Bəsti Əlibəyli kimi peşəkar tənqidçi və ədəbiyyatşünas olub, eyni peşəkarlıqla şeir yazmaq ədəbi mühitimizdə barmaqla sayılacaq nümunələrdəndi məncə. Deyək ki, bu sırada hələlik yalnız Sabir Rüstəmxanlı və Kamal Abdulla imzası var. Yəni həm ədəbiyyat nəzəriyyəsi, həm ədəbi tənqid, həm də poeziya müstəvisində eyni mükəmməlliyə sahib olanlar sırasındadı Bəsti Əlibəyli.
Yaradıcılığında hər üç sahəni yetərincə bir araya gətirməkdə Sabiranə və Kamalanədi.
Dahi fizik Albert Eynşteyninin hər kəsə məlum "qəlbən şair olmayanlardan yaxşı riyaziyyatçı olmaz" fikri var. Eyni fikir ucalığından deyə bilərik ki, qəlbən şair olmayanlar mükəmməl ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi ola bilməzlər. Yəni şeirin (və şairin) iç dünyasına, üslub özəlliyinə, romantik aləminə varmadan şeiri və şairi anlatmaq çətin olur. Bəzən də heç olmur.
Amma Bəsti xanım bu sədləri lap ilk qələm təcrübələrindən dəf edib. Onun ədəbiyyatşünas, tənqidçi və şair obrazı hər bir halıyla bir-birini tamamlayıb. İç-içə yaşayıb. Ədəbiyyat camimizdə etiraf olunub. Dəyərləndirilib. Başlıca səbəb odur ki, B.Əlibəyli qeyd etdiyimiz hər bir sahəyə qüvvətli, olduqca nəcib hisslərlə yanaşır və bu hissləri insanlarla bölüşməyə sonsuz mənəvi ehtiyac duyur. Dahi yazıçı L.Tolstoydan əxz etdikləri də var ki: "Həqiqi poeziya insan qəlbində yanan atəşdir, bu atəş yandırır, isidir və işıqlandırır... Həqiqi şair qeyri-ixtiyari olaraq və əzab çəkə-çəkə yanır və başqalarını da yandırır".
Bəstinin şeirləri hər bir halıyla mənim ruhumun şeirləridi. Dönə-dönə oxuduğum və "ən dərdli çağımda, qəmli çağımda" aradığım roeziya nümunələridii. Amma bütün bu poetik nümunələr arasında könlüm (və yaddaşım) həmişə onun "Göyçəyim" şeirini arayıb. Bu, olduqca mükəmməl, ənənəvi şeir dünyasıyla müasir düşüncə və ifadə qovşağında qələmə alınmış bitkin poeziya faktıdır. Qos-qoca bir dünyagörmüşlüyün, yepyeni bir duyğusallığın bətləyib-bələdikləridi. "Göyçəyim"də həm Dədə Qorqud, Yunis Əmrə nəfəsi var, həm Vaqif köksötürməsi, həm Aşıq Ələsgər, Səməd Vurğun deyim tərzi... Və daha çox Məmməd Araz, Ramiz Rövşən, Məmməd İsmayıl üslubunun bənzərsiz gəlişmələri. Haradasa da öz alın yazısının gizli ilmələri:
Yazan amir, pozan kafir, a göyçəyim,
Əmrə əməl etsən, başa düşərsən.
Dövran mənim deyib sinənə döymə,
Dövrən uçurumdu, boşa düşərsən.
Ağlama gözünün yaşından artıq,
Köç ötdü bələnin qaşından artıq,
Deyən, utanırsan yaşından artıq;
İndi ha cütlən ki, qoşa düşərsən.
Bir dön, nəzər eylə gedən karvana,
Beş arşınlıq dövlət qalmış sarvana.
Oğul yox götürə, qız da sarmana,
Vaxt tamam olanda başa düşərsən.
