Kim Haqi və onun "Müstəmləkə uşağı" romanı - Bədirxan ƏHMƏDLİ

 

Son illərdə beynəlxalq ədəbi platformada Asiya ədəbiyyatı önə çıxır. İki il əvvəl Koreya yazıçısı Hang Kanğın Nobel mükafatını alması bu xalqın ədəbiyyatını bir daha diqqət mərkəzinə gətirdi. Hələ 2019-cu ildə yazıçı haqqında yazdığımız məqalədə çağdaş Koreya ədəbiyyatının gələcəyinə yönəlik öngörümüz də buradan irəli gəlirdi. İndi isə Koreyanın başqa bir yazıçısı Kim Haqinin "Müstəmləkə uşağı" romanından bəhs edəcəm. 2007-ci ildə yazılan bu roman Azərbaycan dilində çap olunub (Kim Haqi. Müstəmləkə uşağı (tərcüməçi: Zaur Abışov). Bakı, "Qanun", 2023, 200 s.). Romanın özəlliyi orasındadır ki, hadisələr Yaponiya müstəmləkə hakimiyyətinin son illərində (1910-1945) Koreyada baş verən hadisələri anladır. Təxminən, iki yüz illik işğal dönəmimizin milli ədəbiyyatda bu və ya digər şəkildə yer alması romana marağı artırır və bəzi paralellikləri göz önünə gətirir. Yazıçı romanın yazılmasında bədii təxəyyüllə həyat gerçəkliyini, avtobioqrafik faktları qovuşdurub. Baş qəhrəman Kim Doqqyonq müstəmləkə illərini atasının uşaqlıq həyatının gözü ilə canlandırır.  Roman boyu Yaponiya assimilyasiya siyasətinin güclənməsi ilə həyatı tədricən dəyişən kəndli oğlan Kim Doqqyungun həyatı kontekstində müstəmləkəçiliyin hər üzü təsvir olunur. O, kasıb bir altı uşaqlı ailədə dünyaya gəlsə də, anası həmişə "sənin künyən əjdahadır", - deyə ona haradan gəldiyini, keçmişini xatırladırdı. Ayrı-ayrı bölümlərdən ibarət olan roman tək bir dramatik süjet ətrafında fırlanmır. Oğlanın həyatından bir sıra epizodlar təqdim olunur. Bu epizodlarda lap kiçik ikən müstəmləkəçiliyin təsiri o qədər də hiss olunmur. Kim Doqqyunq böyüdükcə müstəmləkəçiliyi daha yaxından dərk edir. Yazıçı onun kasıb ailədə doğulması ilə yanaşı, sanki bu gözəl yurdun zəngin təbiətindən insanların istifadə edə bilməməsinin ictimai-siyasi səbəblərini verməyə çalışır. Bu coğrafiya milli tarix kitabının ilk səhifəsini bəzəyən neolit dövrünə aid iki milli sərvətin - Conson kəndi və Banqude qayaüstü təsvirlərin qorunduğu tarixi bir yer kimi bu gün müstəmləkə dövrünü yaşayır. Yazıçı Kim Doqqyunqun uşaqlıq oyunları, zarafatlar, kənd həyatı, valideynlər, qohumlar və dostlarla münasibətlər, ibtidai məktəb hadisələrini müstəmləkə ədalətsizliyinin ilk təzahürləri olaraq verir. Yaş artdıqca bu təzahürlər də böyüyür və ictimai-siyasi məna qazanır.  Uşaq vaxtı kasıblıqdan əziyyət çəkən və bunun səbəblərini axtaran təhkiyəçi qəhrəman  dünyanın xarici bir dövlət tərəfindən ələ keçirildiyini tədricən dərk etməyə başlayır. Qəhrəman yetkinləşdikcə daha çox təzyiqə məruz qalır. Yazıçı burada yalnız bəzi epizodlardan istifadə edir. Uşaq vaxtı hoqqabazın ona qarşa haori geyindirməsi, başına saqqat qoyması və yapon samurayına çevirməsi özünü məsxərəyə qoymaq kimi qiymətləndirilir və "Ağılsız samuray, axmaq yapon" təsəvvürü yaradır.

