İthaf
Məti OSMANOĞLU
Bu il yanvarın 5-də yubileyim idi - altmış yaşım tamam olurdu. Təzə il ərəfəsində ürəyimdən Yazıçılar Birliyinə baş çəkmək, imkan düşsə, şəxsən Anar müəllimin özü ilə görüşmək, onu mətləbdən hali eləmək keçirdi. Tez də fikrimdən daşınmalı oldum. Yolumu "Dantenin yubileyi"nin - Anarın düz əlli il bundan əvvəl yazdığı məşhur povestinin qəhrəmanı Feyzulla Kəbirlinski, daha doğrusu, onun yubileylə bağlı mülahizəsinin bir vaxt məndə necə şiddətli ironiya yaratdığı kəsmişdi: "Mətləb deyəndə, yəni bu il mənim altmış illiyim tamam olur. İndi mən nə Ərəblinskiyəm, nə Abbas Mirzə, amma daha, azdan-çoxdan yenə bizim də xidmətimiz olub... Deyirəm, bəlkə zvaniyadan-zaddan..."
Anar müəllimin 80 yaşı ərəfəsində düşüncələrimi bölüşməyə haradan başlamağı götür-qoy eləyəndə də uğuruma "Dantenin yubileyi" çıxır:
"Anarın yubileyi"...
"Dantenin yubileyi"...
Burada assosiasiya yaradan başlıca amil, heç şübhəsiz ki, "yubiley" sözüdür. Ancaq bir az diqqətlə baxanda onu da görməmək mümkün deyil ki, həmin sözdən dərində nəsə var və bu yazını yazmağa hazırlaşanda, "Dantenin yubileyi"ni yenidən nəzərdən keçirəndə dərindəki "nəsə" düşüncələrimi qarabaqara izləyirdi...
"Dantenin yubleyi" 1960-cı illərdə artıq yeniləşmə havasını mənimsəmiş və özünün yeni iqlimini yaratmış, həmin iqlimin içində yeni oxucu zövqü yetişdirmiş Azərbaycan ədəbiyyatının şedevrlərindən biri kimi dünyaya gəldi. Anar müəllim ədəbiyyata fərqli bir obraz - ömrünü qoyduğu teatr sənətində uğur qazana bilməmiş bir insanın şikəst sənətkar taleyini gətirmişdi.
Azərbaycan səhnəsinə Brext, Meyerxold ruhu gətirməyə çalışan gənc rejissorun hazırladığı tamaşada üç kəlmə sözə taxılıb qalan, bu üç kəlməni rejissorun istədiyi kimi deyə bilməyən Kəbirlinski artıq nə səhnəyə, nə də tamaşaçıya lazımdır. Di gəl ki, onun sənətdən üz tutub gedə biləcəyi başqa bir güman yeri, ayrı dayaq nöqtəsi yoxdur. Onun faciəsinin dərinliyi bundadır ki, səhnə üçün lazımsızlığını, gərəksizliyini özü də yaxşı bilir. "Amma mənim altmış yaşım var. Ailə saxlayıram, əlimdə də ayrı heç bir sənətim yoxdur. Olsaydı, gedib pinəçi, ya qalayçı, ya dəllək olardım. Amma neyləyim... İndi pis-yaxşı mənimki də bu artistlikdir"...
Feyzulla Kəbirlinski öz faciəsini dərk eləyə-eləyə, bu faciəni fiziki bir yük kimi daşıya-daşıya yaşayır. Ən pisi budur ki, onun faciəsi ailəsinə də yük olur: radioda çalışan oğlu Eldar atasının xəcalətini çəkir, ətrafdakı insanların ona qarşı aqressivliyi Eldarı mənəvi cəhətdən yaralayır.