Bəstinin bu şeiri yaxın illərin qələmə alınmış poeziya faktıdı. Amma ruhən və deyim tərziylə həm də minilliklərin o başından gəlir. Poetik əsintisində yeddi-səkkizinci, doqquz-onuncu, on üç - on səkkizinci əsrlərin doğma ətri, qoxusu var. Daha çox da heca şeirimizin tükənməz, gələcəyə hesablanmış, əbədi yolçuluğunun danılmaz örnəyi kimi poeziya gələnəklərimizə abidə misallıdı...
Bu ruh doğmalığı bitib-tükənmir, sonlanmır ki, Bəstinin poetik üslubunda! Rəsul Rza, Vaqif Səmədoğlu üslubu, deyim tərzi yeni bir biçimdə yansıyır onun yazı tərzinə. Özü də olduqca mükəmməl və özünəməxsus şəkildə.
Getmək,
fani dünyadan
vaxtında çıxıb getmək...
Orda, sükut evində
Uyuyub dincini almaq,
Bir az da başqa aləmin
sehrinə dalmaq...
Silkinib öncəki gen yaddaşından
ya bir tutam ot,
ya bir daş olmaq...
Əl-ələ, kürək kürəyə
bir tənha böcəyə arxadaş olmaq.
Getmək,
düşmənin yolundan,
dostun yadından çıxıb getmək:
Atıb yükünü ilk adamın,
bu vecsiz duracaqdan
Son adam kimi getmək!..
Bəstinin poeziyası haqqında yazmağın bir ayrı çətinliyi var; elə ilk misradan, sətirdəncə onun dolğun və təkzibolunmaz ədəbiyyatşünas-tənqidçi obrazı fikir və qənaətlərinin önündə dayana bilər. İntellektual tənqidi-nəzəri baxışları önündə geri çəkilməli olarsan. Polemik mübahiyəsə girməkdə çətinlik çəkirsən. Amma nə yaxşı ki, onun şeirlərinin səmimiyyəti (və iç ağrıları) oxucu könlünü, düşüncəsini alıb aparır. Ədəbiyyatşünas və tənqidçi Bəsti Əlibəyli ilə oxucu arasında məhrəm bir pərdə çəkilir. Yalnız o şeirin unudulmaz ovqatına köklənirsən. Onun poeziya dünyasnıda öz ömrünün, arzularının, illah da ağrılarının bir parçasını görüb - hiss edirsən. Bu qəribə, mübhəm təmas, ünsiyyət səni qorxuzmur, əndişələndirmir...
Bəstinin şeirləri ilk növbədə yaddaş ayələri kimi oxunur. Daha çox xatirələrlə, iç ağrılarıyla, ötüb keçən ömrün təəssüf dolu şəkillənməsilə iç-içədi. O, eyni predmetə müxtəlif, fərqli yönlərdən nəzər salmağın yolunu bilir. "Yarı torpaq, yarı su, yarı adam çiçəkləri"in "altı məzar, üstü baxca" taleyi şeirə Bəstinin dünya dolusu təəssüfüylə bir arada yansıyır. Bəstinin yozumunda:
Eynən özümüz kimi
Sevgimiz də yaşlanır.
Ömrümüzün payızı
Xatirəylə başlayır.
Bu kövrək müşahidədə inkara, bir özgə yozuma yer yoxdu. Oxuyursan və istəsən də, istəməsən də həyat, ömür gedişinin məhz belə olması reallığıyla barışmalı olursan. Baxıb görürsən ki, yüz yerdən, min yerdən "nəmli xatirə yağır Xəzəllərin üzərinə" və elə sən özün də "bir şeh kimi qonursan köhnə ayaq izlərinə". Yəni şair müşahidəsilə oxucu qənaəti bir nöqtədə kəsişir, üst-üstə düşür. Bəstinin şeirləri çox vaxt məlum, tanış şeirlərin nəfəsdən gəlir. Amma bu bəhrələnmə heç bir halıyla təkrar, gəlmə effekti doğurmur. Çünki onun poetik ovqatına milli poeziyamızın dil əzbəri olan nümunələrindən çaxmaq, fitil çəkilsə də, Bəsti bu qədimliyin yepyeni təqdimatını bütün səmimiyyətilə ortaya qoya bilir. Elə bil qədim, qos-qoca müşayiət, ritm izləməsi daxilində yeni, məhz özünəməxsus muğam boğazları edirsən. Vurulan zəngulələr, yeni nəfəs işləmələri əzəli bir qədimliyi günümüzə daşıyır. Eynilə ustad xanəndəmiz Alim Qasımovun öz ifalarını Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Segah İslam ləhcə və boğaz gəlişmələrilə süslədiyi kimi... Məsələn, belə:
Qanqalı çiçəkli, gülləri xəşəm,
Yağmur həsrətlisi bir quru döşəm.