 

Romanda yazıçı real tarixi prosesləri bədii və detallı şəkildə təsvir edir; məktəblərdə məcburi yapon dili tədrisi bu detallardandır. Yaponlardan da artıq yaponpərəst olan müəllimin adını "siçansaqqal" qoymaları da buradan irəli gəlirdi. O, şagirdlərlə orduda olduğu kimi davranaraq "kursant" deyə çağırırdı. Məktəbdə yapon imperatorunun əcdadının adının nə olması onları maraqlandırmırdı. Koreya adlarının yapon adları ilə dəyişdirilməsi siyasəti (soşi-kaymei), məktəb şagirdlərinin ideoloji təlqini, əhalinin müharibə səylərinə səfərbər edilməsi, gənc qızların, qadınların əmək və hərbi hissələrə çağırılması, Yaponiya hakimiyyətinə sadiq qalmamaqda şübhəli bilinən insanların həbsləri, təqibləri romanda detallı şəkildə göstərilir. Koreya dilində oxu dərsləri ləğv edilərək öz yerini yapon dilinə vermiş, məcburi xarakter daşımış, dərsliklər yapon dilində yazılmışdı, insanların soyadını dəyişməyə qalxmışdılar. Maraqlıdır ki, bu prosesə ilk qoşulanlar varlı koreyalılar olmuşdu: "Sinifdə maliyyə şöbəsinin müdirinin oğlu Kim Mançol soyadını hamıdan əvvəl "Qanemaru" qoymuş, mirzə qızı İnhe, şərab sexinin oğlu Panqugul da onun ardınca dəyişdirmişdilər. "Bizim inəyin" (kasıb olduqlarından başqasının inəyini saxlayırdılar - B.Ə.) yiyəsinin soyadı da "Tayoyama" olmuşdu". Yaponpərəst müəllimlərdən Yoşida İnbo polisi Beqlə əl-ələ verərək camaatın soyadını zorla dəyişdirirdilər. Polis Beq ona rüşvət verməyənləri, soyadını dəyişməyənləri saxtakarlıq adı altında həbs edirdi. Kim Doqqyunqun atasını da məhz belə həbs etmişdi.

Romanın son fəsilləri 1945-ci il hadisələrinə həsr olunub. Yaponiyanın təslim olması elan edildikdən sonra baş qəhrəmanın və ailəsinin həyatı dəyişir: müstəmləkə dövrü başa çatır, lakin Koreya üçün tarixin yeni, mürəkkəb və qeyri-müəyyən bir fəsli açılır. Roman bir oğlanın hekayəsi ilə deyil, müstəmləkə hakimiyyəti altında uşaqlıqdan sağ çıxan və ölkənin azadlığı ilə yetkinliyə qədəm qoyan bir nəslin hekayəsi ilə başa çatır.

"Müstəmləkə uşağı" romanı nə qədər bir uşağın başına gələn hadisələri təsvir etsə də, bir macəra hekayəsi təsiri bağışlamır, 20-ci əsrin birinci yarısında Koreyanın tarixini uşağın gündəlik həyatı vasitəsilə izləyən yetkinlik dövrünün ətraflı salnaməsi kimi qavranılır. Romanda təsvir olunan obrazlar da o qədər çox deyil. Hadisələr təhkiyəçinin baxış bucağından - yapon işğalı dövründə uşaqlığını xatırlayan yaşlı bir kişidən danışılır. O, tədricən yetkinləşən və ətrafındakı dünyanın ədalətsiz olduğunu anlamağa başlayan maraqlı, nadinc və təsirli bir oğlandır. Koreyanın azad edilməsindən sonra Doqqyunq müəllim olur və təhsili tarixi yaddaşı qorumağın ən vacib yolu hesab edir.

Doqqyunqun ilk uşaqlıq aşiqliyini yaşadığı qız İnhe ilə münasibətləri incə və melodramsız təsvir olunur. Müharibə və müstəmləkə hakimiyyəti fonunda, onlara adi uşaq qaldıqlarını xatırladan dostluqları və erkən hisslərinə yer verilir. Lakin İnhe kasıb Doqqyunqu deyil, varlı oğlanı seçir.  Doqqyunqun ən yaxın dostlarından biri Qıtcudur; onunla birlikdə oynayır, mal-qara sürür, balıq tutur, kənd yerlərini araşdırır və müxtəlif macəralara girir. Oğlanların dostluğu vasitəsilə müəllif müstəmləkə hakimiyyətinin siyasəti ilə tədricən məhv edilən adi kənd həyatını təsvir edir. Müstəmləkə siyasətinin müdaxiləsi məhz buna görə bu qədər güclü hiss olunur: o, tədricən həyatın ən adi aspektlərinə - dilə, məktəbə, ad, ailəyə, uşaq oyunlarına nüfuz edir. Tarix burada yuxarıdan deyil, uşağın gözü ilə göstərilir.