O vaxt gənc olan, ədəbiyyatın yenilikçi (modernist də deyə bilərik) təmayülünü təmsil edən Anar, Kəbirlinskinin faciəsini bütün rəngləri və çalarları ehtiva edən canlı ştrixlərlə, dolğun detallarla verir. Bu detallar Kəbirlinskini yaxına, oxucunun gözünün önünə gətirir. Əsər boyu Kəbirlinskini içində olduğu sənət mühiti bizə istedadsız "tupaya morda", mətn isə insan kimi təqdim edir. Mətnin təqdimatına görə, teatrda, sənətdə nə qədər istedadsız və faydasız olsa belə, Kəbirlinski "dünyanın əşrəfi" - ən şərəfli məxluqu adlandırılan insandır. Onun çevrəsindəkilər, hətta öz ailəsinin üzvləri də ondan xeyli uzaqdadırlar - oxucu Kəbirlinskiyə daha yaxındır və oxucu ilə Kəbirlinski arasındakı məsafə əsər boyu getdikcə sanki transfaktor texnikası ilə daraldılır, Kəbirlinski kütlədən seçilib iri plana gətirilir. Oxucu Kəbirlinskinin səmimiyyətini də, qeyri-səmimiyyətini də başa düşür.
Əsərdə oxucu üçün rəngi bəlli olmayan fərqli bir obraz da var: Kəbirlinskinin sənət mühiti, onu əhatə edən insanların əmələ gətirdiyi kütlə.
Azərbaycan ədəbiyyatında kütlə obrazını Mirzə Fətəli Axundzadə "Hekayəti-Molla İbahimxəlil"də nuxuluların timsalında vermişdi: nadanlığın girovluğuna düşmüş kütlə fırıldaqçı Molla İbrahimxəlilin qarşısında xorla susur, xorla danışır, gözlərinin qarşısında peyda olan meymunu xorla uzaqlaşdırmağa çalışır.
Cəlil Məmmədquluzadə insan kütləsini "Ölülər", "Dəli yığıncağı" şəklində təqdim etmişdi...
Misal gətirdiyimiz əsərlərdə kütlə geriliyi, nadanlığı, cəhaləti təmsil edir. "Dantenin yubileyi"ndəki kütlə isə tam fərqlidir: bu, dirilərin, modernistlərin, Brext, Meyerxold teatrı yaratmaq, səhnəni "kötüklərdən" təmizləmək arzusu ilə yaşayanların kütləsidir. Müəllifin bizə daha yaxından göstərdiyi Feyzulla Kəbirlinski də elə həmin kütlənin bir parçasıdır: istedadsız parçası!
Povestdə dirilər kütləsinin sənətdə yaratdığı yeniliyin, Kəbirlinskidən fərqliliyin nə olduğu konkret detallarla göstərilmir. Əsərin başlanğıcında səhnə bomboş və qaranlıq teatr salonundan təqdim edilir. Bir hissəsi işıqlandırılmış səhnədə qrimsiz, öz paltarında iki aktyor məşq edir: onlardan biri Kəbirlinskidir. Onun tamaşa boyu deyəcəyi üç kəlmə söz var. Ancaq Kəbirlinski bu üç kəlmə sözü deməyin öhdəsindən gələ bilmir ki, bilmir.
-Bu gecə bu qoca bu ocaq.
-Bu gecə. Bu qoca. Bu ocaq.
-Bu gecə, bu qoca, bu ocaq.
Məsələnin ən maraqlı tərəfi də budur ki, rejissorun Kəbirlinskidən nə istədiyini heç oxucu da anlaya bilmir. Mənə elə gəlir ki, Anar mətnlə oxucu arasındakı oyunu da elə bunun üzərində qurub. Əsər boyu, məsələn, Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesində olduğu kimi səhnənin, teatrın taleyi deyil, Kəbirlinskinin taleyi izlənilir. Biz istedadsız Kəbirlinskini onu daim cəzalandıran, ondan istedadsızlığının hesabını çəkən sənət kütləsinin böyüdücü cihaz altında böyüdülmüş bir fərdi kimi görürük.