Biçilib sümbüllər, saralır kövşən,
Gəl, qoşulaq dərdə gedək, gəl, könül.
Dünya mənlik, ruhum sənlik deyil, canım,
Ya soysunlar dərimi, ya atəşdə yanım.
Biz dərdin butasıyıq, mehribanım,
Gəl, qoşulaq dərdə gedək, gəl, könül.
Ömür karvanını burda əyləyək,
Bağır basıb, iqbalnamə söyləyək.
Ölüm ömürdən mərd, təzim eyləyək,
Gəl, qoşulaq dərdə gedək, gəl, könül.
Oxuyursan və bir anlığa özünü Dədə Qorqudda, Əhməd Yəsəvidə, Qazi Bürhanəddində, Koroğluda, Qaracaoğlanda, Aşıq Ələsgərdə hiss edirsən. Ovqat o ovqat, deyim tərzi həmin deyim tərzidi. Kökdən gəlib, kökə gedən gerçəklikdi. Amma həm də bu misralarda Bəstinin özü var. Bəlkə də bir özgəsi "Qanqalı çiçəkli, gülləri həşəm, Yağmur həsrətlisi bir quru döşəm" misralarındakı qafiyələnməsinin zorunu, çətinliyini çəkərdi. Amma Bəstinin təqdimatında, deyim tərzində bu qafiyələnmə xəncərə gümüş yansıması mislində təzə-tərdi. Bir özgə qafiyələndirmə ustalığıdı.
Bəstinin şeirlərinin qədimlik qoxusu, havacatı ilk növbədə varislik ənənəsindən, vəfadarlıq duyğusundan gəlir. Milli düşüncəylə könüldaşlıq, kökə bağlılıq və etiraf mədəniyyəti Bəstinin bütün yaradıcılıq imkanlarının boyuncadı. O, çağdaş ədəbi həyatımızda çox vaxt mübahisə mövzusuna çevrilən fikir axınlarına (bəzən fikirsizlik sindiromlarına) qarşı son nöqtəsini şeirin dililə qoya bilir. Olduqca lakonik, yığcam bir şəkildə lüzumsuz iddiaları sonlandırır:
Qara başlar qurban olsun elin yolunda,
Çalışdıq, vuruşduq elmin yolunda.
Bir ömür xərclədik şeirin yolunda,
Nə qədər yazsaq da Vurğun olmadıq...
Həyatı həyat kimi yaşamağın, dünyanı dünya kimi duymağın, yer üzündə yaşamı təzələyə bilməyin əbədi-əzəli yolunu nişan verir, o aləmin mütəvazi tərzini anladır Bəstinin şeirləri. Yormur, incitmir, ufacıq bir etiraza ayaq yeri qoymur. Onun şeirlərində qorxu hissi, ölüm-itim xofu yoxdu. Daha çox təsəlli var, möhtəşəm aldanış var, insan ömrünün dəyişən məkanına inam, iman təskinliyi var:
Getmək,
fani dünyadan
vaxtında çıxıb getmək.
Bir az da qumru kimi,
anadil kimi ötmək...
Bəsti əksər şeirlərində oxucu üçün "bu dağdan anrıda" olan məkanlara maraq nəfəsliyi açır, havadan, qurudan, sudan həyata yol çəkməyin istəyini yaşayır; alınsa da, alınmasa da!
Əsas olan gözəl istəklərlə, gözəl xatirələrlə, anılarla yaşamaqdı. Və bu unudulmazlıqlar Bəstinin poeziyasından sıx-sıx keçir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
