan.

 

Seyran Səxavət "Müdrik" şeiri ilə cəmiyyətdəki saxta dəyərlərə, "müdriklik" maskası altında gizlənən kütləvi düşüncəsizliyə və insanın öz həqiqəti ilə mühitin ona qoyduğu ad arasındakı uçuruma bir güzgü tutur. Şairin bu yanaşması cəmiyyətimizdəki bir başqa problemi, kimliyindən asılı olmadan hər kəsə "müəllim" sözü ilə müraciət olunmasını yadımıza salır. Əslində, müəllim hansı ixtisas sahibi olmasından asılı olmayaraq, hamıdan başdır. Çünki müəllimin əməyi insanın formalaşmasında, hər hansı bir istiqamətə yönlənməsində, təhsilində, tərbiyəsində danılmazdır. Buna baxmayaraq bəzən bu kəlmə o qədər ucuzlaşdırılır ki, lap Seyran Səxavətin "müdrik adamsan" kəlamı kimi...

Seyran Səxavət müdrik insandır. Amma bu söz yerli-yersiz hər kəsə deyiləndə, söz öz dəyərini itirir, gəlişigözəl sözə çevrilir. Nədənsə, hər kəsi adı və layiq olduğu sözlərlə anmaq istəmirik. Müəllimə müəllim, müdrikə müdrik demək bir ərdəmdir. Amma bu hər zaman belə olmur. Bu baxımdan "Müdrik" şeirindəki ironiyaya toxunmadan keçmək olmaz. Şair heyrətdədir. Bu dəfə fərqinə varmadan "müdrik adamsan" sözünü səxavətlə paylayanlar üçün bilərəkdən sözləri sanki tərsindən oxuyur, astarı üz, üzü astara çevirir:  

 

Dərəyə dağ deyirəm,

Deyirlər, müdrik adamsan.

Qatığa ağ deyirəm,

Deyirlər, müdrik adamsan.

Allahımı danmıram,

Deyirlər, müdrik adamsan.

Bəzən heç nə qanmıram,

Deyirlər, müdrik adamsan.

Qışda palto geyirəm,

Bıçağa balta deyirəm,

Boyunduruğa xalta deyirəm,

Nə deyirəmsə

Alt-alta deyirəm,

Deyirlər, müdrik adamsan.

 

Sonda da Seyran Səxavətin poeziyasında daş kimi sarsılmaz və eyni zamanda insanı daxilən sarsıdan o "daş səmimiyyəti" ilə yazılmış bu misralara nəzər salaraq və "kobud və səmimi daş" fəlsəfəsi ilə təhlil edərək bitirmək istəyirik. Bu şeir "hamar olmayan", "sürtülməmiş" həqiqət axtarışımızın poetik cavabıdır:

 

"Mən kimsəyə demədim ki, mənə inan,

Kimsəyə demədim ki, mənə inanma.

Mən bir daş idim,

Öz dərdimdən çatladım,

Öz daxilimdən partladım."

 

Deyirlər ki, daşlar hər şeyi "yadda saxlayır".  İnsanlar da belədir; bəzi insanlar çəkdiyi iztirabları üzündəki qırışlarda, sərt xarakterində, sərt baxışında bir iz kimi daşıyır. Hamar, parıltılı insanlarda isə bu yaşanmışlıqları görmək çətindir, çünki onların həyatı sadəcə bir vitrindir. Şair, parıltılı "müdriklikləri" yox, sərt və acı həqiqətləri üstün tutur. Şairin "dik" duruşunu, sərtliyini əzəmətli qayalarla müqaisə etməkdə məqsədimiz, Azərbaycan nəsrinin, poeziyasının və dramaturgiyasının inkişafında böyük xidmətləri olan və öz dəsti-xətti ilə seçilən Seyran Səxavətin şəxsiyyət və xarakter olaraq əyilməzliyini, sarsılmaz prinsiplərini, "dik" duruşunu qabartmaq idi. "Hamar daşlar"ın bolluğunda öz kələ-kötürlüyünü, əzəmətini, sərtliyini, xarakterini, şəxsiyyətini, bir sözlə, prinsiplərini qorumaq Seyran Səxavətin ən böyük qələbəsidir.  Qaya mühitə baş əymir, o, mühiti öz varlığı ilə dəyişir.

Bu il şair, yazıçı, tərcüməçi və dramaturq Seyran Səxavətin 80 illiyi qeyd olunur. 80 yaşınız mübarək olsun, qaya kimi əzəmətli, sərt, bir o qədər də həqiqət olan Seyran Səxavət!!!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!