"Köhnələrlə" "yenilər" arasındakı mübarizədə Kəbirlinski köhnənin - keçmişin təmsilçisi olmaqdan daha çox parodiyasıdır. Özünün sənətə nə gətirdiyi aydın olmayan, hər replikası ilə müasirlik təsəvvürü yaratmaq istəyən, sənət ölçüləri dəqiq görünməyən qarışıq kütlə bu canlı parodiya ilə əylənir. Həmin əyləncənin hədəfi isə parodiyadan o tərəfə - Azərbaycan teatrının keçmişinə uzanır, keçmiş məsxərəyə qoyulur. Kütlənin aqressivliyi sadəcə Kəbirlinskiyə qarşı deyil, onun içindən gəldiyi keçmişə və dəyərlərə qarşıdır. Bu məqam Kəbirlinski ilə radioda redaktor işləyən Məcidin dialoqunda daha aydın görünür. Kəbirlinskinin öz təxəllüsünün tarixi ilə bağlı söhbəti onun özü üçün əziz bir xatirə, onu söhbətə təhrik edən Məcid üçün şit bir əyləncə, onların söhbətinin şahidi olan Eldar - Kəbirlinskinin oğlu üçünsə dözülməz işgəncədir:
"Feyzulla tam bir sadəlövhlüklə:
- O vaxt mod eləydi, ay bala, - dedi, - hərə özünə bir təxəllüs götürmüşdü.
Məcidin vurnuxan gözləri arabir Eldarın nəzərləriylə tuşlaşır və bu ani baxışlarda hər ikisi bir-birinin halını başa düşürdü. Eldar içini yeyirdi. Məcid isə çoxdandı belə ləzzət çəkməmişdi. Kəbirlinskini Eldarın gözü qarşısında əməlli-başlı dolayır, daha doğrusu, Feyzulla heç bir şey duymadan - öz danışıqlarıyla özü-özünü dolayır, Məcidə sonsuz zövq verir, Eldarı odsuz-tüstüsüz yandırırdı.
Bixəbər Feyzulla:
- Hərə bir ad götürmüşdü, - deyə davam edirdi. - Ərəblinski, Sarabski, Ağdamski...
Məcid asta-asta:
- Kəbirlinski, - dedi.
- Zəhrimar Kəbirlinski, çor Kəbirlinski, - deyə Eldar axır partladı..."
Yenilərin, yenilikçilərin, modernistlərin, brextçilərin, meyerxoldçuların kütləsi o vaxt hələ konkret adları dilə gətirmirdi. Yəqin ki, onun üçün heç Kəbirlinski problemi də yox idi. Kütlə üçün "qocamanlar", "kötüklər" problemi var idi və bu həm əxlaq, həm sənət, həm də sosial baxımdan çox ciddi problem idi və ciddiliyini saxlamaqdadır. Həmin problem indi - əsərin yazılmasından əlli il keçəndən sonra daha kəskin görünür. Elə o vaxt da görünməmiş deyildi. Ancaq Kəbirlinskinin düşdüyü vəziyyətlərin hər addımbaşı yaratdığı ironiya nəzərləri gözmuncuğu kimi özünə çəkir, əsas problemdən "yayındırır". Tam ciddi danışan gənc teatr tənqidçisi "qocaman" sözünə gələndə ironiyasız keçinə bilmir:
"Axıra yaxın eynəkli cavan bir oğlan söz aldı. Feyzulla onu tanımırdı. Əlikram pıçıldadı ki, teatr tənqidçisidir, Moskvada qurtarıb təzəcə gəlib, özü də filankəsin oğludur... Gənc tənqidçi:
- Mən bir məsələyə də toxunmaq istəyirəm, - dedi, - kötüklər məsələsinə...