Romanda əsas obrazlardan biri də Doqqyunqun atasıdır. O, yapon repressiyalarının qurbanı olur və həbsxanaya düşür. Onu həbsxanaya imperatora söymüş keşiş Son Yanq Honun arxasınca getməsinə görə salırlar. Bu epizod kitabdakı ən dramatik epizodlardan biridir. Atanın obrazı xüsusilə əhəmiyyətlidir, çünki romanın əsasını təşkil edən onun xatirələridir. Romanın mərkəzində nadir hallarda olsa da, evcanlı anadır. O, ailəsinin qayğısına qalır, yoxsulluğa, aclığa və əri üçün narahatlığa dözür və uşaqların normal həyatını qorumağa çalışır. Lakin buna baxmayaraq kasıbçılıqdan qızını orta məktəbdə oxuda bilmir, onu bilmədiyi, tanımadığı adama ərə verir. Bacı qardaşı Doqqyunqa mütləq orta məktəbi oxumalı olduğunu deyir və özünün buna imkanı olmadığını deməsindən aydın olur ki, ərə könülsüz getmişdir. O, ər evində çətin günlər keçirir, hər gün içkili gələn əri tərəfindən döyülür. Ona görə də körpüdən özünü çaya ataraq intihar edir. Bununla müəllif həm də işğalçılığın ailələri necə məhv etdiyini göstərmək istəyir. Süjetdə ikinci dərəcəli personajlar da iştirak edir ki, bu obrazlar vasitəsilə canlı bir kənd icması hissi yaradılır. Buna görə də roman təkcə bir oğlanın hekayəsi kimi deyil, həm də yapon müstəmləkə hakimiyyətinin son illərində böyüyən bir nəsil koreyalı uşaqların kollektiv portreti kimi hiss olunur.

"Müstəmləkə uşağı" romanının əsas ideyası sadəcə Yaponiya hakimiyyəti altında Koreyadakı həyat haqqında bir hekayədən daha genişdir. Kim Haqi tarixin adi bir uşağın həyatına necə daxil olduğunu, siyasi hadisələrin bir fərdin və bütün bir nəslin xarakterini necə formalaşdırdığını göstərməyə çalışır. Müəllif özü romanı bir çox müasir koreyalıların artıq müstəmləkə rejimi altında gündəlik həyatın necə olduğunu bilməməsi səbəbindən yazdığını söyləyib. Eyni zamanda, o, qəsdən şişirdilmiş pafosdan qaçaraq sakit, təmkinli və hətta bəzən hazırcavab bir hekayəyə üstünlük verib.

Yazıçının məqsədi təkcə keçmişi xatırlamaq deyil, həm də müstəmləkə dövründə yaşayan insanların xatirəsini qorumaqdır. Roman əsasən yazıçının atasının xatirələrinə əsaslanır, ona görə də tədricən keçən bir nəslin bədii şahidi kimi qəbul edilir. Yazıçı sanki deyir: "Əgər bu xatirələr yox olarsa, azadlığın qiymətini anlamaq da yox olacaq". Burada insan ləyaqətinin qorunması önə çıxır. Yazıçı göstərmək istəyir ki, müstəmləkə hakimiyyəti koreyalıların dilini, mədəniyyətini və hətta adlarını dəyişdirməyə çalışsa da, insan ləyaqətini, bir xalqın keçmişini və gələcəyini tamamilə məhv edə bilmir. Bu, özünü nədə göstərir; işğala baxmayaraq, valideynlər uşaqlarını milli-əxlaqi prinsiplərinə uyğun olaraq böyütməyə davam edirlər, kənd sakinləri bir-birlərinə kömək edirlər, uşaqlar dostluq münasibətlərini və həyatdan zövq almaq qabiliyyətini qoruyurlar. Bəzi insanlar və müəllimlər, eləcə də böyüklər təzyiq altında belə özünəinam hisslərini itirmirlər. Yazıçı bunu çox zaman açıq tekstlə deyil, dolayı yolla ifadə edir, müqavimət hissinin itmədiyi göstərilir. Bəzən bu, yaddaşın, dilin, ailə ənənələrinin və qarşılıqlı dəstəyin qorunmasını belə əhatə edir.