...O kötüklər ki, inkişaf yolumuza yıxılıb bizi irəliləməyə qoymurlar. ...ayrı-ayrı adamlara yazığımız gəlir, amma sənətimizə yazığımız gəlmir, ayrı-ayrı şəxslərin qeydinə qalırıq, amma səhnəmizin qeydinə qalmırıq, ayrı-ayrı qocamanların - "qocaman" sözünü açıq istehzayla dedi, - bəli, ayrı-ayrı qocamanların hörmətini saxlayırıq, amma işimizin, peşəmizin hörmətini saxlamırıq"...
İspan filosofu Xose Orteqa-Qasset 1920-ci illərin sonunda qələmə aldığı "Kütlələrin qiyamı" əsərində göstərir ki, indiyə qədər dünya kütlələrlə azad azlıqların rəngarəng birliyindən ibarət olub, bu günsə vahid kütləyə çevrilir. Tarixi məsuliyyətdən məhrum olan bu kütlə mənən xəstə toplumun bəhrəsidir. Qassetin müəyyənləşdirdiyi kütlə (və ya kütləni təşkil edən insan) axmaq və geridə qalmış deyil: özünə həddən artıq inanır, lovğalığı və şöhrətpərəstliyi yerə-göyə sığmır. Kütlə sivilizasiyanın əsasını təşkil edən dəyərləri, qayda və normaları qəbul etmir. Ən pisi də budur ki, özünü vəziyyətin tam hakimi hesab edir. "Kütlə qəfildən üzə çıxmağa başladı, o, "cəmiyyətin" ən çox sevdiyi yerlərdə yerbəyer oldu. O əvvəl də var idi, ancaq sosial səhnənin arxa planında yer tutaraq nəzərə çarpmırdı; indi ön səhnəyə çıxıb, səhnənin ortasına əsas qəhrəmanların yerinə keçib. Qəhrəmanlar yoxa çıxıb, yerində xor qalıb"...
Xor ritmi ilə hərəkət edən kütlə özünə - onu təşkil edən fərdlərə qarşı çox amansızdır. Onun üçün müqəddəs dəyər yoxdur. Bu mənada, Kəbirlinski heç də istisana deyil.
Anarın təqdim etdiyi sənət kütləsinin yaratdığı ən bənzərsiz əsər isə Kəbirlinskinin "Dantenin yubileyi"nə "dəvət edilməsidir". Özünün oynadığı tamaşaya bilet verilməyən Kəbirlinski dərdini kütlənin aparıcı fiqurlarından olan Məcidə danışır. Məcid ona ikiadamlıq dəvətnamə verir. Kəbirlinski arvadı da qoltuğuna vurub, akademiyaya, elitar bir tədbirə - "Dantenin yubileyi"nə gedir... və orada tədbirin bir həftə əvvəl keçirildiyini deyirlər...
Beləliklə, qarşımızda iki "Dantenin yubileyi"ni görürük. Qiyam etmiş kütlənin yaratdığı "Dantenin yubileyi" və Anarın yaratdığı "Dantenin yubileyi".
Kütlənin əsəri olan "Dantenin yubileyi"ni insanlıq baxımından şərh etmək, ona interpretasiya vermək çox çətindir: bu, sözün bitdiyi yerdir.
Anarın yaratdığı "Dantenin yubileyi" isə hələ öz aktuallığını saxlayır. Çünki kütlələrin qiyamı davam edir. Rəngi və tərkibi indi daha qarışıq olan kütlə daha ağlagəlməz, daha amansız "əsərlər" yaradır: heykəl yıxır, kitab yandırır... Axtarsan Feyzulla Kəbirlinski də, Kəbirlinskinin bir zamanlar Moskvada oxumağı, gəlib Bakıda böyük vəzifə tutmağı niyyət eləyən oğlu da qiyamçıların arasındadır...
Anarın yaratdığı "Dantenin yubileyi" bu qiyam içində təbəssümlə yanaşı, sarsıntılı ağrı doğura-doğura Azərbaycan ədəbiyyatının klassik nümunələrinin sırasında dayanır. Əsər hamını Dantenin əlli il bundan əvvəl keçirilmiş yubileyinə dəvət edir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!