Yazıçı Doqqyunqun yetkinləşməsini Koreya tarixinin ən faciəli dövrlərindən birinə salaraq, onun şəxsi tərcümeyi-halını bütün ölkənin yetkinləşməsi üçün metaforaya çevirir. Romanın ən maraqlı xüsusiyyətlərindən biri onun təhkiyəsidir. Roman boyu müəllif daim emosional təzyiqdən qaçır. Kim Haqi pafoslu, "şişirdilmiş kədər və qəzəbi" şüurlu şəkildə rədd edir və lakonik, hazırcavab və nisbətən neytral təhkiyə tərzi seçir. Bu isə ictimai-siyasi hadisələrə laqeydlikdən irəli gəlmir, oxucunun hadisələrin faciəsini hissləri zorlamadan yaşamasına etibar edir.

Romanın sonunda Yaponiya işğalından azad olan Koreyanın hər yerində "Yaşasın müstəqillik!" sədaları səslənir. Doqqyunq və dostu Ça Qyanqsu da azadlığın nə olduğunu yalnız bu zaman dərk edirlər. Ancaq onların qarşısında iki yol var idi; birinci yol, sosialistlərə qoşulmaq - dostu bu yolu seçir və ona da bu yolla getməyi təklif edir. İkinci yol isə, mənəvi inkişaf yoludur. Yazıçı burada həm də Koreyanın gələcək günlərdə bölünəcəyinin işarəsini verir. Doqqyunq ikinci yolu seçir və məktəbdə müəllim kimi uşaqlara ana dilini öyrədir. O, əmin idi ki, Koreyanın işğaldan azad olunmasında dilin və bu dildə yazılan Koreya ədəbiyyatının böyük rolu vardır. O, yaponların militarist təhsilindən fərqli, humanist təhsil verəcəyini düşünürdü: "Mən çiynimdə ağırlıq olan müstəmləkə gerbini çıxarıb Ulsanın Tehva çayına qaçdım. Uzun çay kənarı yolu ilə getdim. Ulsan körpüsünə çıxıb Koreya bayrağını yellədən adamlar görünürdü. Sərin və təravətli yel əsirdi".

Müstəmləkə Koreyasının tarixini uşağın gündəlik həyatı vasitəsilə təsvir etmək, həmin dövrü yaşayan nəslin xatirəsini qorumaq və onlara azadlıq, insan ləyaqəti və milli kimliyin ən sadə şeylərdən - ailə, dil, məktəb və uşaqlıqdan başladığını xatırlatmaq. Yazıçı təkcə müstəmləkə keçmişindən deyil, həm də şəxsi xatirələrin bütöv bir millətin tarixi yaddaşının bir hissəsinə çevrilməsindən bəhs edir.

Kim Haqi bir müsahibəsində özü gənc nəslə müstəmləkə rejimi dövründəki həyat haqqında həddindən artıq pafos və ya süni şəkildə artırılmış faciə olmadan danışmaq istədiyini söyləyirdi. Buna görə də, çətin tarixi mövzuya baxmayaraq, roman son dərəcə sakit, bəzən, hətta istehzalı və yumoristik şəkildə verilir. Bu cəhətdən romanda N.Dumbadzenin "Mən, nənəm, İliko və İllarion" romanı ilə səsləşən məqamlar da var. Romanda digər vacib xüsusiyyət isə, əsasən, avtobioqrafik xarakter daşımasıdır. Yazıçı özü müstəmləkə illərini görməsə də, atasının xatirələrinə əsaslanır. Atasının ölümündən sonra Kim Haqi əsərin əsasını təşkil edən uşaqlıq hekayələrindən istifadə edir. Buna görə də, romanda bir çox epizodlar avtobioqrafik və sənədli xarakter daşıyır.

 

20 iyul 2026, İsveçrə

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!